“Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən və “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.Rasi-zadə

 

Bakı şəhəri 22 fevral 2008-ci il

    ¹ 53

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2008-ci il 22 fevral tarixli 53 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında

 

Ə S A S N A M Ə

 

I. Ümumi müddəalar

 

1.1. Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu (bundan sonra-Qoruq) səciyyəvi və nadir təbiət komplekslərini və obyektlərini (aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, ada və sualtı vulkanlar), vulkanik landşaftı təbii vəziyyətdə qoruyub saxlamaq, təbiət proseslərinin və hadisələrinin gedişini öyrənmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 15 avqust tarixli 2315 nömrəli Sərəncamı ilə Bakı və Abşeron yarımadasında yaradılmış təbiəti mühafizə və elmi tədqiqat idarəsi statusuna malik ərazidir.

1.2. Qoruq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin normativ hüquqi aktlarını və bu Əsasnaməni rəhbər tutur.

1.3. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Qoruğun təşkili üçün ayrılmış torpaq sahələri onun daimi istifadəsinə verilir.

1.4. Qoruğun ərazisi respublika əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir və bu əraziyə xüsusi mühafizənin hüquqi rejimi tətbiq edilir.

1.5. Məqsədli istifadəsinə və hüquqi rejiminə görə Qoruğun torpaqları təbii qoruq təyinatlı torpaqlara daxildir.

1.6. Qoruğun torpaqlarından, habelə onun hüdudlarında olan sudan, bitki və heyvanlar aləmindən təsərrüfat məqsədləri üçün istifadə edilməsi qadağandır.

1.7. Qoruğun torpaq və su (akvatoriya) sahələrini kənar antropogen təsirlərdən qorumaq məqsədi ilə həmin ərazilərin sanitariya-mühafizə zonaları müəyyən edilir. Bu zonaların müəyyən edilməsi və rejim qaydaları “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsi ilə müəyyən olunmuş formada həyata keçirilir.[1]

1.8. Qoruq dövlət büdcəsindən, yerli büdcələrdən, büdcədənkənar vəsaitlərdən, ətraf mühitin mühafizəsi üzrə fondların vəsaitləri hesabına və qanunvericiliklə qadağan edilməyən digər maliyyə mənbələrindən maliyyələşdirilir.

1.9. Qoruğun idarə edilməsi və mühafizəsi üçün yaradılan müvafiq idarənin xüsusi fondu və vəsaitləri ola bilər. Bu fondun və vəsaitlərin yaradılması və onlardan istifadə qaydası Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

1.10. Qoruğun pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanır. Pasportda Qoruğun əhəmiyyəti, adı, yerləşdiyi yer, yaranma tarixi, torpaqdan daimi istifadə hüququnu təsdiq edən sənədin qeydiyyat nömrəsi və tarixi, mühafizə olunan ərazinin xarakteristikası, onun ümumi görünüşünün sxemi, qorunan səciyyəvi və nadir təbiət kompleksləri və obyektləri (aktiv fəaliyyətdə olan, sönmüş, gömülmüş, neft çıxaran, ada və sualtı vulkanlar), fəaliyyət prosesində aparılan dəyişikliklər barədə qeydlər öz əksini tapmalıdır.

Bu ərazinin pasportu Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində dövlət qeydiyyatına alınmaqla Qoruqda saxlanılır.

1.11. Qoruqda təbiət qoruq fondunun vəziyyətinin qiymətləndirilməsi və proqnozlaşdırılması, bu ərazinin perspektiv inkişafı şəbəkəsinin müəyyən edilməsi, mühafizə rejiminə riayət olunmasına dövlət nəzarətinin gücləndirilməsi məqsədi ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin və obyektlərinin dövlət kadastrı aparılır.

1.12. Qoruq müstəqil ba lansa, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilən dövlət mülkiyyətində olan əmlaka, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri olan, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Qoruğun adı əks olunmuş möhürə, müvafiq blank və ştamplara, xəzinə hesablarına, bayraq və emblemə malikdir.

II. Qoruğun yaradılmasının məqsədləri

2.1. Qoruğun yaradılmasının məqsədləri aşağıdakılardır:

2.1.1. vulkanik landşaftın, ekoloji sistemlərin, təbiət komplekslərinin və obyektlərinin təbii vəziyyətini qoruyub saxlamaq məqsədi ilə təbiət ərazilərinin mühafizəsini həyata keçirmək;

2.1.2. elmi tədqiqatları təşkil etmək və aparmaq, “Təbiət Salnaməsi”ni tərtib etmək;

2.1.3. ətraf mühitin və təbii ehtiyatların dövlət monitorinqi çərçivəsində ekoloji monitorinqi həyata keçirmək;

2.1.4. təsərrüfat obyektlərinin və digər obyektlərin yerləşdirilməsi layihələrinə və sxemlərinə dair dövlət ekoloji ekspertizasında iştirak etmək;

2.1.5. ətraf mühitin mühafizəsi sahəsində elmi kadrların və mütəxəssislərin hazırlanmasına kömək etmək.

III. Qoruğun xüsusi mühafizə rejiminin xüsusiyyətləri

3.1. Qoruğun ərazisində xüsusi mühafizənin vacib tədbirlərindən başqa aşağıdakılar qadağan edilir:

3.1.1. bina və qurğuların, ümumi istifadə üçün yolların, boru kəmərlərinin və digər kommunikasiya xətlərinin tikintisi;

3.1.2. geoloji-kəşfiyyat və müxtəlif axtarış işlərinin aparılması;

3.1.3. kənd təsərrüfatının, sənayenin, hidroenergetikanın, su nəqliyyatının və digər təsərrüfat ehtiyaclarının suya olan tələbatının ödənilməsi üçün yerüstü və yeraltı sulardan istifadə edilməsi;

3.1.4. ətraf mühitə hər hansı kimyəvi, bioloji və fiziki təsirin tətbiq edilməsi;

3.1.5. xüsusi icazə olmadan Qoruğun ərazisində olmaq;

3.1.6. təbiət komplekslərini pozan və təbiət obyektləri üçün təhlükə yaradan hər hansı digər fəaliyyət.

3.2. Elmi müəssisə və təşkilatların əməkdaşları, aidiyyəti ali məktəblərin müəllim və tələbələri Qoruğun iş planı üzrə elmi tədqiqat işləri aparmaq, elmi təcrübə keçmək və digər müvafiq işlər görmək üçün əraziyə Qoruq direktorunun razılığı əsasında buraxılırlar. [2]

IV. Qoruğun mühafizəsi

4.1. Qoruğun mühafizəsi onun mühafizə xidməti tərəfindən həyata keçirilir. Bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun direktoru və Qoruğun mühafizə işləri üzrə direktor müavini öz səlahiyyətləri daxilində rəhbərlik edirlər.

4.2. Qoruğun mühafizə xidməti aşağıdakı hüquqlara malikdir:

4.2.1. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə rejimini pozanların sənədlərini yoxlamaq, nəqliyyat vasitələrini saxlamaq, qanunvericiliklə müəyyən edilmiş qaydada nəqliyyat vasitələrini, ov alətlərini, əldə edilmiş məhsulları və başqa əşyaları yoxlamaq, hüquqpozmaya səbəb olmuş alət, cihaz və digər əşyaları, qanunsuz əldə olunmuş məhsulları, habelə müvafiq sənədləri götürmək;

4.2.2. Qoruğun ərazisində və onun mühafizə zonasında xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyi pozmuş, cinayət və ya inzibati xəta törətmiş şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada saxlamaq, onları hüquq mühafizə orqanlarının sərəncamına vermək;

4.2.3. Qoruq ərazisindən istifadə qaydalarının, həmin ərazilərin mühafizə rejiminin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada inzibati xəta haqqında protokollar tərtib etmək;

4.2.4. Qoruğun ərazisində və onun mühafizə zonasında mühafizəsi və istifadəsi sahəsində pozuntu hallarını aradan qaldırmaq haqqında icrası məcburi olan göstərişlər vermək və digər tədbirlər görmək.

V. Qoruğun mühafizəsinə, qorunmasına və istifadəsinə dövlət nəzarəti

Qoruğun vəziyyətinə, mühafizəsinə, qorunması və bərpası üzrə tədbirlərin yerinə yetirilməsinə, qanunvericilikdə nəzərdə tutulmuş qaydalara və tələblərə əməl olunmasına dövlət nəzarətini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir.

VI. Qoruğun elmi tədqiqat fəaliyyəti

6.1. Qoruq bütün təbiət komplekslərini təbiətin etalonları kimi saxlamaqla yanaşı, palçıq vulkanlarında təbii proseslərin elmi cəhətdən öyrənilməsini həyata keçirir.

6.2. Qoruğun elmi tədqiqat fəaliyyəti ilboyu stasionar müşahidələrin və çoxillik kompleks tədqiqatların təşkili yolu ilə həyata keçirilir və ekoloji şəraitin proqnozlaşdırılması, təbiətin mühafizəsinin elmi əsaslarının hazırlanması, vulkanik landşaftın qorunub saxlanılması, palçıq vulkanlarının məhsulundan səmərəli istifadə edilməsi məqsədi ilə təbiət komplekslərinin, ayrı- ayrı təbiət obyektlərinin və təbii proseslərin dinamikasının öyrənilməsinə yönəldilir.

6.3. Qoruq elmi tədqiqat işlərinin təşkili və aparılması məqsədi ilə müvafiq ştatlarla təmin olunur və bu işə Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Qoruğun direktorunun elmi işlər üzrə müavini öz səlahiyyətləri daxilində rəhbərlik edir.

6.4. Qoruqda elmi tədqiqatlar kənar elmi müəssisə və təşkilatlar və ayrı-ayrı mütəxəssislər cəlb edilməklə də aparıla bilər. [3]

6.5. Qoruqda müəyyən olunmuş qaydada elmi tədqiqatlar, mədəni-maarif, tədris tədbirlərinin həyata keçirilməsi və ekoloji maarifləndirmə işinin təşkil edilməsi məqsədi ilə Şura yaradıla bilər. Şuranın tərkibi və Əsasnaməsi Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

6.6. Qoruğun elmi fondu yaradılır və həmişəlik saxlanılır.

6.7. Qoruğun elmi əsərlər çap etdirmək hüququ vardır.

6.8. Qoruqda elmi tədqiqat işində əldə edilmiş nəticələrin məqsədi aşağıdakılardır:

6.8.1. vulkanik landşaftın qorunub saxlanılmasının və səmərəli istifadə edilməsinin elmi əsaslarını işləyib hazırlamaq;

6.8.2. Qoruğun ərazisində təbiət komplekslərinin təbii halda saxlanılmasını təmin edən tədbirləri və təbiət kompleksləri komponentlərinin faydalı məhsuldarlığının qiymətləndirilməsi və yüksəldilməsi metodlarını işləyib hazırlamaq;

6.8.3. vulkanik dəyişiklikləri proqnozlaşdırmaq və həmin dəyişikliklərin səbəblərini öyrənmək;

6.8.4. təbiətdə cərəyan edən proseslər haqqında sistemləşdirilmiş faktiki materiallar toplamaq və nəzəri nəticələr hesabına elmi bilikləri zənginləşdirmək.

6.9. Elmi tədqiqatların aparılması metodları qoruq rejiminin tələblərinə zidd olmamalıdır. Aparılan işlərin nəticəsi olaraq hazırlanmış elmi təkliflər tətbiq edilə bilər.

6.10. Qoruğun elmi tədqiqat işlərini, görəcəyi elmi, elmi-texniki və digər tədbirləri hər təqvim ili üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsdiq etdiyi və maliyyələşdirdiyi planlar üzrə onun elm şöbəsinin işçiləri, Qoruqla bu sahədə əməkdaşlığı həmin nazirliyin təsdiq etdiyi müqavilələr əsasında müvafiq profilli elmi müəssisə və təşkilatlar və ali məktəblər ilə həyata keçirirlər. [4]

VII. Qoruğun fəaliyyətinin təşkili

7.1. Qoruğun strukturu, ştat cədvəli və xərclər smetası Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri tərəfindən təsdiq edilir.

7.2. Qoruğa direktor rəhbərlik edir.

7.3. Direktor Qoruğun fəaliyyətinə görə şəxsən məsuliyyət daşıyır.

7.4. Direktor Qoruğun fəaliyyətini təşkil edərək aşağıdakı səlahiyyətlərə malikdir:

7.4.1. təbiəti mühafizə, elmi tədqiqat planlarının layihələrinin hazırlanmasını təşkil edir, müvafiq qaydada təsdiq edildikdən sonra onların yerinə yetirilməsini təmin edir;

7.4.2. Qoruqda elmi tədqiqat işlərinin planlarının, tapşırıqların gedişi haqqında müvafiq şöbələrin və ayrı-ayrı əməkdaşların hesabatlarını dinləyir;

7.4.3. Qoruğun ixtisaslı kadrlarla komplektləşdirilməsini təşkil edir, onların ixtisaslarının artırılması istiqamətində tədbirlər görür;

7.4.4. Qoruğun mühafizə rejimi, elmi tədqiqatların və onların tətbiqinin nəticələri haqqında hesabatları, habelə maliyyə-təsərrüfat fəaliyyəti barədə mühasibat, maliyyə və statistika hesabatlarını müəyyən olunmuş qaydada aidiyyəti üzrə təqdim edir; [5]

7.4.5. Qoruğun maddi-texniki təminatına ümumi rəhbərliyi həyata keçirir;

7.4.6. Qoruğun fəaliyyətinə aid olan məsələlərlə əlaqədar məhkəmələrdə çıxış edir, müvafiq prosessual hüquq və vəzifələri həyata keçirir;

7.4.7. Qoruğun Şurasının fəaliyyətinə rəhbərlik edir;

7.4.8. Qoruğun nomenklaturuna daxil olan işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onların barəsində qanunvericiliklə müəyyən olunmuş qaydada həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

7.4.9. Qoruğun elmi tədqiqat işlərinin tematik planı əsasında elmi işçilərin iş planlarını təsdiq edir;

7.4.10. qeyri - hökumət və dövlət təşkilatlarında Qoruğu vəkalətnaməsiz təmsil edir;

7.4.11. Qoruğun fəaliyyəti ilə əlaqədar əmr, sərəncam və göstərişlər verir.

7.5. Qoruğun bütün işçiləri qoruq rejiminin pozulması hallarının qarşısının alınmasında mühafizə işçilərinə kömək göstərməlidirlər.

7.6. Qoruğun təbiət ərazilərindən və obyektlərindən istifadə edilməsi qanunla nəzərdə tutulmuş hallarda ödənişli ola bilər.

7.7. Əhali və ictimai birliklər Qoruğun mühafizəsinə dair təkliflərini verə bilərlər. Bu təkliflər Qoruq tərəfindən baxılır.

7.8. Qoruğun ərazisi və obyektləri hər hansı fiziki və hüquqi şəxslərin hüquqlarına və maraqlarına xələl gətirmədən Azərbaycan dövlətinə məxsusdur və özgəninkiləşdirilə bilməz. 7.9. Qoruğun hüquqi və fiziki şəxslərin idarəçiliyinə, istifadəsinə və icarəsinə verilməsi qadağandır.

7.10. Qoruq rejiminin pozulmasında təqsirkar olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

7.11. Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında qanunvericiliyin pozulması nəticəsində Qoruğa vurulmuş zərər Azərbaycan Respublikasının Mülki Məcəlləsində və təbiətin mühafizəsi ilə bağlı digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada ödənilir.

7.12. Qoruqda mühafizə rejimini həyata keçirən işçilərə xidməti vəzifələrini yerinə yetirərkən, üzərində fərqlənmə nişanı olan xüsusi geyim forması daşımaq, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xidməti silah saxlamaq və gəzdirmək hüququ verilir.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       17 oktyabr 2014-cü il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, ¹ 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1305)

2.       9 mart 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2018-ci il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə 596)

3.       22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 oktyabr 2014-cü il tarixli 335 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, ¹ 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1305) ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 1.7-ci bəndi yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1.7. Qoruğa bitişik olan torpaq və su sahələrində mühafizə zonaları müəyyən edilə bilər. Bu zonaların torpaqlarında xüsusi mühafizə olunan təbiət ərazilərinin təbiət komplekslərinə və obyektlərinə zərərli təsir göstərən hər cür fəaliyyət qadağandır.

 

[2] 9 mart 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2018-ci il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə 596) ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 3.2-ci bəndində “Elmi tədqiqat idarələrinin” sözləri “Elmi müəssisə və təşkilatların” sözləri ilə əvəz edilmişdir.

 

[3] 9 mart 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2018-ci il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə 596) ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 6.4-cü bəndində “təşkilatlar” sözü “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilmişdir.

 

[4] 9 mart 2018-ci il tarixli 85 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 mart 2018-ci il, ¹ 56, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹3, maddə 596) ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 6.10-cu bəndində “elmi tədqiqat idarələri” sözləri “elmi müəssisə və təşkilatlar” sözləri ilə əvəz edilmişdir.

 

[5] 22 sentyabr 2018-ci il tarixli 410 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 25 sentyabr 2018-ci il, ¹ 214, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹9, maddə 1938) ilə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu haqqında Əsasnamə”nin 7.4.4-cü yarımbəndindən “mühasibat,” sözü çıxarılmışdır.