Daxili audit haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasında təsərrüfat
subyektlərinin idarə edilməsinin səmərəliliyinin
artırılması məqsədi ilə daxili audit
xidmətinin təşkilinin və həyata
keçirilməsinin hüquqi əsaslarını, daxili
auditorların hüquq və vəzifələrini
müəyyən edir.
I
Fəsil
Ümumi müddəalar
Maddə
1. Əsas anlayışlar
1.0.
Bu Qanunda istifadə olunan anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1.
daxili audit – təsərrüfat subyektinin fəaliyyətinin inkişafına
və səmərəliliyinin yüksəldilməsinə
yönəldilmiş risklərin idarə olunması,
nəzarət və idarəetmənin səmərəliliyinin
qiymətləndirilməsi və inkişafına sistemli
yanaşmaqla, təsərrüfat subyektinə öz
məqsədlərinə nail olmaqda köməklik edən
obyektiv, təminatverici və məsləhətverici
fəaliyyətdir.
1.0.2.
daxili audit xidməti – təsərrüfat subyektində daxili
audit fəaliyyətini həyata keçirən struktur
bölmədir (Audit Komitəsi, departament, şöbə,
bölmə, daxili auditor);
1.0.3.
təsərrüfat subyektinin müvafiq idarəetmə
orqanı – təsərrüfat subyektində idarəetməni
həyata keçirən Ali idarəetmə orqanı
(Direktorlar Şurası və Müşahidə Şurası)
və İdarəetmə orqanı;
1.0.4.
Audit Komitəsi – bu Qanuna uyğun olaraq təsərrüfat
subyektində yaradılan, daxili audit siyasətinin və strategiyasının
hazırlanması, həyata keçirilməsi və auditor
nəzarətinin təşkilinə məsul olan struktur
bölmədir.
1.0.5.
daxili auditor – daxili audit xidmətinin daxili auditi həyata
keçirən əməkdaşıdır.
1.0.6.
Daxili Auditorlar İnstitutu (DAİ) – daxili audit peşəsi
üzrə beynəlxalq sertifikatlaşdırma, tədris,
tədqiqat işinə və xüsusi təlimatların
hazırlanmasına rəhbərlik edən peşəkar
asossiasiyadır.
1.0.7.
daxili audit standartları – Daxili Auditorlar İnstitutunun Daxili
Audit Standartları üzrə İdarə Heyəti
tərəfindən təsdiq edilən, daxili nəzarət
sistemini və daxili audit xidməti fəaliyyətini
tənzimləyən normativ sənədlərdir.
Maddə
2. Qanunun tətbiq dairəsi
2.1.
Bu Qanun mülkiyyət və təşkilati-hüquqi
formasından asılı olmayaraq, Azərbaycan
Respublikasının ərazisində fəaliyyət
göstərən və məcburi auditin obyekti olan
təsərrüfat subyektlərinə şamil edilir.
2.2.
Bu Qanunun müddəaları bu Qanunun 2.1-ci maddəsində
nəzərdə tutulmayan digər təsərrüfat
subyektləri tərəfindən könüllülük
prinsipi əsasında tətbiq edilə bilər.
2.3.
Qanunvericiliklə təsərrüfat subyektlərində daxili
auditə dair xüsusi tələblər müəyyən
olunduqda, bu Qanun həmin tələblər nəzərə
alınmaqla tətbiq olunur.
II
Fəsil
Daxili auditin
təşkili
Maddə
3. Daxili audit xidmətinin
yaradılmasına məsul olan müvafiq idarəetmə
orqanının vəzifələri
3.1.
Təsərrüfat subyektinin müvafiq idarəetmə
orqanı:
3.1.1.
daxili audit xidmətinin rəhbərini və daxili
auditorları (Audit Komitəsinin üzvlərini)
vəzifəyə təyin edir və vəzifədən azad
edir;
3.1.2.
daxili audit xidmətinin Əsasnaməsini təsdiq edir;
3.1.3.
daxili audit planlarını, habelə daxili auditorların
vəzifə bölgüsünü təsdiq edir;
3.1.4.
daxili audit siyasətini və strategiyasını
müəyyən edir və həyata keçirilməsini
təmin edir;
3.1.5.
audit fəaliyyətinin həyata keçirilməsi
üçün lazımi şərait yaradır;
3.1.6.
daxili audit xidmətinin aşkar etdiyi nöqsan və çatışmazlıqların
aradan qaldırılması üçün müvafiq
tədbirlər görür;
3.1.7.
daxili audit xidmətinin hesabatında verilmiş
məqsədəuyğun təkliflərin həyata
keçirilməsi ilə bağlı qərarlar qəbul edir.
3.2.
Təsərrüfat subyektində Audit Komitəsi
yaradıldıqda, bu Qanunun 3.1.2-ci - 3.1.4-cü
maddələrində nəzərdə tutulmuş
vəzifələri həmin orqan yerinə yetirir.
Maddə
4. Daxili audit xidmətinin
vəzifələri
4.1.
Daxili audit xidmətinin vəzifələri
aşağıdakılardır:
4.1.1.
təsərrüfat subyektində müntəzəm və
səmərəli fəaliyyətin təmin edilməsi,
məqsədlərə nail olmaq üçün risklərin
idarə edilməsi, istənilən dəyişikliyə
qısa müddət ərzində münasibət
bildirilməsi məqsədi ilə yaradılan daxili
nəzarət sisteminin səmərəliliyini və
adekvatlığını müəyyən etmək;
4.1.2.
mühasibat uçotunun
aparılmasının və maliyyə hesabatlarının
düzgünlüyünü və
etibarlılığını yoxlamaq;[1]
4.1.3.
təsərrüfat subyektinin xərclərinin
səmərəliliyini qiymətləndirmək;
4.1.4.
təsərrüfat subyektinin, ona tabe olan müəssisə
və təşkilatların (onun törəmə
təsərrüfat cəmiyyətlərinin) struktur
bölmələrinin fəaliyyətinin normativ hüquqi
aktlara və təsdiq edilmiş fəaliyyət planına
uyğunluğunu yoxlamaq;
4.1.5.
ehtiyatlardan istifadənin səmərəliliyi,
düzgünlüyü, onlardan istifadəyə
nəzarəti və zərərdən mühafizə
olunmanın yetərliliyini qiymətləndirmək.
4.2.
Audit Komitəsi bir qayda olaraq ictimai əhəmiyyətli
qurumlarda yaradılır və aşağıdakı
vəzifələri yerinə yetirir:
4.2.1.
təsərrüfat subyektində daxili audit siyasətini və
strategiyasını müəyyən edir, daxili audit
planlarını təsdiq edir və daxili audit
fəaliyyətinə nəzarət edir;
4.2.2.
daxili audit xidmətinin rəhbəri və
əməkdaşlarının vəzifə
təlimatlarını, proqramlarını, daxili auditin
hesabatlarını, nəzarət sisteminin
təkmilləşdirilməsinə dair tövsiyələri
təsdiq edir;
4.2.3.
daxili nəzarət sisteminin yaradılması və
tətbiqinə, daxili nəzarətin və risklərin
idarə edilməsi sisteminin
təkmilləşdirilməsinə dair müvafiq idarəetmə
orqanına təkliflər verir;
4.2.4.
kənar auditin təyin edilməsi ilə əlaqədar
müvafiq idarəetmə orqanına təkliflər verir;
4.2.5.
təsərrüfat subyektlərinin icra orqanlarından
kənar və daxili auditorların daxili nəzarət
sisteminə dair verdikləri tövsiyələrin yerinə
yetirilməsinin vəziyyəti barədə məlumat
əldə edir;
4.2.6.
maliyyə risklərinin yüksək olduğu sahələri
müəyyənləşdirir və təsərrüfat
subyektlərinin icra orqanları tərəfindən onların
səmərəli idarə edilməsinə əminlik
əldə edir;
4.2.7.
kənar və daxili audit və ya digər yoxlamaların
gedişində aşkar olunan saxtakarlıq hallarını,
nöqsan və çatışmazlıqları
müzakirə edir və onların aradan qaldırılması
üçün müvafiq idarəetmə orqanına
təkliflər verir;
4.2.8.
maliyyə hesabatlarına əhəmiyyətli
dərəcədə təsir edə biləcək hüquqi
məsələləri nəzərdən keçirir və
öz tövsiyələrini verir;
4.2.9.
müəssisənin illik və cari maliyyə
hesabatlarının hazırlanması prosesinə və
nəticələrinə nəzarət edir;
4.2.10.
daxili auditorların audit nəticəsində təqdim etdiyi
tövsiyələrin müzakirəsini təmin edir;
4.2.11.
təsərrüfat subyektinin müvafiq icra orqanlarını
daxili auditorlar tərəfindən təqdim olunmuş
tövsiyələrin icrasına cəlb edir.
4.3.
Qanunvericiliklə nəzərdə tutulmuş hallarda Audit
Komitəsinin bu Qanunun 4.2-ci maddəsində müəyyən
edilmiş vəzifələri təsərrüfat subyektinin
Təftiş Komissiyası tərəfindən yerinə
yetirilir.[2]
Maddə
5. Daxili audit xidmətinin
müstəqilliyi
5.1.
Qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna
olmaqla, daxili audit xidməti işinin
planlaşdırılmasında, daxili auditin aparılmasında
və auditlə bağlı hesabatların
hazırlanmasında müstəqildir.[3]
5.2.
Daxili audit xidməti təsərrüfat subyektinin icra
orqanlarının səlahiyyətinə aid işlərə,
habelə öz səlahiyyətinə aid olmayan proqram və
layihələrin hazırlanmasına və ya icrasına
cəlb edilə bilməz.
5.3.
Daxili audit xidməti təsərrüfat subyektinin tabeli
müəssisə və təşkilatlarında (onun
törəmə təsərrüfat
cəmiyyətlərində) daxili nəzarət sisteminin
təşkili işində məsləhət xidmətləri
göstərə bilər.
III
Fəsil
Daxili auditor
Maddə
6. Daxili auditorun hüquqları
6.0.
Daxili auditor aşağıdakı hüquqlara malikdir:
6.0.1.
təsərrüfat subyektinin fəaliyyətinin təhlilini
aparmaq üçün elektron məlumatlar da daxil olmaqla, pul
vəsaitləri, daşınmaz əmlak, maddi aktivlər
və s. barədə sənədləri tələb
etmək;
6.0.2.
maliyyə vəsaitlərindən səmərəli və
təyinatı üzrə istifadə edilməsinin
düzgünlüyünü araşdırmaq;
6.0.3.
auditin nəticəsinə dair rəy bildirmək;
6.0.4.
zəruri hallarda təsərrüfat subyektinin vəzifəli
şəxslərindən əlavə məlumatlar və
izahatlar almaq;
6.0.5.
qanunvericilikdə nəzərdə tutulmuş digər
hüquqları həyata keçirmək.
Maddə
7. Daxili auditorun
vəzifələri
7.1.
Daxili auditor daxili auditi təsərrüfat subyektinin müvafiq
idarəetmə orqanı və ya Audit Komitəsi
tərəfindən təsdiq edilmiş iş planına
uyğun olaraq həyata keçirir.
7.2.
Daxili auditor daxili auditi həyata keçirərkən
Azərbaycan Respublikasının qanunvericiliyinə, daxili audit
xidmətinin Əsasnaməsinə, Azərbaycan
Respublikasının üzv olduğu Daxili Auditorlar İnstitutu
(DAİ) tərəfindən müəyyən edilmiş
peşə standartlarına, prinsiplərə, təlimatlara,
qaydalara əməl etməlidir.
7.3.
Daxili auditor öz vəzifələrinin icrası zamanı
fəaliyyətinin qanunvericiliyə uyğun olmasına
məsuliyyət daşıyır.
7.4.
Daxili auditor daxili audit xidmətinin və ya təsərrüfat
subyektinin müvafiq idarəetmə orqanına yazılı
məlumat verməklə, səlahiyyətinə aid olmayan
hər hansı tapşırığın icrasından imtina
etməlidir.
7.5.
Daxili auditor daxili audit zamanı təsərrüfat subyektinin
normal fəaliyyətinə mane olmamalı, fəaliyyəti
ilə əlaqədar əldə etdiyi kommersiya sirri
daşıyan məlumatlardan sui-istifadə etməməli
və məxfilik prinsipinə əməl etməlidir.
Maddə
8. Daxili auditora dair
tələblər
8.1.
Daxili auditor ali iqtisadi və ya hüquqi təhsilə və ya
digər ixtisas üzrə ali təhsilə və audit yaxud
əlaqədar sahələrdə dörd illik iş
stajına malik olmalıdır.
8.2.
Məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü ilə maliyyə-təsərrüfat sahəsində
müəyyən vəzifələr tutma və ya
müəyyən fəaliyyətlə məşğul olma
hüququndan məhrum edilmiş və ya bu növ cəza
ilə bağlı məhkumluğu ödənilməmiş
və ya götürülməmiş şəxslər daxili
auditor vəzifəsini tuta bilməzlər.
8.3.
Təsərrüfat subyektində şəxsi marağı, onun
təsisçisi və ya səhmdarı, müvafiq
idarəetmə orqanının üzvü ilə və ya maliyyə hesabatlarının
tərtib edilməsinə məsuliyyət daşıyan
hər hansı şəxslə birbaşa qohumluq
əlaqəsi olduqda, daxili auditorun həmin
təsərrüfat subyektində audit aparması
qadağandır.[4]
Maddə
9. Daxili audit xidmətinin
rəhbərinin vəzifələri
9.1.
Daxili audit xidmətinin rəhbəri:
9.1.1.
daxili auditorların fəaliyyəti ilə bağlı
uzunmüddətli və illik inkişaf planlarını
hazırlayır və təsərrüfat subyektinin müvafiq
idarəetmə orqanına təqdim edir;
9.1.2.
daxili auditlə bağlı hesabatı təsərrüfat
subyektinin müvafiq idarəetmə orqanına təqdim edir;
9.1.3.
audit zamanı aşkar edilmiş nöqsan və
çatışmazlıqların aradan
qaldırılmasına məsul olan şəxslər
göstərilməklə, təsərrüfat subyektinin
müvafiq idarəetmə orqanına təkliflər verir;
9.1.4.
daxili auditorun müstəqilliyinə və ya obyektivliyinə
müdaxilələr barədə təsərrüfat
subyektinin müvafiq idarəetmə orqanını
məlumatlandırır;
9.1.5.
daxili audit xidmətinin işinin təşkili
üçün zəruri olan təşkilati-texniki tədbirlərin
həyata keçirilməsini təmin etmək məqsədi
ilə müvafiq idarəetmə orqanına müraciət
edir;
9.1.6.
daxili auditin metodologiyasına əsasən təsərrüfat
subyektlərində daxili audit prosedurlarını
müəyyən edir;
9.1.7.
daxili auditorların işinin keyfiyyətini qiymətləndirir;
9.1.8.
zəruri hallarda təsərrüfat subyektinin müvafiq
idarəetmə orqanının razılığı ilə
təsərrüfat subyektinin digər
əməkdaşlarını auditin aparılmasına cəlb
edir;
9.1.9.
daxili audit xidmətinin fəaliyyəti ilə bağlı
illik hesabatı təsərrüfat subyektinin müvafiq
idarəetmə orqanına təqdim edir.
Maddə
10. Daxili audit xidmətinin
rəhbərinə dair tələblər
10.1.
Daxili audit xidmətinin rəhbərinə dair
tələblər aşağıdakılardır:
10.1.1.
Ali iqtisadi və ya hüquqi təhsilə və müvafiq
ixtisas üzrə azı beş illik iş stajına malik
olmaq;
10.1.2.
yüksək peşə hazırlığına və
mənəvi-əxlaqi keyfiyyətlərə malik olmaq;
10.1.3.
elmi-pedaqoji və yaradıcılıq fəaliyyəti istisna
olmaqla, digər ödənişli fəaliyyət
növləri ilə məşğul olmamaq.
10.2.
Məhkəmənin qanuni qüvvəyə minmiş
hökmü ilə maliyyə-təsərrüfat
sahəsində müəyyən vəzifələr tutma
və ya müəyyən fəaliyyətlə
məşğul olma hüququndan məhrum edilmiş və ya
bu və digər cəza ilə bağlı məhkumluğu
ödənilməmiş və ya
götürülməmiş şəxslər daxili audit
xidmətinə rəhbərlik edə bilməzlər.
IV
Fəsil
Daxili audit
fəaliyyətinin dövlət tənzimlənməsi və
əlaqələndirilməsi
Maddə
11. Daxili audit fəaliyyətinin
dövlət tənzimlənməsi
Daxili
audit sahəsində dövlət tənzimlənməsi
Azərbaycan Respublikasının müvafiq normativ hüquqi
aktları əsasında həyata keçirilir.
Maddə
12. Təsərrüfat subyektinin işəgötürəni
ilə daxili audit xidmətinin rəhbəri və
əməkdaşları arasında qarşılıqlı
münasibətlər
Təsərrüfat
subyektinin işəgötürəni ilə daxili audit
xidmətinin rəhbəri və əməkdaşları
arasında qarşılıqlı münasibətlər bu
Qanunla, Azərbaycan Respublikasının Əmək Məcəlləsi
və digər normativ hüquqi aktlarla tənzimlənir.
Maddə
13. Daxili auditin
özünütənzimləməsi
13.0.
Daxili auditin özünütənzimləməsi onların
ictimai birliyi tərəfindən aşağıdakı qaydada
həyata keçirilir:
13.0.1.
daxili audit xidmətinə fəaliyyəti ilə bağlı
əməli köməklik göstərilməsi;
13.0.2.
təsdiq edilmiş daxili audit prosedurlarına əməl
edilməsi sahəsində daxili audit xidmətlərinə
metodoloji yardım göstərilməsi;
13.0.3.
daxili auditorlar üçün treninqlər və
ixtisasartırma kurslarının təşkili üzrə
tədbirlər həyata keçirilməsi;
13.0.4.
daxili audit üzrə məsləhət xidmətləri
göstərilməsi;
13.0.5.
daxili audit xidmətləri üçün daxili audit
prosedurları ilə bağlı təkliflər
hazırlanması;
13.0.6.
Daxili Auditorlar İnstitutu (DAİ) tərəfindən
təsdiq edilmiş daxili audit standartlarının
tətbiqinə dair qaydaların və şərhlərin
hazırlanması.
V
Fəsil
Yekun müddəalar
Maddə
14. Məsuliyyət
Bu
Qanunun tələblərinin pozulmasına görə
təqsirkar şəxslər qanunvericiliklə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə
15. Keçid
müddəaları
Bu
Qanunun mərhələlərlə tətbiqi
müddətləri müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 22 may 2007-ci il
¹ 332-IIIQ
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
1.
2 oktyabr 2008-ci
il tarixli 699-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 16 noyabr 2008-ci il, ¹ 257, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
960)
2.
9 aprel 2019-cu il tarixli 1563-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
23 aprel 2019-cu il, ¹ 87, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə 599)
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 9
aprel 2019-cu il tarixli 1563-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel
2019-cu il, ¹ 87, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹4, maddə
599)
ilə 4.1.2-ci
maddədə “uçotu”
sözü “uçotunun
aparılmasının” sözləri ilə əvəz
edilmişdir.
[2] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2008-ci il, ¹ 257,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
960) ilə yeni məzmunda 4.3-cü maddə
əlavə edilmişdir.
[3] 2 oktyabr 2008-ci il tarixli 699-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 16 noyabr
2008-ci il, ¹ 257,
Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 11, maddə
960) ilə 5.1-ci maddədə "Daxili audit xidməti"
sözləri "Qanunvericiliklə
nəzərdə tutulmuş hallar istisna olmaqla, daxili audit
xidməti" sözləri ilə əvəz
edilmişdir.
[4] 9
aprel 2019-cu il tarixli 1563-VQD
nömrəli
Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 aprel
2019-cu il, ¹ 87,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 599) ilə 8.3-cü maddədə “mühasibat (maliyyə)” sözləri “maliyyə” sözü ilə
əvəz edilmişdir.