Qeyri-dövlət (özəl) mühafizə
fəaliyyəti haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1.
Qanunun təyinatı
Bu Qanun Azərbaycan Respublikasında qeyri-dövlət
(özəl) mühafizə fəaliyyətinin həyata
keçirilməsi zamanı yaranan münasibətləri
tənzimləyir, onun hüquqi əsaslarını, prinsip
və vəzifələrini, habelə qeyri-dövlət
(özəl) mühafizə fəaliyyəti subyektlərinin
dövlət orqanları ilə qarşılıqlı
münasibətlərini müəyyən edir.
Maddə 2.
Əsas anlayışlar
2.0. Bu Qanunda aşağıdakı
anlayışlardan istifadə olunur:
2.0.1. qeyri-dövlət (özəl)
mühafizə fəaliyyəti (bundan sonra “özəl
mühafizə fəaliyyəti”) - qeyri-dövlət
(özəl) mühafizə müəssisəsi və ya
hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən fiziki və ya hüquqi
şəxslərin mülkiyyətinin hüquqa zidd
qəsdlərdən qorunması məqsədilə bu Qanunun
5-ci maddəsində nəzərdə tutulan mühafizə
xidmətlərinin göstərilməsi;
2.0.2. qeyri-dövlət (özəl)
mühafizə müəssisəsi (bundan sonra “özəl
mühafizə müəssisəsi”) - fiziki və ya hüquqi
şəxslə bağlanmış müqavilə
əsasında bu Qanunun 5-ci maddəsində nəzərdə
tutulan mühafizə xidmətlərini göstərən,
müvafiq qaydada dövlət qeydiyyatından keçmiş
və müvafiq icra hakimiyyəti orqanından xüsusi
razılıq (lisenziya) almış hüquqi şəxs;
2.0.3. hüquqi şəxsin
mühafizə bölməsi - hüquqi şəxsin öz
mühafizəsini təmin etmək məqsədilə
tərkibində yaradılan, müvafiq icra hakimiyyəti orqanından
alınmış xüsusi razılıq (lisenziya)
əsasında fəaliyyət göstərən struktur qurumu;
2.0.4. mühafizəçi - xüsusi
hazırlıq keçmiş, bu Qanunla müəyyən
edilmiş qaydada özəl mühafizə
müəssisəsində və ya hüquqi şəxsin mühafizə
bölməsində əmək müqaviləsi (kontraktı)
ilə işləyən Azərbaycan Respublikasının
vətəndaşı;
2.0.5. mühafizə olunan obyekt -
özəl mühafizə müəssisəsi və ya
hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən hüquqa zidd qəsdlərdən mühafizə
edilən daşınmaz (binalar, tikililər, qurğular,
ərazilər və s.) və burada yerləşən
daşınar əmlak (nəqliyyat vasitələri,
avadanlıqlar, pul vəsaitləri, qiymətli əşyalar
və s.);
2.0.6. buraxılış rejimi -
şəxslərin və ya nəqliyyat vasitələrinin
mühafizə olunan obyektə nəzarətsiz girişi
(çıxışı), habelə bu obyektə əmlakın
nəzarətsiz gətirilməsi və ya bu obyektdən
əmlakın nəzarətsiz çıxarılması
imkanlarını istisna edən qayda və tədbirlərin
məcmusu;
2.0.7. obyektdaxili rejim - mühafizə
olunan obyektin hüdudlarında müəyyən edilən qayda
və tədbirlərin məcmusu.
Maddə 3. Özəl mühafizə
fəaliyyəti haqqında qanunvericilik
Özəl mühafizə
fəaliyyəti haqqında qanunvericilik Azərbaycan
Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan
Respublikasının digər normativ hüquqi aktlarından
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 4.
Özəl mühafizə fəaliyyətinin prinsipləri
4.1. Özəl mühafizə
fəaliyyəti qanunçuluq, humanizm, insan və
vətəndaş hüquq və azadlıqlarına
hörmət prinsipləri əsasında həyata
keçirilir.
4.2. Özəl mühafizə
fəaliyyəti dövlət orqanları, o cümlədən
hüquq - mühafizə orqanlarının fəaliyyətini
məhdudlaşdırmamalı, üçüncü şəxslərin
hüquq və azadlıqlarını pozmamalıdır.
Maddə 5.
Özəl mühafizə fəaliyyətinin həyata
keçirilməsi ilə əlaqədar göstərilən
mühafizə xidmətlərinin növləri
5.1. Özəl mühafizə
fəaliyyətinin həyata keçirilməsi ilə
əlaqədar aşağıdakı mühafizə
xidmətləri göstərilə bilər:
5.1.1. mühafizə olunan obyektlərin
qorunması;
5.1.2. mühafizə olunan
obyektlərdə buraxılış və obyektdaxili
rejimlərin təmin edilməsi;
5.1.3. mühafizə olunan
obyektlərdə təhlükəsizlik siqnalizasiyası
avadanlıqlarının layihələşdirilməsi,
quraşdırılması və istismarı ilə əlaqədar
texniki xidmətlərin göstərilməsi;
5.1.4. hüquqa zidd qəsdlərdən
mühafizə məsələləri ilə bağlı
fiziki və hüquqi şəxslərə
tövsiyələrin hazırlanması.
5.2. Özəl mühafizə
müəssisələri və hüquqi şəxslərin
mühafizə bölmələri tərəfindən bu
Qanunla nəzərdə tutulmayan mühafizə xidmətlərinin
göstərilməsi qadağandır.
Maddə 6.
Özəl mühafizə fəaliyyətinin
xüsusiyyətləri
6.1. Bu Qanunun 5-ci maddəsində
göstərilən mühafizə xidmətləri yalnız
bu məqsədlə təsis edilmiş, müvafiq xüsusi
razılıq (lisenziya) almış özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən həyata
keçirilə bilər.
6.2. Özəl mühafizə
fəaliyyəti dövlət mühafizəsi
obyektlərinə, siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilən və
dövlət orqanları tərəfindən mühafizə
olunan obyektlərə münasibətdə həyata
keçirilmir.
6.3. Özəl mühafizə
fəaliyyətində fiziki şəxslərin həyat və
sağlamlığına, ətraf mühitə zərər
vurmayan texniki və digər vasitələrdən, operativ radio
və telefon rabitəsindən qanunvericiliklə
müəyyən edilmiş qaydada istifadə etməyə
icazə verilir.
Maddə 7.
Özəl mühafizə müəssisəsi
7.1. Özəl mühafizə
müəssisəsi qanunvericiliyə müvafiq olaraq hüquqi
şəxsin dövlət qeydiyyatı haqqında
şəhadətnaməsi, nizamnamə və özəl
mühafizə fəaliyyətini həyata keçirmək
üçün xüsusi razılıq (lisenziya)
əsasında fəaliyyət göstərir.
7.2. Özəl mühafizə
müəssisələri sahibkarlıq fəaliyyətinin
digər növləri ilə məşğul ola bilməz.
7.3. Özəl mühafizə
müəssisəsi mühafizə xidmətlərinin
göstərilməsi üçün fiziki və ya hüquqi
şəxslərlə mülki qanunvericiliklə və bu
Qanunla müəyyən edilmiş qaydada yazılı formada
müqavilə bağlamalıdır.
7.4. Mühafizə xidmətlərinin
göstərilməsi ilə əlaqədar özəl
mühafizə müəssisəsi ilə fiziki və ya
hüquqi şəxs arasında bağlanan
müqavilədə aşağıdakılar
göstərilməlidir:
7.4.1. tərəflər haqqında
məlumatlar, o cümlədən özəl mühafizə
müəssisəsinə verilmiş xüsusi
razılığın (lisenziyanın) nömrəsi və
verildiyi tarix;
7.4.2. özəl mühafizə
müəssisəsi tərəfindən
göstəriləcək mühafizə xidmətlərinin
növləri;
7.4.3. tərəflərin hüquq və
vəzifələri;
7.4.4. göstərilən mühafizə
xidmətlərinin qiyməti;
7.4.5. müqavilənin
bağlandığı tarix və qüvvədə olduğu
müddət;
7.4.6. müqavilə
şərtlərinin pozulmasına görə
tərəflərin məsuliyyəti.
7.5. Müqavilə, onun icrası ilə
bağlı materiallar və digər sənədlər
özəl mühafizə müəssisəsi
tərəfindən müqavilənin qüvvədə olduğu,
lakin 3 ildən az olmayan müddətdə
saxlanılmalıdır.
7.6. Özəl mühafizə
müəssisəsinə mühafizəçi
vəzifəsinə qəbul bu Qanunun 9-cu maddəsinin
tələblərinə riayət edilməklə həyata keçirilir.
Maddə 8.
Hüquqi şəxsin mühafizə bölməsi
8.1. Mülkiyyət formasından
asılı olmayaraq, Azərbaycan Respublikasının
ərazisində yerləşən hüquqi şəxslər
öz mühafizəsini təmin etmək məqsədilə
xüsusi razılıq (lisenziya) əsasında mühafizə
bölməsi yarada bilər.
8.2. Mühafizə bölməsi yaradan
hüquqi şəxs aşağıdakılar
göstərilməklə bölmənin Əsasnaməsini
hazırlamalı və təsdiq etməlidir:
8.2.1. mühafizə bölməsinin
hüquqi şəxsin strukturunda yeri;
8.2.2. mühafizə bölməsi
tərəfindən göstəriləcək mühafizə
xidmətlərinin növləri;
8.2.3. mühafizə bölməsinin
quruluşu və idarəçilik sistemi;
8.2.4. mühafizə bölməsinin
rəhbərinin hüquq və vəzifələri, onun
hüquqi şəxsin digər vəzifəli
şəxsləri ilə tabeçilik münasibətləri;
8.2.5. bölmənin
mühafizəçilərinin hüquq və
vəzifələri;
8.2.6. mühafizə bölməsinin
fəaliyyətinə xitam verilməsinin qaydası.
8.3. Hüquqi şəxsin
mühafizə bölməsi yalnız tərkibində
olduğu hüquqi şəxsə məxsus obyektlərin
mühafizəsi üzrə xidmətlər göstərə
bilər.
8.4. Hüquqi şəxsin
mühafizə bölməsinə mühafizəçi
vəzifəsinə qəbul bu Qanunun 9-cu maddəsinin
tələblərinə riayət edilməklə həyata
keçirilir.
Maddə 9.
Mühafizəçiyə münasibətdə irəli
sürülən tələblər
9.1. Mühafizəçi
vəzifəsinə 20 yaşına çatmış,
mühafizəçilər üçün xüsusi
hazırlıq kursunu bitirmiş Azərbaycan Respublikasının
vətəndaşları qəbul olunur. Şəxs
özəl mühafizə müəssisəsinə və ya
hüquqi şəxsin mühafizə bölməsinə
mühafizəçi vəzifəsinə işə qəbul
edilərkən işəgötürən
tərəfindən namizəd barədə 3 gün
müddətində müvafiq icra hakimiyyəti orqanına
müəyyən olunmuş qaydada məlumat verilməlidir.
9.2. Mühafizəçilərin,
habelə özəl mühafizə
müəssisələrinin və hüquqi
şəxslərin mühafizə bölmələri
rəhbərlərinin xüsusi hazırlıq,
təkmilləşdirmə və ixtisas artırma kursları
siyahısı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilən dövlət təhsil
müəssisələri və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən verilmiş xüsusi razılıq
(lisenziya) əsasında qeyri-dövlət
ixtisaslaşmış təhsil müəssisələri
tərəfindən həyata keçirilir. Kursların
proqramının və ixtisas tələblərinin
müəyyən olunması və onlara riayət olunmasına
nəzarət müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.
9.3. Müvafiq icra hakimiyyəti orqanı
tərəfindən mühafizəçinin özəl
mühafizə fəaliyyətinə yararlı
olub-olmamasının yoxlanılması üçün, o,
işə qəbul edilən zaman ilkin, sonra isə ildə bir
dəfədən az olmayaraq tibbi müayinələrdən
keçirilir.
9.4. Aşağıdakı
şəxslər mühafizəçi vəzifəsinə
qəbul oluna bilməz:
9.4.1. ruhi xəstəlik, alkoqolizm,
narkomanlığa düçar olmaması barədə
müvafiq tibbi rəy təqdim etməyən
şəxslər;
9.4.2. fəaliyyət qabiliyyətsizliyi
və ya məhdud fəaliyyət qabiliyyətliliyi
məhkəmənin qanuni qüvvəyə minmiş
qərarı ilə təsdiq edilmiş şəxslər;
9.4.3. qanunla müəyyən olunmuş
müddətli həqiqi hərbi xidmət keçməmiş
şəxslər (qadınlar, habelə qanuni əsaslarla
müddətli həqiqi hərbi xidmətə
çağırışdan möhlət hüququ olanlar
və ya müddətli həqiqi hərbi xidmətə
çağırışdan azad edilənlər istisna
olmaqla);
9.4.4. sağlamlıq barədə
müvafiq tibbi arayış təqdim etməyən
şəxslər;
9.4.5. qəsdən ağır və ya
xüsusilə ağır cinayət törətməkdə
ittiham olunan və ya qəsdən ağır və ya
xüsusilə ağır cinayət törətməyə
görə əvvəllər məhkum olunmuş
şəxslər.
9.5. Özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsinin rəhbəri
vəzifəsinə bu Qanunla mühafizəçilər
üçün nəzərdə tutulmuş
tələblərə cavab verən, ali təhsilli, bu
vəzifənin icra edilməsi üçün
nəzərdə tutulmuş xüsusi hazırlıq
kurslarını bitirmiş Azərbaycan Respublikasının
vətəndaşları təyin oluna bilər.
Maddə 10.
Mühafizəçinin hüquq və vəzifələri
10.1. Mühafizəçi
mühafizə etdiyi obyektin təhlükəsizliyinin təmin
edilməsi məqsədilə aşağıdakı
hüquqlara malikdir:
10.1.1. mühafizə olunan obyektin
işçilərindən və digər
şəxslərdən buraxılış rejiminə və
obyektdaxili rejimə riayət olunmasını tələb etmək;
10.1.2. mühafizə olunan
obyektlərə giriş və çıxış zamanı
Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada fiziki şəxsləri
(xidməti vəzifələrini icra edən
hüquq-mühafizə və digər dövlət
orqanlarının əməkdaşları istisna olmaqla),
onların əşyalarını və nəqliyyat
vasitələrini texniki vasitələr tətbiq
etməklə və ya tətbiq etmədən
nəzərdən keçirmək;
10.1.3. mühafizə olunan
obyektlərdə hüquqa zidd hərəkətlər
törətmiş şəxslər mühafizəçinin
qanuni tələblərinə tabe olmadıqları və ya
fiziki qüvvə işlətdikləri hallarda həmin
şəxsləri fiziki qüvvə tətbiq etməklə
hadisə yerində saxlamaq və dərhal müvafiq icra
hakimiyyəti orqanına təhvil vermək;
10.1.4. özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən xidməti
istifadə üçün verilmiş xüsusi vasitələri
mühafizə olunan obyektlərin hüdudlarında saxlamaq,
gəzdirmək və qanunla müəyyən edilmiş qaydada
və hallarda təyinatı üzrə istifadə etmək.
10.2. Mühafizəçinin
vəzifələri aşağıdakılardır:
10.2.1. mühafizə olunan
obyektlərə münasibətdə hüquq pozuntusu baş
verdikdə onun baş vermə vaxtı, yeri, halları,
hüquq pozuntusu törədən şəxsin
saxlanılması, fiziki qüvvənin və ya xüsusi
vasitələrin tətbiq edilməsi zərurətinin
əsaslandırılması, hüquq pozuntusunun
qarşısının alınması və mühafizə
olunan obyektin təhlükəsizliyinin təmin edilməsi
məqsədilə görülmüş tədbirlər
barədə özəl mühafizə müəssisəsinin
və ya hüquqi şəxsin mühafizə bölməsinin
rəhbərini yazılı surətdə məlumatlandırmaq;
10.2.2. fiziki qüvvə və ya
xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu
barədə dərhal müvafiq icra hakimiyyəti orqanına
və prokurorluq orqanlarına məlumat vermək;
10.2.3. cinayət və ya inzibati
xətanın əlamətləri olan əməl
törədildiyi halda bu barədə dərhal müvafiq icra
hakimiyyəti orqanına məlumat vermək;
10.2.4. cinayət əməlinin
əlamətləri aşkar edildikdə müvafiq təhqiqat
və ya istintaq orqanının əməkdaşları
hadisə yerinə gələnədək cinayətin
izlərinin və sübut mənbəyi ola biləcək
digər maddi obyektlərin qorunub saxlanması, həmin orqanlara
ibtidai araşdırma ilə əlaqədar bütün
zəruri yardımın göstərilməsi,
şahidlərin müəyyən edilməsi üçün
tədbirlərin görülməsi;
10.2.5. xüsusi vasitəni və ya
mühafizəçi vəsiqəsini itirdikdə dərhal
müvafiq icra hakimiyyəti orqanına məlumat vermək;
10.2.6. tutduğu vəzifədən azad
edildikdə istifadəsində olan xüsusi vasitələri,
mühafizəçi vəsiqəsini və geyim
formasını özəl mühafizə
müəssisəsinin və ya hüquqi şəxsin
mühafizə bölməsinin rəhbərinə təhvil
vermək.
10.3. Mühafizəçi
tərəfindən şəxslərin hüquq və
azadlıqlarının pozulması qanunla müəyyən
edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 11.
Özəl mühafizə fəaliyyətini həyata
keçirən şəxslərə qarşı qadağalar
11.1. Özəl mühafizə
fəaliyyətini həyata keçirən
şəxslərə aşağıdakılar qadağan
edilir:
11.1.1. törədilmiş və ya
hazırlanan cinayətlər haqqında məlumatları
hüquq-mühafizə orqanlarından gizlətmək;
11.1.2. əməliyyat-axtarış
tədbirlərini, habelə qanunvericiliklə dövlət
orqanlarının səlahiyyətlərinə aid edilmiş
digər tədbirləri həyata keçirmək, bu Qanunla
nəzərdə tutulmayan digər mühafizə
xidmətləri göstərmək;
11.1.3. özünü prokurorluq, daxili
işlər, dövlət
təhlükəsizliyi, xarici kəşfiyyat,
fövqəladə hallar, ədliyyə, vergi, gömrük
və ya digər dövlət orqanlarının
əməkdaşı kimi təqdim etmək, həmin
orqanların, habelə Silahlı Qüvvələrin və
başqa silahlı birləşmələrin xüsusi və
ya hərbi geyim forması, fərqlənmə nişanları
və digər simvollarından istifadə etmək;[1]
11.1.4. hüquq-mühafizə və
digər dövlət orqanları
əməkdaşlarının qanuni səlahiyyətlərinin
həyata keçirilməsinə maneçilik
törətmək;
11.1.5. özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən xidməti
istifadə üçün verilmiş xüsusi
vasitələri mühafizə olunan obyektin hüdudlarından
kənara çıxarmaq;
11.1.6. mühafizəçinin geyim
formasını mühafizə olunan obyektin hüdudlarından
kənarda daşımaq;
11.1.7. özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən xidməti
istifadə üçün verilmiş xüsusi vasitələri
istifadə etmək üçün kənar
şəxslərə vermək;
11.1.8. mühafizə olunan
obyektlərdə hüquqi şəxsin müvafiq
vəzifəli şəxslərinin, habelə mühafizə
olunan obyektlərin mülkiyyətçiləri və ya qanuni
sahiblərinin yazılı icazəsi olmadan video və
audioyazı, foto və kino çəkiliş aparmaq;
11.1.9. özəl mühafizə
fəaliyyəti ilə əlaqədar malik olduqları
şəxsi, ailə, peşə, kommersiya, bank və s. sirr təşkil
edən məlumatları, habelə belə məlumatları
əks etdirən sənədləri yaymaq, satmaq,
başqasına vermək, onlardan mühafizə
xidmətləri göstərilən fiziki və ya
hüquqi şəxslərin maraqlarına zidd və ya
digər şəxslərin maraqlarına uyğun istifadə
etmək;
11.1.10. dövlət qulluğunda olmaq;
11.1.11. işlədiyi özəl
mühafizə müəssisəsi hər hansı digər
kommersiya və ya qeyri-kommersiya təşkilatına
mühafizə xidmətləri göstərirsə, həmin
kommersiya və ya qeyri-kommersiya təşkilatında
mühafizə fəaliyyəti ilə bağlı olmayan vəzifə
tutmaq;
11.1.12. fiziki şəxslərin hüquq
və azadlıqlarına qəsd edən, onların
həyatını, sağlamlığını,
şərəf və ləyaqətini, əmlakını
və qanuni mənafelərini təhlükə altına alan
hərəkətlərə yol vermək.
11.2. Özəl mühafizə
fəaliyyətini həyata keçirən
şəxslərə hüquq-mühafizə orqanları
əməkdaşlarının hüquqi statusu şamil edilmir.
Özəl mühafizə fəaliyyəti göstərən
şəxslər tərəfindən bu Qanunun 11.1-ci
maddəsində göstərilən əməllərin
törədilməsi qanunvericiliklə müəyyən
edilmiş qaydada məsuliyyətə səbəb olur.
Maddə 12.
Mühafizəçinin geyim forması və
mühafizəçi vəsiqəsi
12.1. Özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi mühafizəçiləri geyim
forması və müvafiq mühafizəçi vəsiqəsi
ilə təmin etməlidir.
12.2. Mühafizəçilərin geyim
formaları Azərbaycan Respublikasının Silahlı
Qüvvələri və başqa silahlı
birləşmələrin, prokurorluq, daxili işlər, dövlət
təhlükəsizliyi, xarici kəşfiyyat,
fövqəladə hallar, ədliyyə, vergi, gömrük
və digər dövlət orqanlarının xüsusi və
ya hərbi geyim formalarından aşkar və aydın
şəkildə seçilməlidir. Mühafizəçinin
geyim formasının və vəsiqəsinin nümunəsi müvafiq
icra hakimiyyəti orqanı ilə
razılaşdırılır.[2]
12.3. Özəl mühafizə
müəssisəsi və hüquqi şəxsin
mühafizə bölməsinin mühafizəçisinin geyim
formasının üzərində həmin
müəssisənin tam adı, fərdi qeydiyyat
nömrəsi, habelə mühafizəçinin adı və
soyadı göstərilməlidir.
Maddə 13.
Özəl mühafizə fəaliyyətinin həyata
keçirilməsində fiziki qüvvənin və ya
xüsusi vasitələrin tətbiqi şərtləri və
hüdudları
13.1. Özəl mühafizə
fəaliyyətini həyata keçirərkən
mühafizəçilərə yalnız mühafizə olunan
obyektlərin hüdudlarında bu Qanunla və Azərbaycan
Respublikasının digər normativ hüquqi aktları ilə
nəzərdə tutulmuş hallarda və qaydada fiziki
qüvvənin, habelə özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən xidməti
istifadə üçün verilmiş xüsusi
vasitələrin tətbiqinə icazə verilir.
13.2. Bu Qanunun tələblərinə
uyğun olaraq fiziki qüvvənin və ya xüsusi
vasitələrin tətbiqi yaranmış
təhlükəyə mütənasib olmalıdır.
13.3. Mühafizəçi fiziki
qüvvə və ya xüsusi vasitə tətbiq
edərkən aşağıdakı şərtlərə
riayət etməlidir:
13.3.1. insana qarşı fiziki
qüvvə və ya xüsusi vasitələr yalnız son
zərurət və ya zəruri müdafiə
vəziyyətində, bütün digər təsir imkanlarından
istifadə lazımi nəticə vermədikdə, hüquq
pozuntusunun xarakterindən və ictimai təhlükəlilik
dərəcəsindən və ya onu törədənin
şəxsiyyətindən asılı olaraq tətbiq
edilməlidir;
13.3.2. öz xidməti
vəzifələrini icra etməsi və fiziki qüvvə
və ya xüsusi vasitə tətbiq etmək niyyəti
barədə buraxılış və obyektdaxili rejim
qaydalarını pozan şəxslərə
xəbərdarlıq etməlidir;
13.3.3. hüquq pozuntusunun xarakterindən
və ictimai təhlükəlilik dərəcəsindən,
eləcə də ona göstərilən müqavimətin
dərəcəsindən asılı olaraq vurulan
zərərin minimal olmasına cəhd etməlidir;
13.3.4. bədən xəsarəti alan
şəxslərə ilkin tibbi yardımın
göstərilməsini təmin etməlidir;
13.3.5. fiziki qüvvə və ya
xüsusi vasitənin tətbiq edildiyi hər bir halda bu
barədə dərhal müvafiq icra hakimiyyəti orqanına
və prokurorluq orqanlarına məlumat verməli və
özəl mühafizə müəssisəsinin və ya
hüquqi şəxsin mühafizə bölməsinin
rəhbərinə ətraflı yazılı məlumat
hazırlamalıdır.
13.4. Mühafizə olunan obyektə qrup
halında və ya silah işlətməklə basqın
edildiyi, o cümlədən silahlı müqavimət
göstərildiyi hallar istisna olmaqla qadınlara,
azyaşlılara, yanında azyaşlı uşaqlar olan,
əlilliyi, o
cümlədən sağlamlıq imkanlarının
məhdudluğu, yaxud digər fiziki və ya psixi pozuntuları
aşkar bilinən şəxslərə, habelə
insanların toplaşdığı və ya kənar
şəxslərin zərər çəkə
biləcəyi yerlərdə fiziki qüvvənin və ya
xüsusi vasitələrin tətbiqi qadağandır. [3]
13.5. Fiziki qüvvənin və ya
xüsusi vasitələrin tətbiq edildiyi hər bir hal
barədə mühafizəçi tərəfindən
təqdim olunmuş məlumat əsasında özəl
mühafizə müəssisəsinin və ya hüquqi
şəxsin mühafizə bölməsinin rəhbəri
xidməti yoxlama aparmalı və fiziki qüvvə və ya
xüsusi vasitənin tətbiqinin qanunauyğun olub-olmaması
barədə müvafiq rəy hazırlamalıdır. Fiziki
qüvvə və ya xüsusi vasitənin tətbiqinin
qanunauyğun olub-olmaması barədə müvafiq rəy
özəl mühafizə müəssisəsinin və ya
hüquqi şəxsin mühafizə bölməsinin
rəhbəri tərəfindən 3 gün
müddətində müvafiq icra hakimiyyəti orqanına
və prokurorluq orqanlarına təqdim olunur.
13.6. Mühafizəçinin öz
səlahiyyətlərini, zəruri müdafiə və ya son
zərurət hədlərini, habelə cinayət (inzibati
xəta) törətmiş şəxsin tutulması
üçün zəruri olan tədbirlərin həddini
aşaraq fiziki qüvvə və ya xüsusi vasitə
tətbiq etməsi qanunvericiliyə müvafiq olaraq cinayət,
inzibati, mülki-hüquqi və intizam məsuliyyətinə
səbəb olur.
13.7. Özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən xüsusi
vasitələr onların mühafizəsini,
təhlükəsizliyini təmin edən və kənar
şəxslər tərəfindən ələ
keçirilməsini istisna edən şəraitdə
qanunvericiliklə müəyyən edilmiş qaydada
saxlanılmalıdır.
Maddə 14.
Özəl mühafizə fəaliyyətində fiziki
qüvvənin tətbiqi
Mühafizə olunan obyektlərə qəsd edən
cinayət əməlləri və ya inzibati xətaların
qarşısını almaq, bu əməlləri
törədən şəxsləri saxlamaq, eləcə
də öz qanuni tələblərinə müqaviməti
aradan qaldırmaq üçün mühafizəçi ona
həvalə olunmuş vəzifələrin icrasını
başqa üsullarla təmin edə bilmədikdə fiziki
qüvvə tətbiq edə bilər.
Maddə 15.
Özəl mühafizə fəaliyyətində xüsusi
vasitələrin tətbiqi
15.1. Xüsusi vasitələr
özəl mühafizə müəssisəsi və ya
hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən yalnız müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilmiş xüsusi vasitənin
əldə olunması, saxlanılması və ondan
təyinatı üzrə istifadə edilməsi hüququnu
təsdiq edən şəhadətnaməyə əsasən
əldə oluna, saxlanıla və təyinatı üzrə
istifadə edilməsi üçün
mühafizəçilərə verilə bilər.
15.2. Özəl mühafizə
müəssisələri və ya hüquqi
şəxslərin mühafizə bölmələri
tərəfindən əldə oluna, saxlanıla və
təyinatı üzrə istifadə edilə bilən
xüsusi vasitələrin siyahısı, habelə xüsusi
vasitənin özəl mühafizə müəssisəsi
və ya hüquqi şəxsin mühafizə bölməsi
tərəfindən əldə olunması, saxlanılması
və ondan təyinatı üzrə istifadə edilməsi
üçün mühafizəçilərə verilməsi
qaydaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən olunur.
15.3. Mühafizəçi tərəfindən
xüsusi vasitə yalnız aşağıdakı hallarda
tətbiq oluna bilər:
15.3.1. mühafizəçilərin
həyat və sağlamlığına real təhlükə
törədən basqınları dəf etdikdə;
15.3.2. mühafizə olunan obyektə
və ya mühafizəçilərə bir qrup şəxs
tərəfindən və ya silah, yaxud silah qismində
istifadə edilən əşyalar tətbiq edilməklə
törədilən hücumun qarşısını
alarkən, belə hücumun qarşısını digər
üsullarla almaq mümkün olmadıqda;
15.3.3. fiziki şəxsin həyat və
sağlamlığı və ya mülkiyyət
əleyhinə cinayət törədən zaman yaxalanan şəxslər
qaçmağa cəhd göstərdikdə və ya
silahlı müqavimət göstərəcəyini ehtimal
etmək üçün kifayət qədər əsas olduqda
həmin şəxslər saxlanılarkən, digər
vasitələrlə onların saxlanılması mümkün
olmadıqda;
15.3.4. saxlanılan şəxslər
mühafizəçinin xidməti otağına və ya
hüquq-mühafizə orqanına gətirilərkən
müqavimət göstərdikdə;
15.3.5. mühafizəçinin qanuni
tələblərini yerinə yetirməyən nəqliyyat
vasitəsinin sürücüsünün mühafizə olunan
obyektdə saxlanılması zəruri olduqda;
15.3.6. mühafizəçinin xüsusi
vasitələrini ələ keçirmək cəhdinin
qarşısını aldıqda.
Maddə 16.
Özəl mühafizə fəaliyyətində texniki
vasitələrdən istifadə edilməsi
16.1. Özəl mühafizə
fəaliyyətini həyata keçirərkən texniki və
digər vasitələrdən istifadə insanların hüquq
və azadlıqlarını pozmamalı, onların həyat
və sağlamlığına, habelə ətraf
mühitə zərər vurmamalıdır.
16.2. Mühafizə olunan
obyektlərdə texniki vasitələrdən istifadə
mühafizə olunan obyektlərin
mülkiyyətçilərinin və ya hüquqi
şəxsin müvafiq vəzifəli şəxslərinin
yazılı razılığı ilə həyata
keçirilir.
16.3. Özəl mühafizə
fəaliyyətini həyata keçirərkən gizli qaydada
informasiya alınması üçün nəzərdə
tutulmuş, bu məqsədlə uyğunlaşdırılmış
və ya proqramlaşdırılmış texniki
vasitələrdən istifadə olunması qadağandır.
Maddə 17.
Özəl mühafizə fəaliyyətinin həyata
keçirilməsi üçün xüsusi razılıq
(lisenziya)
17.1. Özəl mühafizə
fəaliyyətinin həyata keçirilməsi
üçün xüsusi razılıq (lisenziya) bu Qanun
və Azərbaycan Respublikasının digər normativ
hüquqi aktları əsasında müvafiq icra hakimiyyəti
orqanı tərəfindən verilir.
17.2. Xüsusi razılıq (lisenziya)
olmadan özəl mühafizə fəaliyyətinin həyata
keçirilməsi Azərbaycan Respublikasının İnzibati
Xətalar və Cinayət məcəllələri ilə
müəyyən edilmiş qaydada məsuliyyətə
səbəb olur.[4]
17.3. Azərbaycan Respublikasının
ərazisində xarici hüquqi şəxslər və ya
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxslər tərəfindən təsis edilmiş
hüquqi şəxslər, o cümlədən birbaşa
və ya dolayı yolla xarici kapitalın iştirakı ilə
yaradılmış hüquqi şəxslər, habelə
əcnəbi və ya vətəndaşlığı olmayan
şəxslər özəl mühafizə
müəssisəsi yarada, özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsinə rəhbərlik edə,
mühafizəçi qismində fəaliyyət
göstərə bilməz.
17.4. Bu Qanunun 17.3-cü maddəsində
göstərilən hüquqi şəxslər öz
mühafizəsini təmin etmək məqsədilə
mühafizə bölməsi yarada bilər.
17.5. Özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsinin mühafizəçilərinin
ümumi say həddi müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq olunur.
17.6. Özəl mühafizə
fəaliyyətində bu Qanunun və Azərbaycan
Respublikasının digər qanunvericilik aktlarının
müddəalarının pozulması özəl
mühafizə fəaliyyətinin həyata keçirilməsi
üçün verilmiş xüsusi razılığın
(lisenziyanın) fəaliyyətinin dayandırılması
və ya ləğv edilməsinə əsasdır.
Maddə 18.
Özəl mühafizə fəaliyyəti göstərən
şəxslərin sosial və hüquqi müdafiəsi
Əmək funksiyalarının
icrası ilə əlaqədar mühafizəçilərin
bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından sığortası
“İstehsalatda bədbəxt hadisələr və peşə
xəstəlikləri nəticəsində peşə əmək
qabiliyyətinin itirilməsi hallarından icbari sığorta
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun
olaraq icbari qaydada həyata keçirilir.[5]
Maddə 19.
Özəl mühafizə müəssisəsinin dövlət
orqanları ilə qarşılıqlı əlaqələri
19.1. Özəl mühafizə
müəssisələri və hüquqi şəxslərin
mühafizə bölmələri ictimai
təhlükəsizliyin və ictimai qaydanın qorunması,
milli təhlükəsizliyin təmin edilməsi,
mülkiyyətin mühafizəsi və digər
sahələrdə dövlət orqanları ilə
əməkdaşlıq edirlər.
19.2. Özəl mühafizə
müəssisələri və hüquqi şəxslərin
mühafizə bölmələrinin dövlət orqanları
ilə qarşılıqlı əlaqələri və
fəaliyyətlərinin koordinasiyası onların arasında
bağlanmış müqavilə əsasında
qarşılıqlı məlumat mübadiləsi, birgə
və ya razılaşdırılmış tədbirlər
formasında həyata keçirilə bilər.
Maddə 20.
Özəl mühafizə fəaliyyətinə nəzarət
20.1. Azərbaycan Respublikasının
ərazisində özəl mühafizə
fəaliyyətinə, eləcə də bu fəaliyyət
çərçivəsində xüsusi vasitələrin
dövriyyəsinə nəzarət bu Qanunla və “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı
tərəfindən həyata keçirilir.[6]
20.2. Özəl mühafizə
müəssisələri və hüquqi şəxslərin
mühafizə bölmələri özəl mühafizə
fəaliyyətinə nəzarəti həyata keçirən
müvafiq icra hakimiyyəti orqanının verdiyi yazılı
sorğulara əsasən müvafiq sənədləri,
yazılı və şifahi məlumatları həmin orqana
təqdim etməlidirlər.
20.3. Bu Qanunun 10.2.1 və 13.5-ci
maddələrində nəzərdə tutulmuş
məlumatlar, rəylər və digər zəruri
sənədlər özəl mühafizə
müəssisəsi və ya hüquqi şəxsin
mühafizə bölməsi tərəfindən müvafiq
icra hakimiyyəti orqanı ilə
razılaşdırılmış qaydada
sənədləşdirilməli və 3 il ərzində
saxlanılmalıdır.
Maddə 21.
Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunun tələblərinin pozulmasına görə
fiziki və hüquqi şəxslər Azərbaycan
Respublikasının Mülki,
İnzibati Xətalar və Cinayət
məcəllələrində nəzərdə tutulmuş
hallarda məsuliyyət
daşıyırlar. [7]
İlham Əliyev,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 10 aprel 2007-ci il
¹ 266-IIIQ
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
[1] 7 aprel 2017-ci il tarixli 557-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, ¹ 107, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 688) ilə 11.1.3-cü
maddəsində “milli təhlükəsizlik,”
sözləri “dövlət
təhlükəsizliyi, xarici kəşfiyyat,”
sözləri ilə əvəz edilmişdir.
[2] 7 aprel 2017-ci il tarixli 557-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu
(“Azərbaycan” qəzeti, 20 may 2017-ci il, ¹ 107, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹
5, maddə 688) ilə 12.2-ci
maddəsində “milli
təhlükəsizlik,” sözləri “dövlət təhlükəsizliyi, xarici
kəşfiyyat,” sözləri ilə əvəz
edilmişdir.
[3]
13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 13.4-cü
maddəsində “əlilliyi”
sözündən sonra “,
sağlamlıq imkanlarının məhdudluğu”
sözləri əlavə edilmişdir.
19 may 2020-ci il tarixli 112-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 13.4-cü
maddəsində “sağlamlıq”
sözündən əvvəl “o
cümlədən” sözləri əlavə edilmişdir
və həmin maddədə “qüsurları”
sözü “pozuntuları”
sözü ilə əvəz edilmişdir.
[4] 17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1178) ilə 17.2-ci maddədə “qanunvericiliyi” sözü “İnzibati Xətalar və Cinayət
məcəllələri” sözləri ilə əvəz
edilmişdir.
[5] 4 aprel
2014-cü il tarixli 928-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 aprel
2014-cü il, ¹ 86, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 04, maddə 334) ilə 18-ci maddənin mətni yeni
redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
Mühafizəçilərin xidməti
vəzifələrinin icrası zamanı həlak olması,
bədən xəsarəti alması,
sağlamlığına digər zərərin dəyməsi
halları işəgötürənin vəsaiti hesabına
icbari sığorta olunmalıdır.
[6] 17 may 2019-cu il tarixli 1592-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1178) ilə 20.1-ci maddədə “qanunvericiliklə” sözü “bu Qanunla və “Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə” sözləri ilə
əvəz edilmişdir.
[7]
4 aprel
2014-cü il tarixli 928-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 aprel
2014-cü il, ¹ 86, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2014-cü il, ¹ 04, maddə 334) ilə 21-ci maddədə “qanunvericiliyi ilə
nəzərdə tutulmuş qaydada” sözləri “Mülki, İnzibati Xətalar
və Cinayət məcəllələrində
nəzərdə tutulmuş hallarda” sözləri ilə
əvəz edilmişdir.