Azərbaycanda
kitabxanaların fəaliyyətinin
yaxşılaşdırılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan
kitabxanaları Azərbaycan xalqının milli
sərvətidir. Xalqımızın yaratdığı
qiymətli tarixi-mədəni, ədəbi-bədii və
elmi-fəlsəfi irsin toplanıb saxlanmasında,
bəşər mədəniyyətinin qazandığı
nailiyyətlərin nəsildən-nəslə
çatdırılmasında və cəmiyyətimizin
intellektual-mənəvi potensialının
artırılmasında kitabxanalarımız əvəzsiz rol
oynayır.
Ölkəmiz
qədim dövrlərdən başlayaraq öz yüksək
kitab mədəniyyəti ilə seçilmiş və
zəngin kitabxanaları ilə tanınmışdır.
Azərbaycanın müxtəlif kitabxanalarında saxlanılan
və xalqımızın ədəbi-estetik,
elmi-mədəni fikir dünyasını əks etdirən
çox sayda əlyazma XIX əsrin əvvəllərindən
regionda cərəyan edən hadisələr
nəticəsində ölkə xaricinə
aparılmış və bu gün də dünya
kitabxanalarında Şərq fondlarının
əsasını təşkil edərək mühafizə
olunur.
XIX
əsrdə Azərbaycanda maarifçilik
hərəkatının güclənməsi, neft
sənayesinin görünməmiş yüksəlişi
və ictimai-siyasi həyatda baş verən dəyişikliklər
ölkəmizin elm-mədəniyyət mərkəzi kimi
tanınan şəhərlərində kitabxanalar
şəbəkəsinin yaradılması və
genişləndirilməsinə gətirib
çıxarmışdır.
XX
əsrdə milli kitabxana mədəniyyəti tarixinin yaddaqalan
hadisələri baş vermiş və respublikanın ən
böyük kitab xəzinələri yaradılmış,
bütün bölgələri əhatə edən geniş
kitabxanalar şəbəkəsi qurulmuş və mərkəzləşdirilmiş,
kitabxanaların maddi-texniki bazası
möhkəmləndirilmiş və Kitab Palatası
təşkil edilmişdir.
Ermənistan
– Azərbaycan Dağlıq Qarabağ münaqişəsi
nəticəsində erməni silahlı dəstələri
işğala məruz qoyduqları ərazilərimizdə
vandalizm aktı törətmiş, illərlə fondlarında
4 milyondan artıq kitabın mühafizə olunduğu
1000-ə yaxın kitabxananı və kitabxana
filiallarını birləşdirən
mərkəzləşdirilmiş kitabxana sistemlərini
bütünlüklə dağıtmışlar.
Bu
gün geniş kitabxana-informasiya şəbəkəsinə
malik Azərbaycanda 12 mindən çox müxtəlif tipli
kitabxana mövcuddur. 1996-cı ildə Azərbaycan
hökuməti "Azərbaycan Respublikasında kitabxana
işinin vəziyyəti və onu yaxşılaşdırmaq
tədbirləri haqqında" qərar qəbul etmişdir.
1999-cu ildə "Kitabxana işi haqqında" Azərbaycan
Respublikasının Qanunu qüvvəyə minmişdir.
Azərbaycan
Respublikası Prezidentinin "Azərbaycan dilində latın
qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında" 2004-cü il 12 yanvar və "2005-2006-cı
illərdə Azərbaycan dilində latın qrafikası
ilə çapı nəzərdə tutulan
əsərlərin siyahısının təsdiq edilməsi
haqqında" 2004-cü il 27 dekabr tarixli
sərəncamlarına əsasən, son üç il
ərzində ümumi sayı doqquz milyona yaxın
ədəbiyyat nəşr olunmuş və ölkə
kitabxanalarına hədiyyə edilmişdir. Yeni
nəşrlər kitabxana fondlarını və onlardan
istifadə imkanlarını xeyli genişləndirməklə
yanaşı, həmin kitabların yerləşdirilməsi
baxımından çətinliklər yaratmışdır.
Müasir
Azərbaycan cəmiyyətinin informasiya təminatının
həyata keçirilməsində ölkə
kitabxanalarının tutduğu mühüm yer
mədəniyyətin bu sahəsində informasiya
cəmiyyətinin tələblərinə uyğun olaraq
müasir texnologiyaların tətbiqini zəruri edir.
Kitabxanaların
fəaliyyətinin yaxşılaşdırılmasının
ölkəmizin ictimai-mənəvi həyatının daha da
canlanmasına təsiri baxımından böyük
əhəmiyyətini və Azərbaycanın informasiya
cəmiyyətinə doğru əhatəli inkişaf
perspektivlərini nəzərə alaraq, elmi-mədəni
sərvətlərdən hərtərəfli istifadə
imkanlarının genişləndirilməsi və eləcə
də Azərbaycan kitabxanalarının dünya informasiya
məkanına daxil olmasının təmin edilməsi
məqsədilə qərara alıram:
1.
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə
birlikdə:[1]
1.1.
Azərbaycan Milli Kitabxanasının
modernləşdirilməsi, müasir informasiya texnologiyaları
ilə təmin edilməsi və maddi-texniki bazasının
möhkəmləndirilməsi ilə bağlı
tədbirlər planı hazırlayıb iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2.
yerli icra hakimiyyəti orqanlarının təkliflərini
nəzərə alaraq Azərbaycanın regionlarında
fəaliyyət göstərən kitabxanaların
təmirinə, maddi-texniki bazasının
möhkəmləndirilməsinə və müasir informasiya
daşıyıcılarına ehtiyacının
ödənilməsinə dair xüsusi tədbirlər
planını hazırlayıb iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3.
ölkənin iri kitabxanalarının elektron kataloqu və
elektron kitabxanasının müasir standartlar
səviyyəsinə qaldırılması və onun
bazasında "Azərbaycan ədəbiyyatının virtual
kitabxanası"nın oxucuların tam istifadəsinə
verilməsini təmin etsin.
2.
Azərbaycan Respublikasının Mədəniyyət və
Turizm Nazirliyi müvafiq qurumlarla birlikdə "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü
illərdə inkişafı üzrə Dövlət
Proqramı"nı hazırlayıb üç ay
müddətində Azərbaycan Respublikasının
Nazirlər Kabinetinə təqdim etsin.
3.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
məktəb kitabxanalarının maddi-texniki bazasının
möhkəmləndirilməsinə və müasir informasiya
texnologiyaları ilə təchizatına dair tədbirlər
planını hazırlayıb iki ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
4.
Azərbaycan Milli Elmlər Akademiyası "Akademiya
şəhərciyi"nin ərazisində Azərbaycan Milli
Elmlər Akademiyasının Mərkəzi Kitabxanası
üçün yeni binanın tikilməsi ilə bağlı
təkliflərini bir ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
5.
Azərbaycan Respublikasının Nazirlər Kabineti bu
Sərəncamdan irəli gələn məsələləri
həll etsin.
6.
Bu Sərəncam imzalandığı gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 20 aprel
2007-ci il
¹ 2106
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09, maddə 1027)
SƏRƏNCAMA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli
Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09,
maddə 1027) ilə 1-ci hissədə “İnformasiya Texnologiyaları”
sözləri “Yüksək
Texnologiyalar” sözləri ilə əvəz edilmişdir.
7 avqust 2017-ci il tarixli 1574
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə
1521) ilə 1-ci hissəyə “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü
əlavə edilmişdir.