“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” 7.3.10-7.3.12-ci bəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları” təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A.RASİZADƏ

 

Bakı şəhəri, 12 iyun 2006-cı il

     ¹ 143

 

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2006-cı il 12 iyun tarixli 143 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Elektron sağlamlıq kartı” sisteminin tətbiqi

 

QAYDALARI

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 21 oktyabr tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005- 2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” 7.3.10- 7.3.12-ci bəndlərinə əsasən hazırlanmışdır və “Elektron sağlamlıq kartı” (bundan sonra - sağlamlıq kartı) sisteminin və tibbi elektron registrlərin yaradılması qaydalarını müəyyən edir.

1.2. Sağlamlıq kartı sisteminin tətbiqi müvafiq elektron registrlərin hazırlanması vasitəsilə vətəndaşların sağlamlığı vəziyyətinə nəzarət sisteminin təkmilləşdirilməsini və operativ şəkildə şəxslərin sağlamlığı barədə məlumat bankının yaradılmasını təmin edir.

1.3. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan sağlamlıq kartı sistemi şəxsi, tibbi və sığorta məlumatlarını özündə saxlayan elektron informasiya sistemidir.

1.4. Sağlamlıq kartı sisteminə daxil edilmiş informasiya Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində cəmləşdirilir.

1.5. Kartda olan informasiya təcili tibbi yardım maşınlarında, xəstəxanaların qeydiyyat şöbələrində, laboratoriyalarda, apteklərdə və s. kompüterlərə qoşulmuş xüsusi qurğular vasitəsilə oxunur və dəyişdirilir.

1.6. Sağlamlıq kartı sistemində olan məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman preparatları, peyvəndlər, tibbi sığorta və s.) kart sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır.

 

2. SAĞLAMLIQ KARTI SİSTEMİNİN STRUKTURU

 

2.1. Sağlamlıq kartı sistemi Mərkəzi İnformasiya Bazasının və müvafiq tibb müəssisələrinin proqram təminatlarından, müəssisənin personal kompüterinə qoşulmuş xüsusi oxuyucu qurğulardan və mikroprosessorlu çip ilə təchiz edilmiş, saxtalaşdırılması mümkün olmayan elektron kartlardan ibarətdir.

2.2. Tibb müəssisəsinin rəhbəri tərəfindən sağlamlıq kartı sisteminin proqramı ilə işləmək hüququ verilən əməkdaş proqrama daxil olaraq, kart sahibinin kartında əməliyyatlar aparır. Aparılmış əməliyyatlar haqqında məlumat proqramda qeyd olunur.

2.3. Gün ərzində aparılan əməliyyatlar elektron şəkildə İnformasiya Mərkəzinə göndərilir.

 

3. SAĞLAMLIQ KARTI SİSTEMİNİN REGİSTRİNİN YARADILMASI VƏ APARILMASI

 

3.1. Vətəndaşların sağlamlıq vəziyyətinin qeydiyyatının aparılması məqsədilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnformasiya Mərkəzində sağlamlıq kartı sisteminin elektron registri bankı yaradılır.

3.2. Registrə və sağlamlıq kartına aşağıdakı məlumatlar daxil edilir:

- şəxs haqqında;

- tibb müəssisəsi haqqında;

- immunlaşdırma haqqında;

- qanunvericiliklə müəyyən olunmuş digər tibbi məlumatlar.

3.3. Resept şəxslərin elektron sağlamlıq kartına onun FİN-i vasitəsilə inteqrasiya olunur.[1]

 

4. SAĞLAMLIQ KARTLARININ HAZIRLANMASI VƏ ONLARIN VERİLMƏ QAYDALARI

 

4.1. Sağlamlıq kartları Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyənləşdirilmiş, xüsusi avadanlıqlarla təmin olunmuş müəssisələr tərəfindən hazırlanır və fiziki şəxslərə verilməsi üçün tibb müəssisələrinə paylanılır.

4.2. Sağlamlıq kartı sistemi tibb müəssisələri tərəfindən təqdim edilmiş məlumatlar əsasında tərtib edilir.

4.3. Müayinə nəticələrini tibb müəssisəsi yerində yeniləşdirə bilmədiyi təqdirdə, bu dəyişiklik İnformasiya Mərkəzinə göndərilir və kart sahibinin kartına tibb müəssisəsi tərəfindən sonradan daxil edilir.

4.4. Sağlamlıq kartını itirən və ya kartı zədələnmiş şəxslər üçün yeni kart hazırlanır və İnformasiya Mərkəzində saxlanılan informasiya yeni kartın yaddaşına yazılır. İtirilmiş və ya zədələnmiş kartlar istifadəsi qadağan olunmuş kartlar siyahısına daxil edilərək, İnformasiya Mərkəzinə göndərilir və bloklanır.

 

5. SAĞLAMLIQ KARTININ SAHİBİ HAQQINDA İNFORMASİYANIN ƏLDƏ EDİLMƏSİ VƏ ONUN MƏXFİLİYİ

 

5.1. Sağlamlıq kartının sahibi haqqında informasiyanın əldə edilməsi və dəyişikliklərin aparılması məqsədilə sistemə yalnız tibb müəssisəsinin rəhbərliyi tərəfindən müvafiq icazəsi olan şəxslər daxil ola bilərlər.

5.1-1. Elektron sağlamlıq kartında olan pasport və şəxsiyyət vəsiqələrinin doldurulmasına aid məlumatlar “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sisteminə daxil edilir.[2]

5.1-2. 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının elektron sağlamlıq kartı üzrə məlumatları onun fərdi identifikasiya kartının elektron daşıyıcısında (çipdə) yerləşdirilməsi üçün Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə ötürülür.[3]

5.1-3. Lisenziyanın və icazənin, onun dublikatının və əlavəsinin verilməsinin, lisenziyanın və icazənin yenidən rəsmiləşdirilməsinin, dayandırılmasının, bərpasının və ya ləğvinin “Lisenziyalar və icazələr” portalı vasitəsilə həyata keçirilməsini təmin etmək üçün avtomobil sürücüsünün sonuncu tibbi müayinədən keçməsi tarixi və sağlamlıq vəziyyəti barədə məlumatlar Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə “Lisenziyalar və icazələr” portalına ötürülür.[4]

5.2. Qanunla müəyyənləşdirilmiş konfidensial məlumatların yayılması qadağandır.

 

6. SAĞLAMLIQ KARTI SİSTEMİNİN TƏCHİZATI VƏ MALİYYƏLƏŞDİRİLMƏSİ

 

6.1. Sağlamlıq kartı sisteminin fəaliyyəti üçün tibb müəssisələri avadanlıqla və digər ləvazimatlarla təchiz olunurlar.

6.2. Sağlamlıq kartı sisteminin tətbiqi üçün tələb olunan xərclər müvafiq illər üzrə dövlət büdcəsinin “səhiyyə” bölməsinin mərkəzləşdirilmiş xərclərində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçirilir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       1 iyul 2008-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə 672)

2.       22 fevral 2016-cı il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 2, maddə 390)

3.       17 sentyabr 2018-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2018-ci il, ¹ 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 9, maddə 1925)

4.       28 aprel 2022-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2022-ci il, ¹ 91,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 4, maddə 423)

5.       25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, ¹ 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 9, maddə 1106)

6.       27 oktyabr 2026-cı il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 3 noyabr 2026-cı il, ¹ 202)

 

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 25 sentyabr 2024-cü il tarixli 443 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 sentyabr 2024-cü il, “Azərbaycan” qəzeti, 29 sentyabr 2024-cü il, ¹ 213, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024-cü il, ¹ 9, maddə 1106) ilə “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”na yeni məzmunda 3.3-cü bənd əlavə edilmişdir.

 

[2] 1 iyul 2008-ci il tarixli 150 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 7, maddə 672) ilə “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”na 5.1-1-ci bənd əlavə edilmişdir.

 

[3] 22 fevral 2016-cı il tarixli 78 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 2, maddə 390) ilə “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”na yeni məzmunda 5.1-2-ci bənd əlavə edilmişdir.

 

28 aprel 2022-ci il tarixli 177 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2022-ci il, ¹ 91,Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 4, maddə 423) ilə “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın 5.1-2-ci bəndi ləğv edilmişdir.

 

[4] 17 sentyabr 2018-ci il tarixli 397 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 sentyabr 2018-ci il, ¹ 208, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 9, maddə 1925) ilə “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”na yeni məzmunda 5.1-3-cü bənd əlavə edilmişdir.

27 oktyabr 2026-cı il tarixli 361 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 oktyabr 2026-cı il, “Azərbaycan” qəzeti, 3 noyabr 2026-cı il, ¹ 202) ilə “Elektron sağlamlıq kartı” sisteminin tətbiqi Qaydaları”nın 5.1-3-cü bəndində “Elektron hökumət” portalı vasitəsilə” sözləri “Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə” sözləri ilə əvəz edilmişdir.