AZƏRBAYCAN RESPUBLİKASI ƏDLİYYƏ NAZİRLİYİNDƏ QEYDİYYATA ALINMIŞDIR 05 02 1999-cu il QEYDİYYAT № 142 NAZİR S.HƏSƏNOVA |
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN 26 yanvar 1999-cu il tarixli 59 nömrəli əmri ilə TƏSDİQ EDİLMİŞDİR. Nazir M.MƏRDANOV. |
Təhsil, təlim -
tərbiyə müəssisələrinin rəhbər, inzibati -
təsərrüfat, tədris - köməkçi və digər işçilərinin
tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə
dərs yükü (pedaqoji iş) aparmaları haqqında
NORMALAR
1. Ümumi müddəalar.
Təhsil, təlim-tərbiyə müəssisələrinin
rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi
və digər işçiləri tutduqları vəzifə ilə
yanaşı öz ixtisaslarına uyğun olaraq işlədikləri
müəssisələrdə və ya əsas iş vaxtı
istisna olmaqla başqa təlim-tərbiyə
müəssisələrində müvafiq qaydada əvəzçilik,
əvəzetmə (müvəqqəti əvəzetmə),
saathesabı dərs yükü (pedaqoji iş) apara bilərlər.
Normalar üzrə dərs ilinin əvvəlində
tarifləşmə siyahısına daxil edilməklə
təhsil, təlim-tərbiyə müəssisəsinin yuxarıda
göstərilən işçiləri tərəfindən tədris
edilən dərslərin əmək haqqı ştatda olan
müəllimlər üçün mövcud olan qaydalara uyğun ödənilir.
Əsas iş yerində saathesabı tədris
edilən dərslərin hər saatının dəyəri
dərsi tədris edən şəxsin təhsili və pedaqoji
stajı əsasında müəyyənləşdirilən aylıq
əmək haqqı stavkasına uyğun hesablanıb
ödənilir.
Başqa təlim-tərbiyə
müəssisələrində saathesabı tədris edilən
dərslərin saatının dəyəri isə müvafiq
qaydada təsdiq olunmuş saathesabı əməyin
ödənilməsi məbləğləri əsasında verilir.
2. Məktəbəqədər müəssisələr
və uşaq evləri üzrə.
Bütün tipdən olan məktəbəqədər
müəssisələrin və uşaq evlərinin müdirləri
(direktorları) onların təlim-tərbiyə üzrə
müavinləri tutduqları vəzifə üzrə tam maaş
almaqla yanaşı işlədikləri müəssisədə
əvəzçilik qaydası ilə aylıq iş vaxtı
normasının yarısından çox olmamaqla pedaqoji iş
(tərbiyəçi, xüsusi hazırlığı olarsa musiqi
rəhbəri) apara bilərlər. Bundan əlavə xüsusi
hazırlığı olan müdirlər işlədikləri
müəssisədə xəstəliyə və digər
başqa səbəblərə görə işə çıxmayan
müəllim-loqopedi, müəllim-defektoloqu yarım stavkadan çox
olmamaq şərti ilə əvəz edə bilərlər.
Məktəbəqədər
müəssisələrin, uşaq evlərinin müdirləri
(direktorları) tabe olduqları yuxarı təşkilatın
razılığı ilə yaxınlıqda olan təhsil
müəssisələrində ixtisasları üzrə həftədə
6 saata (ildə 240 saata) qədər saathesabı dərs apara
bilərlər.
3. Bütün tipdən olan ümumtəhsil
məktəbləri, litseylər, gimnaziyalar, peşə
məktəbləri və peşə litseyləri üzrə
Bütün tipdən olan ümumtəhsil
məktəblərinin (internat məktəbləri daxil
olmaqla), litseylərin, gimnaziyaların, peşə
məktəbi və peşə litseylərinin direktorları,
onların müavinləri əsas iş üzrə müvafiq qaydalar
əsasında tam vəzifə maaşı almaqla
yanaşı, işlədikləri təhsil
müəssisələrində ixtisaslarına uyğun olaraq
dərs ilinin əvvəlində tarifləşmə
siyahısına salınmaqla həftədə 12 saata (ildə
480 saata) qədər dərs apara bilərlər, bundan
əlavə müvafiq ixtisas fənni üzrə müəllim
çatışmadıqda və ya digər zəruri ehtiyac
yarandığı hallarda təhsil müəssisəsinin tabe
olduğu yuxarı təşkilatın razılığı
əsasında əmək haqqı saathesabı
ödənilməklə həftədə 6 saata (tədris ili
ərzində 240 saata ) qədər də dərs apara
bilərlər.
Ümumtəhsil məktəblərinin, litseylərin,
gimnaziyaların, peşə məktəbləri və
peşə litseylərinin rəhbər işçilərindən
0,5 ştat vəzifə maaşı alanları
işlədikləri təhsil müəssisələrində
ixtisasları üzrə taarifləşmə siyahısına
salınmaqla həftədə 18 saata (ildə 720 saata)
qədər dərs apara bilərlər. Bundan əlavə
müvafiq ixtisas fənni üzrə müəllim çatışmadıqda
və ya digər zəruri ehtiyac yarandığı hallarda
təhsil müəssisəsinin tabe olduğu yuxarı
təşkilatın razılığı əsasında
əmək haqqı saat hesabı ödənilməklə
həftədə 6 saata(tədris ili ərzində 240 saata)
qədər də dərs apara bilərlər.
Tam vəzifə maaşı alan ümumtəhsil
məktəblərinin, litsey və gimnaziyaların,
peşə məktəbi və peşə litseylərinin
rəhbər işçiləri tabe olduqları yuxarı
təşkilatın razılığı ilə
yaxınlıqdakı təhsil müəssisəsində
həftədə 6 saata (ildə 240 saata) qədər, 0,5
vəzifə maaşı alanlar isə həftədə 12
saata (ildə 480 saata) qədər ixtisasları üzrə
dərs apara bilərlər.
Ümumtəhsil məktəblərində, litsey və
gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində
inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən
olan işçilərə, metodistlərə, psixoloqlara, uşaq
birliyi rəhbərlərinə tam vəzifə maaşı
almaqla işlədikləri təhsil müəssisələrində
ixtisasaları üzrə həftədə 12 saata (ildə 480
saata) qədər, 0,5 ştat üzrə vəzifə
maaşı alanlara isə həftədə 18 saata (ildə
720 saata) qədər dərs verilə bilər.
Həmin işçilər əsas iş
yerlərində tam vəzifə maaşı almaqla
yanaşı başqa təhsil müəssisəsində həftədə
6 saata (ildə 240 saata), 0,5 ştat üzrə vəzifə
maaşı alanlar isə həftədə 12 saata (ildə 480
saata) qədər ixtisasları üzrə dərs apara bilərlər.
Tədris edilən dərslərin əmək haqqı müvafiq
qaydalara uyğun olaraq əvəzçilik və ya saat hesabı
ödənilir.
Ümumtəhsil məktəblərində, litsey və
gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində,
hərbi rəhbərin hərbi hazırlıq üzrə
həftədə 8 saata (ildə 360 saata) qədər
tədris etdikləri dərs saatlarının əmək
haqqı onların vəzifə maaşına daxil edilir və
həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi
rəhbərlərə haqqı vəzifə maaşına
daxil olan saatlardan əlavə taarifləşmə
siyahısına salınmaqla həftədə 12 saata (ildə
480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs
yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn
üzrə (hərbi rəhbərin ixtisasından asılı
olaraq) verilə bilər. Bundan əlavə zəruri ehtiyac
yaranarsa hərbi rəhbərə əmək haqqı
saathesabı ödənilməklə həftədə 6 saata
(ildə 240 saata) qədər əlavə dərs verilə
bilər.
Hərbi rəhbərlər başqa tədris
müəssisəsində saathesabı qaydasında
həftədə 6 saata (ildə 240 saata) qədər dərs
apara bilərlər.
Peşə məktəbləri və peşə litseylərində
bədən tərbiyəsi rəhbərlərinin
həftədə 6 saat (ildə 240 saat) bədən
tərbiyəsi üzrə tədris etdikləri dərs
saatlarının əmək haqqı onların vəzifə
maaşına daxil edilir və həmin saatlar üçün əlavə
haqq ödənilmir.
Peşə məktəbləri və peşə litseylərində
bədən tərbiyəsi rəhbərlərinə haqqı
vəzifə maaşına daxil olan saatlardan əlavə taarifləşmə
siyahısına salınmaqla həftədə 12 saata (ildə
480 saata) qədər dərs yükü verilə bilər. Bu dərs
yükü bədən tərbiyəsi və ya başqa fənn
üzrə (bədən tərbiyəsi rəhbərinin
ixtisasından asılı olaraq) verilə bilər. Bundan
əlavə zəruri ehtiyac yaranarsa bədən
tərbiyəsi rəhbərinə əmək haqqı
saathesabı ödənilməklə həftədə 6 saata (ildə
240 saata) qədər dərs verilə bilər.
Bədən tərbiyəsi rəhbərləri
başqa təhsil müəssisələrində
həftədə 6 saata (ildə 240 saata) qədər dərs
apara bilərlər.
Ümumtəhsil məktəblərində, litsey,
gimnaziyalarda, peşə məktəbləri və peşə
litseylərində kənardan dərs deməyə cəlb
edilən mütəxəssislər və təhsil
müəssisəsinin özündə çalışan qeyri pedaqoji
işçilər il ərzində 120 saatdan az olmayaraq dərs
tədris edərlərsə həmin dərs saatlarının
tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
4. Məktəbdənkənar müəssisələr
üzrə
Məktəbdənkənar müəssisələrin
direktorları (müdirləri), onların müavinləri,
şöbə (bölmə) müdirləri, metodistləri və
digər mütəxəssisləri tutduqları vəzifə
üzrə tam maaş almaqla işlədikləri
müəssisədə tarifləşmə siyahısına daxil
edilməklə həftədə 12 saata (il ərzində 480
saata) qədər dərnək
məşğələləri(dərs yükü) apara
bilərlər.
Məktəbdənkənar müəssisələrin
işçilərindən 0,5 ştat üzrə vəzifə
maaşı alanlara tarifləşmə siyahısına daxil
edilməklə həftədə 18 saata (ildə 720 saata)
qədər dərnək məşğələləri
(dərs yükü) verilə bilər.
Məktəbdənkənar müəssisələrin
rəhbəri, şöbə (bölmə) müdirləri,
metodistləri və digər mütəxəssisləri əsas
iş yerində tam vəzifə maaşı almaqla başqa
təlim-tərbiyə müəssisələrində
həftədə 6 saata (ildə 240 saata) qədər dərs
(dərnək məşğələləri) apara
bilərlər. Əsas iş yerində 0,5 ştat üzrə
vəzifə maaşı olanlar isə başqa
təlim-tərbiyə müəssisələrində
həftədə 18; saata (ildə 720 saata) qədər
dərs yükü (dərnək məşğələləri)
apara bilərlər. Kənardan dərnək
məşğələləri (dərs) aparmağa cəlb
edilən mütəxəssislərin və
məktəbdənkənar müəssisələrin qeyri pedaqoji
işçiləri il ərzində 180 saatdan az olmayaraq
dərnək məşğələləri apararlarsa
həmin saatların tədris edildiyi aylar onlar üçün pedaqoji staj
sayılır.
5. Orta ixtisas məktəbləri (kollec,
texnikumlar) və onlara bərabər tutulan təhsil
müəssisələri üzrə
Orta ixtisas məktəblərinin (kollec və
texnikumların) direktorları (rəisləri), onların
müavinləri inzibati-təsərrüfat və tədris-köməkçi
tərkibdən olan işçilər, şöbə müdirləri,
metodistlər və digər mütəxəssilər ştat
üzrə tutduqları vəzifənin maaşını tam
almaqla işlədikləri təhsil müəssisəsində
tarifləşmə siyahısına salınmaqla ixtisasları
üzrə həftədə 6 saata (il ərzində 240 saata)
qədər dərs apara bilərlər. Bundan əlavə
zəruri ehtiyac yarandıqda onlara əmək haqqı
saathesabı ödənilməklə həftədə 6 saata (il
ərzində 240 saata) qədər də dərs verilə
bilər.
Orta ixtisas məktəblərinin (kollec və
texnikumların) yuxarıda göstərilən
işçilərindən tutduqları vəzifəyə görə
0,5 ştat üzrə vəzifə maaşı alanları
həmin təhsil müəssisəsində tarifləşmə
siyahısına salınmaqla 12 saata (ildə 480 saata)
qədər ixtisasları üzrə dərs apara bilərlər.
Bundan əlavə zəruri ehtiyac yarandıqda onlara
əmək haqqı saathesabı ödənilməklə
həftədə 6 saata (ildə 240 saata) qədər verilə
bilər.
Orta ixtisas məktəblərinin rəhbər,
inzibati-təsərrüfat, tədris köməkçi və digər
mütəxəssisləri əsas iş yerlərində tam
vəzifə maaşı almaqla yanaşı başqa
təhsil müəssisəsində həftədə 6 saata
(ildə 240 saata) qədər, 0,5 ştat üzrə vəzifə
maaşı alanlar isə həftədə 12 saata (ildə 240
saata) qədər dərs apara bilərlər. Rəhbər
işçilərin tam vəzifə maaşı alanları
başqa təhsil müəssəsində dərs aparmaları
üçün tabe olduğu yuxarı təşkilatın
razılığı alınmaldır. Orta ixtisas
məktəblərində hərbi rəhbərlərin
hərbi hazırlıq üzrə həftədə 8 saata
(ildə 360 saata) qədər hərbi hazırlıq üzrə
tədris etdikləri dərs saatlarının əmək
haqqı onların vəzifə maaşına daxil edilir və
həmin saatlar üçün əlavə haqq ödənilmir. Hərbi
rəhbərlərə hərbi vəzifə maaşına
daxil olan saatlardan əlavə tarifləşmə
siyahısına salınmaqla həftədə 6 saata (ildə
240 saata) qədər dərs yükü verilə bilər. Bu dərs
yükü ibtidai hərbi hazırlıq və ya başqa fənn
üzrə (hərbi rəhbərin ixtisasından asılı
olaraq) verilə bilər. Bundan əlavə hərbi
rəhbərə zəruri ehtiyac yarandıqda həmin
tədris müəssisəsində əmək haqqı
saathesabı ödənilməklə həftədə 6 saata
(ildə 249 saata) qədər də dərs verilə bilər.
Hərbi rəhbərləri başqa təhsil
müəssisələrində həftədə 6 saata (ildə
240 saata) qədər dərs apara bilərlər.
Orta ixtisas məktəblərində bədən
tərbiyəsi rəhbərinin həftədə 6 saat
(ildə 240 saat) bədən tərbiyəsi üzrə tədris
etdiyi dərslərin əmək haqqı onun vəzifə
maaşına daxil edilir və həmin saatlar üçün əlavə
haqq ödənilmir. Bədən tərbiyəsi
rəhbərinə haqqı vəzifə maaşına daxil
edilən saatlardan əlavə tarifləşmə
siyahısına salınmaqla həftədə 6 saata (ildə
240 saata) qədər bədən tərbiyəsi və ya
başqa fənn üzrə (bədən tərbiyəsi
rəhbərinin ixtisasından asılı olaraq) dərs
verilə bilər. Bundan əlavə bədən
tərbiyəsi rəhbərinə zəruri ehtiyac
yarandıqda həmin təhsil müəssisəsində
əmək haqqı saathesabı ödənilməklə
həftədə 6 saata (ildə 240 saata) qədər də dərs
verilə bilər.
Bədən tərbiyəsi rəhbərləri
başqa təhsil müəssisəsində 240 saata qədər
dərs apara bilər.
Orta ixtisas məktəblərində kənardan
dərs deməyə cəlb edilən mütəxəssislər
və orta ixtisas məktəbinin ştatda olan qeyri pedaqoji
işçiləri il ərzində 120 saatdan az olmayaraq dərs
tədris edərlərsə həmin dərs saatlarının
tədris edildiyi aylar onlar üçün pedaqoji staj sayılır.
6. Ali Təhsil Müəssisələri üzrə
Ali məktəbin rektor və prorektorları
tutduqları vəzifə üzrə tam maaş almaqla müvafiq
kafedralarda 240 saata qədər dərs apara bilərlər.
Bundan əlavə zəruri ehtiyac yarandığı hallarda
Ali məktəbin tabe olduğu Nazirliyin razılığı
ilə əmək haqqı saathesabı ödənilməklə
ildə 240 saata qədər də dərs tədris edə
bilərlər.
Ali məktəbin ştatında maaşı almaqla
işləyən inzibati-təsərrüfat, tədris köməkçi
tərkibdən olan işçilərə, şöbə (bölmə),
laboratoriya müdirlərinə, elmi işçilərə,
metodistlərə və s. il ərzində 240 saata
qədər ixtisasları üzrə dərs verilə bilər.
Bundan əlavə zəruri ehtiyac yarandıqda əmək
haqqı saathesabı ödənilməklə onlara ildə 240
saata qədər də dərs verilə bilər. Həmin
işçilər tutduqları vəzifə üzrə 0,5 ştat
vəzifə maaşı aldıqları halda onlara bir stavkaya
qədər dərs verilə bilər. Bundan əlavə
zəruri ehtiyac yarandıqda əmək haqqı saathesabı
ödənilməklə ildə 240 saata qədər də
dərs verilə bilər.
Ali məktəbin inzibati-təsərrüfat,
tədris-köməkçi və digər mütəxəssisləri
əsas iş yerində tam vəzifə maaşı almaqla
yanaşı başqa təhsil müəssisəsində 240 saata
qədər dərs apara bilərlər.
Ali məktəblərə kənardan dərs
deməyə cəlb edilən yüksək ixtisaslı
mütəxəssislərə tədris ili ərzində 480 saata
qədər dərs verilə bilər. Bunun 240 saatının
əmək haqqı saathesabı qaydasında ödənilir.
Ali təhsil müəssisələrində kənardan
dərs deməyə cəlb edilən mütəxəssislər
və ali məktəbin qeyri pedaqoji işçiləri il
ərzində 180 saatdan az olmayaraq dərs tədris
edərlərsə həmin dərslərin tədris edildiyi
aylar onlar üçün pedaqoji staj hesab edilir.
Ali məktəblərdə hazırlanan
ixtisasların xüsusiyyətindən asılı olaraq
kənardan dərs deməyə cəlb edilən
mütəxəssislərə tədris planı üzrə ümumi
dərs yükünün 20 faizinə qədərini vermək olar.
Müstəsna hallarda Təhsil Nazirliyinin razılığı
əsasında kənardan dərs deməyə cəlb
edilən mütəxəssislərə tədris planı üzrə
ümumi dərs yükünün 30 faizə qədəri verilə bilər.
7. İxtisasartirma və
müəllimləri təkmilləşdirmə institutları
üzrə
İxtisasartırma və müəllimləri
təkmilləşdirmə institutlarında rəhbər,
inzibati-təsərrüfat, tədris-köməkçi tərkibdən
olan işçilər və digər mütəxəssislər
tutduqları vəzifə üzrə tam maaş almaqla
işlədikləri tədris müəssisələrində
və ya ümumtəhsil məktəblərində, litsey,
gimnaziyalarda, peşə məktəbi və peşə litseylərində
il ərzində 480 saata qədər ixtisasları üzrə
dərs apara bilərlər. Bu dərs yükünün 240 saatının
əmək haqqı əsas dərs kimi, qalan 240 saatın
əmək haqqı isə saathesabı qaydası ilə
ödənilir. Göstərilən işçilər 0,5 ştat üzrə
vəzifə maaşı aldıqları halda həmin
təhsil müəssisələrində ildə 720 saata
qədər dərs tədris edə bilərlər. Bunun 480
saatı əsas dərs kimi 240 saatı isə saathesabı
qaydasında ödənilir.
İxtisasartırma və müəllimləri
təkmilləşdirmə institutunun mütəxəssisləri
əsas iş yerlərində tam vəzifə maaşı
almaqla yanaşı ali və ya orta ixtisas təhsili
müəssisələrində ildə 240 saata qədər
dərs tədris edə bilərlər. Tutduqları vəzifə
üzrə 0,5 ştat maaş alanlar isə ali və ya orta ixtisas
məktəblərində bir stavkaya qədər dərs
tədris apara bilərlər.
İxtisasartırma və müəllimləri
təkmilləşdirmə institutlarında dərs
deməyə cəlb edilən mütəxəssislər və
institutun qeyri pedaqoji işçiləri il ərzində 180 saatdan
az olmayaraq dərs tədris edərlərsə həmin
dərs saatlarının tədris edildiyi aylar onlar üçün pedaqoji
staj sayılır.
8. Təhsili idarəetmə orqanları
və metodiki mərkəzlər ( kabinetlər ) üzrə
Təhsil Nazirliyində, təhsil idarələri
və təhsil şöbələrində, metodiki
mərkəzlərdə (kabinetlərdə) çalışan
rəhbər işçilər və mütəxəssislər müvafiq
təhsil müəssisələrində dərs apara
bilərlər.
Təhsil idarə və şöbələrindəki
mütəxəssislər, metodiki mərkəzlərin
(kabinetlərin) metodistlər əsas iş yerlərində tam
vəzifə maaşı almaqla ümumtəhsil və peşə
təhsili məktəblərində tarifləşmə
siyahısına salınmaqla həftədə 12 saata (ildə
480 saata) qədər ixtisasları üzrə dərs tədris
edə bilərlər. Ştat üzrə 0,5 vəzifə maaşı
alanlar isə göstərilən təhsil
müəssisələrində həftədə 18 saata (il
ərzində 720 saata) qədər dərs tədris edə
bilərlər.
Təhsil idarə və şöbələrinin
mütəxəssisləri, metodiki mərkəzlərin
(kabinetlərin) metodistləri ali və ya orta ixtisas
məktəblərində il ərzində 240 saata qədər
ixtisasları üzrə dərs apara bilərlər. Bu
dərslərin tədris üzrə əmək haqqı
əvəzçilik və ya saathesabı qaydasında
ödənilə bilər.
Təhsil Nazirliyinin mütəxəssisləri
ümumtəhsil və peşə məktəblərində, orta
ixtisas və ali məktəblərdə
təkmilləşdirmə institutlarında tədris ili
ərzində müvafiq qaydada 240 saata qədər ixtisasları
üzrə dərs apara bilərlər.