“Azərbaycan
Respublikasının dövlət orqanlarında dövlət
qulluğunun rəhbər vəzifələrinin tutulması
üçün ehtiyat kadrların
formalaşdırılması Qaydaları”nın
təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan Respublikasının
dövlət qulluğu üçün müasir
tələblərə cavab verən kadr potensialının
yaradılması, idarə olunması və ondan səmərəli
istifadə edilməsi işinin təkmilləşdirilməsi
məqsədilə qərara alıram:
1. “Azərbaycan Respublikasının
dövlət orqanlarında dövlət qulluğunun
rəhbər vəzifələrinin tutulması
üçün ehtiyat kadrların formalaşdırılması
Qaydaları” təsdiq edilsin (əlavə olunur).
2. “Dövlət qulluğu
haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi dövlət
orqanlarının rəhbərləri bu Fərmandan irəli
gələn məsələlərin həlli
üçün zəruri tədbirləri həyata
keçirsinlər.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti aidiyyəti dövlət orqanları ilə
birlikdə dövlət qulluğunda ehtiyat kadrların formalaşdırılması
işinin təşkili üçün zəruri olan
maliyyə vəsaitinin 2007-ci ildən başlayaraq
növbəti büdcə illəri üzrə Azərbaycan
Respublikasının dövlət büdcəsində
nəzərdə tutulmasını təmin etsin.
4. Bu Fərman dərc edildiyi
gündən qüvvəyə minir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 27 iyul
2006-cı il
¹ 432
Azərbaycan Respublikası Prezidentinin
2006-cı il 27 iyul tarixli 432
nömrəli Fərmanı ilə
TƏSDİQ
EDİLMİŞDİR
Azərbaycan
Respublikasının dövlət orqanlarında dövlət
qulluğunun
rəhbər
vəzifələrinin tutulması üçün ehtiyat
kadrların formalaşdırılması
QAYDALARI
I. ÜMUMİ
MÜDDƏALAR
1. Bu Qaydalar “Dövlət qulluğu haqqında”
Azərbaycan Respublikasının Qanununa, dövlət
qulluğu və kadrlarla iş sahəsinə aid olan digər
normativ hüquqi aktlara uyğun olaraq hazırlanmış
və Azərbaycan Respublikasının birinci-beşinci kateqoriya
dövlət orqanlarında inzibati vəzifələrin birinci-dördüncü təsnifatlarına
aid dövlət qulluğunun rəhbər
vəzifələrinin tutulması üçün ehtiyat
kadrların formalaşdırılması işini
tənzimləyir.[1]
2. Dövlət qulluğunun rəhbər
vəzifələrinin tutulması üçün ehtiyat
kadrların formalaşdırılmasında məqsəd
mövcud kadr potensialının səmərəli
istifadəsini, kadrların düzgün seçilməsini
və yerləşdirilməsini, dövlət
qulluqçularının peşəkarlıq
səviyyəsinin artırılmasını,
hərtərəfli inkişafı üçün
şəraitin yaradılmasını və onların iş
fəallığının həvəsləndirilməsini
təmin etməkdir.
3. Ehtiyat kadrların formalaşdırılması
dövlət orqanlarının kadr siyasətinin tərkib
hissəsidir və bu iş öz peşəkarlıq,
işgüzarlıq və mənəvi
keyfiyyətlərinə görə dövlət qulluğu
vəzifələrini tutmağa layiq olan kadrların
müəyyən edilməsi və seçilmiş
namizədlərin müntəzəm olaraq hərtərəfli
inkişaf etdirilməsi üzərində qurulur.
4. Ehtiyat kadrlar siyahısında olan namizədlərin
müvafiq vəzifələrə təyin edilməsi
“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası
Qanununun 29-cu maddəsinin tələbləri nəzərə
alınmaqla aparılmalıdır.
5. Ehtiyat kadrların formalaşdırılması
işi müvafiq dövlət orqanının illik iş
planına uyğun olaraq aparılır və bu iş
bilavasitə dövlət orqanının rəhbərinin,
struktur bölmə rəhbərlərinin iştirakı
ilə kadr qurumları tərəfindən təşkil edilir.
6. Ehtiyat kadrların formalaşdırılması
işinə digər təşkilatlar və müstəqil
ekspertlər cəlb edilə bilər.
II. EHTİYAT KADRLARIN FORMALAŞDIRILMASI
İŞİNİN PRİNSİPLƏRİ
7. Ehtiyat kadrların formalaşdırılması
işinin əsasını dövlət qulluğu
sahəsində Azərbaycan Respublikasının
qanunvericiliyinin tələblərinə ciddi əməl
edilməsi, seçilmiş namizədlərin fərdi qulluq
keyfiyyətlərinin və xidməti fəaliyyətinin
nəticələrinin obyektiv qiymətləndirilməsi,
onların öz qabiliyyətlərinə, xidməti
nailiyyətlərinə və peşə
hazırlığına uyğun olaraq dövlət
qulluğunun rəhbər vəzifəsini tutmaqda hüquq
bərabərliyi, kadrların
peşəkarlığının artırılması,
təcrübəli və gənc perspektivli kadrların
irəli çəkilməsi və rotasiyası, kadrlarla
işə aid məsələlərdə aşkarlıq
və şəffaflıq prinsipləri təşkil
etməlidir.
8. Dövlət qulluqçusunun xidməti
fəaliyyətinin nəticələrinin və onun irəli
çəkilməsi perspektivlərinin obyektiv
qiymətləndirilməsi hər bir dövlət qulluğu
vəzifəsi üçün qanunvericilikdə
müəyyən edilmiş xidməti fəaliyyətin
qiymətləndirilməsi sisteminin tələblərinə
əsaslanmalıdır.
9. Ehtiyat kadrların formalaşdırılması
zamanı namizədlərin peşəkar bilikləri,
xidməti vəzifəsinə və əmək intizamına
münasibəti, qavrama, ziddiyyətləri həlletmə,
təşkilatçılıq və planlaşdırma
qabiliyyətləri, yaradıcılıq və
təşəbbüskarlıq bacarığı
nəzərə alınmalıdır.
10. Ehtiyat kadrların seçilməsi zamanı
onların rəhbər işçilər üçün
vacib olan strateji planlaşdırma, təhlil və
proqnozlaşdırma qabiliyyətlərinə, idarəetmə,
kollektivdə nüfuz və ruhlandırma bacarığına,
komanda qurma təcrübəsinə diqqət yetirilməlidir.
11. Ehtiyat kadrların formalaşdırılması
işində fərdi yanaşmaya üstünlük
verilməlidir, hər bir namizədin öz xidməti və
şəxsi keyfiyyətlərini inkişaf etdirmək,
aşkar edilmiş nöqsanları aradan qaldırmaq
bacarığı nəzərə alınmalıdır.
12. Ehtiyat kadrların seçilməsi zamanı
onların yaş həddi və səhhətinin
vəziyyəti nəzərdən keçirilir.
III. EHTİYAT KADRLARIN FORMALAŞDIRILMASI QAYDASI
13. Ehtiyat kadrların formalaşdırılması cari
xidməti fəaliyyəti müsbət
qiymətləndirilən dövlət qulluqçusunun
bilavasitə rəhbərinin təqdimatı əsasında bu
Qaydaların II hissəsində göstərilən prinsip
və tələblərə uyğun həyata keçirilir.
14. Dövlət orqanlarında ehtiyat kadrların
formalaşdırılması sektor müdiri vəzifəsi
daxil olmaqla, həmin vəzifədən daha yüksək olan
dövlət qulluğunun rəhbər vəzifələri
üçün nəzərdə tutulur.
15. Bu Qaydaların 14-cü bəndində
göstərilən dövlət qulluğunun
vəzifələri üçün ən azı iki
namizəd seçilir.
16. Ehtiyat kadrlar siyahısına daxil edilən
dövlət qulluqçularının ixtisas
dərəcələri
müvafiq vəzifəyə uyğun gələn
ixtisas dərəcəsinin təsnifatından ən çoxu
iki təsnifat aşağı ola bilər.
Namizədlərin arasında digər dövlət
orqanlarında çalışan dövlət
qulluqçuları da ola bilər.
17. Ehtiyat kadrların siyahılarının
hazırlanması dövlət orqanlarının və ya
onların struktur bölmələri rəhbərlərinin
təqdimatları əsasında bu orqanların kadr
qurumları tərəfindən həyata keçirilir və
hər ilin yanvar ayında dövlət orqanının
rəhbəri tərəfindən təsdiq edilir.
18. Dövlət qulluqçusunun ehtiyat kadrların
siyahısına daxil edilməsi haqqında Azərbaycan
Respublikasının Dövlət Qulluqçuları Reyestrini
aparan dövlət orqanına məlumat verilir və
dövlət qulluqçusunun şəxsi işində
müvafiq qeydlər edilir.
IV. EHTİYAT KADRLARLA İŞİN
TƏŞKİLİ
19. Rəhbər vəzifələr üçün
hazırlıqlı kadr ehtiyatının yaradılması
məqsədilə dövlət orqanlarında hər bir
namizəd üzrə illik fərdi iş planı tərtib
edilməlidir. Fərdi iş planı təqvim ilinin
əvvəlində namizədin bilavasitə rəhbəri
tərəfindən onun iştirakı ilə tərtib edilir
və həmin planın bir nüsxəsi dövlət
orqanının kadr qurumunda nəzarət üçün
saxlanılır.
20. Fərdi iş planında nəzərdə tutulan
tədbirlərin tərkibi müvafiq vəzifənin ixtisas
tələbləri, xüsusiyyətləri, dövlət qulluqçusunun
hazırlıq səviyyəsi ilə əlaqələndirilir.
İş planında göstərilən tədbirlər
işçinin xidməti vəzifəsi
çərçivəsindən kənara
çıxmamalıdır, onların
qiymətləndirilmə meyarları obyektiv olmalı, icra
müddətləri isə dəqiq müəyyən
edilməlidir.
21. Namizədlərin potensial imkanlarının
öyrənilməsi və obyektiv qiymətləndirilməsi,
onların rəhbər işə hazırlanması,
tabeliyində olan işçilərin xidməti fəaliyyətini
təşkil etmək, kollektivdə yüksək
mənəvi-psixoloji şərait yaratmaq
qabiliyyətlərinin inkişafı məqsədilə fərdi
iş planında xüsusi tədbirlər nəzərdə
tutulmalıdır. Bu tədbirlər ixtisasartırma,
təkmilləşdirmə və əlavə təhsilin
müxtəlif formalarını əhatə edə bilər.
Zərurət yarandıqda, namizədin digər dövlət
orqanlarında və xarici ölkələrdə
təcrübə keçməsi planlaşdırıla
bilər.
22. Təqvim ilinin sonunda hər bir namizəd fərdi
iş planına uyğun görülmüş işlər
haqqında bilavasitə rəhbərinə hesabat verməli
və onun bir nüsxəsi dövlət orqanının kadr
qurumuna təqdim edilməlidir.
23. Hesabatın nəticələri əsasında
namizədlərin vəzifədə irəli
çəkilməsi barədə və ya ehtiyat kadrlar
siyahısında saxlanılması, yaxud həmin siyahıdan
çıxarılması haqqında qərar qəbul edilməlidir.
Dövlət qulluqçusunun eyni bir
vəzifəyə namizəd qismində ehtiyat kadrlar
siyahısında saxlanılması beş illə məhdudlaşdırılır.
24. Namizədin ehtiyat kadrlar siyahısından
çıxarılması haqqında qərar qəbul edildiyi
təqdirdə bu barədə Azərbaycan
Respublikasının Dövlət Qulluqçuları Reyestrini
aparan dövlət orqanına məlumat verilir və
dövlət qulluqçusunun şəxsi işində müvafiq
qeydlər edilir.
V. EHTİYAT KADRLARIN FORMALAŞDIRILMASINA CAVABDEH
ŞƏXSLƏRİN VƏ QURUMLARIN
VƏZİFƏLƏRİ
25. Ehtiyat kadrların formalaşdırılmasında
dövlət orqanı rəhbərinin əsas
vəzifələri aşağıdakılardır:
25.1. rəhbər vəzifələr üçün
keyfiyyətli kadrların seçilməsi və
yerləşdirilməsi işini təşkil etmək və
bu işi dövlət orqanının kadr qurumu
vasitəsilə nəzarətdə saxlamaq;
25.2. şöbə müdiri vəzifəsi daxil
olmaqla yüksək vəzifələrə (o
cümlədən tabeliyində olan digər dövlət
orqanlarında vəzifələrə) təqdim edilmək
üçün nəzərdə tutulan ehtiyat kadrların
formalaşdırılmasında bilavasitə iştirak
etmək.
26. Ehtiyat kadrların formalaşdırılmasında
dövlət orqanının kadr qurumunun əsas
vəzifələri aşağıdakılardır:
26.1. dövlət orqanının rəhbəri tərəfindən
və ya onun təqdimatı, yaxud razılığı
ilə rəhbər vəzifələrə (o
cümlədən tabeliyində olan digər dövlət
orqanlarında vəzifələrə) təyin edilən
ehtiyat kadrların formalaşdırılması işini
təşkil etmək, bu kadrların fərdi iş
planlarının tərtibini nəzarətdə saxlamaq;
26.2. müvafiq təqdimatlar əsasında ehtiyat
kadrlar siyahılarını hazırlamaq, namizədlərin
fərdi iş planlarının tərtibinə və
onların yerinə yetirilməsinə nəzarət etmək;
26.3. ehtiyat kadrların formalaşdırılması
işində ixtisasartırma, təkmilləşdirmə
və əlavə təhsilin digər formalarının
tətbiqinə dair təkliflərin hazırlanmasında
və onların həyata keçirilməsində iştirak
etmək;
26.4. ehtiyat kadrların formalaşdırılması
işinin vəziyyəti haqqında illik hesabatı
dövlət orqanının rəhbərinə təqdim
etmək.
27. Ehtiyat kadrların formalaşdırılmasında
dövlət orqanının struktur bölmələri
rəhbərlərinin əsas vəzifələri
aşağıdakılardır:
27.1. ehtiyat kadrlarla işi planlaşdırmaq,
təşkil etmək və onu mütəmadi olaraq
nəzarətdə saxlamaq;
27.2. ehtiyat kadrların ilkin siyahılarının,
namizədlərin fərdi iş planlarının və
müvafiq hesabatlarının kadr qurumuna təqdim
olunmasını təmin etmək;
27.3. dövlət orqanının kadr qurumu ilə
birlikdə ehtiyat kadrların siyahılarına
salınmış dövlət qulluqçularının
xidməti fəaliyyətinin qiymətləndirilməsini
həyata keçirmək.
VI.
EHTİYAT KADRLARIN FORMALAŞDIRILMASI
İŞİNİN
MALİYYƏ MƏNBƏYİ
28. Ehtiyat kadrların formalaşdırılması
işinin maliyyə təminatı Azərbaycan
Respublikasının dövlət büdcəsindən hər
bir dövlət orqanına ayrılan vəsait və
qanunvericiliklə qadağan olunmayan digər mənbələr
hesabına həyata keçirilir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 19
dekabr 2012-ci il tarixli 769
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Respublika”
qəzeti 21 dekabr 2012-ci, ¹ 285, “Azərbaycan” qəzeti 22 dekabr
2012-ci, ¹ 286, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, ¹ 12, maddə
1243) ilə “Azərbaycan
Respublikasının dövlət orqanlarında dövlət
qulluğunun rəhbər vəzifələrinin tutulması
üçün ehtiyat kadrların
formalaşdırılması Qaydaları”nın 1-ci
hissəsində “ikinci-yeddinci”
sözləri “birinci-beşinci”
sözləri ilə, “ikinci-beşinci”
sözləri “birinci-dördüncü”
sözləri ilə əvəz edilmişdir.