“Dövlət qeydiyyatına alınmışdır” Azərbaycan Respublikasının

Ədliyyə Nazirliyi

Qeydiyyat №  3094

 “16 “ noyabr 2004-cü il

 

 

Nazir _____________ F.Məmmədov

“Təsdiq edilmişdir”

Azərbaycan Respublikası

Milli Bankı İdarə Heyətinin

 “03” noyabr 2004-cü il

tarixli qərarı

Protokol № 19

İdarə Heyətinin Sədri

_____________________E.Rüstəmov

 

BANK İNZİBATÇILARININ VƏZİFƏDƏN AZAD EDİLMƏSİ BARƏDƏ SANKSİYANIN TƏTBİQİNƏ DAİR MATERİALLARA BAXILMASI VƏ ONUN NƏTİCƏLƏRİNİN RƏSMİLƏŞDİRİLMƏSİ QAYDALARI[1]

 

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar “Banklar haqqında”, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasının Milli Bankı (bundan sonra - Milli Bank) tərəfindən bank inzibatçılarının tutduqları vəzifələrdən azad olunmaları barədə sanksiyanın tətbiqi zamanı materiallara baxılması və nəticələrinin rəsmiləşdirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda “bank inzibatçıları” dedikdə bankın Müşahidə Şurasının, Audit Komitəsinin və İdarə Heyətinin üzvləri, habelə bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri), daxili audit bölməsinin əməkdaşları, bank filialının, şöbəsinin və nümayəndəliyinin rəhbərləri və baş mühasibləri başa düşülür. 

1.3. Bu Qaydalarda “bank” dedikdə xarici bankların Azərbaycan Respublikasında fəaliyyət göstərən yerli filialları da başa düşülür.

1.4. Bank inzibatçılarının tutduqları vəzifələrdən azad olunmaları barədə sanksiya Milli Bankın İdarə Heyətinin qərarı ilə tətbiq edilir.

2. Sanksiyanın tətbiqi

2.1. Milli Bank nəzarət prosesində bank tərəfindən “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun, Milli Bankın normativ xarakterli aktlarının, prudensial normativlərin və tələblərin, Milli Bankın verdiyi bank lisenziyasına və ya icazələrə daxil edilmiş məhdudiyyətlərin pozulması faktları, yaxud bu cür pozuntulara səbəb ola biləcək əsaslar aşkar etdikdə qanunvericiliyə müvafiq təshih tədbirləri ilə yanaşı bank inzibatçılarının tutduqları vəzifələrdən azad edilməsi sanksiyasını tətbiq edə bilər.  

2.2. Milli Bankın inspektoru bu Qaydaların 2.1-ci bəndində göstərilən pozuntuları və ya bu cür pozuntulara səbəb ola biləcək halların bank inzibatçılarının hərəkətləri ilə bağlı olduğunu aşkar etdikdə o, bu barədə ətraflı arayış tərtib edib Milli Bankın bankların fəaliyyətinə nəzarət üzrə struktur bölməsinin (bundan sonra Bölmə) rəhbərinə, yaxud onu əvəz edən şəxsə təqdim edir.

2.3. Bölmənin rəhbəri, yaxud onu əvəz edən şəxs təqdim olunmuş hesabatı ən geci 10 (on) təqvim günü müddətində təhlil edərək müvafiq sanksiyanın tətbiq olunması üçün kifayət qədər əsasların mövcud olduğunu müəyyən etdikdə,  Milli Bankın Bank Nəzarəti Komitəsi(bundan sonra — Komitə) qarşısında vəsatət qaldırır.[2]

2.4. Vəzifəsindən azad olunması təklif olunan inzibatçının bankda tutduğu vəzifəsindən asılı olaraq Sanksiya komissiyası bank səhmdarlarının, Müşahidə Şurasının, Audit Komitəsinin, İdarə Heyətinin üzvlərinin, habelə bank inzibatçısının özünün komissiyanın iclasına dəvət edilməsi barədə qərar qəbul edə bilər. Dəvət olunan şəxslərin Sanksiya komissiyasının iclasına gəlməməsi sanksiyanın tətbiqi prosedurlarını dayandırmır.

3. Sanksiyanın tətbiqi barədə materiallara baxılması [3]

3.1. Sanksiya komissiyası 5 (beş) əsas və 5 (beş) əvəzedici üzvlərdən ibarət tərkibdə Milli Bankın İdarə Heyətinin qərarı ilə yaradılır. Komissiyanın əsas tərkibinə Milli Bankın İdarə Heyəti Sədrinin bank nəzarətinə rəhbərlik edən müavini (Komissiyanın sədri) və bankların fəaliyyətinə nəzarət, habelə Milli Bankın hüquq məsələləri ilə bağlı struktur bölmələrinin rəhbərləri, əvəzedici heyətə isə Milli Bankın həmin şəxsləri əvəz edən rəhbər işçiləri daxildir.

3.2. Sanksiya komissiyasının iclasları ən azı 4 (dörd) üzvü iştirak etdikdə  səlahiyyətli sayılır və qərarları üzvlərin sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər olduqda Komissiya sədrinin səsi həlledicidir. [4]

3.3. Sanksiya komissiyası sanksiyanın tətbiqinə dair təqdim olunmuş vəsatətə ən geci 30 (otuz) təqvim günü müddətində baxır və müzakirəyə çıxarılmış məsələ üzrə öz qərarını verir.

3.4. Sanksiya komissiyasının iclası sanksiyanın tətbiqi barədə Bölmə rəhbərinin vəsatəti daxil olduğu gündən ən geci 5 (beş) təqvim günü müddətində Komissiya sədri tərəfindən çağırılır. İclasda Komissiyanın bütün üzvləri vəsatətlə və ona əlavə olunmuş arayış və sənədlərlə tanış olurlar. Məsələnin hərtərəfli və tam obyektiv araşdırılması üçün komissiyanın istənilən üzvü lazım bildiyi sənədləri Bölmədən tələb edə bilər. [5]    

3.5. Sanksiyanın təxirə salınmadan tətbiqi üçün kifayət qədər əsaslar olduğu hallar istisna olmaqla, Sanksiya komissiyası iclasında bu Qaydaların 2.4-cü bəndinə uyğun olaraq müvafiq qərar qəbul edə bilər. Qərarda növbəti iclasın yeri və vaxtı barədə məlumat əks etdirilir və bu barədə məlumat bildirişli sifariş məktubu ilə və ya rəsmi təqdimetmə qaydasında müvafiq banka göndərilir (təqdim edilir). Bu halda növbəti iclasın keçirilməsi tarixi qərarın qəbul edildiyi gündən 5 (beş) təqvim günündən tez təyin oluna bilməz.

3.6. Sanksiya komissiyasının iclasına dəvət olunmuş şəxslər bank inzibatçısının vəzifədən azad edilməsi barədə məsələyə öz münasibətini yazılı və ya şifahi şəkildə bildirə bilərlər. Yazılı şəkildə bildirilən rəy onu verən şəxs(lər) tərəfindən imzalanır və rəyin verilməsi tarixi göstərilir.

3.7. Sanksiya komissiyası baxdığı məsələ üzrə qərarını əsaslandıra biləcək müsbət və ya mənfi rəy hazırlayır.

Komissiya öz rəyində təklif olunan sanksiyanın tətbiqi üçün faktiki və hüquqi əsasları göstərir.

3.8. Komissiyanın qərarı protokolla rəsmiləşdirilir. Protokol Sanksiya komissiyasının bütün üzvləri tərəfindən imzalanır. Komissiyanın qərarı ilə razı olmayan və ya həmin qərarla bağlı xüsusi rəyi olan Komissiyanın üzvü protokolu müvafiq qeydlə imzalayaraq rəyini yazılı surətdə protokola əlavə edir.

Bu Qaydaların 3.6-cı bəndinə uyğun olaraq sanksiyanın tətbiqinə dair rəy verildikdə, bu barədə protokola qeyd olunur və yazılı rəy protokola əlavə olunur.  

3.9. Sanksiya komissiyasının qərarla təsdiq edilmiş rəyi baxılmaq üçün dərhal Milli Bankın İdarə Heyətinin növbəti iclasının gündəliyinə çıxarılır. Rəy Komissiyanın sədri tərəfindən imzalanır.

4. Sanksiya haqqında qərarın qəbul edilməsi

4.1. Milli Bankın İdarə Heyəti növbəti iclasında Sanksiya komissiyası tərəfindən təqdim olunan rəyi müzakirə edir, sanksiyanın tətbiqi və ya sanksiyadan imtina edilməsi barədə qərar qəbul edir. İdarə Heyətinin qərarı “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq olaraq qəbul edilir və rəsmiləşdirilir.

4.2. Sanksiyanın tətbiq olunması barədə Milli Bankın İdarə Heyətinin qərarında sanksiyanın tətbiqinə səbəb olan əsas faktlar və hüquqi əsaslar göstərilir.

4.3. Sanksiyanın tətbiqi barədə qərar təxirə salınmadan icra üçün müvafiq banka göndərilir.  

4.4. Bank inzibatçılarının vəzifədən azad edilmələri barədə qərar bankın səlahiyyətli idarəetmə orqanının qərarı ilə təxirə salınmadan həyata keçirilir.

4.5. Bank inzibatçılarının vəzifədən azad edilməsi barədə qərar yerinə yetirilmədikdə Milli Bank “Banklar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq həmin banka müvəqqəti inzibatçı təyin edə bilər.

5. Yekun müddəalar

5.1. Barəsində sanksiya tətbiq edilmiş şəxslər bu qərardan Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə şikayət verə bilərlər. Şikayətin verilməsi bu Qaydalarda nəzərdə tutulmuş sanksiyanın icrasını dayandırmır.

5.2. Bu Qaydalar dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.

 

 

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       18 noyabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 11-12)

2.       25 dekabr 2018-ci il tarixli 25/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı

 

BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI



[1] 25 dekabr 2018-ci il tarixli 25/2 nömrəli Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin Qərarı ilə ləğv edilmişdir.

 

[2] 18 noyabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 11-12) ilə 2.3-cü bənddə “Sanksiya komissiyası” (bundan sonra — Sanksiya komissiyası)” sözləri “Bank Nəzarəti Komitəsi” (bundan sonra — Komitə)” sözləri ilə əvəz edilmişdir.

 

[3] 18 noyabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 11-12) ilə 3-cü bəndin adı “Sanksiyanın tətbiqi barədə materiallara baxılması” adlandırılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

3. Sanksiya komissiyası

 

[4] 18 noyabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 11-12) ilə 3.1-ci və 3.2-ci bəndlər çıxarılmışdır.

 

[5] 18 noyabr 2008-ci il tarixli 34 nömrəli Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin Protokolu (Azərbaycan Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il, № 11-12) ilə 3.4-cü bəndin birinci və ikinci cümlələrindən və 3.5-ci bəndin birinci cümləsindən “ilk” sözü çıxarılmışdır.