Ünvanlı dövlət sosial
yardımı haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun ünvanlı
dövlət sosial yardımının göstərilməsinin məqsəd
və prinsiplərini, təyin
olunmasının hüquqi əsaslarını və bu sahədə yaranan
digər münasibətləri
tənzimləyir.
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda
aşağıdakı əsas anlayışlardan istifadə olunur:
1.0.1. ehtiyac
meyarı - əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumundan asılı
olaraq ünvanlı dövlət sosial yardımının təyin edilməsi
məqsədilə dövlət büdcəsi ilə birgə hər
il üçün təsdiq olunan hədd;
1.0.2. ailə - qohumluq və ya
qanunvericiliklə müəyyən olunmuş digər xüsusiyyətlərə görə bağlılığı
olan, birgə yaşayan, ümumi ev təsərrüfatına malik şəxslər
və yaxud tənha yaşayan şəxslər;
1.0.3. ailənin
gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri,
o cümlədən ailə
üzvlərinə bağışlanmış hədiyyələr,
mülkiyyətdən, ailə üzvlərinə məxsus
əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə
olunan və yaxud əldə oluna biləcək pul və natural formada
gəlirlərinin toplusu;
1.0.4.
ailənin orta aylıq gəliri - ailənin gəlirinin orta aylıq
göstəricisi;
1.0.5. aztəminatlı ailə -
orta aylıq gəlirləri hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan ailə;
1.0.6. ünvanlı
dövlət sosial yardımı (bundan sonra — sosial yardım) — aztəminatlı
ailələrə dövlət tərəfindən
göstərilən pul yardımıdır.
Maddə 2. Ünvanlı dövlət
sosial yardımı haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Ünvanlı
dövlət sosial yardımı haqqında Azərbaycan Respublikasının
qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, “İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan, bu Qanundan, digər normativ hüquqi aktlardan və
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.[1]
Maddə 3. Sosial yardım almaq
hüququ olan ailələr
Sosial yardım hüququna orta aylıq
gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək
qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin
funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə,
əlilliyi olan uşağa
və ya 8 yaşına çatmamış
uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti
orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv
edilməsi,
fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam
verilməsi və ya işçilərin sayı
və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə
alınması, vəfat etməsi,
məhkəmə tərəfindən itkin düşmüş və yaxud
ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin
məlum olmaması və s.) hər bir ailə üzvü üçün ehtiyac
meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.[2]
Maddə 4. Sosial yardımın
məqsədi və prinsipləri
4.1. Sosial
yardımın məqsədi aztəminatlı ailələrin sosial
müdafiəsinin təmin
edilməsindən ibarətdir.
4.2. Sosial
yardımın əsas prinsipləri aşağıdakılardan ibarətdir:
4.2.1. ünvanlılıq - sosial yardım
yalnız aztəminatlı ailələrə təyin olunur;
4.2.2. ədalətlilik - sosial
yardım ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının
məcmusu arasındakı fərq məbləğində təyin olunur;
4.2.3. bərabərlik - sosial
yardım bütün aztəminatlı ailələrə təyin olunur.
Maddə 5. Sosial yardımın
maliyyə mənbəyi
Sosial yardım
dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir.
Maddə 6. Sosial
yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması,
verilməsi və verilməsindən imtina edilməsi
6.1. Sosial yardım
aztəminatlı ailələrə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təyin olunur.[3]
6.2. Sosial yardımın alınması üçün
müraciət edilməsi, onun təyin olunması, verilməsi və
verilməsindən imtina edilməsi qaydaları “İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti
orqanı
tərəfindən müəyyən edilir.[4]
6.3.
Sosial yardımın alınması ilə bağlı elektron xidmətlər müvafiq icra
hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron
informasiya sistemi vasitəsilə həyata keçirilir.[5]
6.4. Sosial yardımın təyin edilməsi
və təyin olunmasından imtina edilməsi barədə
qərarlarda göstərilən məlumatlar Elektron Hökumət
İnformasiya Sistemi üzərindən təqdim edilə (əldə
edilə) bilər. Bu qərarlarda göstərilən
məlumatların Elektron Hökumət İnformasiya Sistemi üzərindən
təqdim edilməsi həmin qərarların təqdim
edilməsinə bərabər tutulur.[6]
Maddə 7. Sosial yardımın
məbləği
7.1. Sosial yardımın
məbləği ailənin orta aylıq gəliri ilə hər bir
ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq
məbləğində hesablanır.
7.2. Ehtiyac meyarı
mərhələlərlə ölkə üzrə yaşayış minimumuna
çatdırılır;
7.3. Ailənin orta aylıq
gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti
orqanı
tərəfindən müəyyən edilir.
Maddə 8. Sosial yardımın
təyin olunması müddəti
8.1. Sosial yardım onu almaq üçün müraciət
edilən ayın 1-dən etibarən 1
il müddətinə təyin olunur.[7]
8.2 Aztəminatlı
ailə sosial yardım almaq üçün təkrar müraciət etmək
hüququna malikdir.
Maddə 9. Sosial yardımın
təyin olunması zamanı ailə tərkibində nəzərə
alınmayan şəxslər
9.0. Sosial
yardımın təyin olunması zamanı yardımın verilməsi üçün ailə tərkibində aşağıdakı
şəxslər nəzərə alınmır:
9.0.1. tam
dövlət təminatında olan şəxslər (uşaq evi və
internatlarda, ahıllar və əlilliyi olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar
üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);[8]
9.0.2.
müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
9.0.3.
cəzaçəkmə müəssisələrində cəza
çəkən şəxslər;
9.0.4. axtarışda
olan şəxslər;
9.0.5. Azərbaycan Respublikasının
ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
9.0.6.
əcnəbilər (Azərbaycan Respublikasının
ərazisində daimi yaşayanlar istisna olmaqla).[9]
Maddə 10. Sosial yardım almaq
hüququna yenidən baxılması[10]
10.1. Sosial yardım almaq
üçün müraciət edilən zaman ailə sosial yardımın təyin
olunmasına və ya məbləğinin dəyişdirilməsinə
səbəb ola biləcək hallar barədə (ailənin tərkibi,
əmlakı və gəliri haqqında) tam və düzgün məlumat
verməlidir.
10.2. Sosial yardım təyin
edildikdən sonra ailənin gəlirlərində dəyişiklik
baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) informasiya ehtiyatlarından və sistemlərindən
əldə olunan məlumatlar istisna olmaqla) verməlidir.
10.3. Bu Qanunun 10.2-ci
maddəsində göstərilən halda, həmçinin müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqanın
(qurumun) informasiya ehtiyatlarından və sistemlərindən
əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi
təqaüdlərin, sosial müavinətlərin məbləğinin,
əmək pensiyasının minimum məbləğinin və minimum aylıq
əməkhaqqının məbləğinin artırılması, əmək
pensiyalarının indeksləşdirilməsi və seçilmiş
özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak
barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın
dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə
səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın
ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna
yenidən baxılır.
10.4. Ailənin sosial
yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına
və ya məbləğinin dəyişdirilməsinə səbəb
ola biləcək hallar barədə (ailənin tərkibi,
əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam
məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci
maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il
müddətinə sosial yardım almaq hüququnu itirir.
10.5. Aztəminatlı
ailənin üzvü “Məşğulluq
haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin
sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş
özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi
barədə müqavilənin qüvvədə olduğu müddət
ərzində məhdudlaşdırılır.
10.6.
Sosial yardımın təyinatı zamanı ailə tərəfindən
bilərəkdən tam və ya düzgün olmayan məlumatın
verilməsi, eləcə də sosial yardımın ödənildiyi
müddətdə ailənin gəlirlərində baş vermiş
dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü
maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi
səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım
alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü
qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana
(quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə
mübahisəyə məhkəmə qaydasında baxılır.
Maddə 11. Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanunun
pozulmasına görə təqsirkar şəxslər Azərbaycan
Respublikasının
qanunvericiliyində müəyyən olunmuş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 12. Qanunun
qüvvəyə minməsi
Bu Qanım 2006-cı
il yanvarın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 21 oktyabr 2005-ci il
№ 1039–IIQ
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
1. 13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 474)
2. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 602)
3.
24
fevral 2015-ci il tarixli 1204-IVQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2015-ci il, № 60, (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 257)
4.
24 aprel
2018-ci il tarixli 1084-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
20 may 2018-ci il, № 113,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, №5,
maddə 871)
5.
1 fevral 2019-cu il tarixli 1482-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 3, maddə 380)
6.
19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 iyul 2020-ci il, № 139, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci
il, № 7, maddə 829)
7.
2 iyun 2020-ci il tarixli 125-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 840)
8.
22 iyun 2021-ci il tarixli 349-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 avqust
2021-ci il, № 173,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8,
maddə 895)
9.
29 dekabr 2024-cü il tarixli 120-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2025-ci il,
“Azərbaycan” qəzeti, 29 yanvar 2025-ci il, № 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 16)
10.
11 aprel 2025-ci il tarixli 172-VIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 25 aprel
2025-ci il, “Azərbaycan”
qəzeti, 27 aprel 2025-ci
il, № 84, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab, maddə 322)
11.
30 dekabr 2025-ci il tarixli 332-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət
İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 16 yanvar
2026-cı il, “Azərbaycan” qəzeti, 17 yanvar 2026-cı il, № 10,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1,
maddə 16)
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
[1] 2 iyun 2020-ci il tarixli 125-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 7, maddə 840) ilə 2-ci
maddəyə “bu Qanundan”
sözlərindən əvvəl “İnzibati
icraat haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri
əlavə edilmişdir.
[2] 24 aprel 2018-ci il tarixli 1084-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 20 may 2018-ci il, № 113, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2018-ci il, №5, maddə 871) ilə 3-cü
maddədə “orqanında”
sözündən sonra “dövlət
orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya
işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə
əlaqədar” sözləri əlavə edilmişdir.
2 iyun 2020-ci il tarixli 125-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 7, maddə 840) ilə 3-cü maddəyə “müvafiq icra hakimiyyəti orqanında” sözlərindən
əvvəl “birinci
dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa
və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq
etməsi, 23 yaşınadək əyani təhsil alması,” sözləri
əlavə edilmişdir və “və
s.” sözləri çıxarılmışdır.
22 iyun 2021-ci il tarixli 349-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 avqust 2021-ci
il, № 173, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2021-ci il, № 8, maddə 895) ilə 3-cü maddədə “birinci dərəcə
əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa” sözləri
“orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, 18 yaşınadək əlilliyi müəyyən edilmiş
şəxsə və ya 8 yaşına çatmamış uşağa” sözləri
ilə əvəz edilmişdir.
11 aprel 2025-ci il tarixli 172-VIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 25 aprel 2025-ci il,
“Azərbaycan” qəzeti, 27 aprel 2025-ci il, № 84, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 4, I kitab,
maddə 322) ilə 3-cü maddəsinin
mətnində “18 yaşınadək əlilliyi
müəyyən edilmiş şəxsə” sözləri “əlilliyi olan uşağa” sözləri
ilə əvəz edilmişdir.
30 dekabr
2025-ci il tarixli 332-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 16 yanvar 2026-cı il, “Azərbaycan” qəzeti, 17 yanvar 2026-cı
il, № 10,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2026-cı il, № 1,
maddə 16) ilə 3-cü
maddənin mətninə “ləğv
edilməsi” sözlərindən sonra “, fiziki şəxs olan işəgötürənin
fəaliyyətinə xitam verilməsi” sözləri
əlavə edilmişdir.
[3]
2 iyun 2020-ci il tarixli 125-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 7, maddə 840) ilə 6.1-ci maddədən “yaşayış yeri üzrə” sözləri çıxarılmışdır.
[4]
2 iyun 2020-ci il tarixli 125-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 7, maddə 840) ilə 6.2-ci maddəyə “bu Qanuna” sözlərindən əvvəl “İnzibati icraat haqqında” Azərbaycan
Respublikasının Qanununa və” sözləri əlavə edilmişdir.
[5]
1 fevral 2019-cu il tarixli 1482-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 mart 2019-cu il, № 59, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 3, maddə 380) ilə
yeni məzmunda 6.3-cü maddə əlavə edilmişdir.
[6]
29 dekabr
2024-cü il tarixli 120-VIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin
(AZƏRTAC-ın) rəsmi internet saytı, 28 yanvar 2025-ci il,
“Azərbaycan” qəzeti, 29 yanvar 2025-ci il, № 19, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2025-ci il, № 1, maddə 16) ilə yeni məzmunda 6.4-cü maddə
əlavə edilmişdir.
[7] 13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 474)
ilə 8.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
8.1. Sosial
yardım almaq üçün istənilən ayın 15-dək müraciət
edildikdə həmin ayın 1-dən, ayın 15-dən sonra müraciət
edildikdə isə növbəti ayın 1-dən 6 ay müddətinə təyin olunur;
24 fevral 2015-ci il
tarixli 1204-IVQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 mart 2015-ci il, № 60, (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 3, maddə 257) ilə 8.1-ci maddəsində “1 il” sözləri “2 il”
sözləri ilə əvəz edilmişdir.
2 iyun 2020-ci il tarixli 125-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 840) ilə 8.1-ci
maddədə “2 il”
sözləri “1 il” sözləri
ilə əvəz edilmişdir.
[8] 13
iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 7, maddə 602)
ilə 9.0.1-ci maddəsində “və
əlillər” sözləri “,
əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar”
sözləri ilə əvəz edilmişdir, “internat evlərində” sözlərindən sonra “, xüsusi təhsil
müəssisələrində” sözləri əlavə
edilmişdir.
19 may 2020-ci il tarixli 111-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
18 iyul 2020-ci il, № 139, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 829) ilə 9.0.1-ci
maddədə “qocalar,
əlillər və ya sağlamlıq imkanları məhdud uşaqlar üçün
internat evlərində” sözləri “ahıllar və əlilliyi olan şəxslər, o
cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar
üçün sosial xidmət müəssisələrində” sözləri
ilə əvəz edilmişdir.
22 iyun 2021-ci il tarixli 349-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 avqust
2021-ci il, № 173,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, № 8,
maddə 895) ilə
9.0.1-ci maddədən
“, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar” sözləri çıxarılmışdır.
[9] 13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 474)
ilə 9.0.6-cı maddədə “əcnəbilər”
sözündən sonra “(Azərbaycan
Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla)”
sözləri əlavə edilmişdir.
[10] 13 iyun 2008-ci il tarixli 641-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 6, maddə 474)
ilə 10.2-ci maddənin ikinci cümləsində “yardımın” sözündən sonra “təyin olunmamasına,” sözləri əlavə edilmişdir
və həmin cümlədə “2
il” sözləri “1 il”
sözləri ilə əvəz edilmişdir.
2 iyun 2020-ci il tarixli 125-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
19 iyul 2020-ci il, № 140, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 7, maddə 840) ilə 10-cu
maddənin mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
10.1. Sosial
yardımın məbləğinin dəyişdirilməsinə və ya
verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar
baş verdikdə (ailənin tərkibi və ya gəlirləri
dəyişdikdə) sosial yardımın verilməsi dayandırılır və
ailənin sosial yardım almaq hüququna
yenidən baxılır.
10.2. Bu Qanunun 10.1-ci maddəsində
nəzərdə tutulan hallardan biri baş verdikdə sosial yardım alan ailə bu
barədə müvafiq icra hakimiyyəti orqanına 7 gün
müddətində məlumat verməlidir. Sosial yardımın təyin
olunmamasına,
məbləğinin azaldılmasına
və ya verilməsinin dayandırılmasına səbəb ola
biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin
ailə 1 il müddətinə sosial yardım almaq hüququnu itirir.
10.3. Sosial yardımın verilməsinə
təsir edəcək hallar barədə zəruri məlumatların verilməməsi,
yaxud ailə tərkibi və ailə üzvlərinin
gəlirləri barədə düzgün
olmayan məlumatların verilməsi səbəbindən artıq yardım
ödənildiyi hallarda, sosial yardım
alan ailə artıq ödənilmiş yardımın məbləğini könüllü
qaydada müvafiq icra hakimiyyəti orqanına qaytarmalıdır, bundan imtina edilərsə, bu barədə
mübahisəyə məhkəmə qaydasında baxılır.