Azərbaycan Respublikası

Ədliyyə Nazirliyində

Dövlət qeydiyyatına alınmışdır

“20” “07” 2000-ci il

Nazir F.F. Məmmədov

Qeyd№1833

 

“Azərbaycan hava Yolları”

Dövlət Konserinin

Baş direktorunun əmri ilə

təsdiq edilmişdir.

“07” iyul 2000-ci il

№ 71

______________S.S. Əsgərov

 

 

 

HAVA GƏMİLƏRİNİN İCARƏSİ (LİZİNQİ),

KİRƏLƏNMƏSİ, BİRLİKDƏ

İŞLƏDİLMƏSİ VƏ KODLARDAN BİRGƏ

İSTİFADƏ HAQQINDA

 

ƏSASNAMƏ

 

1. ÜMUMİ MÜDDƏALAR

 

1.1. Bu Əsasnamə icarəyə götürülmüş, kirələnmiş hava gəmilərindən istifadə edən və ya öz hava gəmilərini icarəyə (kirəyə) verən istismarçı aviaşirkətlərin yerinə yetirməli olduğu hüquqi və praktik istismar şərtlərini müəyyənləşdirmək məqsədilə işlənib hazırlanmışdır.

1.2.  İcarəyə verənlərə aşağıdakılar aiddir:

a)    xüsusi olaraq hava gəmilərinin alınması və ya icarəyə götürülməsi üçün yaradılmış şirkətlər;

b)  kommersiya bankları və digər maliyyə təşkilatları;

v)  hava gəmilərinin istehsalçıları;

q)  aviaşirkətlər.

1.3.  Azərbaycan Respublikası hava nəqliyyatının istismarçıları nəzərdə tutuduqları aviasiya xidmətləri proqramının yerinə yetirilməsini təmin etmək məqsədilə icarəyə götürülmüş hava gəmilərindən icarə haqqında müqavilənin və bu Əsasnamənin şərtlərinə uyğun olaraq istifadə edə bilər.

1.4.  hava gəmilərinin icarəsi haqqında müqavilələr ən azı bir il müddətinə bağlanmalıdır.

1.5.  hava gəmilərinin icarəsi haqqında müqavilələr aşağıdakı şərtlərlə bağlana bilər:

-        icarəyə verən ölkənin mülki hava gəmilərinin dövlət reyestrindən çıxarılmamaq şərtilə hava gəmilərinin icarəyə verilməsi;

-        icarəyə verən ölkənin mülki hava gəmilərinin dövlət reyestrindən çıxarılmaq şərtilə hava gəmilərinin icarəyə verilməsi;

- hava gəmilərinin ekipajsız icarəsi - bu, “natamam icarə” adlanır;

-  hava gəmilərinin ekipajla icarəsi - bu, “tam icarə” adlanır;

-  hava gəmilərinin sonradan dəyəri ödənilib alınması şərtilə lizinqi (icarəsi);

-  hava gəmilərindən və kodlardan birgə istifadə.

1.6 Azərbaycan Respublikası hava nəqliyyatı istismarçıları yalnız aşağıdakı sənədlər olmaqla icarəyə verən ölkənin aviasiya müəssisələri ilə hava gəmilərinin icarəsi haqqında müqavilə bağlaya bilər.

a)   Azərbaycan Respublikasının və icarəyə verən ölkənin mülki aviasiyasını idarə edən dövlət orqanları tərəfindən imzalanan, Razılığa kələn dövlətlərin aviasiya müəssisələrinə öz aralarında hava gəmilərinin icarəsi haqqında müqavilə bağlamaq hüquqi verən, “hava gəmilərinin icarəsi haqqında” müvafiq “Memorandum” və ya “Saziş”;

b)  müəyyən edilmiş qaydaya uyğun olaraq bu icarənin Azərbaycan Respublikasının və icarəyə verən ölkənin mülki aviasiyasını idarə edən dövlət orqanları tərəfindən rəsmi şəkildə təsdiq edilməsi;

v)  hava gəmilərinin (icarəyə verən ölkənin hava gəmilərinin dövlət reyestrindən çıxarmamaq şərtilə) icarəsi haqqında hər bir müqavilə üzrə Azərbaycan Respublikasının və icarəyə verən ölkənin mülki aviasiyasını idarə edən dövlət orqanları arasında bağlanmış “İcarəyə götürülmüş hava gəmilərinin uçuş yararlığının qorunub saxlanmasına nəzarət etmə, habelə bunların istismarının yoxlanması üçün məsuliyyətin dəqiq müəyyən edilməsi prosedurları barədə Saziş;

q)  lazım gəldikdə, Azərbaycan Respublikasının və icarəyə verən ölkənin mülki aviasiyasını idarə edən dövlət orqanları arasında bağlanmış digər “Sazişlər”

-    “uçuş yararlığı haqqında texniki razılaşma üzrə”, “hava gəmiləri təhvil verilərkən göstərilən texniki xidmətə dair məsələlər haqqında” və s.

1.7. Azərbaycan Respublikasının və xarici dövlətin istismarçı aviaşirkətləri arasında hava gəmilərinin icarəsi, kirələnməsi, mübadiləsi və birgə istifadəsi haqqında bağlanan müqavilələr aşağıdakı tələblərə cavab verməlidir.

-   Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə, Azərbaycan Respublikasının qoşulduğu hava nəqliyyatı haqqında hökümətlər arası Sazişlərə, Beynəlxalq mülki aviasiya haqqında Konvensiyanın müddəalarına və onun Əlavələrinə uyğun olmalı və mütləq Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı ilə razılaşdırılmalıdır;

-   hava gəmisini, ekipajı, daşımaları həyata keçirən şəxslərin sərnişinlər və üçüncü şəxslər qarşısında məsuliyyətini sığorta etmək vasitəsilə sığorta müdafiəsini təmin etməlidir;

icarəyə götürənin və icarəyəverənin maliyyə mənafeyinin qorunmasına dair cəhətləri dəqiq əks etdirməlidir.

1.8.  Hava gəmilərinin icarəsi, kirələnməsi, mübadiləsi və birgə istifadəsi haqqında müqavilədə aşağıdakılar üzrə məsrəflər nəzərdə tutulmalıdır;

- Azərbaycan Respublikası digər dövlətin işləyib hazırladığı uçuş yararlığı normalarını qəbul etməyibsə, xarici hava gəmisinin Azərbaycan Respublikasında qüvvədə olan uçuş yararlığı normaları üzrə sertifikasiyası;

-  bu Əsasnaməyə və Mülki aviasiyanın fəaliyyətini tənzimləyən dövlət müfəttiş orqanı üçün Təlimata uyğun olaraq həm yerdə, həm də hava da icarəyəverən və ya icarəyə götürənin hesabına (razılıq əsasında) aparılan yoxlama;

Azərbaycan Respublikasına Sazişə uyğun olaraq uçuş yararlığının qorunub saxlanmasına dair səlahiyyətlər verildikdə, Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının aviasiya heyətinin hazırlanması.

1.9.   Harada istismar edildiyindən asılı olmayaraq, Azərbaycan Respublikasının mülki hava gəmilərinin dövlət reyestrində qeydə alınmış hər bir hava gəmisi Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının müəyyən etdiyi bütün texniki tələblərə və təhlükəsizlik qaydalarına riayət etməlidir.

Azərbaycan Respublikasının istismarçıları tərəfindən icarəyə götürülən, lakin digər dövlətin tabeliyində uçuşlar yerinə yetirən hava gəmiləri qeydiyyat dövlətinin qaydalarına uyğun istismar edilməlidir.

1.10. Əkər icarəgötürənin ölkəsinin qanunları bunu tələb etmirsə, digər dövlətin istismarçısına icarəyə verilən, Azərbaycan Respublikasına məxsus hava gəmiləri Azərbaycan Respublikasının mülki hava gəmilərinin dövlət reyestrindən çıxarılmır.

Belə olduqda, istismarçının dövlətinin aviasiya orqanları ilə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı arasında uçuş təhlükəsizliyin və uçuş yararlığının qorunub saxlanması üçün məsuliyyətin tərəflər arasında bölünməsi haqqında saziş bağlanır.

1.11. İcarəyə götürülmüş hava gəmiləri haqqında icarəyə götürənin aviaşirkətinin istismarçısının Şəhadətnaməsinə (Sertifikatına) əlavə edilmiş xüsusi istismar müddəalarının (tələblərinin) “B” və “J” hissələrində qeyd yazılmalıdır.

1.12. Hava gəmisinin girələnməsi (çarter) onun icarəsindən bununla fərqlənir ki, ekipajla və ya ekipajsız icarəyə verən hava gəmisi icarəyə götürənin tam tabeliyinə keçir.

Hava gəmilərinin kirələnməsi haqqında müqavilə həmçinin “hava gəmilərinin çarteri haqqında müqavilə”, “çarter reyslərinin yerinə yetirilməsi haqqında müqavilə” (beynəlxalq daşımalar üçün) və ya “sifarişli reyslərin yerinə yetirilməsi haqqında müqavilə” (daxili daşımalar üçün) adlandırılır.

Reys çarterinin variantları - müəyyən edilmiş marşrut üzrə reys üçün hava gəmisinin kirələnməsi haqqında müqavilə, habelə taym -çarter - hava gəmisinin müəyyən müddətə kirələnməsi haqqında müqavilə (çarterə nisbətən bu müqavilədə kirə etmənin əsasları və icarə münasibətləri daha aydın göstərilir) mümkündür.

Taym-çarterlə reys çarteri arasındakı fərq ondan ibarətdir ki, hava gəmisi kirəçiyə reys üçün deyil, müəyyən müddətə verilir. Çarterin bu iki növünün dürüst müəyyən edilməsi üçün əsas meyar bunların dəyərinin hesablanması üsulundan ibarətdir. Reys çarterində reyslərin sayı nəzərə alınmaqla uçuş saatının dəyəri əsas götürülürsə, taym-çarterdə hava gəmisinin kirəçinin istifadəsində olduğu ümumi vaxt nəzərə alınır.

 

2. EKİPAJSIZ HAVA GƏMİLƏRİNİN

 İCARƏSİ

2.1. Hava gəmilərinin icarəsi haqqında müqavilədə müəyyənləşdirilməlidir ki, öz ekipajını təmsil edən icarəyəgötürən müqavilədə göstərilən hava gəmisinin uçuşlarının və bundan irəli kələn bütün öhdəliklərin yerinə yetirilməsini məsuliyyət daşıyan tərəf kimi təmin etməlidir.

2.2. İcarəyə götürülmüş hava gəmisini istismar etməyə başlamazdan əvvəl icarəyəgötürən - istismarçı Şəhadətnaməsinin sahibi aşağıdakı sübutedici sənədləri Azərbaycan Respublikasının mülki aviasiyasımı idarə edən dövlət orqanına təqdim etməlidir:

a) hava gəmisinin növü, seriya (zavod) nömrəsi və istehsal edildiyi il;

b) hava gəmisinin qeydə alınmış sahibinin (icarəyəverənin) familiyası (təşkilatın adı) və ünvanı; v) qeydiyyat dövləti və qeyd nişanları;

k) dövlət qeydiyyatı haqqında Şəhadətnamə, hava gəmisinin uçuşa yararlığı haqqında və hava gəmisinin yerdə səs üzrə yararlığı haqqında Vəsiqələrin surətləri;

d) həmin hava gəmisinin qeydiyyat dövlətinin uçuş yararlığına dair tələblərinə tam cavab verilməsi haqqında onun qeydə alınmış sahibi tərəfindən yazılı təsdiqi;

e) icarə haqqında müqaviləyə uyğun olaraq müəyyən hava gəmisinin uçuşlarının idarə olunması üçün məsuliyyət daşıyan şəxsin və ya icarəyəgötürənin  nümayəndəsinin familiyası (təşkilatın adı), ünvanı, imzası, habelə həmin şəxsin və icarə haqqında müqavilə üzrə tərəflərin tətbiq edilən qaydalara uyğun olaraq hər birinin öz məsuliyyətini tam dərk etməsi haqqında yazılı bəyanatları;

s) hava gəmisinin icarəsi haqqında müqavilənin surəti.

2.3.    Təqdim olunmuş sənədlər çox diqqətlə öyrənildikdən sonra Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı icarə haqqında müqavilə üzrə tərəflərdən hansı birinin istismarın həyata keçirilməsi üçün cavabdeh olduğunu müəyyən edir. həm də Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı aşağıdakı məsələlərdə Tərəflərin icarə haqqında müqavilədə müəyyən edilmiş öhdəliklərini nəzərdən keçirir:

a)   uçuş ekipajı üzvlərinə Şəhadətnamələrin (Sertifikatların) verilməsi;

b)  ekipaj üzvlərinin hazırlanması;

v) hava gəmisinin uçuşa yararlığı və texniki xidmətin göstərilməsi;

q)   dispetçer xidməti göstərilməsi və ya uçuşun müşahidə edilməsi;

d)   uçuş ekipajının və ekipaj üzvülərinin iş cədvəli;

e)   hava gəmisinə texniki xidmət haqqında müqavilənin olması;

c) icarəyə götürülmüş hava gəmisinin yanğından mühafizəsinin təmin edilməsinə dair tərəflərin öhdəliklərinin icarə haqqındakı müqavilədə müəyyənləşdirilməsi; “

z) hava gəmisinin uçuş və texniki istismarı üçün sənədlərin olması;

i) hava gəmilərinə texniki xidmət və sərnişinlərə xidmət üçün texniki vəsait, avadanlıq, ləvazimatın, mütəxəssis və laboratoriyaların mövcudluğu.

2.4.     Bundan savayı, istismarçı hava gəmisinin dövlət aviasiya tələblərinə, habelə hava gəmisini qeydə alan dövlətin tələb, qayda və normalarına, istismarçının göstəriş və təlimatlarına, habelə bu Əsasnamənin tələblərinə uyğun olaraq istismar ediləcəyi barədə iltizam verir.

2.5. Ekipajsız hava gəmilərinin icarəsi haqqında müqavilə məqbul olduqda, Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı ən azı aşağıdakılardan ibarət olan istismar tələblərini işləyib hazırlayır və icarəyəgötürənə istismarçı Şəhadətnaməsinin sahibinə təqdim edir:

a) icarə haqqında müqavilə üzrə tərəflərin familiyaları (təşkilatların adları) və bu müqavilənin qüvvədə olma müddəti;

b)     müqavilənin şamil olunduğu hər bir hava gəmisinin milli mənsubiyyəti və qeydiyyat nömrəsi;

v)   istifadə edilməli olan hava gəmilərinin tipi;

q)   istismar regionu (sahəsi);

d) hava gəmilərinin istismarında əməl olunacaq istismar qaydaları.

2.6. Azərbaycan Respublikasının istismarçı digər dövlət mənsubiyyətli hava gəmisini ekipajsız icarəyə götürdükdə icarəyəgötürən - istismarçı Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına 2.2 bəndində göstərilən təlimatı təqdim edir.

2.7. 2.6. bəndində qeyd edilən halda qeydiyyat dövləti Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı Saziş çərçivəsində bu Əsasnamənin 1.6. bəndinin b), v), q), yarımbəndlərində müəyyən edilən, qeydiyyat dövlətinə aid olan vəzifə, öhdəlik və məsuliyyətin bütövlüklə və ya qismən istismarçının dövlətinə verilməsi haqqında razılığa gəlirlər. Qeydiyyat dövləti və Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı ekipajsız icarəyə götürülmüş hava gəmisinin istismarına nəzarətə dair vəzifə və öhdəliklərin məqbul qaydada bölünməsi və ya verilməsi barədə razılıq əldə edə bilmədikdə, hava gəmisinin icarəsi haqqında müqavilə icarəyəgötürən ölkə olan Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən etibarsız hesab edilir.

2.8. Azərbaycan Respublikasının və icarəyəverən ölkənin aviasiyasını idarə edən dövlət orqanları arasında istismarçı - icarəyəgötürən uçuş heyyətinin qüvvədə olan Şəhadətnamə və vəsiqələrinin etibarlı sayılmasına dair müvafiq razılıq əldə olunmayıbsa, icarəyə verən ölkənin mülki aviasiyasını idarə edən səlahiyyətli dövlət orqanının razılığı ilə istismarçı nəzəri və praktik biliklərinin təsdiqi üçün öz uçuş heyətini icarəyəverən ölkəyə göndərə bilər, habelə icarəyəgötürülən hava gəmilərini qeydə almış dövlətin inspektor orqanı yuxarıda göstərilən Şəhadətnamə və Vəsiqələri qəbul edir.

2.9. İstismarçı-icarəyəgötürənin  uçuş heyətinin ilkin Şəhadətnamə və vəsiqələrinin tanınması proseduru başa çatdırıldıqdan sonra Razılığa gələn dövlətlərin mülki aviasiyasını idarə edən orqanlar yuxarıda göstərilən heyətin üzvlərinin bundan bilavasitə əvvəlki təcrübəsinə dair irəli sürülən tələblərin yerinə yetirilməsi və qeydiyyat dövlətinin qaydalarına uyğun olaraq həmin heyətin Şəhadətnamələrində qeyd olunmuş ixtisas dərəcəsinin eyni səviyyədə saxlanılması üçün məsuliyyətin qeydiyyat dövlətinə və ya istismarçının dövlətinə aid olduğunu müəyyən edir.

2.10.  İcarəyə götürülmüş hava gəmisinin istismarı üçün icazə verildikdən sonra Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının inspektorları uçuşların yerinə yetirilməsinə və bu gəmiyə texniki xidmət göstərilməsinə nəzarət edir. İnspektorun hava gəmisini qeydə alan dövlətin müvafiq qaydalarının istismarçı tərəfindən yerinə yetirilmədiyi barədə əsası olduqda o, həmin dövlətin səlahiyyətli orqanını bu barədə xəbərdar etməli və hadisənin təhqiqini tələb etməlidir.

2.11.  İstismarçının dövləti qeydiyyat dövləti tərəfindən verilən, ekipajsız icarəyə götürülən hava gəmilərinin istismarı və bunlara texniki xidmət göstərilməsinə aid olan məsuliyyəti öz üzərinə götürdükdə, həmin hava gəmiləri Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı inspektorlarının nəzarətinə götürülür.

2.12. İcarəyə götürülmüş hava gəmisinin istismarçının Şəhadətnaməsinə əlavə olunan istismar tələblərinə daxil edilməsi üçün icarəyə götürən ərizə ilə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına müraciət etməlidir.

 

3. HAVA GƏMİSİNİN EKİPAJLA BİRLİKDƏ İCARƏSİ

3.1. Hava gəmiləri ekipajla birlikdə icarəyə götürüldükdə icarəyəverən onların uçuşlarını idarə edir və onlar hava gəmilərini qeydə alan dövlətin səlahiyyətli orqanının verdiyi istismarçı Şəhadətnaməsinin müddəalarına uyğun olaraq istismar edilməlidir.

3.2.  Bu Əsasnamənin 2.2. bəndi ilə müəyyən edilmiş şərtlər.

3.3.  Bu Əsasnamənin 2.3. bəndi ilə müəyyən edilmiş şərtlər.

3.4.      Hava gəmilərinin ekipajla birlikdə icarəsi haqqında müqavilə məqbul olduqda Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı bu Əsasnamənin 2.5. bəndinin a) - d) yarımbəndlərində nəzərdə tutulan məlumatlardan ibarət istismar tələblərini işləyib hazırlayır və istismarçı Şəhadətnaməsinin sahibi olan icarəyəgötürənə təqdim edir.

3.5. Azərbaycan Respublikasının istismarçısı digər dövlətə mənsub olan hava gəmisini ekipajla birlikdə icarəyə götürdükdə, icarəgötürən - istismarçı 2.2. (3.2.) bəndində göstərilmiş məlumatı Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına təqdim edir.

3.6. 3.5. bəndində göstərilmiş vəziyyət yarandıqda, bu Əsasnamənin 2.7. bəndində nəzərdə tutulan şərtlər yerinə yetirilməlidir.

3.7. Bu Əsasnamənin 2. 8, bəndində nəzərdə tutulmuş şərtlər.

Eyni zamanda Azərbaycan Respublikası mülki aviasiyasının inspektor orqanı icarəyəgötürülən hava gəmisinin istismarçısına məxsus olan uçuş heyətinin nəzəri və praktik biliklərini təsdiq edir və Şəhadətnamə və Vəsiqələri etibarlı hesab edir.

3.8. Bu Əsasnamənin 2.9. bəndində nəzərdə tutulmuş şərtlər.

3.9. Bu Əsasnamənin 2.10. bəndində nəzərdə tutulmuş şərtlər.

3.10. Bu Əsasnamənin 12.11. bəndində nəzərdə tutulmuş şərtlər.

3.11. Əlaqədar dövlətlər arasında məsuliyyətin verilməsi haqqında razılıq əldə olunmadıqda ekipajla birlikdə icarəyə götürülmüş hava gəmisinin harada qeydə alınmasından asılı olmayaraq, istismarçı Şəhadətnaməsinə malik olan icarəyəgötürəndən aşağıdakı şərtlərin təsdiqini tələb etmək lazımdır:

a) pilotlar, hava gəmisinin mühəndisləri və şturmanları müasir tələblərə cavab verən qeydiyyat dövləti tərəfindən verilən və qüvvədə olan müvafiq Şəhadətnamə və Vəsiqələrə malik olmalıdır.

b) uçuş yararlığına dair qeydiyyat dövlətinin müəyyən etdiyi tələblərə uyğun olaraq hava gəmisi texniki xidmətlə təmin edilməlidir;

v) hava gəmisi qeydiyyat dövlətinin müvafiq qaydalarına, uçuşların yerinə yetirilməsi və texniki xidmət üzrə təlimatlara, istismarçı Şəhadətnaməsinin müddəalarına və müvafiq istismar tələblərinə uyğun olaraq istismar edilməlidir.

3.12. Bu Əsasnamənin 2.12. bəndində nəzərdə tutulmuş şərtlər.

 

4. HAVA GƏMİSİNİN İCARƏYƏ VERƏN

ÖLKƏNİN MÜLKİ HAVA GƏMİLƏRİNİN

DÖVLƏT REYESTRİNDƏN ÇIXARILMAQLA

İCARƏSİ

4.1 İcarəyə verən ölkənin mülki aviasiyasını idarə edən dövlət orqanı icarəyə götürülmüş hava gəmisinin icarəyəgötürənin ölkəsində qeydə alınmasına etiraz etmədikdə:

a)   hava gəmisi Azərbaycan Respublikasında qüvvədə olan uçuş yararlığı normalarına uyğun olaraq uçuş yararlığının sertifikasiyası, texniki xidmət və yoxlamadan keçməlidir.

b)  hava gəmisi, onun qorunması və bütün uçuşların idarə edilməsi üçün məsuliyyət istismarçı Şəhadətnaməsinə malik olan icarəyəgötürənin  (istismarçının) üzərinə qoyulur;

v)  hava gəmisinin uçuş yararlığı və buna texniki xidmət üçün məsuliyyət icarəyəgötürənin  (istismarçının) üzərinə qoyulur və ya icarəyəgötürənin  müvafiq təmir bazası və mütəxəssisləri olmadıqda müvafiq təmir müəssisəsi ilə texniki xidmət haqqında müqavilə bağlayır;

q) icarə haqqında müqavilənin müddəti dəqiq müəyyənləşdirilir;

d) hava gəmisinin qeydiyyatı icarə haqqında müqavilənin qüvvədə olduğu müddətdə qüvvədə olmalıdır və hava gəmisi Azərbaycan Respublikasının (hava gəmisini qeydə alan yeni dövlətin) bu sahədə olan normativ-hüquqi aktlarına, habelə istismarçının Şəhadətnaməsində, müvafiq istismar tələblərində, uçuşların yerinə yetirilməsi və texniki xidmət üzrə təlimatlarda göstərilmiş şərtlərə uyğun olaraq istismar edilməlidir;

e)  bu Əsasnamənin 1.8. bəndində nəzərdə tutulmuş şərtlər;

ç) istismarçı - icarəyəgötürənin  loqotipləri və Azərbaycan Respublikasının dövlət rəmzləri hava gəmisinin üzərinə çəkilməlidir.

4.2.  Bu Əsasnamənin 2.12. (3.12.) bəndində nəzərdə tutulmuş: şərtlər.

4.3.    İcarəyə verən ölkənin mülki hava gəmilərinin dövlət reyestrindən çıxarılmaq şərti ilə Azərbaycan Respublikasının istismarçıları tərəfindən icarəyə götürülmüş bütün hava gəmiləri “müvəqqəti olaraq, icarə müddətinə” sözləri yazılmaqla Azərbaycan Respublikası mülki hava gəmilərinin dövlət reyestrində qeydə alınmalıdır. Belə hava gəmilərinin müvəqqəti qeydiyyatı qaydası bu Əsasnamənin 9-cu fəslində müəyyənləşdirilmişdir.

 

5. HAVA GƏMİLƏRİNİN İCARƏYƏ VERƏN

       ÖLKƏNİN MÜLKİ HAVA GƏMİLƏRİNİN

DÖVLƏT REYESTRİNDƏN ÇIXARILMAMAQLA

İCARƏSİ

Digər dövlətdə qeydə alınmış hava gəmisinin ekipajsız icarəyə götürən Azərbaycan Respublikasının istismarçı Konvensiyanın 32-ci maddəsinin a) bəndinin tələblərini yerinə yetirmək üçün Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı tərəfindən verilmiş və cari tələblərə cavab verən etibarlı Şəhadətnamələrə malik olan uçuş və mühəndis texniki heyətdən istifadə etməli və hava gəmisinin qeydə alındığı dövlət tərəfindən həmin Şəhadətnamələrin təsdiqinə nail olmalıdır. Lazım gəldikdə, qeydiyyat dövlətindən müvafiq Şəhadətnamələrin alınması və ya təsdiq edilməsi məqsədilə istismarçı artıq onun öz müəssisəsində işləyən və qeydiyyat dövlətinin qaydalarına əsasən attestasiyaya uyğun gələ bilən heyətin zəruri nəzəri və uçuş yoxlamalarından keçməsi və ya praktik imtahanlar verməsi üçün tədbirlər görməlidir. Bu zaman uçuş və mühəndis - texniki heyətin attestasiyasının keçiriləcəyi dövlətə göndərilməsi istismarçıdan tələb edilə bilər. Həmin attestasiya nəticəsində icarəyə götürülmüş hava gəmisini qeydə alan dövlətin müvafiq Şəhadətnaməsi veriləcəkdir.

5.2.    5.1. bəndində göstərilən problemləri aradan qaldırmaq məqsədilə, əldə olunmuş razılığa əsasən istismarçının heyətini lazımi sınaqlardan və attestasiyadan keçirmək üçün hava gəmisini qeydə alan dövlətin mülki aviasiyasını idarə edən səlahiyyətli orqanının inspektorunu Azərbaycan Respublikasına dəvət etmək (göndərmək) mümkündür. Bununla əlaqədar olaraq müqavilədə həmin xidmətlərə xərclərin ödənilməsi məsələsi razılaşdırılmalıdır.

5.3.  Hava gəmisinin istismarçısı - icarəyə götürən Azərbaycan Respublikası mülki aviasiyasını idarə edən dövlət orqanına aşağıdakı məlumatları təqdim etməlidir:

icarəyə götürülmüş hava gəmisinin tipi, seriya (zavod) nömrəsi və

istehsal edildiyi il;

hava gəmisinin qeydə alınmış sahibinin (icarəyə verənin) adı və ünvanı;

hava gəmisinin qeydiyyatı haqqında Şəhadətnamənin surəti;

hava gəmisinin uçuşa yararlığı haqqında Vəsiqənin surəti və hava gəmisinin uçuşa yararlığına dair qeydiyyat dövlətinin bütün tələblərinə cavab verdiyinin həmin hava gəmisinin qeydə alınmış sahibi (onun adından işləyən şəxs) tərəfindən təsdiq edilmiş yazılı təsdiqi;

icarə haqqında müqavilədə tərəflərin tətbiq edilən qaydalardan irəli kələn öhdəlikləri öz üzərinə götürməsini təsdiq edən, icarəyə götürülmüş hava gəmisinin istismarı üçün məsuliyyət daşıyan şəxsin və ya icarəyəgötürənin adı, ünvanı və imzası;

hava gəmisinin icarəsi haqqında müqavilənin surəti.

5.4.  Bu Əsasnamənin 2.12. (3.12. və 4.12.) bəndində nəzərdə tutulmuş şərtlər.

5.5.      Qüvvədə olan qanunvericiliyə uyğun olaraq icarəyəverənin dövlətində qeydə alınmış icarəyə götürülmüş hava gəmisinin Azərbaycan Respublikasının ərazisində istismarına icazə alınmalıdır.

5.6.      İcarəyə verən ölkənin mülki hava gəmilərinin dövlət reyestrindən çıxarılmamaq şərtilə Azərbaycan Respublikasının istismarçıları tərəfindən icarəyə götürülmüş bütün hava gəmiləri müvəqqəti uçota alınmalıdır. Belə hava gəmilərinin müvəqqəti uçotu qaydası bu Əsasnamənin 10-cu fəsilində müəyyənləşdirilmişdir.

 

6. HAVA GƏMİLƏRİNİN LİZİNQİ

6.1. Azərbaycan Respublikasından hava gəmilərinin lizinqi Azərbaycan Respublikasının “Lizinq haqqında” Qanununa, digər qanunvericilik aktlarına və Azərbaycan Respublikasının iştirakçı olduğu beynəlxalq müqavilələrə (sazişlərə) uyğun tənzimlənir.

6.2. Aşağıdakılar lizinq müqaviləsinin subyektidir:

-   öz əmlakını (hava gəmilərini) lizinq müəssisəsinə satan hüquqi və fiziki şəxslər;

-   əmlakı (hava gəmilərini) satın alan və istehlakçıya icarəyə verən lizinq müəssisələri;

-   əmlakı (hava gəmilərini) icarəyə götürən hüquqi və fiziki şəxslər;

6.3. Tərəflər arasında yazılı şəkildə lizinq haqqında müqavilə bağlanır. Müqavilədə aşağıdakılar nəzərdə tutulmalıdır:

müqavilənin tərəfləri, onların hüquq və öhdəlikləri;

icarəyə verilən hava gəmisinin tərkibi və dəyəri ;

lazımi hallarda lizinqin obyekti kimi icarəyə götürülən hava gəmisi üçün icarəyəgötürənin zəmanəti;

müqavilənin qüvvədə olma müddəti;

lizinq haqqının məbləği, ödəniş müddəti və qaydası;

lizinq müddətinin qurtardığı dövr üçün hava gəmisinin qalıq dəyəri.

6.4. Lizinq müqaviləsinə qanunvericiliyə zidd olmayan müddəalar əlavə etmək olar.

6.5. Lizinq müqaviləsi bağlanarkən aşağıdakı tələblərə riayyət edilməlidir:

-    lizinq müqaviləsinin obyekti olan hava gəmisi bu müqavilədə nəzərdə tutulan təyinat üzrə istifadə edilməlidir;

-    lizinq müqaviləsinin qüvvədə olma müddətinin son həddi hava gəmisinin istehsalçısı olan - zavod tərəfindən müəyyən edilmiş istismar müddətini aşmamalıdır.

6.6.  Lizinq müqaviləsində onun qüvvədəolma müddəti qurtardıqdan sonra hava gəmisinnin lizinq müəssisəsinin razılığı ilə, qalıq dəyəri ödənilməklə icarəyə götürənin mülkiyyətinə keçməsinin mümkünlüyü nəzərdə tutula bilər.

Lizinq müqaviləsində hava gəmisinin alınması nəzərdə tutulduqda, hava gəmisinin tam dəyərinin ödənməsi qaydası və müddəti icarə haqqında müqavilədə müəyyən edilir və hava gəmisi icarəyəgötürənin mülkiyyətinə keçir.

6.7.    İcarəyəgötürən lizinq müqaviləsinin obyekti olan hava gəmisinin müqavilənin qüvvədə olma müddəti ərzində mühafizəsini və müqavilədə müəyyən edilmiş məqsədlər üçün istifadəsini təmin etməlidir.

6.8. Müqavilədə başqa şərt olmadıqda, onun qüvvədə olma müddəti ərzində hava gəmisinin istifadəsi üzrə cari xərcləri icarəyəgötürən ödəyir.

6.9. İcarəyəgötürən iflasa uğradıqda, lizinq müqaviləsinin obyekti olan hava gəmisi lizinq müəssisəsinə qaytarılır. Gələcəkdə icarəyəgötürənlə lizinq müəssisəsi arasında qarşılıqlı münasibətlər “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tənzimlənir.

6.10.     İcarəyəgötürən hava gəmisini qəbul edərkən hər hansı nöqsanı aşkara çıxartdıqda, qəbul protokolunda (təhvil-təslim aktında) müvafiq qeyd aparmalı və bu hava gəmisini satmış hüquqi və fiziki şəxslərə qarşı nöqsanların aradan qaldırılması məqsədilə tələblər irəli sürmək üçün lizinq müəssisəsini məlumatlandırmalıdır.

6.11.     İcarəyəgötürən lizinq müqaviləsi üzrə üzərinə götürdüyü bütün öhdəliklərin yerinə yetirməlidir.

6.12.  İcarəyəgötürən hüquqi və fiziki şəxslərin onun hüquqlarını və qanuni mənafelərini məhdudlaşdıran hərəkətlərindən qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəməyə şikayət etmək hüququna malikdir.

6.13.    Lizinq müəssisəsi lizinq müqaviləsi əsasında icarəyə verilmiş hava gəmisinin icarəyəgötürən tərəfindən mühafizəsinə və təyinatı üzrə istifadəsinə nəzarət etmək hüququna malikdir. Bununla əlaqədar olaraq lizinq müqaviləsində həmişə məqsədlər üçün müvafiq xərclər nəzərdə tutulmalıdır.

6.14. Lizinq müqaviləsi lizinq obyekti olan hava gəmisini lizinq müqaviləsinin qüvvədə olma müddəti ərzində mülkiyyət hüquqi ilə digər hüquqi və fiziki şəxslərə verə bilməz.

6.15.   Lizinq müəssisəsi lizinq müqaviləsinin obyekti olan hava gəmisini icarəyə verməzdən əvvəl onu müqavilənin qüvvədəolma müddətindən az olmayan müddətə sığorta etdirməlidir.

6.16.   İcarəyəgötürən lizinq haqqını ödəmədikdə və ləngitdikdə lizinq müəssisəsi icarəyəgötürəndən penya tələb edə və ya müqaviləni ləğv edə bilər.

6.17.   Lizinq müqaviləsinin obyekti olan hava gəmisinin satıcısı icarəyəgötürənə onu texniki sənədlərə (keyfiyyət, komplektlik) uyğun olaraq və müqavilədə göstərilən müddətdə təhvil verilməlidir.

6.18.   Hava gəmisinin satıcısı təminat müddəti ərzində hava gəmisində icarəyəgötürənin günahı olmadan yaranmış bütün qüsurları öz vəsaiti hesabına aradan qaldırmalıdır.

6.19.  Lizinq müqaviləsinə aşağıdakı hallarda xitam verilir: -müqavilənin qüvvədəolma müddəti qurtardıqda; icarəyəgötürənin müəssisəsi ləğv edildikdə ; icarəyəgötürənin  və lizinq müəssisəsinin qarşılıqlı razılığı əsasında;

məhkəmənin qərarı əsasında;

əmlak qarşısıalınmaz qüvvə nəticəsində məhv edildikdə;

qanunvericilikdə və müqavilədə nəzərdə tutulmuş digər hallarda.

6.20. İcarəyəgötürən lizinq müqaviləsinin obyekti olan hava gəmisini almaq hüququnu müqavilədə nəzərdə tutulmadıqda və ya o bu hüquqdan istifadə etmək istəmədikdə, hava gəmisi müqavilənin müddəti qurtardıqda lizinq müəssisəsinə qaytarılır.

6.21. Lizinq müqaviləsi icarəyəgötürənin günahı üzündən pozulduqda o, hava gəmisini lizinq müəssisəsinə qaytarır və vurduğu zərəri ödəyir.

6.22.     Lizinq müqaviləsi lizinq müəssisəsinin günahı üzündən pozulduqda o hava gəmisini geri almaqla bərabər icarəyəgötürənə vurduğu zərəri də ödəyir.

6.23.     Müqavilənin bağlanması, icrası və qüvvədən düşməsilə bağlı mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həll edilir.

 

7. HAVA GƏMİLƏRİNİN KİRƏLƏNMƏSİ

(ÇARTER)

7.1. Kirəçi təşkilatlar. əvvəlcədən (çarter reyslərinin yerinə yetirilməsinə başlamazdan bir ay əvvəl) çarter daşımalarının həcmini uçuş marşurutlarını, o baş-bu baş reys üçün nəzərdə tutulan yükləməni göstərməklə hava gəmilərinin tiplərini Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı ilə razılaşdırmalıdır.

Çarter daşımalarının həcmi razılaşdırıldıqda Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı respublikanın müntəzəm surətdə daşımalar yerinə yetirən aviaşirkətlərinin mənafelərini və rəqabət qabiliyyətini müdafiə etmək məqsədilə həmin çarter daşımalarının mülki aviasiya şirkətləri tərəfindən yerinə yetirilməsinin mümkünlüyünü nəzərə alır.

7.2. Hava gəmilərinin kirələnməsi haqqında müqaviləyə əsasən Tərəflərdən biri (kirayə verən) bir və ya bir neçə hava gəmisinin bütün tutumunu və ya tutumunun bir hissəsini sərnişin, baqaç, yük, poçt daşımaq üçün və ya başqa məqsədlə haqqını almaq şərti ilə bir və ya bir neçə reys müddətinə digər Tərəfə verməyi öz öhdəsinə götürür.

7.3. Kirələmə haqqında müqavilədə Tərəflərin adı, hava gəmisinin tipi, kirələmənin məqsədi, daşınan sərnişinlərin maksimal sayı, daşınan baqacın , yüklərin və poçtun maksimal həcmi, kirə haqqının miqdarı, hava gəmisinin yola düşmə yeri və vaxtı, təyinat məntəqəsi nəzərdə tutulmalıdır. Kirələmə haqqında müqaviləyə digər şərtlər də əlavə edilə bilər.

7.4. Kirəyə verən hava gəmisinin tutumunu vaxtında təqdim etməli və onu müqavilənin qüvvədəolma müddəti ərzində müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadəyə yararlı vəziyyətdə saxlamalıdır.

Kirəyə verən uçuş təhlükəsizliyini təmin etmək məqsədilə hava gəmisinin yola düşmə vaxtını dəyişə, uçuşu ləğv edə, uçuş zamanı hava gəmisinin yerə endirilməsini, dayandırılmasını tələb edə, lazımi təmir işlərini apara, marşurutu dəyişə bilər, habelə müqavilənin şərtlərinə uyğun olaraq hava gəmisinə götürülən sərnişinlər baqac, yük və poçtun həcmini azalda bilər.

7.5.  Kirəçi müqavilədə nəzərdə tutulan kirə haqqını vaxtında ödəməli, sərnişinlərin, baqaç, yük, və poçtun təyinat məntəqəsinə vaxtında çatdırılmasını təmin etməlidir.

Kirəyə verənin razılığı ilə kirəçi kirələnmiş hava gəmisini subçarterə verə bilər.

Kirəçi hava gəmisinin kirələnməsi haqqında müqavilədə nəzərdə tutulan cəriməni ödəməklə müqavilədən imtina edə bilər.

7.6.  Hava gəmisinin kirələnməsi haqqında müqavilənin hər hansı tərəfi müqavilənin şərtlərinin yerinə yetirilməsində günahı olmadığını sübut etdikdə müvafiq məsuliyyətdən azad olunur.

Hava gəmisi kirəyə verəndən asılı olmayaraq istismara yararsız vəziyyətə düşdükdə, kirəyə verən bu vəziyyət üçün kirəçi qarşısında məsuliyyət daşımır.

7.7. Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq Sazişlərə zidd olmayan öhdəliklər hava gəmisinin kirələnməsi haqqında müqaviləyə əlavə edilə bilər.

7.8.    Azərbaycan Respublikası hava Məcəlləsinin VII və VIII fəsilələrində nəzərdə tutulan, sərnişin və yükləri daşıyanın məsuliyyətinə aid olan müddəalara əsasən, kirəyə verən kirələnmiş hava gəmilərində daşımalar yerinə yetirərkən sərnişinlər, yük göndərənlər və alanlar qarşısında məsuliyyət daşıyır.

7.9.    Azərbaycan Respublikasının hava gəmisini digər dövlətin sifarişçisi baza yerin dəyişməklə kirələdikdə, Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı kirəçinin hesabına operativ texniki xidmət bazasının sertifikasiyasını keçirir və istismarçının fəaliyyətinə müntəzəm nəzarət edir.

 

8. HAVA GƏMİLƏRİNDƏN VƏ KODLARINDAN

BİRGƏ İSTİFADƏ

8.1. Azərbaycan Respublikasının aviasiya şirkətləri və digər dövlətlər qarşılıqlı razılıq əsasında hava gəmilərini birgə istifadə edə bilər.

8.2. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən aviasiya şirkətləri, Azərbaycan Respublikasının qanunları və mənafelərinə zidd deyilsə, mülkiyyət formasından asılı olmayaraq Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanının razılığı ilə qarışıq və birgə daşımalar üzrə əməkdaşlıqda iştirak edə bilər.

8.3.    Azərbaycan Respublikası və Razılığa kələn dövlətlər tərəfindən birgə istifadə edilən bütüm hava gəmiləri birgə istifadə edilən hava gəmilərinin reyestrinə daxil edilməlidir.

Birgə istifadə edilən hava gəmiləri birgə fəaliyyət müddətində Azərbaycan Respublikasının hava limanlarında yerləşdirilirsə, onların üzərinə Azərbaycan aviasiya şirkəti - icarəyəgötürənin atributları və respublikanın loqotipləri çəkilməlidir.

8.4.  Kodların birgə istifadəsi elə bir fəaliyyət növüdür ki, buna uyğun olaraq sərnişin və yük reyslərini yerinə yetirən bir istismarçı digər istismarçının aviasiya şirkətinin kod işarəsini işlətmək üçün ondan icazə alır.

8.5. Beynəlxalq mülki aviasiya təşkilatının (İKAO) sənədlərində, o cümlədən digər istismarçının 3 hərfli çağırış siqnalından istifadə edilməsi daxil olmaqla “Aviasiya şirkətinin kodlarından birgə istifadənin nəticələrində (269-at PO saylı təmimnamə) nəzərdə tutulmuş bütün əməkdaşlıq formaları kodların birgə istifadəsinə aiddir.

8.6. Godların birgə istifadəsi haqqında müqavilə Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanı ilə razılaşdırılmalıdır. Bu müqaviləni razılaşdırmadan uçuş yerinə yetirmək qadağandır.

Sərnişin və yük daşıyan aviaşirkətlər tərəfindən kodların birgə istifadəsi üçün aşağıdakılar perespektiv baxımından səmərəli əsasdır:

-   aviasiya daşımaları bazarında daim artan rəqabət şəraitində öz mövqeyini qoruyub saxlamaq, müdafiə etmək və möhkəmləndirmək üçün digər aviasiya daşıyıcıları ilə əməkdaşlıq (kooperasiya) əlaqələrinin qurulması;

-   daşımaların həcmi nəzərə alınmaqla reyslərin iki aviasiya daşıyıcısı tərəfindən yerinə yetirilməsi məqsədə uyğun hesab edilmədikdə, etibarlı daşımaların həyata keçirilməsi üçün birgə fəaliyyət göstərən aviasiya daşıyıcıları - istismarçılara imkan yaradılması;

- hava nəqliyyatı haqqında ikitərəfli sazişlərin daşınan yükün həcmini müəyyən edən müddəalarına uyğun olaraq yükün müəyyən məntəqələrə daşınmasına dair məhdudiyyətləri aradan qaldırmaq şərtilə bazara daha geniş çıxış imkanının əldə edilməsi.

Kodları birgə istifadə etdikdə bir aviasiya şirkəti başqa bir aviasiya şirkətinin müəyyən xidmətlərini özününkü kimi tənzimləyir və satır, başqa sözlə, kodların birgə istifadəsi birdən artıq aviasiya şirkətinə nəqliyyat xidmətləri təklif etməyə və satmağa imkan verir.

Kodları birgə istifadə etmək üçün mütləq şərtlərdən biri Saziş (müqavilə) bağlamaq və bu Sazişdə gəlirlərin hansı hissəsinin həqiqi istismarçıya, hansı hissəsinin isə aviasiya nəqliyyatı xidmətlərini satan şirkətə çatacağını nəzərdə tutmaqdan ibarətdir.

Kodların birgə istifadəsində geniş əməkdaşlığı həyata keçirdikdə birgə fəaliyyətin aşağıdakı istiqamətləri Sazişdə (müqavilədə) əks etdirilməlidir:

-  yerlərin bronlanması;

-  yük və baqajın emalında və yerüstü xidmətlərin göstərilməsində əməkdaşlıq;

-  texniki xidmət idarələrinin fəaliyyətinin əlaqələndirilməsi;

-  əsas tədarüklə, məsələn yanacaq, ehtiyat hissələrinin və s. -satın alınması ilə əlaqədar fəaliyyətin əlaqələndirilməsi;

- birgə müəssisə;

- hava limanı vasitələrinin birgə istifadəsi; və i. a.

 

9. İCARƏYƏ GÖTÜRÜLMÜŞ HAVA

 GƏMİLƏRİNİ MÜVƏQQƏTİ OLARAQ QEYDƏ

ALMA QAYDASI

 

9.1.  Azərbaycan Respublikasında aviasiya şirkətləri tərəfindən icarə (lizinq) şərtləri əsasında istismar edilən və icarəyə verən ölkənin mülki hava gəmilərinin Dövlət reyestrindən çıxarılan bütün hava gəmilərini icarə müddətindən asılı olmayaraq “müvəqqəti olaraq, “00”----------- 0000 ilədək icarə müddətinə” sözləri yazılmaqla Azərbaycan Respublikası hava gəmilərinin dövlət reyestrinə daxil etmək lazımdır. Belə hava gəmisi üçün “Müvəqqəti qeydiyyat haqqında Şəhadətnamə” (Forma “A”) verilir.

Hava gəmisi Azərbaycan Respublikasının mülki hava gəmilərinin Dövlət reyestrinə daxil edilməyənədək, hava gəmisi üçün qeydiyyat haqqında müvəqqəti Şəhadətnamə verilməyənədək və icarəyə verən ölkənin mülki aviasiyasını idarə edən dövlət orqanı ilə müvafiq hüquqi məsələlər həll edilməyənədək, həmin gəminin istismarı qadağandır.

9.2.    Müvəqqəti qeydiyyat haqqında Şəhadətnaməni almaq üçün Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlət orqanına aşağıdakı sənədləri təqdim etmək lazımdır:

- icarəyə götürülmüş hava gəmisinin müvəqqəti qeydə alınması haqqında Şəhadətnaməni almaq üçün ərizə (Əlavə №1)

- həmin hava gəmisinin icarəsi (lizinqi) haqqında müqavilənin (kontraktın) surəti. HG-nin birdən artıq sahibi olduqda hava gəmisinin icarəyə (lizinqə) verilməsinə dair əmlakın bütün şəriklərinin razılığı haqqında sənəd müqavilənin surətinə əlavə edilir. Əmlak (və ya bunun bir hissəsi) dövlətə məxsus olanda icarəyə verən ölkənin dövlət əmlakını idarə edən dövlət orqanının icazəsini (razılığını) bildirən sənəd təqdim edilir;

- icarəyə götürülmüş hava gəmisinin qeydiyyat dövlətinin Dövlət reyestrindən çıxarılması haqqında Şəhadətnamə.

- Hava gəmisinin uçuşa yararlığı haqqında Sertifikat və ixracat vəsiqəsi

- ekipaj üzvlərinin və hava gəmisi bələdçilərinin qüvvədə olan Şəhadətnamələrinin surətləri (hava gəmisi tam icarəyə götürüldükdə).

9.3. Bütün hallarda hava gəmisinin icarəsi (lizinqi) haqqında müqaviləyə (kontraktla) icarə müddətində hava gəmisinin üzərinə - kimin fərqləndirici nişanlarının çəkiləcəyini uçuş təhlükəsizliyinin təmin edilməsi və hava gəmisinin uçuşa yararlı vəziyyətdə saxlanmasına nəzarət üçün hansı tərəfin cavabdeh olduğunu dəqiq müəyyənləşdirən müddəa daxil edilməlidir.

9.4. İcarəyə götürülmüş hava gəmisinin müvəqqəti olaraq qeydə alınması və qeydiyyat haqqında Şəhadətnamə haqqı ödənilməklə verilir. İcarəyə götürülmüş hava gəmisinin müvəqqəti olaraq qeydə alınması üçün rüsum miqdarı və alınması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

 

10. İCARƏYƏ GÖTÜRÜLMÜŞ HAVA

GƏMİLƏRİNİN MÜVƏQQƏTİ UÇOTU

QAYDASI

 

10.1 Azərbaycan Respublikasında aviasiya şirkətləri tərəfindən icarə (lizinq) şərtləri əsasında istismar edilən, icarəyə verən ölkənin mülki hava gəmilərinin Dövlət reyestrindən çıxarılmayan bütün hava gəmilərini icarə müddətindən asılı olmayaraq, Vərəqədə “müvəqqəti olaraq “00---------0000 ilədək icarə müddətinə” sözləri yazılmaqla müvəqqəti uçota alınmalıdır. Velə NG üçün “Azərbaycan Respublikasında hava gəmilərinin müvəqqəti uçot kartı” (Forma “V”) verilir və hava gəmisinin icarəyə verən ölkə tərəfindən qeydə alınma haqqında Şəhadətnamə ilə birlikdə hava gəmisində saxlanılır.

Hava gəmisi “Azərbaycan Respublikasında hava gəmilərinin müvəqqəti uçotu Kitabı”na salınmayanadək, hava gəmisi üçün “Müvəqqəti uçot vərəqi” verilməyənədək və icarəyə verən ölkənin mülki aviasiyasını idarə edən dövlət orqanı ilə müvafiq hüquqi məsələlər həll edilməyənədək (bax bu Əsasnamənin 1.6. bəndinə) hava gəmisinin istismarı qadağandır.

10.2. “Müvəqqəti uçot kartı”nı əldə etmək üçün istismarçı aviaşirkət bu Əsasnamənin 9.2. bəndində nəzərdə tutulmuş şərtləri yerinə yetirməlidir.

10.3. Bu Əsasnamənin 9.3. bəndində nəzərdə tutulmuş şərtlər. 10.4. 10.2 bəndində göstərilən, təqdim edilən sənədlər əsasında Azərbaycan Respublikasının mülki aviasiyanı idarə edən dövlət orqanı “İcarəyə götürülmüş hava gəmilərinin uçuşa yararlı vəziyyətdə saxlanması və istismarı üçün məsuliyyətin bölünməsi prosedurları haqqında icarəyə verən ölkənin və Azərbaycan Respublikasının mülki aviasiyasını idarə edən dövlətin orqanları arasında Saziş” hazırlayır.

10.5. İcarəyə götürülmüş hava gəmisi haqqı ödənilməklə müvəqqəti uçota alınır. İcarəyə götürülmüş hava gəmisinin müvəqqəti uçota alınması üçün rüsum miqdarı və alınması qaydası Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilir.

 

 

 


Hava gəmilərinin icarəsi (Lizinqi),

kirələnməsi, birlikdə işlədilməsi və kodlardan

birgə istifadə haqqında Əsasnaməyə

1 № -li Əlavə

 

Azərbaycan Respublikasının mülki

aviasiyasını idarə edən dövlət orqanına

 

ƏRİZƏ

 

Xahiş edirəm (sahibkar) _______________________________________________________

istismarçı ____________________________________________________________________

məxsus olan, “__”_____________ 0000 il tarixli ___________________ № -li müqavilə

(kontrakt) əsasında _______________________________________________ tərəfindən

göndərilmiş _____________________ “ ___“ __________________________0000 ilədək

                                      (təyyarə, vertolyot)

icarə müddətinə Azərbaycan Respublikasının mülki hava gəmilərinin Dövlət reyestrinə daxil edəsiniz və müvəqqəti qeydiyyat haqqında Şəhadətnamə verəsiniz.

 

Hava gəmisi haqqında məlumat:

1.     Tip ___________________________________________________________________________

2.     Zavod (seriya) nömrəsi və istehsal edildiyi il _______________________________________

3.     Sonuncu təmirin tarixi __________________________________________________________

4.     Hava gəmisinin təyinatı _________________________________________________________

5.     Texniki baxışın və ya uçuş sınağının tarixi _________________________________________

6.     Texniki baxışı və ya uçuş sınağını aparmışdır ______________________________________

7.     İcarə müddətində yerləşmə bazası ________________________________________________

İstismar edən

8.     təşkilatın rəhbəri _______________________________________________________________

                                                     (imzası, soyadı, adı atasının adı)

 

M.Y.                                                                      “___“_____________ 0000 il

 

Rekvizitlər:

Sahibkar:                 Ünvan__________________________________________________________

                                  Telefon (telefaks) ________________________________________________

İstismarçı:                Ünvan ___________________________________________________________

                                 Telefon (telefaks) _________________________________________________

 

 

 


Hava gəmilərinin icarəsi (lizinqi),

kirələnməsi, birlikdə işlədilməsi və kodlardan

birgə istifadə haqqında Əsasnaməyə

2 № -li Əlavə

 

Azərbaycan Respublikasının mülki aviasiyasını

idarə edən dövlət orqanına

 

ƏRİZƏ

 

 

Xahiş edirəm (sahibkar)____________________________________________________(istismarçı)

_________________________________________________________________________məxsus olan,

“__” ____________ 0000 il tarixli _______________________№ -Ii müqavilə (kontrakt) əsasında

___________________________________________________________________________tərəfindən

göndərilmiş __________________________________________”___”_______________ 0000 ilədək

(təyyarə, vertolyot)

icarə müddətinə müvəqqəti uçota alasınız və Müvəqqəti uçot kartı verəsiniz.

 

Hava gəmisi haqqında məlumat:

1.      Tip _________________________________________________________________________

2.      Zavod (seriya) nömrəsi _______________________________________________________

3.      İstehsal edildiyi (son dəfə təmir edildiyi) tarix ___________________________________

4.     Hava gəmisinin təyinatı _______________________________________________________

5.     Texniki istismarı və ya uçuş sınağının tarixi ______________________________________

6.         Texniki baxışı və ya uçuş sınağını aparmışdır ____________________________________

7.         İcarə müddətində yerləşmə bazası ______________________________________________

 

İstismar edən

təşkilatın rəhbəri ­­­­­__________________________________________________________________

(imzası, soyadı, adı atasının adı)

 

M.Y.                                                                                                    “__” _____________0000 il

Rekvizitlər:

Sahibkar:               Ünvan ___________________________________________________________

                               Telefon (telefaks) __________________________________________________ 

 

İstismarçı              Ünvan ___________________________________________________________

                               Telefon (telefaks) __________________________________________________

 

İcarəyəgötürən:   Ünvan ___________________________________________________________

                                Telefon (telefaks) __________________________________________________