Elektron ticarət haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında elektron
ticarətin təşkili və həyata keçirilməsinin hüquqi əsaslarını,
onun iştirakçılarının hüquq və vəzifələrini, habelə
elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyəti
müəyyən edir.
I f ə
s i l
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda aşağıdakı əsas anlayışlardan
istifadə edilir:
1.0.1.
elektron ticarət - informasiya sistemlərindən istifadə
edilməklə malların alqı-satqısı, xidmətlərin göstərilməsi
və işlərin görülməsi (o
cümlədən, İnternet şəbəkəsi vasitəsi ilə
elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin,
virtual oyunların, proqram təminatlarının yüklənməsi,
reklamların yerləşdirilməsi, digər analoji iş və xidmətlər)
üzrə həyata keçirilən fəaliyyət;[1]
1.0.2.
elektron ticarətin iştirakçıları - elektron ticarətin həyata
keçirilməsi zamanı satıcı (təchizatçı), alıcı (sifarişçi) və
elektron sənəd dövriyyəsi vasitəçisi kimi çıxış edən
hüquqi və fiziki şəxslər;
1.0.3.
satıcı (təchizatçı) - malları satan (xidmətləri göstərən,
işləri görən) elektron ticarət iştirakçısı;
1.0.4.
alıcı (sifarişçi) - malları alan (xidmətləri, işləri sifariş edən)
elektron ticarət iştirakçısı;
1.0.5.
elektron sənəd dövriyyəsi vasitəçisi (bundan sonra - vasitəçi)
elektron sənədi göndərən və alan arasında elektron sənəd
dövriyyəsi xidmətlərini göstərən fiziki və ya
hüquqi şəxs;
1.0.6.
kommersiya bildirişi - satıcı (təchizatçı) tərəfindən
malların yayılmasına, xidmətlərin göstərilməsinə, işlərin
görülməsinə və ya onun imicinin formalaşdırılmasına birbaşa,
yaxud dolayı yolla xidmət edən məlumat;
1.0.7.
POS-terminal – ödəniş kartları vasitəsilə əməliyyatların
aparılması, habelə nağd pul vəsaitinin əldə edilməsi
üçün nəzərdə tutulmuş avadanlıq; [2]
1.0.8.
kart təşkilatı – kartlar vasitəsilə aparılan əməliyyatlar
haqqında məlumatların ötürülməsi, toplanması, emalı və klirinqi,
həmçinin kartların emissiyasına və ekvayrinqinə texniki xidmət
göstərən mərkəz (prosessinq fəaliyyətini həyata
keçirən banklar və digər hüquqi şəxslər) və ya
beynəlxalq kart təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi,
filialı və ya digər bölməsi;
1.0.9. elektron pul kisəsi –
fiziki və hüquqi şəxslər tərəfindən köçürülmüş
pul vəsaitlərini saxlamağa və onların tapşırığı ilə
elektron ödənişləri həyata keçirməyə imkan verən,
bank və ya kredit təşkilatı sayılmayan proqram təminatı.
Maddə 2. Qanunun tətbiq
sahəsi
2.1.
Maliyyə bazarı, o cümlədən sığorta və qiymətli
kağızlar bazarı istisna olmaqla, bu Qanun Azərbaycan Respublikasında bütün
digər sahələrdə həyata keçirilən elektron ticarətə
şamil olunur.
2.2.
Maliyyə bazarında, o cümlədən sığorta və qiymətli
kağızlar bazarında elektron ticarətlə bağlı münasibətlər Azərbaycan
Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir.
2.3.
Bu Qanun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
notarial qaydada təsdiqlənməli
və ya dövlət qeydiyyatına alınmalı olan müqavilələrə
şamil edilmir.
2.4. Ələt
azad iqtisadi zonasında elektron ticarətin təşkili və həyata
keçirilməsi ilə bağlı münasibətlər “Ələt azad
iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun olaraq tənzimlənir.[3]
Maddə 3. Elektron ticarət haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
3.1. Elektron ticarət haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının
Konstitusiyasından, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən,
“Elektron imza və elektron sənəd haqqında” Azərbaycan
Respublikasının Qanunundan, bu Qanundan və digər normativ hüquqi
aktlardan, habelə Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
3.2. Əqdlərin elektron formada bağlanması ilə
əlaqədar məsələlər bu Qanunla və elektron sənəd
dövriyyəsinə dair qanunvericiliklə, əqdlərdən irəli
gələn öhdəliklərin məzmunu və icrası ilə
bağlı məsələlər isə, bu Qanunun 10-cu maddəsində
nəzərdə tutulan məsələlər istisna olmaqla,
mülki qanunvericiliklə tənzimlənir.
I I f ə
s i l
ELEKTRON
TİCARƏTİN TƏŞKİLİ
Maddə 4. Elektron ticarətin əsas prinsipləri
4.1. Azərbaycan Respublikasında elektron ticarətin
hüquqi tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:
4.1.1. iştirakçıların hüquq bərabərliyi;
4.1.2. iştirakçıların iradə sərbəstliyi;
4.1.3. iştirakçıların əmlak müstəqilliyi;
4.1.4. mülkiyyətin toxunulmazlığı;
4.1.5. müqavilə azadlığı;
4.1.6. sahibkarlıq fəaliyyətinin maneəsiz
həyata keçirilməsi;
4.1.7. azad və ədalətli rəqabət;
4.1.8. malların, xidmətlərin və maliyyə
vəsaitlərinin sərbəst hərəkəti;
4.1.9. hüquqların məhkəmədə müdafiəsinə
təminat verilməsi.
4.2. Hüquqi və fiziki şəxslərin
elektron ticarət sahəsində hüquq və vəzifələr
əldə etməsinə və həyata keçirməsinə
yalnız Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən
məhdudiyyətlər qoyula bilər.
4.3. Elektron ticarətin həyata keçirilməsinə
xüsusi razılıq (lisenziya) tələb olunmur. Xüsusi razılıq (lisenziya)
tələb olunan fəaliyyət sahələrində elektron
ticarət aparıldıqda, satıcı (təchizatçı) qanunvericilikdə müəyyən
edilmiş qaydada həmin fəaliyyətə xüsusi razılıq (lisenziya)
almalıdır.
4.4. Hüquqi və fiziki şəxslər elektron
ticarət sahəsində hüquq və vəzifələrini
qanunvericiliyə və bağladıqları müqavilələrə əsasən
əldə edir və həyata keçirirlər.
Maddə 5. Elektron ticarətin iştirakçılarına olan tələblər
5.1. Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq fəaliyyətə xüsusi razılıq (lisenziya) nəzərdə
tutulan hallar istisna olmaqla, mövcud qanunvericiliyə müvafiq qaydada
hüquqi şəxs dövlət qeydiyyatından keçdiyi və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə
etdiyi andan satıcı (təchizatçı) kimi fəaliyyətə başlaya
bilər.
5.2. Satıcının (təchizatçının) alıcılara
(sifarişçilərə) təqdim etdiyi bütün məlumatlar Azərbaycan
dilində və ya tərəflərin razılaşdırdığı digər
dildə, xüsusi biliyə malik olmayan alıcı (sifarişçi) tərəfindən
aydın və birmənalı başa düşülən şəkildə ifadə
olunmalıdır.
5.3. Satıcı (təchizatçı) özü barədə
aşağıdakı zəruri məlumatlarla alıcıların (sifarişçilərin) və
səlahiyyətli dövlət orqanlarının tanış olmasına imkan
yaratmalıdır:
5.3.1. hüquqi şəxsin adı, dövlət qeydiyyatı,
təşkilati-hüquqi forması, ünvanı və ya fiziki şəxsin soyadı, adı
və atasının adı, ünvanı;
5.3.2. əlaqə məlumatları (telefon,
faks, İnternet və elektron poçt ünvanları);
5.3.3. satıcının (təchizatçının) ticarət
reyestrində və ya digər reyestrdə qeydiyyatı olduğu halda,
reyestrin adı, qeydiyyat nömrəsi və ya digər identikləşdirmə
məlumatı (satıcı (təchizatçı) peşə üzrə fəaliyyət
göstərərkən isə qeydiyyatdan keçdiyi müvafiq dövlət
orqanının və ya digər qurumun adı, peşə üzrə ixtisas dərəcəsi,
peşə qaydaları və bu qaydalarla tanışlıq imkanı barədə məlumat);
5.3.4. sahibkarlıq fəaliyyətinə xüsusi
razılıq (lisenziya) tətbiq olunan halda xüsusi razılıq (lisenziya) və
onu vermiş dövlət orqanı barədə məlumat;
5.3.5. vergi ödəyicisinin eyniləşdirmə
nömrəsi (VÖEN);
5.3.6. malların, xidmətlərin və işlərin
qiymətinə verginin və malın (xidmətin, işin) çatdırılma
haqqının daxil olub-olmaması və onların məbləği barədə
məlumat;
5.3.7.
ödənişlərin POS-terminal, İnternet şəbəkəsi və
elektron pul kisəsi vasitəsi ilə aparılması barədə məlumatlar.[4]
5.4. Alıcı (sifarişçi) bu Qanunla, mülki
qanunvericiliklə, o cümlədən istehlak çıların hüquqlarının
müdafiəsi haqqında qanunvericiliklə və elektron ticarət
iştirakçıları arasında bağlanmış müqavilələrlə nəzərdə
tutulmuş hüquq və vəzifələrə malikdir.
5.5. Vasitəçi məhkəmənin qərarı
və ya qanunvericilikdə nəzərdə tutulmuş səlahiyyətli
dövlət orqanının müraciəti əsasında hüquq pozuntularının
qarşısının alınması məqsədilə göstərdiyi xidməti
dayandırır, informasiyanın saxlanılması xidmətini göstərdiyi halda isə,
həmçinin informasiyanı silir və ya ona çıxışı məhdudlaşdırır.
5.6. Satıcı (təchizatçı) elektron ticarət çərçivəsində
malların (işlərin, xidmətlərin) təqdim edilməsini
İnternet şəbəkəsi vasitəsilə ödəmək imkanı
verən ödəniş proqramının təminatçısı ilə bağlanmış müqavilə
əsasında həyata keçirir. [5]
5.7.
Satıcı özü barəsində bu Qanunun 5.3-cü maddəsində nəzərdə
tutulan məlumatları alıcıların (sifarişçilərin) və səlahiyyətli
dövlət orqanlarının tanış olmasına imkan yaratmadıqda, onun ölkə ərazisində
fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən
məhdudlaşdırılır.
I I I f ə
s i l
ELEKTRON
TİCARƏTİN HƏYATA KEÇİRİLMƏSİ
Maddə 6. Kommersiya bildirişi
6.1. Elektron ticarətin təşviq edilməsi
məqsədilə satıcı (təchizatçı) kommersiya bildirişindən
istifadə edə bilər. Kommersiya bildirişi aşağıdakı şərtlərə
cavab verməlidir:
6.1.1. bildirişin kommersiya xarakterli olması aydın
bildirilməlidir;
6.1.2. kommersiya bildirişini göndərənin adı
və ünvanı dəqiq göstərilməlidir;
6.1.3. satışı stimullaşdırmaq məqsədilə
qanunvericiliklə icazə verilmiş güzəştlər, mükafatlar və
hədiyyələr kimi təkliflər aydın göstərilməli,
onların əldə edilmə şərtləri açıq, birmənalı ifadə
olunmalı və bu təkliflərlə asanlıqla tanış olmağa imkan
yaradılmalıdır;
6.1.4. satışı stimullaşdırmaq məqsədilə
qanunvericiliklə icazə verilmiş yarışlar və oyunlar barədə
məlumatlar aydın göstərilməli, onlarda iştirak şərtləri
açıq, birmənalı ifadə olunmalı və bu təkliflərlə
asanlıqla tanış olmağa imkan yaradılmalıdır.
6.2. Satıcıya (təchizatçıya) birbaşa müraciət
etməyə imkan verən məlumatlar, o cümlədən,
İnternet və elektron poçt ünvanları, mallar (xidmətlər, işlər)
və ya onların satıcısı (təchizatçısı) barədə sərbəst
surətdə, xüsusən də xərc çəkmədən əldə
edilmiş məlumatlar kommersiya bildirişinə aid edilmir.
6.3. Alıcının (sifarişçinin) razılığı olmadan satıcı
(təchizatçı) tərəfindən elektron poçt vasitəsilə
təşəbbüs xarakterli kommersiya bildirişləri göndərilə
bilər. Satıcı (təchizatçı) təşəbbüs xarakterli kommersiya
bildirişlərini almaq istəməyən şəxslərin
qeydiyyatdan keçməsinə imkan yaratmalı və bu qeydiyyata riayət
etməlidir. Təşəbbüs xarakterli kommersiya bildirişlərinə
cavab verilməməsi aksept hesab olunmur.
Maddə 7. Müqavilənin bağlanması
7.1. Elektron ticarətdə satıcı (təchizatçı)
ilə alıcı (sifarişçi) arasında müqavilələr elektron sənəd
formasında bağlanır.
7.2. Müqavilə bağlamaq təklifi (oferta), o
cümlədən qeyri-müəyyən şəxslər dairəsinə
ünvanlanmış oferta (ümumi oferta) oferentin özü və ya bu təkliflə
bağlı onun adından hərəkət etmək səlahiyyəti
verilmiş şəxs tərəfindən, yaxud onların proqramlaşdırdığı və
avtomatik fəaliyyət göstərən informasiya sistemi vasitəsilə
göndərilə bilər.
7.3. Müqavilənin şərtləri xüsusi biliyə
malik olmayan alıcı (sifarişçi) tərəfindən dəqiq və
birmənalı başa düşülən şəkildə tərtib edilməlidir,
həmçinin müqavilə onunla tanış olmağa və onu saxlamağa imkan verən
formada hazırlanmalıdır.
7.4. Müqavilənin bəzi şərtləri digər
elektron sənədə istinadən verilə bilər və bu
səbəbdən müqavilə etibarsız sayıla bilməz. Bu halda
satıcı (təchizatçı) müqavilənin qüvvədə olduğu müddətdə
istinad olunan elektron sənədə çıxış imkanı təmin etməlidir.
7.5. Müqavilə satıcının (təchizatçının) ona
aksept aldığı andan bağlanmış hesab olunur. Əgər tərəflər
arasındakı razılığa əsasən digər hallar nəzərdə
tutulmamışdırsa, elektron sənədin qəbul edilməsinin təsdiqi
aksept hesab olunmur.
Maddə 8. Müqavilənin bağlanmasına aid tələblər
8.1. Alıcı (sifarişçi) sifariş verməzdən əvvəl
satıcı (təchizatçı) tərəfindən aşağıdakı məlumatla təmin
olunmalıdır:
8.1.1. təchizatçının adı, ünvanı;
8.1.2. malların (xidmətlərin, işlərin)
xüsusiyyətləri barədə əsas məlumatlar;
8.1.3. vergilər nəzərə alınmaqla
malların (xidmətlərin, işlərin) qiymətləri;
8.1.4. çatdırılma nəzərdə tutulduqda,
onun xərci və digər şərtləri;
8.1.5. ödəniş və sifarişin icra olunma şərtləri;
8.1.6. bu Qanunda nəzərdə tutulmuş
imtina hüququndan istifadə imkanı;
8.1.7. müqavilə bağlamaq təklifinin və
ya qiymətin qüvvədə olduğu müddət;
8.1.8. ehtiyac olarsa, malların, işlərin və
xidmətlərin daimi və ya mütəmadi təchiz edilməsinin
minimal müddəti;
8.1.9. müqavilənin bağlanma üsulu və mərhələləri;
8.1.10. satıcı (təchizatçı) tərəfindən
müqavilənin qeydiyyatının aparılması və ona çıxış imkanı;
8.1.11. sifarişin verilməsi zamanı buraxılan səhvlərin
müəyyənləşdirilməsi və onların düzəldilməsi üçün
mövcud olan texniki imkanlar.
8.2. Sifariş verilərkən satıcı (təchizatçı)
alıcıya (sifarişçiyə) sifarişi aldığını dərhal bildirməlidir.
Alıcı (sifarişçi) sifarişin təsdiqlənməsi barədə məlumatı
əldə etdiyi halda sifariş qəbul olunmuş sayılır.
8.3. Bu Qanunun 8.1-ci maddəsində göstərilmiş
məlumatlar, bu Qanunun 9.3-cü maddəsində göstərilən
hallar istisna olmaqla, təsdiqləmə formasında yazılı şəkildə
müqavilə bağlananadək alıcıya (sifarişçiyə) çatdırılmalıdır. Bu
öhdəlik müqavilə bağlananadək yerinə yetirilmədikdə,
müqavilənin icrasına başlananadək yerinə yetirilməlidir.
8.4. Təsdiqləmədə habelə
aşağıdakılar barədə məlumat verilməlidir:
8.4.1. müqavilənin icrasından imtinanın şərtləri
və proseduru;
8.4.2. alıcının (sifarişçinin) şikayət edə
bildiyi ünvan;
8.4.3. satışdan sonrakı xidmət və zəmanətlər;
8.4.4. müqavilənin bir ildən artıq müddətə
və ya qeyri-müəyyən müddətə bağlandığı halda onun
dayandırılması şərtləri.
8.5. Bu Qanunun 8.4-cü maddəsi birdəfəyə
göstərilən xidmətlərə tətbiq edilmir. Bu halda alıcıya
(sifarişçiyə) ancaq şikayət edə bildiyi ünvan bildirilməlidir.
Maddə 9. Müqavilənin icrasından imtina
9.1. Alıcı (sifarişçi) malın (işin, xidmətin) ödəniş
qaydasından asılı olmayaraq 7 iş günü ərzində cəriməsiz
olaraq və səbəb göstərmədən bağlanmış müqavilənin
icrasından imtina edə bilər.
9.2. Bu Qanunun 8.3-cü maddəsində göstərilmiş
öhdəlik yerinə yetirilmişdirsə, müqavilənin icrasından
imtina edilmə müddəti müqavilənin bağlandığı gündən
hesablanır.
9.3. Satıcı (təchizatçı) bu Qanunun 8.3-cü maddəsində
göstərilmiş öhdəliyi tam yerinə yetirə bilmədikdə,
o bunu müqavilə bağlanandan sonrakı 3 ay ərzində etməlidir.
Bu dövrdə öhdəlik yerinə yetirilərsə, 7 günlük imtina
müddəti həmin gündən hesablanır.
9.4. Alıcı (sifarişçi) bu Qanunun 9.1-ci maddəsinə
uyğun olaraq müqavilənin icrasından imtina etdikdə, satıcı (təchizatçı)
onun ödədiyi məbləği əlavə xərc olmadan 7 gün ərzində
geri qaytarmalıdır. Bu zaman alıcıdan
(sifarişçidən) yalnız malın qaytarılması xərci tutula bilər.
9.5. Tərəflər arasında digər razılaşma
olmadıqda, alıcı (sifarişçi) aşağıdakı müqavilələrin icrasından
imtina edə bilməz:
9.5.1. bu Qanunun 9.1-ci maddəsində nəzərdə
tutulmuş 7 günlük müddət ərzində alıcının (sifarişçinin)
razılığı ilə müqavilənin icrasına başlanıldıqda;
9.5.2. qiymətləri satıcı (təchizatçı) tərəfindən
tənzimlənməyən maliyyə bazarındakı dəyişmələrdən
asılı olan malların təchizatı üzrə müqavilələrdə;
9.5.3. alıcının (sifarişçinin) xüsusi tələbi
əsasında istehsal və ya uyğunlaşdırma səbəbindən geri
qaytarılması mümkün olmayan, tez korlanan və ya məhdud istifadə
müddəti olan malların təchizatı üzrə müqavilələrdə;
9.5.4. audio, video yazılar və ya kompüter
proqram təminatının, həmçinin digər malların qablaşdırma
materialı alıcı (sifarişçi) tərəfindən açıldıqda və ya digər
qaydada pozulduqda;
9.5.5. qəzet, jurnal və digər dövri mətbuat
təchiz edildikdə.
Maddə 10. Müqavilənin icrası
10.1. Tərəflər arasında digər
razılaşma olmadıqda, sifariş alıcı (sifarişçi) tərəfindən göndərilən
gündən başlayaraq ən geci 30 gün ərzində satıcı (təchizat
çı) tərəfindən yerinə yetirilməlidir.
10.2. Satıcı (təchizatçı) sifariş verilmiş
malları (işləri, xidmətləri) onların olmaması (görülməsinə
və ya göstərilməsinə imkanın olmaması) səbəbindən
təmin edə bilmədikdə alıcıya (sifarişçiyə) bu barədə
məlumat verməlidir və onun ödədiyi məbləği 7 gün ərzində
geri qaytarmalıdır.
10.3. Malların və xidmətlərin
çatdırılması xərc tələb edərsə, alıcının
(sifarişçinin) sifarişi olmadan onların təmin edilməsi qadağandır.
10.4. Satıcı (təchizatçı) öz təşəbbüsü
ilə ödəniş əsasında malların və xidmətlərin
çatdırılmasını həyata keçirərsə, alıcının (sifarişçinin) belə
təklifə cavab verməməsi razılıq sayılmamalıdır.
IV f ə
s i l
ELEKTRON TİCARƏT HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA
GÖRƏ MƏSULİYYƏT
Maddə 11.
Elektron ticarət haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyətin
ümumi əsasları
11.1. Elektron ticarət haqqında qanunvericiliyin
pozulmasında təqsirli olan şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
11.2. Satıcı (təchizatçı) alıcıya (sifarişçiyə)
və səlahiyyətli dövlət orqanlarına yanlış məlumat verməsinə
görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
11.3. Əqli mülkiyyət hüquqlarının və
digər hüquqların pozulması ilə həyata keçirilən elektron
ticarət qanunsuz sayılır və pozulmuş hüquqların bərpası qanunla
müəyyən edilmiş qaydada həyata keçirilir.
11.4. Azərbaycan Respublikasının
qanunvericiliyinin, o cümlədən müəlliflik hüququ və əlaqəli
hüquqların, inteqral sxem topologiyalarına və məlumat bazalarına olan
hüquqların, həmçinin folklor nümunələri barəsində və
sənaye mülkiyyətinə olan hüquqların pozulduğu hallarda digər
dövlətin ərazisindən xidmətlərin göstərilməsi
azadlığı məhdudlaşdırıla bilər.
Maddə 12. Vasitəçinin məsuliyyəti
12.1. Vasitəçi elektron ticarətin digər
iştirakçıları ilə bağlanmış müqavilənin şərtlərinin yerinə
yetirilməməsinə görə məsuliyyət daşıyır.
12.2. Vasitəçi alıcının (sifarişçinin), satıcının
(təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi
vasitəsilə ötürmək və ya rabitə şəbəkəsinə
çıxış imkanını təmin etmək xidməti göstərdikdə, ötürülən
informasiyaya görə aşağıdakı hallarda məsuliyyət daşımır:
12.2.1. ötürmənin təşəbbüskarı
olmadıqda;
12.2.2. informasiyanın alıcısını seçmədikdə;
12.2.3. ötürülən informasiyanın məzmununu dəyişmədikdə
və ondan seçmələr etmədikdə.
12.3. Vasitəçi alıcının (sifarişçinin), satıcının
(təchizatçının) təqdim etdiyi informasiyanı rabitə şəbəkəsi
vasitəsilə ötürmək xidməti göstərdikdə, digər
alıcının (sifarişçinin), satıcının (təchizatçının) sorğuları əsasında
informasiyanın daha səmərəli təqdim edilməsi məqsədilə
ötürülən informasiyanın avtomatik, müvəqqəti və qısamüddətli
saxlanılmasına görə aşağıdakı hallarda
məsuliyyət daşımır:
12.3.1. informasiyaya düzəlişlər etmədikdə;
12.3.2. informasiyaya çıxış şərtlərinə
riayət etdikdə;
12.3.3. ümumi qəbul edilmiş qaydada
informasiyanın yeniləşdirilməsi şərtlərinə riayət
etdikdə;
12.3.4. informasiyanın istifadəsi barədə
məlumatların əldə edilməsi məqsədilə qanuni,
ümumi qəbul edilmiş və geniş istifadə edilən texnologiyalar
vasitəsilə müdaxilə etmədikdə;
12.3.5. informasiyanın ilkin mənbəyində
onun silinməsi və ya ona çıxışın məhdudlaşdırılması barədə
məlumat aldıqdan sonra dərhal eyni tədbirlər gördükdə,
həmçinin bu əməliyyatları məhkəmənin qərarı
və ya səlahiyyətli dövlət orqanının tələbi əsasında
həyata keçirdikdə.
12.4. Vasitəçi alıcının (sifarişçinin), satıcının
(təchizatçının) təqdim etdiyi informasiyanın saxlanılması üzrə
xidmət göstərirsə, informasiyanın saxlanılmasına görə
aşağıdakı hallarda məsuliyyət daşımır:
12.4.1. fəaliyyətin və ya
informasiyanın qanunsuz xarakteri barəsində faktiki məlumatlara
malik olmadıqda və zərərin əvəzinin ödənilməsi
üzrə iddialar baxımından fəaliyyətin və ya informasiyanın
qanunsuz olması barədə dəqiq faktlar və təfərrüatlar
bəlli olmadıqda;
12.4.2. bu barədə məlumat və ya xəbərdarlıq
aldıqda, saxlanılan informasiyanın
silinməsinin və ya ona çıxışın qarşısının
alınması ilə bağlı dərhal tədbirlər gördükdə.
12.5. Vasitəçi xidmət göstərərkən
ötürdüyü, saxladığı informasiyaların ümumi monitorinqinin aparılması və ya
qanunsuz fəaliyyətin həyata keçirilməsini sübut etmək
məqsədilə fəal surətdə faktların və ya təfərrüatların
müəyyənləşdirilməsi üzrə hərəkətlərə
məcbur edilə bilməz, yaxud bunu fərdi təşəbbüs
qaydasında həyata keçirə bilməz.
12.6. Vasitəçi xidmət göstərdiyi
alıcıların (sifarişçilərin), satıcıların (təchizat çıların) qanunsuz
fəaliyyəti və ya informasiya ötürməsi barədə səlahiyyətli
dövlət orqanlarını məlumatlandırmalıdır və onların müraciətinə
əsasən xidmətlərin alıcılarının (sifarişçilərinin),
satıcıların (təchizatçıların) müəyyənləşdirilməsinə
imkan verən məlumatları təqdim etməlidir.
V f ə
s i l
YEKUN
MÜDDƏALAR
Maddə 13. Mübahisələrin həlli
13.1. Elektron ticarətin iştirakçıları arasında
mübahisələr qanunvericiliyə zidd olmayan məhkəmədənkənar
vasitələrlə, o cümlədən elektron vasitələrdən
istifadə etməklə həll edilə bilər.
13.2. Elektron ticarətlə bağlı iddialara məhkəmələr
qanunvericilikdə müəyyən olunmuş müddətdə baxırlar.
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən qüvvəyə
minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 may 2005-ci il
№ 908-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1. 16 dekabr 2016-cı il tarixli 460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2016-cı il, № 290, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2016-cı il, № 12, maddə 2052)
2. 28 dekabr 2018-ci il tarixli 1409-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, № 01, maddə 26)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 16 dekabr 2016-cı il tarixli 460-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 dekabr 2016-cı il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il,
№ 12, maddə 2052) ilə 1.0.1-ci maddədə
“xidmətlərin göstərilməsi
və işlərin görülməsi” sözlərindən sonra “(o cümlədən, İnternet şəbəkəsi
vasitəsi ilə elektron kitabların, musiqinin, audio-video
materialların, qrafik təsvirlərin, virtual oyunların, proqram təminatlarının
yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji
iş və xidmətlər)” sözləri əlavə edilmişdir.
[2] 16 dekabr 2016-cı il tarixli 460-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 dekabr 2016-cı il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il,
№ 12, maddə 2052) ilə 1.0.6-cı maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 1.0.7 – 1.0.9-cu maddələr əlavə
edilmişdir.
[3]
28 dekabr 2018-ci il tarixli 1409-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
1 fevral 2019-cu il, № 25, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, № 01, maddə 26) ilə yeni məzmunda
2.4-cü maddə əlavə edilmişdir.
[4] 16 dekabr 2016-cı il tarixli 460-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 dekabr 2016-cı il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il,
№ 12, maddə 2052) ilə 5.3.6-cı maddənin
sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz
edilmişdir və yeni məzmunda 5.3.7-ci maddə əlavə
edilmişdir.
[5] 16 dekabr 2016-cı il tarixli 460-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 29 dekabr 2016-cı il, № 290, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il,
№ 12, maddə 2052) ilə yeni məzmunda
5.6-cı və 5.7-ci maddələr əlavə edilmişdir.