"QEYDƏ ALINMIŞDIR" Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Qeydiyyat № 2706 "11" iyul 2001-ci il Nazir_____________ F.Məmmədov |
"TƏSDİQ
EDİLMİŞDİR" Azərbaycan
Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi
Nazirliyi Qərarı
№ 9-1 "29" iyul
2001-ci il Nazir______________ Ə.Nağiyev |
Gecə vaxtı
yerinə yetirilən işə və çoxnövbəli iş
rejiminə görə
əmək haqqının ödənilməsi barədə
İZAHAT
l. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin
166-cı maddəsinə əsasən gecə vaxtı
yerinə yetirilən iş, habelə çoxnövbəli iş
rejiminə görə əmək haqqı Azərbaycan
Respublikası Nazirlər Kabinetinin "Gecə vaxtı
yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə
görə əmək haqqı həddinin müəyyən
edilməsi barədə" 5 aprel 2001-ci il tarixli 74 nömrəli
qərarı ilə müəyyən edilmiş həddən
aşağı olmamaqla işəgötürən
tərəfindən yüksək məbləğdə
ödənilir.
2. Gecə vaxtı
yerinə yetirilən işin hər saatına görə
işçiyə onun saatlıq tarif (vəzifə)
maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam
növbəsində işin hər saatına görə işçinin
saatlıq tarif (vəzifə) maaşının 20 faizi,
gecə növbəsində isə 40 faizi həddində
əlavə haqq müəyyən edilir.
Büdcədən
maliyyələşdirilən müəssisə, idarə və
təşkilatlarda gecə vaxtı və çoxnövbəli iş
rejiminə görə əlavə haqq yuxarıda qeyd edilən
həddə, digər müəssisə, idarə və
təşkilatlarda isə kollektiv müqavilələrdə və
ya əmək müqavilələrində nəzərdə
tutulmaqla həmin həddən aşağı olmayaraq
ödənilir.
Gecə vaxtı
və çoxnövbəli iş rejiminə görə əmək
haqqı büdcədən maliyyələşdirilən
müəssisə, idarə və təşkilatlarda büdcə
vəsaitləri çərçivəsində, digər
müəssisə, idarə və təşkilatlarda isə öz
vəsaitləri hesabına ödənilir.
3. Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 97-ci
maddəsinin 1-ci bəndinə əsasən saat 22-dən
səhər saat 6-ya qədər olan müddət gecə vaxtı
sayılır.
4. Çoxnövbəli iş
rejimi deyildikdə mülkiyyət və təşkilati-hüquqi
formasından, idarə tabeçiliyindən asılı olmayaraq
müəssisə, idarə və təşkilatlarda (fasiləsiz
iş axını olan istehsalatlar da daxil olmaqla) gün
ərzində iki və daha çox növbədə təşkil
olunmuş, növbə müddəti Azərbaycan Respublikasının
Əmək Məcəlləsinin 89-cu maddəsinə uyğun
olaraq 40 saatlıq iş həftəsində (nahar fasiləsi
nəzərə alınmadan) 8 saatdan çox olmayan iş rejimi
başa düşülür. Bu halda işçilərin iş rejimi növbə
cədvəlləri üzrə qurulur və adətən iş
saatları həftələr üzrə bərabər
bölüşdürülür.
İş
vaxtının ən azı yarısı gecə vaxtına
(axşam. saat 22-dən səhər saat 6-ya qədər)
düşən iş növbəsi gecə növbəsi hesab edilir.
İş növbəsinin başlanma və qurtarma saatlarından
asılı olmayaraq gecə növbəsindən əvvəlki
iş növbəsi axşam növbəsi hesab edilir.
5. Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
müəyyən edilmiş əmək şəraiti ağır
və zərərli olan iş yerlərində, habelə xüsusi
xarakterli işlərdə çalışan işçilərin
gündəlik
iş vaxtının ən azı yarısı gecə
vaxtına düşərsə, onda həmin iş vaxtının
gecə vaxtına düşən hissəsi bir saat
qısaldılır və həmin saatlar qanunvericiliklə
müəyyən edilmiş iş vaxtı normasında tam
nəzərə alınmaqla vaxtamuzd əmək haqqı
sistemi üzrə ödənilir.[1]
6. Qanunvericiliyin
tələblərinə uyğun olaraq təşkil olunan
digər iş rejimləri (iş gününün hissələrə
bölünməsi və s.) çoxnövbəli və ya iki növbəli iş
rejimlərinə aid edilmirlər. Belə iş
rejimlərində çalışan işçilərə gecə
vaxtına düşən iş vaxtının hər saatına
görə saatlıq tarif (vəzifə) maaşının 20
faizi həddində əlavə haqq verilir.
7. Gecə vaxtı
və çoxnövbəli iş rejiminə görə əmək
haqqının ödənilməsi zamanı işçinin saatlıq
tarif (vəzifə) maaşmı tapmaq üçün onun aylıq tarif
(vəzifə) maaşmı ödəniş aparılan ayın
iş vaxtı normasına bölmək lazımdır.
8. Gecə vaxtı
yerinə yetirilən işə, habelə çoxnövbəli iş
rejiminə görə əmək haqqı belə iş
şəraitli bütün kateqoriyadan olan (rəhbərlər,
mütəxəssislər, texniki icraçılar və
fəhlələr) işçilərə ödənilir.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2
oktyabr 2008-ci il tarixli 8 nömrəli Azərbaycan Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Kollegiyasının Qərarı (Azərbaycan
Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il,
№ 09-10)
BÜLLETENƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 2 oktyabr 2008-ci il tarixli 8
nömrəli Azərbaycan Respublikası Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının
Qərarı (Azərbaycan
Respublikasının Normativ Aktlarının Bülleteni, 2008-ci il,
№ 09-10) ilə "Gecə vaxtı yerinə
yetirilən işə və çoxnövbəli iş rejiminə
görə əmək haqqının ödənilməsi
barədə İzahat"ın 5-ci bəndində "Gündəlik" sözü "Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş
əmək şəraiti ağır və zərərli olan
iş yerlərində, habelə xüsusi xarakterli
işlərdə çalışan işçilərin gündəlik"
sözləri ilə əvəz edilmişdir.