Telekommunikasiya haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun Azərbaycan Respublikasında telekommunikasiya sahəsində
fəaliyyətin hüquqi, iqtisadi, təşkilati əsaslarını
müəyyənləşdirir və telekommunikasiya
resurslarının məqsədyönlü
planlaşdırılmasını və ədalətli istifadə
olunmasını tənzimləyir.
I fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1 . Əsas anlayışlar
1.0.
Bu Qanunda aşağıdakı anlayışlardan istifadə
olunur:
1.0.1.
telekommunikasiya - elektrik və ya elektromaqnit rabitə vasitələri
(kabel, optik və radio əlaqəsi və digər vasitələr)
ilə hər hansı siqnalın, səsin və təsvirin məsafəyə
ötürülməsi və qəbul edilməsi;
1.0.2.
telekommunikasiya şəbəkəsi - telekommunikasiyanın təmin
edilməsi üçün vahid texniki və texnoloji sistemdə
birləşdirilmiş müxtəlif növ vasitə və
qurğuların məcmusu;
1.0.3.
ümumistifadəli telekommunikasiya şəbəkəsi -
müvafiq qaydalar, standartlar, xidmət göstərilməsi və
ödəmə şərtləri əsasında abunəçinin
istifadə edə biləcəyi telekommunikasiya xidmətlərinin
göstərilməsi üçün nəzərdə
tutulan və bütün istifadəçilərə
qoşulma imkanını verən telekommunikasiya şəbəkəsi,
yaxud onun bir hissəsi;
1.0.4.
telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi
vasitəsilə hüquqi, fiziki şəxslərin və
qanuni əsaslarla fəaliyyət göstərən digər
subyektlərin telekommunikasiyaya olan tələbatının
ödənilməsi məqsədilə həyata keçirilən
fəaliyyət;
1.0.5.
universal telekommunikasiya xidməti - bütün istifadəçilərə
müyəssər olan telekommunikasiya xidmətlərinin məcmusu;
1.0.6.
telekommunikasiya vasitələri - müvafiq şəbəkə
və sistemlərin yaradılması, telekommunikasiya xidməti
göstərilməsi üçün istifadə edilən
avadanlıqlar, proqram təminatı;
1.0.7.
telekommunikasiya qurğuları - müvafiq şəbəkə
və sistemlərin yerləşdirilməsi, telekommunikasiya xidməti
göstərilməsi üçün istifadə edilən
bina, qüllə və digər mühəndis-texniki obyektlər;
1.0.8.
telekommunikasiya operatoru (bundan sonra - operator) - mülkiyyətində
olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni
əsaslarla telekommunikasiya xidmətləri göstərən
hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxs;
1.0.9.
telekommunikasiya provayderi (bundan sonra - provayder) – telekommunikasiya
operatorunun şəbəkəsindən istifadə edərək
telekommunikasiya xidmətləri göstərən hüquqi
şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxs;
1.0.10.
telekommunikasiya şəbəkəsinin son nöqtəsi (bundan
sonra – son nöqtə) - abunəçilərin telekommunikasiya
şəbəkəsinə qoşulduğu, yaxud qoşula biləcəyi
nöqtə;
1.0.11.
son telekommunikasiya avadanlığı (bundan sonra - son
avadanlıq) - telekommunikasiya xidmətlərindən istifadə
məqsədilə telekommunikasiya şəbəkəsinin
qoşulma nöqtələrinə birləşdirilən
avadanlıqlar (telefon aparatı, kompüter və s.);
1.0.12.
telekommunikasiya xidməti istifadəçisi (bundan sonra - istifadəçi)
- hüquqi əsaslarla telekommunikasiya xidmətlərindən
istifadə edən şəxs;
1.0.13.
telekommunikasiya xidməti abunəçisi (bundan sonra - abunəçi)
operator, provayder ilə bağladığı müqavilə əsasında
telekommunikasiya xidmətlərindən istifadə edən şəxs;
1.0.14.
nömrə resursu - rəqəmli, hərfi işarələmə
və ya həmin işarələrin kombinasiyası, o cümlədən
telekommunikasiya şəbəkəsinin və (və ya) onun
qovşaq və ya son nöqtələrinin birmənalı
şəkildə müəyyənləşdirilməsi
üçün nəzərdə tutulan və telekommunikasiya
şəbəkəsində istifadəsi mümkün olan
kodların (nömrələnmə variantlarının) məcmusu
və ya onların bir hissəsi;
1.0.15.
məxsusiləşdirmə kodu - operatorun, provayderin və abunəçinin
müəyyənləşdirilməsi üçün tətbiq
edilən rəqəmlər və (və ya) işarələr;
1.0.16.
trafik - telekommunikasiya şəbəkəsində və ya
telekommunikasiya şəbəkələri arasında
ötürülən siqnallar (məlumatlar) toplusu;
1.0.17.
elektromaqnit uyğunluğu - radioelektron vasitələrinin və
(və ya) yüksək tezlikli qurğuların qəbul
olunmuş keyfiyyətlə ətraf elektromaqnit şəraitində
digər radioelektron vasitələrinə və (və ya)
yüksək tezlikli qurğuların işinə yolverilməz
maneələr yaratmadan işləmək qabiliyyəti;
1.0.18.
radiotezlik - açıq fəzada (efirdə) sərbəst
yayılan elektromaqnit dalğaları spektrinin ayrı-ayrı tərkib
hissələri;
1.0.19.
“az” ölkə
kodlu yüksək səviyyəli domen - qlobal
İnternet şəbəkəsində ölkəyə məxsus
milli seqmenti əks etdirən şərti işarə;[1]
1.0.20. domen
adlarının milli inzibatçısı - “az” ölkə
kodlu yüksək səviyyəli domen zonasında domen
adlarının inzibatçılığını həyata
keçirən səlahiyyətli şəxs.[2]
Maddə 2
. Telekommunikasiyanın təyinatı
Telekommunikasiya ölkənin
istehsal və sosial infrastrukturunun tərkib hissəsi olmaqla,
dövlət hakimiyyəti orqanlarının, fiziki və
hüquqi şəxslərin, həmçinin xarici dövlətlərin
Azərbaycan Respublikasında fəaliyyət göstərən
diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların
filial və nümayəndəliklərinin telekommunikasiya xidmətlərinə
olan tələbatlarını təmin edir.
Maddə 3
. Telekommunikasiya fəaliyyətinin əsas prinsipləri və
istiqamətləri
3.1. Telekommunikasiya fəaliyyəti
aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
3.1.1. operatorların, provayderlərin,
istifadəçilərin hüquq bərabərliyi və
qanuni mənafelərinin qorunması;
3.1.2. xüsusi təyinatlı
telekommunikasiya şəbəkələri və vasitələri
ilə məlumatların qəbulunun və ötürülməsinin
qanunvericilikdə nəzərdə tutulan qaydada məxfiliyinin
təmin edilməsi;
3.1.3. şəbəkə əməliyyatlarının
təhlükəsizliyinin təmin edilməsi;
3.1.4. tarif siyasətinin tənzimlənməsi;
3.1.5. telekommunikasiya şəbəkəsinin
bütövlüyünün qorunması;
3.1.6. telekommunikasiya şəbəkələrinin
qarşılıqlı fəaliyyətinin operativliyi;
3.1.7. radiotezliklərin,
nömrə resurslarının və qısa kodların səmərəli
istifadəsi;
3.1.8. telekommunikasiya xidmətləri
bazarında inhisarçılığın yolverilməzliyi və
sağlam rəqabət mühitinin təmin edilməsi;
3.1.9. qərarların qəbul
edilməsində şəffaflıq və
aşkarlığın təmin edilməsi;
3.1.10. telekommunikasiya sahəsində
dövlət tənzimləmə funksiyalarının təsərrüfat
funksiyalarından ayrılması;
3.1.11. telekommunikasiya sahəsində
beynəlxalq əməkdaşlıq.
3.2. Telekommunikasiya fəaliyyəti
aşağıdakı istiqamətlər əsasında həyata
keçirilir:
3.2.1. vahid dövlət siyasətinin
formalaşdırılması və həyata keçirilməsi;
3.2.2. dövlət tənzimlənməsinin
həyata keçirilməsi;
3.2.3. telekommunikasiya sahəsinin
inkişafı və onun beynəlxalq telekommunikasiya şəbəkələri
ilə inteqrasiyasının təmin olunması
üçün şəraitin yaradılması;
3.2.4. dövlət idarəçiliyi,
ölkənin müdafiəsi, milli təhlükəsizliyi və
ictimai asayişin qorunmasında telekommunikasiya xidmətlərinə
tələbatın ödənilməsinə zəruri şəraitin
yaradılması;
3.2.5. fövqəladə
hallarda telekommunikasiya şəbəkələrinin
dayanıqlı işləməsinin təmin edilməsi;
3.2.6. operatorlar arasında
arabağlantı münasibətlərinin tənzimlənməsi;
3.2.7. milli informasiya
resurslarının formalaşdırılması;
3.2.8. qanunvericilikdə müəyyən
edilmiş tələblərə əməl olunmasına
dövlət nəzarətinin həyata keçirilməsi.
Maddə 4
. Telekommunikasiya fəaliyyətinin obyektləri və subyektləri
4.1. Dövlətin, hüquqi və
fiziki şəxslərin, həmçinin xarici dövlətlərin
Azərbaycan Respublikasında fəaliyyət göstərən
diplomatik nümayəndəliklərinin və beynəlxalq təşkilatların
filial və nümayəndəliklərinin maraq dairəsinə
aid olan mövcud informasiya məkanı, telekommunikasiya vasitələri
və qurğuları telekommunikasiya obyekti hesab edilirlər.
4.2. Telekommunikasiya xidmətləri
göstərən, onları tənzimləyən və bu xidmətlərdən
istifadə edən bütün dövlət hakimiyyəti
orqanları, fiziki və hüquqi şəxslər, həmçinin
xarici dövlətlərin Azərbaycan Respublikasında fəaliyyət
göstərən diplomatik nümayəndəlikləri və
beynəlxalq təşkilatların filial və nümayəndəlikləri
telekommunikasiya fəaliyyətinin subyektləridirlər.
Telekommunikasiya fəaliyyətinin subyektləri arasında
münasibətlər qanunvericilikdə nəzərdə
tutulan tələblər və müqavilələr əsasında
qurulur.
4.3. Telekommunikasiya fəaliyyətinin
obyektləri və subyektləri Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyinə və onun tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq Azərbaycan Respublikasının ərazisində
və onun hüdudlarından kənarda mövcud ola bilərlər.
Maddə 5
. Telekommunikasiya haqqında qanunvericilik
5.1. Telekommunikasiya haqqında
qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
5.2. Televiziya və radio
yayımı ilə bağlı münasibətlər
"Televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanunu, bu Qanun və digər normativ aktlarla
tənzimlənir.
II fəsil
TELEKOMMUNİKASİYA
FƏALİYYƏTİNİN TƏNZİMLƏNMƏSİ
Maddə 6
. Telekommunikasiya fəaliyyətinin dövlət tənzimlənməsi
6.1. Azərbaycan
Respublikasında telekommunikasiya fəaliyyətinin tənzimlənməsi
dövlətin səlahiyyətindədir və
aşağıdakı istiqamətlərdə həyata
keçirilir:
6.1.1. nömrə resursundan
istifadənin təşkili;
6.1.2. telekommunikasiya fəaliyyətinin
lisenziyalaşdırılması;
6.1.3. telekommunikasiya sahəsində
sertifikatlaşdırmanın
təşkili;[3]
6.1.4. telekommunikasiya xidmətləri
və radiotezliklərdən istifadə üzrə tariflərin
tətbiqi;
6.1.5. telekommunikasiya sahəsində
sağlam rəqabət mühitinin və antiinhisar fəaliyyətin
tənzimlənməsi;
6.1.6. radiotezliklərdən
istifadənin təşkili;
6.1.7. operatorlar arasında
qarşılıqlı arabağlantı münasibətlərinin
tənzimlənməsi;
6.1.7-1. internet telekommunikasiya xidməti göstərən
operatorların və provayderlərin uçotunun
aparılması;[4]
6.1.8. qanunvericiliklə müəyyən
edilmiş digər tənzimləmə istiqamətləri.
Maddə 7
. Nömrə resursundan istifadənin təşkili
7.1. Ölkənin nömrə
resursu, ölkə kodu, həmçinin “az” ölkə kodlu
yüksək səviyyəli domen dövlətə məxsusdur.
Ölkə ərazisində nömrə resurslarının tənzimlənməsi
dövlətin müstəsna hüququdur.
7.2. İstifadəçilərin
telekommunikasiya xidmətlərinə olan tələbatını
ödəmək üçün nömrə resursu
qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora,
provayderə ayrılır.
7.3. Nömrə resursu
müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder
arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli
əsaslarla müddətli və ya daimi istifadəyə
verilir.
7.4. Telekommunikasiya operatoruna,
provayderinə ,eyni zamanda digər hüquqi və fiziki şəxslərə
nömrə resurslarının ayrılması müvafiq icra
hakimiyyəti orqanı tərəfindən
aşağıdakı prinsiplər nəzərə alınmaqla
hazırlanan nömrə resurslarının ayrılması və
istifadəsi qaydalarına uyğun olaraq həyata
keçirilir: [5]
7.4.1. operatorun, provayderin
mövcud maddi-texniki bazasının genişləndirilməsi;
7.4.2. operatorun, provayderin
mövcud texnoloji fəaliyyət rejiminin pozulmaması;
7.4.3. sağlam rəqabətə
şərait yaradılması;
7.4.4. istifadəçilərin
telekommunikasiya xidmətlərindən istifadə etmək
hüquqlarının məhdudlaşdırılmaması.
7.5. Nömrə resursunun verilməsindən
yalnız qanunla müəyyən edilən hallarda imtina oluna
bilər və bu imtinadan inzibati qaydada və (və ya) məhkəməyə
şikayət verilə bilər.[6]
7.6. Operatora, provayderə
nömrə resursunun ayrılması, dəyişdirilməsi və
geri alınması haqqında məlumatlar kommersiya sirri təşkil
etmir.
7.7. Operator, provayder onun
üçün ayrılmış nömrə resursunu və
ya onun bir hissəsini yalnız müvafiq icra hakimiyyəti
orqanının razılığı ilə digər operatora,
provayderə verə bilər.
7.8. Hüquqi şəxsin
yenidən təşkili zamanı onun üçün
ayrılmış nömrə resursu üzrə sənədlər,
o cümlədən hüquqi varisin ərizəsi, bir neçə
varis olduqda onların birgə ərizəsi əsasında təkrar
ödəniş tələb olunmadan yenidən təsdiq
edilir. Hüquqi varislər arasında nömrə resursları
üzrə mübahisələr məhkəmə yolu ilə
həll olunur.
7.9. Ölkənin
qarşılıqlı əlaqədə olan vahid
telekommunikasiya şəbəkələrinin nömrə
resurslarının, o cümlədən beynəlxalq
telekommunikasiya şəbəkəsinin Azərbaycan seqmentinin
(ölkə kodu) nömrə resurslarının
ayrılması və istifadəsi qaydaları müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir. Həmin orqan təsdiq edilmiş nömrələmə
sistemini və planını, həmçinin Azərbaycan
Respublikasının üzv olduğu beynəlxalq təşkilatların
tövsiyələrini nəzərə alır. [7]
7.10.
“az” ölkə kodlu yüksək səviyyəli domen
adlarının qeydiyyatı və istifadəsi qaydaları,
habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[8]
7.10-1. “az”
ölkə kodlu yüksək səviyyəli domen zonasında
domen adlarının qeydiyyatı və onlara texniki xidmət
üzrə ödənişin məbləği müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) ilə razılaşdırılmaqla, domen
adlarının milli inzibatçısı tərəfindən
müəyyən edilir.[9]
7.11. Bu Qanun qüvvəyə
minənədək operatora, provayderə verilmiş nömrə
resursunun ilkin istifadə müddəti bitdikdə, həmin
nömrə resursunun istifadəçisi müvafiq nömrə
resursundan növbəti müddətə istifadə edilməsinə
dair müqavilənin bağlanmasında üstünlük
hüququna malikdir.
Maddə 8
. Telekommunikasiya fəaliyyətinin lisenziyalaşdırılması
Telekommunikasiya fəaliyyəti
sahəsində lisenziyalaşdırma Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən tənzimlənir.
Maddə 9
. Telekommunikasiya sahəsində sertifikatlaşdırma
9.1. Ümumistifadəli
telekommunikasiya şəbəkələrində istifadə
edilən telekommunikasiya vasitələri və qurğuları
qanunvericilikdə müəyyən olunmuş qaydada
sertifikatlaşdırılmalıdır.
9.2. Qanunvericiliklə müəyyən
edilmiş uyğunluq sertifikatı olmayan telekommunikasiya vasitələrinin
və qurğularının ümum istifadəli telekommunikasiya
şəbəkələrində istismarına yol verilmir.
9.3. Telekommunikasiya vasitələrinin
və qurğularının zəruri texniki
sınağının aparılması, texniki və təhlükəsizlik
göstəriciləri üzrə rəy verilməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə müəyyən
edilmiş qaydada həyata keçirilir.
9.4. Telekommunikasiya vasitələri
və qurğularının sertifikatlaşdırılması müvafiq
icra hakimiyyəti orqanının akkreditasiya edilmiş
uyğunluğu qiymətləndirən qurumu və ya
akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar tərəfindən həyata
keçirilir.
9.4-1. Bu Qanunun
9.4-cü maddəsində nəzərdə tutulan
uyğunluğu qiymətləndirən qurumların
akkreditasiyası “Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının
Qanunu ilə müəyyən olunmuş qaydada həyata
keçirilir.[10]
9.5. Ümum istifadəli telekommunikasiya
xidmətlərinin sertifikatlaşdırılması
könüllü qaydada aparılır.
9.6. Telekommunikasiya fəaliyyəti
sahəsində sertifikatlaşdırmanın qaydaları
müvafiq icra hakimiyyəti tərəfindən müəyyən
edilir.
Maddə 10
. Telekommunikasiya xidmətləri və radiotezliklərdən
istifadə üzrə tariflərin tətbiqi
10.1. Telekommunikasiya xidmətləri
və radiotezliklərdən istifadə üzrə tariflər
Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun
olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.[11]
10.2. Azərbaycan
Respublikasında ixtisaslaşdırılmış təcili
yardım xidmətlərinin (yanğından mühafizə,
polis, təcili tibbi yardım, qaz və elektrik qəza xidməti
və qanunvericilikdə nəzərdə tutulan digər bu kimi
xidmətlər) çağırılması
üçün istənilən telekommunikasiya şəbəkələrindən
bütün hüquqi və fiziki şəxslərin pulsuz
istifadəsinə təminat verilir. İstifadəçilərin
bu hüquqlarını məhdudlaşdıran operatorlar,
provayderlər və onların vəzifəli şəxsləri
qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Maddə 11
. Telekommunikasiya sahəsində sağlam rəqabət
mühitinin və antiinhisar fəaliyyətin tənzimlənməsi
11.1. Telekommunikasiya sahəsində
fəaliyyət göstərən operatorlar, provayderlər, digər
hüquqi və fiziki şəxslər, habelə
avadanlıqların istehsalçıları və təchizatçıları
telekommunikasiya şəbəkələrinin
yaradılmasında və inkişaf etdirilməsində, xidmətlərin
göstərilməsində bərabərhüquqlu subyektlər
hesab edilirlər.
11.2. Müvafiq telekommunikasiya
xidməti bazarında antiinhisar qanunvericiliyə əsasən
hökmran mövqe tutan operator, provayder fəaliyyətində
aşağıdakı şərtlərə riayət etməlidir:
11.2.1. telekommunikasiya xidməti
bazarına bərabərhüquqlu daxilolmanı təmin etmək
məqsədilə hökmran mövqe tutan operator eyni xidməti
göstərən digər operatorlar arabağlantı məqsədləri
üçün şəbəkələrin qoşulması
və trafik mübadiləsi üzrə bərabər şərait
yaratmağa borcludur;
11.2.2. qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olunmaqla,
hökmran mövqe tutan
operator, provayder arabağlantı məqsədləri
üçün öz şəbəkəsinə digər
operatorun, provayderin müvafiq müqavilə əsasında
qoşulmasından imtina edə bilməz;
11.2.3. qanunvericilikdə nəzərdə
tutulmuş hallar istisna olunmaqla, hökmran mövqe tutan operator,
provayder öz şəbəkəsi vasitəsilə xətləri
(kanalları) digər operatorlara, provayderlərə ümumi
müqavilə əsasında icarəyə verir;
11.2.4. müvafiq icra hakimiyyəti
orqanı hökmran mövqe tutan operatorun, provayderin uyğun fəaliyyəti
üzrə xüsusi tələblər müəyyən edir.
11.3. Müvafiq icra hakimiyyəti
orqanları telekommunikasiya sahəsində haqsız rəqabətin
və inhisarçı fəaliyyətin
qarşısının alınması üzrə
qanunvericiliklə müəyyən edilmiş tədbirlər
görür.
11.4. Haqsız rəqabətə,
istifadəçilərin maraq və hüquqlarının
pozulmasına, yaxud qanuna zidd olan hər hansı digər əməllərə
yol verən şəxslər qanunvericiliklə müəyyən
olunmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 12
. Operatorlar arasında qarşılıqlı
arabağlantı münasibətlərinin tənzimlənməsi
12.1. Operatorlar öz şəbəkələri
arasında qarşılıqlı arabağlantını
müqavilə (bundan sonra - arabağlantı müqaviləsi) əsasında
həyata keçirirlər.
12.2. Arabağlantı
müqaviləsində müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilən şərtlərə zidd olmayan texniki,
iqtisadi (şəbəkələrarası qoşulma
haqları, qarşılıqlı arabağlantıda trafikin
ötürülməsi zamanı pay bölgüsü,
ixtisaslaşdırılmış təcili yardım xidmətlərinə
edilən zənglərə görə ödənişlər
və s. nəzərə alınmaqla) və qanunvericiliyə
uyğun olaraq müqaviləni
bağlayan tərəflərin
müəyyən etdiyi digər məsələlər nəzərə
alınmalıdır.
12.3. Operator hər bir
ümumistifadəli telekommunikasiya şəbəkəsi
operatoru ilə 2 ay müddətindən gec olmayaraq
arabağlantı müqaviləsi bağlamalıdır.
Göstərilən müddət ərzində hər
hansı operator ilə razılıq əldə edilmədikdə,
müvafiq icra hakimiyyəti orqanı tərəfindən,
mübahisənin predmeti nəzərə alınmaqla, müəyyən
olunan şərtlər əsasında tərəflər
arasında 7 iş günü müddətində
arabağlantı müqaviləsi bağlanmalıdır.
Arabağlantı müqaviləsinin
bağlanması ilə əlaqədar
mübahisələr məhkəmə qaydasında həll
edilir.
12.4. Ümumistifadəli
telekommunikasiya şəbəkəsinə qoşulma və
istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
Maddə 13
. Radiotezliklərdən istifadənin təşkili
13.1. Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələr ilə müəyyənləşdirilmiş
hədlərdə, radioelektron vasitələrinin və ya
yüksək tezlikli qurğuların işləməsi
üçün istifadə oluna bilən radiotezliklər
dövlətə məxsusdur və onların tənzimlənməsi
dövlətin müstəsna hüququdur.
13.2. Radiotezliklər istifadə
üçün mövcud qanunvericiliyə uyğun olaraq
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
ayrılır.
13.3. Radiotezliklərdən,
radioelektron vasitələrdən və bu sahədə
mülki təyinatlı qurğulardan istifadə
qaydalarının müəyyənləşdirilməsi,
onların icrasına nəzarət və telekommunikasiya vasitələrinin
elektromaqnit sahəsinin monitorinqi müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həyata keçirilir.
13.4. Radiotezliklər
aşağıdakılar nəzərə alınmaqla
ayrılır:
13.4.1. tezlik zolaqlarının
ayrılma cədvəli və radiotezliklər spektrinin
perspektiv istifadə planı;
13.4.2. dövlət hakimiyyəti,
o cümlədən müdafiə, təhlükəsizlik və
asayişi mühafizə orqanlarının ehtiyaclarını
təmin etmək məqsədilə ayrı-ayrı subyektlərə
ayrılmış radiotezliklərin başqa radiotezliklərə
keçirilməsi şərtilə qanunvericiliklə müəyyən
olunmuş qaydada dəyişdirilməsi.
13.5. Ayrılmış tezlik
diapazonları üçün verilmiş hüquqları məhdudlaşdırmadan
tezlik zolaqlarının ayrılması cədvəlinə 4
ildə bir dəfədən və radiotezliklər spektrindən
perspektiv istifadə planına 10 ildə bir dəfədən
az olmayaraq yenidən baxılır və müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təsdiq edilir.
13.6. Radiotezliklərdən
istifadə təyinatı, radiotezliklərin sayı,
zolağı və istismar olunan radioelektron vasitələri nəzərə
alınmaqla birdəfəlik və müddətli (aylıq və
ya illik) ödənişlər müəyyən olunur.
Radiotezliklərin ayrılması, qeydiyyatı, istifadəsi və
ödənişlərin təyin olunması qaydaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən normativ
hüquqi aktlar vasitəsilə müəyyənləşdirilir.
[12]
13.7. Bütün növ
radiovericilərin və digər radiotezlikli qurğuların
yaratdığı radiomaneələrin
qarşısının alınması qaydası müvafiq
icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
13.8. Televiziya və radio
yayımının ehtiyacları üçün radiotezliklərin
istifadəsi qanunvericiliyə uyğun olaraq müvafiq dövlət
orqanı tərəfindən tənzimlənir.
Maddə 13-1. İnternet telekommunikasiya
xidməti göstərən operatorların və
provayderlərin uçotu[13]
13-1.1. İnternet telekommunikasiya
xidməti göstərən operatorlar və provayderlər
xidmət göstərməyə başladıqları vaxtdan
15 gün müddətində müvafiq icra hakimiyyəti
orqanında uçota durmalıdırlar, habelə uçot
məlumatlarında baş vermiş dəyişiklik
barədə müvafiq icra hakimiyyəti orqanına
dəyişikliyin baş verdiyi vaxtdan 10 gün
müddətində məlumat verməlidirlər.
13-1.2. İnternet telekommunikasiya
xidməti göstərən operatorların və
provayderlərin uçotu müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
aparılır.
III fəsil
TELEKOMMUNİKASİYA
FƏALİYYƏTİNİN TƏŞKİLİ VƏ
FƏALİYYƏTƏ DÖVLƏT NƏZARƏTİ
Maddə 14 .
Telekommunikasiya fəaliyyətinin təşkili
14.0. Azərbaycan
Respublikasında telekommunikasiya fəaliyyəti
aşağıdakı istiqamətlər üzrə təşkil
edilir:
14.0.1. telekommunikasiya sahəsində
fəaliyyətə dövlət nəzarətinin həyata
keçirilməsi;
14.0.2. telekommunikasiya sahəsində
vahid dövlət siyasətinin və elmi-texniki proqramların
hazırlanmasında iştirak edir və onların
qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata
keçirilməsi;
14.0.3. telekommunikasiya xidmətlərinin
standartlarının müəyyən edilməsi;
14.0.4. telekommunikasiya xidmətlərinin
növlərinin və onların xüsusiyyətlərinin
müəyyən edilməsi.
Maddə 15
. Hərbi və fövqəladə vəziyyət şəraitində
telekommunikasiya şəbəkələrinin idarə
olunması
15.1. Hərbi və fövqəladə
vəziyyət şəraitində ümum istifadəli
telekommunikasiya şəbəkələri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən mərkəzləşdirilmiş
qaydada idarə olunur.
15.2. Hərbi və fövqəladə
vəziyyətin elan olunmasına səbəb olmuş hadisələrin
və onların nəticələrinin aradan
qaldırılması məqsədilə Azərbaycan
Respublikasının normativ hüquqi aktlarına uyğun olaraq
telekommunikasiya sahəsində müvəqqəti idarəetmə
orqanları yaradıla bilər.
Maddə 16
. Fövqəladə hallarda, fövqəladə və ya hərbi
vəziyyət şəraitində telekommunikasiya şəbəkələrindən
və vasitələrindən istifadədə
üstünlük[14]
16.1. Fövqəladə
hallarda, fövqəladə və ya hərbi
vəziyyət şəraitində Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq səlahiyyətli
dövlət hakimiyyəti orqanları zəruri telekommunikasiya
şəbəkələrinin, qurğularının və vasitələrinin
istifadəsində üstünlük hüququna malikdirlər
və onların istifadəsini dayandıra, məhdudlaşdıra
və ya rabitədən istifadə üçün xüsusi
qaydalar tətbiq edə bilərlər. Fövqəladə
və hərbi vəziyyət şəraitində rabitədən
istifadə üçün xüsusi qaydaları müvafiq
icra hakimiyyəti orqanı müəyyən edir.[15]
16.2. Operatorlar, provayderlər qəzalar,
epidemiyalar, epizootiyalar və təbii fəlakətlər
zamanı dövlət idarəçiliyinin, ölkənin
müdafiəsinin, təhlükəsizliyinin təmin
olunması ilə bağlı təxirəsalınmaz tədbirlər
haqqında məlumatların mübadiləsinə mövcud
imkanlar daxilində üstünlük verməlidirlər.
Maddə 17
. Telekommunikasiya fəaliyyətinə dövlət nəzarəti
17.1. Telekommunikasiya haqqında
qanunvericiliyin tələblərinə əməl olunmasına
dövlət nəzarətini müvafiq icra hakimiyyəti
orqanı həyata keçirir.
17.2. Telekommunikasiya sahəsində
fəaliyyətə dövlət nəzarətinin həyata
keçirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.
17.3. Telekommunikasiya haqqında
qanunvericiliyə əməl olunmasına dövlət nəzarətini
həyata keçirən müvafiq icra hakimiyyəti orqanı
qanunvericiliyin tələblərini pozmuş şəxslər
barədə öz səlahiyyətləri çərçivəsində
tədbirlər görür.
17.4. Telekommunikasiya haqqında
qanunvericiliyə riayət olunmasına dövlət nəzarətini
həyata keçirən orqanın səlahiyyətlərindən
sui-istifadə hallarından inzibati qaydada və (və ya) məhkəməyə
şikayət edilə bilər.[16]
IV fəsil
TELEKOMMUNİKASİYA
ŞƏBƏKƏLƏRİ VƏ XİDMƏTLƏRİ
Maddə 18
. Telekommunikasiya şəbəkəsinin strukturu və təsnifatı
18.1. Azərbaycan
Respublikası daxilində mövcud olan telekommunikasiya şəbəkələrinin
normal idarə edilməsi və düzgün istismar rejimində
saxlanması məqsədilə müvafiq icra hakimiyyəti
orqanı tərəfindən onların təşkilati-texniki
strukturu müəyyənləşdirilir.
18.2. Telekommunikasiya şəbəkələri
struktur baxımından aşağıdakı təsnifata
malikdir:
18.2.1. ümumistifadəli
telekommunikasiya şəbəkəsi;
18.2.2. fiziki və hüquqi
şəxslərin telekommunikasiya şəbəkəsi;
18.2.3. xüsusi təyinatlı
telekommunikasiya şəbəkəsi;
18.2.4. televiziya və radio
yayımı şəbəkəsi.
Maddə 19
. Ümumistifadəli telekommunikasiya şəbəkəsi
19.1. Ümumistifadəli
telekommunikasiya şəbəkəsi operatorlar arasında
bağlanan arabağlantı müqavilələr əsasında
istifadəçilərə vahid prinsiplərlə
telekommunikasiya xidmətləri göstərmək
üçün təşkil edilir.
19.2. Qanunvericilikdə nəzərdə
tutulan hallar istisna olmaqla, ümum istifadəli telekommunikasiya
şəbəkəsinin xidmətlərindən istifadə
edilməsinə məhdudiyyət qoyulmur.
19.3. Ümumistifadəli
telekommunikasiya şəbəkələrinin inkişafı, təkmilləşdirilməsi,
səmərəli və etibarlı istifadə edilməsi məqsədi
ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyənləşdirilmiş siyasət üzrə
telekommunikasiya operatorları tərəfindən tədbirlər
həyata keçirilir.
Maddə 20
. Fiziki və hüquqi şəxslərin telekommunikasiya
şəbəkələri
20.1. Fiziki, hüquqi şəxslər
öz daxili ehtiyaclarını ödəmək
üçün qanunvericilikdə müəyyən edilmiş
qaydada telekommunikasiya şəbəkələri yarada bilərlər.
20.2. Fiziki, hüquqi şəxslərin
telekommunikasiya şəbəkələri müvafiq müqavilə
əsasında ümum istifadəli telekommunikasiya şəbəkəsinə
qoşula bilərlər.
Bu cür qoşulma fərdi
telekommunikasiya şəbəkələrinə məxsus
telekommunikasiya vasitələrinin və qurğularının
ümum istifadəli telekommunikasiya şəbəkəsinin
telekommunikasiya vasitələri və qurğuları
üçün nəzərdə tutulan mövcud standart və
normalara uyğunluğu barədə təqdim edilən
sertifikat əsasında həyata keçirilir.
20.3. Telekommunikasiya şəbəkələrinin
ümum istifadəli telekommunikasiya şəbəkəsinə
qoşulması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilir.
20.4. Telekommunikasiya şəbəkəsi
ümum istifadəli telekommunikasiya şəbəkəsinə
qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkəsi
kateqoriyasına keçmiş hesab edilir.
20.5. Korporativ telekommunikasiya
şəbəkələri idarə, istehsalat daxili və
texnoloji telekommunikasiya şəbəkələri kimi
yaradıla bilər.
20.6. İstehsaldaxili və
texnoloji telekommunikasiya şəbəkələri ümum
istifadəli telekommunikasiya şəbəkəsinə
qoşulmadan ayrı-ayrı müəssisələr, idarələr,
təşkilatlar və digər subyektlərin istehsaldaxili əlaqələrinin
və texnoloji proseslərin idarə və müşahidə
edilməsində operativliyi və konfidensiallığı təmin
edir. Belə telekommunikasiya şəbəkələri
müvafiq telekommunikasiya standartlarına uyğun olaraq,
ümumistifadəli telekommunikasiya şəbəkəsinin
işinə xələl gətirməmək şərtilə
qurulur və kənar istifadəçilərin
ehtiyaclarını ödəmək üçün
telekommunikasiya xidmətləri göstərə bilməzlər.
Maddə 21
. Xüsusi təyinatlı telekommunikasiya şəbəkəsi
21.1. Dövlət hakimiyyəti
orqanlarında xüsusi təyinatlı telekommunikasiya şəbəkələri
yaradıla bilər.
21.2. Dövlət hakimiyyəti
orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələrinin
qurulması, istismarı, təhlukəsizliyinin təmin edilməsi,
onlara sərəncam verilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.
21.3. Dövlət hakimiyyəti
orqanlarının xüsusi təyinatlı telekommunikasiya şəbəkələri
ümumistifadəli telekommunikasiya şəbəkələrinə
qoşulduqda ümumistifadəli telekommunikasiya şəbəkələri
kateqoriyasına keçmir və onun xidmətlərindən
istifadə edilməsindəki məhdudiyyətlər
saxlanılır. [17]
Maddə 22
. Televiziya və radio yayımı şəbəkəsi
Televiziya və radio
yayımı şəbəkəsi və bu şəbəkə
ilə televiziya və radio yayımı "Televiziya və
radio yayımı haqqında" Azərbaycan
Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 23
. Telekommunikasiya xidmətinin növləri
23.0. Telekommunikasiya xidməti
aşağıdakı təsnifatdan ibarətdir:
23.0.1. telefon (məftilli);
23.0.2. sellülar (mobil);
23.0.3. peycinq;
23.0.4. radiotrank və simsiz
telefon;
23.0.5. respublikadaxili və beynəlxalq
telekommunikasiya xidməti;
23.0.6. İnternet xidməti;
23.0.7. televiziya və radio yayımı
xidmətləri;
23.0.8. universal telekommunikasiya
xidmətləri;
23.0.9. qanunvericilikdə nəzərdə
tutulan digər telekommunikasiya xidmətləri.
Maddə 24
. Telefon (məftilli)
Telefon (məftilli) xidməti -
hərəkətsiz (stasionar) son avadanlıqdan istifadə etməklə
göstərilən telekommunikasiya xidmətidir.
Maddə 25
. Sellülar (mobil) xidmət
Sellülar (mobil) xidmət -
istifadəçinin son avadanlığı telekommunikasiya
şəbəkəsinin bütün son nöqtələri
çərçivəsində sərbəst hərəkət
edərək mobil stansiyanın məxsusiləşdirmə kodunu
saxlamaqla radiotexnologiyaları tətbiq etməklə göstərilən
telekommunikasiya xidmətidir.
Maddə 26
. Peycinq xidməti
Peycinq xidməti - istifadəçiyə
məlumatların birtərəfli ötürülməsini təmin
edən fərdi radioçağırış sistemi vasitəsilə
göstərilən telekommunikasiya xidmətidir.
Maddə 27
. Radiotrank və simsiz telefon xidməti
Radiotrank və simsiz telefon xidməti
- istifadəçinin son avadanlığının
telekommunikasiya şəbəkəsinin bir kommutasiya mərkəzinə
qoşulmuş son nöqtələri hüdudlarında sərbəst
hərəkət etməklə və məxsusiləşdirmə
kodunu saxlamaqla radiotexnologiyalardan istifadə etməklə
göstərilən telekommunikasiya xidmətidir.
Maddə 28
. Ölkədaxili və beynəlxalq telekommunikasiya xidməti
Ölkədaxili telekommunikasiya
xidməti - ölkə daxilində, o cümlədən
respublikanın ayrı-ayrı şəhərləri və
rayonları arasında, beynəlxalq telekommunikasiya xidməti isə
ölkədən xaricə və xaricdən ölkəyə
müxtəlif vasitələrlə (kabel, radiorele, peyk və
sair) telekommunikasiyanın yaradılması məqsədilə
göstərilən xidmətdir.
Maddə 29
. İnternet telekommunikasiya xidməti
İnternet telekommunikasiya xidməti
- beynəlxalq standartlarla müəyyən olunan İnternet
protokol əsasında qlobal informasiya şəbəkəsində
göstərilən telekommunikasiya xidmətidir.
Maddə 30
. Televiziya və radio yayımı xidmətləri
Televiziya və radio
yayımı xidmətləri "Televiziya və radio
yayımı haqqında" Azərbaycan Respublikasının
Qanunu ilə tənzimlənir.
Maddə 31
. Universal telekommunikasiya xidməti
31.1. Universal telekommunikasiya xidməti
- Azərbaycan Respublikasının bütün ərazisində
müəyyən müddət ərzində və keyfiyyətlə,
əlverişli qiymətlə hər hansı telekommunikasiya
xidməti istifadəçisinə göstərilməsi
operatorlar, provayderlər üçün icbari olan
telekommunikasiya xidmətidir.
31.2. Dövlət universal
telekommunikasiya xidmətinin göstərilməsinə təminat
verir.
31.3. Universal xidmətin təsnifatı,
təşkili, keyfiyyəti, müddəti və digər tələblər
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aşağıdakı prinsiplər nəzərə
alınmaqla müəyyən edilir:
31.3.1. hər
yaşayış məntəqəsində
yanğınsöndürmə, polis, təcili tibbi yardım,
qaz, elektrik qəza və qanunvericilikdə nəzərdə
tutulan digər ixtisaslaşdırılmış təcili
yardım xidmətləri ilə ödənişsiz əlaqə
yaratmaq məqsədilə, ən azı bir taksofon (və ya
kollektiv istifadəli telefon) quraşdırılmalıdır;
31.3.2. bütün hallarda nəqliyyat
vasitəsindən istifadə etmədən universal
telekommunikasiya xidməti vasitəsinə çatması
üçün sərf edilən vaxt müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunan müddətdən
artıq olmamalıdır.
31.4. Universal telekommunikasiya xidmətinin
göstərilməsi qanunvericiliklə müəyyən
edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən
keçirilən müsabiqə əsasında
seçilmiş operator, provayder tərəfindən,
müsabiqə baş tutmadığı halda isə
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
üzərinə universal xidmətlərin göstərilməsi
öhdəliyi qoyulmuş telekommunikasiya operatoru, provayderi tərəfindən
müqavilə əsasında həyata keçirilir.
Ümumistifadəli
telekommunikasiya şəbəkəsində hökmran mövqe
tutan telekommunikasiya operatoru, provayderi onun üzərinə
qoyulmuş bu öhdəlikdən imtina edə bilməz. [18]
31.5. Universal telekommunikasiya xidmətlərinin
göstərilməsi üçün operatora, provayderə
lazım olan vəsaitin ayrılması və bu məqsədlə
sərf olunan vəsaitin geri qaytarılması (kompensasiya)
qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
31.6. Bu maddənin tələbləri,
müvafiq yaşayış məntəqəsində eyni xidmətlərin
digər şəxslər tərəfindən göstərilməsindən
asılı olmayaraq tətbiq edilir.
31.7. Operatorlar, provayderlər tərəfindən
təmin edilən universal telekommunikasiya xidmətləri
üzrə tariflər və hesablaşma qaydaları
müvafiq icra hakimiyyəti orqanı ilə operator arasında
bağlanan müqavilə əsasında tənzimlənir.
V fəsil
TELEKOMMUNİKASİYA
SUBYEKTLƏRİNİN HÜQUQLARI,
VƏZİFƏLƏRİ
VƏ MƏSULİYYƏTİ
Maddə 32
. Operatorların və provayderlərin hüquqları
32.1. Operatorlar
aşağıdakı hüquqlara malikdirlər:
32.1.1. öz telekommunikasiya
şəbəkələrini planlaşdırmaq və
inkişaf etdirmək (genişləndirmək);
32.1.2. qanunvericiliklə müəyyən
olunmuş qaydada nömrə resurslarını və
radiotezlikləri almaq və onlardan istifadə etmək;
32.1.3. qanunvericiliklə
başqa qayda nəzərdə tutulmayıbsa, göstərdikləri
telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə
qaydasını müstəqil müəyyən etmək;
32.1.4. ayrılmış
nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə
kodlarını vermək;
32.1.5. operator və abunəçi
arasında bağlanmış müvafiq müqavilədə
müəyyən edilən istifadə qaydalarına riayət
etməyən abunəçilərə telekommunikasiya xidmətlərinin
göstərilməsini dayandırmaq;
32.1.6. qanunvericiliyə
uyğun qaydada telekommunikasiya sahəsində fəaliyyətini
dayandırmaq (yaxud fəaliyyətinə xitam vermək);
32.1.7. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
32.2. Provayderlər
aşağıdakı hüquqlara malikdirlər:
32.2.1. müvafiq operatorla
bağladığı müqavilə əsasında
ümumistifadəli telekommunikasiya
şəbəkəsinə
qoşulmaq və xidmətlər göstərmək;
32.2.2. qanunvericiliklə müəyyən
olunmuş qaydada nömrə resurslarından və radiotezliklərdən
istifadə etmək;
32.2.3. göstərdikləri
telekommunikasiya xidmətlərinin tariflərini və ödəmə
qaydasını, qanunvericiliklə başqa qayda nəzərdə
tutulmayıbsa, müstəqil müəyyən etmək;
32.2.4. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
Maddə 33
. Operatorların və provayderlərin vəzifələri
33.1. Operatorlar
aşağıdakı vəzifələri
daşıyırlar:
33.1.1. telekommunikasiya sahəsində
müəyyən olunmuş normativ hüquqi aktlara uyğun fəaliyyət
göstərmək;
33.1.2. abunəçi ilə
bağlanan müqaviləyə əsasən üzərinə
düşən vəzifələri yerinə yetirmək;
33.1.3.
istehlakçıların hüquqlarını pozmamaq;
33.1.3-1. abunəçinin müraciəti əsasında
uşaqların zərərli informasiyadan qorunması
üçün internet informasiya ehtiyatlarından təhlükəsiz
istifadə imkanlarını “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla təmin
etmək;[19]
33.1.3-2.
rabitə vasitələrinin satışı və istifadəsi
zamanı xidmət göstərilən fiziki və hüquqi
şəxslərlə bağlanılan müqavilələrdə
və abunəçilərə dair məlumat bazalarında nəzərdə
tutulması vacib olan məlumatları daxil etmək;
33.1.3-3.
telefon nömrələrinin (sabit (məftilli), mobil)
operatorların şəbəkəsində aktivləşdirilməsini
ərizəçiyə dair məlumatların vahid məlumat
bazasına onlayn rejimdə elektron formada daxil edildikdən sonra
təmin etmək;[20]
33.1.4. qarşılıqlı
arabağlantı müqavilələrini bağlamaq;
33.1.5. telekommunikasiya xidmətlərini
müəyyən edilmiş standart, norma və qaydalara
uyğun keyfiyyətlə göstərmək;
33.1.6. trafikin normativ hüquqi
aktlara uyğun istiqamətləndirilməsinə əməl
etmək;
33.1.7. abunəçilər və
istifadəçilər tərəfindən ixtisaslaşdırılmış
təcili yardım xidmətlərinin
çağırılması üçün telekommunikasiya
şəbəkələrindən ödənişsiz istifadəni
təmin etmək;
33.1.8. telekommunikasiya xidmətinin
göstərilməsi məhdudlaşdırıldığı
halda da ixtisaslaşdırılmış təcili yardım
xidmətləri ilə əlaqəni mümkün həddədək
təmin etmək;
33.1.9. müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətli nümayəndəsinə
telekommunikasiya vasitələri və qurğularının
istifadə olunduğu yerdə yoxlanılmasına qanunvericiliklə
müəyyən edilmiş qaydada şərait yaratmaq;
33.1.9-1. bu Qanunun 13-1.2-ci
maddəsində nəzərdə tutulmuş qaydada uçota
durmaq, habelə uçot məlumatlarında baş vermiş
dəyişiklik barədə dəyişikliyin baş verdiyi
vaxtdan 10 gün müddətində məlumat vermək; [21]
33.1.9-2. müvafiq icra
hakimiyyəti orqanının, habelə
məhkəmələrin və ya hüquq mühafizə orqanlarının
sorğularına 3 iş günündən gec olmayaraq cavab
vermək və tələb olunan məlumatları təqdim
etmək (bu müddətdə həmin informasiyanın
aktuallığını itirməsi ilə əlaqədar
sorğunun təcili olması barədə sorğu verənin
qeydi olduqda, sorğuya dərhal, bu mümkün olmadıqda
isə 24 saatdan gec olmayaraq cavab vermək);
33.1.9-3. operator və
ya provayderin telekommunikasiya şəbəkəsinə
qoşulmaqla təşkil edilən qanunsuz beynəlxalq
telekommunikasiya xidmətlərinin qarşısının
alınması üçün texniki vasitələrdən,
avadanlıqlardan və ya proqram təminatından istifadə
etməklə tədbirlər görmək;[22]
33.1.9-4. yerli
investisiyalı məhdud məsuliyyətli cəmiyyətin
dövlət qeydiyyatı zamanı mobil nömrənin
identifikasiyası məqsədilə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun)
sorğusuna real vaxt rejimində cavab vermək;[23]
33.1.9-5.
“Uşaqların zərərli informasiyadan qorunması
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş tələblərə riayət
etmək;[24]
33.1.10. qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələr.
33.2. Bu
Qanunun 33.1-ci maddəsində göstərilmiş vəzifələr,
bu Qanunun 33.1.3-2-ci,
33.1.3-3-cü, 33.1.4-cü və
33.1.9-4-cü maddələri
istisna olmaqla, provayderlərə də şamil edilir.[25]
33.3. Host provayder və internet provayderlər internet
informasiya ehtiyatlarında yayılması qadağan edilən
informasiyanın yerləşdirilməsinin
qarşısının alınması üçün
“İnformasiya, informasiyalaşdırma və informasiyanın
mühafizəsi haqqında” Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulmuş tədbirləri həyata
keçirməlidirlər.[26]
Maddə 34
. Abunəçilərin hüquq və vəzifələri
34.1. Abunəçilər
aşağıdakı hüquqlara malikdirlər:
34.1.1. operatoru, provayderi sərbəst
seçmək;
34.1.2. keyfiyyətli
telekommunikasiya xidmətlərini tələb etmək;
34.1.2-1. uşaqların zərərli informasiyadan
qorunması üçün texniki proqram və avadanlıq
vasitələrinin tətbiqi ilə müvafiq tədbirlər
görülməsini tələb etmək;[27]
34.1.3. operatorun, provayderin əməllərindən
qanunvericiliklə müəyyən edilmiş qaydada şikayət
vermək;
34.1.4. qanunvericiliklə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
34.2. Abunəçilər
aşağıdakı vəzifələri
daşıyırlar:
34.2.1. qanunvericiliyə
uyğun müəyyən edilmiş telekommunikasiya xidmətlərindən
istifadə qaydalarına riayət etmək;
34.2.2. telekommunikasiya şəbəkəsinə
operator, provayder ilə bağlanmış müqavilələrə,
qanunvericiliklə müəyyən edilmiş standartlara və
digər tələblərə uyğun son avadanlıq
qoşmaq;
34.2.3. telekommunikasiya şəbəkələrinin
istismarını, bütövlüyünü,
qarşılıqlı bağlantısını, informasiya
mühafizəsini, radioelektron vasitələrinin elektromaqnit
uyğunluğunu təhlükə altına qoyan, habelə digər
subyektlər üçün telekommunikasiya xidmətlərinin
göstərilməsini çətinləşdirən, yaxud
qeyri-mümkün edən əməllərə yol verməmək;
34.2.4. operator, provayder ilə
bağlanmış müqavilələrin şərtlərinə
əməl etmək, o cümlədən istifadə etdikləri
telekommunikasiya xidmətləri haqlarını
vaxtlı-vaxtında ödəmək;
34.2.5. son avadanlığın
istifadə olunduğu yerdə yoxlanılması
üçün müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli
nümayəndəsinə, qanunvericiliklə müəyyən
edilmiş qaydada şərait yaratmaq;
34.2.6. qanunvericiliklə müəyyən
edilmiş digər vəzifələr.
Maddə 35
. Telekommunikasiya şəbəkələrinin, vasitələrinin
və qurğularının mühafizəsi
35.1. Azərbaycan
Respublikasında telekommunikasiya şəbəkələri,
vasitələri və qurğularının mühafizəsinə
dövlət tərəfindən hüquqi təminat verilir.
Telekommunikasiya şəbəkələrinə,
vasitələri və qurğularına qanunvericiliklə
müəyyən olunmuş mühafizə zonası və zolaqları
ayrılır.
35.2. Layihə və tikinti ilə
məşğul olan hüquqi və fiziki şəxslər
binaların, tikililərin, şəbəkələrin,
qurğuların tikintisi, təmiri, yenidən qurulması və
bərpası zamanı tikinti sahələrində mövcud
olan telekommunikasiya şəbəkələrini, vasitələrini
və qurğularını mühafizə etməlidirlər.
35.3. Telekommunikasiya şəbəkələrinə,
vasitələrinə və qurğularına
razılaşdırılmamış qoşulma, müdaxilə
və zədələnmə nəticəsində yaranan zərərin
əvəzi təqsirkar şəxslər tərəfindən
aidiyyəti operatora, provayderə tam həcmdə ödənilir.
35.4. Telekommunikasiya şəbəkələrinin,
vasitə və qurğularının mühafizə
qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir. Operatorlar, provayderlər bu qaydalara zidd
olmayan əlavə mühafizə tədbirləri görə
bilərlər.
Maddə 36
. Telekommunikasiya vasitə və qurğularının digər
infrastruktur obyektlərində yerləşdirilməsi
36.1. Mövcud
yaşayış məntəqələrini inkişaf etdirmək,
yeni yaşayış məntəqələri salmaq məqsədilə
baş planlar hazırlayarkən və ayrı-ayrı
yaşayış məntəqələrini və komplekslərini,
inzibati-ictimai binaları və tikililəri layihələndirərkən
dövlət hakimiyyəti və yerli özünüidarəetmə
orqanları qüvvədə olan normativlərə uyğun
olaraq, telekommunikasiya vasitə və qurğularının yerləşdirilməsi
üçün binaların tikintisi məqsədilə
onların mülkiyyətində olan sahələr
ayırmalıdırlar. Eyni zamanda tikilməkdə olan
yaşayış və ya inzibati binalarda telekommunikasiya xidmətlərinin
göstərilməsi üçün texniki normalara uyğun
gələn xüsusi otaqları və sahələri
müvafiq qaydada operatorlara, provayderlərə istifadəyə
verməlidirlər.
36.2. Binaların, körpülərin,
kollektorların, tunellərin (o cümlədən metropoliten
tunellərinin), avtomobil və dəmir yollarının, digər
mühəndis obyektlərinin və texnoloji
meydançaların mülkiyyətçiləri ilə
magistral şəbəkə operatoru arasında
bağlanmış müqaviləyə əsasən bu obyektlərdə
mövcud normativlərə uyğun olaraq telekommunikasiya şəbəkələrinin
və qurğularının quraşdırılması,
tikintisi və istismarı təmin edilir.
36.3. Dövlət və yerli
özünüidarəetmə orqanları zədələnmiş
telekommunikasiya şəbəkələrinin və
qurğularının bərpası üzrə təxirəsalınmaz
qəza-texniki işlər aparılması üçün
operatorlara, provayderlərə lazım olan nəqliyyat vasitələri
və xüsusi texnikanın müvafiq qaydada
ayrılmasını təmin edirlər.
Maddə 37
. Telekommunikasiya şəbəkəsinin elektrik enerjisi ilə
təchizatı
37.1. Azərbaycan
Respublikasında telekommunikasiya şəbəkələri,
vasitələri və qurğuları elektrik enerjisinin birinci dərəcəli
istehlakçısı hesab edilməklə, ölkənin
vahid enerji sistemi vasitəsilə fasiləsiz təchiz
olunmalıdırlar.
37.2. Operatorlar, provayderlər
dayanıqlı fəaliyyət göstərmək
üçün ehtiyat enerji mənbələri yaradırlar.
Maddə 38
. Telekommunikasiyada məxfiliyin təmin olunması
38.1. Azərbaycan
Respublikasında telekommunikasiya şəbəkələri
vasitəsilə ötürülən məlumatların məxfiliyi
Azərbaycan Respublikasının Konstitusiyası və digər
müvafiq normativ hüquqi aktlarla qorunur.
38.2. Telekommunikasiya şəbəkələri
vasitəsilə ötürülən məlumatların məxfiliyinin
məhdudlaşdırılmasına yalnız qanunvericiliklə
müəyyən edilmiş hallarda yol verilir.
38.3. Operatorlar, provayderlər
şəbəkələri vasitəsilə ötürülən
məlumatların məxfiliyini təmin etməlidirlər.
38.4. Telekommunikasiya şəbəkələrindən
istifadə haqqında məlumatlar yalnız qanunvericiliklə
müəyyən edilmiş hallarda verilə bilər.
38.5. Telefon
danışıqlarının və digər telekommunikasiya
vasitələri ilə ötürülən məlumatların
açıqlanmasına yalnız qanunvericilikdə müəyyən
edilmiş hallarda yol verilir.
38.6. Tərkibində dövlət
sirri olan məlumatların telekommunikasiya şəbəkələri
vasitəsilə ötürülməsi Azərbaycan
Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
Maddə 39.
Operatorların, provayderlərin əməliyyat-axtarış, kəşfiyyat və əks-kəşfiyyat
fəaliyyətini həyata
keçirən orqanlarla qarşılıqlı əlaqəsi
39.1. Operatorlar, provayderlər
qanunla müəyyən edilmiş qaydada əməliyyat-axtarış,
kəşfiyyat və əks-kəşfiyyat tədbirlərinin
keçirilməsi üçün şərait yaratmağa,
bu məqsədlə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi şərtlərə
uyğun telekommunikasiya şəbəkələrini əlavə
texniki vasitələrlə təchiz etməyə, təşkilati
məsələləri həll etməyə və bu tədbirlərin
keçirilməsində istifadə olunan üsulları gizli
saxlamağa borcludur. [28]
39.2. Bu tələblərin
pozulmasına görə operator, provayder qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyır.
Maddə 40
. Abunəçi ilə bağlanan müqaviləyə dair
zəruri tələblər
40.1. Müvafiq telekommunikasiya
xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri
və operator, provayder ilə abunəçi arasında
bağlanan müqavilə əsasında həyata
keçirilir.
40.2. Operator, provayder texniki
imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi
üçün müraciət edən abunəçi ilə
belə xidmətin göstərilməsinə dair müqavilə
bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar
istisna olmaqla, imtina edə bilməz.
40.3. Müqavilədə və
onun tərkib hissəsi sayılan digər sənədlərdə
aşağıdakı müddəalar əks etdirilir:
40.3.1. telekommunikasiya xidmətindən
istifadə üçün abunəçinin məxsusiləşdirmə
kodu zəruri olduqda abunəçinin son
avadanlığının qoşulma ünvanı;
40.3.2. xidmətin ödənilmə
qaydası;
40.3.3. son
avadanlığının telekommunikasiya şəbəkəsinə
qoşulmasının və istifadəsinin müddəti
(vaxtı) və şərtləri;
40.3.4. müqavilənin
dayandırılmasının və ləğv edilməsinin
şərtləri;
40.3.5. tərəflərin vəzifələri,
hüquqları və məsuliyyəti;
40.3.5-1. Azərbaycan
Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş məlumatlar;
40.3.5-2. abunəçinin
identifikasiya modulunun (Sim kartlar və s.) başqa şəxslərə
daimi istifadə üçün, habelə mütəmadi gəlir
(mənfəət) əldə etmək məqsədi ilə
kirayəyə verilməsinə qadağa qoyulması barədə
qeyd;
40.3.5-3.
abunəçinin identifikasiya modulunun (Sim kartlar və s.) və
mobil telefon aparatının oğurlanması və itirilməsi
barədə fiziki və hüquqi şəxslər tərəfindən
dərhal müvafiq icra hakimiyyəti orqanının məlumatlandırılması
barədə qeyd;
40.3.6. telekommunikasiya xidmətlərinin
keyfiyyətinə dair tələblər;
40.3.7. abunəçiyə təklif
olunan texniki qulluq;
40.3.7-1. bu Qanunun 33.1.3-1-ci maddəsində göstərilmiş
vəzifənin həyata keçirilməsi üçün
abunəçinin razılığı (etirazı);[29]
40.3.8. mübahisələrə
baxılma qaydası;
40.3.9. abunəçi barədə
məlumatların sorğu-məlumat mənbələrində
göstərilməsinə onun razılığı
(etirazı);
40.3.10. qanunvericiliyə zidd
olmayan digər şərtlər.
40.3-1.
Müqavilə Azərbaycan Respublikasının dövlət
dilində bağlanılmalı və həmin müqaviləyə
abunəçinin (hüquqi şəxs tərəfindən
bağlanıldığı təqdirdə, istifadə edən
fiziki şəxsin) fotoşəkillə olan şəxsiyyətini
təsdiq edən sənədinin surəti əlavə
olunmalıdır.
40.4. Abunəçi
telekommunikasiya xidməti üzrə bağlanılan müqavilənin
şərtlərinin pozulması barədə iddia
qaldırarsa, iddianın baxıldığı müddətdə
telekommunikasiya xidmətindən məhrum edilə bilməz.
40.4-1. Dini ekstremizm əleyhinə xüsusi əməliyyatın
aparılma zonasında fiziki və hüquqi şəxslərə
rabitə xidmətlərinin göstərilməsi bu əməliyyatı
aparan orqanın göstərişi əsasında müvəqqəti
dayandırıla bilər.[30]
40.5. Fövqəladə hallar, dini ekstremizm əleyhinə
xüsusi əməliyyatın aparıldığı hallar
və təbii fəlakətlər istisna olmaqla, hər
hansı səbəbdən telekommunikasiya xidmətləri məhdudlaşdırıldığı
və ya dayandırıldığı halda operator, provayder
abunəçini onun səbəbləri və müddəti
barədə əvvəlcədən məlumatlandırır. [31]
40.6. Operator, provayder yenidən
təşkil olunarsa, qanunvericilikdə müəyyən edilən
tələblərə riayət etmək şərtilə
abunəçinin əvvəlki operator, provayder ilə
bağladığı müqavilə ilə müəyyən
edilmiş hüquqları əsassız məhdudlaşdırıla
bilməz.
40.7. Abunəçilərə
telekommunikasiya xidmətlərinin göstərilməsinə
dair hər bir operator, provayder tərəfindən tətbiq
edilən müqavilənin nümunəsinə müvafiq icra
hakimiyyəti orqanı tərəfindən nəzarət
edilir.
Maddə 41
. Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi
ilə əlaqədar dəymiş zərərin ödənilməsi
41.1. Telekommunikasiya fəaliyyətinin
həyata keçirilməsi ilə əlaqədar hər
hansı subyektə dəymiş zərərin əvəzi qanunla
müəyyən edilmiş qaydada ödənilir.
41.2. Nömrə resursu
genişlənmə ilə əlaqədar dəyişdirildikdə
operatorlar, provayderlər ayrılmış nömrə
resursundan istifadə etməli, müəyyən olunmuş
müddətdə şəbəkənin nömrəsini dəyişməli
və bununla bağlı bütün zəruri xərcləri
ödəməlidir.
41.3. Ümumistifadəli
telekommunikasiya şəbəkəsində operatordan, provayderdən
asılı olan səbəblərdən yaranan nasazlıqlar
istisna olmaqla, telekommunikasiya xidmətlərinin istifadəçisinin
xətlərində ümum istifadəli telekommunikasiya şəbəkəsinə
qoşulmuş son avadanlığında nasazlıqların
aradan qaldırılması üzrə xərclər
telekommunikasiya xidmətinin istifadəçisi tərəfindən
ödənilir.
Maddə 42
. Dövlət ehtiyacları üçün telekommunikasiya
şəbəkələri kanallarının ayrılması
42.1. Azərbaycan
Respublikasının dövlət hakimiyyəti, o cümlədən
müdafiə, təhlükəsizlik və hüquq mühafizə
orqanlarının ehtiyacları üçün ümum istifadəli
və idarə telekommunikasiya şəbəkələrinin
kanalları qanunvericilikdə nəzərdə tutulmuş
qaydada müqavilə əsasında icarəyə verilir.
42.2. Operatorlar, provayderlər
dövlət hakimiyyəti, o cümlədən müdafiə,
təhlükəsizlik və mühafizə orqanlarının
ehtiyacları üçün telekommunikasiya kanallarının
ayrılmasını, etibarlığını ilk növbədə
təmin etməli, telekommunikasiya kanalları zədələndikdə
onların dəyişdirilməsi, bərpası
üçün təxirəsalınmaz tədbirlər
görməlidirlər.
Maddə 43
. Telekommunikasiya fəaliyyəti sahəsində
hüquqpozmalara görə məsuliyyət
43.1. Bu Qanunun tələblərinin
pozulması Azərbaycan Respublikasının qanunvericiliyində
nəzərdə tutulmuş məsuliyyətə səbəb
olur. [32]
43.2. Telekommunikasiya fəaliyyəti
subyektləri yol verdikləri hüquqpozmalara görə qanunla
və mövcud müqavilələrdə nəzərdə
tutulan əsaslar ilə məsuliyyətə cəlb edilə
bilərlər.
43.3. Qanunvericilikdə başqa
qayda müəyyən edilməyibsə, telekommunikasiya şəbəkələri
ilə ötürülən məlumatların məzmununa
görə operatorlar və provayderlər məsuliyyət
daşımırlar.
43.4. İnternet telekommunikasiya
xidməti göstərən operatorlar və provayderlər
xidmət göstərməyə başladıqları vaxtdan
15 gün müddətində müvafiq icra hakimiyyəti
orqanında uçota durmadıqda qanunla müəyyən
edilmiş qaydada məsuliyyət daşıyırlar. [33]
43.5. İnternet telekommunikasiya xidməti göstərən
operatorlar və provayderlər uçota alınması
üçün zəruri olan sənədlərdəki
çatışmazlıqları aradan qaldıraraq 15 gün
müddətində yenidən müraciət etmədikdə
və ya uçot məlumatlarında baş vermiş
dəyişiklik barədə müvafiq icra hakimiyyəti
orqanına dəyişikliyin baş verdiyi gündən 10
gün müddətində məlumat vermədikdə qanunla
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
VI fəsil
TELEKOMMUNİKASİYA
SAHƏSİNDƏ FƏALİYYƏTİN
İQTİSADİ ƏSASLARI
Maddə 44
. Telekommunikasiya şəbəkələri və vasitələri
üzərində mülkiyyət hüququ
44.1. Telekommunikasiya şəbəkələri,
qurğuları və vasitələri dövlət, bələdiyyə
və xüsusi mülkiyyətdə ola bilər.
44.2. Dövlət, mülkiyyət
formasından asılı olmayaraq, operatorlar, provayderlər
üçün bərabər hüquqi şərait
yaradır.
44.3. Dövlət mülkiyyətində
olan telekommunikasiya şəbəkələri, qurğuları
və vasitələrinin təsnifatı normativ hüquqi
aktlarla müəyyən edilir.
Maddə 45
. Telekommunikasiya şəbəkələri, qurğuları
və vasitələri ilə bağlı mülkiyyət
formasının dəyişdirilməsi
45.1. Telekommunikasiya şəbəkələri,
qurğuları və vasitələrinin (o cümlədən
dövlətin mülkiyyətində olanların) mülkiyyət
forması qanunla nəzərdə tutulmuş qaydada dəyişdirilə
bilər.
45.2. İstənilən
hüquqi və fiziki şəxslər telekommunikasiya sahəsində
fəaliyyət göstərən dövlət müəssisələrinin
özəlləşdirilməsində, icarəyə və
idarəetməyə verilməsində Azərbaycan
Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş
qaydada iştirak edə bilərlər.
45.3. Telekommunikasiya şəbəkələri,
qurğuları və vasitələri üzərində
mülkiyyət formasının dəyişdirilməsinə
onların mövcud maddi-texniki bazasını zəiflətməmək
və texnoloji fəaliyyəti pozmamaq, habelə fiziki və
hüquqi şəxslərin telekommunikasiya xidmətlərindən
istifadə etmək hüquqlarını əsassız məhdudlaşdırmamaq
şərtilə qanunvericiliklə müəyyən
olunmuş qaydada yol verilir.
Maddə 46
. Telekommunikasiya ehtiyacları üçün torpaqdan və
digər daşınmaz əmlakdan istifadə
46.1. Telekommunikasiya şəbəkələri,
vasitələri və qurğuları qanuna uyğun olaraq
dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə
olan torpaqlarda yerləşdirilə bilər.
46.2. Torpaq sahələrinin
ayrılması, mühafizə zona və zolaqlarının
müəyyənləşdirilməsi qaydaları, onlardan
istifadə müvafiq qanunvericilik aktları ilə müəyyən
edilir.
46.3. Telekommunikasiya fəaliyyəti
üçün fiziki və hüquqi şəxslərə
verilən torpaq sahələrinin, o cümlədən
mühafizə zona və zolaqlarının
ölçüsü bu fəaliyyət növü
üçün torpaq ayrılması normalarına və layihə-texniki
sənədlərə müvafiq olaraq müəyyənləşdirilir.
46.4. Yaşayış məntəqələrinin
yenidənqurulması, ayrı-ayrı binaların, yolların,
körpülərin təmiri, meliorasiya işlərinin
görülməsi, faydalı qazıntı yataqlarının
emalı zamanı və bu kimi digər hallarda telekommunikasiya
qurğularının köçürülməsi və ya
yenidənqurulması sifarişçinin vəsaiti hesabına,
mövcud standartlara və telekommunikasiya şəbəkəsinin
mülkiyyətçisinin texniki şərtlərinə
uyğun şəkildə həyata keçirilir.
46.5. Azərbaycan
Respublikasının sərhədyanı ərazilərində,
o cümlədən sərhəd çaylarında, Xəzər
dənizinin (gölünün) Azərbaycan hissəsində
telekommunikasiya vasitələrinin və qurğularının
tikintisi, istismarı və qəza bərpa işlərinin
aparılması qaydaları müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyənləşdirilir.
46.6. Telekommunikasiya şəbəkələrinin
və qurğularının layihələşdirilməsi,
tikintisi, təmiri, yenidənqurulması,
quraşdırılması və yerdəyişməsi
müvafiq dövlət və sahə standartlarına, müəyyən
edilmiş norma və qaydalara uyğun olaraq həyata
keçirilir.
Maddə 47
. Telekommunikasiyanın inkişafına investisiya qoyuluşu və
onun fəaliyyətinin maliyyələşdirilməsi mənbələri
47.1. Telekommunikasiyanın
inkişafına investisiya qoyuluşu Azərbaycan
Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata
keçirilir.
47.2. Telekommunikasiyanın
inkişafı üçün investisiya qoyuluşuna dair qərarlar
qanunvericilikdə müəyyən olunmuş qaydada, müvafiq
dövlət proqramları və müqavilələr əsasında
qəbul olunur.
47.3. Müvafiq ərazilərin
sosial-iqtisadi inkişaf proqramlarına uyğun olaraq
telekommunikasiyanın inkişafı üçün aidiyyəti
icra hakimiyyəti orqanları da müəyyən tədbirlər
görürlər.
47.4. Xarici investisiyaların telekommunikasiyanın
inkişafına cəlb edilməsi və onların
qorunması Azərbaycan Respublikasının müvafiq
qanunvericiliyinə və tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə
uyğun olaraq təmin edilir.
47.5. Telekommunikasiyanın
inkişafı üzrə tədbirlər uyğun olaraq büdcə
və büdcədənkənar vəsaitlər,
operatorların, provayderlərin öz vəsaitləri, kreditlər,
qrantlar və qanunvericiliklə qadağan edilməmiş digər
mənbələr hesabına maliyyələşdirilir.
47.6. Dövlət hakimiyyəti
orqanlarının telekommunikasiya xidmətləri və telekommunikasiya
təyinatlı strukturlarının maddi-texniki bazasının
inkişafı üçün nəzərdə tutulmuş xərclər
həmin orqanlar üçün ayrılmış müvafiq
büdcə vəsaitinin tərkibinə daxil edilir.
47.7. Fiziki və hüquqi
şəxslərə məxsus telekommunikasiya şəbəkələrinin
inkişafı qanunvericiliklə qadağan edilməmiş mənbələr
hesabına təmin edilir.
Maddə 48
. Telekommunikasiya xidmətlərinin göstərilməsi ilə
əlaqədar məlumatların emalı
48.1. Telekommunikasiya xidmətlərinin
göstərilməsinə görə ödənişlər
müvafiq qaydada emal edilmiş məlumatlar əsasında həyata
keçirilir.
48.2. Operatorlar, provayderlər
telekommunikasiya xidmətlərindən istifadəyə və ya
şəbəkəyə qoşulmaya görə
aşağıdakı məlumatları emal edir:
48.2.1. abunəçinin, yaxud
onun son avadanlığının məxsusiləşdirilməsini
mümkün edən məlumat;
48.2.2. abunəçinin
ünvanı;
48.2.3. ümumistifadəli
telekommunikasiya xidmətlərinə görə abunəçinin
ödədiyi məbləğin hesabatının
aparılmasına əsas olan ölçü vahidləri;
48.2.4. istifadə edilən xidmət
vahidi üzrə aidiyyəti əsas göstəricilər (məxsusiləşdirilmə
nömrəsi, xidmətdən istifadə müddəti, həcmi
və s.);
48.2.5. telekommunikasiya xidmətini
göstərən şəxsə istifadəçinin avans
olaraq, yaxud hissə-hissə köçürdüyü
ödənişlər barədə məlumatlar;
48.2.6. telekommunikasiya xidmətini
göstərən şəxs tərəfindən xəbərdarlıqlar
və telekommunikasiya xidmətlərinə məhdudiyyətlər
barədə məlumatlar.
48.3. Operator, provayder bu maddədə
göstərilmiş məlumatları mühafizə etməlidir
və qanunvericilikdə nəzərdə tutulmuş hüquqi əsas
olmadan üçüncü şəxslərə (aidiyyəti
abunəçi istisna olmaqla) verməməlidir.
48.4. Operatorlar, provayderlər
bu maddədə göstərilmiş məlumatların
mülki qanunvericiliklə müəyyən edilmiş iddia
müddətləri bitənə qədər
saxlanmasını təmin etməlidirlər.
48.5.
Mobil telekommunikasiya xidməti göstərən operatorlar şəbəkələrində
rouminq rabitəsində olan xarici istifadəçilərə
aid qeydiyyata alınmış bütün məlumatların ən
azı 1 (bir) il müddətində saxlanılmasını təmin
etməlidirlər.
Maddə 49
. Telekommunikasiya şəbəkələrində qəzaların
nəticələrinin aradan qaldırılması
49.1. Telekommunikasiya şəbəkələrində
qəzaların nəticələrinin aradan
qaldırılması işləri telekommunikasiya vasitələrinin
yerləşdiyi torpaq sahəsi, bina və ya qurğu
mülkiyyətçisi, icarəçisi ilə əldə
edilən qarşılıqlı razılıq əsasında
aparılır. Fövqəladə və təxirəsalınmaz
hallarda, dövlət və ya ictimai mənafelərin təmin
edilməsi tələb olunduqda belə işlərin
aparılmasına həmin şəxslərin
razılığı tələb olunmur.
49.2. Bərpa və təmir
işləri zamanı dəyən zərər qanunvericiliklə
müəyyən edilmiş qaydada ödənilməlidir.
49.3. Telekommunikasiya şəbəkələrində
qəzaların nəticələrinin aradan
qaldırılması işlərinə qəza nəticəsində
zədələnmiş telekommunikasiya vasitələrinin bərpası
və ya yenidən qurulması ilə yanaşı, təbiətin
mühafizəsi üzrə zəruri tədbirlərin
görülməsi də daxildir.
Maddə 50
. Telekommunikasiya vasitələrinin idxalı, ixracı,
istehsalı, satışı və onlardan istifadə
Telekommunikasiya vasitələrinin
idxalı, ixracı, istehsalı, satışı və istifadəsi
qanunvericiliyə uyğun həyata keçirilir.
Maddə 50-1.
Telekommunikasiya vasitələri və qurğuları ilə
yayımlanan reklam
50-1.1.
Operator və provayder reklamverici ilə bağlanılan
müqavilə əsasında reklam yayımlaya bilər.
Operator və provayder abunəçiyə reklamı yalnız
abunəçi ilə bağlanılan yazılı müqavilədə
reklamın göndərilməsi
razılaşdırıldığı halda fərdi qaydada
yayımlaya bilər. Operator və provayder abunəçiyə
reklam göndərilməsindən istənilən vaxt imtina etmək
və ya abunəçinin yalnız arzuladığı reklamı
yayımlamaq üçün imkan yaratmalıdır. Abunəçinin
razılığı olmadan və ya “Reklam haqqında” Azərbaycan
Respublikası Qanununun müddəalarına zidd olan reklamın
göndərilməsi üçün operator və provayder məsuliyyət
daşıyır.
50-1.2.
Operator və provayder ilə abunəçi arasında bu
Qanunun 50-1.1-ci maddəsinin ikinci cümləsində göstərilən
reklamın göndərilməsi barədə müqavilə
bağlanıldığı halda, abunəçinin reklam
göndərilməsindən imtina etməsi barədə
operatora və (və ya) provayderə sorğusu əsasında
abunəçiyə məxsus son telekommunikasiya
avadanlığına reklamın yayımlanması dərhal
dayandırılır.
Operatora
və provayderə məlumat üçün müraciət
edən abunəçinin sorğusuna cavab verilənədək,
reklam yayımlana bilər. Məlumat xidməti ödənişli
olduqda, reklamın yayımlanması arayışın dəyərinə
daxil edilə bilməz.
50-1.3.
Telekommunikasiya qurğularında tündlüyü 5 faizdən
yuxarı olan alkoqollu içkilərin reklamı yerləşdirilə
bilməz.[34]
VII fəsil
TELEKOMMUNİKASİYA
XİDMƏTLƏRİ GÖSTƏRİLMƏSİNİN
XÜSUSİYYƏTLƏRİ
Maddə 51
. Telekommunikasiya sahəsində istifadə olunan dil
51.1. Azərbaycan
Respublikasının ərazisində operatorlar, provayderlər
kargüzarlıq işini qanunvericiliyə uyğun olaraq Azərbaycan
dilində aparırlar.
51.2. Azərbaycan
Respublikasının ərazisində operatorların, provayderlərin
qəbul etdikləri və ötürdükləri yazılı
məlumatların ünvanları Azərbaycan dilində tərtib
edilir.
51.3. Ölkə
hüdudlarından kənara ötürülən məlumatlar
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrlə
müəyyən edilmiş dillərdə tərtib edilə
bilər.
Maddə 52
. Telekommunikasiya sahəsində uçot vaxtı
52.1. Azərbaycan
Respublikası ərazisində telekommunikasiya xidmətləri
üçün vahid uçot-hesabat vaxtı - Bakı
vaxtı tətbiq edilir.
52.2. Beynəlxalq
telekommunikasiya sahəsində uçot-hesabat vaxtı Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən müəyyən
edilir. Əgər beynəlxalq müqavilələrdə
ayrı qayda nəzərdə tutulmayıbsa, uçot-hesabat
vaxtı ümumdünya sistemləşdirilmiş vaxtı ilə
müəyyənləşdirilir.
VIII fəsil
TELEKOMMUNİKASİYA
FƏALİYYƏTİ SAHƏSİNDƏ
BEYNƏLXALQ
ƏMƏKDAŞLIQ
Maddə 53 . Telekommunikasiya
sahəsində beynəlxalq əməkdaşlığın əsasları
53.1. Telekommunikasiya sahəsində
beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının qanunvericiliyinə və tərəfdar
çıxdığı beynəlxalq müqavilələrə,
telekommunikasiya operatorlarının xarici telekommunikasiya
operatorları ilə bağladığı müqavilələrə
müvafiq olaraq həyata keçirilir.
53.2. Müvafiq icra hakimiyyəti
orqanı səlahiyyətləri çərçivəsində
digər dövlətlərin telekommunikasiya qurumları ilə
qarşılıqlı əlaqələr yaradır, beynəlxalq
təşkilatlarda Azərbaycan Respublikasını təmsil
edir və maraqlarını qoruyur.
53.3. Azərbaycan
Respublikasının telekommunikasiya sahəsi üzrə beynəlxalq
təşkilatlarda iştirakı ilə bağlı
üzvlük haqları qanunvericiliyə uyğun olaraq ödənilir.
53.4. Xarici dövlətlərin
hüquqi və fiziki şəxslərinin Azərbaycan
Respublikasının ərazisində telekommunikasiya sahəsində
fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi
və tərəfdar çıxdığı beynəlxalq
müqavilələr ilə müəyyən olunmuş qaydada
tənzimlənir.
Maddə 54 . Telekommunikasiya
sahəsində beynəlxalq əməkdaşlığa tətbiq
olunan hüquq
Telekommunikasiya sahəsində
beynəlxalq layihələrin həyata keçirilməsində
iştirak edən Azərbaycan Respublikasının fiziki və
hüquqi şəxsləri ilə xarici hüquqi və fiziki
şəxslər arasında bağlanan müqavilələrdə
tətbiq edilən hüquq göstərilməlidir.
IX fəsil
TELEKOMMUNİKASİYA
FƏALİYYƏTİ SAHƏSİNDƏ
MÜBAHİSƏLƏRİN HƏLLİ
Maddə 55.
Beynəlxalq telekommunikasiya şəbəkələrindən
istifadə edilərkən mübahisələrin həll
olunması
Azərbaycan
Respublikasının və xarici dövlətlərin
telekommunikasiya operatorları, provayderləri arasında
mübahisələr Azərbaycan Respublikasının tərəfdar
çıxdığı müvafiq beynəlxalq müqavilələrdə
və tərəflər arasında bağlanmış
müqavilələrdə nəzərdə tutulmuş qaydada
həll olunur.
Maddə 56.
Telekommunikasiya fəaliyyətinin həyata keçirilməsi
ilə əlaqədar yaranan mübahisələrin həlli
56.1. Telekommunikasiya fəaliyyəti
subyektləri arasında yaranan mübahisələr
qanunvericiliklə müəyyən olunmuş qaydada həll
edilir.
56.2. Operatorlar arasında
arabağlantı, xüsusi çıxış və icarə
olunan xətlər, kanallar məsələləri üzrə
yaranan mübahisələr müvafiq icra hakimiyyəti
orqanı tərəfindən həll edilir. Mübahisə ilə
bağlı qəbul edilmiş qərar dərc olunur və
onun mətni mübahisədə iştirak edən tərəflərə
təqdim olunur. Qəbul edilmiş qərarla razılaşmayan
tərəfin məhkəməyə müraciət etmək
hüququ vardır.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyun 2005-ci
il
¹ 927-IIQ
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
20
oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11,
maddə 932)
2.
1
may 2007-ci il tarixli 324-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu(Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə
442)
3.
9
oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053)
4.
29 aprel 2016-cı
il tarixli 212-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 969)
5.
28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1989)
6.
10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart
2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 346)
7.
14 aprel 2017-ci il tarixli 608-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun 2017-ci il, ¹ 122, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə 1024)
8.
16 may 2017-ci il tarixli 672-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1046)
9.
31 may 2017-ci il tarixli 700-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2017-ci il, ¹ 147,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹7, maddə 1266)
10.
1 dekabr 2017-ci il
tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255)
11.
1 may 2018-ci il
tarixli 1102-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2018-ci il, ¹ 142,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il,
¹6, maddə 1161)
12.
29 mart 2019-cu il
tarixli 1539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2019-cu il, ¹ 83,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 588)
13.
17 may 2019-cu il tarixli
1590-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, ¹ 144, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə
1177)
14.
19 noyabr 2019-cu il
tarixli 1692-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 dekabr
2019-cu il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1882)
15.
29 iyun 2020-ci il tarixli 149-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 avqust 2020-ci il, ¹ 158, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 8, maddə
1012)
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 1 dekabr 2017-ci il
tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255) ilə 1.0.19-cu maddədə və 7.1-ci
maddənin birinci cümləsində “ölkə kodlu” sözləri “az” ölkə kodlu” sözləri ilə əvəz edilmişdir.
[2] 29 iyun 2020-ci il tarixli 149-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 avqust 2020-ci il, ¹ 158,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
8, maddə 1012) ilə 1.0.19-cu
maddənin sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilmişdir və
yeni məzmunda 1.0.20-ci maddə əlavə edilmişdir.
[3] 14 aprel 2017-ci il
tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun
2017-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1024)
ilə 6.1.3-cü maddədə
“sertifikatlaşdırma”
sözü “sertifikatlaşdırmanın
təşkili” sözləri ilə əvəz
edilmişdir.
[4] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart
2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 346) ilə yeni məzmunda 6.1.7-1-ci maddə əlavə
edilmişdir.
[5] 20
oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə 7.4-cü maddədə “provayderinə” sözlərindən
sonra “,eyni zamanda digər hüquqi və fiziki şəxslərə”
sözləri əlavə edilsin, “ayrılması
qaydalarına” sözləri “ayrılması və istifadəsi
qaydalarına” sözləri ilə əvəz edilmişdir.
[6] 9 oktyabr 2007-ci
il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 7.5-ci maddədə “qanuna uyğun olaraq” sözləri “inzibati qaydada və (və ya)” sözləri ilə əvəz
edilmişdir.
[7]
20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə 7.9-cu maddənin birinci cümləsində
“bölüşdürülməsi və istifadəsi
qaydası” sözləri “ayrılması və istifadəsi
qaydaları” sözləri ilə əvəz edilmişdir.
[8] 1 dekabr 2017-ci il
tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255) ilə 7.10-cu maddə yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada deyilirdi:
7.10. Ölkə
kodlu domen adlarının qeydiyyatı, istifadəsi qaydaları
beynəlxalq normalara uyğun olaraq müvafiq icra hakimiyyəti
orqanı və aidiyyəti qurumların birgə
iştirakı ilə tənzimlənir.
[9] 29 iyun 2020-ci il tarixli 149-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 13 avqust 2020-ci il, ¹ 158,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
8, maddə 1012) ilə yeni
məzmunda 7.10-1-ci maddə əlavə edilmişdir.
[10] 14 aprel 2017-ci il
tarixli 608-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 iyun
2017-ci il, ¹ 122, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 6, maddə
1024)
ilə 9.4-cü maddədə “Azərbaycan Respublikasının
müvafiq icra hakimiyyəti orqanı” sözləri “müvafiq icra hakimiyyəti
orqanının akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumu və ya akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən
qurumlar” sözləri ilə əvəz edilmişdir və
yeni məzmunda 9.4-1-ci maddə əlavə edilmişdir.
[11] 1
may 2007-ci il tarixli 324-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 5, maddə 442) ilə 10.1-ci maddəsində “tənzimlənir” sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir” sözləri ilə əvəz
edilmişdir.
[12]
20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə 13.6-cı maddədə, birinci cümlədə
“radioelektron vasitələr nəzərə alınmaqla birdəfəlik
və müddətli” sözləri “istismar olunan radioelektron
vasitələri nəzərə alınmaqla birdəfəlik
və müddətli (aylıq və ya illik)” sözləri ilə
əvəz edilmişdir.
ikinci
cümlədə “Birdəfəlik və müddətli ödənişlərin
təyin olunması, bölüşdürülməsi və
istifadəsi qaydası” sözləri “Radiotezliklərin
ayrılması, qeydiyyatı, istifadəsi və ödənişlərin
təyin olunması qaydaları” sözləri ilə əvəz
edilmişdir.
[13] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart
2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 346) ilə yeni məzmunda 13-1-ci maddə əlavə
edilmişdir.
[14] 1
may 2018-ci il tarixli 1102-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
30 iyun 2018-ci il, ¹ 142, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə
1161) ilə 16-cı maddəsinin
adına və 16.1-ci maddəyə “fövqəladə” sözündən sonra “və ya hərbi” sözləri
əlavə edilmişdir.
[15] 1
may 2018-ci il tarixli 1102-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
30 iyun 2018-ci il, ¹ 142, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹6, maddə
1161) ilə 16.1-ci maddəyə yeni
məzmunda ikinci cümlə əlavə edilmişdir.
[16] 9 oktyabr
2007-ci il tarixli 430-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə
1053) ilə 17.4-cü maddədə “məhkəməyə” sözündən əvvəl
“inzibati qaydada və (və ya)”
sözləri əlavə edilmişdir.
[17]
20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə 21.3-cü maddədə “keçmiş”
sözü “keçmir” sözü ilə əvəz
edilmişdir.
[18]
20 oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə 31.4-cü maddədə “keçirilən
müsabiqə nəticəsində” sözləri “müvafiq
icra hakimiyyəti orqanı tərəfindən keçirilən
müsabiqə əsasında” sözləri ilə, “üzərinə”
sözü “müvafiq icra hakimiyyəti orqanı tərəfindən
üzərinə” sözləri ilə, “vəzifəsi
qoyulmuş telekommunikasiya operatoru” sözləri “öhdəliyi
qoyulmuş telekommunikasiya operatoru, provayderi” sözləri ilə
əvəz edilsin, maddəyə yeni məzmunda ikinci cümlə
əlavə edilmişdir.
[19] 29 aprel 2016-cı
il tarixli 212-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 969) ilə yeni məzmunda
33.1.3-1 maddə əlavə edilmişdir.
19
noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹
12, maddə 1882)
ilə 33.1.3-1-ci maddədə
“sağlamlığına və
inkişafına ziyan vuran” sözləri “zərərli” sözü ilə əvəz
edilmişdir və “istifadə
imkanlarını” sözlərindən sonra “Uşaqların zərərli
informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası
Qanununun tələbləri nəzərə alınmaqla”
sözləri əlavə edilmişdir.
[20] 16 may 2017-ci il tarixli 672-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun 2017-ci il, ¹ 137,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹
6, maddə 1046) ilə 33.1.3-2-ci, 33.1.3-3-cü, 40.3.5-1-ci, 40.3.5-2-ci,
40.3.5-3-cü, 40.3-1-ci və 48.5-ci maddələr əlavə
edilmişdir.
[21] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart
2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 346) ilə yeni məzmunda 33.1.9-1-ci və 33.1.9-2-ci
maddələr əlavə edilmişdir.
[22] 29 mart 2019-cu il
tarixli 1539-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 18 aprel 2019-cu il, ¹ 83,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 588)
ilə yeni məzmunda 33.1.9-3-cü maddə əlavə
edilmişdir.
[23] 17 may 2019-cu il
tarixli 1590-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, ¹ 144, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1177) ilə yeni
məzmunda 33.1.9-4-cü maddə əlavə
edilmişdir.
[24] 19 noyabr 2019-cu il
tarixli 1692-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan”
qəzeti, 22 dekabr 2019-cu il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1882) ilə yeni məzmunda
33.1.9-5-ci maddə əlavə edilmişdir.
[25] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart
2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 346) ilə 33.2-ci
maddədə “32.1.4-cü”
sözləri “33.1.4-cü”
sözləri ilə əvəz edilmişdir.
16 may 2017-ci il
tarixli 672-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 iyun
2017-ci il, ¹ 137, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 6, maddə 1046) ilə 33.2-ci maddədə
“33.1.4-cü maddəsi”
sözləri “33.1.3-2-ci,
33.1.3-3-cü və 33.1.4-cü maddələri” sözləri
ilə əvəz edilmişdir.
17 may 2019-cu il
tarixli 1590-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 iyul 2019-cu il, ¹ 144, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1177) ilə 33.2-ci
maddədə “və
33.1.4-cü” sözləri “,
33.1.4-cü və 33.1.9-4-cü” sözləri ilə
əvəz edilmişdir.
[26] 1 dekabr 2017-ci il
tarixli 900-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 dekabr 2017-ci il, ¹ 285, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 12, I kitab, maddə 2255) ilə yeni məzmunda 33.3-cü maddə
əlavə edilmişdir.
[27] 29 aprel 2016-cı
il tarixli 212-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 969) ilə yeni məzmunda
34.1.2-1 maddə əlavə edilmişdir.
19
noyabr 2019-cu il tarixli 1692-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
22 dekabr 2019-cu il, ¹ 285, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 12, maddə
1882) ilə 34.1.2-1-ci maddədə “sağlamlığına və inkişafına ziyan
vuran” sözləri “zərərli”
sözü ilə əvəz edilmişdir və “qorunması üçün”
sözlərindən sonra “texniki
proqram və avadanlıq vasitələrinin tətbiqi ilə
müvafiq” sözləri əlavə edilmişdir.
[28] 20
oktyabr 2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə39-cu maddənin adında və 39.1-ci maddədə
“əməliyyat-axtarış” sözlərindən sonra “, kəşfiyyat
və əks-kəşfiyyat” sözləri əlavə
edilmişdir.
[29] 29 aprel 2016-cı
il tarixli 212-VQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 iyun 2016-cı il, ¹ 121, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 6,
maddə 969) ilə yeni məzmunda
40.3.7-1-ci maddə əlavə edilmişdir.
[30] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1989) ilə yeni məzmunda
40.4-1-ci maddə əlavə edilmişdir.
[31] 28 oktyabr 2016-cı il tarixli 371-VQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 14 dekabr 2016-cı il, ¹ 277, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 12,
maddə 1989) ilə 40.5-ci
maddədə “Fövqəladə
hallar” sözlərindən sonra “, dini ekstremizm əleyhinə xüsusi
əməliyyatın aparıldığı hallar”
sözləri əlavə edilmişdir.
[32] 20 oktyabr
2006-cı il tarixli 170-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 11, maddə
932) ilə 43.1-ci maddənin mətni yeni redaksiyada
verilmişdir.
[33] 10 mart 2017-ci il tarixli 540-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 mart
2017-ci il, ¹ 61, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹ 3, maddə 346) ilə yeni
məzmunda 43.4-cü və 43.5-ci maddələr əlavə
edilmişdir.
[34] 31 may 2017-ci il
tarixli 700-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2017-ci il, ¹ 147, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə
1266)
ilə
50-1-ci
maddə əlavə edilmişdir.