Azərbaycan
Respublikasında dövlət dili haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini öz müstəqil
dövlətçiliyinin başlıca əlamətlərindən biri sayır,
onun tətbiqi, qorunması və inkişaf etdirilməsi qayğısına qalır,
dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı
milli-mədəni özünüifadə ehtiyaclarının ödənilməsi üçün
zəmin yaradır.
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında Azərbaycan
dilinin dövlət dili kimi hüquqi statusunu nizamlayır.
I fəsil
Ümumİ
müddəalar
Maddə 1.
Dövlət dilinin hüquqi statusu
1.1. Azərbaycan Respublikasının dövlət
dili Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinin I
hissəsinə müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini
bilmək hər bir Azərbaycan Respublikası vətəndaşının
borcudur.
1.2. Azərbaycan Respublikasının dövlət
dili kimi Azərbaycan dili ölkənin siyasi, ictimai, iqtisadi, elmi
və mədəni həyatının bütün sahələrində
işlədilir.
1.3. Azərbaycan Respublikası dövlət
dilinin işlənməsini, qorunmasını və inkişafını təmin edir.
1.4. Azərbaycan Respublikasında dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında,
dövlət qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət
təşkilatlarında (ictimai birlik və fondlarda), həmkarlar
təşkilatlarında, digər hüquqi şəxslərdə, onların
nümayəndəliklərində və filiallarında,
idarələrdə dövlət dilinin tətbiqi ilə bağlı
fəaliyyət bu Qanuna uyğun olaraq həyata keçirilir, o
cümlədən kargüzarlıq işləri dövlət dilində aparılır.
1.5. Dövlət dilinin tətbiqinin normaları
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1.6. Azərbaycan Respublikasının
ərazisində fəaliyyət göstərən beynəlxalq
təşkilatlarla (və ya onların nümayəndəlikləri
ilə) və xarici dövlətlərin diplomatik
nümayəndəlikləri ilə yazışmalar Azərbaycan
Respublikasının dövlət dilində və ya müvafiq xarici dildə
Azərbaycan dilinə tərcümə olunmaq şərtilə aparıla
bilər.
Maddə 2.
Azərbaycan Respublikasında dövlət dili haqqında qanunvericilik
Azərbaycan Respublikasında dövlət dili
haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu
Qanundan, digər normativ hüquqi aktlardan və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən
ibarətdir.
Maddə 3.
Dövlət dilinin işlənməsi, qorunması və inkişafı
sahəsində dövlətin əsas vəzifələri
3.0. Dövlət dilinin işlənməsi,
qorunması və inkişafı sahəsində dövlətin əsas
vəzifələri aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikası Konstitusiyasının
və bu Qanunun tələblərinə uyğun olaraq dövlət
dili ilə bağlı hüquq qaydalarının müəyyənləşdirilməsi;
3.0.2. dövlət dilinin tətbiqi işinə,
bu dilin işlənməsi və qorunması ilə bağlı qanunvericiliyin
müddəalarına riayət olunmasının təmin edilməsi;
3.0.3. dövlət dilinin inkişaf proqramının
hazırlanması və dövlət büdcəsinin vәsaiti hesabına
maliyyələşdirilməsinin təmin edilməsi;
3.0.4. dövlət dilinin saflığının qorunması,
dilçilik elminin nәzәriyyәsi və praktikasının inkişafı
üçün müvafiq şəraitin yaradılması və tədbirlərin
həyata keçirilməsi;
3.0.5. dövlət dilinin işlənməsi üçün
zəruri olan maddi bazanın yaradılması;
3.0.6. xarici ölkələrdə yaşayan
azərbaycanlıların Azərbaycan dilində təhsil almalarına, bu
dildən sərbəst istifadə etmələrinə köməklik
göstərilməsi.
II fəsil
Dövlət
dİlİnİn İşlənməsİ, qorunması və İnkİşafı
Maddə 4.
Dövlət dilinin rəsmi mərasimlərdə işlənməsi
4.1. Azərbaycan Respublikasının dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının,
dövlət qurumlarının keçirdiyi bütün rəsmi mərasim və
tədbirlər Azərbaycan Respublikasının dövlət dilində
aparılır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinin
tələbləri Azərbaycan Respublikasının təşkil etdiyi
beynəlxalq səviyyəli rəsmi mərasimlərə
və tədbirlərə, habelə müvafiq icra hakimiyyəti orqanları
tərəfindən digər ölkələrdə keçirilən
hər hansı rəsmi mərasim və tədbirə şamil olunmur.
Maddə 5.
Dövlət dilinin təhsil sahəsində işlənməsi
5.1. Azərbaycan Respublikasında təhsil
dövlət dilində aparılır.
5.2. Azərbaycan Respublikasında başqa dillərdə
təhsil müəssisələrinin fəaliyyəti
qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir.
Belə müəssisələrdə dövlət dilinin tədrisi
məcburidir.
5.3. Azərbaycan Respublikasında ali və
orta peşə-ixtisas təhsili müəssisələrinə
qəbul zamanı Azərbaycan dili fənnindən imtahan
verilməlidir.
Maddə 6.
Dövlət dilinin televiziya və radio yayımlarında işlənməsi[1]
Mülkiyyət
formasından asılı olmayaraq, Azərbaycan Respublikası ərazisində
təsis edilən və fəaliyyət göstərən,
dövlət dilində yayımlanan bütün televiziya və radio kanallarının
aparıcıları dövlət dilini mükəmməl bilməli və
səlis danışıq qabiliyyətinə malik olmalıdırlar. Televiziya
və radio kanallarında dublyaj olunan filmlər və proqramlar
dövlətin müəyyən etdiyi dil normalarına uyğun olmalıdır. [2]
Maddə 7.
Dövlət dilinin xidmət sahələrində, reklam və
elanlarda işlənməsi
7.1. Azərbaycan Respublikası ərazisində
bütün xidmət sahələrində, reklam və elanlarda
dövlət dili işlənilir. Əcnəbilərə xidmət
göstərilməsi ilə bağlı müvafiq xidmət
sahələrində dövlət dili ilə yanaşı, digər
dillər də tətbiq oluna bilər. Zəruri hallarda reklam
və elanlarda (lövhələrdə, tablolarda, plakatlarda
və sair) dövlət dili ilə yanaşı, digər dillərdən
də istifadə oluna bilər. Lakin onların tutduğu sahə
Azərbaycan dilindəki qarşılığının tutduğu sahədən böyük olmamalı
və Azərbaycan dilindəki yazıdan sonra gəlməlidir.[3]
7.1-1. Reklamvericinin
tələbinə əsasən reklam qurğularında
yerləşdirilən reklamın mətnində Azərbaycan
Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən
istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn
dövlət dilində olan mətndən sonra
yerləşdirilməli, dövlət dilində olan mətnin tutduğu
sahədən böyük olmamalıdır.
Mətndə digər dillərdə ifadə olunan
əmtəə nişanı və coğrafi göstərici müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən qeydə alındığı formada
göstərilməlidir.[4]
7.2. Azərbaycan Respublikasının
ərazisində bütün xidmət sahələrində, reklam
və elanlarda dövlət dili dövlət dilinin normalarına uyğun olaraq
tətbiq edilməlidir.
7.3. Azərbaycan Respublikasının
ərazisində istehsal edilən, habelə ixrac edilən
malların üzərindəki etiketlər və digər yazılar müvafiq
xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır.
7.4. Azərbaycan Respublikasına idxal
edilən mal və məhsulların üzərindəki etiketlər
və adlar, onlardan istifadə qaydaları barədə izahat
vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan
dilinə tərcüməsi ilə müşayiət olunmalıdır.
Maddə 8.
Dövlət dilinin xüsusi adlarda işlənməsi
Azərbaycan Respublikası
vətəndaşlarının adları, atalarının adları və soyadları
dövlət dilində yazılır. Azərbaycan Respublikası
vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi
müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 9.
İnzibati ərazi bölgüsü ilə əlaqədar dövlət
dilindən istifadə
"Ərazi quruluşu və inzibati
ərazi bölgüsü haqqında" Azərbaycan Respublikası Qanununa uyğun
olaraq Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünü
təşkil edən inzibati ərazi vahidlərinin – şəhər,
rayon, inzibati ərazi dairəsi, qəsəbə və
kəndlərin adları dövlət dilində yazılmalıdır, onların
dövlət dilinin normalarına uyğun olaraq yazılışı müvafiq qurum
tərəfindən müəyyənləşdirilir. Bu maddədə
göstərilən inzibati ərazi vahidlərinin adları dövlət
dili ilə yanaşı xarici dillərdə də yazıla bilər.
Belə olan halda inzibati ərazi vahidinin adı əvvəlcə
dövlət dilində və ondan sonra xarici dildə
verilməlidir.
Maddə 10.
Coğrafi obyektlərin adlarında dövlət dilinin işlədilməsi
10.1. Azərbaycan Respublikasında coğrafi
obyektlərin adlarının dövlət dilinin normalarına uyğun olaraq
yazılışı müvafiq qurum tərəfindən
müəyyənləşdirilir.
10.2. Azərbaycan coğrafi adlarının xarici
dillərdə verilməsi Azərbaycan dilində
səslənməsinə, coğrafi adların beynəlxalq yazılış
qaydalarına uyğun olaraq müəyyən edilir.
Maddə 11.
Dövlət dilinin hüquq mühafizə orqanlarında, Silahlı
Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar
üzrə icraatda işlənməsi[5]
11.1. Azərbaycan Respublikasının hüquq
mühafizə orqanlarında Azərbaycan Respublikasının dövlət dili
işlənir. Dövlət dilini bilməyən şəxslər
qanunvericiliklə müəyyən edilmiş qaydada
tərcüməçidən istifadə edə bilərlər.
11.2. Azərbaycan Respublikasının Silahlı
Qüvvələrində, sərhəd qoşunlarında və daxili qoşunlarda,
qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla,
dövlət dili işlənir.[6]
11.3. Azərbaycan Respublikasının notariat
fəaliyyəti üzrə kargüzarlıq dövlət dilində aparılır.
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq
olaraq notariat hərəkətlərinin aparılması üçün
müraciət etmiş şəxs dövlət dilini bilmirsə və ya notariat
hərəkətinin hər hansı başqa dildə aparılmasını xahiş
edirsə, notarius imkan daxilində tərəfindən
rəsmiləşdirilən sənədlərin mətnlərini
arzu edilən dildə tərtib edə bilər və ya
mətn tərcüməçi tәrәfindәn ona
tərcümə edilə bilər.
11.4. Konstitusiya Məhkəməsində
icraat dövlət dilində aparılır. Konstitusiya
Məhkəməsində baxılan işin iştirakçısı olan və icraatın
aparıldığı dili bilməyən şəxslərə işin bütün
materiallarının onların bildiyi dilə tərcüməsi və
Konstitusiya Məhkəməsinin iclaslarında ana dilində çıxış
etməsi təmin olunur.
11.5. Azərbaycan Respublikası
məhkəmələrində cinayət mühakimə icraatı
dövlət dilində aparılır. Azərbaycan Respublikası
Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən
edilmiş hallarda və qaydada bütün növ məhkəmə icraatları
digər dillərdə aparıla bilər.
11.6. Azərbaycan Respublikası
məhkəmələrində mülki işlər, kommersiya və inzibati mübahisələr üzrə
məhkəmə icraatı dövlət dilində aparılır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş hallarda və qaydada bütün növ
məhkəmə icraatları digər dillərdə aparıla
bilər.[7]
11.7. Azərbaycan Respublikasında İnzibati
xətalar üzrə icraat dövlət dilində aparılır.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
ilə müəyyən edilmiş hallarda və qaydada inzibati
xətalar üzrə icraat digər dillərdə aparıla bilər.[8]
11.8. İnzibati aktın qəbul edilməsi, icra
olunması, dəyişdirilməsi və ya ləğv edilməsi,
habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq
inzibati orqanlar tərəfindən inzibati icraat dövlət
dilində və ya müəyyən ərazi əhalisinin
əksəriyyətinin dilində aparılır. İnzibati icraatda iştirak
edən və icraatın aparıldığı dili bilməyən
şəxslərə tərcüməçinin xidmətindən
istifadə etmək hüququ izah və təmin edilir.[9]
Maddə 12.
Dövlət dilinin beynəlxalq yazışmalarda işlənməsi
12.1. Azərbaycan Respublikasının
beynəlxalq yazışmaları dövlət dilində aparılır. Belə
yazışmalar zəruri hallarda dövlət dili ilə yanaşı, müvafiq
xarici dillərdən birində də aparıla bilər.
12.2. Azərbaycan Respublikasının
ikitərəfli beynəlxalq müqavilələri dövlət
dilində də, çoxtərəfli beynəlxalq
müqavilələr isə müqavilə bağlayan tərəflərin
razılığı ilə müəyyən edilən dildə (dillərdə)
tərtib olunmalıdır.
12.3. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr (sazişlər və s.)
və qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.)
dövlət dilində nəşr edilməlidir.
Maddə 13.
Dövlət dilinin normaları
13.1.
Dövlət dilinin normaları özündə Azərbaycan ədəbi
dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan
dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi,
fiziki və vəzifəli şəxslər bu normalara əməl
etməlidirlər.[10]
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5
ildə bir dəfədən az olmayaraq yazı dili normalarını
təsbit edən lüğətin (orfoqrafiya lüğətinin) nəşr
olunmasını təmin edir.
Maddə 14.
Dövlət dilinin əlifbası
Azərbaycan Respublikasının dövlət dilinin
əlifbası latın qrafikalı Azərbaycan əlifbasıdır.
Maddə 15.
Dövlət dilinin nəşriyyat işində işlənməsi
15.1. Dövlət dilinin nəşriyyat
işində işlənməsi Azərbaycan Respublikasının
qanunvericiliyinə əsasən həyata keçirilir.
15.2. Azərbaycan Respublikasında dövlət
dilində nəşr olunan çap məhsulları latın qrafikalı
Azərbaycan əlifbasında buraxılmalıdır.
15.3. Azərbaycan yazı
mədəniyyətinin tarixində mühüm rol oynamış ərəb
və kiril əlifbalarından xüsusi hallarda (lüğətlərdə,
elmi nəşrlərdə ədəbiyyat göstəricisi və s.)
istifadə edilə bilər.
Maddə 16.
Dövlət dilinin vətəndaşların şəxsiyyətini təsdiq
edən rəsmi və vahid nümunəli sənədlərdə
işlədilməsi
16.1. Azərbaycan Respublikası
vətəndaşlarının doğum və nikah haqqında
şəhadətnamələri, şəxsiyyət vəsiqəsi,
əmək kitabçası, hərbi bileti və yalnız ölkə
daxilində etibarlı sayılan digər rəsmi və vahid
nümunəli sənədlər dövlət dilində tərtib
edilir.
16.2. Azərbaycan Respublikası
vətəndaşlarının pasport və təhsil haqqında
sənədləri, zəruri hallarda digər
sənədləri dövlət dili ilə yanaşı xarici dillərdə
də tərtib edilir.
Maddə 17.
Dövlət dilinin dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının, hüquqi şəxslərin, onların
nümayəndəliklərinin və filiallarının, idarələrin
adında işlədilməsi
Azərbaycan Respublikasının dövlət
hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının, hüquqi
şəxslərin, onların nümayəndəliklərinin və
filiallarının, idarələrin adları Azərbaycan dilinin normalarına
uyğun olaraq yazılır. Göstərilən təsisatların adını əks
etdirən lövhələr, blanklar, möhürlər və kargüzarlıqla
bağlı rəsmi xarakterli bütün digər ləvazimatlar dövlət
dilində tərtib olunur.
Maddə 18.
Dövlət dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında dövlət
dilinə qarşı gizli, yaxud açıq təbliğat aparmaq, bu dilin
işlənməsinə müqavimət göstərmək, onun
tarixən müəyyənləşmiş hüquqlarını məhdudlaşdırmağa
cəhd etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının
ərazisindəki bütün media subyektləri (mətbuat, televiziya,
radio və s.), kitab nəşri və digər nəşriyyat işi
ilə məşğul olan qurumlar Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidirlər. [11]
III fəsil
Yekun
müddəaları
Maddə 19.
Qanunun pozulmasına görə məsuliyyət
Bu Qanunu pozan hüquqi, fiziki və
vəzifəli şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyində nəzərdə tutulmuş qaydada
məsuliyyət daşıyırlar.
Maddə 20.
Qanunun qüvvəyə minməsi
20.1. Bu Qanun dərc olunduğu gündən
qüvvəyə minir.
20.2. Bu Qanun qüvvəyə mindiyi gündən
"Azərbaycan Respublikasında dövlət dili haqqında"
Azərbaycan Respublikasının 22 dekabr 1992-ci il tarixli 413 nömrəli
Qanunu qüvvədən düşmüş hesab edilir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2002-ci
il
№ 365-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 iyun 2003-cü il
tarixli 471-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 415)
2.
11 iyun 2004-cü il
tarixli 688-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598)
3.
9 oktyabr 2007-ci il
tarixli 430-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 11, maddə 1053)
4.
10 iyun 2011-ci il
tarixli 150-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti 30 iyun 2011-ci il, № 139, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2011-ci il, № 06, maddə 483)
5.
29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
№1 , maddə 5)
6.
1 fevral 2019-cu il
tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24
fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
№2, maddə 180)
7.
19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №4, maddə 578)
8.
8 may 2020-ci il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 6, maddə 674)
9.
8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
25 iyun 2020-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 6, maddə 671)
10.
29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, № 7, maddə 856)
11.
17 fevral 2023-cü il tarixli 818-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet
saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4,
maddə 456)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 iyun 2003-cü il tarixli 471-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il,
№ 8, maddə 415) ilə 6-cı maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 6. Dövlət dilinin televiziya və radio yayımlarında
işlənməsi
6.1. Azərbaycan Respublikasının
ərazisində təsis edilən və fəaliyyət
göstərən mülkiyyət formasından asılı olmayaraq bütün televiziya
və radio yayımları dövlət dilində aparılır.
6.2. Azərbaycan Respublikasının
ərazisində təsis edilən və fəaliyyət
göstərən mülkiyyət formasından asılı olmayaraq dövlət
dilində yayımlanan bütün televiziya və radio kanallarının aparıcıları
dövlət dilini mükəmməl bilməlidirlər və onların
səlis danışıq qabiliyyəti olmalıdır. Televiziya və radio kanallarında
dublyaj olunan filmlər və verilişlər dövlətin
müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.
[2] 17 fevral 2023-cü il tarixli 818-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 456) ilə 6-cı maddənin ikinci cümləsində “verilişlər” sözü “proqramlar” sözü ilə əvəz edilmişdir.
[3] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, № 18,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 ,
maddə 5) ilə 7.1-ci
maddənin üçüncü cümləsindən “reklam və” sözləri çıxarılmışdır.
[4] 29 noyabr 2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, № 18,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, №1 ,
maddə 5) ilə yeni
məzmunda 7.1-1-ci maddə əlavə edilmişdir.
19 fevral 2019-cu il tarixli 1518-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 aprel 2019-cu il, № 74, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №4, maddə 578) ilə 7.1-1-ci maddəsinin üçüncü
cümləsində “müvafiq icra
hakimiyyəti orqanı” sözləri “müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)”
sözləri ilə əvəz edilmişdir.
8 may 2020-ci il tarixli 96-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyun 2020-ci il, № 116, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 6, maddə 674) ilə 7.1-1-ci maddəsinin ikinci cümləsində “kiçik olmalı və reklamın
yerləşdiyi ümumi sahənin üçdə birindən çox”
sözləri “böyük” sözü ilə
əvəz edilmişdir.
[5] 9
oktyabr 2007-ci il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№ 11, maddə 1053) ilə 11-ci maddənin adında “məhkəmə icraatında”
sözlərindən əvvəl “inzibati
icraatda,” sözləri əlavə edilmişdir.
[6] 1 fevral 2019-cu il tarixli 1460-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 fevral 2019-cu il, № 45, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, №2, maddə 180) ilə 11.2-ci
maddədən “sərhəd
qoşunlarında və daxili qoşunlarda,” sözləri çıxarılmışdır.
[7] 10 iyun 2011-ci il tarixli 150-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, № 139,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, № 06,
maddə 483) ilə 11.6-cı
maddəsinin birinci cümləsində “mülki işlər” sözlərindən sonra “, inzibati” sözü
əlavə edilmişdir.
29 iyun 2020-ci il tarixli 150-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, № 134, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 7, maddə 856) ilə 11.6-cı maddəsinin birinci
cümləsində “inzibati və
iqtisadi” sözləri “kommersiya
və inzibati” sözləri ilə əvəz edilmişdir.
[8] 11 iyun 2004-cü il tarixli
688-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 8, maddə 598)
ilə 11.4-cü maddə əlavə edilmiş, 11.4-11.6-cı
maddələr müvafiq olaraq 11.5-11.7-ci maddələr hesab
edilmişdir.
[9]
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il,
№ 11, maddə 1053) ilə 11.8-ci maddə əlavə
edilmişdir.
[10] 8 may 2020-ci il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
25 iyun 2020-ci il, № 121, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, № 6, maddə 671) ilə 13.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
13.1. Azərbaycan dilinin orfoqrafiya və
orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təsdiq edilir. Hüquqi, fiziki və
vəzifəli şəxslər həmin normalara əməl
etməlidirlər.
[11] 17 fevral 2023-cü il tarixli 818-VIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya
Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 8 aprel 2023-cü il, “Azərbaycan” qəzeti, 9 aprel 2023-cü il, № 73, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, № 4, maddə 456) ilə 18.2-ci maddədə “kütləvi
informasiya vasitələri” sözləri “media subyektləri” sözləri ilə
əvəz edilmişdir.