Kooperasiya haqqında[1]

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Bu Qanun Azərbaycan Respublikasında kooperativlərin (kooperativ cəmiyyətlərinin), onların ittifaqlarının (assosiasiyalarının) yaradılmasının və fəaliyyətinin hüquqi, təşkilati və iqtisadi əsaslarını müəyyən edir.

 

I   fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda aşağıda göstərilən anlayışlardan istifadə olunur:

kooperasiya - birgə məqsədləri həyata keçirmək üçün iştirakçıların səy və resurslarının könüllü birləşməsi;

kooperativ - fiziki şəxslərin, yaxud fiziki və hüquqi şəxslərin iqtisadi, təsərrüfat və sosial tələbatlarını ödəmək məqsədilə onların səy və resurslarının könüllü birləşməsi əsasında yaradılan və fəaliyyət göstərən təsərrüfat subyekti;

kooperativin səs hüququ olan üzvü - bu Qanunun tələblərini ödəyən və kooperativin nizamnaməsini qəbul edən, kooperativin nizamnaməsi ilə müəyyən olunmuş qaydada və həcmdə üzvlük haqqı və pay haqqı verən və kooperativdə səs hüququna malik olan fiziki və hüquqi şəxs;

kooperativin səs hüququ olmayan üzvü - bu Qanunun tələblərini ödəyən və kooperativin nizamnaməsini qəbul edən, kooperativin nizamnaməsi ilə müəyyən olunmuş qaydada və həcmdə üzvlük haqqı və pay haqqı verən, bunun müqabilində dividend alan və kooperativdə səs hüququna malik olmayan fiziki və hüquqi şəxs;

üzvlük haqqı - fiziki və ya hüquqi şəxsin kooperativin üzvlüyünə daxil olarkən verdiyi pul;

pay haqqı (pay) - kooperativ üzvünün kooperativin pay haqqı fonduna verdiyi vəsaitlər. Pay haqqı səs hüququna malik olan üzvlərə mütləq pay və əlavə pay və səs hüququna malik olmayan üzvlər üçün pay formasında ola bilər;

mütləq pay - səsvermədə və kooperativin fəaliyyətində iştirak etmək və kooperativ ödənişlərini almaq hüququ verən kooperativ üzvünün verdiyi pay;

əlavə pay - kooperativin səs hüququna malik olan üzvü tərəfindən bu Qanunda və kooperativin nizamnaməsində müəyyən olunmuş qaydada və həcmdə dividend almaq üçün öz arzusu ilə mütləq paydan artıq verdiyi pay;

kooperativ ödənişləri - kooperativ üzvlərinin kooperativdə şəxsi əmək iştirakına və ya kooperativin fəaliyyətində iştirakına mütənasib kooperativ üzvləri arasında bölüşdürülən kooperativ mənfəətinin bir hissəsi;

dividend - səs hüququna malik olan kooperativ üzvlərinin əlavə payına və səs hüququna malik olmayan kooperativ üzvlərinin payına görə kooperativ mənfəətindən ödənilən hissə.

Maddə 2. Kooperasiya haqqında qanunvericilik

Kooperasiya haqqında qanunvericilik bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.

Maddə 3. Kooperativin yaradılmasının və fəaliyyətinin əsas prinsipləri

Kooperativin yaradılmasının və fəaliyyətinin əsas prinsipləri aşağıdakılardır:

- kooperativdə könüllü üzvlük;

-  kooperativ üzvlərinin qarşılıqlı yardım və iqtisadi faydalılığının təmin olunması, mənafelərinin əlaqələndirilməsi;

-  kooperativ üzvləri arasında kooperativin gəliri və zərərinin kooperativin fəaliyyətində iştirakına və ya şəxsi əmək iştirakına görə pay haqqı nəzərə alınmaqla bölüşdürülməsi;

- kooperativin demokratik əsaslarla idarə edilməsi (o cümlədən səs hüququna malik olan kooperativ üzvünün payının həcmindən asılı olmayaraq bir səsə malik olması);

- kooperativin təsərrüfat müstәqilliyinә malik olması.

Maddə 4. Kooperativin növləri

Fəaliyyət xarakterinə görə kooperativlər istehsal, istehlak kooperativləri və yaxud qarışıq növlü (istehsal-istehlak) ola bilər.

Maddə 5. Kooperativin hüquqları

Kooperativin aşağıdakı hüquqları vardır:

1) qanunvericilikdə nəzərdə tutuları qaydada istənilən fəaliyyətlə məşğul olmaq;

2)  Azərbaycan Respublikası banklarında və başqa dövlətlərin banklarında hesab açmaq;

3) müstәqil surətdə əmlaka sahiblik, əmlakdan istifadə və əmlaka sərəncam vermək;

4) kooperativlər ittifaqında (assosiasiyalarda) birləşmək və beynəlxalq kooperativ təşkilatlarının fəaliyyətində iştirak etmək;

5)  müqavilə bağlamaq, öz üzərinə əmlak öhdəliyi götürmək;

6)  dövlət tərəfindən tənzimlənən qiymət və tariflər istisna olmaqla öz məhsulu, işi və xidmətinə qiymət və tarif müəyyən etmək;

7) ölkə daxilində və xaricdə müəssisələr, filial və nümayəndəliklərini yaratmaq;

8)  xarici iqtisadi fəaliyyətlə məşğul olmaq;

9) özünün təşkilat strukturunu müəyyən etmək;

10)  kooperativi yenidən təşkil etmək və ləğv etmək.

Kooperativ Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən başqa hüquqlara da malik ola bilər.

Maddə 6. Dövlət və kooperativlər

1.  Dövlət, kooperativlərin yaradılmasını və fəaliyyətini güzəştli kreditlər ayırmaqla və digər vasitələrlə stimullaşdırır, hüquqlarının müdafiəsinə təminat verir.

2.  Kooperativlərin təsərrüfat, maliyyə və digər növ fəaliyyətinə, idarəetmə (o cümlədən sədrinin) və nəzarət orqanlarının seçilməsinə, vəzifəli şəxslərin təyin olunmasına və onların vəzifədən azad edilməsinə dövlət və bələdiyyə orqanlarının müdaxiləsinə yol verilmir.

Kooperativlərdə yoxlama, onların fəaliyyətinə nəzarət qanunvericilikdə nəzərdə tutuları qaydada həyata keçirilir.

3.  Kooperativlərin hüquqlarının pozulması nəticəsində kooperativlərə dəymiş zərər təqsirli şəxslər tərəfindən ödənilməlidir. Bu cür zərərlərin ödənilməsi barədə mübahisələrə məhkəmədə və ya iqtisad məhkəməsində baxılır.

 

II   fəsil

KOOPERATİVİN YARADILMASI

Maddə 7. Kooperativin yaradılması qaydası

1.  Kooperativ üçdən az olmayan fiziki, yaxud fiziki və hüquqi şəxs tərəfindən yaradılır.

2.  Kooperativ yaratmaq arzusu olan şəxslər bu məqsədlə təşəbbüs qrupu yaradır. Təşəbbüs qrupunun vəzifələrinə aşağıdakılar daxildir:

pay haqqı fondunun həcmi və onun yaranma mənbələri göstərilməklə kooperativin nəzərdə tutuları istehsal - təsərrüfat fəaliyyətinin əsaslandırılması;

kooperativin nizamnamə layihəsinin hazırlanması;

kooperativ üzvlüyünə daxil olmaq barədə ərizələrin qəbulu;

kooperativ üzvlərinin təsis yığıncağının hazırlanması və keçirilməsi.

3.  Kooperativin təsis yığıncağı kooperativin yaradılması və onun üzvlüyünə daxil olma barədə qərar qəbul edir, kooperativin nizamnaməsini təsdiq edir, kooperativin idarəetmə və nəzarət orqanlarını seçir.

Maddə 8. Kooperativin nizamnaməsi

1.  Kooperativ nizamnamə əsasında fəaliyyət göstərir.

2.  Kooperativin nizamnaməsində aşağıdakılar göstərilir:

1) kooperativin adı və hüquqi ünvanı;

2) kooperativin fəaliyyəti müvəqqəti nəzərdə tutulduqda fəaliyyət müddəti;

3) kooperativin fəaliyyətinin məzmunu və məqsədi;

4)  kooperativin hüquq və vəzifələri;

5)  kooperativin pay haqqı fondunun müəyyən edilməsi;

6) kooperativin üzvlüyünə daxil olmaq, kooperativdən çıxmaq və xaric edilmək qaydaları;

7) kooperativə üzvlük şərtləri, üzvlərin hüquq və vəzifələri;

8)  üzvlük haqqının və mütləq payın həcmi, onun ödənilməsi, istifadə olunması və əmlak payının qiymətləndirilməsi qaydaları;

9)  kooperativin seçkili (idarəetmə və nəzarət) orqanları, onların səlahiyyətləri, seçkili orqanlara seçilmə və geri çağırılma qaydaları;

10) kooperativin əmlakının yaranma mənbələri, mənfəətin (gəlirin) və zərərin bölüşdürülməsi qaydaları;

11)  kooperativin fondlarının həcmi, yaradılması və istifadəsi qaydaları (nəzərdə tutulduğu hallarda);

12)  kooperativin yenidən təşkili və ləğv edilməsi qaydaları;

13)  kooperativin nizamnaməsinin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi qaydaları.

Nizamnaməyə Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan, kooperativin fəaliyyəti ilə bağlı digər müddəalar da daxil edilə bilər.

Maddə 9. Kooperativin dövlət qeydiyyatı

Kooperativ Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq qaydada dövlət qeydiyyatından keçirilir və həmin vaxtdan hüquqi şəxs statusu alır.

 

III   fəsil

KOOPERATİVDƏ ÜZVLÜK

Maddə 10. Kooperativin üzvləri

1.  Kooperativin nizamnaməsini qəbul edən, kooperativin fəaliyyətində iştirak edən (istehsal kooperativində isə şəxsi əməyi ilə iştirak edən) 18 yaşına çatmış Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kooperativin üzvü ola bilərlər.

2.   Azərbaycan Respublikasında qeydiyyata alınmış əcnəbi vətəndaşlar, Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər də kooperativin üzvü ola bilərlər.

3.  Fəaliyyət xarakteri yeniyetmələrin tələbatını ödəməyə yönəldilən (idman, istirahətin təşkili, intellektual - texniki yaradıcılıq və s.) kooperativin üzvü valideynlərin və ya qanuni nümayəndələrinin razılığı ilə yaşı 18 yaşdan az olan şəxslər də ola bilər.

4.  Kooperativin üzvü olan hüquqi şəxsi kooperativdə onun tərəfindən vəkil edilmiş şəxs təmsil edir.

5.  Kooperativin nizamnaməsində başqa hal nəzərdə tutulmadıqda, fiziki və ya hüquqi şəxs bir neçə kooperativin üzvü ola bilər.

Maddə 11. Kooperativin səs hüququna malik olmayan üzvləri

1.  Fiziki və hüquqi şəxs kooperativin üzvlüyünə daxil olarkən öz istəyinə uyğun olaraq səs hüququna malik olmayan üzv kimi qəbul edilə bilər.

2.  Kooperativin üzvü yaşına və səhhətinə görə təqaüçıxdıqda, kooperativdən kənar seçkili vəzifələrə seçildikdə, hərbi xidmətə çağırıldıqda və kooperativin nizamnaməsində nəzərdə tutulan digər hallarda səs hüququna malik olmayan üzvlüyə keçə bilər.

3. Səs hüququna malik olmayan kooperativ üzvünün pay haqqının həcmi və ona görə dividendin ödənilməsi şərtləri kooperativin nizamnaməsinə müvafiq olaraq kooperativlə həmin üzv arasında bağlanılan müqavilə ilə tənzimlənir.

Maddə 12. Kooperativin üzvlüyünə qəbul

1.  Kooperativ dövlət qeydiyyatından keçdikdən sonra ona daxil olmaq istəyən fiziki və hüquqi şəxs ərizə ilə kooperativin idarə heyətinə (kooperativin sədrinə) müraciət edir. Kooperativə üzvlüyə qəbul edilmə nizamnamədə nəzərdə tutuları qaydada həyata keçirilir.

2.  Kooperativin üzvlüyünə qəbul olunma ilə bağlı mübahisələr kooperativin ümumi yığıncağında baxılıb həll edilir.

Maddə 13. Kooperativdə üzvlüyə xitam verilməsi

1.  Kooperativdə üzvlüyə aşağıdakı hallarda xitam verilir:

1) kooperativin üzvü üzvlükdən çıxdıqda;

2) kooperativin üzvü öldükdə;

3)  kooperativ üzvünün fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edildikdə;

4) kooperativ üzvü pay haqqını başqasına verdikdə;

5) kooperativ üzvü üzvlükdən xaric edildikdə;

6)  kooperativin üzvü olan hüquqi şəxs ləğv edildikdə;

7)  kooperativ ləğv edildikdə.

2.  Kooperativin hər bir üzvü yazılı şəkildə bildirməklə kooperativin üzvlüyündən çıxmaq hüququna malikdir. Kooperativ üzvü öz pay haqqını başqa şəxsə verməklə kooperativin üzvlüyündən çıxa bilər. Həmin pay haqqının alınmasında kooperativin üzvləri üstün hüquqa malikdirlər. Kooperativin üzvlüyündən çıxma şərtləri və qaydaları kooperativin nizamnaməsi ilə müəyyən edilir.

3.  Kooperativin üzlərindən biri (bir neçəsi) öldükdə, hüquqi şəxs olan üzv isə ləğv edildikdə onun (onların) varisi kooperativə üzv qəbul edilə bilər.

4.  Kooperativdə pay haqqının bir kooperativ üzvündən digər kooperativ üzvünə keçməsi notarial qaydada təsdiq olunur.

Maddə 14. Kooperativ üzvünün kooperativdən xaric edilməsi

Kooperativin üzvü bu Qanunda və kooperativin nizamnaməsində nәzәrdә tutulan kooperativ üzvünün vəzifələrini yerinə yetirmədikdə, nizamnamə və Azərbaycan Respublikası qanunlarını pozmaqla kooperativə ziyan vurduqda və nizamnamədə nəzərdə tutulan, bu Qanuna zidd olmayan digər əsaslarla kooperativdən xaric edilə bilər.

Kooperativdən kooperativ üzvünün xaric edilməsi məsələsinə kooperativin nizamnaməsində müəyyən edilmiş qaydada kooperativin ümumi yığıncağında baxılır. Ümumi yığıncağın kooperativ üzvünün kooperativdən xaric edilməsi barədə qərarından məhkəməyə şikayət edilə bilər.

Maddə 15. Kooperativdən çıxan və ya xaric edilən üzvə payın qaytarılması

1. Kooperativdən çıxan və ya xaric edilən kooperativ üzvünə nizamnamədə nəzərdə tutuları qaydada və müddətdə onun pay haqqının dəyəri və ya bu paya müvafiq əmlak, habelə bu paydan istifadə edilməsi ilə yeni yaradılmış əmlakdan ona çatası hissə qaytarılır və təsərrüfat ilinin yekununa görə kooperativin mənfəətindən ona veriləsi hissə ödənilir. Pay haqqının istifadə edilməsi ilə yeni yaradılmış əmlakın dəyəri kooperativin nizamnaməsində müәyyәn edilmiş qaydada qiymətləndirilir.

Üzvlük haqqı qaytarılmır.

2.  Kooperativdən çıxan və ya xaric edilən kooperativ üzvü çıxdığı vaxta kimi kooperativin fəaliyyəti nəticəsində yaranmış borclara görə digər üzvlərlə birlikdə kooperativdə olan əmlakı (pay haqqı) həcmində məsuliyyət daşıyır.

3.  Kooperativ üzvü öldükdə və kooperativ üzvü olan hüquqi şəxs ləğv edildikdə onların varisi kooperativə üzv olmadığı hallarda bu maddənin birinci bəndində göstərilən pay haqqı, əmlak payı və pul vəsaiti həmin varisə (hüquqi varisinə) verilir.

Maddə 16. Kooperativ üzvünün hüquq vəzifələri

1.  Kooperativ üzvü aşağıdakı hüquqlara malikdir:

1) kooperativin idarə edilməsində iştirak etmək, idarəetmə və nəzarət orqanlarına seçmək və seçilmək;

2)  ləğv edilən kooperativin üzvləri arasında bölüşdürülən əmlakdan müəyyən edilmiş qaydada pay almaq;

3)  kooperativin üzvləri üçün nəzərdə tutulmuş güzəştlərdən və imtiyazlardan istifadə etmək;

4)  kooperativin fəaliyyətinin yaxşılaşdırılması, onun orqanlarının və vəzifəli şəxslərinin işində olan nöqsanların aradan qaldırılması barədə təkliflər vermək;

5)  kooperativin fəaliyyətinə dair hər hansı məsələ barədə onun seçkili orqanlarından və vəzifəli şəxslərindən məlumat almaq;

6)  qanunla və kooperativin nizamnaməsi ilə nəzərdə tutuları digər hüquqlar.

Bu maddənin birinci hissəsinin 1-3 bəndlərində göstərilən hüquqlar kooperativin səs hüququna malik olmayan üzvlərinə aid edilmir.

Kooperativ üzvünün hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qorunur.

2.  Kooperativ üzvünün vəzifələri aşağıdakılardır:

1) kooperativin nizamnaməsinə əməl etmək, kooperativ üzvlərinin ümumi yığıncağının, digər idarəetmə və nəzarət orqanlarının qərarlarını yerinə yetirmək;

2)  kooperativin fəaliyyəti ilə əlaqədar öz üzәrinә götürdüyü öhdəlikləri yerinə yetirmək;

3)  qanunla və kooperativin nizamnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

 

IV   fəsil

KOOPERATİVİN İDARƏETMƏ VƏ NƏZARƏT ORQANLARI

Maddə 17. Kooperativin idarəetmə orqanlarının strukturu

1. Kooperativ üzvlərinin ümumi yığıncağı (üzvlərin sayı 200-dən çox olan kooperativlərdə müvəkkillər yığıncağı), kooperativin idarə heyəti, idarə heyətinin sədri (üzvlərin sayı 50-dən az olan kooperativlərdə idarə heyəti əvəzinə kooperativin sədri) kooperativin idarə edilməsini həyata keçirir.

2. Kooperativin idarəetmə orqanlarının strukturu, səlahiyyətləri, onların seçilməsi və geri çağırılması, həmçinin kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları bu Qanuna müvafiq kooperativin nizamnaməsi ilə müəyyən olunur.

Maddə 18. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı

1 .Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı kooperativin ali idarəetmə orqanıdır və onun fəaliyyətinə aid bütün mәsәlәlәri həll etmək səlahiyyətinə malikdir. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının çağırılması və keçirilməsi qaydaları bu Qanun və kooperativin nizamnaməsi ilə müəyyən edilir.

Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı kooperativin idarə heyəti (kooperativin sədri) tərəfindən ildə bir dəfə təsərrüfat ilinin başa çatmasından üç aydan gec olmayaraq çağırılır.

Kooperativ üzvlәrinin (müvəkkillərin) növbədənkənar ümumi yığıncağı idarə heyətinin (kooperativin sədrinin) təşəbbüsü və təftiş komissiyasının (müfəttişin), yaxud səs hüququna malik olan kooperativ üzvlərinin (müvəkkillərin) ən azı dörddə birinin tələbi ilə çağırılır.

2.  Aşağıdakı məsələlərin baxılması və haqqında qərar qəbul olunması kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir:

1) kooperativ nizamnaməsinin qəbul olunması, ona əlavələr və dəyişikliklər edilməsi;

2)  kooperativin idarə heyətini, idarə heyəti sədrini (kooperativin sədrini), təftiş komissiyasını (müfəttişi) seçmək, onların fəaliyyəti barədə hesabatı dinlәmәk və onların səlahiyyətinə xitam vermək;

3) kooperativin inkişaf proqramını, illik hesabatı və mühasibat balansını təsdiq etmək;

4) pay haqqı və digәr ödənişlərin həcmini və onların kooperativ üzvləri tərəfindən ödənilmə qaydalarını müəyyənləşdirmək;

5) mənfəətin (gəlirin) və ziyanın kooperativ üzvləri arasında bölüşdürülməsi qaydasını müəyyən etmək;

6) əsas fondlara daxil olan əmlak əldə etmək və onları özgəninkiləşdirmək;

7) kooperativin fondlarının növlərini və həcmini, həmçinin onların formalaşdırılması şərtlərini müəyyən etmək;

8)  kooperativin digər kooperativlərə, kooperativ cəmiyyətlərinə, ittifaqlara, assosiasiyalara daxil olması və onlardan çıxması məsələlərini həll etmək;

9)  müəssisələr təsis etmək, kooperativin nümayәndәliklәrini, filiallarını yaratmaq və ləğv etmək;  

10) kooperativin yenidən təşkili və ləğvi barədə qərar qəbul etmək;

11) cari işlərin həlli üçün orqanlar yaratmaq və onların səlahiyyətlərini müəyyən etmək;

12) kooperativin fəaliyyətinə aid digər məsələləri həll etmək.

3.  Kooperativ üzvlərinin ümumi yığıncağı kooperativ üzvlərinin ümumi sayının yarısından çoxu, müvəkkillər yığıncağı isə müvəkkillərin ümumi sayının üçdə ikisindən çoxu iştirak etdikdə səlahiyyətli sayılır.

4.  Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının müstəsna səlahiyyətinə aid olan məsələlər barədə qərar ümumi yığıncaqda iştirak edən kooperativ üzvlərinin (müvəkkillərin) azı üçdə ikisi səs verdikdə, qalan məsələlər isə sadə səs çoxluğu ilə qəbul edilir.

5. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı açıq və gizli səsvermə ilə keçirilə bilər. Kooperativin idarə heyətinin üzvləri və onun sədri (kooperativin sədri) və təftiş komissiyasının üzvləri (müfəttiş) gizli səsvermə yolu ilə seçilir. Kooperativin nizamnaməsində nəzərdə tutulduğu digər hallarda və ya kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağında iştirak edən kooperativ üzvlərinin (müvəkkillərin) onda birindən az olmayan hissəsinin tələbi ilə gizli səsvermə keçirilə bilər. Qalan hallarda açıq səsvermə keçirilir.

6. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının qərarından məhkəməyə şikayət verilə bilər.

Maddə 19. Kooperativin idarə heyəti (kooperativin sədri)

1.  Kooperativin idarə heyəti (kooperativin sədri) kooperativ üzvlərinin (müvəkkillərin) yığıncaqları arasındakı dövrdə kooperativin fəaliyyətinə rəhbərlik edir, onun işlərini aparır, dövlət orqanlarında, məhkəmədə və başqa yerlərdə kooperativi təmsil edir.

2.  Kooperativin idarə heyəti (kooperativin sədri) kooperativ üzvlərinin (müvəkkillərin) yığıncağında üç ildən çox olmayan müddətə seçilir.

3.  Kooperativin idarə heyətinin qərarı iclasda idarə heyəti üzvləri sayının üçdə ikisindən az olmayan hissəsi iştirak etdikdə sadə səs çoxluğu ilə qəbul edilir.

4.  Kooperativin idarə heyəti üzvlərinin sayı, idarə heyəti sədrinin və onun üzvlərinin səlahiyyətləri kooperativin nizamnaməsində müəyyən edilir. Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı bu Qanunun və kooperativin nizamnaməsinin tələblərinə zidd hәrәkәtlәrә yol verdiyi, öz vəzifələrini lazımınca yerinə yetirə bilmədiyi və nizamnamədə nəzərdə tutulmuş digər hallarda idarə heyəti sədrini (kooperativin sədrini) və idarə heyəti üzvlərini səlahiyyət müddəti qurtarmamışdan әvvәl geri çağıra bilər. İdarə heyəti sədrinin (kooperativin sədrinin) və üzvlәrin səlahiyyət müddəti qurtardıqda idarə heyəti (kooperativin sədri) yeni idarə heyəti (kooperativin sədri) seçilənə kimi öz səlahiyyətlərini həyata keçirir.

5.  Kooperativin idarə heyətinin sədri (kooperativin sədri) və idarə heyəti üzvləri istənilən vaxt istefa verə bilərlər. İstefa vermək qaydası kooperativin nizamnaməsi ilə müəyyən olunur.

6.  Kooperativin idarə heyətinin sədri (kooperativin sədri) və idarə heyətinin üzvləri vəzifələrinin lazımınca yerinə yetirilməməsi, Azərbaycan Respublikası qanunvericiliyinin və kooperativin nizamnaməsinin pozulması nəticəsində kooperativə dəyən ziyanı qanunvericilikdə müəyyən edilmiş qaydada ödəməyə borcludurlar.

Maddə 20. Kooperativin fəaliyyətinə nəzarət

1.  Kooperativin fəaliyyətinə nəzarəti kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı tərəfindən üç ildən çox olmayan müddətə seçilən təftiş komissiyası (üzvlərin sayı 50-dən az olan kooperativlərdə müfəttiş) həyata keçirir. Təftiş komissiyasının tərkibi üç nəfərdən az olmamalıdır. Kooperativin idarə heyətinin üzvləri (kooperativin sədri) təftiş komissiyasının tərkibinə seçilə bilməzlər.

2.  Təftiş komissiyası (müfəttiş):

1) kooperativin maliyyə-təsərrüfat fəaliyyətini təftiş edir;

2) kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağına, kooperativin idarə heyətinə kooperativin fəaliyyətində olan pozuntular haqqında məlumat verir;

3) təsərrüfat ili başa çatdıqda kooperativin illik hesabatı və onun maliyyə vәziyyәti barədə kooperativin idarə heyətinə, kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağına rəy təqdim edir.

3.  Təftiş komissiyası (müfəttiş) apardığı təftiş və yoxlamaların nəticəsi üzrə yazılı şəkildə təkliflər hazırlayır və baxılıb tədbir görülməsi üçün kooperativin idarə heyətinə (kooperativin sədrinə) təqdim edir.

4. Kooperativin idarə heyəti (kooperativin sədri) təftiş və yoxlamaların nəticəsinə nizamnamədə nəzərdə tutulmuş qaydada baxır və müvafiq qərar qəbul edir. Təftiş komissiyası (müfəttiş) qəbul edilmiş qərarla razılaşmadıqda kooperativin üzvlərinin (müvəkkillərin) ümumi yığıncağına müraciət edir.

5.  Kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı kooperativin nizamnaməsində nəzərdə tutulmuş hallarda təftiş komissiyasının üzvlərini (müfəttişi) səlahiyyət müddəti qurtarmamışdan əvvəl geri çağıra bilər.

 

V   fəsil

KOOPERATİVİN ƏMLAKI

Maddə 21. Kooperativin əmlakı və onun yaranma mənbələri

1.  Kooperativin əmlakı onun əsas fondlarından, dövriyyə vəsaitlərindən və balansında göstərilən digər maddi dəyərlərdən ibarətdir. Kooperativin əmlakı onun üzvlərinin xüsusi (ümumi paylı, ümumi birgə) mülkiyyətindədir.

2. Kooperativin əmlakı özünün və cəlb edilən vəsaitlərin hesabına yaranır. Cəlb edilən vəsaitin həcmi kooperativin ümumi vəsaitinin 50 faizindən çox olmamalıdır.

3.  Kooperativin vәsaiti kooperativ üzvlərinin üzvlük haqqı, pay haqqı, təsərrüfat fəaliyyətindən əldə edilən gəlir və qanunvericiliklə qadağan olunmayan digər gəlir mənbələri hesabına yaranır. Kooperativin vəsaitinin minimum həddi nizamnamə ilə müəyyənləşdirilmir, lakin onun miqdarı nizamnamədə nəzərdə tutuları fəaliyyəti təmin etməlidir.

4.  Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün fondlar yaradır. Kooperativə məxsus əmlakın müəyyən hissəsinin bölünməz fonddan ibarət olması kooperativin nizamnaməsində nәzәrdә tutula bilər.

Kooperativin nizamnaməsində nəzərdə tutuları hallarda balans mənfəətindən ayırmalar hesabına pay fondunun 10 faizə qədər həcmində ehtiyat fondu yaradılır.

Fondların növləri, həcmi, formalaşdırılması və istifadəsi qaydaları bu Qanunla və kooperativin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 22. Kooperativ üzvünün payı

1.  Kooperativ üzvünün payı onun kooperativə verdiyi puldan, digər əmlakdan və əmlak hüquqlarından ibarət ola bilər.

2.  Kooperativin pay haqqı fondunun və mütləq payın həcmi, mütləq və əlavə payın ödənilməsi qaydaları, əmlakla (əmlak hüquqları ilə) ödənilən payların qiymətləndirilməsi qaydası kooperativin nizamnaməsi ilə müəyyən edilir.

Maddə 23. Kooperativin mənfəətinin bölüşdürülməsi

1. Kooperativin mənfəətinin bölüşdürülməsi qaydası təsərrüfat ili başa çatdıqdan üç ay ərzində kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağında təsdiq olunmalıdır.

2.  Kooperativin balansı üzrə müəyyən olunan mənfəətdən büdcə tәdiyәlәri və digər məcburi ödənişlər verildikdən sonra qalan mənfəət kooperativin nizamnaməsində nəzərdə tutulmuş qaydada bölüşdürülür.

3.  Kooperativ üzvlərinə kooperativ ödənişləri və dividend kooperativin nizamnaməsində nəzərdə tutulmuş qaydada verilir. Dividendin həcmi kooperativin nizamnaməsi ilə məhdudlaşdırıla bilər.

Maddə 24. Kooperativin əmlak məsuliyyəti

1.  Kooperativ götürdüyü öhdəliklərə görə ona məxsus əmlakı ilə cavabdehdir, öz üzvlərinin kooperativin fəaliyyəti ilə əlaqədar olmayan öhdəliklərinə görə məsuliyyət daşımır.

2.  Əvvəl yaradılmış kooperativə üzv daxil olan şəxs onun bu kooperativə üzv daxil olmasından qabaq kooperativin götürdüyü öhdəliklərinə (əgər bu hal nizamnamə ilə nəzərdə tutulmuşsa) məsuliyyət daşıyır. Üzv kooperativə daxil olarkən həmin öhdəliklərlə tanış olmalıdır.

3.  Kooperativ üzvü kooperativin öhdəliklərinə görə kooperativdə olan payı həcmində məsuliyyət daşıyır.

Kooperativ nizamnaməsi ilə kooperativ üzvünə verdiyi pay haqqının üçqat mislindən çox olmayan həcmdə yüksək məsuliyyət müəyyən edilə bilər.

 

VI   fəsil

KOOPERATİVİN FƏALİYYƏTİNİN ƏSASLARI

Maddə 25. Müqavilə öhdəlikləri

1.  Kooperativ zəruri hallarda öz üzvləri ilə onların istehsal etdiyi məhsulları müəyyən müddət ərzində kooperativə satmaq, iş və xidmətləri yerinə yetirmək barədə müqavilə bağlaya bilər.

2.  Dövlət orqanları, bələdiyyələr və digər hüquqi və fiziki şəxslərlə kooperativlər arasında qarşılıqlı münasibətlər qanunvericilik və müqavilə əsasında həyata keçirilir.

Maddə 26. Uçot hesabat

1.  Kooperativ öz işinin nəticələrinin cari və mühasibat uçotunun aparılmasını, mühasibat balansı və hesabatlarının müvafiq orqanlara təqdim edilməsini "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada həyata keçirir.

2.  Kooperativ mühasibat balansı və hesabatlarda, habelə dövlət orqanlarına və kooperativin üzvlərinə verilən və dərc edilən məlumatların düzgünlüyünə qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

Maddə 27. Kooperativdə əmək fəaliyyəti

1.  Kooperativ öz fəaliyyətini həyata keçirmək üçün muzdla işçilər tutmaq hüququna malikdir. Həmin işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının əmək qanunvericiliyi ilə tənzimlənir.

2. Kooperativin öz üzvləri ilə əmək münasibətləri bu Qanunla, Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə və kooperativin nizamnaməsi ilə tənzimlənir.

3.  İşçilərin kooperativdə işlədikləri müddət onların əmək kitabçasına yazılmaqla ümumi və fasiləsiz iş stajına daxil edilir.

4.  Kooperativ öz işçilərinin əməyinin ödənişi formalarını və sistemini sərbəst müəyyən edir. Əməyin ödənişi pulla və natura ilə aparıla bilər. Kooperativin üzvü olan işçilərə əmək haqqından əlavə nizamnamə ilə nəzərdə tutuları qaydada və müddətlərdə dividend və kooperativ ödənişləri verilir.

 

VII   fəsil

KOOPERATİVİN YENİDƏN TƏŞKİLİ VƏ LƏĞV EDİLMƏSİ

 

Maddə 28. Kooperativin yenidən təşkili

1.   Kooperativin yenidən təşkili (birləşmə, bölünmə, ayrılma, çevrilmə) Azərbaycan Respublikası mülki qanunvericiliyinə uyğun olaraq kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının qərarı ilə, mübahisəli hallarda isə məhkəmənin qərarı ilə həyata keçirilir.

2.  Kooperativ yenidən təşkil edildikdə onun nizamnaməsində müvafiq dəyişikliklər edilir.

3. Kooperativ yenidən təşkil edildikdə onun hüquq və öhdəlikləri təhvil-təslim aktı və bölüşdürücü balans əsasında hüquqi varisinə keçir.

4. Bölüşdürücü balans yenidən təşkil edilən kooperativin hüquqi varisini müəyyən etməyə imkan vermədikdə yeni yaranan kooperativ və (və ya) digər hüquqi şəxslər yenidən təşkil edilən kooperativin kreditorları qarşısında öhdəliklərə görə birgə məsuliyyət daşıyırlar.

5.  Yenidən təşkil edilən kooperativ üzvləri yeni yaranan kooperativin üzvü və (və ya) digər hüquqi şəxsin üzvü (təsisçisi) ola bilərlər.

6.  Təhvil - təslim aktı və bölüşdürücü balans kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağında təsdiq olunur va təsis sənədləri ilə birlikdə dövlət qeydiyyatı üçün təqdim edilir.

7.  Yenidən təşkil etmənin birləşmə forması istisna olmaqla yeni yaradılan hüquqi şəxslər dövlət qeydiyyatından keçdiyi andan kooperativ yenidən təşkil edilmiş sayılır.

Maddə 29. Kooperativin ləğv edilməsi

1.  Kooperativin ləğv edilməsi onun hüquq və vəzifələrinin hüquqi varislik qaydasında digər şəxslərə keçmədən fəaliyyətinə xitam verilmәsidir.

2.  Kooperativ aşağıdakı hallarda ləğv edilir:

1)  kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağının qərarı ilə, o cümlədən nizamnamədə göstərilən fəaliyyət müddəti başa çatdıqda və üzvlükdə qalanların sayı bu Qanunla müəyyən edilmiş kooperativin təsis edilməsi üçün zəruri olan fiziki və hüquqi şəxslərin sayından az olduqda;

2)  kooperativ yaratmaq barəsində təsis aktları məhkəmənin qərarı ilə qeyri qanuni sayıldıqda;

3)  qanunla müəyyən olunmuş qaydada kooperativ iflas elan olunduqda;

4) kooperativin qanunla qadağan olunmuş fəaliyyət növü ilə məşğul olduğu və qanunvericiliyin tələblərini dəfələrlə və ya kobud surətdə pozduğu hallarda məhkəmənin qərarı ilə;

5) Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş digər hallarda.

Maddə 3 0. Kooperativin ləğv edilməsi qaydaları

1.  Kooperativin ləğv edilməsi bu Qanunla, Azərbaycan Respublikasının digər qanunları, habelə kooperativin nizamnaməsi ilə müəyyən edilir.

Kooperativin ləğv edilməsi barədə qərar qəbul etmiş orqan (kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağı və ya məhkəmə) tərəfindən ləğvetmə komissiyası yaradılır.

2.  Ləğvetmə komissiyası təyin edildikdən sonra kooperativin idarə edilməsi ilə bağlı bütün səlahiyyətlər ləğvetmə komissiyasına keçir.

3.  Ləğvetmə komissiyası.

-  kooperativin ləğv edilmə qaydasını və müddətini müəyyən edir, kooperativin ləğv edilməsindən iki aydan az olmayan vaxtda kreditorların iddia qaldırması müddətini müəyyən edir;

-  kooperativin hər bir üzvünə, kreditorlarına, habelə yerləşdiyi ərazidə maliyyə, statistika, qeydiyyat və vergi orqanlarına kooperativin ləğv edilməsi barədə məlumat göndərir, kreditorların iddia irəli sürməsi müddəti və qaydası haqqında mətbuatda elan verir;

- dövlət orqanları, məhkəmə və digər hüquqi və fiziki şəxslərlə münasibətdə ləğv edilən kooperativi təmsil edir;

-  ləğvetmə müddətində kooperativin mühasibat balansını tərtib edir, onu kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağına, yaxud ləğvetmə komissiyasını təyin etmiş orqana təqdim edir;

- debitor borclarını toplayır;

- kooperativin əmlakından ilk növbədə əmək haqqı, büdcəyə ayırmalar, vergilər və digər məcburi ayırmaları ödəyir;

- kooperativin götürdüyü müqavilə öhdəliklərinin yerinə yetirilməsini başa çatdırır, müəyyən edilmiş müddətə kreditorların iddialarını qəbul edir və ödəyir. Kooperativ ləğv edilərkən kreditorların iddialarının ödənilməsi "Müəssisələr haqqında" Azərbaycan Respublikasının Qanununda müəyyən olunmuş qaydada aparılır;

- əmək haqqı, büdcəyə ayırmalar və digər məcburi ayırmalar, kreditorların tələbləri ödənildikdən sonra qalan əmlakı nizamnamədə nəzərdə tutulduğu qaydada kooperativin üzvləri arasında bölüşdürür. Əmlakın bölüşdürülməsi zamanı üzvlərin qarşılıqlı mübahisələri və ləğvetmə komissiyası ilə mübahisələri kooperativ üzvlərinin (müvəkkillərin) ümumi yığıncağında və ya məhkəmədə həll edilir;

- ləğvetmə komissiyasını yaradan orqanlara ləğvetmə müddətində öz fəaliyyəti haqqında hesabat, ləğvetmə başa çatdıqdan sonra isə yekun hesabatı təqdim edir. Yekun hesabatı ləğvetmə komissiyasını yaradan orqan tərəfindən təsdiq edilir və bundan sonra kooperativin ləğv edilməsi başa çatmış sayılır və kooperativ dövlət qeydiyyatından çıxarılır.

 

VIII   fəsil

KOOPERATİVLƏRİN İTTİFAQLARI (ASSOSİASİYALARI)

 

Maddə 31. Kooperativlərin ittifaqlarının (assosiasiyalarının) yaradılması və fəaliyyəti

1. Kooperativlər öz fəaliyyətlərini əlaqələndirmək, hüquqlarının müdafiə edilməsini, ümumi mənafelərinin dövlət və digər orqanlarda, təşkilatlarda, habelə beynəlxalq təşkilatlarda təmsil olunmasını təmin etmək məqsədi ilə və digər məqsədlərlə könüllülük əsasında sahə, ərazi prinsiplərinə və başqa prinsiplərə əsasən ittifaqlar (assosiasiyalar) (bundan sonra-ittifaqlar) yarada bilərlər. İttifaqları iki və daha çox kooperativ yarada bilər.

2. İttifaqın üzvlüyünə başqa hüquqi şəxslər də daxil ola bilərlər. İttifaqın tərkibinə daxil olan kooperativlər və hüquqi şəxslər öz təsərrüfat müstəqilliklərini və hüquqi şəxs statuslarını saxlayırlar. İttifaqın üzvləri onun xidmətlərindən əvəzsiz olaraq istifadə etmək hüququna malikdirlər.

3.  İttifaqlar bu Qanunla kooperativlər üçün müəyyən edilmiş qaydada təsis edilir, qeydiyyata alınır, fəaliyyət göstərir və ləğv edilir.

4.  İttifaq təsisçilərin təsdiq etdikləri təsis müqaviləsi və nizamnamə əsasında fəaliyyət göstərir. İttifaqın tərkibinə daxil olan üzvlər öz səlahiyyətlərinin bir hissəsini ittifaqa həvalə edə bilər.

5.  İttifaq hüquqi şəxsdir, nizamnamə səlahiyyətlərini həyata keçirmək üçün müvafiq əmlaka malikdir, bank idarələrində onun hesablaşma hesabı və digər hesabları, öz adı göstərilən möhürü vardır.

6.  İttifaqın üzvü öz arzusu ilə ittifaqın tərkibindən çıxmaq hüququna malikdir.

7.  İttifaqın nizamnaməsini pozan ittifaq üzvü ittifaqın nizamnaməsində nəzərdə tutuları qaydada ittifaqın tərkibindən xaric edilə bilər.

İttifaqın üzvlüyündən çıxan və xaric edilən ittifaq üzvü ilə haqq-hesab maliyyə ili başa çatdıqdan sonra ittifaqın nizamnaməsində göstərilən qaydada və müddətdə aparılır.

Maddə 32. İttifaqın idarə edilməsi

1.  İttifaqın idarə edilməsi, ittifaqın idarəetmə və nəzarət orqanlarının seçilməsi qaydası və fəaliyyəti bu Qanunla və ittifaqın nizamnaməsi ilə tənzimlənir.

2.  İttifaqın ali idarəetmə orqanı onun tərkibinə daxil olan kooperativlərin və başqa hüquqi şəxslərin nümayəndələrinin konfransları və ya qurultaylarıdır. Konfrans və ya qurultayın müstəsna səlahiyyətlərinə ittifaqın nizamnaməsinin təsdiq edilməsi, ona əlavə və dəyişikliklərin edilməsi, ittifaqın şurasının və təftiş komissiyasının seçilməsi, onların hesabatlarının dinlənilməsi və nizamnamədə nəzərdə tutulmuş digər səlahiyyətlər aiddir.

3.  İttifaqın şurası qurultaylar və ya konfranslararası dövrdə ittifaqın nizamnaməsi ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirir. İttifaqın şurası ittifaqın idarə heyətini seçir. İttifaqın idarə heyəti ittifaqın fəaliyyətinə rəhbərliyi, habelə ittifaqın nizamnaməsi ilə müəyyən edilmiş başqa səfehlyyətləri həyata keçirir. İttifaqın idarə heyəti ittifaqın şurası qarşısında məsuliyyət daşıyır.

4.İttifaqın maliyyə - təsərrüfat fəaliyyətinə nəzarəti təftiş komissiyası həyata keçirir.

 

IX   fəsil

KOOPERASİYA HAQQINDA QANUNVERİCİLİYİN POZULMASINA GÖRƏ MƏSULİYYƏT

Maddə 33. Kooperativlərin hüquqlarının müdafiәsi

Kooperativlərin hüquqları qanunvericiliklə müəyyən edilmiş qaydada məhkəmə, iqtisad məhkəməsi və ya münsiflər məhkəməsi tərəfindən həyata keçirilir.

Maddə 34. Kooperativlər və onların ittifaqlarının məsuliyyəti

Kooperativlər və onların ittifaqları müqavilə öhdəliklərini, kredit, hesabat və vergi intizamını, özü istehsal etdiyi məhsulun keyfiyyәtinә verilən tələbləri, təsərrüfat fəaliyyətinin digər qaydalarını pozduqda Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutuları qaydada məsuliyyət daşıyırlar.

Maddə 35. Kooperasiya haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Kooperasiya haqqında qanunvericiliyin pozulmasına görə vəzifəli şəxslər və vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

 

Bakı şəhəri, 7 fevral 1996-cı il

№ 19-IQ


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 420)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 17 iyun 2003-cü il tarixli 479-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, № 8, maddə 420) ilə ləğv edilmişdir.