Azərbaycan Respublikasının
"Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley
medalının təsis edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Azərbaycan
Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının
"Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı
təsis edilsin.
II. Azərbaycan
Respublikasının "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley
medalının Əsasnaməsi və təsviri təsdiq
edilsin (əlavə olunur).
III. Bu Qanun dərc
edildiyi gündən qüvvəyə minir.
Heydər ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 17 may 2002-ci il
№ 331-IIQ
|
"Azərbaycan
Respublikasının" Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley
medalının təsis edilməsi haqqında"
Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ
nömrəli Qanunu ilə TƏSDİQ EDİLMİŞDİR |
"Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley
medalı haqqında
ƏSASNAMƏ
1. "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı
ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan
Respublikası Silahlı Qüvvələrində həqiqi
hərbi xidmət keçən və döyüş
hazırlığında uğurlar qazanmış zabit, gizir
və miçmanlar, habelə Silahlı
Qüvvələrdən ehtiyata yaxud istefaya
buraxılmış Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin qurulmasında və onun
möhkəmlənməsində fəal iştirak edən
zabitlər təltif edilirlər.
2. "Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley medalı
döşün sol tərəfinə, Azərbaycan
Respublikasının digər orden və medalları olduqda
"Azərbaycan Respublikası Silahlı Qüvvələri
Veteranı" medalından sonra taxılır.
|
"Azərbaycan
Respublikasının" Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley
medalının təsis edilməsi haqqında"
Azərbaycan Respublikasının 2002-ci il 17 may tarixli, 331-IIQ
nömrəli Qanunu ilə TƏSDİQ
EDİLMİŞDİR |
"Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)" yubiley
medalının
TƏSVİRİ
"Azərbaycan
Respublikası Silahlı Qüvvələrinin 10 illiyi
(1991-2001)" yubiley medalı milli ornamentli ensiz lövhə
ilə birgə bürüncdən tökülmüş,
aşağı tərəfi palıd yarpaqlarından
çələng ilə haşiyələnmiş
üzərində Azərbaycan Respublikası Dövlət
Bayrağının rəngləri fonunda Silahlı
Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu
qalxandan ibarətdir.
Medalın qabarit
ölçüləri 34 mm x 36 mm-dir.
Qalxanın
içində, Silahlı Qüvvələrin emblemindən
yuxarıda qızılı rəngdə
"Azərbaycan", aşağısında isə
"Silahlı Qüvvələri" sözləri
yazılmışdır.
Qalxanın
aşağı hissəsində ortada və
çələngin üstündə ağ rəngdə
"10" rəqəmi yerləşdirilmişdir.
"10" rəqəmindən solda qızılı
rəngdə iki tank, sağda isə iki döyüş
gəmisi, qalxanın xaricində mavi fonda,
çələnglərdən yuxarıda, solda üç
qırıcı təyyarə, sağda isə üç
zenit raketi təsvir edilmişdir.
Arxa tərəfi hamar
səthlidir, ortasında "Azərbaycan Respublikası
Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)"
sözləri yazılmış və milli ornamentin
üzərində aypara ilə səkkizguşəli ulduz
təsvir edilmişdir.
Medal paltarın
yaxasına bərkidilmək üçün elementi olan, 27 mm
x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa
və ilgək vasitəsilə birləşdirilir. Xara
lentdə kənarlarından mərkəzə doğru
ardıcıl olaraq 3 mm enində göy, 4 mm enində
qırmızı, 1 mm enində ağ və
mərkəzdə 10 mm enində yaşıl rəngli
şaquli zolaqlar təsvir edilmişdir.
Medala paltara
bərkidilmək üçün elementi olan, eyni xara
lentdən üz çəkilmiş 27 mm x 9 mm
ölçülü qəlib əlavə olunur.