Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamənin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
"Sağlamlıq imkanları
məhdud şəxslərin təhsili (xüsusi təhsil)
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2001-ci il 19 iyul tarixli, 540 nömrəli
Fərmanının icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamə"
təsdiq edilsin (əlavə olunur) .
2. "Əqli və ya fiziki
inkişafında qüsurlar olan uşaq və
yeniyetmələr üçün xüsusi internat
məktəblərinin nümunəvi Əsasnaməsinin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 1994-cü il 25 iyul tarixli, 277
nömrəli qərarı qüvvədən
düşmüş hesab edilsin.
3. Bu qərar imzalandığı
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı
şəhəri, 10 may 2002-ci il
¹ 78
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2002-ci il
10 may tarixli 78 nömrəli qərarı ilə TƏSDİQ
EDİLMİŞDİR |
Xüsusi
təhsil müəssisələri haqqında
ƏSASNAMƏ
Ümumİ
müddəalar
1.
Sağlamlıq imkanları məhdud olan şəxslər
üçün aşağıdakı xüsusi təhsil
müəssisələri təşkil edilir: kar
şəxslər üçün, zəifeşidən və
sonradan karlaşmış şəxslər üçün;
nitqi qüsurlu şəxslər üçün, kor və
zəifgörən şəxslər üçün,
əqli cəhətdən zəif inkişaf etmiş
şəxslər üçün, poliomelit və beyin iflici
qalığı olan şəxslər üçün,
dayaq-hərəkət aparatının funksiyalarının
pozuntuları və skalioz xəstəliyi olan
şəxslər üçün, ağır
çatışmazlığı olanlar, o cümlədən
kar-kor şəxslər üçün, xroniki somatik xəstəlikləri
olan şəxslər üçün, emosional-iradi
sahədə və davranışında
çatışmazlıq olan şəxslər
üçün.
2. Xüsusi
təhsil müəssisələri sağlamlıq imkanları
məhdud olan şəxslərin təlim-tərbiyəsi,
peşə hazırlığı,
sağlamlığının mühafizəsi və
bərpası üçün müvafiq şərait yaratmaq
məqsədi ilə təşkil edilir.
3. Xüsusi
təhsil müəssisələrinin açılması,
tipinin dəyişdirilməsi, fəaliyyətinin
dayandırılması və nümunəvi ştatları
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
ilə həyata keçirilir.
4. Xüsusi
təhsil müəssisələri müvafiq kadr potensialı,
maddi-texniki və pedaqoji-metodiki baza nəzərə
alınmaqla, sağlamlıq imkanları məhdud olan
şəxslərin sayı 100 nəfər və daha çox
olduğu halda yaradılır.
5. Xüsusi
təhsil müəssisələri öz
fəaliyyətində Azərbaycan Respublikası
Konstitusiyasını, “Təhsil haqqında”,
“Məktəbəqədər təhsil haqqında”,
“Ümumi təhsil haqqında”
Azərbaycan Respublikasının qanunlarını,
Azərbaycan Respublikası Prezidentinin fərman və
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, bu Əsasnaməni və başqa
normativ aktları rəhbər tutur.[1]
6. Dövlət
xüsusi təhsil müəssisələri Təhsil
Nazirliyinin və yerli təhsil şöbələrinin
tabeliyində fəaliyyət göstərir.
7. Fiziki
çatışmazlığı, əqli və (və ya)
psixi ləngimələri olanlar üçün xüsusi
təhsilin dövlət standartları Təhsil Nazirliyi
tərəfindən müəyyən edilir. Xüsusi
təhsilin dövlət standartları mülkiyyət
formasından asılı olmayaraq xüsusi təhsili həyata
keçirən müəssisələr üçün
məcburidir.
8. Xüsusi təhsil
müəssisəsinin akkreditasiyası, xüsusi təhsilin
keyfiyyətinə nəzarət və təhsil alanların
attestasiyası “Sağlamlıq imkanları məhdud
şəxslərin təhsili (xüsusi təhsil) haqqında”
Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə
uyğun həyata keçirilir.[2]
9. Xüsusi
təhsil müəssisələrində təhsil
müddəti aşağıdakı qaydada
müəyyənləşdirilir:
Kar
şəxslər üçün internat tipli xüsusi
təhsil müəssisələrində təhsil
müddəti 11 ildir (I-XI siniflər).
Bu
müddətdə şagirdlər ümumtəhsil
məktəblərinin 9 illik tədris proqramları
həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.[3]
Zəifeşidən
və sonradan karlaşmış şəxslər
üçün internat tipli xüsusi təhsil
müəssisələrində təhsil müddəti I
bölmədə 10 il (IX siniflər), II bölmədə 12
ildir (I-XII siniflər).
I
bölməyə eşitmə qabiliyyətinə görə
nitq inkişafı yüngül formada, II bölməyə
isə nitq inkişafı ağır formada pozulmuş
şəxslər qəbul edilirlər. Hər iki
bölmənin şagirdləri ümumtəhsil
məktəblərinin 9 illik tədris proqramları həcmində
təhsil alır və onlara ümumi
orta təhsil haqqında attestat verilir.
Ağır
nitq qüsurlarının aradan qaldırılması
üzrə aparılan işlər səmərəli
nəticə verərsə, IX sinifdən sonra
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında
onlar I bölmənin müvafiq sinfinə keçirilə
bilərlər.
Lazımi
təlim-tərbiyə şəraiti və maddi-tədris baza
olduğu hallarda, valideynlərin və şagirdlərin arzusu
ilə 1 bölmədə X-XII siniflər təşkil
edilə bilər. I bölmənin XII sinfini bitirən
şagirdlər tam orta təhsil
haqqında attestat alırlar.[4]
Nitqi
qüsurlu uşaqlar üçün internat tipli xüsusi
təhsil müəssisələrində I bölmədə
təhsil müddəti 10 (1-X siniflər), II bölmədə
9 ildir (I-IX siniflər).
I
bölməyə ümumi nitq inkişafında ağır
qüsurları olan, II bölməyə isə nitq
qüsurları normal olub, ağır formada
kəkələyən şəxslər qəbul edilirlər.
Hər iki bölmənin şagirdləri ümumi təhsil
məktəblərinin 9 illik tədris proqramları
həcmində təhsil alır və onlara ümumi orta təhsil haqqında attestat verilir.
Şərait
və tələbat baxımından I bölmə və ya II
bölmə üzrə ayrıca internat tipli xüsusi
təhsil müəssisəsi təşkil oluna bilər.
Kor və
zəifgörən şəxslər üçün internat
tipli xüsusi təhsil müəssisələrində
təhsil müddəti 12 ildir (I-XII siniflər).
İnternat
tipli xüsusi təhsil müəssisələrinin X sinfini
bitirənlərə ümumi orta
təhsil haqqında attestat, XII sinfini bitirənlərə tam orta təhsil haqqında
attestat verilir.
Əqli
cəhətdən zəif inkişaf etmiş
şəxslər üçün xüsusi təhsil
müəssisələrində təhsil müddəti 9 ildir
(I-IX siniflər). Əqli cəhətdən zəif inkişaf
etmiş şəxslər üçün xüsusi təhsil
müəssisələrində lazımi tədris-maddi baza
və kadr potensialı olduqda, şagirdlərə müvafiq
peşələr verilir. Bu müəssisələrdə
təhsil müddəti 10 ildir (I-X siniflər).[5]
Əqli
cəhətdən zəif inkişaf etmiş şagirdlər
xüsusi təhsil müəssisələrini bitirərkən
Təhsil Nazirliyi tərəfindən müəyyən
olunmuş formada təhsil haqqında sənəd alırlar.[6]
Polimelit və
beyin iflici qalığı olan şəxslər
üçün internat tipli xüsusi təhsil
müəssisələrində təhsil müddəti 10 ildir
(I-X siniflər).
Dayaq-hərəkət
aparatının funksiyalarının pozuntuları və skalioz
xəstəliyi olan şəxslər üçün internat
tipli xüsusi təhsil müəssisələrində
təhsil müddəti 10 ildir (I-X siniflər).
Bu
müddətdə şagirdlər ümumtəhsil
məktəbinin 9 illik tədris proqramları həcmində
təhsil alır və onlara ümumi
orta təhsil haqqında attestat verilir.
Ağır
çatışmazlığı olanlar, o cümlədən
kar-kor şəxslər üçün internat tipli xüsusi
təhsil müəssisələrində təhsil müddəti
11 ildir (I-XI siniflər).
Bu
müddətdə şagirdlər ümumtəhsil
məktəbinin 9 illik tədris proqramları həcmində
təhsil alır və onlara ümumi
orta təhsil haqqında attestat verilir.
Xroniki somatik
xəstəlikləri olan şəxslər üçün
internat tipli xüsusi təhsil müəssisələrində
təhsil müddəti 10 ildir (I-X siniflər).
Bu
müddətdə şagirdlər ümumtəhsil
məktəbinin 9 illik tədris proqramları həcmində
təhsil alır və onlara ümumi
orta təhsil haqqında attestat verilir.
Emosional-iradi
sahədə və davranışında
çatışmazlıq olan şəxslər internat tipli
xüsusi təhsil müəssisələrində təhsil
müddəti 9 ildir (I-IX siniflər).
İnternat
tipli xüsusi təhsil müəssisələrində
təhsil alan şagirdlərin təhsili psixoloji-tibbi-pedaqoji
komissiya tərəfindən təsdiq olunmuş qərar
əsasında həyata keçirilir.
Şərait
və maddi-tədris baza nəzərə alınmaqla internat
tipli xüsusi təhsil müəssisələrinin
bazasında tam orta təhsil
verən siniflər də (I-XI) açıla bilər.
İnternat tipli xüsusi təhsil müəssisəsinin IX
sinfini bitirənlərə ümumi
orta təhsil haqqında attestat, XI sinfini
bitirənlərə isə tam
orta təhsil haqqında attestat verilir.
10. Kar,
zəifeşidən və sonradan karlaşmış, kor
və zəifgörən, polimelit və beyin iflici
qalığı olan şəxslər üçün
internat tipli xüsusi təhsil müəssisələrində
bu cür fiziki pozuntuları olan, əqli
cəhətdən zəif inkişaf etmiş
şəxslər üçün xüsusi siniflər
təşkil oluna bilər. [7]
11. Xüsusi
təhsil müəssisələrinin sinif və qruplarında
şagirdlərin maksimum miqdarı aşağıdakı
qaydada müəyyənləşdirilir:
kar
şəxslər üçün internat tipli xüsusi
təhsil müəssisələrində 8 nəfər,
zəifeşidən və sonradan karlaşmış
şəxslər üçün internat tipli xüsusi
təhsil müəssisələrində 10 nəfər, nitqi
qüsurlu şəxslər üçün internat tipli
xüsusi təhsil müəssisələrində 12
nəfər, kor və zəifgörən şəxslər
üçün 12 nəfər, əqli cəhətdən
zəif inkişaf etmiş şəxslər üçün
internat tipli xüsusi təhsil müəssisələrində
10 nəfər, poliomelit və beyin iflici qalığı olan
şəxslər üçün internat tipli xüsusi
təhsil müəssisələrində 10 nəfər,
emosional-iradi sahədə və davranışında
çatışmazlıq olan şəxslər üçün
internat tipli xüsusi təhsil müəssisələrində
12 nəfər, dayaq-hərəkət aparatının
funksiyalarını pozuntuları və skalioz xəstəliyi
olan şəxslər üçün internat tipli xüsusi
təhsil müəssisələrində 10 nəfər,
ağır çatışmazlığı olanlar, o
cümlədən kar-kor şəxslər üçün
internat tipli xüsusi təhsil müəssisələrində
8 nəfər və xroniki somatik xəstəlikləri olan
şəxslər üçün internat tipli xüsusi
təhsil müəssisələrində 10 nəfər.
12. Əqli
cəhətdən zəif inkişaf etmiş kar,
zəifeşidən və sonradan karlaşmış, kor
və zəifgörən, poliomelit və beyin iflici
qalığı olan şagirdlərdən ibarət xüsusi
siniflərdə şagirdlərin maksimum miqdarı 6
nəfər müəyyənləşdirilir.
13. Əqli
və ya fiziki cəhətdən ağır pozuntuları olan
şagirdlər üçün əmək təlimi və
istehsalat hazırlığı sinifləri 5
nəfərdən az olmamaqla komplektləşdirilir.
Təlİm-tərbİyə
İşlərİnİn təşkİlİ
14. Xüsusi
təhsil müəssisələrində
təlim-tərbiyə prosesi müəyyən olunmuş
qaydalar üzrə Təhsil Nazirliyi tərəfindən
təsdiq edilmiş müvafiq tədris planı və proqramlar
əsasında aparılır.
15. Xüsusi
təhsil müəssisələrində aparılan
təlim-tərbiyə işləri şagirdlərin əqli
və ya fiziki pozuntuları, onların səhhəti və
imkanları nəzərə alınmaqla təşkil olunur,
öz məzmununa görə şagirdlərin mövcud
tədris proqramları həcmində bilik almasına,
onların müəyyən sahələr üzrə
bacarıq və vərdişlərinin inkişaf
etdirilməsinə, cəmiyyət və təbiət
hadisələri barədə məlumatlarının
artırılmasına, fiziki və estetik tərbiyəsinin
inkişafına xidmət edir.
16. Xüsusi
təhsil müəssisələrində şagirdlərin
əqli və ya fiziki pozuntularının, həmin pozuntularla
əlaqədar psixi inkişafındakı geriliklərin aradan
qaldırılması üzrə iş bütün
dərsində və dərsdənkənar vaxtlardakı
tədbirlərdə eyni tələb
çərçivəsində həyata keçirilir. [8]
17. Xüsusi
təhsil müəssisələrində buraxılış
və sinifdən-sinfə keçirmə imtahanları
Təhsil Nazirliyinin təsdiq etdiyi Təlimata uyğun qaydada
aparılır.
18. Xüsusi
təhsil müəssisələrində şagirdlərin
biliyinin qiymətləndirilməsi zamanı müəyyən
olunmuş qaydalarla bərabər, eyni zamanda onların əqli
və ya fiziki çatışmazlıqları
nəzərə alınmalıdır.
19. Xüsusi
təhsil müəssisələrində şagirdlərin
əqli və ya fiziki pozuntularının xarakteri əsas
götürülməklə dərs prosesində bədən
tərbiyəsi fasilələrlə keçirilə bilər. [9]
20.
Müalicə gimnastikası aparılan xüsusi təhsil
müəssisələrində həmin
məşğələlər günün həm birinci,
həm də ikinci yarısında təsdiq edilmiş
cədvəl üzrə loqoped tərəfindən
aparılır.
21.
Müalicə kursuna görə təyin edilmiş
müxtəlif proseduraların qəbulu hər uşaq
üçün fərdi qaydada
müəyyənləşdirilir və dərs
cədvəlinə əsasən tənzim olunur.
22. Xüsusi
təhsil müəssisələrində şagirdlərin
nitqindəki qüsurları aradan qaldırmaq, onların
tədris materiallarını yaxşı
mənimsəməsinə zəmin yaratmaq məqsədi
ilə loqoped və sinif müəllimləri
tərəfindən dərsdənkənar vaxtlarda ayrıca
cədvəl üzrə fərdi və qrup
məşğələləri təşkil edilir,
şagirdlərin fiziki inkişafındakı
çatışmazlıqların ləğv edilməsi
üçün mütəxəssislər
tərəfindən ritmika və müalicə xarakterli
bədən tərbiyəsi məşğələləri
aparılır.
23. Xüsusi
təhsil müəssisələrinin I siniflərində
dərs müddəti 35 dəqiqə qalan siniflərdə
isə 45 dəqiqədir.
24. Xüsusi
təhsil müəssisələrində şagirdlər
üçün ev tapşırıqlarının həcmi
onların yerinə yetirilməsinə ayrılan vaxta
görə müəyyənləşdirilir.
I
siniflərdə ev tapşırığı verilmir; II
sinifdə 30-40 dəqiqə, III sinifdə 1 saatadək, IV-V
siniflərdə 1,5 saatadək, VI-VIII siniflərdə 2 saat,
IX-XII siniflərdə 2.5 saat ev tapşırığı
verilə bilər.
25. Xüsusi
təhsil müəssisələrində təlimin
səmərəliliyinin artırılmasına xidmət
edən müvafiq gün rejimi yaradılır,
təlim-tərbiyə prosesində şagirdlərin fərdi
inkişafı üçün həkimlərin tibbi
tövsiyələri nəzərə alınır
26. Kor və
zəifgörən şəxslər üçün internat
tipli xüsusi təhsil müəssisələrində:
görmə
qabiliyyətinin mühafizə olunması üçün
həkim məsləhəti əsasında şagirdlərin
görmə və fiziki yükünün xüsusi həddi
müəyyənləşdirilir və tətbiq edilir;
şagirdlərin
görmə qüsurunun dərəcə və xarakterini
nəzərə alaraq, onların görmə qabiliyyətini
korreksiya etmək məqsədilə optik cihaz və vasitələrdən
istifadə olunur;
-şagirdlərin
görmə patalogiyası və görmə yükü
nəzərə alınaraq, siniflərin normativ üzrə
işıqlandırılması (500-1500 lyuks) təmin edilir.
27. Əqli
cəhətdən zəif inkişaf etmiş
şəxslər üçün xüsusi təhsil
müəssisələrində:
nəzərəçarpan
dərəcədə akkalkuliya, aqrafiya, aleksiya
əlamətləri hiss edilən şagirdlərin təlimi,
həmin diaqnozları təsdiq edən psixoloji-tibbi-pedaqoji
komissiyanın rəyinə görə istisna hal kimi fərdi
plan əsasında aparıla bilər. Belə
şəxslərin biliyinin qiymətləndirilməsi fərdi
təlimin nəticələrinə əsasən həyata
keçirilir;
ayrı-ayrı
fənlər üzrə fərdi planlar müəllimlər
tərəfindən hər bir dərs ili üçün
hazırlanır və xüsusi tipli təhsil
müəssisəsinin pedaqoji şurasında təsdiq edilir.
28. Xüsusi
təhsil müəssisələrində şagirdlərin
dərsdənkənar vaxtının mənalı və
səmərəli keçməsi məqsədilə
əyləncəli oyunlar, idman yarışları,
müsabiqələr, gecələr keçirilir,
dərnəklər yaradılır, şagirdlər
müntəzəm olaraq kino, teatr və sirk tamaşalarına,
konsertlərə, ekskursiyalara, muzeylərə aparılır,
digər məqsədyönlü tədbirlər həyata
keçirilir.
29. Xüsusi
təhsil müəssisələrində
təlim-tərbiyə işinin keyfiyyətinin təmin
olunmasında müəllim və tərbiyəçilər
eyni dərəcədə məsuliyyət
daşıyırlar.
Əmək təlİmİ və
peşəyönümlü İşlərİnİn
təşkİlİ
30. Xüsusi
təhsil müəssisələrində əmək
təlimi, peşəyönümü və peşə
hazırlığı işlərinin təşkili ən
vacib məsələ kimi nəzərdə tutulur,
şagirdlərin müstəqil həyata hazırlanması
və sosial uyğunlaşmasının başlıca
şərti hesab olunur.
31.
Şagirdlərə əmək hazırlığı dərsləri
proqram tələbələri əsasında təchiz
olunmuş emalatxanalarda keçirilir. Bu dərslər
müəyyən edilmiş ümumi vəzifələri
yerinə yetirməklə yanaşı, həm də
şagirdlərin fiziki inkişafındakı pozuntuların
bərpasına yönəldilməlidir. [10]
32.
Şagirdlər əmək təlimi və peşə
hazırlığı işlərinə cəlb
edilərkən onların sağlamlığı və fiziki
hazırlığı barədə həkimin
tövsiyələri nəzərə alınmalıdır.
33. Xüsusi
təhsil müəssisələrində əmək təlimi
və peşə hazırlığı Təhsil Nazirliyinin
təsdiq etdiyi proqramlar əsasında aparılır.
34.
Şagirdlərin peşə hazırlığının
istiqaməti nəzərdə tutulan peşələrin
öyrədilməsi üzrə imkan və şərait, maddi
baza, istehsalat təcrübəsi keçmək
üçün ərazidə müvafiq müəssisənin
olması, məzunların işlə təmin olunması
imkanları və sair cəhətlər nəzərə
alınmaqla müəyyənləşdirilir.
35. Xüsusi
təhsil müəssisələrində ciddi qüsurları (pozuntuları)
olan şagirdlər əmək təliminə oxuduqları
sinifdən asılı olmayaraq 12 yaşdan cəlb
edilirlər. [11]
36. Xüsusi
təhsil müəssisələrində şagirdlərin meyl
və bacarıqlarına görə hər hansı bir
peşəyə yiyələnməsinə ərazidəki
texniki-peşə məktəbləri, istehsalat
müəssisələri hərtərəfli köməklik
göstərməlidir. Zəruri hallarda seçilmiş
peşə üzrə nəzəri və praktik
məşğələlərin texniki-peşə
məktəbinin müəllimləri tərəfindən
aparılmasına, habelə pedaqoji təhsili olmayan
mütəxəssislərin bu işə cəlb
edilməsinə icazə verilir. Həmin şəxslərin
əmək haqqı müəyyən olunmuş qaydalar
üzrə ödənilir.
37. Tədris
planına əsasən, istehsalat təcrübəsi sənaye
və kənd təsərrüfatı
müəssisələrinin yardımçı iş
sahələrində aparılır. İstehsalat təcrübəsinin
müddəti gün ərzində 4 saatdan artıq olmamalı
və əmək hazırlığı müəlliminin
rəhbərliyi altında keçirilməlidir.
38.
Peşə öyrədilən xüsusi təhsil
müəssisələrinin məzunlarına müvafiq
təhsil sənədi ilə yanaşı, dərəcə
göstərməklə peşə təhsili barədə
şəhadətnamə də verilir. Şagirdlərə
peşə dərəcəsi verilməsi müəyyən
olunmuş qaydalara əsasən həyata keçirilir.
39. Hər bir
dərs ilinin sonunda xüsusi təhsil
müəssisələrində şagirdlərin
hazırladığı əl işlərinin sərgisi
təşkil olunur, bu işlərə baxışlar
keçirilir və fərqlənən şagirdlərin
mükafatlandırılması üçün
tədbirlər görülür.
Xüsusİ təhsİl
müəssİsələrİndə tİbbİ
xİdmət və müalİcə-bərpa İşlərİ
40. Müvafiq
təhsil orqanı xüsusi təhsil üzrə proqramlar, o
cümlədən əlaqəli proqramlar hazırlayır
və həyata keçirir, sağlamlıq imkanları
məhdud şəxslərin sağlamlığının
mühafizəsinə, onların
çatışmazlıqlarının korreksiyasına, sosial
adaptasiyasına, tibbi-sosial reabilitasiyasına, əlilliyin
profilaktikasına yönəldilmiş birgə tədbirlər
görür.
41. Xüsusi
təhsil müəssisələri şagirdlərinin
sağlamlığının mühafizəsi, sanitar gigiyena
qaydalarının gözlənilməsi,
müalicə-bərpa tədbirlərinin görülməsi
vacib tələblərdən hesab olunur. Xüsusi təhsil
müəssisələrinin rəhbərliyi bu
məsələlərin müəyyən edilmiş qaydalar
üzrə həyata keçirilməsinə
müntəzəm olaraq nəzarət etməlidir.
42. Xüsusi
təhsil müəssisələrində aparılan
müalicə-bərpa işləri şagirdlərin
sağlamlığının
möhkəmləndirilməsinə, fiziki imkanlarının
artırılmasına və əmək fəaliyyətinə
hazırlanmasına yönəldilir.
43. Xüsusi
təhsil müəssisələrinə tibbi sahədə
metodik rəhbərlik və müalicə-məsləhət
köməyi ərazidə yerləşən-psixonevroloji
və müalicə-profilaktika müəssisələri
tərəfindən həyata keçirilir.
Xüsusİ təhsİl
müəssİsələrİnİn
şagİrdlərİ
44. Xüsusi
təhsil müəssisələrinə şagirdlər
Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş
qaydalara uyğun olaraq qəbul olunurlar.
45. Xüsusi
təhsil müəssisələrinin I sinfinə qəbul
edilmiş şagirdlərin yaş həddinin ümumtəhsil
məktəbləri üçün müəyyən
olunmuş yaş həddindən artıq olmasına verilir.
46. Tədris
ilinin sonunda internat tipli xüsusi təhsil
müəssisələrində şagirdlərin
tərkibinə yenidən baxıla bilər. Onların
digər xüsusi və ya ümumtəhsil internat
məktəblərinə köçürülməsi
psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı ilə internat
tipli xüsusi təhsil müəssisəsinin pedaqoji
şurası tərəfindən həll olunur.
47. Xüsusi
təhsil müəssisələrində siniflərin
komplekləşdirilməsi oktyabr ayının 1-də başa
çatdırılmalıdır. Eyni zamanda
psixoloji-tibbi-pedaqoji komissiyalarını qərarı ilə
xüsusi təhsil müəssisələrinə il
ərzində şagird qəbul edilə bilər.
48. Tətil,
istirahət, səsvermə, iş günü hesab
edilməyən bayram günlərində və ümumxalq
hüzn günündə internat tipli xüsusi təhsil
müəssisələrində qalan şagirdlər tam gün
qruplarında birləşdirilirlər.[12]
49. Yay
tətili müddətində evə aparılmayan
şagirdlər üçün internat tipli xüsusi
təhsil müəssisələrində istirahət
düşərgəsi təşkil edilir. Onların
istirahəti üçün yerli icra hakimiyyəti
orqanları və müvafiq təşkilatlar (ticarət,
səhiyyə, təhsil, bədən tərbiyəsi, idman,
istehsalat müəssisələri və s.) lazımi
şərait yaradırlar.
50. Valideynləri
olan şagirdlər internat tipli xüsusi təhsil
müəssisəsini bitirərkən onlara pulsuz olaraq
istifadə etdikləri yay paltarı və ayaqqabı dəsti,
həmçinin valideynin arzusu ilə istifadə müddəti
bilmiş qış geyim dəsti verilir. Müəyyən
səbəblərdən internat tipli xüsusi təhsil
müəssisəsindən çıxmış
şagirdlərə istifadə müddəti başa
çatmış, lakin yararlı olan mövsümi paltar
və ayaqqabı dəsti verilir.
51.
Aztəminatlı ailələrin, tək anaların, əlil
valideynlərin uşaqları internat tipli xüsusi təhsil
müəssisəsini bitirdikdə onlara yay geyim dəsti və
ayaqqabı ilə birlikdə pedaqoji şuranın
qərarı ilə istifadə müddəti bitməmiş
qış geyim dəsti və ayaqqabı verilə bilər.
52. Xüsusi
təhsil müəssisələrində təhsil alan
valideynlərini itirmiş və valideyn himayəsindən
məhrum olmuş şəxslər qanunvericilikdə belə
şəxslər üçün nəzərdə
tutulmuş bütün imtiyaz və
güzəştlərdən istifadə edirlər.
53. Xüsusi
təhsil müəssisələrində valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş
şəxslərin texniki-peşə, orta ixtisas və
digər təhsil müəssisələrinə
keçirilməsi, istehsalata göndərilməsi işinin
təşkili üçün internat tipli xüsusi təhsil
müəssisələrinin rəhbərləri
məsuliyyət daşıyır.
54. Xüsusi
təhsil müəssisələrini bitirən
şagirdlərin işlə təmin olunmasına yerli icra
hakimiyyəti orqanları, müəssisələrin
rəhbərləri maksimum qayğı ilə
yanaşmalı, hərtərəfli köməklik
göstərməlidirlər.
55.
"Sağlamlıq imkanları məhdud şəxslərin
təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan
Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq
xüsusi təhsil müəssisələrinin
şagirdləri tam dövlət təminatındadırlar.
56. İnternat
tipli xüsusi təhsil müəssisələrinin
şagirdləri, əsasən, həmin müəssisənin
yataqxanasında qalmalıdırlar. Müəyyən hallarda
(yaşadığı ev yaxındırsa, səhhəti
ilə bağlı evdə qalması zəruridirsə,
evdə şagirdin hazırlığı ilə
məşğul olmaq imkanı varsa və s.) valideynin
ərizəsinə görə günorta və ya axşam
yeməyindən sonra bəzi şagirdlərin evə
aparılmasına icazə verilir.
57. Valideynin
və ya digər qanuni
nümayəndənin müşayiəti olmadan
şagirdlərin evə müstəqil
gəlib-getməsinə icazə verilmir. Valideynin və yaxud digər qanuni
nümayəndənin müşayiəti olmadan
şagirdlərin digər rayon və
şəhərlərə yola salınması
qadağandır.[13]
Xüsusİ təhsİl
müəssİsələrİnİn İdarə
olunması. Pedaqojİ kadrlar
58. Xüsusi
təhsil müəssisələrinin ictimai
özünüidarəsinin ali orqanı məktəbin
ümumi yığıncağıdır (konfransıdır).
Konfrans "Azərbaycan Respublikası ümumtəhsil
məktəbinin nümunəvi Əsasnaməsi"ndə
nəzərdə tutulmuş səlahiyyət və qaydalar
daxilində fəaliyyət göstərir.
59. Konfrans
ildə bir dəfədən az olmayaraq keçirilir. Konfranslar
arasında ali ictimai özünüidarəetmə orqanı
məktəb şurasıdır.
60. Xüsusi
təhsil müəssisələrində
təlim-tərbiyə işlərinin keyfiyyətini
yüksəltmək, pedaqoji işçilərin peşə
ustalığını, yaradıcılıq meylini
artırmaq məqsədilə pedaqoji şura fəaliyyət
göstərir.
61. Xüsusi
təhsil müəssisələrinin bütün kateqoriyadan
olan işçilərinin hüquq və vəzifələri,
daxili intizam və iş qaydaları bu Əsasnamənin tələbləri
baxımından hazırlanmış Nizamnamədə öz əksini
tapmalıdır. Özəl və bələdiyyə xüsusi
təhsil müəssisəsinin nizamnaməsi təsisçi
tərəfindən, dövlət xüsusi təhsil
müəssisəsinin nizamnaməsi (yerli icra hakimiyyəti
orqanlarının tabeliyində olan
məktəbəqədər xüsusi təhsil
müəssisələrinin nizamnamələri istisna olmaqla)
Azərbaycan Respublikasının Təhsil Nazirliyi
tərəfindən təsdiq olunur.[14]
62.
Təlim-tərbiyə prosesinin idarə edilməsini və
xüsusi təhsil müəssisələrinin gündəlik
fəaliyyətinə rəhbərliyi məktəbin direktoru
həyata keçirir.
63. Xüsusi
təhsil müəssisələrinin direktorları bu
müəssisələrin Nizamnaməsində
müəyyən olunmuş hüquq və
səlahiyyətlər daxilində fəaliyyət
göstərir.
64. Xüsusi
təhsil müəssisələrində direktor və
tərbiyə işləri üzrə direktor müavini
vəzifələrinə müstəsna hallarda defektoloq
ixtisası olmayan, lakin belə müəssisələrdə
iş təcrübəsinə malik pedaqoji işçilər
seçilə və ya təyin edilə bilər.
65. Xüsusi
təhsil müəssisələrində psixoloji xidmət
fəaliyyət göstərir. Psixoloji xidmətin təşkili qaydaları
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən müəyyən edilir.[15]
66. Xüsusi
təhsil müəssisələrində pedaqoji
işçilər təyin edilərkən onların biliyi,
metodiki hazırlığı, şagirdlərlə
işləmək qabiliyyəti, həssaslığı və
məsuliyyəti əsas götürülməlidir.
67. İnternat
tipli xüsusi təhsil müəssisələrində
şagirdlərin ərzaq məhsulları ilə
təminatını və iaşə xidmətini aidiyyəti
ticarət təşkilatları, onların yerlərdəki
nümayəndələri həyata keçirir.
Xüsusİ təhsİl
müəssİsələrİnİn maddİ-tədrİs
bazası, malİyyələşdİrİlməsİ,
təsərrüfat və hesabat İşlərİ
68. Xüsusi
təhsili həyata keçirən dövlət və
bələdiyyə müəssisələri müvafiq olaraq
dövlət və bələdiyyələrin
vəsaitləri hesabına maliyyələşdirilir.
69. Xüsusi.
təhsili həyata keçirən özəl
müəssisələr təsisçinin
(təsisçilərin) vəsaiti hesabına
maliyyələşdirilir.
70. Xüsusi
təhsili həyata keçirən müəssisələr
hüquqi və fiziki şəxslərin ianələri,
eləcə də qanunvericiliklə qadağan olunmayan
mənbələr hesabına maliyyələşdirilə
bilər.
71. İnternat
tipli xüsusi təhsil müəssisələrinin
büdcədənkənar xüsusi vəsaitləri
qanunvericiliyə uyğun olaraq xərclənir.
72. İnternat
tipli xüsusi təhsil müəssisələrinin hər
birinin müstəqil mühasibatı olmalıdır.
Mühasibat və statistika uçotunun aparılması,
xərc smetasının icrası mövcud qaydalar daxilində
qüvvədə olan qanunvericiliyə uyğun olaraq
müəyyənləşdirilir.
73. Xüsusi
təhsil müəssisələri işçilərinin tarif
(vəzifə) maaşları və saathesabı dərs
stavkaları təhsil müəssisələri
üçün nəzərdə tutulan mövcud qaydalara
uyğun olaraq tənzimlənir.
74. Xüsusi
təhsil müəssisəsinin, xüsusi təhsil
bölməsinin və inteqrasiya təlimli təhsil
müəssisəsinin maddi-texniki bazasına xüsusi
təhsil müəssisəsinin tipindən asılı olaraq
binalar, qurğular, yeməkxanalar. yardımçı binalar,
tibb, korreksiya və reabilitasiya kabinetləri, idman
qurğuları, təlimin texniki vasitələri, kitabxana fondu
daxildir. Xüsusi təhsili həyata keçirən
müəssisənin maddi-texniki bazası müvafiq olaraq
dövlət, bələdiyyələr və təsisçi
(təsisçilər) tərəfindən
formalaşdırılır.
75. Xüsusi
təhsil almaq hüququ olan sağlamlıq imkanları
məhdud şəxslər dərslik, dərs
vəsaitləri, fərdi texniki vasitələrlə təhsil
orqanları, bələdiyyələr və təsisçi
(təsisçilər) tərəfindən təmin olunurlar.
76.
Şagirdlərin gəzintilərə, mədəni-kütləvi
tədbirlərə aparılıb-gətirilməsi,
ərzağın, inventar-avadanlığın
daşınması üçün internat tipli xüsusi
təhsil müəssisələrinə avtobus, yük
maşını ayrıla bilər.
77. Xüsusi
təhsil müəssisələrində mövcud qaydalara
əsasən kargüzarlıq işləri aparılır,
tabelik üzrə müvafiq orqanlara hesabat verilir. Hesabatlar
dövlət statistika orqanlarının
tələblərinə uyğun olaraq təqdim edilir.
78. Xüsusi
təhsil müəssisələri hüquqi şəxsdir,
müvafiq xəzinə hesabına malikdir, üzərində
müəssisənin və tabe olduğu təşkilatın
adı yazılmış ştampı, möhürü
və ünvan lövhəsi olmalıdır.
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
15 mart 2005-ci il
tarixli 41 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
2.
6 fevral 2007-ci il tarixli 25
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə
185)
3.
19 oktyabr 2009-cu il tarixli 168 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə 857)
4.
11 aprel
2017-ci il tarixli 142
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 13 aprel 2017-ci il, ¹
76, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹ 4, maddə 629)
5.
17 oktyabr
2017-ci il tarixli 448
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 oktyabr 2017-ci il,
¹ 230, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹10 , maddə
1910)
6.
20 dekabr
2017-ci il tarixli 571
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 23 dekabr 2017-ci il, ¹
284, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci
il, ¹12, II kitab, maddə 2518)
7.
25 may 2018-ci
il tarixli 246 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
1150)
8.
28 noyabr
2018-ci il tarixli 509
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 30 noyabr 2018-ci il, ¹ 270, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2458)
9. 27 fevral 2020-ci il tarixli 69 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, ¹ 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
2, maddə 216)
10. 26 oktyabr 2020-ci il
tarixli 412 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1300)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 20 dekabr 2017-ci il tarixli 571 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 dekabr 2017-ci il, ¹ 284, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹12, II kitab,
maddə 2518) ilə “Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə”nin 5-ci hissəsində “Azərbaycan Respublikasının Təhsil Qanunu”
sözləri “Təhsil
haqqında”, “Məktəbəqədər təhsil
haqqında” Azərbaycan Respublikasının qanunlarını”
sözləri ilə əvəz edilmişdir.
27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, ¹ 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
2, maddə 216) ilə “Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamə”nin 5-ci
hissəsinə “Məktəbəqədər
təhsil haqqında” sözlərindən sonra “, “Ümumi təhsil haqqında”
sözləri əlavə edilmişdir.
[2]
17 oktyabr
2017-ci il tarixli 448
nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 20 oktyabr 2017-ci il,
¹ 230, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹10 , maddə
1910) ilə “Xüsusi təhsil müəssisələri
haqqında Əsasnamə”nin 8-ci hissəsi yeni redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
8. Mülkiyyət
formasından asılı olmayaraq xüsusi təhsil
müəssisəsinin akkreditasiyası, xüsusi təhsil
haqqında dövlət sənədi almaq üçün
təhsil alanların yekun attestasiyası və xüsusi
təhsilin keyfiyyətinə nəzarət qanunvericiliklə
müəyyən edilmiş qaydada həyata keçirilir.
[3] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, ¹ 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
2, maddə 216) ilə “Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamə”də 9-cu
hissənin üçüncü abzasda, beşinci abzasın
ikinci cümləsində, doqquzuncu abzasın ikinci cümləsində,
on ikinci, on yeddinci, on doqquzuncu, iyirmi birinci abzaslarda, iyirmi
dördüncü abzasın ikinci cümləsində “əsas təhsil haqqında
şəhadətnamə” sözləri “ümumi orta təhsil haqqında attestat”
sözləri ilə əvəz edilmişdir.
[4] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, ¹ 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
2, maddə 216) ilə “Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamə”də 9-cu
hissənin yeddinci abzasın ikinci cümləsində, on ikinci
abzasda, iyirmi dördüncü abzasın birinci və ikinci
cümlələrində “orta
təhsil” sözləri “tam
orta təhsil” sözləri ilə əvəz
edilmişdir.
[5] 15 mart 2005-ci il tarixli 41 nömrəli Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Qərarı ilə "Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə"nin 9-cu bəndinin on üçüncü
abzasına "Əqli
cəhətdən zəif inkişaf etmiş
şəxslər üçün xüsusi təhsil
müəssisələrində lazımi tədris-maddi baza
və kadr potensialı olduqda, şagirdlərə müvafiq
peşələr verilir. Bu müəssisələrdə
təhsil müddəti 10 ildir (I-X siniflər)."
cümlələri əlavə edilmişdir.
[6] 27 fevral 2020-ci il tarixli 69 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 mart 2020-ci il, ¹ 47,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
2, maddə 216) ilə “Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamə”də 9-cu
hissənin on dördüncü abzasından “Təhsil Nazirliyi tərəfindən” sözləri
çıxarılmışdır.
[7] 26
oktyabr 2020-ci
il tarixli 412 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1300) ilə “Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə”nin 10-cu, 13-cü və 15-ci hissələrində
“qüsurları” sözü
“pozuntuları” sözü
ilə əvəz edilmişdir.
[8] 26
oktyabr 2020-ci
il tarixli 412 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1300) ilə “Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə”nin 16-cı hissəsində “qüsurlarının, həmin qüsurlarla”
sözləri “pozuntularının,
həmin pozuntularla” sözləri ilə əvəz edilmişdir.
[9] 26
oktyabr 2020-ci
il tarixli 412 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1300) ilə “Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə”nin 19-cu hissəsində “qüsurlarının” sözü “pozuntularının” sözü ilə əvəz edilmişdir.
[10] 26
oktyabr 2020-ci
il tarixli 412 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1300) ilə “Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə”nin 31-ci hissənin ikinci cümləsində “qüsurların” sözü “pozuntuların” sözü
ilə əvəz edilmişdir.
[11] 26
oktyabr 2020-ci
il tarixli 412 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 28 oktyabr 2020-ci il,
¹ 223, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2020-ci il, ¹ 10, maddə 1300) ilə “Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə”nin 35-ci hisssinədə “qüsurları” sözündən sonra “(pozuntuları)” sözü
əlavə edilmişdir.
[12] 6 fevral 2007-ci
il tarixli 25 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 2, maddə 185) ilə
"Müəyyən müddətə azadlıqdan məhrum
etmə və ömürlük azadlıqdan məhrum etmə
növündə cəzaya məhkum olunmuş
şəxslərin əməkhaqqının
ödənilməsi Qaydası"nın Qeyd hissəsində "bayram" sözü "iş günü hesab
edilməyən bayram" sözləri ilə əvəz
edilmişdir.
19 oktyabr
2009-cu il tarixli 168
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 10, maddə
857) ilə təsdiq edilmiş "Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamə"nin
48-ci bəndində "istirahət
və iş günü hesab edilməyən bayram
günlərində" sözləri "istirahət, səsvermə, iş
günü hesab edilməyən bayram günlərində
və ümumxalq hüzn günündə"
sözləri ilə əvəz edilmişdir.
[13] 11 aprel 2017-ci il tarixli 142 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 13 aprel 2017-ci il, ¹ 76, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 4, maddə
629) ilə “Xüsusi təhsil müəssisələri
haqqında Əsasnamə”nin 57-ci hissəsinin birinci və
ikinci cümlələrində “onu
əvəz edən şəxsin” sözləri “digər qanuni
nümayəndənin” sözləri ilə əvəz
edilmişdir.
[14] 25 may 2018-ci il tarixli 246 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 may 2018-ci il, ¹ 120, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 4, maddə
1150) ilə “Xüsusi təhsil
müəssisələri haqqında Əsasnamə”nin 61-ci
hissəsinin ikinci cümləsi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Nizamnamə
hər bir təhsil müəssisəsinin ali orqanında
qəbul olunur.
[15] 28 noyabr 2018-ci il tarixli 509 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 30 noyabr 2018-ci il,
¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 11, maddə 2458) ilə “Xüsusi
təhsil müəssisələri haqqında
Əsasnamə”nin 65-ci hissəsinin ikinci cümləsi yeni
redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
Psixoloji
xidməti internat məktəbin psixoloqu həyata keçirir
və o, statusuna görə pedaqoji bərabər tutulur.