Güzəştlərin həcmi və tətbiqi Qaydasının, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi və bölünən hissələrin məbləğinin müəyyən edilməsi haqqında[1]

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 29 yanvar tarixli, 668 nömrəli Fərmanının 1-ci bəndinin 5-ci, 8-ci abzaslarının və 2-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Güzəştlərin tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).[2]

2. “Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulu” təsdiq edilsin (əlavə olunur).[3]

3. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinə uyğun olaraq bölünən hissələrin məbləği 250 (iki yüz əlli) milyon manat müəyyən edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 28 oktyabr 2002-ci il

                 ¹ 165

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2016-cı il 27 iyul tarixli 285 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Güzəştlərin tətbiqi Qaydası

 

1. Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.10-cu maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət satınalmaları zamanı satınalan təşkilatın yerli malgöndərənlər (podratçılar) üçün “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.9-cu və 44.2-ci maddələrinə əsasən güzəştli düzəlişin tətbiqi qaydasını müəyyən edir.

2. Satınalan təşkilat tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, tenderin əsas şərtlər toplusunda (təkliflər sorğusunda) müəyyənləşdirilən keyfiyyət tələblərinə cavab verən yerli mallar (işlər və xidmətlər), o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallar üzrə tender təkliflərinin (xidmət təkliflərinin) xeyrinə xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif edilən qiymətinin 20 faizi həcmində güzəştli düzəliş tətbiq edir.[4]

3. Yerli malların (işlərin və xidmətlərin) xeyrinə tətbiq olunan güzəştli düzəlişin həcmi xaricdən idxal olunan eyni malların (işlərin və xidmətlərin) təklif olunan qiymətinin (malların idxalı ilə bağlı bütün gömrük ödənişləri, nəqliyyat və sığorta xərcləri, işlərə və xidmətlərə münasibətdə isə vergilər və qanunla müəyyən olunan digər xərclər nəzərə alınmaqla) 20 faizi həcmində qəbul edilir və həmin məbləğ xaricdən idxal olunan malların (işlərin və xidmətlərin) qiymətinin üzərinə əlavə olunur.

4. Malların yerli olması malın mənşə ölkəsinin müəyyən edilməsi qaydalarına uyğun olaraq, tenderdə iştirak etmək istəyən hüquqi və fiziki şəxslərin müraciətinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən verilən mənşə sənədi əsasında müəyyən edilir.

5. Dövlət satınalmalarında iştirak etmək istəyən yerli malgöndərən satınalan təşkilata təqdim etdiyi tender təklifinə malının yerli olmasını təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədini əlavə edir. Dərman vasitələrinin istehsal prosesinin qablaşdırma mərhələsi ilə bağlı tender təklifində isə Azərbaycan Respublikası Prezidentinin fərmanının nömrə və tarixi qeyd edilir və belə fəaliyyətlə məşğul olmaq üçün verilmiş lisenziyanın surəti tender təklifinə əlavə edilir. [5]

6. Aşağıdakı şərtlər birgə mövcud olduğu halda işlər yerli hesab olunur:

6.1. işlərin yerinə yetirilməsində ən azı 80 faiz yerli mallardan istifadə olunması nəzərdə tutulduqda;

6.2. işlər üzrə nəzərdə tutulan əməkhaqqı fondunun ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulduqda.

7. Xidmətlər üzrə nəzərdə tutulan əməkhaqqı fondunun ən azı 80 faizinin Azərbaycan Respublikasının vətəndaşlarına ödənilməsi nəzərdə tutulduqda, xidmətlər yerli hesab olunur.

8. Dövlət satınalmalarında iştirak etmək istəyən yerli iş və xidmət təklif edən iddiaçı satınalan təşkilata təqdim etdiyi tender təklifinə işin və xidmətin yerli olmasını təsdiq edən aşağıdakı sənədləri əlavə edir:

8.1. işlərə münasibətdə istifadə olunacaq yerli malların mənşəyini təsdiq edən bu Qaydanın 4-cü hissəsində nəzərdə tutulan mənşə sənədi;

8.2. işlərə və xidmətlərə münasibətdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində işçilərinin sayı və onların əməkhaqqı fondu barədə məlumatları əks etdirən sənəd;[6]

8.3. işlərə münasibətdə bu Qaydanın 8.1-ci və 8.2-ci bəndlərində, xidmətlərə münasibətdə isə bu Qaydanın 8.2-ci bəndində nəzərdə tutulan halların müəyyən edilməsi üçün hesabat-kalkulyasiya sənədi.

9. Satınalan təşkilatda yaradılan tender komissiyası tender təkliflərini (xidmət təkliflərini) qiymətləndirərkən və müqayisə edərkən, mallara münasibətdə bu Qaydanın 4-cü və 5-ci hissələrində, işlərə və xidmətlərə münasibətdə isə bu Qaydanın 8-ci hissəsində nəzərdə tutulan sənədlərə və tender təklifinə (xidmət təklifinə) əlavə olunan sənədlərə “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı və 44-cü maddələrinə uyğun olaraq baxır, imtina üçün əsaslar olmadıqda, güzəştli düzəlişi tətbiq edir və bu barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda qeydlər aparır. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 44.2-ci maddəsinə uyğun olaraq, güzəştli düzəliş satınalma prosedurları haqqında hesabatda əks etdirilir. [7]

10. Güzəştli düzəlişin tətbiqindən aşağıdakı hallarda imtina edilir:

10.1. “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla, güzəştli düzəlişin tətbiqi üçün təqdim olunan sənədlərdə aradan qaldırılması mümkün olmayan çatışmazlıqlar olduqda;

10.2. mallar (işlər və xidmətlər) yerli olmadıqda.

11. Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi barədə tenderin nəticələri haqqında tender komissiyasının yekun protokolunda əsaslandırılmaqla qeydlər aparılır.

12. Güzəştli düzəlişin tətbiqindən imtina edilməsi ilə əlaqədar “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun şikayət edilə bilər.

 

 


 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 28 oktyabr tarixli, 165 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

 

Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin

 

HESABLANMASI ÜSULU

 

1. Bu üsul “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 51.2–ci maddəsinə uyğun olaraq hazırlanmışdır və satınalma müqaviləsinin yerinə yetirilməsi müddətində, satınalan təşkilatla qalib gəlmiş iddiaçının fəaliyyətindən asılı olmayan səbəblərə görə müqavilənin qiymətində dəyişikliklərin edilməsini tənzimləyir.

2. Bu üsul yalnız tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu hallarda tətbiq olunur.

3. Bu üsul yalnız icra müddəti bir ildən yuxarı olan müqavilәlәrә şamil olunur.

4. Satınalma müqaviləsinin qiymətində dəyişikliklərin edilməsi aşağıdakı düstur əsasında aparılır:

 

P1 = P0 (a(M1/M0) + b (L1/L0) + c) – P0

 

Burada:

 

P1

- müqavilənin qiymətinin dəyişməsi nəticəsində malgöndərənə (podratçıya) ödənilməli məbləğ;

P0

- bağlanmış müqavilənin qiyməti;

a

- müqavilənin qiymətində malların nisbi qiymətini əks etdirən əmsal;

b

- müqavilənin qiymətində işçi qüvvəsinin nisbi qiymətini əks etdirən əmsal;

c

- müqavilənin qiymətində nəzərdə tutulmuş gəlirin, qaimə və digər xərclərin nisbi qiymətini əks etdirən əmsal;

M0,

M1

- müvafiq olaraq baza tarixinə və qiymətlərə dəyişikliklər edilməsi tarixinə mənşə ölkəsində malların qiymət indeksləri;

L0, L1

- müvafiq olaraq baza tarixinə və qiymətlərə dəyişikliklər edilməsi tarixinə mənşə ölkəsində işçi qüvvəsinin qiymət indeksləri.

 

Qeyd. a, b və c - əmsallarının cəmi vahidə bərabər olmalıdır (a + b+c=1).

 

5. a, b və c əmsalları iddiaçı tərəfindən tender təklifində göstərilir və tender təkliflərinin qiymətləndirilməsində və müqayisəsində satınalan təşkilat tərəfindən nəzərə alınır.

6. Malgöndərən (podratçı) tender təklifində baza tarixinə mövcud olan indekslərin (L0,M0) və qiymətlərə dəyişikliklərin edilməsi tarixinə mövcud olan indekslərin (L1,M1) mənbəyini göstərməlidir.

Azərbaycan Respublikasında qeyd olunan indekslər Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına əsaslanmalıdır. Digər ölkələrdən bu rəqəmlər müvafiq dövlətlərin (hökumətlərin) rəsmi məlumat mənbələrinə əsaslanmalıdır və müəyyən olunmuş qaydada təsdiq edilir (leqallaşdırılır).

7. Baza tarixi tender prosedurlarının başlanması günündən 30 (otuz) bank günü əvvəl müəyyən olunur. Bağlanmış müqavilənin qiymətlərində dəyişikliklərin edilməsi tarixi işlərin görülməsi müddətində müəyyən olunur.

8. Bağlanmış müqavilənin qiyməti (P0) dəyişdirilirsə, aşağıdakı şərtlərə riayət olunmalıdır:

bağlanmış müqavilənin qiyməti (P0) yalnız ümumi artımın və ya azalmanın həcmi 2 faizdən artıq olduqda dəyişdirilə bilər;

bağlanmış müqavilənin qiyməti (P0) 10 faizdən çox dəyişdirilmir;

bağlanmış müqavilənin ilkin (və ya uzadılmış) müddəti bitdikdən sonra ona dəyişikliklər edilmir;

malgöndərənin (podratçının) səhlənkarlığı nəticəsində müqavilənin yerinə yetirilməsində yol verilən gecikmələrə görə bağlanmış müqavilənin qiyməti (P0) dəyişdirilmir. Satınalan təşkilat bu gecikmələrə görə müqavilənin qiymətini azaltmaq hüququna malikdir;

bağlanmış müqavilədə göstərilən valyuta təqdim edilmiş sənədlərə əsasən digər ölkələrin valyutasından fərqlənirsə, onların məzənnəsi müqavilə qiymətlərində dəyişikliklərin edilməsi tarixinə Azərbaycan Respublikası Milli Bankının müəyyənləşdirdiyi məzənnə əsasında hesablanır;

bağlanmış müqavilə üzrə malgöndərənə (podratçıya) avans formasında ödənilmiş hissədə dəyişikliklər edilmir.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 iyul 2016-cı il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 iyul 2016-cı il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7, maddə 1364)

2.       4 aprel 2019-cu il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 aprel 2019-cu il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə 746)

3.       15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1334)

4.       5 sentyabr 2020-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 sentyabr 2020-ci il, ¹ 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə 1202)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 iyul 2016-cı il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 iyul 2016-cı il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7, maddə 1364) ilə adından “həcmi və” sözləri çıxarılmışdır.

4 aprel 2019-cu il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 aprel 2019-cu il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə 746) ilə adından “, Malların (işlərin və xidmətlərin) qiymətlərində dəyişikliklərin satınalma müqaviləsinə təsirinin hesablanması üsulunun təsdiq edilməsi” sözləri çıxarılmışdır.

 

[2] 27 iyul 2016-cı il tarixli 285 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 30 iyul 2016-cı il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹7, maddə 1364) ilə 1-ci hissə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

1. “Güzəştlərin həcmi və tətbiqi Qaydası” təsdiq edilsin (əlavə olunur).

 

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2002-ci il 28 oktyabr tarixli, 165 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

Güzəştlərin həcmi və tətbiqi Qaydası

 

1. Bu Qayda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 36.10 maddəsinə uyğun olaraq hazırlanmışdır və dövlət müəssisə və təşkilatları (idarələri), nizamnamə fondunda dövlətin payı 30 faiz və daha çox olan müəssisə və təşkilatlar tərəfindən tender təkliflərini qiymətləndirərkən və müqayisə edərkən yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəlişlərin həcmini və tətbiqi qaydasını müəyyən edir.

2. Malların satın alınmasında keçirilən tenderlərdə iddiaçılar tərəfindən təklif edilən malların istehsalında istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıq təşkil edərsə, yerli malların xeyrinə güzəştli düzəliş tətbiq oluna bilər. Yerli malların xeyrinə tətbiq olan güzəştli düzəlişin həcmi xaricdən INKOTERMS qaydalarının SIF/SIP şərtləri ilə idxal olunan eyni malların təklif olunan qiymətinin 15 faizinə qədər həcmində qəbul edilə bilər.

Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyən olunur:

 

 

Yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi

Tətbiq olunan güzəştli düzəlişin həcmi

1.

50%-dən 60%-ə qədər

5%

2.

60%-dən 70%-ə qədər

9%

3.

70%-dən 80%-ə qədər

12%

4.

80%-dən 90%-ə qədər

14%

5.

90%-dən 100%-ə qədər

15%

 

3. İşlərin satın alınmasında keçirilən tenderlərdə iddiaçılar tərəfindən təklif edilən işlərin yerinə yetirilməsində istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 50 faizdən artıq təşkil edərsə, bu işlərin xeyrinə 7,5 faiz qədər güzəştli düzəliş tətbiq oluna bilər.

Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyən olunur:

 

 

Yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi

Tətbiq olunan güzəştli düzəlişin həcmi

1.

50%-dən 75%-ə qədər

6%

2.

75%-dən 100%-ə qədər

7,5%

 

4. Xidmətlərin satın alınmasında keçirilən tenderlәrdә iddiaçılar tərəfindən təklif edilən işlərin yerinə yetirilməsində istifadə olunan yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi 60 faizdən artıq təşkil edərsə, bu xidmətlərin xeyrinə 7,5 faizinə qədər həcmində güzəştli düzəliş tətbiq oluna bilər.

Bu hallarda güzəştli düzəlişin həcmi aşağıdakı kimi müəyyən olunur:

 

 

Yerli xammal və materialların və yerli işçi qüvvəsinin ümumi həcmi

Tətbiq olunan güzəştli düzəlişin həcmi

1.

60%-dən 80%-ə qədər

6%

2.

80%-dən 100%-ə qədər

7,5%

 

5. Yerli mallar (işlər və xidmətlər) üzrə tender təkliflərinin xeyrinə güzəştli düzəlişlər tenderin əsas şərtlər toplusunda nəzərdə tutulduğu halda və satınalan təşkilata əsaslandırıcı sənədlər təqdim olunduqda tətbiq olunur.

 

[3] 4 aprel 2019-cu il tarixli 149 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 7 aprel 2019-cu il, ¹ 74, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 4, maddə 746) ilə 2-ci hissə ləğv edilmişdir.

 

[4] 5 sentyabr 2020-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 sentyabr 2020-ci il, ¹ 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə 1202) ilə “Güzəştlərin tətbiqi Qaydası”nın 2-ci hissəyə “(işlər və xidmətlər)” sözlərindən sonra “, o cümlədən Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən istehsal prosesinin hər hansı mərhələsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilən mallar” sözləri əlavə edilmişdir.

 

[5] 5 sentyabr 2020-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 sentyabr 2020-ci il, ¹ 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə 1202) ilə “Güzəştlərin tətbiqi Qaydası”nın 5-ci hissəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[6] 15 iyul 2019-cu il tarixli 312 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 18 iyul 2019-cu il, ¹ 154, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 7, maddə 1334) ilə “Güzəştlərin tətbiqi Qaydası”nın 8.2-ci bəndində “Əmək Müqaviləsi Bildirişi üzrə Elektron İnformasiya Sistemində” sözləri “Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsistemində” sözləri ilə əvəz edilmişdir.

 

[7] 5 sentyabr 2020-ci il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 9 sentyabr 2020-ci il, ¹ 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 9, maddə 1202) ilə “Güzəştlərin tətbiqi Qaydası”nın 9-cu hissənin birinci cümləsində “4-cü hissəsində” sözləri “4-cü və 5-ci hissələrində” sözləri ilə əvəz edilmişdir.