Malın mənşə ölkəsinin təyin edilməsi Qaydasının təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

"Sərbəst ticarət haqqında" Azərbaycan Respublikası ilə bir sıra ölkələr arasında imzalanmış sazişlərin qüvvəyə minməsi ilə əlaqədar "Gömrük Tarifi haqqında" Azərbaycan Respublikası Qanununun və Müstəqil Dövlətlər Birliyi Hökumətləri Başçıları Şurasının 1993-cü il 24 sentyabr və 1996-cı il 18 oktyabr tarixli qərarları ilə təsdiq edilmiş "Malın mənşə ölkəsinin müəyyən edilməsi Qaydasının" müddəalarına uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.


Azərbaycan Respublikasının Baş naziri A.Rasİzadə

Bakı şəhəri, 2 noyabr 2000-ci il
№ 202

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 2 noyabr tarixli 202 nömrəli qərarı ilə
təsdİq edİlmİşdİr

Malın mənşə ölkəsinin təyin edilməsi
QAYDASI

İ. Ümumİ müddəalar

1.1. Bu Qayda - "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 24 - 32-ci maddələrinə və Müstəqil Dövlətlər Birliyi Hökumətləri Başçıları Şurasının 1993-cü il 24 sentyabr və 1996-cı il 18 oktyabr tarixli qərarları ilə təsdiq edilmiş "Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası"nın müddəalarına uyğun olaraq hazırlanmışdır və malın mənşə ölkəsinin təyin edilməsi qaydasını müəyyən edir.

1.2. Bu Qaydada aşağıdakı anlayışlardan istifadə olunur:

1.2.1. malın mənşə ölkəsi - malın tamamilə həmin ölkədə istehsal olunduğu və ya "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş meyarlar əsasında kifayət qədər yenidən emala məruz qaldığı ölkə;

1.2.2. malın kifayət qədər emal meyarı - malın istehsalında iki və daha artıq ölkənin iştirak etdiyi halda, ona xarakterik xüsusiyyətlər verilməsi ilə sonuncu dəfə əhəmiyyətli emala məruz qaldığı ölkəni malın mənşə ölkəsi kimi müəyyən edən emal meyarı;

1.2.3. gömrük nəzarəti - Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən gömrük işi haqqında qanunvericiliyə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş milli qanunvericilik və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə həyata keçirilən tədbirlər toplusu;

1.2.4. mal - istənilən daşınan əmlak, o cümlədən valyuta və valyuta sərvətləri, elektrik və digər enerji növləri, bu Qaydanın 1.2.5. yarımbəndində göstərilən nəqliyyat vasitələri istisna olmaqla nəqliyyat vasitələri;

1.2.5. nəqliyyat vasitələri - sərnişinlərin və malların beynəlxalq daşımaları üçün istifadə vasitələr, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlıqları;

1.2.6. mal nomenklaturası - malların beynəlxalq təcrübədə qəbul olunmuş təsnifat sisteminə uyğun olaraq aparılan Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin əmtəə nomenklaturası.

2. Malın mənşə ölkəsİnİn təyİn edİlməsİ

2.1. Malın mənşəyinin bəyan edilən ölkə olduğunu təyin etmək üçün "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq aşağıdakı hallarda bu Qaydaya əlavə edilən və beynəlxalq təcrübədə istifadə olunan formada malın, mənşə sertifikatı malı bəyan edən tərəfindən gömrük orqanlarına təqdim edilir:

2.1.1. mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallara;

2.1.2. müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallara;

2.1.3. Azərbaycan Respublikasının iştirakçısı olduğu beynəlxalq sazişlərdə, həmçinin Azərbaycan Respublikasında ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı, Azərbaycan istehlakçılarının hüquqlarının müdafiəsi, ictimai asayişin qorunması, dövlət təhlükəsizliyinin təmin edilməsi və Azərbaycan Respublikasının digər həyatı mənafeləri sahəsindəki qanunvericilik aktlarında nəzərdə tutulduğu hallarda;

2.1.4. gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan sənədlərdə malların mənşəyi haqqında məlumat olmadıqda və ya Azərbaycan Respublikasının gömrük orqanında malın mənşəyi haqqında bəyan edilən məlumatların qeyri-dəqiqliyini təsdiq etmək üçün əsas olduğu hallarda.

3. Müəyyən ölkədə tam İstehsal olunmuş mal üzrə

3.1. Müəyyən bir ölkədə tam istehsal olunmuş mal üzrə, həmin ölkənin mənşə ölkəsi olması, malı müşayiət edən mənşə sertifikatında "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq aşağıdakı məlumatların düzgünlüyü ilə təsdiq edilə bilər:

3.1.1. faydalı qazıntıların onun ərazisində və ya məhəlli sularında və dənizin təkində (əgər bu dəniz təkini istismar etməyə müstəsna hüququ varsa) çıxarılmasının və bu məhsullardan malların yalnız həmin ölkədə istehsalının;

3.1.2. bitkiçilik məhsullarının onun ərazisində becərilməsi və yığılmasının;

3.1.3. heyvanların orada doğulduğunun və bəslənildiyinin;

3.1.4. məhsulların həmin ölkədə bəslənilmiş heyvanlardan alınmasının təsdiqi;

3.1.5. ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsullarının onun ərazisində istehsal edildiyinin;

3.1.6. dünya okeanında ovlanmış və istehsal edilmiş dəniz vətəgəsi məhsullarının həmin ölkənin gəmiləri ilə və ya onun icarəyə (fraxta) götürdüyü gəmilərlə ovlanmasının;

3.1.7. təkrar xammalın və tullantıların həmin ölkədə istehsalın və əməliyyatların nəticəsi olmasının;

3.1.8. kosmosda alınmış yüksək texnologiyaların həmin ölkəyə məxsus və ya onun tərəfindən icarəyə götürülmüş kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmasının;

3.1.9. 3.1.1. və 3.1.8. yarımbəndlərində göstərilən məhsullardan istehsal edilmiş malların həmin ölkədə istehsal olunduğunun;

3.1.10. Yuxarıda göstərilənlərin gömrük orqanları tərəfindən təsdiq edilməsi mümkün olmadıqda, müəyyən bir ölkədə tam istehsal olunmuş malın mənşə ölkəsi həmin ölkə hesab edilmir.

4. İkİ və daha çox ölkənİn İştİrakı İlə İstehsal edİlmİş mal üzrə

4.1. İki və daha çox ölkənin iştirakı ilə istehsal edilmiş malların mənşə ölkəsi "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına uyğun olaraq aşağıdakı kifayət qədər emal meyarları ilə müəyyən edilir:

4.1.1. malın istehsalında iştirak edən ölkələrin birində emal nəticəsində malın əmtəə nomenklaturasının birinci dörd rəqəmi səviyyəsində mal mövqeyi (malın təsnifatın kodu) dəyişdikdə, həmin ölkə malın mənşə ölkəsi hesab edilir. Malın əmtəə nomenklaturasında birinci dörd rəqəm iki və ya çox ölkədə dəyişdikdə, malın istehsalında iştirak edən və əmtəə nomenklaturası üzrə birinci dörd rəqəm səviyyəsində dəyişən sonuncu ölkə malın mənşə ölkəsi hesab edilir;

4.1.2. kifayət edən və ya kifayət etməyən istehsal texnoloji əməliyyatların yerinə yetirilməsi nəticəsində əvvəlkilərdən fərqlənən yeni göstəriciləri və standartlara uyğun mal yaratmış ölkə;

ilkin mal üzərində texnoloji əməliyyatlar nəticəsində mal tamamilə dəyişdirildikdə və yeni əmtəə koduna məxsus mal yaradıldıqda;

ilkin mal üzərində texnoloji əməliyyatlar nəticəsində mal tamamilə dəyişdirilmədikdə, lakin yeni əmtəə koduna məxsus mal yaradıldıqda.

4.1.3. malın istehsalında istifadə olunan materialların dəyəri və ya əlavə dəyər emalı üçün göndərilən malın franko-zavod qiymətinin müəyyən olunmuş hissəsini təşkil etməklə qiyməti dəyişdikdə (advaler pay qaydası). Bu halda idxal olunan materialların qiyməti gömrük dəyərinə (SİF əsasında), ölkə mənşəyi müəyyən olunmayan mallar üzrə isə istehsal edən ölkənin ərazisində satış qiymətinə uyğun olaraq müəyyən edilir. Hazır mallar üçün qiymət satıcının franko-zavod və ya ixrac qiyməti ilə müəyyən edilir.

4.2. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun müddəalarına əsasən malın mənşə ölkəsini müəyyən etmək üçün kifayət qədər emal meyarı aşağıdakı hallar üzrə tətbiq edilə bilməz:

4.2.1. saxlanma və nəqledilmə zamanı malların mühafizəsinin təmin edilməsi ilə bağlı əməliyyatlar;

4.2.2. malların satışa və daşınmaya hazırlanması əməliyyatları (mal partiyasının bölünməsi, malların göndərilməsi üçün formalaşdırılması, çeşidlənməsi və yenidən qablaşdırılması);

4.2.3. sadə yığma əməliyyatları;

4.2.4. alınmış məhsula onu əvvəlki xüsusiyyətlərindən əhəmiyyətli dərəcədə fərqləndirən yeni əlamətlər vermədən malların (tərkib hissələrinin) qarışdırılması.

4.3. Bəyannamlərdə konkret mallar və ölkə üzrə mənşəyi xüsusi olaraq qeyd olunmadığı təqdirdə, əmtəə nomeklaturası üzrə malın mövqeyində ilk dörd rəqəm səviyyəsində dəyişmə baş vermişsə, bu zaman malın mənşə ölkəsi 4.1.2. yarımbəndinin birinci abzasında göstərilən qaydada müəyyən edilir.

5. Partİyalarla göndərİlən mal üzrə

5.1. Mallar istehsal və nəqliyyat şərtlərinə görə bir neçə partiyalarla göndərildikdə, habelə bir partiya mal səhvən bir neçə partiyaya bölünmüşsə, "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq aşağıdakı şərtlərə riayət edildikdə, bəyan edən şəxsin istəyi ilə həmin mallar vahid bir mal kimi götürülür və malın mənşə ölkəsi aşağıdakılar nəzərə alınmaqla müəyyən edilir:

5.1.1. Azərbaycan Respublikasının gömrük orqanına sökülmüş və yaxud yığılmamış malın bir neçə partiyaya bölünməsi səbəbləri haqqında əmtəə nomenklaturasına görə kodlar göstərilməklə, hər partiyanın özünəməxsus cəhətləri, bu partiyaya daxil olan malların dəyəri və mənşə ölkəsi haqqında əvvəlcədən xəbərdarlıq edilməsi;

5.1.2. malın bir neçə partiyaya bölünməsinin səhv olunduğunu təsdiq edən sənədlərin təqdim edilməsi;

5.1.3. malın bütün partiyalarının bir ölkədən bir malgöndərən tərəfindən göndərilməsini təsdiq edən sənədin təqdim edilməsi;

5.1.4. bütün partiyaların eyni gömrükxanadan (gömrük postundan) gətirilməsi;

5.1.5. malın bütün partiyalarının gömrük bəyannaməsinin qəbul olunduğu tarixdən altı aydan gec olmayaraq və ya birinci partiyaya görə gömrük bəyannaməsinin verilməsi müddəti keçənə qədər göndərilməsi.

6. Malın mənşə ölkəsİnİn müəyyən edİlməsİ üçün İstİfadə olunmayan meyarlar

Malın mənşə ölkəsi müəyyən olunarkən, onun istehsalı üçün istifadə olunan istilik və elektrik enerjisinin, avadanlığın və alətlərin mənşəyi nəzərə alınmır.

7. Bİrbaşa alınan mal üzrə

7.1. Birbaşa alınan malın mənşə ölkəsi malı ixrac edən ölkə tərəfindən yuxarıda göstərilən mənşə meyarları üzrə Qaydaya əməl edilməklə aşağıdakı hallarda müəyyən edilir:

7.1.1. mal birbaşa ixracatçı ölkədə qeydiyyatdan keçmiş müəssisələrdən, firmalardan alındıqda və bu ölkənin birbaşa gətirildikdə;

7.1.2. coğrafi, nəqliyyat, texniki və yaxud iqtisadi səbəblərdən bir və ya bir neçə ölkələrin ərazisindən nəql edilən, habelə onların həmin ölkələrin ərazisinə müvəqqəti və ya anbarlaşdırılması üçün tranzit ölkələrdə gömrük nəzarəti altında qalması şərtilə gətirilən mallar;

7.1.3. sərgilərdən və ya yarmarkalardan birbaşa alınan, onların fəaliyyətinin bütün dövrü ərzində gömrük nəzarəti altında olmuş və nümayiş etdirilməsi məqsədlərindən başqa digər məqsədlər üçün istifadə edilməmiş mal.

8. Sərbəst tİcarət haqqında Sazİş İştİrakçıları olan dövlətlərİn ərazİsİndən İdxal olunan malların mənşə ölkəsİnİn təyİn edİlməsİ

8.1. "Sərbəst ticarət haqqında" sazişlərin iştirakçıları olan dövlətlərdən idxal olunan malların mənşə ölkələri, bu Qaydalarla müəyyən edilmiş meyarlar nəzərə alınmaqla, həmin sazişlərin müddəalarına əsasən təyin edilir.

8.2. Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Hökumət Başçıları Şurasının 1996-cı il 18 oktyabr tarixli qərarına əsasən "Sərbəst ticarət zonasının yaradılması haqqında" 1994-cü il 15 aprel tarixli Sazişin iştirakçıları olan dövlətlərin birinin rezidenti tərəfindən bu ölkənin gömrük ərazisindən Azərbaycan Respublikasının gömrük ərazisinə ixrac və həmin Sazişin iştirakçısı olan Azərbaycan Respublikasının rezidenti tərəfindən idxal olunduğu hallarda malın mənşə ölkəsi Saziş iştirakçısı olan həmin ölkənin gömrük ərazisi hesab olunur.

9. Malın mənşəyİ haqqında sertİfİkat

9.1. Malın mənşə ölkəsinin təsdiq edilməsi üçün malın gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına beynəlxalq təcrübədə istifadə edilən mənşə sertifikatı təqdim edilir.

9.2. Azərbaycan Respublikasının gömrük orqanları təqdim olunan mənşə sertifikatlarının həqiqiliyini onlarda olan müvafiq ölkələrin mənşə sertifikatlarının nümunələrinə əsasən yoxlayır. Gömrük orqanlarında bu nümunələr olmadıqda ticarət rejimləri haqqında sazişlərdə nəzərdə tutulmuş güzəştlər (preferensiyalar) tətbiq edilmir.

9.3. Konkret mal üzrə verilmiş sertifikatda aşağıdakı məlumatlar olmalıdır:

9.3.1. ixracatçının adı və ünvanı;

9.3.2. idxalatçının adı və ünvanı;

9.3.3. nəql edilmə vasitələri və hərəkətin marşrutu (məlum olduğu qədər);

9.3.4. yerlərin sayı, qablaşdırmanın növü, malın eyniləşdirilməsi (identifikasiyası) üçün lazım olan bütün məlumatların təsviri;

9.3.5. brutto və netto çəkisi (bu göstəricilər daşınma (nəql edilmə) zamanı malın çəkisi əhəmiyyətli dərəcədə dəyişdirildikdə və ya bu mala standart olaraq tətbiq edilən vahidlərin sayı və ya həcm ilə əvəz edilə bilər).

9.4. Malın mənşəyi haqqında sertifikat itdiyi halda onun rəsmi olaraq təsdiq olunmuş surəti (dublikatı) təqdim edilir.

9.5. Malların partiyasının (5000 ABŞ dollarına qədər) mənşəyinin təsdiqi üçün ixracatçı malın mənşə ölkəsini hesab-fakturada və ya əlavə edilmiş başqa müşayətedici sənədlərdə göstərə bilər.

9.6. Malın mənşəyi haqqında sertifikatın və ya onda şərh olunan məlumatların düzgünlüyünə şübhə yarandıqda, Azərbaycan Respublikasının gömrük orqanları mənşə ölkəsi kimi göstərilmiş ölkənin müvəkkil təşkilatlarına və ya digər səlahiyyətli orqanlarına əlavə və dəqiqləşdirici məlumatların verilməsi barədə əsaslandırılmış xahişlə müraciət edə bilərlər.

9.7. Malın mənşəyi haqqında lazımi təsdiqedici və ya tələb olunmuş məlumatlar təqdim edilməyənədək, göstərilən ölkə malın mənşə ölkəsi hesab edilmir.

9.8. Gömrük orqanlar malın buraxılmasından o vaxt imtina edə bilər ki, həmin malın Azərbaycan Respublikasının qanunvericiliyinə və yaxud qüvvədə olan Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən malları Azərbaycan Respublikası ərazisinə buraxılmayan ölkəyə mənsub olmasını təsdiq etmək üçün kifayət qədər əsaslar olsun.

Lazımi qaydada rəsmiləşdirilmiş malın mənşəyi haqqında sertifikatın və ya müvafiq məlumatların təqdim edilməməsi yekun buraxılmaması üçün əsas deyildir.

Bu yarımbəndin ikinci abzasının müddəaları nəzərə alınmaqla, mənşəyi dəqiq müəyyən edilməmiş mallar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş idxal rüsumlarının maksimum dərəcələri tətbiq edilməklə Azərbaycan Respublikasının ərazisinə buraxılır.

9.9. "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin 1-ci bəndinə əsasən gömrük rəsmiləşdirilməsi həyata keçirildiyi vaxtdan bir ildən gec olmayaraq malların mənşəyinin tələb olunan qaydada təsdiq olunması şərti ilə həmin mallara ən əlverişli şərait rejimi və ya imtiyazlı rejim tətbiq (bərpa) edilə bilər.