Üzərinə
həbs qoyulmuş əmlakın saxlanması Qaydasının
və şərtlərinin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR
KABİNETİNİN QƏRARI
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 5 mart tarixli, 672 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:[1]
I. “Üzərinə həbs qoyulmuş əmlakın saxlanması Qaydası və şərtləri” təsdiq edilsin (əlavə olunur).
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ
Bakı şəhəri, 6 sentyabr 2002-ci il
¹ 143
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2002-ci il 6 sentyabr tarixli, 143 nömrəli qərarı ilə
TƏSDİQ EDİLMİŞDİR
Üzərinə
həbs qoyulmuş əmlakın saxlanması
Qaydası və
şərtlərİ[2]
Bu Qayda “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.7-ci maddəsinin birinci abzasına, 50.10-cu və 52.3-cü maddələrinə uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikası məhkəmələrinin, beynəlxalq arbitrajların və münsiflər məhkəmələrinin, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının mülki və kommersiya mübahisələrinə dair işlər üzrə qərarlarının, cinayət işləri üzrə hökmlərinin və qərarlarının əmlakın alınmasına dair hissəsinin, habelə məhkəmə əmrlərinin, inzibati xətalara dair işlərə baxmaq səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) qərarlarının, alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş sazişlərin, notariusun icra qeydlərinin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda digər orqanların qərarlarının məcburi icrası zamanı borclunun üzərinə həbs qoyulmuş əmlakının saxlanması qaydasını və şərtlərini müəyyən edir.[3]
1. Üzərinə həbs qoyulmuş əmlak saxlanması üçün borclunun özünə və ya icra məmuru tərəfindən təyin olunmuş digər şəxslərə (bundan sonra - saxlayıcı) təhvil verilir. Əmlakı saxlamaq üçün qəbul edən saxlayıcıdan bu barədə qəbz alınır. Əmlakdan istifadə olunması onun məhvinə və ya dəyərinin azalmasına səbəb olmadıqda, saxlayıcı icra məmurunun razılığı ilə həmin əmlakdan istifadə edə bilər. Borclunun əmlakı üzərində sərəncam vermək hüququna və ya onun əmlakından istifadə etmək hüququna icra məmuru tərəfindən məhdudiyyətlər qoyula bilər. Saxlayıcının bu əmlakı üçüncü şəxslərə verə bilmək imkanı icra məmuru tərəfindən mәhdudlaşdırılır. Belə məhdudiyyətlərə əməl olunmaması qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
2. Konkret şəraitdən asılı olaraq, icra məmuru əmlak üzərinə həbs qoyulması ilə eyni vaxtda borclunun əmlakını və ya onun ayrı-ayrı əşyalarını (iddia tələbinin həddini aşmamaq şərti ilə) götürmək hüququna malikdir. Üzərinə həbs qoyulmuş tez xarab olan, həmçinin xüsusi saxlanma şərtləri olan əşyalar, keyfiyyəti müvafiq orqanlar tərəfindən yoxlanılaraq dərhal götürülür və satılmağa verilir.
3. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən borcluya məxsus qeydiyyata alınmalı olan bütün daşınmaz və daşınar əmlakın mülkiyyət, o cümlədən torpaqdan istifadə və ya icarə hüququnu təsdiq edən hüquqmüəyyənedici sənədlər icra məmuru tərəfindən götürülür.
4. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən borcluda aşkar edilmiş pul vəsaitləri (manatla və xarici valyutada) məcburi qaydada götürülür və tələbkarın tələbi təmin edilənə qədər saxlanılması üçün icra qurumunun depozit hesabına keçirilir. [4]
5. Borcluda aşkar edilmiş xarici valyutada olan pul vəsaitləri götürülür və bir gün müddətində satılmaq üçün Azərbaycan Respublikasında xarici valyuta satmaq hüququ olan kredit təşkilatına verilir. Xarici valyutanın satışından əldə olunmuş vəsait icra qurumunun depozit hesabına keçirilir.
6. Qiymətli kağızlar, lotereya biletləri və aksiz markaları məcburi qaydada götürülür və tələbkarın tələbi təmin edilənə qədər saxlanması üçün 24 saat müddətində müvafiq lisenziyası olan kredit təşkilatına və yaxud Milli Depozit Mərkəzinə verilir.
7. Üzərinə həbs qoyulmuş əmlak siyahıya alınarkən borcluda aşkar edilmiş sikkə, külçə şəklində və xam halında qızıl, gümüş, platin və platin qrupundan olan metallar (palladium, iridium, rodium, rutenium, osmium, qiymətli daşlar,), habelə qiymətli metal və daşlardan və mirvaridən hazırlanmış zərgərlik və digər məişət məmulatları, habelə məmulat qırıntıları məcburi qaydada götürülür və saxlanma üçün 24 saat müddətində müvafiq lisenziya olan kredit təşkilatına verilir.[5]
8. Əmlakın tərkibində qiymətli əlyazmalar, əbədi əsərlər, tarixi və ya elmi əhəmiyyətli məktublar olduqda, bu sənədlər ayrıca siyahıya daxil edilir. Qiymətli əlyazmaların, ədəbi əsərlərin, tarixi və ya elmi əhəmiyyəti məktubların dəyəri, eləcə də onların saxlanma şəraiti mütəxəssislər və ya mədəniyyət orqanları tərəfindən müəyyənləşdirilir. İcra məmuru tərəfindən bunların müvafiq saxlanma şəraiti təmin edilməlidir.
9. Üzərinə həbs qoyulmuş əmlakın tərkibində silah, o cümlədən ov tüfəngi olduqda, bu əşyaların dəyəri mütəxəssislər tərəfindən qiymətləndirilir və xüsusi siyahısı üzrə polis orqanlarına saxlanılmaq üçün təhvil verilir.
10. Borcluda mülki dövriyyədən çıxarılmış əmlak aşkar edildikdə, işi mahiyyəti üzrə həll etmək üçün icra məmuru tərəfindən dərhal müvafiq dövlət orqanının nümayəndəsi çağırılır və o gələnə qədər belə əmlakın mühafizəsi icra məmuru tərəfindən təmin edilir.
11. Qiymətləndirici, icra məmuru tərəfindən dəvət olunur və onun xidmətlərindən istifadə olunması ilə bağlı xərclər bərabər həcmdə tərəflərin üzərinə qoyulur.
12. Götürülmüş digər əşyalar, mümkün olduqda, qablaşdırılır, möhürlənir və mühafizə altında saxlanılması üçün müvafiq dövlət orqanının nümayəndəsinə, qanunla nəzərdə tutulmuş məsuliyyət haqqında xəbərdarlıq edilməklə, təhvil verilir.
13. Götürülən əmlakın müvafiq olaraq miqdarı, ölçüsü, çəkisi, hansı materialdan hazırlanması və digər xüsusi əlamətləri göstərilməklə əmlak üzərinə həbs qoyulması haqqında icra məmuru tərəfindən protokol tərtib edilir. Protokolda həmin məlumatlar ətraflı təsvir edilir. Protokol icra məmuru, hal şahidləri, borclu yaxud onun yetkinlik yaşına çatmış ailə üzvü tərəfindən imzalanır.
14. Üzərinə həbs qoyulmuş daşınmaz əmlak və götürülməsi mümkün olmayan iri həcmli əmlak möhürlənir və borcludan yaxud onun yetkinlik yaşına çatmış ailə üzvündən həmin əmlakın özgəninkiləşdirilməsi, korlanması və ya məhv edilməsinə görə maddi məsuliyyətdən əlavə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıdığı barədə iltizam alınmaqla icra məmuru tərəfindən xəbərdarlıq edilir və həmin əmlak saxlanılmaq üçün onlara verilir.
15. Üzərinə həbs qoyulmuş əmlakın zədələnməsinə, korlanmasına və sonrakı istifadəsinə maneçilik törətməyə səbəb ola biləcək vəziyyətdə saxlanılmaq üçün verilməsi qadağandır.
16. Saxlayıcının yoxluğu halında onun iştirakı olmadan icra məmuru üzərinə həbs qoyulmuş əmlak barəsində hər hansı hərəkəti yalnız icra qurumu rəhbərinin və iki hal şahidinin iştirakı və bu barədə müvafiq aktın tərtib edilməsi ilə aparır.[6]
17. Saxlayıcı borclunun özü və ya onun ailə üzvü (borclu hüquqi şəxs olduqda - onun işçisi) deyildirsə, əmlakın saxlanması üçün ona borclunun hesabına müvafiq haqq verilir. Saxlayıcının əmlakı saxlamaq üçün çəkdiyi xərclər həmin əmlakdan istifadə olunmasına görə onun əldə etdiyi həqiqi fayda çıxılmaqla ona ödənilir.
18. Saxlamaq üçün verilmiş əmlak mənimsənildikdə, israf edildikdə, özgəninkiləşdirildikdə və ya gizlədildikdə, saxlayıcı vurduğu ziyana görə maddi məsuliyyətdən əlavə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti daşıdığı barədə icra məmuru tərəfindən xəbərdar edilir və bu barədə ondan iltizam alınır.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1.
09 mart 2006-cı il tarixli 69
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-ci il, ¹ 3, maddə 297)
2.
12 noyabr 2010-cu il tarixli 211 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə 1040)
3.
30 aprel 2019-cu il tarixli 196 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 787)
4.
30 dekabr 2019-cu il tarixli 526 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, ¹
293, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹12, maddə 2106)
QƏRARA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 12
noyabr 2010-cu il tarixli 211
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
1040) ilə preambulada "Məhkəmə
qərarlarının icrası" sözləri "İcra" sözü ilə
əvəz edilmişdir.
[2] 12
noyabr 2010-cu il tarixli 211
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
1040) ilə mətndə "məhkəmə
icraçısı" və "məhkəmə icraçısının"
sözləri müvafiq olaraq "icra məmuru" və "icra məmurunun" sözləri ilə əvəz
edilmişdir.
[3] 12
noyabr 2010-cu il tarixli 211
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
1040) ilə preambulada "Məhkəmə
qərarlarının icrası" sözləri "İcra" sözü ilə
əvəz edilmişdir, "iqtisadi
mübahisələrə dair işlər üzrə
qərarlarının" sözlərindən sonra ", cinayət işləri
üzrə hökmlərinin və qərarlarının
əmlakın alınmasına dair hissəsinin"
sözləri əlavə edilmişdir.
30 aprel
2019-cu il tarixli
196 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 1 may 2019-cu il, ¹ 94,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 787) ilə “Üzərinə həbs
qoyulmuş əmlakın saxlanması Qaydası və
şərtləri”nin preambulasında “notariat orqanlarının” sözləri “notariusun” sözü ilə
əvəz edilmişdir.
30 dekabr
2019-cu il tarixli
526 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 dekabr 2019-cu il, ¹
293, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2019-cu il, ¹12, maddə 2106) ilə “Üzərinə həbs
qoyulmuş əmlakın saxlanması Qaydası və
şərtləri”nin preambulasında “iqtisadi mübahisələrə” sözləri “kommersiya mübahisələrinə”
sözləri ilə əvəz edilmişdir.
[4] 12
noyabr 2010-cu il tarixli 211
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
1040) ilə 4-cü bənddə "məhkəmə nəzarətçiləri və
məhkəmə icraçılarının"
sözləri "icra qurumunun"
sözləri ilə, 5-ci bənddə "məhkəmə nəzarətçilərinin və
məhkəmə icraçılarının"
sözləri "icra qurumunun"
sözləri ilə əvəz edilmişdir.
[5] 09 mart 2006-cı il tarixli 69
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2006-ci il, ¹ 3, maddə 297) ilə 7-ci bəndində “rutenium”
sözündən sonra “, osmium), qiymətli daşlar,”
sözləri əlavə edilmişdir.
[6] 12
noyabr 2010-cu il tarixli 211
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 11, maddə
1040) ilə 16-cı bənddə "məhkəmə nəzarətçiləri və
məhkəmə icraçıları qurumu"
sözləri "icra qurumu"
sözləri ilə əvəz edilmişdir.