Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət qaydalarının təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Nəqliyyat
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 27 iyul tarixli, 165 nömrəli
Fərmanının icrasını təmin etmək
məqsədi ilə Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1. "Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Qaydaları" təsdiq edilsin
(əlavə olunur).
2. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. Rasİzadə
Bakı şəhəri, 30 iyun 2000-ci il
¹ 110
|
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2000-ci il 30 iyun tarixli, 110 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətinin təmin edilməsinə nəzarət
Qaydaları[1]
Bu Qaydalar «Nəqliyyat haqqında»
Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi
barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27
iyul tarixli, 165 nömrəli Fərmanına əsasən
hazırlanmışdır və nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarətin həyata
keçirilməsini müəyyən edir.
I. Dəmir yolunda nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət
1.1. Dəmir yolu nəqliyyatı
işçilərinin əsas vəzifəsi daşınan
yüklərin hərəkət təhlükəsizliyini
və mühafizəsini şərtsiz yerinə
yetirməklə sərnişinlərin və yüklərin
daşınmasına olan tələbatı
ödəməkdən ibarətdir.
Qatarların hərəkəti
ilə əlaqəsi olan hər bir işçi texniki istismar
qaydalarının və hərəkət təhlükəsizliyinin
yerinə yetirilməsi üçün öz vəzifəsi
dairəsində məsuliyyət daşıyır.
1.2. Dəmir yolu stansiyaları,
vağzallar, daşıma prosesləri ilə əlaqədar
başqa bölmələr, dəmir yolu qatarlarının
hərəkəti və manevr işi, yükləmə və
boşaltma sahələri yüksək təhlükəli
zonalardır və lazım gəldikdə onlar
çəpərlənir.
1.3. Dəmir yollarının
tikililəri və qurğular daima saz vəziyyətdə
saxlanılmalıdır. Tikili və qurğuların
vəziyyətinə görə cavabdeh olan işçi
birinci növbədə onlarda nasazlıq yaranmasının
qarşısının alınmasını və xidmət
müddətinin uzadılmasını təmin etməlidir.
1.4. Dəmir yolu ilə
təhlükəli yüklərin daşınması
üçün mülkiyyət formasından asılı
olmayaraq birliklərə, müəssisə və
təşkilatlara məxsus və ya onlar tərəfindən
icarəyə götürülmüş, yalnız bu
məqsədlər üçün nəzərdə tutulmuş,
texniki cəhətdən saz, xüsusiləşdirilmiş
vaqon və konteynerlərdən, həmçinin
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar
Cəmiyyəti Parkında olan universal vaqon və
konteynerlərdən istifadə edilməlidir.
Hərəkətə
təhlükə yarada bilən nasazlığı olan
hərəkət tərkibini istismara buraxmaq və qatarlarda
hərəkət etməsi, eləcə də daşınan
yükün mühafizəsini təmin edə bilməyən
yük vaqonlarını qatarlara qoşmaq qadağandır.
1.5. Yük göndərənlər
(yükalanlar) təhlükəli yüklərin
daşınması üçün xüsusi
ayrılmış örtülü vaqonları yüklərin
göndərilməsi şərtinə uyğun
hazırlamalıdırlar
Yükgöndərənin
(yükalanın) xüsusiləşdirilmiş vaqonlarda
yükləri bərkitmək üçün lazımi
avadanlıq olmalıdır, eləcə də belə vaqonlar
istismar üzrə zavodun hazırlayıb təsdiq etdiyi
təlimata əsasən bütün vasitələrlə
təmin olunmalıdır.
1.6. Hərəkət heyəti,
həmçinin xüsusiləşdirilmiş
hərəkət heyəti və konteynerlər, yolun üst
quruluşunun elementləri, başqa texniki vasitələr, dəmir
yoluna təqdim olunan mexanizmlər hərəkət
təhlükəsizliyinin tələblərinə uyğun
olmalıdır.
1.7. Təhlükəli
yüklərin istehsalı, saxlanması, yüklənməsi,
boşaldılması və daşınma obyektləri
dəmir yolunun ümumi istifadə yollarından və
qurğularından təhlükəsizlik təmin olunan
məsafədə yerləşməlidir.
Təhlükəli və
tezalışan yüklü qatarların tərtibatı,
onlarla manevr işləri və onların stansiyadan
buraxılması ümumi qaydalardan başqa, dəmir yolunun
təlimatlarının tələbləri əsasında
aparılır.
Təhlükəli yükləri
göndərən və qəbul edən stansiyalar belə
yüklərin müvəqqəti olaraq xüsusi yollarda
saxlanılmasını təmin etməlidir.
Təhlükəli yüklər
daşınacaq vaqonlar texniki xidmət məntəqəsinin
işçiləri tərəfindən "Azərbaycan
Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mövcud
qayda, təlimat və normativ sənədlərinin
tələblərinə uyğun tam həcmdə
yoxlanılaraq, texniki cəhətdən saz
vəziyyətdə və hərəkətin
təhlükəsizliyini təmin edə biləcək
dərəcədə yüklənməyə təqdim
edilməlidir.
Təhlükəli yüklərin
daşınması zamanı hərəkətin
təhlükəsizliyinin tam həcmdə təmin edilməsi
üçün göndərmə stansiyalarında vaqonlar
yüklənməmişdən əvvəl texniki qeydiyyatdan
keçməsi haqqında məlumat üzərində
«Xidməti istifadə üçün» sözləri qeyd
olunmuş ayrıca kitabda qeyd edilir.
Təhlükəli yükü olan
qatarlar stansiyaya yaxınlaşarkən, stansiya
növbətçisi stansiyanın
giriş-çıxış svetoforlarının göstərişi,
hansı yol ilə və icazə verilən sürətlə
hərəkət etməsi barədə radio-rabitə
vasitəsi ilə lokomotiv briqadasına mütləq məlumat
verməlidir. Mənzillərdə qarşılaşan
qatarların lokomotiv briqadaları biri digərinə
radio-rabitə vasitəsi ilə hərəkət
heyətlərinin normal vəziyyətdə olub-olmaması
barədə müəyyən edilmiş qayda üzrə
məlumat verməlidir.
1.8. Vaqonların depo və
əsaslı təmiri "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyəti
rəhbərliyinin tərtib etdiyi qaydada və təlimata
əsasən müəyyən edilmiş
müddətlərdə və texnologiya üzrə
aparılmalıdır.
Məlumat hesablama
mərkəzində qeydiyyata alınmayan sənaye,
təşkilat müəssisələrinə məxsus
vaqonların ümumi magistral yola buraxılması
qadağandır.
Qatarlara verilmək üçün
lokomotiv depolardan çıxmazdan əvvəl, vaqonların
müvafiq təlimatlara uyğun tam saz vəziyyətdə
olması depo nəzdində təşkil edilmiş komissiya
tərəfindən yoxlanılmalıdır.
1.9. Dəmir yolunun yol
təsərrüfatının saz saxlanılması və
hərəkət təhlükəsizliyini təmin etmək
üçün "Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin qayda və
təlimatlarına, eləcə də normativ
təsərrüfat sənədlərinə
aşağıda göstərilən qaydada müvafiq nəzarət
edilməlidir:
baş və
qəbul-göndərmə yollarının cari saxlanılma
vəziyyəti ayda bir dəfədən az olmayaraq, baş
və qəbul-göndərmə yolları
yolölçən və defektoskop apqonlarla
yoxlanılmalıdır;
müəyyən edilmiş
vəzifə normativlərinə uyğun olaraq, dəmir yolu
təsərrüfatının texniki vasitələri dəmir
yolu distansiyası, "Azərbaycan Dəmir Yolları"
Qapalı Səhmdar Cəmiyyətinin rəhbər
işçiləri, stansiya rəisləri, eləcə də
dəmir yolu hərəkətinin təhlükəsizliyi
üzrə inspektorları tərəfindən
yoxlanılmalıdır.
1.10. Dəmir yolunun ümumi
istifadə yolu ilə kəsişən və yaxud
yaxınlığında yerləşən qaz və neft
kəmərlərinin təhlükəsiz istismarı
üçün onlara nəzarət edən orqanlar
məsuliyyət daşıyırlar. Göstərilən
obyektlərin sahibləri onların təhlükəsizliyinin
təmin edilməsini qorxu altına alan qəza hadisəsinin
yaranması haqqında "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
rəhbərliyinə müvafiq tədbirlər görülməsi
üçün dərhal məlumat verməlidirlər.
1.11. Xüsusi təhlükəli
yükləri müşayiət edən
nümayəndələr göndərmə stansiyasının
müvafiq işçiləri tərəfindən qəza
və qeyri-standart hallarda onların vəzifələri
haqqında müvafiq normativ sənədlər üzrə
təlimatlandırılmalıdırlar.
"Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyəti
təhlükəli və xüsusi yüklərin
daşınmasında hərəkət
təhlükəsizliyinin pozulması ilə əlaqədar
baş vermiş qəza hadisəsinin aradan
qaldırılmasını bərpa və
yanğınsöndürən qatarlar vasitəsi ilə öz
texniki imkanları çərçivəsində təmin
etməlidir. Bərpa və yanğınsöndürən
qatarlar hadisə yerinə dəmir yolunda qüvvədə olan
qayda üzrə göndərilir.
Tərkibində təhlükəli
yükləri olan, qəzaya uğramış qatarlarda
bərpa işlərinin görülməsi daşıma
sənədlərinə əlavə edilmiş qəza
kartoçkalarının tələbinə uyğun
aparılmalıdır.
Dəmir yolu ilə xüsusi
təhlükəli yüklərin yükgöndərənləri
və yükalanları həmin yüklərin
təhlükəsiz yüklənib-boşaldılmasına
və daşınmasına təminat verməli, əgər
daşınma zamanı qəza hadisəsi baş
verərsə, onun aradan qaldırılması
üçün xüsusi vasitələrə və
səfərbər bölmələrə malik
olmalıdır.
1.12. Qəza hadisələrini aradan
qaldırmaq üçün "Azərbaycan Dəmir
Yolları" Qapalı Səhmdar Cəmiyyətinin
tələbi ilə yükgöndərənin
(yükalanın) qüvvəsi və vəsaitləri cəlb
edilməli və qısa müddətdə onların
hadisə yerinə getmələri təmin edilməlidir.
Təhlükəli
yüklərlə baş vermiş qəza hadisəsi
zamanı hadisənin nəticələrinin aradan
qaldırılması üçün mövcud
qanunvericiliyə uyğun şəkildə Dövlət
Dəmir Yolunun rəhbərliyi tərəfindən
respublikanın müvafiq təşkilatlarından
mütəxəssislər cəlb edilir.
II. Avtonəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətinin təmin edilməsinə nəzarət
2.1. Yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsi «Yol
hərəkəti haqqında» Azərbaycan Respublikası
Qanununa uyğun olaraq, mexaniki avtonəqliyyat
vasitələrinin, onların qoşqularının və
yarımqoşqularının (bundan sonra — avtonəqliyyat
vasitələri) texniki vəziyyətinə nəzarət
edilməsini, eləcə də mülkiyyət və
təşkilati-hüquqi formasından asılı olmayaraq,
hüquqi və fiziki şəxslərlə
qarşılıqlı fəaliyyət formalarını
müəyyən edir.
2.2. Yollarda avtonəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət Daxili İşlər
Nazirliyinin əməkdaşları tərəfindən
stasionar və digər postlarda, eləcə də xüsusi
avadanlığı olan avtonəqliyyat vasitələrində
və ya xüsusi texniki vasitələrinin tətbiqi ilə
həyata keçirilir.[2]
Yol hərəkəti
təhlükəsizliyinin təmin edilməsinə
nəzarəti həyata keçirən Daxili İşlər
Nazirliyinin əməkdaşlarının vəzifələri
«Yol hərəkəti haqqında», «Polis haqqında»
Azərbaycan Respublikasının qanunları ilə
müəyyənləşdirilir və onlar müəyyən
edilmiş müvafiq formalı geyimdə olmalı,
fərqləndirici döş nişanları və xüsusi
xidmət vəsiqəsi ilə təmin edilməlidirlər.
2.3. Avtonəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət onları dövlət
qeydiyyatına alan və müvafiq səlahiyyəti olan orqanlar
tərəfindən aşağıdakı əsas
istiqamətlərdə aparılır:
2.3.1. Avtonəqliyyat
müəssisələrində bu tədbirlərə
aşağıdakılar aiddir:
texniki qulluq və cari təmirin
müvafiq istehsalat-texniki bazasında yerinə yetirilməsi;
texniki sazlığın
müayinəsi;
texniki qulluğun keçirilməsi;
təmirlərə
sifarişlərin vaxtında verilməsi və onların
yerinə yetirilməsi;
nasazlıq üzündən baş
vermiş yol-nəqliyyat hadisələrinin qeydiyyatı;
əvvəlki texniki
baxışın nəticəsinə görə
avtonəqliyyat vasitələrinin texniki vəziyyəti;
texniki vəziyyəti müayinə
etmək üçün istifadə olunan
nəzarət-ölçü cihazlarının
mövcudluğu, metroloji attestasiyadan keçmələri
və onlardan istifadə qaydaları;
istismara buraxılan avtonəqliyyat
vasitələrinin ətraf mühitə zərərli
təsirinin qəbul edilmiş normativlər həddində
olmasının təmin edilməsi;
sürücülərin
reysqabağı, reysdən sonra və dövri tibbi
müayinədən keçməsinin təşkili.
2.3.2. Avtomobil yollarında
avtonəqliyyat vasitələrinin texniki vəziyyətinə
nəzarət:
a) Avtomobil yollarında avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinə nəzarət
«Yol hərəkəti haqqında» Qanunun
tələblərinə riayət edilməklə
aparılır. Belə ki, texniki vəziyyəti yol -
nəqliyyat hadisəsi törədə biləcək
ehtimalı aşkar müşahidə olunan, xarici
görünüşü səliqəsiz və ya həmin
Qanunun 1 nömrəli əlavəsində göstərilən
tələblərə uyğun gəlməyən
avtonəqliyyat vasitələri saxlanılaraq, müvafiq qaydada
müayinə olunur. Bu zaman avtonəqliyyat vasitəsinin texniki
vəziyyətinə nəzarət mümkün qədər
qısa müddət ərzində aparılmalı,
müayinə zamanı digər hərəkət
iştirakçılarına maneçilik
törədilməməlidir.
b) Yollarda təcili yardım,
yanğınsöndürmə, poçtdaşıyan,
inkasator, texniki-qəza xidməti, daxili işlər və dövlət
təhlükəsizliyi və xarici kəşfiyyat
orqanlarının əməliyyat avtomobilləri və
hərbi avtomobillər, partlayıcı, yanğın
təhlükəli, radioaktiv və başqa
təhlükəli yük daşıyan nəqliyyat
vasitələri, içərisində sərnişin olan avtobus
və taksilər, trolleybus və tramvaylar texniki
vəziyyətə görə müayinə edilmək
məqsədi ilə saxlanılmır. [3]
2.4. Avtonəqliyyat
vasitələrinə texniki-təmir stansiyalarında və
texniki-təmir sahələrində texniki qulluğun
göstərilməsi və təmirin aparılması Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
tərəfindən müəyyən edilmiş texniki norma
və tələblərə uyğun həyata keçirilir.[4]
Texniki təmir stansiyalarında
və texniki təmir sahələrində yol-nəqliyyat
hadisələri nəticəsində zədələnmiş
nəqliyyat vasitələrinin təmirə qəbul edilib
Daxili İşlər Nazirliyinin verdiyi müvafiq arayış
əsasında aparılması işlərinin vəziyyəti
Daxili İşlər Nazirliyi tərəfindən
öyrənilir, nöqsanlar barədə akt tərtib edilir
və bu sahə üzrə nəzarət orqanına tədbir
görülməsi üçün göndərilir.
2.5. Avtonəqliyyat
vasitələrinin texniki vəziyyətinə nəzarət
edilməsinə onları qeydiyyata alan orqanın əsas
vəzifələrinə aşağıdakılar aiddir:
avtonəqliyyat vasitələrinin
texniki vəziyyətinə texniki baxışlararası
müddətlərdə nəzarət etmək, qanunla müəyyən edilmiş
hallarda texniki baxışları həyata keçirmək,
konstruksiyası və ya texniki vəziyyəti
müəyyən olunmuş standartlara, habelə
mühərrik, ban və şassi nömrələri qeydiyyat
sənədlərində göstərilmiş
nömrələrə uyğun gəlməyən
avtonəqliyyat vasitələrinin istismarını qadağan
etmək;[5]
avtonəqliyyat vasitələrinin
konstruksiyasının hazırlanmasına və yenidən
quraşdırılmasına, aqreqat, ban və ban
hissələrinin dəyişdirilməsinə icazə
vermək və yol hərəkəti
təhlükəsizliyinin tələblərinə,
dövlət standartlarına, normativ sənədlərə
uyğun olmasına nəzarət etmək;
mürəkkəb quruluşlu
avadanlıqlaşdırma aparılan avtonəqliyyat
vasitələrinin hərəkət təhlükəsizliyi
ilə bağlı tələblərə uyğunluğu
baxımından texniki layihə sənədlərinə
müvafiq rəylər vermək, onların
sınaqlarının keçirilməsində iştirak
etmək, tələblərə cavab verməyən
nümunələr barədə müvafiq orqanlara
təqdimatlar göndərmək;
avtonəqliyyat vasitələrinin
zərərli tullantılarından ətraf mühitin
qorunması sahəsində qüvvədə olan qaydaların,
normativlərin, standartların tələblərinə
riayət edlməsinə nəzarəti həyata
keçirmək;
təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün
müəssisələr, idarələr, təşkilatlar
və fiziki şəxslər tərəfindən yol
hərəkətinin təhlükəsizliyinin təmin
olunması sahəsində qüvvədə olan qaydaların,
normativlərin və standartların tələblərinə
riayət edilməsinə müstəqil və ya müvafiq səlahiyyətli
orqanlarla birlikdə nəzarət etmək.
2.6. Avtonəqliyyat
vasitələrinin konstruksiyasının hazırlanmasına
nəzarət texniki tapşırığın, texniki
layihənin, avtonəqliyyat vasitəsinin sınağı
və istehsala qəbulu texniki şərtlərin
razılaşdırılması mərhələlərində
aparılır. Həmin sənədlər
razılaşdırılarkən aşağıdakı
məlumatlar yoxlanılmalıdır:
məmulatın tətbiqolunma
sahəsinin qısa xarakteristikası;
avtonəqliyyat vasitəsi
üçün nəzərdə tutulmuş yol
şəraiti və istismar rejimi, sürət və güc
hədləri;
çəki parametrləri
(təchiz olunmuş halda kütləsi, tam kütləsi,
yük götürməsi, sərnişinlərin sayı,
qoşqunun tam kütləsi, tam kütlənin oxlar
üzrə paylanması);
tormozlanma yolu, yavaşıma
təcili, tormoz qüvvəsi, onun oxlar və
təkərlər üzrə paylanma xarakteristikası;
yolun işıqlanan sahəsi;
minimal və qabarit dönmə
radiusları;
yol hərəkətinin
təhlükəsizliyi üzrə digər
tələblər.
Sənədlərin
razılaşdırılması 30 gün müddətində
yerinə yetirilməlidir. Müəyyən edilmiş
standartların tələblərinə uyğun olmayan,
layihə sənədləri düzgün hazırlanmayan
və ya sənədlərdə çatışmazlıqlar
olan və yaxud onların dövlət qeydiyyatını aparan
orqanlar ilə razılaşdırılmayan sənədlər
əsasında hazırlanan avtonəqliyyat vasitələrinin
istismarı qadağan edilir. Həmin sənədlər geri
qaytarılır və layihənin çatışmayan
cəhətləri orada göstərilir.
2.7. Avtonəqliyyat
vasitələrinin sınağını və istehsala
qəbulunu sınaq məmulatı hazırlayan hüquqi
şəxsin təyin etdiyi komissiyalar həyata
keçirməlidir. Sınağın keçiriləcəyi
yer komissiya tərəfindən müəyyən edilir.
Komissiyanın tərkibinə yol hərəkətinin
təhlükəsizliyi üzrə elmi-tədqiqat
institutlarının, laboratoriyalarının, həmçinin
məmulatın layihə sənədlərinin
razılaşdırılması mərhələsinə
nəzarət edən orqanlar daxil edilməlidir.
Sınaqların nəticəsi
üzrə qəbul komissiyası müəyyən olunmuş
formada protokol və qəbul aktı tərtib etməlidir.
Nümunələr sınaqlara davam gətirmədiyi hallarda
akt imzalanana qədər protokola konstruksiyanı
təkmilləşdirmək barədə təkliflər
yazılır. Konstruksiyaların yenidən işlənmiş
tərkib hissələri təkrar sınaqdan keçirilir.
2.8. Nəzərdə tutulmuş
bütün sənədlərin
razılaşdırılması və aparılmış
sınaqların müsbət nəticəsi əsasında
layihə təşkilatlarına istehsal olunan
məmulatların istismara buraxılması üçün
əsas hesab edilən konstruksiyaların
razılaşdırılması barədə
şəhadətnamə, xüsusi təyinatlı minik
avtomobilləri üçün isə əlavə olaraq
avadanlığın quraşdırılması sxemi verilir.
2.9. Respublikada hazırlanması
üçün layihə sənədləri tələb
olunmayan avadanlıqların avtonəqliyyat
vasitələrinə quraşdırılmalarının
siyahısını müvafiq olaraq həmin nəqliyyat
vasitələrinə texniki baxış keçirən
orqanlar müəyyən edir.
Layihə
sənədlərinin işlənib hazırlanması və
razılaşdırılması nəzərdə tutulmayan
nəqliyyat vasitələrinə fərdi qaydada
hazırlanmış minik avtomobilləri, amfibiyalar, minik
avtomobillərinin qoşquları, motosikl (motorollerlər)
və onların yanına qoşulmuş kolyaskalar, habelə
sadə formada yenidən quraşdırılan avtonəqliyyat
vasitələri aiddir.
Fərdi qaydada hazırlanmış
minik avtomobillərinin, motosikl və onların
konstruksiyalarının şəhər (rayon) «Avtomobilçi»
Cəmiyyətinin texniki komissiyaları və yol
hərəkətinin təhlükəsizliyi üzrə Elmi
Tədqiqat İnstitutu (laboratoriyası) tərəfindən
müəyyən edilmiş texniki tələblərə
uyğunluğu yoxlanılır. Avtomobillər, motosikllər
və qoşqular texniki tələblərə uyğun
gəldikdə, komissiya və ya institut (laboratoriya)
tərəfindən Dövlət Yol Polisi İdarəsinə
təqdim edilmək üçün rəy (cizgi, sxem və
fotoşəkillər əlavə edilmək şərti
ilə) yazılır və həmin rəy avtonəqliyyat vasitələrini
qeydiyyata götürmək və istismar etmək
üçün əsas sayılır. Zavod
tərəfindən istehsal olunan avtonəqliyyat
vasitələrinin fərdi qaydada ehtiyat hissələrdən
yığılmasına icazə verilmir
2.10.
Yol hərəkətinin təhlükəsizliyinə
nəzarətin, habelə nəqliyyat vasitələrinin
fasiləsiz və rahat hərəkətinin təmin
olunması məqsədilə sərnişin
daşımalarının marşrutlarının sxemi və
qısa xarakteristikası şəhərlərarası
marşrutlar üzrə Baş Dövlət Yol Polisi
İdarəsi ilə, şəhərdaxili və digər
marşrutlar üzrə ərazi polis orqanlarının
dövlət yol polisi şöbələri
(bölmələri) ilə
razılaşdırılmalıdır.[6]
2.10.
«Azəravtonəqliyyat» Dövlət Konserni «Azərbaycan
Respublikasında avtomobil nəqliyyatı ilə beynəlxalq
və şəhərlərarası sərnişin və
yük daşınmasına, nəqliyyat-ekspeditor
xidmətlərinə xüsusi razılıq (lisenziya)
verilməsi Qaydaları»na müvafiq olaraq, şəhər
(rayon) daxilində isə lisenziya verən orqan lisenziya
almış hüquqi və fiziki şəxslər
tərəfindən göstərilən fəaliyyət
növünün həyata keçirilməsini
tənzimləyən lisenziya qaydalarına riayət
edilməsini yoxlayır.
Lisenziya verilərkən yol
hərəkəti təhlükəsizliyinə
nəzarətin təmin olunması məqsədi ilə
sərnişin və yük daşımalarına cəlb
edilən nəqliyyat vasitələrinin Dövlət Yol Polisi
tərəfindən texniki müayinədən
keçirilməsi barədə verilmiş sənədin,
hüquqi şəxsin mütəxəssislərinin tərkibi
və ixtisası, o cümlədən yol hərəkəti
təhlükəsizliyi üzrə mütəxəssis
haqqında təqdim olunan məlumatların yoxlanılması
xüsusi razılıq (lisenziya) verən orqan tərəfindən
həyata keçirilir.
Yol hərəkətinin
təhlükəsizliyinə nəzarətin təmin
olunması məqsədi ilə sərnişin
daşımalarının marşrutlarının sxemi və
qısa xarakteristikası müvafiq səlahiyyətli orqanlar
(lisenziya verən orqan və Dövlət Yol Polisi) ilə
razılaşdırılmalıdır.
2.11. Əhalinin ictimai nəqliyyata
olan tələbatını və insanların
təhlükəsiz daşınmasını, cəmiyyətin
və dövlətin mənafelərinin qorunmasını
təmin etmək üçün şəhər
sərnişin daşımaları sahəsində
dövlət siyasətini həyata keçirən şəhər
(rayon) icra hakimiyyəti orqanları tərəfindən bu
məqsədlə yaradılan
ixtisaslaşdırılmış dövlət avtobus, tramvay
və trolleybus müəssisələrinin balanslarında olan
nəqliyyat vasitələri texniki saz vəziyyətdə
xəttə buraxılmalıdır.
Şəhər əhalisinin ictimai
nəqliyyata olan tələbatını tam yerinə
yetirmək məqsədi ilə, göstərilən
müəssisələrdən başqa şəhər
sərnişindaşıma fəaliyyətinə digər
hüquqi və fiziki şəxslərin sahibkarlıq
qaydasında cəlb olunması yalnız şəhər
(rayon) icra hakimiyyəti orqanları tərəfindən
verilən xüsusi razılıq (lisenziya) əsasında
həyata keçirilir.[7]
III. Dənizdə gəmilərin təhlükəsiz
hərəkətinin təmin edilməsinə nəzarət
3.1. Dənizdə gəmilərin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Azərbaycan
Respublikasının Nazirlər Kabineti yanında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən
həyata keçirilir.[8]
Dənizdə gəmilərin
toqquşmasının qarşısının
alınmasına dair Beynəlxalq Qaydalar (DGTQBQ-72) əsas
beynəlxalq hüquqi sənəd olaraq gəmi
sürücülüyündə təhlükəsizliyi
tənzimləyir. Həmin Qaydalardakı
göstərişlər açıq dənizdə, ərazi
sularında və ona bitişik olan körfəzlərdə
üzən bütün gəmilər üçün
nəzərdə tutulur. Bu Qaydalar növündən və
tipindən, su basımından asılı olmayaraq, dinc
şəraitdə üzən hərbi gəmilər də
daxil olmaqla bütün gəmilərə şamil edilir.
3.2. DGTQBQ-72 gəmilərdəki
xəbərdarlıq nişanlarından, işıq və
səs siqnallarından istifadə edilməsi, eləcə
də toqquşmanın qarşısını almaq
üçün müvafiq manevr və gəmi
sürücülüyü qaydalarını
tənzimləyir.
Bu Qaydalar tövsiyə xarakteri
daşımır və yaranmış şəraitə
uyğun hərəkət etmək üçün konkret
göstərişlər verir. Hər bir gəmi kapitanı
toqquşma təhlükəsi yarandıqda, bu Qaydalardakı
göstərişlərə əməl etməlidir.
Toqquşma baş verdikdə,
gəmini idarə edənin təqsirini müəyyən
etmək üçün DGTQBQ-72 əsas sənəd
sayılır.
3.3. Dənizdə gəmilərin
toqquşmasının qarşısının
alınmasına dair Beynəlxalq Qaydalar ümumi
gəmiçilik qaydalarının tərkib hissəsidir
və dəniz donanmasının inkişafını əks
etdirir.
IV. Mülki hava gəmilərinin uçuş
təhlükəsizliyinin təmin edilməsinə
nəzarət
4.1. Azərbaycan Respublikasının
mülki aviasiya subyektləri tərəfindən
uçuşların təhlükəsizliyinin təmin
edilməsinə dövlət nəzarətini onların
fəaliyyətə müvafiq olmasının sertifikasiyası
və müntəzəm yoxlanılması sistemlərinin
tətbiq edilməsi yolu ilə Azərbaycan
Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Dövlət Mülki Aviasiya Agentliyi həyata keçirir.
4.2. Mülki aviasiya subyektlərinin
və onların fəaliyyətinin yoxlanılmasının
əsas məqsədi uçuşların
təhlükəsizliyini təmin etmək, ictimai
(sərnişinlərin, istehlakçıların) maraqları
müdafiə etmək, mülki aviasiya subyektlərinin
fəaliyyətinə təsir göstərmək, onların
təsərrüfat müstəqilliyinə və
uçuşların təhlükəsizliyinin təmin
edilməsinə görə bilavasitə
məsuliyyətinə toxunmamaq şərti ilə
Azərbaycan Respublikasında qüvvədə olan, mülki
aviasiyanın fəaliyyətini nizama salan qanunvericilik və
normativ hüquqi aktların tələblərinə riayət
olunmasına nəzarət etməkdir.
4.3. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət
Mülki Aviasiya Agentliyi öz fəaliyyətində və
digər qanunlarını İKAO-nun Standartlarını və
Tövsiyə praktikasını, bu Qaydaları,
həmçinin uçuşların təhlükəsizliyinin
təmin edilməsi üzrə digər normativ hüquqi
aktları rəhbər tutur.[9]
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki
Aviasiya Agentliyi bu normativ hüquqi aktlara müvafiq
surətdə, qanunla müəyyən edilmiş qaydada və
öz səlahiyyətləri çərçivəsində
nazirliklər, dövlət komitələri, idarələr,
müəssisələr, təşkilatlar və
vətəndaşlar üçün vacib olan Azərbaycan
Respublikasında uçuşların
təhlükəsizliyinin təmin edilməsi üzrə
mülki aviasiyanın fəaliyyətini nizama salan normativ
hüquqi aktlar işləyib hazırlayır və dərc edir.
Mülki aviasiya sahəsində
uçuşların təhlükəsizliyinin təmin
edilməsi üzrə rəhbər, mühəndis-texniki
və digər işçilərin hüquq və
vəzifələri bu Qaydalara və Azərbaycan
Respublikasının qanunvericilik aktlarına, habelə
onların vəzifə təminatlarına müvafiq surətdə
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Dövlət Mülki Aviasiya Agentliyi tərəfindən
işlənib hazırlanan normativ-hüquqi
sənədlərlə müəyyən olunur.
4.4. Mülki hava gəmilərinin
uçuşlarının təhlükəsizliyinin təmin
edilməsi üzrə tələblərə riayət
olunmasına operativ nəzarəti həyata keçirmək
məqsədi ilə Azərbaycan Respublikasının
ərazisində digər mülkiyyət formaları
üzərində qurulmuş bütün mülki aviasiya
müəssisələri və təşkilatları
Azərbaycan Respublikasının Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Dövlət Mülki Aviasiya Agentliyində mütləq
qeydiyyatdan keçməlidir.
Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət
Mülki Aviasiya Agentliyində qeydiyyatdan
keçməyən, habelə müvafiq
şəhadətnamələri (sertifikatları) olmayan
mülki aviasiya müəssisələrinin və
təşkilatlarının Azərbaycan Respublikasının
ərazisində fəaliyyət göstərməsi
qadağandır.
4.5. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət
Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektləri
tərəfindən uçuşların
təhlükəsizliyinin təmin
edilməsi sahəsində dövlət nəzarətini
həyata keçirmək məqsədi ilə öz
strukturunda Azərbaycan Respublikasında mülki aviasiyanı
idarə edən dövlət orqanının
rəhbərinə bilavasitə tabe olan müfəttiş
orqanı yaradır və «Azərbaycan Respublikası mülki
aviasiyasının fəaliyyətini nizama salan dövlət
müfəttiş orqanı üçün təlimat»
hazırlayaraq müəyyən olunmuş qaydada təsdiq edir.[10]
4.6. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət
Mülki Aviasiya Agentliyi mülki aviasiya subyektlərinin
aşağıda qeyd edilənlərin təmin edilməsi
ilə bağlı fəaliyyətinə müntəzəm
nəzarəti həyata keçirir:
uçuşların
təhlükəsizliyi;
hava gəmilərinin və
aerodromların istismarı və onların texniki
vəziyyətinin lazımi səviyyədə saxlanılması;
aviasiya hadisələrinin və
münaqişələrinin qarşısının
alınmasına dair tədbirlərin işlənib
hazırlanması və yerinə yetirilməsi;
komanda-rəhbər, uçuş,
dispetçer, mühəndis-texniki heyətlərin və
mülki aviasiya sahəsində digər
mütəxəssislərin ixtisas tələblərinə
müvafiq olması;
fəaliyyətə müvafiq
olması haqqında şəhadətnamənin
(sertifikatın) verilməsi və onun qüvvədə olma
müddətinin uzadılması üçün
təsdiqedici sənədlərin keyfiyyətlə
hazırlanması;
qanunvericilik aktları ilə
müəyyən olunmuş, hava limanları və
aerodromların ərazisində mülki aviasiya
işçilərinin olması və yerini
dəyişməsi, nəqliyyat vasitələrinin
hərəkəti və mülki aviasiya obyektlərində
yükləmə-boşaltma və digər növ
işlərin icra edilməsi qaydalarının yerinə
yetirilməsi;
qanunvericilik aktları ilə
müəyyən olunmuş təhlükəli yüklərin
hava daşınması qaydalarının yerinə
yetirilməsi;
komanda-rəhbər, uçuş,
dispetçer və mühəndis-texniki heyətlər,
habelə hava hərəkətinin idarə olunmasını
və təşkilini təmin edən personal
tərəfindən öz vəzifə təlimatlarının
ciddi surətdə yerinə yetirilməsi;
uçuşların
təhlükəsizliyinin təmin edilməsi
məsələlərinə dair mülki aviasiyanın
fəaliyyətini nizama salan normativ hüquqi sənədlərin
tələblərinin yerinə yetirilməsi.
4.7. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət
Mülki Aviasiya Agentliyi:[11]
pozuntuların və onların
başvermə səbəblərinin aradan
qaldırılması üzrə tədbirlər həyata
keçirir, bütün vəzifəli şəxslərə
uçuşların təhlükəsizliyi
məsələlərinə dair göstəriş və
təlimatlar verir və onların müəyyən olunmuş
müddət ərzində şərtsiz yerinə yetirilməsini
tələb edir;
mülki aviasiyanın
fəaliyyətinə qanunsuz müdaxilə aktlarının
qarşısının alınması üzrə
tədbirlər həyata keçirir;
mülki aviasiya obyektlərinin,
aviasiya obyektlərinin və aviasiya texnikasının
mühafizə olunmasını təşkil edir;
aviasiya texnikasının konkret
növünün uçuş istismarına dair təlimata
və mülki aviasiyada aviasiya texnikasının texniki
istismarı və təmiri üzrə təlimata müvafiq
surətdə aviasiya texnikasının uçuş və
texniki istismarına nəzarət edir;
mülki hava gəmilərinin,
aerodromların dövlət reyestrini aparır və
dövlət qeydiyyatı haqqında müvafiq
şəhadətnamələr verir;
mülki hava gəmilərinin
uçuşlara yararlı olması haqqında
vəsiqələr verir və onların qüvvədə olma
müddətini uzadır;
komissiyalar yaradır və mülki
hava gəmiləri ilə baş vermiş aviasiya
hadisələrinin və münaqişələrinin
tədqiqatının gedişinə nəzarət edir;
Azərbaycan Respublikasının
ərazisində qəzaya uğramış mülki hava
gəmilərinin və onun sərnişinlərinin
axtarışını və xilas edilməsini təşkil
edir;
müntəzəm
müfəttiş yoxlamaları aparır:
a) uçuşların
təhlükəsizliyinin təmin edilməsini,
təşkilini, uçuşların yerinə yetirilməsini,
aviasiya hadisələrinin qarşısının
alınması üzrə tədbirlərin
hazırlanmasını və həyata keçirilməsini
nizama salan qanunvericilik aktlarının və normativ hüquqi
sənədlərin tələblərin yerinə
yetirilməsi üzrə Azərbaycan Respublikasının
mülki aviasiya subyektlərinin fəaliyyətinə dair;
b) Azərbaycan Respublikasının
hava limanlarından yola düşən xarici hava
gəmilərinin Beynəlxalq Mülki Aviasiya
Təşkilatının Standartları və Tövsiyə
praktikasının (SARPS) tələblərinə və
Azərbaycan Respublikasında mülki aviasiyanın
fəaliyyətini nizama salan normativ hüquqi
sənədlərin tələblərinə uyğun
olmasına dair;
öz səlahiyyətləri
çərçivəsində mülki aviasiya sahəsində
digər fəaliyyət növlərini həyat keçirir.
4.8. Azərbaycan Respublikasının
Nəqliyyat, Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət
Mülki Aviasiya Agentliyi:
a) Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş
məbləğdə cərimə sanksiyaları tətbiq
edir, habelə uçuşların
təhlükəsizliyinə qorxu yaradan
çatışmazlıqlar və ya pozuntular aşkar
edildikdə, hava gəmilərinin və aviasiya
texnikasının uçuşlar yerinə yetirməsini və
istismarını qadağan edir.
b) “Aviasiya haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq, mülki aviasiya
istismarçılarına sertifikatların və bu
sahədə fəaliyyət göstərən digər
subyektlərə uyğunluq sertifikatlarının verilməsi,
onları verməkdən imtina edilməsi,
qüvvədəolma müddətlərinin
dayandırılması və ləğv edilməsi
barədə qərarlar qəbul edir.[12]
4.9. Azərbaycan Respublikasında
mülki aviasiyanı idarə edən dövlət
orqanının mülki aviasiya subyektləri
tərəfindən uçuşların
təhlükəsizliyinin təmin edilməsinə
nəzarət üzrə müfəttiş
yoxlamalarının növləri və müntəzəmliyi
Azərbaycan Respublikasında mülki aviasiyanı idarə
edən dövlət orqanının təsdiq etdiyi
təlimatlarla müəyyən edilir.
V. Metropolitendə qatarların və eskalatorların
hərəkət təhlükəsizliyinin təmin
edilməsinə nəzarət
5.1. Qatarların və
eskalatorların hərəkət təhlükəsizliyi
üzrə baş müfəttiş aparatı Metropoliten
idarəsinin struktur bölməsi olub, bilavasitə Metropoliten
rəisinə tabedir, qatarların və eskalatorların
hərəkət təhlükəsizliyinin təmin
edilməsinə nəzarəti həyata keçirir.
5.2. Hərəkət
təhlükəsizliyi üzrə aparat Metropolitenin
qəzasız iş şərtlərini müəyyən
edən hərəkət təhlükəsizliyi
qaydalarının, texniki istismarı üzrə qaydaların,
təlimatların və digər normativ sənədlərin
Metropolitenin bölmələri tərəfindən yerinə
yetirilməsini təmin edir.
5.3. Metropolitenin hərəkət
təhlükəsizliyinin təmin edilməsinə
nəzarətin əsas istiqamətləri
aşağıdakılardan ibarətdir:
Metropolitenin xidmətlərində,
müəssisələrində və xətti
bölmələrində qəza hallarının
qarşısının alınması üzrə profilaktik
iş aparmaq, Metropolitenin texniki istismar qaydalarını
pozanlara qarşı müvafiq ölçülər
götürmək, xidməti vəzifələrin icrası
zamanı intizamsızlıq və işə səhlənkar
münasibət faktlarının qarşısını
kəskin surətdə almaq;
hərəkət
təhlükəsizliyinin vəziyyətini təhlil etmək,
hərəkət təhlükəsizliyinin təmin
olunması sahəsindəki məhdud cəhətləri
aşkara çıxarmaq, çatışmazlıqların
yerindəcə tezliklə aradan qaldırılmasına nail
olmaq, hərəkət təhlükəsizliyinin hər bir
pozuntularının qarşısının alınması
üzrə konkret tədbirlər görmək;
xidmətlərin müvafiq
mütəxəssisləri ilə birlikdə təhlil
əsasında hərəkət təhlükəsizliyinin
gücləndirilməsi və hərəkət təhlükəsizliyi
məsələləri üzrə bölmələrin texniki
təftişləri, yoxlamaları zamanı
təhlükəsizlik aparatı və digər vəzifəli
şəxslər tərəfindən aşkar olunmuş
çatışmazlıqların aradan qaldırılması
üzrə təşkilati-texniki tədbirlərin
işlənib hazırlanmasını həyata keçirmək;
Metropolitenin texniki
vasitələrinin, hərəkət qatarlarının
təmirinin və saxlanılmasının texnoloji
proseslərinin pozuntularını aşkara çıxarmaq,
fəlakətlərin, qəzaların və hərəkət
təhlükəsizliyinin pozuntularının
qarşısının alınması üzrə
tədbirləri işləyib hazırlamaq;
Metropolitenin hərəkət
qatarlarının, işarəvermə
mərkəzləşmə blokirovkası və rabitənin,
yolların, tunellərin və digər texniki vasitələrin
zədələnməsinin nəticələrinin tezliklə
aradan qaldırılmasına bərpa vasitələrinin
hazırlığını, bərpa bölmələrinin
texniki təchizatını təmin etmək;
Metropoliten işçilərinin
texniki istismar qaydaları və təlimatlar üzrə
biliklərinin vaxtaşırı surətdə
yoxlanılması şərti ilə peşə
hazırlığının keyfiyyətinə nəzarət
etmək, işçilərin texniki təhsilini və
təlimatlandırılmasını təşkil etmək;
məxfilik rejimini təmin etmək
və Metropolitenin strateji mahiyyətini nəzərə almaq
şərti ilə məxfi və xidməti məlumatların
mühafizəsi üzrə lazımi tədbirləri
vaxtında həyata keçirmək;
nasaz yolların və
yoldəyişdirici qurğuların olduğu yerlərdə
qatarların hərəkətini dayandırmaq, yaxud həmin
yerlərdə hərəkət sürətini
məhdudlaşdırmaq, hərəkət qatarlarını
istismardan kənar etmək;
hərəkət
təhlükəsizliyini təmin etməyən
qurğuların çatışmazlıqları aradan
qaldırılanadək onların istifadə olunmasını
qadağan etmək.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
07 noyabr
2002-ci il tarixli 173 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹11 ,
maddə 675)
2.
11 avqust
2003-cü il tarixli 104 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹ ,
maddə 460)
3.
4 oktyabr 2005-ci il tarixli 179 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2005-ci il, ¹ 10, maddə 973)
4.
30 iyun 2006-cı il tarixli 160 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, ¹ 6, maddə 584
5. 8 oktyabr
2007-ci il tarixli 161 nömrəli
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə
1021)
QANUNA EDİLMİŞ DƏYİŞİKLİK
VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5
fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
144)
ilə "Nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət Qaydaları"nın
4.1-ci bənddə, 4.3-cü bəndin birinci, ikinci və üçüncü
abzaslarında, 4.4-cü bəndin birinci və ikinci
abzaslarında, 4.5-ci bənddə, 4.6-cı və 4.8-ci
bəndlərin birinci abzaslarında və 4.9-cu bənddə
(hər iki halda) ismin müvafiq hallarında «Azərbaycan Respublikasında mülki aviasiyanı
idarə edən dövlət orqanı» sözləri ismin
müvafiq hallarında «Azərbaycan
Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyası» sözləri ilə əvəz edilmişdir.
4
sentyabr 2009-cu il tarixli 132
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹9, maddə
736) ilə "Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Qaydaları"nın 1.4-cü
və 1.9-cu bəndlərinin birinci abzasında
"Azərbaycan Dövlət Dəmir Yolu", 1.7-ci
bəndin dördüncü abzasında "Azərbaycan Dövlət Dəmir Yolunun", 1.8-ci
bəndinin birinci abzasında "Azərbaycan
Dövlət Dəmir Yolu", 1.9-cu bəndinin
üçüncü abzasında "Dövlət Dəmir Yolunun", 1.10-cu
bəndində "Dəmir
Yolunun", 1.11-ci bəndinin ikinci abzasında "Dövlət Dəmir Yolu",
1.12-ci bəndinin birinci və ikinci abzaslarında "Dövlət Dəmir Yolunun"
sözləri ismin müvafiq hallarında "Azərbaycan Dəmir Yolları" Qapalı
Səhmdar Cəmiyyəti" sözləri ilə
əvəz edilmişdir.
[2] 21
aprel 2015-ci il tarixli 115
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Azərbaycan”
qəzeti, 03 may 2015-ci il, ¹ 94, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2015-ci il, ¹5, maddə 607) ilə “Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Qaydaları”nın 2.2-ci
bəndində “texniki
nəzarətetmə vasitələrinin” sözləri “xüsusi texniki vasitələrinin” sözləri ilə
əvəz edilmişdir.
[3] 22
sentyabr 2016-cı il tarixli 360 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti 30 sentyabr
2016-cı il, ¹ 214, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 9,
maddə 1585) ilə “Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Qaydaları”nın 2.3.2-ci
yarımbəndinin üçüncü abzasında “milli təhlükəsizlik”
sözləri “dövlət
təhlükəsizliyi və xarici kəşfiyyat”
sözləri ilə əvəz edilmişdir.
[4] 11 avqust
2003-cü il tarixli 104 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 8,
maddə 460) ilə "Nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət Qaydaları"nın
2.4-cü bəndində "Azəravtonəqliyyat" Dövlət
Konserni" sözləri "Azərbaycan Respublikasının
Nəqliyyat Nazirliyi" sözləri ilə əvəz
edilmişdir.
21 yanvar 2019-cu il tarixli 11 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 23 yanvar 2019-cu il, ¹
17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu
il, ¹ 01, maddə 155) ilə “Nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət Qaydaları”nın
2.4-cü bəndinin birinci abzasında “Nəqliyyat Nazirliyi” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi” sözləri ilə, 3.1-ci bəndinin birinci
abzasında “Dövlət
Dəniz Administrasiyası” sözləri “Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi yanında Dövlət Dəniz Agentliyi”
sözləri ilə, 4.1-ci bəndində, 4.3-cü
bəndinin birinci, ikinci və üçüncü
abzaslarında, 4.4-cü bəndinin birinci və ikinci
abzaslarında, 4.5-ci bəndində, 4.6-cı, 4.7-ci, 4.8-ci
bəndlərinin birinci abzaslarında ismin müvafiq
hallarında “Dövlət
Mülki Aviasiya Administrasiyası” sözləri ismin
müvafiq hallarında “Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında
Dövlət Mülki Aviasiya Agentliyi” sözləri ilə
əvəz edilmişdir.
[5]
21 avqust 2013-cü il tarixli 225
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Azərbaycan”
qəzeti, 6 sentyabr 2013-cü il, ¹ 195, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 08,
maddə 1023) ilə “Nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət Qaydaları”nın
2.5-ci bəndinin ikinci abzasında “dövri” sözü “qanunla
müəyyən edilmiş hallarda” sözləri ilə
əvəz edilmişdir.
[6] 7 fevral 2008-ci il tarixli 35 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 2, maddə 116) ilə «Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Qaydaları»na yeni məzmunda
2.10-cu bənd əlavə
edilmişdir.
[7]
07 noyabr 2002-ci il tarixli 173
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹11 , maddə 675) ilə Nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət
"Qaydaları"nın 2.10-cu və 2.11-ci bəndləri
çıxarılmışdır.
[8] 11 avqust
2003-cü il tarixli 104 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, N 8,
maddə 460) ilə "Nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət
Qaydaları"nın 3.1-ci
bəndində "Azərbaycan Dövlət Xəzər Dəniz
Gəmiçiliyinin müvafiq şöbə və
xidmətləri" sözləri "Azərbaycan
Respublikasının Nəqliyyat Nazirliyi" sözləri
ilə əvəz edilmişdir.
30 iyun 2006-cı il tarixli 160 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2006-cı il, N 6, maddə 584) ilə “Nəqliyyat vasitələrinin təhlükəsiz
hərəkətinin təmin edilməsinə nəzarət
Qaydaları”nın 3.1-ci bəndində “Nəqliyyat Nazirliyi”
sözləri “Nazirlər Kabineti yanında Dövlət
Dəniz Administrasiyası” sözləri ilə əvəz
edilmişdir.
8 oktyabr 2007-ci il tarixli 161 nömrəli Azərbaycan
Respublikasının Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 10, maddə 1021) ilə 3.1-ci bəndindən "Nazirlər Kabineti
yanında" sözləri
çıxarılmışdır.
[9]
4 oktyabr 2005-ci il tarixli 179 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, N 10, maddə
973) ilə 4.3-cü bənddə "Azərbaycan Respublikasının Hava
Məcəlləsini" sözləri "Azərbaycan
Respublikasının "Aviasiya haqqında" Qanununu" sözləri ilə əvəz edilmişdir.
[10] 24 mart 2020-ci il tarixli 110 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 371) ilə “Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Qaydaları”nın 4.5-ci
bənddə “təmin
olunmasına nəzarəti” sözləri “təmin edilməsi sahəsində dövlət
nəzarətini” sözləri ilə əvəz
edilmişdir.
[11]
5 fevral 2009-cu il tarixli 21 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹02, maddə
144) ilə "Nəqliyyat
vasitələrinin təhlükəsiz hərəkətinin
təmin edilməsinə nəzarət
Qaydaları"nın 4.7-ci
bəndin birinci abzasında «Azərbaycan
Respublikasında mülki aviasiyanı nizama salan dövlət
orqanı» sözləri «Azərbaycan
Respublikasının Dövlət Mülki Aviasiya
Administrasiyası» sözləri ilə əvəz
edilmişdir.
[12] 24 mart 2020-ci il tarixli 110 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 3, maddə 371) ilə “Nəqliyyat vasitələrinin
təhlükəsiz hərəkətinin təmin
edilməsinə nəzarət Qaydaları”nın 4.8-ci
bəndin b) yarımbəndi aşağıdakı redaksiyada
verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
b)
Əgər Azərbaycan Respublikasının hava
nəqliyyatını istismar edən aviasiya
şirkətləri və mülki aviasiya subyektləri
istismarçı şəhadətnaməsinin (sertifikatının)
və fəaliyyətə müvafiq olması haqqında
şəhadətnamənin (sertifikatın) xüsusi istismar
tələblərini yerinə yetirmirsə və ya yerinə
yetirmək iqtidarında deyilsə, onların
fəaliyyətini dayandırır
(məhdudlaşdırır).