Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə qaydaları, normaları və istifadə müddətlərinin təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 28 sentyabr tarixli, 241 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə qaydaları, normaları və istifadə müddətləri təsdiq edilsin (əlavə edilir).

2. Müəyyən edilsin ki, ədliyyə orqanları işçilərinə geyim formalarının alınması üçün lazım olan vəsait Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin saxlanılması üçün büdcədə müvafiq xərc yarımmaddəsində nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış formaya uyğun olaraq, bu qərarla təsdiq edilmiş normalar üzrə təminatın cari ilin dekabr ayının 31-i vəziyyətinə dair hesabatı növbəti ilin fevral ayının 15-dək Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin.[1]

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

Bakı şəhəri, 27 iyul 2000-ci il

                    ¹ 131

 


 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 27 iyul tarixli, 131 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

1 NÖMRƏLİ əlavə

 

Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə

 

Qaydaları

 

 1. Bu Qaydalar «Azərbaycan Respublikasının ədliyyə orqanları işçilərinin fərqlənmə nişanları və geyim formasının təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 28 sentyabr tarixli, 241 nömrəli Sərəncamına əsasən ədliyyə orqanları işçilərinin geyim formalarının verilməsi qaydalarını müəyyən edir.

 2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi «Ədliyyə işçilərinin xüsusi rütbələri haqqında Əsasnamə»yə uyğun olaraq, rütbə dərəcələri olan ədliyyə orqanları işçilərini geyim forması ilə təmin edir.  [2]

 3. Ədliyyə orqanları işçilərinin geyim formaları dövlət büdcəsindən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə ayrılmış vəsait hesabına verilir.

 4. İşçilərin geyim formaları ilə zəruri miqdarda və ölçülər üzrə təmin olunması üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin mərkəzi aparatının maliyyə-təsərrüfat xidməti, Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin tabeliyində olan digər təşkilatların rəhbərləri, habelə müvafiq məhkəmə sədrləri Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rəhbərliyi qarşısında vəsatət qaldırırlar. Bu vəsatətə əsasən, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş qaydada geyim formalarının və fərqləndirici nişanlarının (paqonlar, emblem, ulduzlar və düymələr) hazırlanması və alınması üçün sifariş verir. Sifariş üzrə hesablaşmalar köçürmə yolu ilə həyata keçirilir.

 5. Nazirlik geyim formalarını və fərqlənmə nişanlarını müvafiq müəssisələrdən aldıqdan sonra onları ədliyyə orqanları işçilərinə müəyyən olunmuş qaydada təqdim edir.

 6. Ədliyyə orqanının işçisi təsdiq olunmuş geyim formasına uyğun olaraq onu fərdi qaydada sifariş edə bilər. Belə hallarda işçiyə Ədliyyə Nazirliyi tərəfindən formanın tikilməsi və alınması üçün yalnız nağdsız qaydada pul ayrılır, furajka və fərqləndirici nişanlar isə yalnız Ədliyyə Nazirliyinin sifarişi əsasında hazırlanır. [3]

 7. Ədliyyə orqanları işçilərinin geyim formaları predmetlərinin qeydi, işçiyə geyim formaları və ya nağd pul vəsaitlərinin verildiyi gündən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin maliyyə-təsərrüfat xidməti tərəfindən müəyyən olunmuş qaydada aparılır. [4]

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       22 may 2006-cı il tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 470)

2.       15 yanvar 2010-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 01, maddə 55)

3.       26 may 2017-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 996)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 15 yanvar 2010-cu il tarixli 9 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-cu il, ¹ 01, maddə 55) ilə yeni məzmunda 3-cü bənd əlavə edilmişdir və 3-cü bənd 4-cü bənd hesab edilmişdir.

 

[2] 22 may 2006-cı il tarixli 127 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, ¹ 5, maddə 470) ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 27 iyul tarixli 131 nömrəli qərarının 1 saylı Əlavəsinin 2-ci bəndində “rütbə dərəcələri” sözləri “xüsusi rütbələri” sözləri ilə əvəz edilmişdir.

 

[3] 26 may 2017-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 996) ilə “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə Qaydaları”nın  6-cı hissənin ikinci cümləsində “nağd” sözü “yalnız nağdsız qaydada” sözləri ilə əvəz edilmişdir.

 

[4] 26 may 2017-ci il tarixli 225 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 31 may 2017-ci il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 5, maddə 996) ilə “Azərbaycan Respublikası ədliyyə orqanları işçilərinin geyim formalarının verilmə Qaydaları”nın 7-ci hissədən “nağd” sözü çıxarılmışdır.