AZƏRBAYCAN RESPUBLİKASININ GÖMRÜK MƏCƏLLƏSİ

 

Azərbaycan Respublikasının Gömrük Məcəlləsi (bundan sonra - Məcəllə) Azərbaycan Respublikasında gömrük işinin hüquqi, iqtisadi və təşkilati əsaslarını, o cümlədən Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən, bu ərazidən aparılan, tranzitlə keçirilən mallara və nəqliyyat vasitələrinə tətbiq edilən ümumi qaydaları və prosedurları, gömrük işi sahəsində şəxslərin hüquqlarını və vəzifələrini müəyyənləşdirir.

 

Ümumİ hİssə

 

I Bölmə

Ümumİ müddəalar

 

fəsİl 1

Əsas müddəalar

 

Maddə 1. Bu Məcəllədə istifadə olunan əsas anlayışlar

 

1.0. Bu Məcəllənin məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur:

1.0.1. bəyanetmə Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi;

1.0.2. bəyannaməçi – gömrük bəyannaməsini təqdim edən və ya adından gömrük bəyannaməsi verilən şəxs;

1.0.3. daxildə emal – müəyyən malların emal əməliyyatları aparıldıqdan sonra ixrac edilməsi məqsədi ilə Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra - gömrük ərazisi) gömrük rüsumları və vergilər alınmadan gətirilməsindən ibarət xüsusi gömrük proseduru;

1.0.4. daxili mallar – Azərbaycan Respublikasında tamamilə istehsal olunmuş, yaxud emala məruzqalma meyarlarına uyğun olaraq kifayət qədər emal edilmiş və ya sərbəst dövriyyə üçün buraxılmış mallar;

1.0.5. daşıyıcı – malları gömrük sərhədindən faktiki keçirən və (və ya) malları gömrük nəzarəti altında daşıyan, yaxud nəqliyyat vasitələrindən istifadəyə görə məsul olan şəxs;

1.0.6. elektron sənəd – elektron informasiya sistemlərində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə təsdiq edilmiş sənəd;

1.0.7. emal əməliyyatları – quraşdırılma, yığılma və başqa mallara uyğunlaşdırılma da daxil olmaqla, malın hazırlanması; malın emalı və təkrar emalı; bərpa olunma və qaydaya salınma da daxil olmaqla, malın təmiri; emal prosesinə xidmət edən və ya bunu asanlaşdıran bəzi mallardan tamamilə və ya qismən istifadə olunması;

1.0.8. emal məhsulları – emal xüsusi gömrük proseduru altında yerləşdirilərək, emal əməliyyatlarından keçmiş mallar;

1.0.9. fors-major hallar – baş verməsi əvvəlcədən ehtimal edilməyən və müvafiq şəraitdə qarşısının alınmasının mümkün olmaması nəticəsində şəxslərin öz öhdəliklərini yerinə yetirməsinə maneçilik törədən, ləngidən fövqəladə hallar, təbii fəlakətlər, yaxud ictimai-siyasi hadisələr;

1.0.10. gömrük auditi – malların və nəqliyyat vasitələrinin buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünün müəyyən edilməsi, eləcə də, şəxslərin mal və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edilməsi haqqında öhdəliklərinin yerinə yetirilməsinin yoxlanılması məqsədi ilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlər;

1.0.11. gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəd;

1.0.12. gömrük dəyəri – malların “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilən dəyəri;

1.0.13. gömrük xidməti – gömrük qanunvericiliyinin tətbiqinə, habelə gömrük ödənişlərinin tutulmasına görə məsul olan dövlət xidməti;

1.0.14. gömrük nəzarəti gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər;

1.0.15. gömrük nəzarəti altında olan mallar - bu Məcəllənin tələblərinə uyğun olaraq üzərində gömrük nəzarəti başa çatmamış mallar;

1.0.16. gömrük orqanı – gömrük xidmətinin gömrük rəsmiləşdirilməsini və gömrük nəzarətini həyata keçirmək səlahiyyəti verilmiş inzibati bölməsi;

1.0.17. gömrük ödənişləri – bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, vergilər, gömrük yığımları, dövlət rüsumu və haqq;

1.0.18. gömrük proseduru – bu Məcəllənin müddəalarına uyğun olaraq gömrük nəzarəti altında olan mal və nəqliyyat vasitələrinin yerləşdirilə biləcəyi ixrac, təkrar ixrac, müvəqqəti ixrac, sərbəst dövriyyə üçün buraxılış, təkrar idxal və xüsusi gömrük prosedurlarından biri;

1.0.19. gömrük rəsmiləşdirilməsi – bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər;

1.0.20. gömrük rüsumları – malların gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması zamanı gömrük orqanları tərəfindən alınan gömrük ödənişlərinin bir növü;

1.0.21. gömrük sahəsi – bu Məcəlləyə uyğun olaraq müəyyən edilən gömrük sərhəd buraxılış məntəqəsi, gömrük terminalı, gömrük laboratoriyası, gömrük postu;

1.0.22. gömrük sərhədindən keçirmə – malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi (bundan sonra - qanunvericilik) ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması üzrə hərəkətlər;

1.0.23. gömrük tarifi gömrük sərhədindən keçirilən mallara tətbiq edilən və xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq sistemləşdirilmiş gömrük rüsumu dərəcələrinin məcmusu;

1.0.24. gömrük təminatı – gömrük nəzarəti və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə gömrük orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;

1.0.25. göndərən gömrük orqanı – tranzit xüsusi gömrük prosedurunun başlandığı gömrük orqanı;

1.0.26. hasilat norması – emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların emalı nəticəsində alınan məhsulların müəyyən miqdarı və ya faizi;

1.0.27. xaricdə emal – gömrük ərazisində sərbəst dövriyyədə olan mallarla emal əməliyyatlarının aparılması məqsədi ilə onların gömrük ərazisindən müvəqqəti aparılması və sonradan idxal gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla geri qaytarılmasından ibarət xüsusi gömrük proseduru;

1.0.28. xarici mallar – bu Məcəllənin 1.0.4-cü maddəsində göstərilənlərdən başqa, digər mallar və ya daxili mal statusunu itirmiş mallar;

1.0.29. idxalatçı – malları idxal edən şəxs;

1.0.30. ixracatçı – malları ixrac edən şəxs;

1.0.31. qeyri-rezidentlər bu Məcəllənin 1.0.44-cü maddəsinin şamil edilmədiyi şəxslər;

1.0.32. mal sahibi – mallar barəsində öz adından sərəncam vermək səlahiyyəti olan şəxs;

1.0.33. malın mənşə ölkəsi – gömrük tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud ticarətə aid başqa tədbirlərin tətbiqi üçün nəzərdə tutulmuş meyarlara uyğun olaraq, malın tamamilə istehsal və ya kifayət qədər emal edildiyi ölkə;

1.0.34. mallar – gömrük sərhədindən keçirilən valyuta, valyuta sərvətləri, qaz, neft, elektrik enerjisi də daxil olmaqla, istənilən daşınar əmlak, o cümlədən bu Məcəllənin 1.0.42-ci maddəsində qeyd edilən nəqliyyat vasitələri istisna olmaqla, nəqliyyat vasitələri;

1.0.35. malların buraxılışı – malların yerləşdirildiyi gömrük proseduru nəzərə alınmaqla, onların gömrük orqanları tərəfindən şəxsin istifadəsinə və ya sərəncamına verilməsi;

1.0.36. malların gömrük orqanına təqdim olunması – malların gömrük orqanının yerləşdiyi yerə, yaxud gömrük orqanı tərəfindən müəyyən edilmiş digər yerə çatdırılması və həmin mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük orqanına verilməsi;

1.0.37. malların gömrük statusu – malların xarici və yaxud daxili mallara aid edilməsi;

1.0.38. malların yoxlanması – malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanması üzrə gömrük orqanları tərəfindən yerinə yetirilən hərəkətlər;

1.0.39. müşayiət olunan baqaj – gömrük sərhədindən sərnişinlərin özləri tərəfindən keçirilən mallar;

1.0.40. müşayiət olunmayan baqaj – sərnişinlərə məxsus olan, gömrük sərhədindən nəqliyyat və ya poçt təşkilatı tərəfindən qaimə əsasında keçirilən mallar;

1.0.41. nəqliyyat sənədləri – malların və nəqliyyat vasitələrinin daşınması zamanı qanunvericilikdə və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə (bundan sonra - beynəlxalq müqavilələr) nəzərdə tutulmuş beynəlxalq avtomobil qaiməsi, dəmiryol qaiməsi, baqaj cədvəli, baqaj qəbzi, aviaqaimə, konosament, habelə malların boru kəmərləri və elektrikötürücü xətləri vasitəsilə nəqlində istifadə olunan digər müşayiət sənədləri;

1.0.42. nəqliyyat vasitələri – sərnişinlərin və yüklərin beynəlxalq daşınması üçün istifadə olunan hava, dəmiryol, dəniz, daxili su, avtomobil nəqliyyatı vasitələri, o cümlədən konteynerlər və digər nəqliyyat avadanlığı;

1.0.43. prosedur sahibi – gömrük bəyannaməsini hazırlayan və ya adından gömrük bəyannaməsi hazırlanan şəxs, yaxud həmin şəxsin gömrük proseduru ilə bağlı hüquq və öhdəliklərinin ötürüldüyü şəxs;

1.0.44. rezidentlər – qanunvericiliyə müvafiq olaraq yaradılmış və Azərbaycan Respublikasında yerləşən hüquqi şəxslər və digər idarə, müəssisə və təşkilatlar, Azərbaycan Respublikasında uçota alınmış hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər, Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan şəxslər;

1.0.45. risk – gömrük qanunvericiliyinin tələblərinin yerinə yetirilməməsi ehtimalı;

1.0.46. səlahiyyətli iqtisadi operator – Ümumdünya Gömrük Təşkilatının normaları və standartlarına uyğun olaraq, gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edilməsinə bu Məcəlləyə əsasən səlahiyyət verilmiş hüquqi şəxs;

1.0.47. sərbəst dövriyyə üçün buraxılış – qanunvericilikdə nəzərdə tutulmuş bütün gömrük rüsumları və vergilər ödənildikdən və lazımi gömrük rəsmiləşdirilməsi yerinə yetirildikdən sonra gətirilən malların gömrük ərazisində sərbəst dövriyyəyə buraxılmasından ibarət gömrük proseduru;

1.0.48. sərbəst zona – gömrük ərazisinin, gətirilən mallara gömrük rüsumlarının və vergilərin, habelə ticarət siyasəti tədbirlərinin tətbiq olunmayan hissəsi;

1.0.49. şəxsi əşyalar – fiziki şəxsin fərdi istifadəsi üçün zəruri olan əşyalar;

1.0.50. şəxslər - hüquqi şəxslər və fiziki şəxslər;

1.0.51. şərti buraxılış – mallardan və nəqliyyat vasitələrindən istifadə və onlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət edəcəyi haqqında şəxsin öhdəlikləri ilə müşayiət olunan buraxılış;

1.0.52. tarif kvotası – idxal edilən ayrı-ayrı malların müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş miqdarına (dəyərinə) qanunvericilikdə nəzərdə tutulduğundan daha aşağı idxal gömrük rüsumunun və həmin miqdardan (dəyərdən) artıq olan hissəsinə daha yüksək idxal gömrük rüsumunun tətbiqini nəzərdə tutan müddətli tənzimlənmə üsulu;

1.0.53. təyinat gömrük orqanı tranzit xüsusi gömrük prosedurunun başa çatdığı gömrük orqanı;

1.0.54. ticarət siyasəti tədbirləri – Ümumdünya Ticarət Təşkilatının qərarlarının tətbiq olunmasının bir hissəsi kimi, malların idxalı və ixracını qanunvericiliklə müəyyən olunmuş formada tənzimləyən qeyri-tarif tədbirləri;

1.0.55. tranzit – malların gömrük nəzarəti altında bir gömrük orqanından digər gömrük orqanına daşınmasından ibarət xüsusi gömrük proseduru;

1.0.56. vergilər – malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar alınması gömrük orqanlarına həvalə olunmuş əlavə dəyər vergisi, yol vergisi və aksizlər.

 

Maddə 2. Gömrük işi və gömrük tənzimlənməsi

 

2.1. Gömrük işi - gömrük sərhədindən keçirilən mallar və nəqliyyat vasitələri barəsində gömrük-tarif tənzimlənməsi tədbirlərindən, xarici ticarətin iştirakçıları tərəfindən gömrük qanunvericiliyi ilə müəyyənləşdirilmiş qadağalara və məhdudiyyətlərə riayət olunmasını təmin edən üsullar toplusundan, gömrük siyasətinin həyata keçirilməsinin digər vasitələrindən ibarətdir.

2.2. Gömrük tənzimlənməsi - gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirmək hüququndan istifadə edən şəxslərin riayət etməli olduğu norma və qaydaların müəyyən olunmasıdır.

2.3. Gömrük tənzimlənməsi gömrük qanunvericiliyinə və xarici ticarətin dövlət tənzimlənməsinə dair qanunvericiliyə, beynəlxalq müqavilələrə uyğun olaraq həyata keçirilir.

2.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirir.

2.5. Azərbaycan Respublikası gömrük işi sahəsində qanunvericiliyinin və bu sahədə təcrübənin beynəlxalq hüququn normalarına və ümumi qəbul olunmuş beynəlxalq təcrübəyə uyğunlaşdırılması məqsədi ilə gömrük tənzimlənməsi sahəsində beynəlxalq əməkdaşlıqda iştirak edir.

 

Maddə 3. Gömrük ərazisi və gömrük sərhədi

 

3.1. Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir.

3.2. Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi (o cümlədən, orada yerləşən adalar, süni adalar, qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir.

3.3. Gömrük ərazisində bu Məcəllədə müəyyən edilmiş qaydada sərbəst zonalar yaradıla bilər.

3.4. Gömrük ərazisinin hüdudları, həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir.

3.5. Sərbəst zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.

 

Maddə 4. Gömrük qanunvericiliyi

 

4.1. Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundan, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.[1]

4.2. Aşağıdakılar istisna olunmaqla, gömrük qanunvericiliyindən başqa digər qanunvericilik aktlarına gömrük ödənişləri və gömrük nəzarəti məsələləri daxil edilə bilməz:

4.2.1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük münasibətlərinə aid inzibati xətalar haqqında müddəalar;

4.2.2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulan müvafiq cinayətlər haqqında müddəalar;

4.2.3. büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı müddəalar;

4.2.4. hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən olan digər sazişlərdə və ya qanunlarda nəzərdə tutulan müddəalar;

4.2.5. ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunlarda nəzərdə tutulan müddəalar;

4.2.6. “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş müddəalar.[2]

4.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə daha artıq müddət müəyyən edilməyibsə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi aktda onun dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə mindiyi göstərilməlidir. Müstəsna hallarda, beynəlxalq təşkilatların dərhal məlumatlandırılması şərti ilə, xarici ticarət fəaliyyətini tənzimləyən normativ hüquqi akt onda nəzərdə tutulmuş müddətdə qüvvəyə minə bilər.

4.4. Bu Məcəllə qüvvəyə minənədək və ya sonra qanunla təsdiq olunmuş hasilatın pay bölgüsü haqqında, əsas boru kəməri haqqında və bu qəbildən olan digər sazişlərin və ya qanunların, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti və xüsusi iqtisadi zonalar haqqında qanunların müddəaları bu Məcəllədə və gömrük işi üzrə başqa normativ hüquqi aktlarda nəzərdə tutulmuş müddəalardan fərqləndikdə, həmin sazişlərin və ya qanunların müddəaları tətbiq edilir.

4.4-1. Ələt azad iqtisadi zonasında gömrük nəzarəti, gömrük ödənişlərinin ödənilməsi qaydası (o cümlədən gömrük ödənişlərindən azadolmalar və həmin ödənişlərlə bağlı güzəştlər) ilə bağlı məsələlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.[3]

4.5. Gömrük qanunvericiliyi müvafiq icra hakimiyyəti orqanının rəsmi internet saytında da yerləşdirilməlidir.

 

Maddə 5. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları

 

5.1. Müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikası Prezidentinin aktları ilə nəzərdə tutulmuş hallarda və hədlərdə, yalnız Azərbaycan Respublikası Prezidentinin aktları ilə onların səlahiyyətlərinə aid edilmiş məsələlər üzrə normativ hüquqi aktları qəbul edirlər.

5.2. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları, həmin aktlarda qüvvəyə minmənin daha gec müddəti nəzərdə tutulmadıqda, Hüquqi Aktların Dövlət Reyestrinin elektron variantında dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

5.3. Müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktları onun rəsmi internet saytında da yerləşdirilməlidir.

 

Maddə 6. Gömrük orqanları və onların fəaliyyəti

 

6.1. Azərbaycan Respublikasında gömrük işi gömrük orqanları tərəfindən yerinə yetirilir.

6.2. Gömrük xidmətinin inzibati bölməsi olan və vahid sistem təşkil edən gömrük orqanları hüquq mühafizə orqanlarıdır.

6.3. Gömrük orqanlarının fəaliyyəti qanunun aliliyi, insan hüquqlarının və azadlıqlarının qorunması, şəxslərin qanun qarşısında hüquq bərabərliyi, aşkarlıq, peşəkarlıq, xidmətdə nizam-intizam prinsiplərinə əsaslanır.

6.4. Gömrük orqanları öz fəaliyyətlərində gömrük qanunvericiliyini rəhbər tuturlar.

6.5. Qanunvericilikdə nəzərdə tutulan hallar istisna edilməklə, heç bir dövlət orqanı tərəfindən gömrük orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə qərarlar qəbul edilə, yaxud dəyişdirilə, funksiyaları yerinə yetirilə, fəaliyyətinə digər formada müdaxilə oluna bilməz.

 

Maddə 7. Gömrük orqanlarının vahid sistemi

 

7.1. Gömrük orqanlarının vahid sisteminə aşağıdakılar daxildir:

7.1.1. müvafiq icra hakimiyyəti orqanının aparatı;

7.1.2. ərazi gömrük idarələri;

7.1.3. ixtisaslaşdırılmış gömrük idarələri;

7.1.4. gömrük postları.

7.2. Müvafiq icra hakimiyyəti orqanının Əsasnaməsi və onun strukturu müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

7.3. Müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnamələrə uyğun fəaliyyət göstərirlər.

7.4. Müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan gömrük orqanlarının yaradılması, yenidən təşkili və ləğvi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

 

Maddə 8. Gömrük orqanlarının vəzifələri

 

8.0. Gömrük orqanlarının vəzifələri aşağıdakılardır:

8.0.1. Azərbaycan Respublikasının gömrük siyasətinin formalaşdırılmasında iştirak və bu siyasətin həyata keçirilməsini təmin etmək;

8.0.2. icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş qanunvericilik aktlarına riayət olunmasını təmin etmək;

8.0.3. bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması hallarının qarşısını almaq və müvafiq araşdırmalar aparmaq;

8.0.4. qanunvericilikdə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının iqtisadi və milli təhlükəsizliyini təmin etmək;

8.0.5. gömrük nəzarətini və rəsmiləşdirilməsini həyata keçirmək və təkmilləşdirmək;

8.0.6. mallar və nəqliyyat vasitələri gömrük sərhədindən keçirilərkən gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi qaydalarına riayət olunmasını təmin etmək;

8.0.7. gömrük rüsumlarını, müvafiq vergiləri və digər gömrük ödənişlərini almaq;

8.0.8. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin sürətləndirilməsi üçün əlverişli şərait yaratmaq;

8.0.9. gömrük sərhədindən keçirilən mallar barəsində ticarət siyasəti tədbirlərinin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;

8.0.10. gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının, silahların, ozondağıdıcı maddələrin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq;

8.0.11. Azərbaycan Respublikasının dəmiryol vağzallarında, dəniz, çay limanlarında, habelə digər yerlərdə beynəlxalq nəqliyyat vasitələrinin fəaliyyətinə qanunsuz müdaxilənin qarşısının alınmasında və beynəlxalq terrorçuluqla mübarizədə digər hüquq mühafizə orqanlarına yardım göstərmək;

8.0.12. milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması sahəsində tədbirlərin həyata keçirilməsində müvafiq dövlət orqanlarına yardım göstərmək;

8.0.13. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində bioloji sərvətlərdən səmərəli istifadə edilməsi və qorunması üzrə dövlət siyasətinin həyata keçirilməsində iştirak, onlar gömrük sərhədindən keçirilərkən qanunvericiliyin tələblərinin yerinə yetirilməsi üzərində nəzarəti təmin etmək;

8.0.14. insan alverçilərinin, habelə insan alveri qurbanlarının gömrük sərhədindən keçməsinin qarşısını qanunvericilikdə nəzərdə tutulmuş qaydada almaq;

8.0.15. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasını və xüsusi gömrük statistikasını beynəlxalq standartlara və təcrübəyə uyğun aparmaq və təkmilləşdirmək;

8.0.16. gömrük ərazisinə gətirilən mallara münasibətdə istehlakçılarının hüquqlarının müdafiəsi üzrə tədbirlərin həyata keçirilməsinə müvafiq dövlət orqanlarına yardım göstərmək;

8.0.17. gömrük işini həyata keçirərkən şəxslərin hüquqlarının və maraqlarının qorunması üzrə tədbirlər görmək;

8.0.18. milli və xarici valyutanın, digər valyuta sərvətlərinin gömrük sərhədindən müvafiq qanunvericiliyə uyğun olaraq keçirilməsinə nəzarət etmək, habelə bu Məcəllə ilə müəyyənləşdirilmiş hallarda valyuta nəzarətini həyata keçirmək;

8.0.19. gömrük işi ilə əlaqədar beynəlxalq müqavilələrin layihələrinin işlənib hazırlanmasında iştirak, orada nəzərdə tutulmuş beynəlxalq öhdəliklərin yerinə yetirilməsini təmin etmək;

8.0.20. qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixrac nəzarətini həyata keçirmək;

8.0.21. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən mallar üzərində qanunvericiliyə uyğun olaraq baytarlıq, fitosanitar və sanitariya nəzarətini həyata keçirmək;

8.0.22. beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə dövlət sərhədinin buraxılış məntəqələrində qanunvericiliyə uyğun olaraq İcazə blanklarını vermək;[4]

8.0.23. gömrük işi sahəsində yeni informasiya sistemlərinin və texnologiyalarının layihələrinin hazırlanmasını və tətbiqini təmin etmək;

8.0.24. müasir texnologiyalardan və avadanlıqdan istifadə etməklə, gömrük işi sahəsində riskləri idarəetmə sistemi əsasında gömrük nəzarətini təkmilləşdirmək;

8.0.25. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar müvafiq tədbirlər görür;

8.0.26. gömrük işi sahəsində elmi tədqiqatlar aparmaq və bu sahəyə aid məsləhətlər vermək;

8.0.27. dövlət orqanlarına, hüquqi və fiziki şəxslərə gömrük məsələləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada məlumatlar vermək;

8.0.28. dövlət orqanları ilə, xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla məlumatların elektron formada mübadiləsini həyata keçirmək;

8.0.29. müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada malların idxalı və ixracı barədə məlumatların digər dövlətlərin gömrük xidmətləri ilə elektron formada mübadiləsi, gömrük rəsmiləşdirilməsi və nəzarəti müddətinin mümkün qədər qısaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin kompleks idarə edilməsində iştirak etmək yolu ilə beynəlxalq ticarətin asanlaşdırılmasına şərait yaratmaq;

8.0.30. beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə xarici ticarətin iştirakçıları və səlahiyyətli iqtisadi operatorlarla tərəfdaşlıq əlaqələri yaratmaq;

8.0.31. digər dövlət orqanları ilə əməkdaşlıq etmək, həmçinin müvafiq məqsədlərə nail olmaq üçün qanunvericilikdə nəzərdə tutulmuş hallarda onların fəaliyyətini əlaqələndirmək;

8.0.32. qanunvericiliklə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

 

Maddə 9. Gömrük orqanlarının hüquqları

 

9.0. Bu Məcəllə və digər qanunvericiliklə həvalə olunmuş vəzifələrini yerinə yetirmək üçün gömrük orqanları aşağıdakı hüquqlara malikdirlər:

9.0.1. gömrük qanunvericiliyinə riayət olunması məqsədi ilə müvafiq tədbirlər həyata keçirmək;

9.0.2. bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına əsasən gömrük orqanlarına təqdim olunması nəzərdə tutulan sənəd və məlumatları şəxslərdən tələb etmək;

9.0.3. gömrük orqanlarına təqdim edilən məlumatların, sənədlərin və bəyannamələrin düzgünlüyünü araşdırmaq;

9.0.4. şəxslərin xarici ticarət əməliyyatlarının gömrük auditini aparmaq;

9.0.5. dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin sənədlərini, o cümlədən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarını (şəhadətnamələrini), “Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişi, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədləri qanunvericiliyə uyğun olaraq yoxlamaq;[5]

9.0.6. malların və nəqliyyat vasitələrinin buraxılışından sonra şəxslərin bunlar barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsini yoxlamaq, gömrük prosedurlarına nəzarəti həyata keçirmək, hüquqpozmaların operativ surətdə qarşısını almaq, əməliyyat-axtarış fəaliyyətini sürətləndirmək və digər məqsədlər üçün gömrük orqanlarının sistemi daxilində mobil qruplar təşkil etmək;

9.0.7. təhqiqatı və istintaqı gömrük orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək;

9.0.8. cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhqiqat və ibtidai istintaq aparmaq;

9.0.9. müvafiq qanunvericiliyə uyğun olaraq inzibati xətalarla bağlı işlər üzrə icraatı aparmaq, bu işlərə baxmaq və inzibati xətalar törətmiş şəxsləri məsuliyyətə cəlb etmək;

9.0.10. gömrük işi sahəsində cinayətlərin qarşısını almaq, belə cinayətləri törətmiş, habelə onların törədilməsində şübhəli bilinən şəxslərin saxlanılması və ya təqib edilməsi məqsədi ilə idarə, müəssisə və təşkilatlara (xarici dövlətlərin diplomatik, konsulluq və başqa nümayəndəliklərinə, beynəlxalq təşkilatlara məxsus olan və xüsusi təyinatlı nəqliyyat, rabitə vasitələri istisna edilməklə) məxsus olan rabitə və nəqliyyat vasitələrindən son zərurət vəziyyətində istifadə etmək;

9.0.11. müstəqil surətdə, yaxud digər hüquq mühafizə orqanları cəlb edilməklə, gömrük nəzarəti zonasında rejim qaydalarına riayət olunmasına nəzarət etmək, gömrük xidmətinin infrastruktur obyektlərinin mühafizə sistemini təşkil etmək, gömrük sərhədinin qorunması məqsədi ilə başqa tədbirləri həyata keçirmək;

9.0.12. malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi, həmçinin gömrük nəzarəti altında yerləşdirilən malların daşınması, saxlanılması, onlar üzərində yük əməliyyatlarının aparılması ilə bağlı faktları və hadisələri sənədləşdirmək, audio yazılarını, video və foto çəkilişlərini aparmaq;

9.0.13. bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvədən, xüsusi vasitələrdən (o cümlədən texniki vasitələrdən) və odlu silahdan istifadə etmək;

9.0.14. öz funksiyalarını yerinə yetirmək məqsədi ilə şəxslərə gömrük qanunvericiliyinin pozulmasının aradan qaldırılması üçün yazılı formada xəbərdarlıqlar göndərmək və tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;

9.0.15. digər ölkələrin gömrük orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək;

9.0.16. gömrük rəsmiləşdirilməsinin və nəzarətinin müasir metodlarının və vasitələrinin tətbiqi məsələləri üzrə xarici ticarət iştirakçıları ilə əməkdaşlıq etmək məqsədi ilə onlarla rəsmi münasibətlər yaratmaq, məsləhətləşmələr aparmaq;

9.0.17. bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş başqa hüquqlardan istifadə etmək.

 

Maddə 10. Müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlar

 

10.1. Müvafiq icra hakimiyyəti orqanı malların gömrük ekspertizasını aparan gömrük laboratoriyaları yaradır.

10.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük işi sahəsində tədqiqatların aparılması, kadrların hazırlanması və ixtisasının artırılması məqsədi ilə elmi tədqiqat və tədris müəssisələri, gömrük fəaliyyətinin həyata keçirilməsinə yardım edən digər qurumlar yarada bilər.

10.3. Gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan gömrük laboratoriyalarının, elmi tədqiqat və tədris müəssisələrinin, digər qurumların əmlakı dövlət mülkiyyətindədir.

 

Maddə 11. Gömrük orqanlarının atributları

 

11.1. Gömrük orqanlarının bayrağı və emblemi vardır.

11.2. Bayraq və emblem gömrük orqanlarının inzibati binalarında, onlara məxsus avtonəqliyyat vasitələrində, dəniz, çay və hava gəmilərində yerləşdirilir.

11.3. Gömrük orqanlarının bayrağının və embleminin təsvirini müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 

Maddə 12. Gömrük orqanlarının digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı fəaliyyəti

 

12.1. Gömrük orqanları gömrük işi ilə əlaqədar vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə hüquq mühafizə orqanları daxil olmaqla, digər dövlət orqanları, hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərirlər.

12.2. Dövlət orqanlarının vəzifəli şəxsləri gömrük orqanları tərəfindən vəzifələrinin yerinə yetirməsinə lazımi şərait yaratmalıdırlar.

 

Maddə 13. Gömrük orqanları tərəfindən “bir pəncərə” prinsipinin tətbiqi

 

13.1. Beynəlxalq ticarətin asanlaşdırılması məqsədi ilə gömrük orqanları dövlət sərhədinin buraxılış məntəqəsində mallara baytarlıq, fitosanitar və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər nəzarət növlərini “bir pəncərə” prinsipi əsasında mümkün qədər qısa vaxtda həyata keçirirlər.

13.2. Gömrük orqanları və digər dövlət orqanları risklərin azaldılması, beynəlxalq ticarət-təchizat zəncirinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, xarici ticarətin asanlaşdırılmasına şəraitin yaradılması məqsədi ilə gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması, çıxması və tranziti ilə bağlı əldə edilən məlumatların öz aralarında və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada başqa ölkələrin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə mübadiləsini həyata keçirirlər.

 

Maddə 13-1. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün buraxılış sistemlərinin tətbiqi[6]

 

13-1.1. Gömrük sərhəd buraxılış məntəqələrindən keçirilən malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi məqsədi ilə qısa idxal bəyannaməsi əsasında malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə buraxılmasının yaşıl, mavi, sarı və qırmızı dəhliz buraxılış sistemləri tətbiq olunur.

13-1.2. Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə qaydaları, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[7]

 

Maddə 14. Gömrük orqanlarının beynəlxalq əməkdaşlığı

 

14.1. Gömrük orqanları öz funksiyalarını həyata keçirərkən beynəlxalq müqavilələrə uyğun olaraq başqa dövlətlərin gömrük və digər səlahiyyətli dövlət orqanları ilə, habelə beynəlxalq təşkilatlarla əməkdaşlıq edirlər.

14.2. Müvafiq icra hakimiyyəti orqanının öz funksiyalarının həyata keçirilməsinin təmin edilməsi üçün mühüm əhəmiyyət kəsb edən dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrini (gömrük attaşelərini) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada təyin etmək səlahiyyəti vardır.

 

Maddə 15. Gömrük orqanlarının fəaliyyəti üçün şərait yaradılması

 

15.1. Gömrük nəzarətinin və gömrük rəsmiləşdirilməsinin gömrük orqanlarının olduğu yerdə deyil, öz ərazilərində və ya binalarında keçirilməsində maraqlı olan şəxslər gömrük orqanlarının fəaliyyəti üçün şəraitin təmin edilməsinə imkan verən hədd daxilində gömrük orqanlarına əvəzsiz istifadə üçün lazımi xidmət və məişət otaqları, avadanlıq və rabitə vasitələri verirlər.

15.2. Gömrük obyektlərinin yerləşdirilməsi üçün torpaq sahələri gömrük orqanlarının istifadəsinə torpaq qanunvericiliyinə uyğun olaraq verilir.

 

Maddə 16. Gömrük orqanlarına gömrük məqsədləri üçün verilən məlumatlar

 

16.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq dövlət orqanları, hüquqi və fiziki şəxslər tərəfindən gömrük orqanlarına verilən məlumatlardan yalnız gömrük məqsədləri üçün istifadə edilə bilər.

16.2. Gömrük orqanlarının vəzifəli şəxsləri qanunla qorunan sirləri, konfidensial məlumatları açıqlaya, şəxsi məqsədlər üçün istifadə edə bilməzlər. Bu sirlər və konfidensial məlumatlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada üçüncü şəxslərə verilir.

 

 

FƏSİL 2

GÖMRÜK ORQANLARININ HÜQUQ MÜHAFİZƏ FƏALİYYƏTİ

 

Maddə 17. Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması

 

17.1. Gömrük orqanları gömrük işi sahəsində cinayətlərə dair işlər üzrə təhqiqat və istintaq orqanlarıdır.

17.2. Gömrük orqanları tərəfindən təhqiqat və istintaqın aparılması və bu zaman yerinə yetirilən prosessual hərəkətlər Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə tənzimlənir.

 

Maddə 18. Gömrük orqanları tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılması və işlərə baxılması

 

Gömrük orqanları tərəfindən gömrük qaydaları əleyhinə olan inzibati xətalar üzrə icraatın aparılması, həmin işlərə baxılması və bu zaman yerinə yetirilən prosessual hərəkətlər, inzibati xətalar törətməyə görə tətbiq edilən inzibati tənbehin növləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə tənzimlənir.

 

Maddə 19. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti

 

19.1. Gömrük orqanları təhqiqatının və istintaqının aparılması səlahiyyətlərinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxslərin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış fəaliyyətini həyata keçirirlər.

19.2. Gömrük orqanlarının əməliyyat-axtarış fəaliyyəti Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu və əməliyyat-axtarış fəaliyyətini tənzimləyən digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

 

Maddə 20. Gömrük orqanlarının təhlükəsizliyini təmin edən tədbirlər

 

20.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin təhlükəsizliyini təmin etmək üçün gömrük orqanları qanunvericiliklə nəzərdə tutulmuş qaydada tədbirlər həyata keçirirlər.

20.2. Gömrük orqanları bu tədbirlərin həyata keçirilməsi üçün digər hüquq mühafizə orqanları, eləcə də başqa dövlətlərin gömrük xidmətləri ilə əməkdaşlıq edirlər.

 

 

II BÖLMƏ

GÖMRÜK ORQANLARININ BAŞQA ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİ

 

FƏSİL 3

GÖMRÜK TƏMSİLÇİLİYİ

 

Maddə 21. Gömrük təmsilçisi

 

21.1. Hər bir şəxs gömrük orqanları ilə münasibətlərində bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün gömrük təmsilçisi təyin edə bilər.

21.2. Gömrük təmsilçiliyi birbaşa (təmsil edilən şəxsin tapşırığı ilə onun adından və onun mənafeyi üçün), yaxud dolayı (təmsil edilən şəxsin tapşırığı ilə öz adından və onun mənafeyi üçün) ola bilər.

21.3. Gömrük təmsilçiliyi fəaliyyətini tənzimləyən qaydaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

21.4. Gömrük təmsilçisi hansı şəxsin mənafeyi üçün fəaliyyət göstərdiyini və gömrük təmsilçiliyinin birbaşa, yaxud dolayı həyata keçirildiyini gömrük orqanına bildirməlidir.

21.5. Gömrük təmsilçisi kimi fəaliyyət göstərdiyini bildirməyən, yaxud bunu bildirən, lakin müvafiq səlahiyyəti olmayan şəxs, öz adından və özünün mənafeyi üçün fəaliyyət göstərən hesab olunur.

21.6. Gömrük orqanı gömrük təmsilçiliyini birbaşa, yaxud dolayı həyata keçirən şəxsdən ona müvafiq səlahiyyətin verildiyini təsdiqləyən sənədin təqdim olunmasını tələb etməlidir.

 

Maddə 22. Gömrük brokeri

 

22.1. Gömrük brokeri malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması, yaxud tranziti ilə əlaqədar olaraq dolayı gömrük təmsilçiliyini həyata keçirən hüquqi şəxsdir.

22.2. Gömrük brokeri öz fəaliyyətini bu Məcəlləyə və müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi normativ hüquqi aktlara uyğun həyata keçirir.

22.3. Gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi həyata keçirilərkən, gömrük brokeri malları gömrük sərhədindən müstəqil keçirən şəxsin bütün vəzifələrini yerinə yetirir və onun kimi məsuliyyət daşıyır.

22.4. Gömrük brokerinin təmsil etdiyi şəxslərlə münasibətləri tərəflər arasında bağlanmış müqavilə ilə tənzimlənir.

22.5. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokerlərinin dövlət reyestrini müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara uyğun olaraq aparır, onu nəşr edir, rəsmi internet saytında yerləşdirir və müvafiq məlumatların daimi yeniləşdirilməsini təmin edir.

22.6. Şəxs gömrük brokerinin xidmətlərindən imtina edə bilər. Bu halda gömrük orqanının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin bu Məcəllənin 151-ci maddəsinə uyğun olaraq tərtib edilməsində, ona müvafiq düzəlişlər edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.

 

Maddə 23. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün lisenziya

 

23.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün müraciətlərə baxır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hüquqi şəxslərə gömrük brokeri fəaliyyəti üçün lisenziya verir.

23.2. Hər gömrük sərhəd buraxılış məntəqəsi üzrə ən azı iki hüquqi şəxsə gömrük brokeri fəaliyyəti üçün lisenziya verilməlidir.

 

Maddə 24. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi

 

Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyətinin dayandırılması və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Maddə 25. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislər

 

25.1. Müvafiq icra hakimiyyəti orqanından ixtisas attestatı almış mütəxəssislər gömrük brokeri adından gömrük rəsmiləşdirilməsi ilə əlaqədar hərəkətləri yerinə yetirmək hüququna malikdirlər.

25.2. Bu Məcəllənin 25.1-ci maddəsində göstərilən mütəxəssislər gömrük rəsmiləşdirilməsi ilə əlaqədar əməliyyatları gömrük brokerinin adından yerinə yetirdikdə, onlar gömrük brokerini təmsil edən şəxs hesab olunurlar.

25.3. Gömrük brokeri gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərin gömrük orqanları ilə münasibətlərindən irəli gələn vəzifələrini məhdudlaşdıra bilməz.

25.4. İxtisas attestatının verilməsi qaydalarını və gömrük rəsmiləşdirilməsi üçün mütəxəssislərin qarşısında qoyulan tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 26. İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi

 

İxtisas attestatlarının fəaliyyətinin dayandırılması və ləğv edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir.

 

Maddə 27. Lisenziya və ixtisas attestatlarının verilməsinə görə dövlət rüsumu və yığım

 

27.1. Gömrük brokeri fəaliyyətinə lisenziyanın verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilir.

27.2. Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə ödənilən yığımın məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

27.3. Gömrük brokeri fəaliyyətini həyata keçirmək üçün verilmiş lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisin ixtisas attestatının fəaliyyəti dayandırıldıqda və ya ləğv edildikdə, onların verilməsinə görə ödənilmiş dövlət rüsumu və yığım qaytarılmır.

 

 

FƏSİL 4

GÖMRÜK DAŞIYICISI

 

Maddə 28. Gömrük daşıyıcısı

 

28.1. Qanunvericiliyə uyğun olaraq yaradılmış və müvafiq icra hakimiyyəti orqanından gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziya almış hüquqi şəxslər gömrük daşıyıcısı ola bilərlər.

28.2. Gömrük daşıyıcısı öz fəaliyyətini bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun həyata keçirir.

28.3. Gömrük daşıyıcısının malları və onlara aid sənədləri göndərənlərlə münasibətləri müqavilə əsasında qurulur.

 

Maddə 29. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi

 

Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsi, eləcə də onun fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 30. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə dövlət rüsumu

 

30.1. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

30.2. Gömrük daşıyıcısı fəaliyyətini həyata keçirmək üçün lisenziyanın fəaliyyəti dayandırıldıqda və ya lisenziya ləğv edildikdə, onun verilməsinə görə ödənilmiş dövlət rüsumu qaytarılmır.

 

 

FƏSİL 5

SƏLAHİYYƏTLİ İQTİSADİ OPERATORLAR

 

Maddə 31. Səlahiyyətli iqtisadi operator statusu

 

31.1. Ümumdünya Gömrük Təşkilatının norma və standartlarına uyğun olaraq, səlahiyyətli iqtisadi operator - malların təyinat yerinə çatdırılmasının təhlükəsizliyinin təmin edilməsi və xarici ticarətin asanlaşdırılması məqsədilə gömrük nəzarətinin sadələşdirilmiş forma və üsullarından istifadə edən hüquqi şəxsdir.

31.2. Gömrük ərazisində təsis olunmuş və bu Məcəllədə müəyyən olunmuş şərtlərə cavab verən hüquqi şəxs səlahiyyətli iqtisadi operator statusunu almaq üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər.

31.3. Səlahiyyətli iqtisadi operatorun fəaliyyətini tənzimləyən tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

31.4. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi, müvəqqəti dayandırılması və ləğv olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

31.5. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarının sadələşdirilmiş forma və üsullarından istifadə etmək üçün səlahiyyətli iqtisadi operatora müəyyən hüquqlar verir.

31.6. Digər ölkələrin gömrük orqanları tərəfindən verilmiş səlahiyyətli iqtisadi operator statusu gömrük nəzarətinə xələl gətirməmək şərti ilə beynəlxalq müqavilə əsasında tanına bilər.

31.7. Səlahiyyətli iqtisadi operator statusu almış hüquqi şəxs sonrakı fəaliyyəti dövründə bununla bağlı müəyyən edilmiş şərtlərə əməl olunmasına mane olan və fəaliyyətinə mənfi təsir göstərən amillər barədə gömrük orqanlarına məlumat verməlidir.

 

Maddə 32. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi şərtləri

 

32.0. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi üçün şərtlər aşağıdakılardır:

32.0.1. malların təyinat yerinə çatdırılmasının Ümumdünya Gömrük Təşkilatının müəyyən etdiyi təhlükəsizlik normalarına və standartlarına uyğun olaraq təmin edilməsi imkanının mövcudluğu;

32.0.2. gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət etməsi;

32.0.3. gömrük nəzarəti baxımından əhəmiyyət kəsb edən kommersiya və nəqliyyat sənədlərinin idarə edilməsinə dair qənaətbəxş sistemin olması;

32.0.4. gömrük ödənişlərini və digər ödənişləri həyata keçirmək üçün maliyyə imkanlarının olması;

32.0.5. fəaliyyət göstərdiyi sahədə azı 2 (iki) il təcrübəsinin olması;

32.0.6. müvafiq təhlükəsizlik və mühafizə standartlarının tətbiqi imkanlarının olması;

32.0.7. informasiya mübadiləsini lazımi səviyyədə təmin edən texniki bazasının olması.

 

Maddə 32-1. Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə dövlət rüsumu[8]

 

Səlahiyyətli iqtisadi operator statusunun verilməsi haqqında qərarın qəbul edilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur.

 

 

III BÖLMƏ

GÖMRÜK İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI

 

FƏSİL 6

GÖMRÜK İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİNİN VƏ İNFORMASİYA TEXNOLOGİYALARININ TƏTBİQİ

 

Maddə 33. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə

 

33.1. Gömrük işində informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

33.2. Gömrük orqanları tərəfindən yaradılan, alınan informasiya sistemləri, informasiya texnologiyaları və onların təminat vasitələri dövlət mülkiyyətindədir.

33.3. Gömrük orqanları onların istifadəsində olmayan informasiya sistemlərindən, informasiya texnologiyalarından və onların təminat vasitələrindən müqavilə əsasında istifadə edə bilərlər.

 

Maddə 34. Gömrük prosedurlarının elektron modellərinin yaradılması və tətbiqi

 

34.0. Gömrük orqanlarında gömrük prosedurlarının elektron modellərinin yaradılması və tətbiqi ilə əlaqədar normativ hüquqi aktların layihələri hazırlanarkən aşağıdakılar nəzərə alınmalıdır:

34.0.1. bu Məcəllədə və müvafiq qanunvericilikdə nəzərdə tutulduğu hallarda, sənədlərin elektron formada təqdim edilməsi;

34.0.2. elektron və kağız üzərində yazılı formalarda sənədlər əsasında məlumatların dəqiqliyinin yoxlanılması üsullarının mövcudluğu;

34.0.3. gömrük xidmətləri, habelə onlar ilə başqa istifadəçilər arasında gömrük məqsədləri üçün informasiya mübadiləsinin elektron üsullarından istifadə edildilkdə, alınan məlumatları saxlama hüququnun olması;

34.0.4. gömrük prosedurlarının və gömrük ödənişlərinin elektron idarə edilməsi sistemlərinin yaradılması və tətbiq edilməsi.

 

Maddə 35. İnformasiya sistemlərinin, informasiya texnologiyalarının və onların təminat vasitələrinin sertifikatlaşdırılması

 

Gömrük işində tətbiq olunan informasiya sistemləri, informasiya texnologiyaları və onların təminat vasitələri, habelə informasiyanın mühafizəsi üçün istifadə olunan proqram - texniki vasitələr müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada sertifikatlaşdırılır.

 

Maddə 36. Gömrük orqanlarının informasiya ehtiyatları

 

36.1. Gömrük orqanlarının informasiya ehtiyatları gömrük əməliyyatlarını həyata keçirən şəxslərin bu Məcəlləyə və digər qanunvericilik aktlarına uyğun olaraq təqdim etdikləri sənədlər və məlumatlar əsasında formalaşdırılır.

36.2. Gömrük orqanlarının informasiya ehtiyatlarının formalaşdırılması, ondan istifadə və informasiyanın sənədləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

36.3. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə informasiyanın əldə edilməsinə qoyulmuş məhdudiyyətlər istisna edilməklə, gömrük orqanlarının sərəncamında olan informasiya ehtiyatlarına giriş açıqdır.

36.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarında istifadə üçün nəzərdə tutulan informasiya ehtiyatlarından onun vəzifəli şəxslərinin istifadəyə buraxılış dərəcəsini müəyyən edir.

 

 

FƏSİL 7

GÖMRÜK İŞİNƏ DAİR MƏLUMATLARIN MÜBADİLƏSİ VƏ MÜHAFİZƏSİ

 

Maddə 37. Məlumatların mübadiləsi

 

37.1. Gömrük orqanları ilə dövlət orqanları, səlahiyyətli iqtisadi operatorlar, sahibkarlıq subyektləri, habelə gömrük orqanlarının özləri arasında sənəd və məlumat mübadiləsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, məlumatların elektron emalı üsulları vasitəsilə həyata keçirilir.

37.2. Bu Məcəllənin 37.1-ci maddəsində göstərilən orqanlar və şəxslər arasında məlumat mübadiləsini təmin etmək məqsədilə elektron məlumat sistemi yaradılır. Bu sistem beynəlxalq standartlardan və ticarət təcrübəsindən istifadə etməklə, risklərin təhlili və gömrük nəzarətinin müvafiq qaydada tətbiq edilməsi üçün zəruri olan təfərrüatları özündə əks etdirməlidir.

 

Maddə 38. Gömrük orqanları ilə səlahiyyətli iqtisadi operatorlar arasında əlavə məlumat mübadiləsi

 

38.1. Gömrük orqanları və səlahiyyətli iqtisadi operatorlar xarici ticarətdə risklərin müəyyənləşdirilməsi və qarşısının alınması üzrə tədbirlərin hazırlanmasında əməkdaşlıq məqsədi ilə öz aralarında təqdim olunması gömrük qanunvericiliyi ilə bilavasitə tələb edilməyən məlumatların da mübadiləsini həyata keçirə bilərlər. Bu mübadilə müvafiq müqavilə əsasında həyata keçirilir və səlahiyyətli iqtisadi operatorların kompyuter şəbəkəsinə gömrük orqanları tərəfindən daxil olmaq hüququnu nəzərdə tuta bilər.

38.2. Bu Məcəllənin 38.1-ci maddəsində qeyd olunan əməkdaşlıq zamanı təqdim olunan məlumatlar, onların açıqlanması barədə tərəflərin razılığı əldə edilənədək məxfi saxlanılır.

 

Maddə 39. Gömrük orqanları tərəfindən məlumatların təqdim olunması və məsləhətvermə

 

39.1. Hər bir şəxs sorğu vermək yolu ilə bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar istisna edilməklə, gömrük qanunvericiliyinin tətbiqinə dair istədiyi məlumatı gömrük orqanlarından əldə edə bilər.

39.2. Gömrük orqanları gömrük qanunvericiliyini, ərizə formalarını və xarici ticarətə dair digər sənədləri İnternetdə yerləşdirməklə, həmin sənədlərin başqa şəxslər tərəfindən heç bir haqq ödənilmədən əldə edilməsini təmin etməlidirlər.

39.3. Gömrük orqanlarının aşkar etdiyi hüquqpozmaların araşdırılması digər hüquq mühafizə orqanlarının səlahiyyətlərinə aid olduğu hallarda, müvafiq məlumatlar və onlara dair sənədlər həmin orqanlara verilir.

39.4. Gömrük orqanları digər hüquq mühafizə orqanlarının sorğuları əsasında barəsində inzibati xətalar haqqında iş üzrə icraat və ya cinayət işi başlanmış şəxslər haqqında onlarda olan məlumatları həmin orqanlara verirlər.

39.5. Gömrük orqanlarının vəzifəli şəxsləri verdikləri məlumatların düzgünlüyünə görə cavabdehdirlər.

39.6. Gömrük orqanları gömrük işi və gömrük orqanlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə məsləhətverməni həyata keçirirlər.

 

Maddə 40. Sənədlərin və məlumatların gömrük orqanlarına təqdim olunması

 

40.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsində iştirak edən şəxslər gömrük orqanlarını bu Məcəlləyə uyğun olaraq tələb olunan bütün sənəd və məlumatlarla müəyyən olunmuş müddət ərzində təmin etməli və gömrük orqanlarının müraciəti olduqda, onlara yardım göstərməlidirlər.      

40.2. Gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni, gömrük rəsmiləşdirilməsinə dair ərizəni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir.[9]

40.3. Gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə, gömrük rəsmiləşdirilməsinə dair ərizə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir.[10]

40.4. Gömrük orqanlarının vəzifəli şəxsləri bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin, qısa idxal (ixrac) bəyannaməsinin, sadələşdirilmiş bəyannamənin, gömrük rəsmiləşdirilməsinə dair ərizənin tərtib edilməsində və malların gömrük rəsmiləşdirilməsi üzrə digər əməliyyatların həyata keçirilməsində yardım göstərməlidirlər.[11]

40.5. Bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə gömrük orqanlarına təqdim olunması nəzərdə tutulmuş sənədlər, o cümlədən gömrük bəyannamələri elektron formada təqdim oluna bilər.

40.6. Sənədlərin elektron formada təqdim olunması qaydaları “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

 

Maddə 41. Məlumatların mühafizəsi

 

41.1. Gömrük orqanları dövlət orqanlarından, hüququ və fiziki şəxslərdən, həmçinin digər ölkələrin gömrük orqanlarından əldə etdikləri məlumatlardan yalnız öz xidməti vəzifələrinin yerinə yetirilməsi məqsədi ilə istifadə edə bilərlər.

41.2. Gömrük orqanları əldə etdikləri, yaxud onlara təqdim olunan məxfi və konfidensial məlumatların mühafizəsini təmin etməlidir. Qanunla müəyyənləşdirilmiş hallar istisna edilməklə, həmin məlumatlar onları təqdim etmiş şəxsin və ya orqanın birbaşa icazəsi olmadan gömrük orqanları tərəfindən açıqlana bilməz.

41.3. Dövlət və ya kommersiya sirrindən, habelə qanunla qorunan digər konfidensial məlumatlardan qeyri-qanuni istifadə etmiş və ya onları açıqlamış gömrük orqanlarının vəzifəli şəxsləri müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

41.4. Dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə və beynəlxalq təşkilatlara verilməsi qaydası “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

41.5. Məlumat mübadiləsi prosesində iştirak edən subyektlərin hüquqlarının və məlumatların mühafizəsi gömrük orqanlarının xüsusi proqramlardan və texniki vasitələrdən istifadə etməsi yolu ilə təmin olunur.

41.6. Məlumatların mühafizə səviyyəsi onların kateqoriyasına uyğun olmalıdır. Məlumatların kateqoriyasına uyğun olaraq mühafizəsi sərəncamında informasiya ehtiyatları olan gömrük orqanları tərəfindən təmin edilməlidir.

41.7. Məlumatların mühafizəsi üçün istifadə olunan texniki vasitələrin istismarına dair tələblərə riayət olunmasına nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

41.8. Müvafiq icra hakimiyyəti orqanı bütün maraqlı şəxslərlə informasiya texnologiyalarının tətbiqi barədə mümkün qədər geniş məsləhətləşmələr həyata keçirir.

 

 

FƏSİL 8

GÖMRÜK ORQANLARININ ELEKTRON MƏLUMAT SİSTEMİ

 

Maddə 42. Ümumi müddəalar

 

42.1. Müvafiq icra hakimiyyəti orqanı məlumatların elektron qeydiyyatı, saxlanılması, mühafizəsi və mübadiləsi, o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması məqsədilə gömrük orqanlarının elektron məlumat sisteminin işlənib hazırlanmasını və istifadəsini təmin edir. [12]

42.2. Gömrük orqanları tərəfindən qeydiyyata alınan məlumatların məzmununu, onların təqdim olunma müddətlərini, mühafizəsi məsələlərini də nəzərdə tutan elektron məlumat sistemindən istifadə qaydalarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 

Maddə 43. Gömrük orqanlarının elektron məlumat sistemindən istifadə

 

Gömrük orqanlarının elektron informasiya sisteminə məlumat göndərmək və ya oradan məlumat almaq istəyən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük orqanları tərəfindən gömrük orqanlarının elektron informasiya sisteminin istifadəçisi (bundan sonra - istifadəçi) kimi təsdiq edilməlidir.

 

Maddə 44. İstifadəçilər

 

44.1. İstifadəçi olmaq üçün şəxs kağız üzərində yazılı, yaxud elektron formalarda ərizə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər sənədlərlə müvafiq icra hakimiyyəti orqanına müraciət edir.

44.2. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə bir ay müddətində baxır, bu Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq şəxsin müraciətinin təmin edilməsi və ya edilməməsi barədə qərar qəbul edir və ona müvafiq bildiriş göndərir.

44.3. Müvafiq icra hakimiyyəti orqanı müraciətin təmin edilməməsi barədə qərar qəbul etdikdə, ərizəçiyə təqdim olunan bildirişdə müraciətin təmin olunmamasının səbəbləri göstərilməlidir.

44.4. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə razı olmayan ərizəçi həmin qərardan bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

 

Maddə 45. İstifadəçilər üçün müəyyən edilmiş şərtlər

 

45.1. Müvafiq icra hakimiyyəti orqanı istifadəçi, istifadəçilər qrupu və ya bütün istifadəçilər üçün bu Məcəllənin 42.2-ci maddəsində nəzərdə tutulmuş qaydalarda göstərilən şərtlər müəyyən etmək hüququna malikdir.

45.2. Müvafiq icra hakimiyyəti orqanı bu Məcəllənin 45.1-ci maddəsində qeyd olunan şərtlər barədə aidiyyəti istifadəçiyə (istifadəçilərə) yazılı, o cümlədən elektron formada bildiriş verməlidir. İstifadəçi (istifadəçilər) tərəfindən bu Məcəllənin 45.3-cü maddəsinə uyğun olaraq şikayət verilmədiyi təqdirdə, şərtlərə aşağıdakı tarixdən əməl olunmalıdır:[13]

45.2.1. istifadəçi (istifadəçilər) üçün müəyyən edilmiş şərtlər barədə bildirişin verildiyi tarixdən etibarən iyirminci iş günündən;

45.2.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi daha sonrakı tarixdən.

45.3. Müəyyən edilmiş şərtlərlə razı olmayan istifadəçi (istifadəçilər) müvafiq icra hakimiyyəti orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

 

Maddə 46. İstifadəçinin təsdiqinin ləğvi

 

46.1. Müvafiq icra hakimiyyəti orqanı bildiriş göndərməklə, gömrük orqanlarının elektron məlumat sistemindən istifadə edən şəxsin istifadəçi kimi təsdiqini aşağıdakı hallarda ləğv edir:

46.1.1. istifadəçi bu Məcəllə ilə üzərinə qoyulmuş öhdəliklərə əməl etmədikdə;

46.1.2. istifadəçi bu Məcəllənin 45.1-ci maddəsinə uyğun olaraq müəyyənləşdirilmiş şərtləri yerinə yetirmədikdə;

46.1.3. istifadəçi gömrük orqanlarının elektron məlumat sisteminə qeyri-qanuni daxil olmağa və ya müdaxiləyə görə qanunvericilikdə nəzərdə tutulmuş qaydada təqsirli bilindikdə.

46.2. Şəxsin istifadəçi kimi təsdiqinin ləğvi barədə müvafiq icra hakimiyyəti orqanının bildirişində bunun səbəbləri göstərilməlidir.

46.3. Müvafiq icra hakimiyyəti orqanının qərarı ilə razı olmayan istifadəçi həmin qərardan bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilər.

 

Maddə 47. Məlumatların qeydiyyatı

 

47.1. Gömrük orqanları istifadəçi tərəfindən verilən və ya qəbul edilən məlumatların qeydiyyatını aparır.

47.2. Bu Məcəllənin 47.1-ci maddəsində göstərilən qeydiyyat barədə müvafiq materiallar məlumatın verilmə və ya qəbul edilmə tarixindən etibarən 3 (üç) il müddətində saxlanmalıdır.

 

 

IV BÖLMƏ

GÖMRÜK ORQANLARININ QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ

 

FƏSİL 9

GÖMRÜK ORQANLARININ QƏRARLARI

 

Maddə 48. Ümumi müddəalar

 

48.1. Gömrük orqanlarının qərarları onların öz təşəbbüsü, yaxud maraqlı şəxslərin yazılı, o cümlədən elektron formada müraciəti əsasında qəbul olunur. Həmin şəxslər gömrük orqanlarını müvafiq qərarların qəbulu üçün zəruri olan məlumatlarla təmin etməlidirlər.

48.2. Gömrük orqanlarının qərarları bir şəxs və ya şəxslər qrupu barəsində qəbul olunur.

48.3. Bu Məcəllədə başqa müddət nəzərdə tutulmadıqda, qərar şəxsin yazılı, o cümlədən elektron formada müraciəti gömrük orqanına daxil olduğu tarixdən 30 (otuz) gün ərzində qəbul edilməlidir. Qərarların qəbulu ilə əlaqədar inzibati icraat “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aparılır.

48.4. Gömrük orqanları tərəfindən qərarların qəbul edilməsi haqqında məlumatın maraqlı şəxsə (şəxslərə) və ya onların nümayəndələrinə verilməsi qaydası bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.

48.5. Gömrük orqanının qərarı şəxs (şəxslər) onu aldığı gündən qüvvəyə minir.

48.6. Gömrük orqanının qərarı yazılı formada qəbul olunur və bütün gömrük ərazisində hüquqi qüvvəyə malikdir.

48.7. Gömrük orqanları tərəfindən qərara düzəlişlərin və əlavələrin edilməsi, onun etibarsız sayılması və ləğvi qaydaları bu Məcəllə və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

48.8. Şəxsin (şəxslərin) gömrük orqanının qərarından bu Məcəllənin 10-cu fəslinə uyğun olaraq inzibati və (və ya) məhkəmə qaydasında şikayət etmək hüququ vardır.

 

Maddə 49. Şəxsin xeyrinə çıxarılmış qanuni qərarın ləğvi və ona dəyişiklik edilməsi

 

49.1. Gömrük orqanının şəxsin xeyrinə çıxardığı qərar aşağıdakı halların hamısı olduqda ləğv edilir:

49.1.1. qərar qeyri-dəqiq və ya natamam məlumat əsasında qəbul edilmişdirsə;

49.1.2. şəxs təqdim etdiyi məlumatın qeyri-dəqiq və ya natamam olduğunu bilirdi və ya bilməli idi;

49.1.3. şəxsin təqdim etdiyi məlumat düzgün və tamam olsaydı, qərar fərqli olardı.

49.2. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə tutulan ləğvetmə barədə qərar, ilkin qərar qüvvəyə mindiyi tarixdən etibarən qüvvəyə minmiş sayılır.

49.3. Şəxsin xeyrinə çıxarılan qərar onun icra edilməsi üçün orada nəzərdə tutulmuş bir və ya bir neçə öhdəliyin yerinə yetirilmədiyi təqdirdə də ləğv edilir və ya ona dəyişiklik edilir. Bir neçə şəxsin xeyrinə çıxarılmış qərar yalnız bu qərarla əlaqədar öhdəliyi yerinə yetirməyən şəxslə bağlı hissədə ləğv olunur və ya ona dəyişiklik edilir.

49.4. Barəsində qərar çıxarılmış şəxs həmin qərarın ləğv edilməsi və ya ona dəyişiklik edilməsi haqqında “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məlumatlandırılır.

 

Maddə 50. Məcburi qərarlar

 

50.1. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların təsnifatını, gömrük dəyərini, mənşə ölkəsini və gömrük ödənişlərinin məbləğini əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından məcburi olan qərarlar qəbul edirlər.

50.2. Məcburi qərar, müvafiq bildirişin və qərarın surətinin barəsində qərar çıxarılmış şəxsə təqdim olunduğu tarixdən qüvvəyə minir. Həmin tarixdən bu qərarın icrası gömrük orqanları üçün məcburidir.

50.3. Bu Məcəllənin 50.1-ci maddəsində nəzərdə tutulan qərarlar yalnız həmin qərarlar qüvvəyə mindikdən sonra gömrük rəsmiləşdirilməsi tamamlanan mallara münasibətdə gömrük orqanları üçün məcburidir.

50.4. Bu Məcəllənin 50.5-ci maddəsinə əsasən ləğv edilən qərarlar istisna olmaqla, malların təsnifatına, mənşə ölkəsinə dair məcburi qərarlar qüvvəyə mindiyi tarixdən etibarən 3 (üç) il müddətində, malların gömrük dəyərinə və gömrük ödənişlərinin məbləğinə dair məcburi qərarlar isə qüvvəyə mindiyi tarixdən etibarən 1 (bir) il müddətində qüvvədə olur.

50.5. Məcburi qərarlar aşağıdakı hallarda ləğv edilir:

50.5.1. bu Məcəllənin 49.1-ci maddəsində nəzərdə tutulmuş halda;

50.5.2. qərar qəbul edildikdən sonra malların təsnifatı, gömrük dəyəri, mənşə ölkəsi və gömrük ödənişləri ilə bağlı məsələləri tənzimləyən gömrük qanunvericiliyində qərarla ziddiyyət yaradan dəyişiklik edildikdə.

 

 

FƏSİL 10

GÖMRÜK ORQANLARININ, ONLARIN VƏZİFƏLİ ŞƏXSLƏRİNİN QƏRARLARINDAN, HƏRƏKƏTLƏRİNDƏN VƏ YA HƏRƏKƏTSİZLİYİNDƏN ŞİKAYƏTVERMƏ

 

Maddə 51. Şəxsin şikayətvermə hüququ

 

Maraqlı şəxslər hüquqlarını, azadlıqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən bu Məcəlləyə, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və digər qanunlara uyğun olaraq şikayət vermək hüququna malikdirlər.

 

Maddə 52. Şikayətin verilməsi və qərarın qəbul edilməsi qaydaları

 

52.1. Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət inzibati qaydada və (və ya) məhkəmə qaydasında verilir.

52.2. İnzibati qaydada şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilir.

52.3. Qanunvericilikdə daha qısa müddət nəzərdə tutulmamışdırsa, inzibati şikayətə ən geci 15 (on beş) gün müddətində baxılmalı və mahiyyəti üzrə qərar qəbul edilməlidir. Şikayətin araşdırılması ilə əlaqədar əlavə sənədlər və materiallar tələb olunduqda, şikayətə baxan gömrük orqanının rəhbəri tərəfindən bu müddət daha 15 (on beş) gün uzadılır.

52.4. Qərardan şikayət üzrə gömrük orqanlarının qərarı yazılı formada qəbul edilir.

52.5. Şikayətçi gömrük orqanlarının qərarı barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmalıdır. Qərar müraciət edən şəxs üçün əlverişsiz olduqda, onun qəbul edilməsinin səbəbləri yazılı formada göstərilməli və şəxsə qərarla bağlı yuxarı gömrük orqanına və ya məhkəməyə şikayət vermək hüququ haqqında məlumat verilməlidir.

52.6. Bu Məcəllənin 52.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində qərar qəbul edilmədikdə və ya şəxs qəbul edilmiş qərarla razılaşmadıqda, məhkəməyə şikayət edilə bilər.

52.7. Gömrük orqanlarının qərarlarından məhkəmə qaydasında şikayət (inzibati iddia) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada verilir.

 

 

V BÖLMƏ

GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ

 

FƏSİL 11

GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN HÜQUQİ STATUSU, DÖVLƏT VƏ SOSİAL MÜDAFİƏSİ

 

Maddə 53. Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu

 

53.1. Təhsil səviyyəsinə, peşəkarlığına, səhhətinə, işgüzar, fiziki və mənəvi keyfiyyətlərinə görə gömrük orqanlarına həvalə edilmiş vəzifələri yerinə yetirə bilən və Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilən Azərbaycan Respublikasının vətəndaşları gömrük orqanlarının vəzifəli şəxsləri ola bilərlər.

53.2. Gömrük orqanlarında ilk dəfə vəzifəyə təyin edilən Azərbaycan Respublikasının vətəndaşları aşağıdakı məzmunda and içirlər: “Mən Azərbaycan Respublikası gömrük orqanının vəzifəli şəxsinin səlahiyyətlərini həyata keçirərkən Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunvericiliyinə sözsüz riayət etməyə, Azərbaycan Respublikasının iqtisadi suverenliyini və təhlükəsizliyini müdafiə etməyə, öz xidməti vəzifələrimi vicdanla yerinə yetirməyə və gömrük xidməti intizamının tələblərinə əməl etməyə and içirəm”.

53.3. Andiçmə mərasimi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada keçirilir.

53.4. Gömrük orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr verilir. Xüsusi rütbələr və onların verilməsi qaydaları “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə ilə müəyyən edilir.

53.5. Gömrük orqanlarının vəzifəli şəxsləri üçün xüsusi geyim forması müəyyən edilir. Xüsusi geyim formasının, fərqlənmə nişanlarının təsvirini müvafiq icra hakimiyyəti orqanı, onlarla təchizat normalarını müvafiq icra hakimiyyəti orqanı, xüsusi geyim formasının daşınması qaydalarını isə müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Xüsusi geyim forması və fərqlənmə nişanları pulsuz verilir.

53.6. Bu Məcəllənin 53.4-cü və 53.5-ci maddələrinin müddəaları müvafiq icra hakimiyyəti orqanının strukturuna daxil olan digər qurumların vəzifəli şəxslərinə də şamil edilir.

53.7. Gömrük orqanlarının vəzifəli şəxsləri öz xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyənləşdirilmiş səlahiyyətlərdən istifadə edirlər.

53.8. Gömrük orqanlarının vəzifəli şəxsləri hüquqazidd qərarlarına, hərəkətlərinə, hərəkətsizliklərinə görə müvafiq qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

53.9. Gömrük orqanlarının vəzifəli şəxslərinin əxlaq prinsipləri və etik davranış qaydaları müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi Etik Davranış Kodeksi və digər normativ hüquqi aktlarla tənzimlənir.

53.10. Gömrük orqanlarında xidmətə qəbul, xidmət keçmənin qaydaları və gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusunun əsasları bu Məcəllə, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamə və digər normativ hüquqi aktlarla tənzimlənir.

 

Maddə 54. Gömrük orqanlarının vəzifəli şəxslərinin dövlət və sosial müdafiəsi

 

54.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsidir və dövlətin mühafizəsi altında olurlar.

54.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin əməyinin ödənilməsi, maddi-məişət təminatı, dövlət və sosial müdafiəsi müvafiq qanunvericiliklə tənzimlənir.

 

Maddə 55. Gömrük orqanlarının vəzifəli şəxslərinin xidməti vəzifələrini lazımi səviyyədə yerinə yetirmələri üçün təminat

 

55.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəlləni, digər qanunvericilik aktlarını və beynəlxalq müqavilələri rəhbər tuturlar.

55.2. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən birbaşa rəhbərlərinə tabedirlər.

55.3. Qanunvericiliklə səlahiyyət verilmiş müvafiq dövlət orqanlarının vəzifəli şəxsləri istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin fəaliyyətinə heç kəs müdaxilə edə bilməz.

55.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin sahibkarlıq fəaliyyəti, o cümlədən təsərrüfat subyektlərinin idarəçiliyində birbaşa və ya dolayısı ilə (nümayəndədən, vasitəçidən istifadə etməklə) iştirakı, gömrük məsələləri üzrə üçüncü şəxslərin müvəkkili kimi çıxış etməsi, əvəzçiliklə istənilən haqqı ödənilən işi yerinə yetirməsi (elm-tədris və yaradıcılıq fəaliyyətindən başqa), gömrük işi ilə əlaqədar mülki-hüquqi xarakterli işləri müqavilə əsasında yerinə yetirməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi, tətillərin təşkili və onların keçirilməsində iştirakı, siyasi partiyalar yaratması, yaxud onların işində iştirak etməsi qadağandır.

55.5. Gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən hədə-qorxu gəlinməsi, onlara müqavimət göstərilməsi, bununla əlaqədar həyatına, sağlamlığına və əmlakına zorakılıq və ya qəsd edilməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

 

 

FƏSİL 12

GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİNİN SƏLAHİYYƏTLƏRİ

 

Maddə 56. Keşik çəkmə (patrulluq) və müşahidə

 

56.1. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulmasının qarşısını almaq məqsədi ilə xidməti vəzifələrini yerinə yetirərkən, gömrük nəzarətinin bu Məcəllənin 92.2.7-ci maddəsində nəzərdə tutulmuş formasından istifadə etməklə, gömrük ərazisində aşağıdakı hərəkətləri həyata keçirmək hüququna malikdirlər:

56.1.1. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində, o cümlədən orada yerləşən adalarda, süni adalarda, qurğularda, tikililərdə və gömrük nəzarəti altında olan digər ərazilərdə keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.2. dəmiryol vağzallarına və stansiyalarına, orada yerləşən tikililərə daxil olmaq, həmin ərazidə, habelə dəmir yolunun müəyyən olunmuş hissələrində, ehtiyat yollarında keşik çəkmə (patrulluq) və müşahidə aparmaq;

56.1.3. aeroportlara, aerodromlara, orada yerləşən tikililərə, təyyarələrin uçuş-enmə zolağına daxil olmaq və müşahidələr aparmaq, bu məqsədlər üçün orada qalmaq.

56.2. Bu Məcəllənin 56.1-ci maddəsində göstərilən məqsədlər üçün zəruri hesab edilən digər yerlərdə də keşik çəkmə (patrulluq) və müşahidə aparıla bilər.

56.3. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin keşik çəkmə (patrulluq) və müşahidə aparmaq hüququ məhdudlaşdırıla bilməz.

56.4. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən keşik çəkmənin (patrulluğun) və müşahidələrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 57. Nəqliyyat vasitələrinə daxilolma

 

57.1. Gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakı hallarda gömrük ərazisində olan nəqliyyat vasitələrinə daxil olmaq hüququna malikdirlər:

57.1.1. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar ərazidən gömrük ərazisinə daxil olduqda;

57.1.2. nəqliyyat vasitəsi gömrük ərazisindən kənara çıxdıqda;

57.1.3. nəqliyyat vasitəsi gömrük ərazisindən kənar əraziyə daxil olmaq üçün gömrük ərazisindən tranzitlə keçdikdə;

57.1.4. gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, aparılması və ya gətirilməsi qadağan olunmuş malların daşınmasını ehtimal etdikdə;

57.1.5. gömrük qanunvericiliyinin pozulmasına dair əməliyyat məlumatı olduqda.

57.2. Nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsinə, yaxud onun hər hansı hissəsinə təhlükəsiz daxil olmasını və tərk etməsini, lazımi hallarda onları orada qalmaq uçun münasib yerlə öz vəsaiti hesabına təmin etməlidir.

 

Maddə 58. Nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması

 

58.1. Aşağıdakı hallardan birinin və ya bir necəsinin mövcudluğuna dair əsası olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsini yoxlama aparmaq məqsədi ilə dayandırır və gömrük nəzarəti altında olma müddətindən çox olmamaq şərtilə həmin nəqliyyat vəsitəsini saxlayır:

58.1.1. nəqliyyat vasitəsində gömrük ödənişləri ödənilməmiş, habelə aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş mallar olduqda;

58.1.2. nəqliyyat vasitəsində müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydalara əsasən təhlükəli hesab edilmiş mallar olduqda;

58.1.3. nəqliyyat vasitəsində qanunvericiliyə zidd olaraq idxalı və ya ixracı nəzərdə tutulan mallar olduqda;

58.1.4. bu Məcəllənin və ya gömrük işi üzrə digər qanunvericilik aktlarının pozulması faktları barədə məlumatlar olduqda;

58.1.5. malların qanunvericiliyə zidd qaydada idxalına və ya ixracına cəhdlə bağlı digər əsaslı dəlillər olduqda.

58.2. Nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsini gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə könüllü dayandırmadıqda, bunun üçün bu Məcəllədə müəyyən edilmiş qaydada fiziki qüvvədən, gömrük orqanlarının sərəncamında olan xüsusi vasitələrdən və bu Məcəllədə 80.2.5-ci maddəsində müəyyən edilmiş hallarda odlu silahdan istifadə oluna bilər.

58.3. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 57.1-ci maddəsində göstərilən hallarda da nəqliyyat vasitələrində yoxlama aparmaq hüququna malikdirlər.

58.4. Nəqliyyat vasitələrində yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxslərinin bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən halların mövcudluğuna əsaslı şübhəsi olduqda, nəqliyyat vasitəsinin istənilən hissəsinə daxil ola, oradakı bütün bağlamaları, bağlı qutuları aça, malları yoxlaya bilərlər.

58.5. Qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrində yoxlama aparmaq səlahiyyətləri məhdudlaşdırıla bilməz.

58.6. Yoxlama nəticəsində bu Məcəllənin 58.1.1 - 58.1.5-ci maddələrində göstərilən hallar aşkar olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsinin marşrut üzrə hərəkətinin davam etməsini təmin etməlidirlər.

 

Maddə 59. Nəqliyyat vasitələrində olan malların mühafizəsi

 

Bu Məcəllə ilə müəyyən edilmiş səlahiyyətlərinin həyata keçirilməsi ilə əlaqədar nəqliyyat vasitəsinə daxil olub, yoxlama aparan gömrük orqanlarının vəzifəli şəxsləri oradakı malların mühafizəsini təmin etməlidirlər.

 

Maddə 60. Şəxslərin sorğu-sual edilməsi

 

60.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini tərk edən, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri bu Məcəllənin 92.2.5-ci maddəsinə müvafiq olaraq aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər:

60.0.1. həmin şəxsdə gömrük ödənişləri ödənilməmiş, gətirilməsi və ya aparılması qanunvericiliklə qadağan edilmiş, yaxud hər hansı digər malların mövcudluğu;

60.0.2. malların xassələri, xüsusiyyəti, mənşə ölkəsi, qiyməti, ona mülkiyyət hüququ, nəzərdə tutulan təyinat yeri;

60.0.3. şəxsin və ya onun təmsil etdiyi idarə, müəssisə və təşkilatın bu Məcəllə ilə müəyyən edilmiş ödənişlər üzrə gömrük borcunun olub-olmaması;

60.0.4. gömrük borcu mövcuddursa, onun xüsusiyyəti və məbləği.

 

Maddə 61. Şəxsin onun şəxsiyyəti, ünvanı, səyahət marşrutu, səyahət sənədi və digər məsələlər barədə sorğu-sual edilməsi

 

61.1. Məcəllənin bu maddəsi gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsindən düşmüş və ya düşdüyü ehtimal edilən, həmçinin gömrük ərazisinə daxil olması faktını gizlətmiş və ya gizlətməsi ehtimal olunan şəxslərə şamil edilir.

61.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 61.1-ci maddəsində göstərilən şəxsləri aşağıdakı məsələlər barədə sorğu-sual etmək hüququna malikdirlər:

61.2.1. şəxsin şəxsiyyətini təsdiq edən sənədlər;

61.2.2. şəxsin yaşadığı ünvan;

61.2.3. şəxsin səyahətinin məqsədi və marşrutu;

61.2.4. şəxsin səyahət sənədi;

61.2.5. şəxsin düşdüyü və ya düşməsi ehtimal edilən və gömrük ərazisindən yola düşməyə cəhd göstərdiyi və ya cəhd göstərməsi ehtimal edilən nəqliyyat vasitəsi.

61.3. Gömrük orqanlarının vəzifəli şəxsləri eyni zamanda nəqliyyat müəssisələrinin sahiblərini və onların işçilərini də sorğu-sual etmək hüququna malikdirlər.

 

Maddə 62. Sorğu-sualla bağlı sənədlərin təqdim olunması və yoxlanılması

 

62.1. Şəxs, gömrük orqanlarının vəzifəli şəxslərinin sorğu-sual aparılması üçün bu Məcəlləyə uyğun olaraq tələb etdiyi aidiyyəti sənədləri onlara təqdim etməlidir.

62.2. Şəxsin təqdim etdiyi sənədlər gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən dərhal yoxlanılır və yoxlama başa çatdıqdan sonra ona qaytarılır.

 

Maddə 63. Köməkçi vasitələrdən istifadə etməklə, şəxslərin ilkin yoxlanılması

 

63.1. Gömrük orqanlarının vəzifəli şəxsləri nəqliyyat vasitəsində olan şəxsin üzərində ilkin yoxlama keçirmək hüququna malikdirlər.

63.2. İlkin yoxlama xidməti itlər, rentgen aparatı, surətçıxaran avadanlıq, mexaniki, elektrik, elektron cihazlar və digər vasitələrdən istifadə edilməklə aparılan yoxlamadır.

 

Maddə 64. Şəxsi yoxlama

 

64.1. İlkin yoxlamadan sonra fiziki şəxsin aparılması və ya gətirilməsi qanunvericiliklə qadağan edilmiş, yaxud məhdudlaşdırılmış, habelə barəsində gömrük ödənişləri ödənilməmiş malları, bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının müddəalarının pozulması faktını təsdiq edən əşyaları üzərində gizlətməsi və daşıması barədə əsaslı şübhə yarandıqda, gömrük orqanlarının vəzifəli şəxsləri onu saxlayır və gömrük nəzarətinin müstəsna forması kimi, bu Məcəllənin 92.2.2-ci maddəsinə müvafiq olaraq üzərində şəxsi yoxlama aparırlar.

64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə aparılır. Şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir.[14]

64.3. Fiziki şəxsin bədənində narkotik vasitələri və psixotrop maddələri gizlətməsini müəyyən etmək məqsədilə tibbi müayinə tibb işçisi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilməlidir.

64.4. Üzərində şəxsi yoxlama aparılan fiziki şəxsin bədən üzvləri tibb işçisi tərəfindən yoxlanılmalıdır.

64.5. Gömrük orqanlarının şəxsi yoxlama aparan vəzifəli şəxsləri, hal şahidləri, bu prosesə cəlb edilən tibb işçiləri yoxlanılan fiziki şəxslə eyni cinsdən olmalıdırlar.

64.6. Şəxsi yoxlama zamanı fiziki şəxs üzərində gizlətdiyi malları (əşyaları) könüllü surətdə təqdim etmədikdə, gömrük orqanlarıının vəzifəli şəxsləri bu Məcəllənin 77-ci və 78-ci maddələrində nəzərdə tutulmuş qaydada fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

64.7. Şəxsi yoxlama aparılarkən, fiziki şəxsin üzərində aşkar edilən malın (əşyanın) bu Məcəllənin 64.1-ci maddəsində göstərilənlərə aid olması barədə kifayət qədər əsas olduğu halda, həmin mallar və əşyalar gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş qaydada götürülür.

64.8. Şəxsi yoxlama aparılması haqqında bu Məcəllənin 99-cu maddəsinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada protokol tərtib olunur.

64.9. Protokol gömrük orqanının yoxlama aparan vəzifəli şəxsi, yoxlanılan fiziki şəxs, hal şahidləri, narkotik vasitələr və psixotrop maddələr gizlədilməsini müəyyən etmək məqsədilə tibbi müayinə aparıldıqda və ya fiziki şəxsin bədən üzvləri yoxlanıldıqda tibb işçisi tərəfindən imzalanır.

 

Maddə 65. Gömrük nəzarətindən keçməli olan malların yoxlanılması

 

65.1. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların yoxlanmasını, çəkisinin müəyyənləşdirilməsini, ölçülməsini, sayılmasını, onlardan prob və nümunələrin götürülməsini, gömrük ekspertizasının aparılmasını təmin edirlər.

65.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarətindən keçməli olan malları müəyyənləşdirmək üçün içərisində mallar olan və ya olması ehtimal edilən istənilən yerləri, bağlamaları açmaq və ya açılmasını tələb etmək hüququ vardır.

65.3. Gömrük orqanlarının vəzifəli şəxsləri yoxlamaların aparılması yerini təyin etmək və həmin malların, bağlamaların oraya gətirilməsini tələb etmək hüququna da malikdirlər.

65.4. Malların təyin edilən yerə gətirilməsi ilə bağlı yaranan əsaslandırılmış zəruri xərclər onları idxal və ya ixrac edən şəxs tərəfindən ödənilir.

65.5. Bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan səlahiyyətlər əl yüklərinə, müşayiət olunan və olunmayan baqajlara, poçt göndərişlərinə (poçt rabitəsi xidmətindən istifadə edənlərin yazışma sirrini, poçt vasitəsilə ötürülən məlumat sirrinin qorunması hüququnu pozmamaq şərti ilə) və istənilən nəqliyyat vasitələrinə də şamil edilir.

65.6. Yoxlamaya fiziki və kimyəvi vasitələrlə analiz və testlərin aparılması, malların çəkilməsi, ölçülməsi daxil ola bilər. Yoxlamanın sürətləndirilməsi məqsədi ilə itlərdən, detektorlardan, kimyəvi maddələrdən, rentgen aparatlarından, surətçıxaran avadanlıqdan, mexaniki, elektrik, elektron cihazlardan, malların yerləşdirildiyi bağlamaların deşilməsi və sökülməsi üçün tətbiq olunan digər vasitələrdən istifadə edilə bilər. Həmin vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

65.7. Gömrük nəzarətindən keçməli olan mallardan prob və nümunələr gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada götürülür.

65.8. Götürülən prob və nümunələr onların ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) olmalıdır.

65.9. Bu Məcəllə və gömrük işinə dair digər qanunvericilik aktları ilə onlara verilmiş səlahiyyətlərin həyata keçirilməsi məqsədi ilə gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətindən keçməli olan malların olduğu və ya olması ehtimal edilən bütün ərazilərə, tikililərə və başqa yerlərə sərbəst surətdə daxil olmaq və orada baxış keçirmək hüququna malikdirlər.

65.10. Yaşayış binalarına (sahələrinə) orada yaşayan fiziki şəxslərin iradəsindən kənar və ya iradəsinə zidd gömrük orqanlarının vəzifəli şəxslərinin daxil olmasına yol verilmir.

65.11. Yoxlama zamanı hüquqpozma faktı aşkar edilərsə, əlaqədar şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

Maddə 66. Gömrük nəzarəti altında olan malların əlavə yoxlanılması

 

66.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük nəzarəti altında olan mallarla əlaqədar bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması barədə kifayət qədər əsası olduqda, şəxsdən həmin malların əlavə yoxlanılması üçün təqdim olunmasını tələb edirlər.

66.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarəti altında olan mallarla bağlı bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq onlara verilmiş səlahiyyətlərdən istifadə edirlər.

66.3. Yoxlama bəyannaməçinin və ya bu əməliyyatlara birbaşa, yaxud dolayı yolla aidiyyəti olan, habelə bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədlərə malik istənilən şəxsin olduğu yerdə aparıla bilər.

 

Maddə 67. Mallarla bağlı hesabatın təqdim olunması

 

67.0. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisində bu Məcəllədə nəzərdə tutulmuş lisenziyalaşdırılan fəaliyyəti həyata keçirən şəxsə bildiriş göndərməklə, ondan kağız üzərində yazılı, yaxud elektron formalarda aşağıdakıların dərhal təqdim olunmasını tələb etmək hüququna malikdirlər:

67.0.1. gömrük ərazisinə gətirilmiş mallar haqqında hesabatı;

67.0.2. malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədi.

 

Maddə 68. Gömrük ödənişlərinin ödənilməsi üçün təminatın tələb edilməsi

 

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük borcunun ödənilməsi üçün təminatı bu Məcəllənin 45-ci fəslində nəzərdə tutulmuş qaydada şəxsdən tələb etmək hüququna malikdirlər.

 

Maddə 69. Təmsilçiliklə bağlı sənədin təqdim edilməsi

 

69.1. Bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq təmsil etdiyi şəxsin adından və ya öz adından onun mənafeyi üçün fəaliyyət göstərdiyini bildirən şəxs, təmsilçiliklə bağlı sənədləri gömrük orqanlarına təqdim etməlidir.

69.2. Təmsilçiliklə bağlı sənədlər təqdim olunmadıqda, gömrük orqanlarının vəzifəli şəxsləri həmin təmsilçiliyi tanımaqdan imtina edirlər.

 

Maddə 70. Sənədlərin təqdim edilməsinə dair tələblər

 

70.1. Şəxsin və ya onun nümayəndəsinin bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərini, o cümlədən digər prosedurları pozmaqla malları idxal və ixrac etməsi, gömrük dəyərini düzgün bəyan etməməsi, gömrük güzəştlərindən təyinatı üzrə, yaxud düzgün istifadə etməməsi barədə kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri yazılı bildiriş göndərməklə onlardan bu Məcəllənin 70.2-ci maddəsində göstərilən müddəti əhatə edən müvafiq sənədlərin təqdim olunmasını tələb edirlər.

70.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin 70.1-ci maddəsində göstərilən bildirişin təqdim edildiyi tarixdən əvvəlki 3 (üç) il ərzində gömrük sərhədindən keçirilmiş malların gömrük dəyəri, gömrük ödənişləri və ya həmin mallarla bağlı digər əməliyyatlara dair məlumatların olduğu və ya olması ehtimal edilən mühasibat uçotu sənədlərinin təqdim olunmasını şəxsdən, yaxud onun nümayəndəsindən tələb etmək hüququna malikdirlər. [15]

70.3. Gömrük orqanlarının vəzifəli şəxslərinin malları idxal və ixrac edən şəxslərdən və ya onların nümayəndələrindən bu Məcəllənin 70.2-ci maddəsində göstərilən sənədlərin surətlərinin çıxarılmasına və ya onlardan çıxarışlar edilməsinə şərait yaradılmasını, müvafiq məlumatlara və sənədlərə dair sualların cavablandırılmasını tələb etmək hüququ vardır.

 

Maddə 71. Sənədlərin təqdim edilməsi ilə bağlı əlavə səlahiyyətlər

 

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük auditinin və araşdırmalarının aparılması üçün zəruri olan sənədləri (məlumatları) dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə sorğu verməklə, qanunvericiliklə müəyyən edilmiş qaydada alırlar.

 

Maddə 72. Xarici dildə olan sənədlər (məlumatlar)

 

Xarici dildə olan sənədlər (məlumatlar) onları gömrük orqanına təqdim edən şəxsin vəsaiti hesabına Azərbaycan Respublikasının dövlət dilinə tərcümə olunmalıdır.

 

Maddə 73. Gömrük orqanları tərəfindən sənədlərin və məlumatların götürülüb saxlanılması

 

73.1. Qanunla başqa müddət müəyyən edilmədikdə, gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəlləyə və gömrük işi üzrə digər qanunvericilik aktlarına uyğun olaraq şəxs tərəfindən təqdim edilməsi tələb olunan sənəd və məlumatları 1(bir) günədək müddətə götürüb saxlamaq hüququna malikdirlər. [16]

73.2. Gömrük orqanlarının vəzifəli şəxsləri bu Məcəllənin tələblərinə əsasən sənəd və məlumatları götürüb saxladığı halda, həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq edilmiş surətini verirlər.

73.3. Müəyyən edilmiş qaydada təsdiq edilmiş sənəd və məlumatların surəti sənədin əsli kimi istifadə oluna bilər.

 

Maddə 74. Sənədlərin gömrük auditi

 

Gömrük orqanlarının vəzifəli şəxsləri sənədlərin gömrük auditini bu Məcəllənin 98-ci maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

 

Maddə 75. Gömrük auditi zamanı əldə edilmiş sənədlərin surətinin çıxarılması

 

75.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan sənədlər bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin sənədlərin surətlərinin çıxarılması məqsədi ilə 1 (bir) günədək müddətinə götürmək hüququna malikdirlər.

75.2. Surəti çıxarıldıqdan sonra sənədlər onlar üzərində hüquq sahibi olan şəxsə qaytarılır.

 

Maddə 76. Gömrük auditi zamanı əldə edilmiş məlumatların, sənədlərin və malların götürülüb saxlanılması

 

76.1. Gömrük auditi aparıldığı zaman yoxlanılan məlumatlar, sənəd və mallar bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinin pozulması faktını ehtimal etməyə əsas verdikdə, gömrük orqanlarının vəzifəli şəxsləri həmin məlumatları, sənədləri və malları götürüb saxlayırlar.

76.2. Gömrük orqanlarının gömrük auditini aparan vəzifəli şəxsləri sənəd və məlumatları götürüb saxladığı halda, bu həmin sənəd və ya məlumatlara hüququ olan şəxsin müraciəti əsasında həmin şəxsə onların müəyyən edilmiş qaydada təsdiq olunmuş surətini verirlər.

76.3. Malların müsadirə ediləcəyi, gömrük ödənişlərinin həmin mallara yönəldiləcəyi, yaxud sənədlərin və malların maddi sübut olması halları istisna edilməklə, götürülmüş sənədlər, məlumatlar və mallar gömrük auditinin başa çatdığı gün sahibinə qaytarılır.

 

Maddə 77. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvə, xüsusi vasitələr və odlu silahdan istifadənin şərtləri və hüdudları

 

77.1 Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada fiziki qüvvə, xüsusi vasitələr və odlu silah tətbiq etmək hüququna malikdirlər.

77.2. Gömrük orqanlarının vəzifəli şəxsləri fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiqi ilə əlaqədar hallarda müvafiq hərəkət etmək üçün xüsusi hazırlıq keçməli, bu sahədə yararlı olmalarının müəyyənləşdirilməsi məqsədi ilə müntəzəm yoxlanılmalıdırlar.

77.3. Fiziki qüvvəni, xüsusi vasitələri və odlu silahı tətbiq edərkən, gömrük orqanlarının vəzifəli şəxsləri aşağıdakıları etməyə borcludurlar:

77.3.1. tələblərinin yerinə yetirilməsi üçün şəxsə kifayət qədər vaxt verməklə fiziki qüvvəni, xüsusi vasitələri və ya odlu silahı tətbiq etmək niyyəti barədə xəbərdarlıq etmək (bunların tətbiqində ləngimənin şəxslərin həyatı və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı, digər ağır nəticələrə səbəb ola biləcəyi, qəfil və ya silahlı basqın, döyüş texnikası və nəqliyyat vasitələrindən istifadə etməklə hücum zamanı, yaxud yaranmış vəziyyətdə xəbərdarlıq edilməsi yersiz və ya qeyri-mümkün olduğu başqa hallar istisna edilir);

77.3.2. bədən xəsarəti almış şəxsə ilkin tibbi yardım göstərilməsini təmin etmək;

77.3.3. hüquqpozmanın xarakteri və ictimai təhlükəlilik dərəcəsindən, həmçinin göstərilən müqavimətin qüvvəsindən asılı olaraq, təhlükənin aradan qaldırılması zamanı vurulan ziyanın minimum olmasına çalışmaq.

77.4. Fiziki qüvvənin, xüsusi vasitələrin və ya odlu silahın bu Məcəllədə nəzərdə tutulmuş hallarda tətbiqi yaranmış təhlükəyə mütənasib olmalıdır. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən fiziki qüvvənin, xüsusi vasitələrin, odlu silahın tətbiq edildiyi hər bir halda müvafiq gömrük orqanında xidməti yoxlama aparılmalı və onun bu hərəkətlərinin qanunauyğunluğu barədə rəy verilməlidir.

77.5. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın tətbiq edilməsi barədə gömrük orqanlarının vəzifəli şəxsləri dərhal gömrük orqanının rəhbərinə və ya onu əvəz edən şəxsə, sonuncu isə, hadisə baş verən andan 24 (iyirmi dörd) saat ərzində bu barədə müvafiq prokurora məlumat verməlidir.

77.6. Fiziki qüvvənin, xüsusi vasitələrin və odlu silahın qanunsuz tətbiqinə yol verən gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

 

Maddə 78. Fiziki qüvvənin tətbiqi

 

Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük hüquqpozmalarının qarşısını almaq, onları törətmiş şəxsləri tutub saxlamaq, müqaviməti dəf etmək, qanuni sərəncamlara və ya tələblərə tabe olmamaq hallarını aradan qaldırmaq, həmçinin gömrük nəzarəti altında olan binaya, əraziyə daxil olmaqla, mallara və nəqliyyat vasitələrinə yaxın düşməyə mane olmaq, eləcə də həmin vəzifəli şəxsə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsinə mane olan digər hərəkətlərin qarşısını almaq məqsədi ilə bu vəzifələrin yerinə yetirilməsini başqa üsullarla təmin etmək mümkün olmadıqda, fiziki qüvvə tətbiq etmək hüququna malikdirlər.

 

Maddə 79. Xüsusi vasitələrin tətbiqi

 

79.1. Gömrük orqanlarının vəzifəli şəxsləri xidməti vəzifələrini yerinə yetirərkən aşağıdakı hallarda əl qandalları, rezin dəyənəklər, gözyaşardıcı maddələr, binaların açılması üçün qurğular, nəqliyyatın məcburi dayandırılmasını təmin edən vasitələr və digər xüsusi vasitələr tətbiq etmək hüququna malikdirlər:

79.1.1. gömrük orqanlarının vəzifəli şəxslərinin və başqa şəxslərin üzərinə edilən basqınların dəf edilməsi üçün;

79.1.2. gömrük orqanlarına məxsus və ya onların istifadəsindəki binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə basqınların dəf edilməsi, həmçinin göstərilən obyektlər zəbt edildikdə, onların azad edilməsi üçün;

79.1.3. hüquqpozmaları törətmiş şəxslər tabe olmadıqda, müqavimət göstərdikdə, digər hüquqazidd hərəkətlər etdikdə, yaxud ətrafındakılara və ya özünə ziyan vurmaq ehtimalı yarandıqda, onların tutulub saxlanılması və gömrük orqanlarının xidməti binalarına gətirilməsi üçün;

79.1.4. sürücüsü gömrük orqanlarının vəzifəli şəxslərinin saxlamaq barədə tələbini yerinə yetirmədikdə, nəqliyyat vasitəsinin saxlanılması üçün;

79.1.5. gömrük orqanlarının vəzifəli şəxslərinə göstərilən fiziki müqavimətin aradan qaldırılması üçün.

79.2. Aşkar hamiləlik əlamətləri olan qadınlara, azyaşlılara, əlilliyi və digər fiziki pozuntuları aşkar bilinən şəxslərə qarşı (onlar tərəfindən silahlı müqavimət göstərilməsi, insanların həyatı və sağlamlığı, gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin toxunulmazlığına təhlükə törədən dəstə şəklində və digər basqınlar edilməsi halları istisna olmaqla), habelə kənar şəxslərin zərər çəkə biləcəyi hallarda xüsusi vasitələrin tətbiq edilməsi qadağandır. [17]

79.3. Zəruri müdafiə və ya son zərurət hallarında gömrük orqanlarının vəzifəli şəxsləri xüsusi vasitələr olmadıqda, əl altında olan digər vasitələrdən istifadə edə bilərlər.

79.4. Bu Məcəllənin 79.1-ci maddəsi nəzərə alınmaqla, gömrük orqanlarında istifadə olunan xüsusi vasitələrin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 80. Odlu silahın gəzdirilməsi, saxlanılması və ondan istifadə

 

80.1. Müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi siyahıda göstərilən gömrük orqanlarının vəzifəli şəxslərinə xidməti vəzifələrini yerinə yetirərkən bu Məcəllədə müəyyən edilmiş qaydada və hallarda xidməti odlu silah gəzdirmək, saxlamaq və təyinatı üzrə istifadə etmək hüququ verilir.

80.2. Gömrük orqanlarının odlu silahdan istifadə etmək hüququ olan vəzifəli şəxsləri yalnız zəruri müdafiə və ya son zərurət vəziyyətində real təhlükənin qarşısını alarkən odlu silahı aşağıdakı hallarda tətbiq edə bilərlər:

80.2.1. gömrük orqanlarının işçilərinin həyatı və sağlamlığı üçün təhlükə yaradan basqının dəf edilməsi üçün;

80.2.2. başqa şəxslərin gömrük orqanlarının vəzifəli şəxslərinin odlu silahını əldə etmək cəhdlərinin qarşısını almaq üçün (gömrük orqanının vəzifəli şəxsi tərəfindən tutulub saxlanılan şəxsin həmin vəzifəli şəxs tərəfindən göstərilən məsafəni azaltmaq yolu ilə onun odlu silahına yaxınlaşmaq və ya bu cür silaha toxunmaq cəhdi bu silahı əldə etmək cəhdi kimi qiymətləndirilir);

80.2.3. gömrük orqanlarına məxsus və ya onların istifadəsində olan binalara, otaqlara, tikililərə və nəqliyyat vasitələrinə, gömrük nəzarəti altında olan mallara və nəqliyyat vasitələrinə silahlı və ya dəstə şəklində basqının dəf edilməsi üçün;

80.2.4. silahlı müqavimət göstərən şəxsin, həmçinin silahın təhvil verilməsi haqqında qanuni tələbi yerinə yetirməkdən imtina edən silahlı şəxsin tutulub saxlanılması üçün;

80.2.5. sürücü gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün real təhlükə yaradarsa və onların nəqliyyat vasitəsini saxlamaq barədə dəfələrlə edilən tələblərinə tabe olmazsa, zədə vurmaqla nəqliyyat vasitələrinin dayandırılması üçün;

80.2.6. gömrük orqanlarının vəzifəli şəxslərinin həyat və sağlamlığı üçün təhlükə törədən heyvanların zərərsizləşdirilməsi üçün;

80.2.7. odlu silah tətbiq etmək niyyəti haqqında xəbərdarlıq edilməsi, həyəcan siqnalı verilməsi və ya kömək çağırılması üçün.

80.3. Odlu silahı tətbiq etməzdən əvvəl şəxsə şifahi xəbərdarlıq edilməli və ya xəbərdarlıq atəşi açılmalıdır. Şəxsə xəbərdarlıq edilmədən yalnız aşağıdakı hallarda odlu silah tətbiq edilə bilər:

80.3.1. qəfil, yəni birdən-birə gözlənilməz hücum baş verdikdə;

80.3.2. hücum üçün odlu silahdan, mexaniki nəqliyyat vasitəsindən, təhlükə yaradan yırtıcı, vəhşi və ya başqa heyvandan istifadə edildikdə.

80.4. Qadınlara, aşkar əlillik və ya sağlamlıq imkanlarının məhdudluğunun əlamətləri olan şəxslərə və azyaşlılara qarşı, həmçinin silahın tətbiqi nəticəsində kənar şəxslərin zərər çəkə biləcəyi və adamların çox toplaşdığı hallarda odlu silahın tətbiq edilməsi qadağandır (həmin şəxslər tərəfindən gömrük orqanlarının vəzifəli şəxslərinin həyatı və sağlamlığı üçün təhlükə törədən silahlı müqavimət, silahlı dəstə və digər şəkildə hücum halları istisna edilməklə). [18]

80.5. Gömrük orqanlarında istifadə olunan odlu silah və döyüş sursatlarının siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 81. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarının və ya tələblərinin icrasının məcburiliyi

 

81.1. Gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük işinə dair qanuni sərəncamlarının və ya tələblərinin icrası şəxslər üçün məcburidir.

81.2. Gömrük orqanlarının vəzifəli şəxslərinin qanuni sərəncamlarına və ya tələblərinə tabe olmamaq, həmçinin onların vəzifələrini yerinə yetirməsinə maneçilik törədən hərəkətlər qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.

 

 

XÜSUSİ HİSSƏ

 

VI BÖLMƏ

GÖMRÜK NƏZARƏTİ

 

FƏSİL 13

GÖMRÜK NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

Maddə 82. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarətindən keçirilməsi

 

82.1. Bütün şəxslər malları bu Məcəllədə nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malikdirlər.

82.2. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, heç bir şəxs malları gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququndan məhrum edilə və ya onun bu hüququ məhdudlaşdırıla bilməz.

82.3. Bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan bütün mallar və nəqliyyat vasitələri, gömrük rüsumları və vergilərin tutulma obyektləri olub-olmadığından asılı olmayaraq gömrük nəzarətindən keçməlidir.

82.4. Gömrük orqanları gömrük nəzarətini həyata keçirərkən, bu Məcəllənin 84-cü maddəsində və gömrük işi üzrə digər qanunvericilik aktlarında müəyyən edilmiş hallar istisna olmaqla, gömrük nəzarətinin bu Məcəllənin 92.2-ci maddəsində göstərilən bütün formalarından istifadə etmək hüququna malikdirlər.

82.5. Gömrük sərhəd buraxılış məntəqələrində bu Məcəllənin 214-cü və 215-ci maddələri, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında”, “Aviasiya haqqında” Azərbaycan Respublikasının qanunları, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağan edilən, yaxud məhdudlaşdırılan malların siyahısı hər kəs üçün yaxşı görünən lövhələrdə yerləşdirilməlidir. Həmin siyahılarda malların gətirilməsi və ya aparılmasına qadağa qoyan, yaxud məhdudlaşdırılan qanunun və digər normativ hüquqi aktların adı, qəbul edilmə tarixi və müvafiq maddəsi (bəndi) əks etdirilməlidir.

82.6. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılardakı malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxs həmin malları gömrük sərhədindən keçirən şəxsə bu barədə müvafiq normativ hüquqi aktın adını, maddəsini (bəndini) və qəbul edilmə tarixini əks etdirən protokolun surətini verməlidir.

82.7. Bu Məcəllənin 82.5-ci maddəsində göstərilən siyahılarda nəzərdə tutulmayan malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına məhdudiyyət qoyan vəzifəli şəxslər cinayət və ya inzibati məsuliyyətə cəlb edilirlər.

82.8. Şəxs barəsində gömrük nəzarətinin müəyyən formalarının tətbiq olunmaması və ya onlardan azadetmə onu bu Məcəllənin müddəalarına, digər qanunvericilik aktlarına, beynəlxalq müqavilələrə riayət etmək vəzifəsindən azad etmir.

 

Maddə 83. Malların və nəqliyyat vasitələrinin gömrük nəzarəti altında olma müddəti

 

83.1. Gömrük ərazisinə gətirilən mallar və nəqliyyat vasitələri gömrük sərhədini keçdiyi andan başlayaraq aşağıdakı hallardan biri baş verənədək gömrük nəzarəti altında olurlar:

83.1.1. sərbəst dövriyyəyə buraxılanadək;

83.1.2. məhv edilənədək;

83.1.3. dövlətin xeyrinə imtina olunanadək;

83.1.4. malların dövlət mülkiyyətinə keçirilməsi, yaxud bu Məcəllənin 330-cu maddəsinə müvafiq olaraq onlar barəsində sərəncam verilməsinədək;

83.1.5. mallar və nəqliyyat vasitələri gömrük ərazisindən faktiki çıxarılanadək.

83.2. İxrac gömrük proseduru, daxili tranzit və ya xaricdə emal xüsusi gömrük prosedurları üçün bəyan edilən daxili mallar və nəqliyyat vasitələri müvafiq gömrük bəyannaməsi gömrük orqanı tərəfindən təsdiq olunduğu vaxtdan başlayaraq, gömrük ərazisindən aparılana, dövlətin xeyrinə imtina ya məhv edilənə, yaxud gömrük bəyannaməsinin bu Məcəllənin 154-cü maddəsinə uyğun olaraq ləğvinədək gömrük nəzarəti altında olurlar.

83.3. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olurlar.

83.4. Gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələrindən istifadə olunmasına və onlar barəsində sərəncam verilməsinə bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydada və şərtlər daxilində yol verilir.

83.5. Əvvəllər gömrük ərazisindən çıxarılmış malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının gömrük qanunvericiliyinə əsasən mütləq qaydada geri qaytarılması nəzərdə tutulduğu hallarda, gömrük orqanları həmin malların və nəqliyyat vasitələrinin, yaxud emal məhsullarının geri gətirilməsinə dair öhdəliklərin şəxslər tərəfindən bu Məcəllədə göstərilən qaydada, gömrük prosedurlarının şərtlərinə uyğun olaraq yerinə yetirilməsinə nəzarəti həyata keçirirlər.

 

Maddə 84. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə

 

84.1. Gömrük nəzarətinin müəyyən formalarından azadetmə bu Məcəllə, gömrük işi üzrə digər qanunvericilik aktları və beynəlxalq müqavilələrlə müəyyən olunur.

84.2. Azərbaycan Respublikası Prezidentinin və onunla birlikdə gedən ailə üzvlərinin şəxsi baqajı gömrük yoxlamasından azaddır.

84.3. Xidməti vəzifələrinin icrası ilə əlaqədar gömrük sərhədindən keçən Azərbaycan Respublikası Baş nazirinin, onun müavinlərinin, Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanlarının rəhbərlərinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının və Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) şəxsi baqajları gömrük yoxlamasından azaddır.

84.4. Öz yoluna davam edən xarici hərbi gəmilərin, hərbi hava gəmilərinin, eləcə də digər hərbi texnikanın gömrük yoxlamasından azad edilməsi dövlətlərarası sazişlərlə tənzimlənir.

84.5. Beynəlxalq müqavilələrə uyğun olaraq gömrük nəzarətinin müəyyən formalarından azadetmə bu sazişlər təsdiq edildikdən (ratifikasiya olunduqdan) sonra həyata keçirilir.

 

Maddə 85. Gömrük nəzarətinin həyata keçirilməsində texniki nəzarət vasitələrindən istifadə

 

85.1. Gömrük nəzarətinin səmərəliliyinin artırılması və həyata keçirilmə müddətinin azaldılması məqsədi ilə gömrük orqanları siyahısı və istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan texniki vasitələrdən istifadə edirlər.

85.2. Bu Məcəllənin 84.1-ci maddəsində nəzərdə tutulan texniki vasitələr insanların, bitkilərin, heyvanların həyatı və sağlamlığı üçün təhlükəli olmamalı, şəxslərə, mallara və nəqliyyat vasitələrinə ziyan vurmamalıdır.

 

Maddə 86. Gömrük nəzarəti həyata keçirilərkən gömrük orqanları tərəfindən dəniz (çay) və hava gəmilərindən istifadə

 

86.1. Azərbaycan Respublikasının daxili sularında və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində və gömrük sərhədinə yaxın ərazidə olan mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının sərəncamında olan dəniz (çay) və hava gəmilərindən istifadə edilməklə, bu Məcəlləyə müvafiq olaraq həyata keçirilir.

86.2. Gömrük orqanlarının dəniz (çay) və hava gəmilərindən istifadə olunmaqla gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 87. Malların, nəqliyyat vasitələrinin, binaların və başqa yerlərin eyniləşdirilməsi

 

87.1. Gömrük nəzarətindən keçirilməli olan malların və nəqliyyat vasitələrinin olduğu və ya ola biləcəyi nəqliyyat vasitələri, binalar və digər yerlər, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş fəaliyyətlərin həyata keçirildiyi yerlər, gömrük nəzarəti altında olan mallar və nəqliyyat vasitələri gömrük orqanları tərəfindən eyniləşdirilə bilər.

87.2. Eyniləşdirmə, plombların qoyulması, rəqəmlə, hərflə nişanlama, markalama, eyniləşdirmə işarələri, möhürlərin və ştampların vurulması, prob və nümunələrin götürülməsi, malların və nəqliyyat vasitələrinin təsviri, çertyojların çəkilməsi, miqyaslı təsvirlərin, fotoşəkillərin, illüstrasiyaların hazırlanması, malların müşayiətedici və başqa sənədlərindən və digər eyniləşdirmə vasitələrindən istifadə yolu ilə həyata keçirilir.

 

Maddə 88. Gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin inventarlaşdırılması

 

Gömrük orqanları gömrük nəzarəti altında olan malların və nəqliyyat vasitələrinin, həmçinin gömrük ödənişləri ödənilməmiş və ya gömrük güzəştləri tətbiq edilmiş malların inventarlaşdırılmasını aparmaq hüququna malikdirlər.

 

Maddə 89. Gömrük nəzarətinin minimum müddətdə həyata keçirilməsi tələbinə riayət olunması

 

Gömrük orqanları, bəyannaməçi və mallar barədə səlahiyyəti olan digər şəxslər gömrük nəzarətinin həyata keçirilməsi üçün zəruri olan minimum müddətə riayət etməyə borcludurlar.

 

Maddə 90. Gömrük nəzarəti həyata keçirilərkən qanunsuz zərər vurulmasına yol verilməməsi

 

90.1. Gömrük nəzarəti həyata keçirilərkən şəxslərə, onlara məxsus olan mallara və nəqliyyat vasitələrinə qanunsuz zərər vurulmasına yol verilmir.

90.2. Qanunsuz zərər vurmuş gömrük orqanları və onların vəzifəli şəxsləri qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 91. Bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirakı

 

91.1. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə malların və nəqliyyat vasitələrinin yoxlanılmasında iştirak etməli və onlara zəruri yardım göstərməlidirlər.

91.2. Bəyannaməçi, mal sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük yoxlamasının keçirilməsində öz təşəbbüsləri ilə də iştirak etmək hüququna malikdirlər.

91.3. Gömrük orqanlarının malları və nəqliyyat vasitələrini bəyannaməçinin, mal sahibinin, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan aşağıdakı hallarda yoxlamaq hüququ vardır:

91.3.1. mallar və nəqliyyat vasitələri gömrük orqanına təqdim edildiyi gündən 10 (on) gün keçdikdən sonra həmin şəxslər gəlmədikdə;

91.3.2. milli təhlükəsizlik, ictimai asayiş, insanların həyat və sağlamlığı, heyvanlar və bitkilər aləmi, ətraf mühit, xalqların mədəni, tarixi və arxeoloji sərvətləri üçün təhlükə mövcud olduqda;

91.3.3. mallar beynəlxalq poçt göndərişləri vasitəsilə göndərildikdə;

91.3.4. mallar və nəqliyyat vasitələri gömrük ərazisində müvafiq gömrük proseduru pozulmaqla saxlanıldıqda.

91.4. Bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallar və nəqliyyat vasitələri yoxlamanın nəticələrində marağı olmayan şəxslərin iştirakı ilə yoxlanılır.

 

 

FƏSİL 14

GÖMRÜK NƏZARƏTİNİN TƏŞKİLİ

 

Maddə 92. Gömrük nəzarətinin formaları

 

92.1. Gömrük orqanları malların və nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olmasını, bu ərazidən çıxmasını, tranzitini, daşınmasını və son istifadəsini tənzimləyən gömrük qanunvericiliyinə, həmçinin icrasına nəzarət gömrük orqanlarına həvalə edilmiş digər qanunvericiliyə və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük nəzarətini həyata keçirirlər. Gömrük nəzarəti həyata keçirilərkən müasir texnologiya və avadanlıqdan istifadə edilir.

92.2. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük nəzarətini aşağıdakı formalarda həyata keçirirlər:

92.2.1. malların və nəqliyyat vasitələrinin yoxlanılması;

92.2.2. şəxsi yoxlama;

92.2.3. gömrük məqsədləri üçün lazım olan məlumatların, elektron və ya kağız üzərində yazılı formalarda sənədlərin, o cümlədən Azərbaycan Respublikasının dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilən malların baytarlıq, fitosanitar, gigiyenik və digər sertifikatlarla (şəhadətnamələrlə), “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə müşayiət olunmasının yoxlanılması;[19]

92.2.4. gömrük auditi;

92.2.5. şəxslərin sorğu-sual edilməsi;

92.2.6. gömrük nəzarətindən keçməli olan mallara və nəqliyyat vasitələrinə, onların yerləşdiyi ərazilərə və binalara, müvəqqəti saxlanc və gömrük anbarlarında, sərbəst zonalarda yerləşən ərazilərə və binalara, həmçinin icrasına nəzarət gömrük orqanına həvalə edilmiş fəaliyyətin həyata keçirildiyi digər yerlərə gömrük baxışının keçirilməsi;

92.2.7. keşik çəkmənin (patrulluğun) və gömrük müşahidəsinin aparılması.

92.3. Beynəlxalq müqavilələrdə nəzərdə tutulduqda, gömrük nəzarəti gömrük ərazisindən kənar ərazidə də həyata keçirilə bilər.

92.4. Gömrük nəzarətinin formaları milli və beynəlxalq səviyyədə işlənib hazırlanmış meyarlar əsasında risklərin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə zəruri tədbirlərin həyata keçirilməsi məqsədi ilə risklərin idarə olunması təcrübəsinə əsaslanmalıdır.

92.5. Gömrük nəzarəti formaları seçilərkən bu Məcəllənin 100.2-ci maddəsində müəyyən edilmiş qaydada yaradılan riskin idarə edilməsi sistemindən istifadə olunur.

92.6. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin təşkili məqsədi ilə bu Məcəlləyə uyğun olaraq aşağıdakıları müəyyən edir:

92.6.1. gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını;

92.6.2. ümumi risklərin idarə edilməsi qaydalarını;

92.6.3. ümumi meyarların və prioritet nəzarət sahələrinin müəyyən edilməsi üzrə qaydaları;

92.6.4. aidiyyəti orqanlarla birlikdə risklərə dair məlumatların və gömrük kəşfiyyatı məlumatlarının mübadiləsini tənzimləyən qaydaları.

 

Maddə 93. Gömrük nəzarəti zonaları

 

93.1. Gömrük sahələrində, gömrük sərhədi boyunca, gömrük rəsmiləşdirilməsi yerlərində, sərbəst zonalarda, gömrük anbarlarında, malların yükləmə-boşaltma və müvəqqəti saxlanc yerlərində, gömrük nəzarəti altında olan malların daşınmasını həyata keçirən nəqliyyat vasitələrinin dayanacağında, gömrük orqanlarının olduğu yerlərdə və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi digər yerlərdə müvafiq icra hakimiyyəti orqanı tərəfindən gömrük nəzarəti zonaları yaradılır və rejim qaydaları müəyyən edilir.

93.2. Gömrük nəzarəti zonalarının yaradılması və onların nişanlanması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

93.3. Qanunda nəzərdə tutulan hallar istisna olmaqla, gömrük nəzarəti zonalarında istehsal və digər kommersiya fəaliyyətinin həyata keçirilməsinə, malların, nəqliyyat vasitələrinin, şəxslərin, o cümlədən dövlət orqanlarının vəzifəli şəxslərinin bu zonaların sərhədini keçməsinə və daxilində hərəkətinə yalnız gömrük orqanlarının icazəsi ilə və onların nəzarəti altında yol verilir.

93.4. Gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl dəhliz” və digər buraxılış sistemlərinin tətbiqi ilə əlaqədar müvafiq infrastruktur yaradılır və xüsusi ayrılmış hərəkət zolaqları müəyyən edilir.[20]

 

Maddə 94. Gömrük nəzarəti üçün lazım olan sənədlər və məlumatlar

 

94.1. Gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən, yaxud icrasına nəzarət gömrük orqanlarına həvalə olunmuş fəaliyyəti həyata keçirən şəxslər gömrük nəzarəti üçün lazım olan sənədləri və məlumatları bu orqanlara təqdim etməlidirlər.

94.2. Gömrük nəzarəti üçün lazım olan sənədlərin və məlumatların siyahısı, həmçinin onların təqdim edilmə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilərək rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

94.3. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsi üçün gömrük sərhədindən malları və nəqliyyat vasitələrini keçirən şəxslərin, gömrük brokerlərinin və ya bu cür əməliyyatlara aidiyyəti olan digər şəxslərin, icrasına nəzarət gömrük orqanına həvalə olunmuş əməliyyatları haqqında müvafiq təşkilatlardan məlumatlar və arayışlar almaq hüququna malikdirlər.

94.4. Hüquq mühafizə orqanları, həmçinin vergi və başqa dövlət nəzarəti orqanları gömrük nəzarəti üçün lazım olan məlumatları öz təşəbbüsləri ilə və ya qanunvericiliyə uyğun olaraq gömrük orqanlarının sorğusu əsasında onlara təqdim edirlər.

 

Maddə 95. Sənədlərin və məlumatların saxlanılması

 

95.1. Gömrük nəzarətindən keçməli olan mallara dair sənədlərə və məlumatlara malik olan şəxslər onların bu Məcəllə və müvafiq qanunvericilikdə nəzərdə tutulmuş qaydada saxlanılmasını təmin etməlidirlər.

95.2. Saxlanma üsulundan asılı olmayaraq, gömrük sərhədindən keçirilən mallara dair sənədlər və məlumatlar, həmin malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində saxlanılmalıdır.

95.3. Şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin sənədləri və məlumatları əldə etməsinə şərait yaratmalı, bununla bağlı onların suallarını cavablandırmalı, tələb olunduqda, sənədlərin surətlərini onlara təqdim etməlidir.

95.4. Məlumatlar elektron formada saxlandıqda, şəxs gömrük nəzarətindən keçməli olan mallara dair sənədlər və məlumatlarla tanışlıq üçün gömrük orqanlarının vəzifəli şəxslərini lazımi avadanlıqla təmin etməlidir.

95.5. Mallar sərbəst dövriyyəyə buraxıldıqda, yaxud ixrac məqsədi ilə bəyan edildikdə, bu Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması sərbəst dövriyyə üçün buraxılışla və ixracla bağlı gömrük bəyannamələrinin təsdiq edildiyi ilin sonundan başlanır. Mallar digər gömrük proseduru altında yerləşdirildikdə, bu Məcəllənin 95.2-ci maddəsində nəzərdə tutulan müddətin hesablanması müvafiq gömrük prosedurunun başa çatdığı ilin sonundan başlanır.

 

Maddə 96. Gömrük orqanlarının vəzifəli şəxslərinin məlumatlar və sənədlərlə tanış olmasının təmin edilməsi

 

Gömrük ərazisinə idxal edilən və ya bu ərazidən ixrac edilən malların daşınmasına cəlb olunmuş bütün şəxslər saxlanması tələb olunan məlumatların və sənədlərin gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəzərdən keçirilməsini müəyyən olunmuş forma və qaydada (o cümlədən elektron formada) təmin etməlidirlər.

 

Maddə 97. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım üçün mütəxəssislərin və ekspertlərin cəlb edilməsi

 

97.1. Gömrük orqanları gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün digər dövlət orqanlarının mütəxəssislərini və ekspertlərini sorğu əsasında, hüquqi şəxslərin mütəxəssislərini, ekspertlərini isə, onlarla bağlanılan müqavilə əsasında (gömrük orqanlarına həvalə edilmiş hüquq və vəzifələri hüquqi şəxslərə ötürməmək şərti ilə) cəlb etmək hüququna malikdirlər.

97.2. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün mütəxəssisin və ya ekspertin cəlb edilməsi haqqında gömrük orqanının sorğusu dövlət orqanları tərəfindən icra edilməlidir.

97.3. Gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərilməsi üçün cəlb olunan dövlət orqanlarının mütəxəssislərinin və ekspertlərinin xidməti vəzifələrinə aid olan işlərin yerinə yetirilməsi ilə əlaqədar xərclər ödənilmir.

97.4. Gömrük nəzarətinin həyata keçirilməsinə cəlb edilən mütəxəssislər və ekspertlər onlara məlum olan dövlət və kommersiya sirlərini, habelə qanunla qorunan digər konfidensial məlumatları yaymamağa borcludurlar.

 

Maddə 98. Gömrük auditi

 

98.1. Gömrük auditi gömrük orqanları tərəfindən, malların və nəqliyyat vasitələrinin buraxılışından, o cümlədən şərti buraxılışından sonra gömrük bəyannaməsində göstərilən məlumatların düzgünlüyünə əmin olmaq, eləcə də şəxsin mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsinə dair məhdudiyyətlərə, tələblərə və şərtlərə riayət etmək öhdəliklərini yerinə yetirməsinin vəziyyətini müəyyənləşdirmək məqsədi ilə aparılır. Bunun üçün gömrük orqanları idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin həmin mallar və nəqliyyat vasitələri ilə əlaqədar apardığı əməliyyatlara və beynəlxalq ticarət sövdələşmələrinə dair kommersiya sənədlərini və məlumatları yoxlayırlar.

98.2. Gömrük auditi gömrük bəyannaməsində qeyd olunan malların gömrük nəzarəti altında olan mallar statusunu itirməsindən sonrakı 3 (üç) il ərzində və yalnız hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barəsində həyata keçirilə bilər.

98.3. Gömrük auditi idxalatçının, ixracatçının, mal sahibinin, bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin müvafiq tikililərində, ərazilərində, binalarında və onların istifadəsində olan digər yerlərdə aparıla bilər.

98.4. Gömrük auditi və onun nəticələrinin rəsmiləşdirilməsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.[21]

98.5. Gömrük auditi aparılarkən cinayət və ya inzibati hüquqpozma əlamətləri aşkar olunarsa, hüquqpozmanın bilavasitə obyekti üzərində gömrük auditi başa çatdırılır, həmin auditin nəticəsinə dair təxirə salınmadan akt tərtib olunur və gömrük orqanları tərəfindən inzibati, yaxud cinayət-prosessual qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.

98.6. Gömrük və vergi orqanları əldə etdikləri məlumatları qanunvericiliklə müəyyən olunmuş qaydada mübadilə edə, müştərək gömrük auditi apara bilərlər.

98.7. Gömrük auditi ümumi və xüsusi formalarda həyata keçirilir.

98.8. Ümumi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının ümumi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.[22]

98.9. Ümumi gömrük auditi 3 (üç) iş günündən artıq olmayan müddətdə aparılmalıdır. Auditin aparılması şəxsin istehsal və kommersiya fəaliyyətinin həyata keçirilməsinə mane olmamalıdır. Eyni mallara dair təkrar ümumi gömrük auditinin aparılmasına icazə verilmir.[23]

98.10. Xüsusi gömrük auditi gömrük orqanının rəhbərinin və ya onu əvəz edən şəxsin yazılı qərarı əsasında həyata keçirilir. Gömrük orqanının xüsusi gömrük auditinin aparılması barədə qərarının surəti, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi audit keçirilməmişdən əvvəl barəsində gömrük auditi aparılacaq şəxsə təqdim olunmalıdır.

98.11. Xüsusi gömrük auditi aşağıdakı hallarda həyata keçirilir:

98.11.1. xarici ticarət iştirakçılarına münasibətdə - ümumi gömrük auditinin və ya bu Məcəllə ilə müəyyən olunmuş gömrük nəzarətinin başqa formalarının tətbiqi nəticəsində gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan məlumatların qeyri-dəqiqliyini təsdiq edən dəlillər aşkar olunarsa və yaxud mallar üzərində sərəncam verilməsi və ya onlardan istifadə edilməsinə dair müəyyən olunmuş tələblərin və məhdudiyyətlərin pozulması ilə həyata keçirilərsə və bunun nəticəsində gömrük rüsumlarının, vergilərin ödənilmə qaydasının pozulması, həmçinin Azərbaycan Respublikasında xarici ticarətin dövlət tənzimlənməsini təmin edən qanunvericiliyə müvafiq olaraq müəyyən edilmiş məhdudiyyət və qadağalara əməl olunmaması faktı aşkar olunarsa;

98.11.2. gömrük brokerlərinə, müvəqqəti saxlanc anbarlarının sahiblərinə, gömrük anbarlarının sahiblərinə və gömrük daşıyıcılarına münasibətdə - gömrük sərhədindən keçirilən malların uçotunun və onlar haqqında hesabatın düzgün aparılmaması, yaxud bu Məcəllə ilə müəyyən olunan müvafiq fəaliyyət növünün həyata keçirilməsinin bu və ya digər tələb və şərtlərinin yerinə yetirilməməsi faktı aşkar olunarsa.

98.12. Xüsusi gömrük auditini həyata keçirən gömrük orqanları bu Məcəllənin 98.11-ci maddəsində göstərilən şəxslər barəsində aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdirlər:

98.12.1. gömrük ərazisinə gətirilən mallarla aparılan əməliyyatlara dair sənədlər və məlumatlarla (o cümlədən elektron formada olan sənədlər və məlumatlarla) tanış olmaq;

98.12.2. barəsində gömrük auditi aparılan şəxsin sərəncamında və ya istifadəsində olan ərazilərə və binalara daxil olmaq, həmçinin onun səlahiyyətli nümayəndəsinin iştirakı ilə malları yoxlamaq və baxış keçirmək;

98.12.3. qanunla nəzərdə tutulmuş hallarda və qaydada malları götürmək.

98.13. Xüsusi gömrük auditi onun aparılması üçün zəruri olan ən qısa müddət ərzində, həmin yoxlamanın keçirilməsinə dair qərarın qəbul edildiyi tarixdən etibarən 2 (iki) aydan gec olmamaq şərti ilə başa çatdırılmalıdır. Şəxsə sənədlərin və məlumatların təqdim edilməsi haqqında tələbin verilməsindən, onların təqdim edilməsinə qədər olan dövr göstərilən müddətə daxil edilmir.[24]

98.14. Xüsusi gömrük auditinin eyni şəxsə və eyni mala münasibətdə təkrarən aparılmasına icazə verilmir.

98.15. Xüsusi gömrük auditinin aparılması məqsədi ilə gömrük orqanları mallar barəsində səlahiyyəti olan və ya malların saxlancını həyata keçirən şəxslər, həmçinin dövlət nəzarəti tədbirlərini həyata keçirən orqanlar tərəfindən aparılmış inventarlaşdırmaların nəticələrindən, auditor rəylərindən, dövlət orqanları tərəfindən tərtib olunmuş aktlardan və rəylərdən istifadə etmək hüququna malikdirlər.

 

Maddə 99. Gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər

 

99.1. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin yerinə yetirilməsi zamanı protokollar tərtib olunur. Protokollar Azərbaycan Respublikasının dövlət dilində tərtib edilir. Protokolların formasını bu Məcəllənin 82.6-cı, 99.2-ci və 99.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

99.2. Protokolda aşağıdakılar göstərilir:

99.2.1. protokolun adı;

99.2.2. konkret hərəkətlərin həyata keçirilməsinin yeri, tarixi və vaxtı;

99.2.3. hərəkətin başlanması və başa çatmasının vaxtı;

99.2.4. protokolu tərtib etmiş şəxsin vəzifəsi, adı, soyadı, atasının adı;

99.2.5. barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin adı, soyadı, atasının adı, habelə onların doğulduğu il, ay, gün və yer, vətəndaşlığı, təhsili, iş yeri, məşğuliyyət növü və ya vəzifəsi, yaşadığı və qeydiyyatda olduqları ünvan, Azərbaycan Respublikasının dövlət dilində danışa bilib-bilməməsi;[25]

99.2.6. barəsində müvafiq hərəkət aparılan şəxsə, hal şahidlərinə (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərə onların hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd;

99.2.7. hərəkətin həyata keçirilməsinə əsas olan bu Məcəllənin müvafiq maddəsi;

99.2.8. hərəkətin məzmunu, onun yerinə yetirilməsinin ardıcıllığı;

99.2.9. hərəkətin yerinə yetirilməsi zamanı aşkar olunan və iş üçün əhəmiyyətli olan faktlar və hallar.

99.3. Mallar və ya sənədlər bu Məcəlləyə uyğun olaraq götürüldükdə, protokolda bu Məcəllənin 99.2-ci maddəsində qeyd olunanlardan əlavə aşağıdakılar da göstərilməlidir:

99.3.1. götürülən malların, prob və nümunələrin sayı, ölçüsü, çəkisi, fərdi əlamətləri və digər xüsusiyyətləri göstərilməklə ətraflı təsviri;

99.3.2. götürülən sənədlərin növü və rekvizitləri.

99.4. Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən videoçəkilişdən istifadə edilmədikdə, işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Şəxsi yoxlama və götürmə zamanı şəxsin soyundurulması zərurəti yarandığı halda videoçəkilişdən istifadəyə yol verilmir. Bu halda şəxsi yoxlama və götürmə barəsində müvafiq hərəkət aparılan şəxslə eyni cinsdən olan şəxslərin iştirakı ilə aparılır. Hal şahidləri onların iştirakı ilə həyata keçirilən hərəkətləri, onların məzmununu və nəticəsini protokolda öz imzası ilə təsdiq edirlər.[26]

99.5. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda gömrük nəzarətinin həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı foto, kino və video çəkilişdən, yaxud digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşәkillәr, çəkiliş lentləri və ya başqa məlumat daşıyıcıları protokola əlavə edilir.

99.6. Protokol, barəsində müvafiq hərəkət aparılan şəxs, hal şahidləri (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslər tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi həmin şəxslər tərəfindən imzalanır. Onlar protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır.

99.7. Barəsində müvafiq hərəkət aparılan şəxsin, hal şahidlərinin (yalnız hal şahidlərinin iştirak etdiyi halda) və hərəkətin həyata keçirilməsində iştirak edən digər şəxslərin izahatlar və protokolun məzmunu barәsindә öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur.

99.8. Barəsində müvafiq hərəkət aparılan şəxsə protokolun surəti verilir.

 

 

FƏSİL 15

RİSKLƏRİN İDARƏ EDİLMƏSİ

 

Maddə 100. Ümumi müddəalar

 

100.1. Gömrük işində risklərin idarə edilməsi (risk menecmenti) məlumatların toplanması, məlumat bazasının yeniləşdirilməsi, risklərin təhlili, müvafiq proseslər və onların nəticələrinin mütəmadi monitorinqi yolu ilə risklərin müəyyən edilməsi, onların təhlükəlilik ehtimalının və dövlətin iqtisadi, sosial və digər maraqlarına dəyəcək ziyanın dərəcəsinin qiymətləndirilməsi və riskə məruz qalmanın azaldılması və qarşısının alınması məqsədi ilə gömrük orqanları tərəfindən sistematik işlənib hazırlanan və mütəmadi həyata keçirilən tədbirlərdir.

100.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükələrin təhlili mexanizmini, nəzarət formalarının seçilməsini, həmçinin daha səmərəli iş üsullarının müəyyən edilməsini özündə cəmləşdirən risklərin idarə edilməsi sistemini yaradır və avtomatlaşdırır.

100.3. Gömrük işində risklərin idarə edilməsi sistemi aşağıdakı məqsədlər üçün tətbiq olunur:

100.3.1. gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi zamanı diqqətin yüksək riskli sahələrə yönəldilməsi və gömrük orqanlarının sərəncamında olan vasitələrdən səmərəli istifadənin təmin edilməsi;

100.3.2. gömrük işi sahəsində hüquqpozmaların aşkar olunması imkanlarının artırılması;

100.3.3. gömrük qanunvericiliyinə riayət edən şəxslərə məxsus olan malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə əlverişli şərait yaradılması.

 

Maddə 101. Risklərin idarə edilməsi sahəsində gömrük orqanlarının fəaliyyəti

 

101.1. Gömrük yoxlamasına məruz qalan malları, nəqliyyat vasitələrini, sənədləri və şəxsləri, habelə bu cür yoxlamanın dərəcəsini müəyyən etmək üçün gömrük orqanları riskləri təhlil edir və bu təhlilin nəticəsinə əsaslanaraq, gömrük nəzarətinin formasını müəyyən edir.

101.2. Gömrük orqanları sistemində risklərin idarə edilməsi sisteminin tətbiqi qaydaları və formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

101.3. Risklərin təhlilinin adekvatlığını təmin etmək məqsədilə, müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarından, o cümlədən müvafiq beynəlxalq müqavilə əsasında digər ölkələrin gömrük xidmətlərindən malların və nəqliyyat vasitələrinin göndərişləri haqqında əvvəlcədən ilkin elektron məlumatlar alırlar.

101.4. Beynəlxalq ticarət-təchizat zəncirində yüklərin etibarlı və fasiləsiz hərəkətinə, informasiya mübadiləsinin dəqiq və vaxtında həyata keçirilməsinə əlverişli şərait yaratmaq məqsədi ilə gömrük orqanları arasında risklərin idarə edilməsi üzrə razılaşma sistemi yaradılır. Bu razılaşma sistemi gömrük orqanlarına riskləri daha səmərəli idarə etmək, beynəlxalq ticarət-təchizat zənciri haqqında daha dolğun və ətraflı informasiya əldə etmək imkanı verir.

101.5. “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə olunmaqla malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün xarici ticarət iştirakçılarının risk qruplarının müəyyənləşdirilməsi meyarları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[27]

 

VII BÖLMƏ

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

 

FƏSİL 16

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİNƏ DAİR ƏSAS MÜDDƏALAR

 

Maddə 102. Gömrük rəsmiləşdirilməsinin aparılması qaydası

 

102.1. Gömrük rəsmiləşdirilməsi bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən edilmiş qaydada aparılır.

102.2. Gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi və sürətləndirilməsi məqsədi ilə bağlanılan beynəlxalq müqavilələrə uyğun olaraq, bir sıra dövlətlərdə gömrük rəsmiləşdirilməsi üçün nəzərdə tutulan gömrük sənədlərindən istifadə edilə bilər.

102.3. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsi tələb olunursa, həmin icazə onun alınması üçün müəyyən edilmiş şərtlərin yerinə yetirilməsindən dərhal sonra verilməlidir.

102.4. Bu Məcəlləyə əsasən ayrı-ayrı gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı gömrük orqanının icazəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 103. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri

 

103.1. Gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin xüsusiyyətləri aşağıdakılardan asılı olaraq fərqləndirilir:

103.1.1. gömrük sərhədindən keçirilən malların kateqoriyasına görə;

103.1.2. gömrük sərhədindən keçirilmə üçün istifadə olunan nəqliyyat vasitəsinin növünə görə;

103.1.3. malları keçirən şəxsə görə.

103.2. Malların mənşəyindən, göndərilmə və təyinat ölkəsindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.

 

Maddə 104. Gömrük rəsmiləşdirilməsinin başlanması və başa çatması

 

104.1. Gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır.

104.2. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

 

Maddə 105. Gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan, nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsi

 

105.1. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilə, habelə onlar barəsində sərəncam verilə bilməz.

105.2. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsi başa çatmamış mallardan və nəqliyyat vasitələrindən istifadə edilməsi və onlar barəsində sərəncam verilməsinə dair şərtlər və məhdudiyyətlər müəyyən edir.

 

Maddə 106. Gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt

 

106.1. Gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır.

106.2. Gömrük orqanları tərəfindən gömrük rəsmiləşdirilməsinin aparıldığı iş vaxtını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

106.3. Gömrük orqanlarının icazəsi ilə gömrük rəsmiləşdirilməsi başqa yerlərdə və iş vaxtından kənar saatlarda aparıla bilər.

106.4. Müvafiq icra hakimiyyəti orqanı malların və nəqliyyat vasitələrinin ayrı-ayrı kateqoriyalarının gömrük rəsmiləşdirilməsinin aparılmasını müəyyən gömrük orqanlarına həvalə edə bilər.

106.5. Gömrük rəsmiləşdirilməsinin operativliyini və şəffaflığını artırmaq məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün elektron idarəetmə sistemi (“elektron növbə”) tətbiq edilir.

 

Maddə 107. Səlahiyyətli şəxslərin və onların nümayəndələrinin gömrük rəsmiləşdirilməsində iştirakı

 

107.1. Mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri öz təşəbbüsləri ilə gömrük rəsmiləşdirilməsində iştirak edə bilərlər.

107.2. Gömrük orqanlarının tələb etdikdə, bu Məcəllənin 107.1-ci maddəsində göstərilən şəxslər və ya onların nümayəndələri gömrük rəsmiləşdirilməsində iştirak etməli və bu işdə gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidirlər.

 

Maddə 108. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün zəruri əməliyyatlar

 

108.1. Gömrük sərhədindən malları keçirən şəxs, daşıyıcı, anbar sahibi, mallar və nəqliyyat vasitələri barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanının tələbi ilə gömrük rəsmiləşdirilməsi nəzərdə tutulan malların və nəqliyyat vasitələrinin daşınmasını, çəkilməsini və ya kəmiyyət ölçüsünün başqa qaydada müəyyən edilməsini, yüklənməsini, boşaldılmasını, qablaşdırılmasını və ya yenidən qablaşdırılmasını, həmçinin bu cür malların və nəqliyyat vasitələrinin saxlandığı yerlərin açılmasını təmin etməlidir.

108.2. Daşıyıcının və onun nəqliyyat vasitələrinin bu Məcəllənin tələblərinə cavab verməməsi barədə gömrük orqanlarının kifayət qədər əsasları olduqda, malların daşınması, həmin nəqliyyat vasitəsi gömrük daşıyıcısı tərəfindən lazımi vəziyyətə gətirildikdən sonra, gömrük müşayiəti altında (malların, nəqliyyat vasitələrinin və onlara aid sənədlərin gömrük orqanının vəzifəli şəxsi tərəfindən müşayiət edilməsi) davam etdirilir. [28]

108.3. Malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üçün bu maddədə nəzərdə tutulmuş zəruri əməliyyatlar gömrük orqanlarının əlavə xərclərinə səbəb olmamalıdır.

 

Maddə 109. Gömrük rəsmiləşdirilməsinin aparıldığı dil

 

Gömrük rəsmiləşdirilməsi Azərbaycan Respublikasının dövlət dilində aparılır.

 

Maddə 110. Gömrük rəsmiləşdirilməsi məqsədilə mallardan prob və nümunələrin götürülməsi

 

110.1 Gömrük orqanları gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələr götürmək və onların gömrük ekspertizasını aparmaq hüququna malikdirlər.

110.2 Gömrük rəsmiləşdirilməsi məqsədi ilə mallardan prob və nümunələrin götürülməsi ilə bağlı məsələlər bu Məcəllənin 158-ci maddəsi ilə tənzimlənir.

 

Maddə 111. Gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydası

 

111.1. Təbii fəlakətlər və digər fövqəladə hallar zamanı zəruri olan malların və nəqliyyat vasitələrinin, canlı heyvanların, tez xarab olan malların, radioaktiv maddələrin, kütləvi informasiya məqsədləri üçün materialların, Azərbaycan Respublikasının qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının ünvanlarına göndərilən və bu qəbildən olan başqa malların gömrük rəsmiləşdirilməsi güzəştli və sadələşdirilmiş qaydada həyata keçirilir.

111.2. Bu Məcəllənin 111.1-ci maddəsində göstərilən hallarda gömrük rəsmiləşdirilməsinin güzəştli və sadələşdirilmiş qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 112. Yardım yükləri

 

112.1. Təbii fəlakət zonalarında zərər çəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar yardım yükü hesab olunur.

112.2. Yardım yüklərinin gömrük rəsmiləşdirilməsi bu Məcəllədə nəzərdə tutulan sadələşdirilmiş bəyannamələrdən istifadə olunmaqla aparılır.

112.3. Yardım yüklərinə ticarət siyasəti tədbirləri, qadağa və məhdudiyyətlər, həmçinin gömrük ödənişləri tətbiq edilmir.

 

 

VIII BÖLMƏ

MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI

 

FƏSİL 17

MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ

 

Maddə 113. Qısa idxal bəyannaməsini təqdim etmək öhdəliyi

 

113.1. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[29]

113.2. Qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks edilməlidir.

113.3. Qısa idxal bəyannaməsi mallar gömrük ərazisinə gətirilməzdən əvvəl də elektron formada gömrük orqanlarına təqdim edilə bilər. Qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim edilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.[30]

113.4. Bu maddənin müddəaları gömrük ərazisinin ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.

 

Maddə 114. Qısa idxal bəyannaməsinin təqdim edilməsi

 

114.1. Qısa idxal bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.

114.2. Qısa idxal bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini elektron formada verilən qısa idxal bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.[31]

114.3. Qısa idxal bəyannaməsi malları gömrük ərazisinə gətirən və ya daşınmasına cavabdeh olan şəxslər, onların nümayəndələri, idxalatçı, malın alıcısı, yaxud malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanına təqdim edən şəxs tərəfindən verilə bilər.

 

Maddə 115. Qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsi

 

115.1. Bu Məcəllənin 115.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa idxal bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.

115.2. Aşağıdakı hallarda qısa idxal bəyannaməsinə düzəlişlərin edilməsinə yol verilmir:

115.2.1. gömrük orqanları qısa idxal bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;

115.2.2. gömrük orqanları qısa idxal bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

115.2.3. gömrük orqanları malların təqdim olunmuş yerdən aparılmasına icazə verdikdən sonra.

 

Maddə 116. Qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsi

 

116.1. Bu Məcəllənin 113.3-cü maddəsində göstərilən qaydalarda müəyyən edilmiş qısa idxal bəyannaməsinin təqdim edilməsinin mümkünlüyünün son müddəti başa çatmazdan əvvəl onu əvəz edən gömrük bəyannaməsi təqdim edildikdə, həmin gömrük bəyannaməsinin aid olduğu mallar üçün qısa idxal bəyannaməsi gömrük orqanlarına təqdim edilmir. Bu halda qısa idxal bəyannaməsini əvəz edən gömrük bəyannaməsində onun üçün zəruri olan təfərrüatları əks etdirilməlidir.

116.2. Bu Məcəllənin 116.1-ci maddəsində nəzərdə tutulan gömrük bəyannaməsi gömrük orqanları tərəfindən təsdiq edilənə qədər qısa idxal bəyannaməsini əvəz edir.

 

Maddə 117. Malların gətirildiyi yer

 

117.1. Malları gömrük ərazisinə, həmçinin sərbəst zonaların ərazisindən gömrük ərazisinin qalan hissəsinə gətirən daşıyıcı gömrük sərhədini keçməsi barədə müvafiq gömrük orqanına məlumat verməlidir.

117.2. Mallar gömrük ərazisinə gömrük orqanlarının müəyyən etdiyi yerlərdən və onların iş vaxtında gətirilməlidir.

117.3. Gömrük orqanlarının icazəsi ilə, mallar onların iş vaxtından kənar saatlarda da gömrük ərazisinə gətirilə bilər. Həmin vaxtda gömrük ərazisinə gətirilmiş mallardan gömrük orqanlarının icazəsi olmadan istifadə edilməsinə yol verilmir.

117.4. Qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilmiş hallarda, mallar gömrük ərazisinə gömrük orqanlarının icazəsi ilə başqa yerlərdən gətirilə bilər.

 

Maddə 118. Gömrük ərazisinə gətirilmiş mallar üzərində gömrük nəzarəti

 

118.1. Gömrük ərazisinə gətirilmiş bütün mallar üzərində gömrük nəzarəti bu Məcəllənin 14-cü fəslində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Bu Məcəllənin 83.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri baş verənədək mallar gömrük nəzarəti altında saxlanılır.

118.2. Gömrük nəzarəti eyni zamanda, bu Məcəllənin 118.1-ci maddəsində qeyd olunan mallarla bağlı bütün nəqliyyat vasitələrinə, konteynerlərə və qablaşdırmaya da tətbiq edilir.

118.3. Aşağıdakı obyektlərə münasibətdə gömrük nəzarəti müvafiq qanunvericiliklə müəyyənləşdirilmiş qaydada həyata keçirilir:

118.3.1. hərbi dəniz gəmiləri;

118.3.2. hərbçilərin, silahlı qüvvələrdə fəaliyyət göstərən mülki qulluqçuların, hərbi yüklərin daşınması üçün istifadə edilən hərbi hava gəmiləri və digər hərbi nəqliyyat vasitələri;

118.3.3. müvafiq icra hakimiyyəti orqanlarının xidməti məqsədlər üçün istifadə etdiyi nəqliyyat vasitələri;

118.3.4. xarici ölkələrin Azərbaycan Respublikasındakı diplomatik və konsulluq nümayəndəliklərinə məxsus nəqliyyat vasitələri.

118.4. Gömrük nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri istənilən vaxt malların tarif təsnifatını, gömrük dəyərini və ya gömrük statusunu müəyyənləşdirmək üçün onlardan gömrük orqanının icazəsi ilə prob və ya nümunələr götürə bilərlər.

 

Maddə 119. Malların müvafiq yerə çatdırılması

 

119.1. Malları gömrük ərazisinə gətirən şəxs həmin malları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun olaraq göndərən gömrük orqanı tərəfindən müəyyən edilmiş marşrutla və müddətdə təyinat gömrük orqanına və ya onlarla razılaşdırılmış digər yerə çatdırmalıdır.

119.2. Gömrük ərazisinə gətirildikdən sonra malların daşınmasına cavabdeh olan şəxs, bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirmədikdə, qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

119.3. Gömrük ərazisindən kənarda qalmış mallar müvafiq dövlətlərlə bağlanmış beynəlxalq müqavilələrin şərtlərinə əsasən gömrük orqanları tərəfindən gömrük yoxlamasına məruz qala bilər. Bu zaman həmin mallar gömrük ərazisinə gətirilmiş mallar hesab olunur.

119.4. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük nəzarətini və gömrük yoxlamasını məhdudlaşdırmamaq şərti ilə məktublara, poçt kartlarına, çap materiallarına və ya sərnişinlər tərəfindən daşınan mallara münasibətdə qanunvericiliklə hər hansı digər xüsusi şərtlərin tətbiqini istisna etmir.

119.5. Bu Məcəllənin 119.1-ci maddəsi gömrük ərazisinin ərazi sularından və ya hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil olunmur.

 

Maddə 120. Malların xüsusi şəraitdə çatdırılması

 

120.1. Fors-major halların yaranması nəticəsində bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirə bilməyən şəxs, yaxud onun maraqlarından çıxış edən şəxs bu barədə gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır. Belə hallarda mallar tam itkiyə məruz qalmadıqda, gömrük orqanlarına onların dəqiq yeri barədə məlumat verilməlidir.

120.2. Bu Məcəllənin 119.5-cı maddəsində göstərilən nəqliyyat vasitəsi fors-major hallarında keçdiyi gömrük ərazisində məcburi dayanması ilə əlaqədar bu Məcəllənin 119.1-ci maddəsi ilə müəyyən edilmiş öhdəliyi yerinə yetirilmədikdə, həmin nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə gömrük ərazisində qaldığı və təyinat gömrük orqanlarını təxirə salınmadan məlumatlandırmalıdır.

120.3. Bu Məcəllənin 120.1-ci və 120.2-ci maddələrində qeyd olunan hallarda gömrük orqanları nəqliyyat vasitəsində olan malların başqa gömrük orqanına və ya razılaşdırdırılmış digər yerə çatdırılması üzrə tədbirləri müəyyənləşdirirlər.

 

Maddə 121. Malların gömrük orqanlarına təqdim edilməsi

 

121.1. Mallar gömrük ərazisinə gətirildikdən sonra dərhal gömrük nəzarətinə, onların sənədləri isə gömrük orqanlarına təqdim edilir.

121.2. Mallar gömrük ərazisinə gətirildiyi andan etibarən 1 (bir) saatdan gec olmayaraq, gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə isə iş vaxtı başlandıqdan sonra 1 (bir) saatdan gec olmayaraq gömrük orqanlarına məlumat verilməlidir.

121.3. Mallar gömrük orqanına təqdim edildikdən sonra, mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri malları müvafiq gömrük proseduru altında yerləşdirmək üçün gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürə bilərlər.

121.4. Mallar təyinat yerinə gömrük orqanının iş vaxtından kənar vaxtda gətirildikdə, onlar gömrük nəzarəti zonasında saxlanılmalıdır.

121.5. Gömrük nəzarəti zonasında saxlanılan malların ilkin yerlərinin dəyişdirilməsi, nəqliyyat vasitələrindən boşaldılması, yaxud onlara yenidən yüklənməsi, qablaşdırmaların açılması və yenidən qablaşdırma, eyniləşdirmə vasitələrinin (əlamətlərinin, nişanlarının) dəyişdirilməsi, qoparılması və ya məhv edilməsi, sərnişinlərin düşürülməsi kimi əməliyyatlar yalnız gömrük orqanlarının icazəsi ilə aparıla bilər.

121.6. Bu Məcəllənin 121.1-ci maddəsində göstərilən tələblərə riayət etməyən daşıyıcı bunun səbəblərini əvvəlcədən gömrük orqanlarına bildirməlidir. Əks halda, həmin daşıyıcı qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

121.7. Bu Məcəllənin 121-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərlə əlaqədar daşıyıcının çəkdiyi əlavə xərclər gömrük orqanları tərəfindən ödənilmir.

121.8. Şəxsin müraciəti və gömrük orqanlarının icazəsi ilə mallar gömrük yoxlamasına həmin şəxsin məqsədəmüvafiq hesab etdiyi digər yerlərdə də təqdim oluna bilər. Belə hallarda həyata keçirilən gömrük prosedurları ilə bağlı bütün xərclər şəxs tərəfindən ödənilir.

121.9. Gömrük ərazisinə gətirilən mallar gömrük orqanlarına aşağıdakı şəxslərdən biri tərəfindən təqdim oluna bilər:

121.9.1. malları gömrük ərazisinə gətirmiş şəxs;

121.9.2. malları gömrük ərazisinə gətirmiş şəxsin adından çıxış edən şəxs;

121.9.3. mallar gömrük ərazisinə gətirildikdən sonra onların daşınmasına görə məsul olan şəxs;

121.9.4. malları dərhal müvafiq gömrük proseduru altında yerləşdirən şəxs;

121.9.5. saxlanc yerlərinin təsis edilməsi üçün verilmiş lisenziyanın sahibi və ya sərbəst zonada fəaliyyət göstərən şəxs.

121.10. Malları gömrük orqanlarına təqdim edən şəxs həmin mallara dair qısa idxal bəyannaməsinə və ya gömrük bəyannaməsinə istinad etməlidir.

 

Maddə 122. Malların boşaldılması, yoxlanılması və yenidən yüklənməsi

 

122.1. Mallar yalnız gömrük orqanlarının icazəsi ilə və nəzarəti altında, onların müəyyənləşdirdiyi yerlərdə gömrük ərazisinə gətirilmə üçün istifadə olunan nəqliyyat vasitəsindən boşaldıla və bu ərazidən aparılma üçün istifadə olunan nəqliyyat vasitəsinə yenidən yüklənə bilər.

122.2. Malların və ya onların bir hissəsinin təcili boşaldılmasını zəruri edən təhlükə yaranarsa, gömrük orqanlarının icazəsi tələb olunmur. Lakin bu barədə gömrük orqanlarına təcili məlumat verilməlidir.

122.3. Malların yenidən yüklənməsi üçün gömrük orqanları tərəfindən tələb olunan yeganə sənəd yük bəyannaməsidir.[32]

122.4. Gömrük orqanları tələb etdikləri məlumatların ətraflı qeyd olunduğu istənilən kommersiya və ya nəqliyyat sənədini malların yenidən yüklənməsi üçün gömrük bəyannaməsinin təsviri hissəsi kimi qəbul edirlər. Bu halda sənəddə məlumatların müvafiq məqsəd üçün qəbul edilməsi barədə qeydiyyat aparılır.

122.5. Gömrük orqanları yenidən yüklənən malları, onları daşıyan nəqliyyat vasitələrini yoxlamaq, mallardan prob və nümunələr götürmək məqsədi ilə malların boşaldılmasını və açılmasını tələb etmək hüququna malikdirlər.

122.6. Gömrük orqanlarına təqdim edilmiş mallar gömrük orqanlarının icazəsi olmadan təqdim edildiyi yerdən çıxarıla bilməz.

 

Maddə 123. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi

 

123.1. Gömrük ərazisinə gətirilərək, gömrük orqanlarına təqdim edilən mallar müvafiq gömrük proseduru altında yerləşdirilməlidir.

123.2. Bu Məcəllənin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən, xassələrindən, miqdarından asılı olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.

 

Maddə 124. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilməsi

 

124.1. Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir.

124.2. Gömrük orqanlarına təqdim edilmiş xarici mallar üzrə qısa idxal bəyannaməsinin verilmədiyi müəyyənləşdirildikdə, onların sahibi bu bəyannaməni dərhal gömrük orqanlarına təqdim etməlidir.

 

 

FƏSİL 18

MALLARIN GÖMRÜK ƏRAZİSİNDƏN APARILMASI

 

Maddə 125. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyanetmə öhdəliyi

 

125.1. Gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar həmin ərazidən aparılmazdan əvvəl bəyan edilməlidir.

125.2. Bu Məcəllənin 125.1-ci maddəsi gömrük ərazisinə daxil olan ərazi sularından və hava məkanından dayanmadan keçən nəqliyyat vasitələrində daşınan mallara şamil edilmir.

125.3. Bu Məcəllənin 125.1-ci maddəsində nəzərdə tutulmuş bəyanetmə aşağıdakı formalarda ola bilər:

125.3.1. gömrük ərazisindən aparılan mallar gömrük bəyannaməsi tələb olunan gömrük proseduru altında yerləşdirildikdə, müvafiq gömrük bəyannaməsi;

125.3.2. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan təkrar ixrac bildirişi;

125.3.3. gömrük bəyannaməsi və təkrar ixrac bildirişi tələb olunmadığı hallarda, bu Məcəllənin 129-cu maddəsində nəzərdə tutulan qısa ixrac bəyannaməsi.

125.4. Mallar gömrük ərazisindən aparılmazdan əvvəl təqdim olunan gömrük bəyannaməsində ən azı qısa ixrac bəyannaməsi üçün tələb olunan məlumatlar əks olunmalıdır.

125.5. Bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsi, təkrar ixrac bildirişi və ya qısa ixrac bəyannaməsi gömrük ərazisindən aparılması nəzərdə tutulan mallar gömrük sərhədinə çatmamışdan əvvəl də kağız üzərində yazılı və ya elektron formada gömrük orqanına təqdim edilə bilər.

125.6. Malların gömrük ərazisindən aparılmazdan əvvəl bəyan edilməsinin qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 126. Gömrük ərazisindən aparılan mallar üzərində gömrük nəzarəti və onların gömrük rəsmiləşdirilməsi

 

126.1. Gömrük ərazisindən aparılan mallar bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş müddətdə gömrük nəzarəti altında olur və onlara bu Məcəllənin 92.2-ci maddəsi ilə müəyyən edilmiş gömrük nəzarəti formaları tətbiq edilir.

126.2. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda, gömrük ərazisindən aparılan malların gömrük rəsmiləşdirilməsi aşağıdakılar tətbiq olunmaqla həyata keçirilir:

126.2.1. ixrac gömrük rüsumlarının tutulması;

126.2.2. milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin mənəviyyatının, insanların həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanların və bitkilərin, ətraf mühitin, xalqların mədəni, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından müəyyən edilmiş qadağalar.

126.3. Malların aparılmasına o şərtlə icazə verilir ki, aparılan mallar bu Məcəllənin 125.3-cü maddəsində nəzərdə tutulmuş gömrük bəyannaməsinin, təkrar ixrac bildirişinin və ya qısa ixrac bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi zaman olduğu vəziyyətdədir.

 

 

FƏSİL 19

İXRAC, TƏKRAR İXRAC VƏ MÜVƏQQƏTİ İXRAC

 

Maddə 127. Daxili malların ixracı

 

127.1. Gömrük ərazisindən kənarda daimi qalması üçün aparılan daxili mallar ixrac gömrük proseduru altında yerləşdirilir.

127.2. Bu Məcəllənin 127.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:

127.2.1. son istifadə və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara;

127.2.2. daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilmiş və ya bu Məcəllənin 130-cu maddəsinə uyğun olaraq, gömrük ərazisindən müvəqqəti ixrac olunan mallara.

 

Maddə 128. Xarici malların təkrar ixracı

 

128.1. Xarici mallar gömrük ərazisindən aparıldıqda, malların ixrac rəsmiləşdirilməsini həyata keçirmək üçün şəxs tərəfindən səlahiyyətli gömrük orqanına təkrar ixrac bildirişi verilir.[33]

128.2. Bu Məcəllənin 128.1-ci maddəsi aşağıdakı mallara tətbiq edilmir:

128.2.1. gömrük ərazisindən beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək keçirilən mallara;

128.2.2. sərbəst zona daxilində bir nəqliyyat vasitəsindən digərinə boşaldılıb yüklənmiş, yaxud sərbəst zonadan birbaşa təkrar ixrac edilən mallara;

128.2.3. müvəqqəti saxlanc yerlərindən birbaşa təkrar ixrac edilən, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara.

128.3. Sərbəst dövriyyəyə buraxılışından 1 (bir) il ərzində gömrük ərazisindən təkrar ixrac olunan mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi şərtlərə cavab verdikdə, həmin malların idxalı üçün ödənilmiş gömrük rüsumları və vergilər qaytarılır.

128.4. Malların təkrar ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 129. Qısa ixrac bəyannaməsi və ona düzəlişlərin edilməsi

 

129.1. Gömrük ərazisindən malların aparılması üçün gömrük bəyannaməsi və ya təkrar ixrac bildirişinin tələb olunmadığı hallarda gömrük orqanlarına qısa ixrac bəyannaməsi təqdim edilməlidir.

129.2. Riskin təhlili və gömrük nəzarətinin düzgün tətbiqi üçün zəruri olan məlumatları özündə əks etdirən qısa ixrac bəyannaməsinin formasını və təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

129.3. Qısa ixrac bəyannaməsi məlumatların elektron emalı üsulundan istifadə olunmaqla, elektron sənəd formasında təqdim edilir.

129.4. Qısa ixrac bəyannaməsi gömrük orqanlarına kağız üzərində yazılı formada da təqdim edilə bilər. Həmin bəyannamə risklərin idarə olunmasını, məlumatların gömrük orqanları arasında mübadiləsini elektron formada verilən qısa ixrac bəyannaməsinə analoji səviyyədə təmin etməsi şərti ilə gömrük orqanları tərəfindən təsdiq olunur.

129.5. Qısa ixrac bəyannaməsi aşağıdakı şəxslərdən biri tərəfindən təqdim edilə bilər:

129.5.1. malları gömrük ərazisindən aparan və ya onun daşınmasına görə cavabdeh olan şəxs;

129.5.2. malları ixrac edən və ya göndərən, yaxud bu Məcəllənin 129.5.1-ci maddəsində qeyd olunan şəxsin adından çıxış edən digər şəxs;

129.5.3. malları səlahiyyətli gömrük orqanına təqdim edən və ya təqdim etməli olan istənilən şəxs.

129.6. Bu Məcəllənin 129.7-ci maddəsində göstərilən hallar istisna olmaqla, qısa ixrac bəyannaməsi təqdim edildikdən sonra onu təqdim edən şəxsin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparmasına gömrük orqanları tərəfindən icazə verilir.

129.7. Aşağıdakı hallarda qısa ixrac bəyannaməsinə düzəlişlərin edilməsinə icazə verilmir:

129.7.1. gömrük orqanları qısa ixrac bəyannaməsini təqdim etmiş şəxsə malları yoxlamaq niyyəti barədə məlumat verdikdən sonra;

129.7.2. gömrük orqanları qısa ixrac bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

129.7.3. gömrük orqanları malların aparılmasına icazə verdikdən sonra.

 

Maddə 130. Müvəqqəti ixrac

 

130.1. Təkrar idxal üçün nəzərdə tutulmuş daxili mallar müvəqqəti ixrac proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 130.2-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad edilməklə, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən kənarda istifadə olunur.

130.2. Malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi qaydalarını bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda malların müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilməsi şərtləri, onların bu prosedur altında qalma müddəti müəyyən edilməlidir.

 

 

IX BÖLMƏ

NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ

 

FƏSİL 20

NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI

 

Maddə 131. Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması haqqında məlumatın gömrük orqanlarına təqdim edilməsi

 

131.1. Gömrük ərazisinə daxil olması nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) aşağıdakılar barədə məlumatları gömrük orqanlarına əvvəlcədən təqdim etməlidir:[34]

131.1.1. nəqliyyat vasitəsinin gömrük ərazisinə gözlənilən daxilolma vaxtı;

131.1.2. nəqliyyat vasitəsinin hərəkət istiqamətləri və marşrutları;

131.1.3. nəqliyyat vasitəsinin heyəti və sərnişinləri;

131.1.4. təyinatından və gətirilmə məqsədlərindən asılı olmayaraq, gömrük ərazisində boşaldılacaq yük;

131.1.5. mövcud olduqda, gömrük ərazisində boşaldılması nəzərdə tutulmayan yük;

131.1.6. nəqliyyat vasitəsinin daxil olacağı gömrük sahəsi.

131.2. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitəsinə görə məsul şəxs:

131.2.1. nəqliyyat vasitəsi gömrük ərazisinin müəyyən olunmuş gömrük sahəsinə daxil olarkən daxilolma haqqında məlumatı gömrük orqanlarına təqdim etməli;

131.2.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən icazə verilənədək heç bir şəxsin nəqliyyat vasitəsini tərk etməsinə və ya oraya daxil olmasına imkan verməməli;

131.2.3. nəqliyyat vasitəsinin gömrük sahəsi daxilində hərəkəti, malların nəqliyyat vasitəsindən boşaldılması, heyətin və başqa şəxslərin nəqliyyat vasitəsindən düşürdülməsi barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.

131.3. Nəqliyyat vasitəsinin gömrük ərazisinə daxil olduqdan sonrakı 1 (bir) saat müddətində gömrük orqanlarına daxilolma haqqında məlumat verilməlidir. Nəqliyyat vasitəsi gömrük ərazisinə gömrük orqanlarının iş vaxtından kənar saatlarda daxil olduqda, bu məlumat onların növbəti iş vaxtı başlandıqdan sonrakı 1 (bir) saat müddətində verilməlidir.

131.4. Bu Məcəllənin 131.1-ci maddəsində göstərilən məlumatlar gömrük orqanlarına nəqliyyat vasitəsinə görə məsul şəxslərin adından onların nümayəndəsi tərəfindən də təqdim oluna bilər.

131.5. Nəqliyyat vasitələri gömrük ərazisinə yüksüz və şərnişinsiz daxil olarkən, bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.

 

Maddə 132. Nəqliyyat vasitələrinin sahiblərinə, heyət üzvlərinə və sərnişinlərinə dair tələblər

 

Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrinin sahibləri, heyət üzvləri və sərnişinləri gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitəsi, onun hərəkət marşrutu, təyinat yeri, daşınan sərnişinlər, yaxud mallar barədə suallarını cavablandırmalı, bu Məcəlləyə uyğun olaraq tələb olunan sənədləri təqdim etməlidirlər.

 

Maddə 133. Gömrük ərazisinə daxil olan gəminin dayandırılması

 

133.1. Gömrük ərazisinə daxil olan gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə gəmini lövbərə qoymalı, gəminin yoluna davam etməsi barədə müvafiq göstəriş olmayana qədər onun dayanmasını təmin etməlidir.

133.2. Gömrük orqanlarının vəzifəli şəxslərini və digər səlahiyyətli şəxsləri daşıyan gəminin üzərində onun dövlət xidmətində olmasını təsdiq edən müvafiq nişanlar olmalıdır.

133.3. Gəmiyə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin və ya digər səlahiyyətli şəxslərin onun göyərtəsinə qalxmaları üçün bütün mümkün vasitələrlə şərait yaratmalıdır.

133.4. Gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişindən sonra, gəmiyə görə məsul şəxs həmin gəminin gömrük ərazisini dərhal tərk etməsini təmin etməlidir.

 

Maddə 134. Nəqliyyat vasitəsinin müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olması

 

134.1. Qəza, fövqəladə və digər qarşısıalınmaz hadisələrin baş verməsi nəticəsində müəyyən gömrük sahəsinə lövbər salmaqla, yerə enməklə, saxlanılmaqla, dayanmaqla və başqa formada daxil olmaq məcburiyyəti qarşısında qalan nəqliyyat vasitələrinə bu Məcəllənin 131.2.2-ci maddəsi şamil edilmir.

134.2. Müəyyən olunmuş gömrük sahəsindən fərqli sahəyə daxil olan nəqliyyat vasitəsinə görə məsul olan şəxs:

134.2.1. bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə dərhal məlumat verməli;

134.2.2. nəqliyyat vasitəsində daşınan malların boşaldılmasına, heyət üzvlərinin və başqa şəxslərin nəqliyyat vasitəsinin dayandığı yerdən uzaqlaşmasına gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan yol verməməli;

134.2.3. nəqliyyat vasitəsində olan mallar, onun heyəti və başqa şəxslər barədə gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərini yerinə yetirməlidir.

 

 

FƏSİL 21

NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK ƏRAZİSİNDƏN YOLA DÜŞMƏSİ

 

Maddə 135. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi

 

135.1. Gömrük ərazisindən yola düşməsi nəzərdə tutulan nəqliyyat vasitəsinə görə məsul şəxs bu barədə məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada (o cümlədən, elektron formada) gömrük orqanlarına əvvəlcədən təqdim edə bilər.

135.2. Gömrük orqanı bu məlumatı qeydə almaqla, sonrakı rəsmiləşdirmənin aparılması üçün nəqliyyat vasitəsinin yola düşəcəyi vaxtı və yeri müəyyən edir.

135.3. Nəqliyyat vasitələri gömrük ərazisindən yüksüz və sərnişinsiz yola düşərkən bu Məcəllənin tələbləri nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada müvafiq gömrük orqanına bəyan edilməlidir.

135.4. Gömrük orqanları gömrük ərazisində olan nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi aparılmadan onun bu ərazidən yola düşməsinə imkan verməməlidirlər.

135.5. Bu maddənin müddəaları Azərbaycan Respublikasının ərazisində yerləşən dəniz, çay və ya hava limanlarında dayanmayan, gömrük ərazisindən keçən dəniz, çay və hava gəmiləri barəsində tətbiq edilmir.

 

Maddə 136. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd

 

136.0. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxsə həmin nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənəd verilməzdən əvvəl həmin şəxs aşağıdakı tələbləri yerinə yetirməlidir:

136.0.1. yola düşmə haqqında məlumatı onu təsdiq edən sənədlərlə birlikdə gömrük orqanlarına təqdim etməli;

136.0.2. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu barədə verilən sualları cavablandırmalı;

136.0.3. gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı tələb olunan sənədləri təqdim etməli;

136.0.4. nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqaməti, marşrutu ilə bağlı bu Məcəllənin və gömrük işi üzrə digər qanunvericilik aktlarının tələblərinə əməl etməlidir.

 

Maddə 137. Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə daxilolma

 

Gömrük ərazisindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə onların həmin nəqliyyat vasitəsinə daxil olmasına bütün mümkün vasitələrdən istifadə etməklə imkan yaratmalıdır.

 

Maddə 138. Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin təqdim olunması

 

Nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədin verildiyi nəqliyyat vasitəsinə görə məsul şəxs gömrük orqanlarının vəzifəli şəxslərinin tələbi ilə həmin sənədi yoxlamaq üçün onlara təqdim etməli, nəqliyyat vasitəsi, onun heyət üzvləri, sərnişinləri, yükü, nəzərdə tutulan hərəkət istiqamətləri, marşrutu ilə bağlı suallarını cavablandırmalıdır.

 

Maddə 139. Nəqliyyat vasitəsinin gömrük sahəsindən yola düşməsi

 

139.1. Gömrük orqanları tərəfindən əvvəlcədən icazə verildiyi hallar istisna olmaqla, bütün digər hallarda gömrük sahəsindən yola düşən nəqliyyat vasitəsinə görə məsul şəxs nəqliyyat vasitəsinin rəsmiləşdirilməsi haqqında sənədi aldıqdan sonra onun dərhal, yalnız müəyyən edilmiş gömrük sahəsindən yola düşməsini təmin etməlidir.

139.2. Bu Məcəllənin 139.1-ci maddəsi fors-major hallar ilə əlaqədar gömrük ərazisinə qayıtmağa məcbur olan nəqliyyat vasitələrinə şamil edilmir.

 

Maddə 140. Nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlar

 

140.1. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatlarla bağlı aşağıdakıları müəyyən edir:

140.1.1. gömrük ərazisindən kənar əraziyə yola düşməyə hazırlaşan nəqliyyat vasitəsinin heyət üzvlərinin, xidmətedici heyətinin, sərnişinlərinin istifadəsi və nəqliyyat vasitəsinin istismarı üçün ehtiyatlar hesab olunan malların nomenklaturasını, çeşidini və miqdarını;

140.1.2. qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumlarından və vergilərdən azadolma şərtlərini.

140.2. Müvafiq icra hakimiyyəti orqanı nəqliyyat vasitəsində istifadə və istismar üçün ehtiyatların bəyan edilməsi qaydalarını müəyyən edir.

 

 

FƏSİL 22

ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ

 

Maddə 141. Şəxslərin gömrük ərazisinə daxil olması

 

Bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda, şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük ərazisinə daxil olduqları andan etibarən dərhal bu barədə gömrük orqanlarının vəzifəli şəxslərinə məlumat verməlidirlər.

 

Maddə 142. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindən düşmə

 

142.1. Gömrük ərazisinə daxil olan nəqliyyat vasitələrindəki şəxslər həmin nəqliyyat vasitəsindən düşmə ilə əlaqədar gömrük orqanlarının vəzifəli şəxslərinin bütün göstərişlərinə əməl etməlidirlər.

142.2. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük ərazisinə daxil olmuş nəqliyyat vasitəsindən düşən şəxslər gömrük orqanlarının vəzifəli şəxslərindən başqa göstəriş almadıqda, gömrük nəzarəti zonasına getməli və gömrük nəzarətinin həyata keçirildiyi müddət ərzində orada qalmalıdırlar.

 

Maddə 143. Şəxslərin gömrük ərazisindən yola düşməsi

 

Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxslər gömrük orqanlarının vəzifəli şəxslərinin icazəsi olmadan və gömrük sahəsindən keçmədən gömrük ərazisindən yola düşə bilməzlər.

 

Maddə 144. Nəqliyyat vasitəsinə daxilolma

 

Gömrük ərazisindən yola düşmək məqsədi ilə nəqliyyat vasitəsinə daxil olmağa hazırlaşan şəxslər bununla bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidirlər.

 

Maddə 145. Baqajın gömrük orqanlarına təqdim olunması

 

145.0. Bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük nəzarəti zonasına daxil olan nəqliyyat vasitəsindən düşən, yaxud həmin zonadan çıxmağa hazırlaşan nəqliyyat vasitəsinə minən şəxs:

145.0.1. ona məxsus müşayiət olunan baqajın gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən yoxlanılmasına şərait yaratmalı;

145.0.2. ona məxsus müşayiət olunan baqajın gömrük nəzarəti zonası daxilində hərəkəti və ya nəqliyyat vasitəsindən götürülüb gömrük nəzarəti zonasına aparılması ilə bağlı gömrük orqanlarının vəzifəli şəxslərinin göstərişlərinə əməl etməlidir.

 

 

X BÖLMƏ

GÖMRÜK PROSEDURLARINA DAİR ÜMUMİ QAYDALAR

 

FƏSİL 23

BƏYANETMƏ VƏ GÖMRÜK BƏYANNAMƏSİ

 

Maddə 146. Malların və nəqliyyat vasitələrinin bəyan edilməsi və bəyanetmənin yeri

 

146.1. Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.

146.2. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.

146.3. Bəyanetmənin forması və qaydaları, həmçinin gömrük məqsədləri üçün lazım olan sənədlərin və məlumatların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

146.4. Müvafiq icra hakimiyyəti orqanı gömrük orqanlarının bəyanetmə ilə bağlı fəaliyyət zonasını və funksiyalarını, habelə malların yerləşdirildiyi gömrük prosedurlarının xüsusiyyətlərini nəzərə alaraq, iş günlərini və saatlarını müəyyən edir.

 

Maddə 147. Daxili malların bəyan edilməsi

 

Sərbəst zona xüsusi gömrük proseduru istisna olmaqla, başqa gömrük prosedurları altında yerləşdirilməsi nəzərdə tutulan daxili mallar həmin gömrük proseduruna uyğun olaraq gömrük bəyannaməsi ilə təmin edilməlidir.

 

Maddə 148. Bəyannaməçi

 

148.1. Gömrük sərhədindən keçirən malların və nəqliyyat vasitələrinin sahibi, yaxud onunla bağlanılan müqavilə əsasında gömrük brokeri bəyannaməçi ola bilər.

148.2. Gömrük bəyannaməsinin təsdiq edilməsi şəxsin üzərinə xüsusi öhdəliklər qoyduğu hallarda, gömrük bəyannaməsi yalnız həmin şəxs tərəfindən və ya onun adından çıxış edən şəxs tərəfindən verilməlidir.

148.3. Malları və nəqliyyat vasitələrini bəyan edən bəyannaməçinin vəzifələri aşağıdakılardır:

148.3.1. malları və nəqliyyat vasitələrini bu Məcəllədə nəzərdə tutulan qaydada bəyan etmək;

148.3.2. malları və nəqliyyat vasitələrini gömrük orqanlarının tələbi ilə təqdim etmək;

148.3.3. gömrük məqsədləri üçün lazım olan sənədləri və məlumatları gömrük orqanlarına təqdim etmək;

148.3.4. gömrük ödənişlərini ödəmək;

148.3.5. gömrük orqanlarına gömrük rəsmiləşdirilməsində yardım göstərmək.

148.4. Bu Məcəllədə nəzərdə tutulan hüquqlardan başqa, bəyannaməçinin gömrük bəyannaməsini gömrük orqanlarına təqdim etməzdən əvvəl malları və nəqliyyat vasitələrini gömrük nəzarəti altında müayinə etmək, onları ölçmək, həmçinin gömrük orqanlarının icazəsi ilə onlardan prob və nümunələr götürmək hüququ da vardır.

 

Maddə 149. Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti

 

149.1. Gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər.

149.2. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata kecirilə bilər.

149.3. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir.

149.4. Bu Məcəllənin 149.3-cü maddəsində göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti çərçivəsində yol verilir.

149.5. Gömrük bəyannaməsinin təqdim edilməsinin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn növbəti iş günü müddətin bitdiyi gün hesab edilir.

149.6. Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisindən çıxarılarkən verilməlidir.

149.7. Malları daşıyan nəqliyyat vasitələri bu Məcəllənin 149.8-ci maddəsində göstərilən hal istisna edilməklə, mallarla eyni vaxtda bəyan edilir.

149.8. Dəniz, çay və hava gəmiləri gömrük ərazisində daxil olduqları, yaxud yola düşdükləri su və hava limanında bəyan edilir.

149.9. Yüksüz və sərnişinsiz nəqliyyat vasitələri gömrük sərhədindən keçərkən bəyan edilir.

 

Maddə 150. Gömrük bəyannaməsinin məzmunu və onunla birgə təqdim olunan sənədlər

 

150.1. Gömrük bəyannaməsi malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün lazım olan bütün məlumatları özündə əks etdirməlidir.

150.2. Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir.

150.3. Gömrük bəyannaməsinin forması və malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün onunla birgə təqdim olunan sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilələk rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

150.4. Malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün tələb olunan elektron, yaxud kağız üzərində yazılı formalarda sənədlər gömrük orqanlarına gömrük bəyannaməsinin təqdim edildiyi vaxt verilməlidir.

150.5. Ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı, o cümlədən elektron formada öhdəlik təqdim edir.[35]

 

Maddə 151. Gömrük bəyannaməsinin müəyyən olunmuş şərtlərə uyğunluğunun yoxlanılması

 

151.1. Gömrük orqanları təqdim olunan gömrük bəyannaməsini təsdiq edərkən, onun aşağıdakı şərtlərə uyğunluğunu yoxlayır:

151.1.1. malların nəzərdə tutulan gömrük proseduru altında yerləşdirilərək gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsinin həmin gömrük orqanının səlahiyyətlərinə aid olmasını;

151.1.2. gömrük bəyannaməsinin təqdim olunma vaxtının və yerinin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş tələblərə uyğunluğunu;

151.1.3. gömrük bəyannaməsində idxalına, yaxud ixracına qadağa və ya məhdudiyyətlər qoyulmuş mallar haqqında məlumatın olub-olmamasını;

151.1.4. gömrük bəyannaməsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə uyğunluğunu;

151.1.5. gömrük bəyannaməsi ilə birgə təqdim olunan sənədlərin mövcudluğunu (bu Məcəllənin 150.5-ci maddəsində müəyyən edilmiş qaydada sənədlərin sonradan təqdim olunduğu hallar istisna edilməklə) və onların qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməsini.

151.2. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab vermədikdə və bəyannaməçi tərəfindən ona düzəliş edilməklə həmin çatışmazlıqların aradan qaldırılması mümkün olmadıqda, həmin bəyannamə gömrük orqanları tərəfindən təsdiq edilmir. Belə hallarda gömrük bəyannaməsində onun təsdiq edilməməsinin səbəbləri göstərilməklə, müvafiq qeyd aparılır.

151.3. Təsdiq edilməmiş gömrük bəyannaməsi və onunla birlikdə təqdim edilmiş sənədlər təqdim edildiyi tarixdən 1 (bir) gündən gec olmayaraq bəyannaməçiyə qaytarılır.

 

Maddə 152. Gömrük bəyannaməsinin təsdiqi

 

152.1. Gömrük bəyannaməsi bu Məcəllənin 151.1-ci maddəsi ilə müəyyən edilmiş şərtlərə cavab verdikdə, həmin bəyannamə təqdim olunduğu gün gömrük orqanları tərəfindən təsdiq edilir.

152.2. Gömrük bəyannaməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə gömrük orqanının iş vaxtında təqdim olunur və təsdiq edilir.

152.3. Təsdiq edildikdən sonra gömrük bəyannaməsi faktları təsdiq edən, hüquqi əhəmiyyətə malik sənəd sayılır.

152.4. Gömrük orqanları gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina edə bilməzlər. Gömrük bəyannaməsinin təsdiqindən əsassız imtina ilə əlaqədar mallar barəsində səlahiyyəti olan şəxsə dəymiş ziyan bəyannamənin təsdiqindən əsassız olaraq imtina etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.

152.5. Gömrük bəyannaməsi malların təqdim olunduğu gömrük orqanından fərqli gömrük orqanında təqdim olunarsa, malların təqdim olunduğu gömrük orqanı bu mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsinin mümkünlüyünü təsdiq etdikdə həmin bəyannamə təsdiq edilir.

152.6. Gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiqi tarixi malların bəyan edildiyi gömrük prosedurunun tətbiq olunduğu tarix hesab olunur.

 

Maddə 153. Gömrük bəyannaməsinə düzəlişlərin edilməsi və ya onun geri götürülməsi

 

153.1. Bu Məcəllənin 153.2-ci maddəsində göstərilən hallar istisna olmaqla, gömrük bəyannaməsi təsdiq edildikdən sonra bəyannaməçinin müraciəti əsasında həmin bəyannamədə düzəlişlərin aparılmasına və ya onun geri götürülməsinə gömrük orqanları tərəfindən icazə verilir.

153.2. Aşağıdakı hallarda təqdim olunmuş gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verilmir:

153.2.1. gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətində olduğunu bildirdikdən sonra;

153.2.2. gömrük orqanları gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdən sonra;

153.2.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallar istisna olmaqla, gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra.

153.3. Gömrük bəyannaməsində aparılan düzəlişlər onun tətbiq sahəsini genişləndirə və ya məhdudlaşdıra bilməz.

153.4. Gömrük orqanlarının səlahiyyətinə aid olan məlumatların gömrük bəyannaməsinə daxil edilməsi halları istisna olmaqla, gömrük orqanlarının vəzifəli şəxsləri gömrük bəyannaməsini doldurmaq, gömrük bəyannaməsində göstərilən məlumatları dəyişdirmək və ya ona əlavələr etmək hüququna malik deyil.

153.5. Bu Məcəllənin 153.4-cü maddəsi gömrük orqanının vəzifəli şəxslərinin bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə gömrük bəyannaməsinin tərtib edilməsində və ona müvafiq düzəlişlər edilməsində yardım göstərilməsi barədə bu Məcəllənin 22.6-cı maddəsində nəzərdə tutulmuş vəzifəsini istisna etmir.

 

Maddə 154. Gömrük bəyannaməsinin ləğvi

 

154.1. Gömrük orqanları təsdiq olunmuş gömrük bəyannaməsini bəyannaməçinin müraciəti əsasında aşağıdakı hallarda ləğv edirlər:

154.1.1. mallar dərhal başqa gömrük proseduru altında yerləşdirilməli olduqda;

154.1.2. fors-major halları ilə əlaqədar malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi mümkün olmadıqda.

154.2. Gömrük orqanları bəyannaməçiyə malları yoxlamaq niyyətini bildirdikdə, gömrük bəyannaməsinin ləğvi barədə müraciətə yalnız müvafiq yoxlama aparıldıqdan sonra baxılır.

154.3. Gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv edilə bilməz.

154.4. Bu Məcəllənin 154.3-cü maddəsi ilə bağlı istisnaları müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

154.5. Gömrük bəyannaməsinin ləğvi bəyannaməçinin qanunvericilikdə nəzərdə tutulmuş inzibati və ya cinayət məsuliyyətinə cəlb olunması üzrə tədbirlərin tətbiqini istisna etmir.

 

Maddə 155. Sadələşdirilmiş bəyannamələr

 

155.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük rəsmiləşdirilməsini təkmilləşdirmək məqsədi ilə malların və nəqliyyat vasitələrinin bəyan olunmasının sadələşdirilmiş qaydalarını müəyyən edir.

155.2. Aşağıdakı hallarda gömrük orqanlarına sadələşdirilmiş bəyannamələr təqdim edilir:

155.2.1. səlahiyyətli iqtisadi operatorlar malları müvafiq gömrük proseduru altında yerləşdirərkən;

155.2.2. bu Məcəllənin 112.1-ci maddəsində nəzərdə tutulan yardım yüklərinin gömrük rəsmiləşdirilməsi zamanı;

155.2.3. fiziki şəxslər istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan, lakin yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən keçirərkən.

155.3. Sadələşdirilmiş bəyannamələr gömrük orqanlarının bəyannaməçinin elektron məlumat sistemindən məlumatlar əldə edə bilməsi və onların digər gömrük orqanları ilə mübadiləsi üçün lazım olan tələblərə cavab verməsi şərti ilə, bəyannaməçinin mallar və nəqliyyat vasitələri barədə hesabatı formasında ola bilər.

155.4. Səlahiyyətli iqtisadi operatorlara, istehsal və ya kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən keçirən fiziki şəxslərə münasibətdə və yardım yükləri üçün sadələşdirilmiş bəyannamənin ayrı-ayrı formalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 156. Əlavə, dövri və natamam bəyannamələr

 

156.1. Bu Məcəllənin 155.2.1-ci və 155.2.2-ci maddələrində nəzərdə tutulmuş hallarda sadələşdirilmiş bəyannamə verildikdə, bəyannaməçi aidiyyəti gömrük proseduru üzrə gömrük bəyannaməsinin tamamlanması üçün lazım olan digər məlumatları əks etdirən əlavə bəyannamə təqdim etməlidir.

156.2. Gömrük orqanları eyni malları və nəqliyyat vasitələrini gömrük sərhədindən müntəzəm olaraq keçirən şəxsə onları müəyyən müddət ərzində bir dövri bəyannamə əsasında keçirməsinə icazə verirlər.

156.3. Bəyannaməçi gömrük bəyannaməsini üzrlü səbəblərə görə tam şəkildə doldura bilmədikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada natamam bəyannamənin verilməsinə icazə verirlər.

156.4. Natamam bəyannamədə gömrük məqsədləri üçün lazım olan əsas məlumatlar göstərilməlidir. Çatışmayan məlumatlar bəyannaməçi tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə təqdim edilməlidir.

156.5. Əlavə, dövri və natamam bəyannamələrin formasını, təqdim olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

FƏSİL 24

GÖMRÜK BƏYANNAMƏSİNDƏ GÖSTƏRİLƏN MƏLUMATLARIN, ONUNLA BİRGƏ TƏQDİM EDİLƏN SƏNƏDLƏRİN VƏ MALLARIN YOXLANILMASI

 

Maddə 157. Gömrük bəyannaməsində göstərilən məlumatların yoxlanılması

 

157.1. Gömrük orqanları təsdiq etdikləri gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim olunan sənədlərin düzgünlüyünü, müvafiq malları yoxlamaq, malların bəyan edildiyi gömrük prosedurunun tətbiqi üçün bu Məcəllənin 150.3-cü maddəsinə əsasən çatışmayan başqa sənədlərin təqdim olunmasını tələb etmək, malların gömrük ekspertizası üçün onlardan prob və nümunələr götürmək hüququna malikdirlər.

157.2. Gömrük bəyannaməsində göstərilən məlumatların gömrük orqanları tərəfindən yoxlanılmasının nəticələri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.

157.3. Yoxlamanın nəticələrindən malların yerləşdirildiyi gömrük prosedurunun tətbiqi məqsədi ilə istifadə olunur.

 

Maddə 158. Malların yoxlanılması, prob və nümunələrin götürülməsi

 

158.1. Malların yoxlanıldığı, prob və nümunələrin götürüldüyü, ekspertizasının aparıldığı yerlərə daşınması, bununla əlaqədar yükləmə-boşaltma işləri və digər yük əməliyyatları bəyannaməçinin özü tərəfindən, yaxud onun məsuliyyəti altında həyata keçirilir. Bu zaman yaranan xərclər bəyannaməçi tərəfindən ödənilir.

158.2. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yoxlanılması, onlardan prob və nümunələr götürülməsi prosesində iştirak edə bilərlər. Bəyannaməçi mallardan prob və nümunələrin götürülməsində gömrük orqanlarının vəzifəli şəxslərinə yardım göstərməlidir.

158.3. Gömrük orqanları bu Məcəllənin 91.3-cü maddəsində göstərilən hallarda mallardan prob və nümunələri bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin iştirakı olmadan götürmək hüququna malikdirlər.

158.4. Digər dövlət orqanları, habelə bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri mallardan prob və nümunələri yalnız gömrük orqanlarının vəzifəli şəxslərinin iştirakı ilə götürə bilərlər.

158.5. Prob və nümunələr onların gömrük ekspertizasını aparmağa imkan verən minimum miqdarda (sayda, ölçüdə) götürülür. Gömrük nəzarəti altında olan mallardan prob və nümunələrin götürülməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib olunur.

158.6. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri götürülən prob və nümunələr üzrə aparılmış ekspertizanın nəticələri ilə tanış olmaq hüququna malikdirlər. Digər dövlət nəzarəti orqanları tərəfindən götürülən prob və nümunələrin ekspertizasının nəticələri haqqında gömrük orqanlarına məlumat verilməlidir.

158.7. Prob və nümunələrin gömrük ekspertizası ilə əlaqədar gömrük orqanlarının və gömrük laboratoriyalarının xərcləri bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən ödənilmir.

158.8. Mallardan götürülən prob və nümunələrin gömrük ekspertizası bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə aparıldıqda, gömrük laboratoriyalarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımları ödənilir.

158.9. Mallardan prob və nümunələrin götürülməsi, onların barəsində sərəncam verilməsi qaydasını, gömrük ekspertizasının aparılma müddətlərini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 159. Malların qismən (bir hissəsinin) yoxlanılması, onlardan prob və nümunələrinin götürülməsi

 

159.1. Gömrük bəyannaməsində göstərilən malların bir hissəsinin yoxlanıldığı və ya onlardan prob və nümunələrin götürüldüyü hallarda qismən yoxlamanın, yaxud prob və nümunələrin yoxlanmasının nəticələri orada göstərilmiş bütün mallara şamil edilir.

159.2. Bəyannaməçi qismən yoxlamanın, yaxud götürülmüş prob və nümunələrin yoxlanılmasının nəticələrinin bəyan edilmiş malların qalan hissəsinə münasibətdə tətbiq olunmasını mümkünsüz hesab edərsə, malların təkrar yoxlanılması, yaxud onlardan prob və nümunənin götürülməsi ilə bağlı gömrük orqanına müraciət edə bilər. Əgər malların buraxılışı həyata keçirilməyibsə, müraciət təmin olunmalıdır. Malların buraxılışından sonra edilən müraciət malların hər hansı şəkildə dəyişdirilmədiyi bəyannaməçi tərəfindən sübuta yetirildiyi halda təmin olunur.

159.3. Gömrük bəyannaməsində iki və ya daha çox adda mal bəyan edilərsə, hər bir mala aid məlumat bu Məcəllənin 159.1-ci maddəsinin məqsədləri üçün ayrı bəyanetmə hesab edilir.

 

Maddə 160. Gömrük bəyannaməsində göstərilən məlumatların, müvafiq sənədlərin və malların yoxlanılma müddətləri

 

160.1. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların adlarına, mənşəyinə, sayına və dəyərinə uyğunluğunun yoxlanılması, gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 2 (iki) gündən gec olmayaraq həyata keçirilir. [36]

160.2. Gömrük qanunvericiliyində sənədlərin və malların yoxlanılması üçün daha qısa müddət müəyyənləşdirilə bilər.

160.3. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına gömrük bəyannaməsində göstərilən mallar haqqında məlumatların düzgünlüyünün yoxlanmasına imkan vermirsə, bu Məcəllənin 160.1-ci maddəsində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayırması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır.

160.4. Yoxlamanın nəticələri malların yerləşdirildiyi müvafiq gömrük prosedurunun tətbiqi üçün istifadə edilir.

 

Maddə 161. Eyniləşdirmə tədbirləri

 

161.1. Gömrük orqanları və ya gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli iqtisadi operatorlar malların bəyan edildiyi gömrük prosedurunu tənzimləyən şərtlərə əməl olunmasını təmin etmək məqsədi ilə eyniləşdirmə tələb olunan hallarda bu Məcəllənin 87-ci maddəsinə müvafiq olaraq malların eyniləşdirilməsi tədbirləri həyata keçirirlər.

161.2. Həmin eyniləşdirmə tədbirləri bütün gömrük ərazisində eyni hüquqi qüvvəyə malikdir.

161.3. Fors-major hallarında malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədləri istisna olmaqla, onlara tətbiq edilmiş eyniləşdirmə vasitələrinin götürülməsi və ya məhv edilməsi yalnız gömrük orqanları tərəfindən, gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda isə səlahiyyətli iqtisadi operatorlar tərəfindən həyata keçirilə bilər.

161.4. Eyniləşdirmə vasitələri fors-major hallarında götürüldükdə və ya məhv edildikdə, dərhal gömrük orqanlarına məlumat verilməli və göstərilən halların mövcudluğunu sübut edən dəlillər təqdim olunmalıdır.

 

 

FƏSİL 25

BURAXILIŞ

 

Maddə 162. Malların buraxılışı

 

162.1. Bəyannaməçi, mallar barəsində səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri tərəfindən bu Məcəllənin 163-cü maddəsi ilə müəyyən edilmiş şərtlər yerinə yetirildikdən, bəyan olunan mallarla əlaqədar qanunvericiliklə qadağaların və məhdudiyyətlərin olmadığı müəyyən edildikdən, gömrük bəyannaməsindəki məlumatlar yoxlandıqdan dərhal sonra gömrük orqanları malların buraxılışını həyata keçirirlər.

162.2. Gömrük bəyannaməsindəki məlumatların düzgün olmadığını müəyyənləşdirdikdə, gömrük orqanları bəyannaməçidən müvafiq düzəlişlərin aparılmasını tələb edirlər. Buraxılış, həmin tələb yerinə yetirildikdən (bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla) və müvafiq gömrük ödənişləri ödənildikdən dərhal sonra həyata keçirilir.[37]

162.3. Eyni gömrük bəyannaməsinin əhatə etdiyi bütün mallar gömrük orqanları tərəfindən eyni vaxtda buraxılır.

162.4. Mallar gömrük bəyannaməsini təsdiq etmiş gömrük orqanına deyil, başqa gömrük orqanına təqdim edildikdə, aidiyyəti gömrük orqanları həmin malların buraxılışı üçün zəruri olan məlumatları öz aralarında mübadilə etməlidirlər.

 

Maddə 163. Gömrük borcunun ödənilməsindən və yaxud bu borca görə təminatın verilməsindən asılı olan buraxılış

 

163.1. Gömrük bəyannaməsinin təsdiqi gömrük borcu yaratdıqda malların buraxılışı həmin gömrük borcunu təşkil edən gömrük ödənişlərinin ödənilməsi və ya bu borca görə təminat verilməsi şərti ilə həyata keçirilir.

163.2. Bu Məcəllənin 163.1-ci maddəsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal olunan mallara şamil edilmir.

163.3. Gömrük orqanları malların bəyan edildiyi gömrük proseduruna və bu Məcəllənin 45-ci fəslinə uyğun olaraq gömrük ödənişlərinə təminat verilməsini tələb etdikdə, həmin tələb yerinə yetirilməyənədək mallar müvafiq gömrük proseduruna buraxılmır.

163.4. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallardan yalnız həmin güzəştlərin verilməsi məqsədləri üçün istifadə oluna bilər. Bu mallardan başqa məqsədlər üçün istifadəyə gömrük ödənişləri tam ödənildikdən, bu Məcəllə və digər qanunvericilik aktlarında nəzərdə tutulan tələblər yerinə yetirildikdən sonra, gömrük orqanlarının icazəsi ilə yol verilir.

163.5. Gömrük ödənişləri üzrə güzəştlər verilərək şərti buraxılmış mallar barəsində sərəncam verilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

163.6. Bəyannaməçinin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq malların buraxılışının həyata keçirilməsi ilə bağlı gömrük orqanına müraciəti daxil olduqda həmin müraciətə onun daxil olduğu vaxtdan 1 (bir) gün müddətində baxılır və aşağıdakı tələblərin yerinə yetirildiyi müəyyənləşdirildikdən dərhal sonra gömrük orqanı tərəfindən malların buraxılışı həyata keçirilir:[38]

163.6.1. gömrük orqanına təqdim edilən bəyannamə üzrə hesablanmış gömrük ödənişləri ödənilməli;

163.6.2. bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim olunmuş bildirişdəki düzəlişlərin edilməsi nəticəsində yarana biləcək əlavə gömrük borcuna görə bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə etməklə təminat verilməli;

163.6.3. bəyan olunmuş malların buraxılışının həyata keçirilməsi üçün bu Məcəlləyə uyğun olaraq müəyyən edilmiş digər tələblər yerinə yetirilməlidir.

 

 

FƏSİL 26

SƏRBƏST DÖVRİYYƏ ÜÇÜN BURAXILIŞ

 

Maddə 164. Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun əhatə dairəsi

 

164.1. Daxili bazarda satılma, istifadə və ya istehlak üçün nəzərdə tutulan xarici mallar sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilir.

164.2. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru aşağıdakıları əhatə edir:

164.2.1. qanunvericiliklə müəyyən olunmuş gömrük ödənişlərinin ödənilməsini;

164.2.2. ticarət siyasəti tədbirlərinin tətbiqini;

165.2.3. malların idxalı ilə bağlı müəyyən edilmiş digər prosedurların tamamlanmasını.

164.3. Sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilən xarici mallar daxili mallar gömrük statusunu alırlar.

164.4. Malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

 

FƏSİL 27

TƏKRAR İDXAL

 

Maddə 165. Təkrar idxal gömrük prosedurunun əhatə dairəsi

 

165.1. Təkrar idxal - ixrac olunmuş mallar ixrac edildiyi vaxtdan 3 (üç) il ərzində eyni vəziyyətdə, yəni xarici ölkədə heç bir emala məruz qalmadan gömrük ərazisinə tam və bir hissəsi qaytarıldıqda, onların idxal gömrük rüsumlarından və vergilərdən tamamilə azad edilməklə və ticarət siyasəti tədbirləri tətbiq edilmədən, sərbəst dövriyyəyə buraxılışıdır.

165.2. Sərbəst dövriyyədə olmuş və ya daxildə emal edilmiş mallar da təkrar idxal gömrük proseduru altında yerləşdirilə bilər.

165.3. Malların gömrük ərazisinə qaytarılması onları aparmış şəxs tərəfindən deyil, başqa şəxs tərəfindən həyata keçirildiyi zaman gömrük orqanları malların təkrar idxalına bu Məcəllənin 165.6-cı maddəsində nəzərdə tutulan qaydalarda müəyyən edilmiş hallarda icazə verir.

165.4. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə onların ixracı zamanı geri qaytarılması ehtimalı barədə gömrük orqanlarına bildirib-bildirilməməsindən asılı olmayaraq icazə verilir.

165.5. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsinə nəzarətin təmin edilməsi məqsədi ilə gömrük orqanlarının təkrar idxal olunan malların gömrük ərazisindən aparıldığı gömrük orqanına təqdim olunmasını tələb etmək hüququ vardır.

165.6. Malların təkrar idxal gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

 

XI BÖLMƏ

XÜSUSİ GÖMRÜK PROSEDURLARI

 

FƏSİL 28

ÜMUMİ MÜDDƏALAR

 

Maddə 166. Xüsusi gömrük prosedurlarının əhatə dairəsi

 

166.0. Mallar aşağıdakı xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər:

166.0.1. tranzit (beynəlxalq və daxili tranzit);

166.0.2. saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc);

166.0.3. sərbəst zona;

166.0.4. xüsusi istifadə (müvəqqəti idxal və son istifadə);

166.0.5. emal (daxildə və xaricdə emal).

 

Maddə 167. İcazələrin və lisenziyaların verilməsi

 

167.1. Malların emal və ya xüsusi istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən gömrük orqanının icazəsi ilə həyata keçirilir.

167.2. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi müvafiq icra hakimiyyəti orqanından lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir.

167.3. Qanunvericilikdə başqa hallar nəzərdə tutulmamışdırsa, bu Məcəllənin 167.1-ci və 167.2-ci maddəsində qeyd olunan icazə və lisenziya aşağıdakı şəxslərə verilir:

167.3.1. rezidentlərə;

167.3.2. gömrük əməliyyatlarının qanunvericiliyin tələblərinə uyğun aparılacağına zəmanət təqdim edən və bu Məcəllənin 167.3-1-ci maddəsi nəzərə alınmaqla gömrük borcunun yarandığı və yarana biləcəyi hallarda onun ödənilməsinə təminat verən şəxslərə;[39]

167.3.3. müvəqqəti idxal və ya daxildə emal xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallardan müvafiq olaraq istifadə edən, yaxud emal əməliyyatları aparan şəxsə.

167.3-1. Gömrük orqanları malların daxildə emal xüsusi proseduru altında yerləşdirilməsinə icazə verməzdən əvvəl yalnız bu Məcəllənin 252-ci maddəsinə uyğun olaraq təminatın verilməsini tələb edə bilərlər.[40]

167.4. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazə şəxsə aşağıdakı şərtlərlə verilir:

167.4.1. gömrük orqanlarının xüsusi gömrük prosedurlarına nəzarəti həyata keçirmək imkanı olduqda;

167.4.2. icazənin verilməsi yerli istehsalçıların mühüm maraqlarına mənfi təsir göstərmədikdə.

167.5. Bu Məcəllənin 167.1-ci maddəsində qeyd olunan icazənin verilməsinin yerli istehsalçıların mühüm maraqlarına təsir göstərmə dərəcəsi iqtisadi şəraitin təhlili nəticəsində müəyyən edilir. Bu təhlilin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

167.6. Xüsusi gömrük proseduruna icazə sahibi icazənin verilməsindən sonra onun davam etdirilməsinə və ya məzmununa təsir edə bilən bütün amillər barədə gömrük orqanlarına məlumat verməyə borcludur.

 

Maddə 168. Uçotun aparılması

 

168.1. Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, icazə sahibi, prosedur sahibi, habelə sərbəst zonada malların saxlancı, istehsalı, emalı, alğı-satqısı ilə məşğul olan şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada öz əməliyyatlarının uçotunu aparmalıdırlar.

168.2. Aparılan uçot gömrük orqanları tərəfindən müvafiq gömrük proseduruna, o cümlədən həmin gömrük proseduru altında yerləşdirilmiş malların eyniləşdirilməsinə, onların gömrük statusunun müəyyənləşdirilməsinə və daşınmasına nəzarətin həyata keçirilməsinə imkan yaratmalıdır.

 

Maddə 169. Xüsusi gömrük prosedurunun başa çatması

 

169.1. Tranzit xüsusi gömrük prosedurundan və bu Məcəllənin 195-ci maddəsində nəzərdə tutulmuş hallardan başqa, xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar və ya emal olunmuş məhsullar növbəti gömrük proseduru altında yerləşdirildiyi, gömrük ərazisindən aparıldığı, tullantılar qalmadan məhv edildiyi və ya dövlətin xeyrinə imtina edildiyi zaman xüsusi gömrük proseduru başa çatır.

169.2. Tranzit xüsusi gömrük proseduru, göndərən gömrük orqanına və təyinat gömrük orqanına təqdim olunan məlumatların gömrük orqanları tərəfindən müqayisəsi əsasında onun düzgün yerinə yetirildiyi müəyyən edildikdən sonra başa çatır.

169.3. Xüsusi gömrük proseduru başa çatmadıqda, gömrük orqanları müvafiq mallarla bağlı vəziyyətin tənzimlənməsi üçün bütün lazımi tədbirləri həyata keçirirlər.

 

Maddə 170. Xüsusi gömrük prosedurları ilə bağlı hüquq və öhdəliklərinin ötürülməsi

 

Tranzit xüsusi gömrük proseduru istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallarla əlaqədar prosedur sahibinin hüquqları və öhdəlikləri müvafiq gömrük proseduru üçün müəyyən edilmiş şərtlərə əməl edən digər şəxslərə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada verilə bilər.

 

Maddə 171. Malların daşınması

 

Tranzit və sərbəst zona xüsusi gömrük prosedurları istisna olmaqla, digər xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar gömrük ərazisinin müxtəlif məntəqələri arasında gömrük qanunvericiliyinin tələblərinə riayət olunmaqla daşına bilər.

 

Maddə 172. Mallarla adi işləmə formaları

 

Gömrük anbarlarında saxlanc, emal və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilmiş mallar onların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması məqsədi ilə adi işləmə formalarına məruz qala bilərlər.

 

Maddə 173. Ekvivalent mallar

 

173.1. Xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların əvəzinə saxlanca qoyulan, istifadə edilən və ya emal edilən daxili mallar ekvivalent mallar hesab olunur.

173.2. Xaricdə emal prosedurunda ekvivalent mallar bu prosedur altında yerləşdirilmiş daxili malların əvəzinə emal olunan xarici mallardan ibarətdir.

173.3. Ekvivalent mallar əvəz etdikləri mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

173.4. Gömrük orqanları gömrük prosedurunun gömrük nəzarəti baxımından qanunvericiliyin tələblərinə uyğun tətbiq olunmasının təmin edilməsi şərti ilə tranzit, müvəqqəti idxal və ya müvəqqəti saxlanc xüsusi gömrük prosedurları istisna edilməklə, digər xüsusi gömrük prosedurları daxilində ekvivalent mallardan istifadəyə icazə verirlər.

173.5. Müvafiq icra hakimiyyəti orqanı ekvivalent mallardan istifadə qaydalarını müəyyən edir.

 

 

FƏSİL 29

TRANZİT

 

Maddə 174. Beynəlxalq tranzit

 

174.1. Beynəlxalq tranzit xüsusi gömrük proseduru xarici malların gömrük rüsumları, əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük nəzarəti altında bir yerdən başqa yerə daşınmasıdır.

174.2. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması aşağıdakı qaydada həyata keçirilir:

174.2.1. malların daşınması gömrük ərazisindən kənarda başlanır, yaxud başa çatır;

174.2.2. malların daşınması gömrük ərazisinin iki məntəqəsi arasında gömrük ərazisindən kənar ərazidən keçməklə baş verir.

174.3. Bu Məcəllənin 174.1-ci maddəsində qeyd edilən daşınma aşağıda göstərilənlər əsasında həyata keçirilir:

174.3.1. beynəlxalq tranzit xüsusi gömrük proseduru;

174.3.2. beynəlxalq gömrük tranziti üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr;

174.3.3. mallar Ümumdünya Poçt İttifaqının Aktları əsasında hüquqlara malik olan və öhdəliklər daşıyan subyektlər (poçt rabitəsi operatorları) tərəfindən və ya onlar üçün beynəlxalq poçt göndərişlərinin daşınmasında vasitəçilik edən şəxslər tərəfindən daşındığı halda, bu aktlara müvafiq olaraq beynəlxalq poçt göndərişlərinin mübadiləsi sistemi.

174.4. Daxili malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilməsi hallarını və şərtlərini müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir.

174.5. Xarici dövlətlərin və beynəlxalq təşkilatların rezidentlərin mənafeyinə zərər vuran ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə cavab kimi, müvafiq icra hakimiyyəti orqanı həmin dövlətlərin və müvafiq beynəlxalq təşkilatlara daxil olan dövlətlərin mallarının gömrük ərazisindən beynəlxalq tranzitinə qadağalar və məhdudiyyətlər tətbiq edə bilər.

174.6. Malların beynəlxalq tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi əsasında həyata keçirilir.

 

Maddə 175. Daxili tranzit

 

175.1. Daxili tranzit xüsusi gömrük proseduru daxili malların statusunu dəyişmədən gömrük ərazisinin bir yerindən başqa yerinə (o cümlədən xarici ölkənin ərazisindən keçməklə) daşınmasıdır.[41]

175.2. Bu Məcəllənin 175.1-ci maddəsində qeyd edilən daşınma poçt sistemi daxilində daşınan mallara da şamil edilir.

175.3. Malların daxili tranzit xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınması gömrük orqanlarının icazəsi ilə həyata keçirilir.

175.4. Malların beynəlxalq və daxili tranzit xüsusi gömrük prosedurları altında yerləşdirilərək daşınması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

 

FƏSİL 30

SAXLANC

 

Maddə 176. Saxlanc xüsusi gömrük prosedurunun əhatə dairəsi

 

176.1. Saxlanc xüsusi gömrük proseduru müvəqqəti saxlanc və gömrük anbarı prosedurlarından ibarətdir. Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

176.2. Xarici mallar saxlanc xüsusi gömrük proseduru altında idxal gömrük rüsumları, idxal üzrə əlavə dəyər vergisi və aksizlər alınmadan, ticarət siyasəti tədbirləri tətbiq olunmadan gömrük və müvəqqəti saxlanc anbarlarında gömrük nəzarəti altında yerləşdirilir.

176.3. Daxili mallar da gömrük qanunvericiliyinə müvafiq olaraq gömrük anbarı proseduru və ya sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilə bilər.

176.4. Daxili malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirildiyi halları və şərtləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 177. Saxlanc xüsusi gömrük proseduru sahibinin məsuliyyəti

 

177.1. Saxlanc xüsusi gömrük prosedurunun sahibi aşağıdakılara görə cavabdehdir:

177.1.1. müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilmiş malların gömrük nəzarətindən yayındırılmasına;

177.1.2. malların saxlancından irəli gələn öhdəliklərinin yerinə yetirilməməsinə;

177.1.3. gömrük və ya müvəqqəti saxlanc anbarlarının təsisi ilə əlaqədar verilmiş lisenziyada müəyyən edilən şərtlərə əməl edilməməsinə.

177.2. Prosedur sahibi malların müvəqqəti saxlanc və ya gömrük anbarı xüsusi gömrük prosedurları altında yerləşdirilməsindən irəli gələn öhdəliklərini yerinə yetirməməsinə görə qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.

 

Maddə 178. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru

 

178.1. Başqa gömrük proseduru altında yerləşdirilməsi üçün bəyan edilmə halları istisna olmaqla, mal sahibi tərəfindən gömrük orqanlarına təqdim edilmiş aşağıdakı xarici mallar onun tərəfindən müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək bəyan edilir:

178.1.1. sərbəst zonaya birbaşa gətirilmə istisna olmaqla, gömrük ərazisinə gətirilən mallar;

178.1.2. sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən mallar;

178.1.3. barəsində beynəlxalq tranzit xüsusi gömrük proseduru başa çatmış mallar.

178.2. Malların müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanları tərəfindən gömrük bəyannaməsi kimi qısa idxal bəyannaməsi və ya onu əvəz edən tranzit sənədi qəbul edilir.

178.3. Gömrük orqanları prosedur sahibindən yarana biləcək gömrük borcuna görə təminat tələb etmək hüququna malikdirlər.

178.4. Malları müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirmək və ya həmin prosedur altında saxlamaq mümkün olmadıqda, gömrük orqanları mallarla bağlı vəziyyəti tənzimləmək üçün təxirə salınmadan bütün zəruri tədbirləri həyata keçirirlər.

 

Maddə 179. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti

 

179.1. Malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır.

179.2. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır.

179.3. Mallar müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında qalma müddəti başa çatanadək başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməli və ya gömrük anbarında yerləşdirilməlidir.

 

Maddə 180. Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar

 

180.1. Müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilən malların mövcud vəziyyətdə qalmasını təmin etmək üçün onlar adi əməliyyatlara məruz qala bilərlər. Belə hallarda malların xarici görünüşünün və texniki göstəricilərinin dəyişdirilməsinə yol verilmir.

180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçirilir.

180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 181. Gömrük anbarlarında saxlanc

 

181.1. Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər.

181.2. Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər.

181.3. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb olunan mallar anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır.

181.4. Gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar gömrük anbarından müvəqqəti çıxarıla bilər. Fors-major halları istisna edilməklə, həmin malların gömrük anbarından müvəqqəti çıxarılılması üçün gömrük orqanlarının icazəsi tələb olunur.

181.5. Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 182. Gömrük anbarlarında daxili malların saxlanılması və emalı

 

182.0. Gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük anbarında aşağıdakıların həyata keçirilməsinə icazə verirlər:

182.0.1. daxili malların saxlancına;

182.0.2. malların daxildə emal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilərək, həmin prosedurlar üçün müəyyən edilmiş şərtlərə uyğun olaraq emalına.

 

Maddə 183. Malların gömrük anbarında saxlanc müddəti

 

183.1. Mallar gömrük anbarı xüsusi gömrük proseduru altında yerləşdirilərək 3 (üç il) müddətində saxlanıla bilər. Müvafiq icra hakimiyyəti orqanı bu müddəti malların ayrı-ayrı kateqoriyaları üzrə məhdudlaşdıra bilər.

183.2. Bu Məcəllənin 183.1-ci maddəsində müəyyən edilən müddət başa çatanadək mallar başqa gömrük proseduru altında yerləşdirilmək üçün bəyan edilməlidir. Bu müddət başa çatdıqdan sonra qeyd olunan tələb yerinə yetirilmədikdə, həmin mallar barəsində bu Məcəllənin 57-ci fəslində müəyyən edilmiş qaydada sərəncam verilir.

183.3. Gömrük anbarında saxlanc müddəti başa çatmış malların və nəqliyyat vasitələrinin bu Məcəlləyə uyğun olaraq satışından əldə edilən məbləğ onların daşınması, saxlancı və satışı ilə bağlı xərclər və ödənilməli olan gömrük ödənişləri çıxıldıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada mal sahibinə verilir.

 

 

FƏSİL 31

SƏRBƏST ZONA

 

Maddə 184. Sərbəst zonanın müəyyən edilməsi

 

184.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük ərazisində sərbəst zona yarada və ləğv edə bilər.

184.2. Müvafiq icra hakimiyyəti orqanı hər bir sərbəst zonanın sahəsini, onun giriş və çıxış məntəqələrini müəyyənləşdirir.

184.3. Sərbəst zona qapalı olmalıdır. Onun sahəsinin perimetrləri, giriş və çıxış məntəqələri gömrük orqanlarının nəzarəti altında olur.

184.4. Sərbəst zonaya daxil olan və oranı tərk edən şəxslər, mallar və nəqliyyat vasitələri bu Məcəllədə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş qaydada gömrük nəzarətindən keçməlidirlər.

184.5. Gömrük orqanlarının icazəsi əsasında sərbəst zonaya gətirilmiş mallarla adi əməliyyatlar, o cümlədən onların qorunması, qablaşdırılması, keyfiyyətinin yaxşılaşdırılması məqsədi ilə qablaşdırma yerlərinin qruplaşdırılması, çeşidlənməsi, markalanması və yenidən qablaşdırılması həyata keçirilə bilər.

 

Maddə 185. Sərbəst zonada tikililər və həyata keçirilən fəaliyyət

 

185.1. Sərbəst zonada tikinti işləri gömrük orqanlarının icazəsi ilə aparılır.

185.2. Sərbəst zonada kommersiya və digər fəaliyyət növləri gömrük orqanlarına müəyyən edilmiş formada əvvəlcədən məlumat verilməklə, onların icazəsi ilə həyata keçirilir.

185.3. Müvafiq icra hakimiyyəti orqanı malların xassələrini və xüsusiyyətlərini, gömrük nəzarətinin tələblərini, təhlükəsizlik və mühafizə tədbirlərini nəzərə almaqla, bu Məcəllənin 185.2-ci maddəsində qeyd olunan fəaliyyət növlərinə qadağa və məhdudiyyətlər müəyyən edə bilər.

 

Maddə 186. Malların təqdim edilməsi və onların sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilməsi

 

186.1. Sərbəst zonaya gətirilmiş mallar aşağıdakı hallarda gömrük orqanlarına təqdim edilir və müvafiq gömrük rəsmiləşdirilməsindən keçirilir:

186.1.1. gömrük ərazisindən kənar yerdən birbaşa sərbəst zonaya gətirildikdə;

186.1.2. digər xüsusi gömrük prosedurları altında yerləşdirilməsi başa çatan mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə;

186.1.3. idxal gömrük rüsumlarının qaytarılmasına və ya həmin rüsumların ödənilməsindən azad edilməyə əsas vermiş qərarın tətbiqi məqsədi ilə sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirildikdə.

186.2. Bu Məcəllənin 187-ci maddəsində nəzərdə tutulmuş hallar istisna edilməklə, sərbəst zonaya gətirilən mallar aşağıda göstərilən vaxtdan sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir:

186.2.1. mallar sərbəst zonaya daxili olduğu vaxtdan, əgər onlar artıq digər gömrük proseduru altında yerləşdirilməyibsə;

186.2.2. tranzit proseduru başa çatdığı vaxtdan, əgər mallar dərhal növbəti gömrük proseduru altında yerləşdirilməyibsə.

186.3. Malların sərbəst zona xüsusi gömrük proseduru altında qalması müddəti məhdudlaşdırılmır.

 

Maddə 187. Sərbəst zonada olan daxili mallar

 

187.1. Daxili mallar sərbəst zonaya gətirilə, orada saxlanıla, daşına, istifadə və emal oluna, habelə istehlak edilə bilərlər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

187.2. Şəxslərin müraciəti əsasında gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aşağıdakı malların daxili mallar gömrük statusunu təsdiq edirlər:

187.2.1. sərbəst zonaya gətirilən daxili malların;

187.2.2. sərbəst zona daxilində emal əməliyyatlarına məruz qalmış daxili malların;

187.2.3. sərbəst zona daxilində sərbəst dövriyyəyə buraxılmış malların.

 

Maddə 188. Sərbəst zonada olan xarici mallar

 

188.1. Xarici mallar sərbəst zonada olduğu müddətdə sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, daxildə emal, müvəqqəti idxal və ya son istifadə xüsusi gömrük prosedurları altında yerləşdirilə bilər. Belə hallarda mallar sərbəst zona xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilmir.

188.2. Bu Məcəllənin 188.1-ci maddəsi müvafiq gömrük prosedurlarına uyğun olaraq idxal gömrük rüsumları və vergilər ödəmək öhdəliyini yaratmayan sərbəst dövriyyəyə buraxılmış və ya müvəqqəti idxal edilmiş malların istifadəsinə və istehlakına maneçilik törətmir. Bu cür istifadə və ya istehlak zamanı sərbəst dövriyyə üçün buraxılış və ya müvəqqəti idxal gömrük prosedurları ilə əlaqədar heç bir gömrük bəyannaməsi tələb edilmir.

 

Maddə 189. Malların sərbəst zonadan kənara çıxarılması

 

189.1. Sərbəst zonada yerləşən mallar gömrük ərazisindən ixrac və təkrar ixrac edilə və ya gömrük ərazisinin digər hissəsinə gətirilə bilər.

189.2. Gömrük ərazisinin digər hissələrinə gətirilən mallara bu Məcəllənin 117-124-cü maddələrinin müddəaları tətbiq edilir.

 

Maddə 190. Sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirilən malların gömrük statusu

 

190.1. Mallar sərbəst zonadan gömrük ərazisinin digər hissəsinə gətirildikdə və ya başqa gömrük proseduru altında yerləşdirildikdə, onların daxili statusu bu Məcəllənin 187.2-ci maddəsinə müvafiq olaraq və ya qanunvericiliklə müəyyənləşdirilmiş hər hansı sənədlə təsdiq edilənədək xarici mallar hesab edilir.

190.2. Qanunvericilik aktları ilə nəzərdə tutulmuş hallarda ixrac gömrük rüsumlarının alınması və ya malların ixracı ilə bağlı ticarət siyasəti tədbirlərin tətbiq edilməsi məqsədi ilə mallar, onların daxili statusunun olmadığı müəyyənləşdirilənə qədər, daxili mallar hesab edilir.

 

Maddə 191. Sərbəst zonanın ləğvi

 

Sərbəst zona ləğv edildikdə, şəxslərə malların gömrük ərazisində yerləşən digər sərbəst zonaya aparılması və ya başqa gömrük proseduru altında yerləşdirilməsi üçün kifayət qədər vaxt verilməlidir.

 

 

FƏSİL 32

XÜSUSİ İSTİFADƏ

 

Maddə 192. Müvəqqəti idxal xüsusi gömrük proseduru və onun əhatə dairəsi

 

192.1. Təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

192.2. Mallar bu Məcəllənin 194.1-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından tamamilə azad olunduğu halda, onlar həmçinin, əlavə dəyər vergisindən və aksizlərdən də azad edilirlər.

192.3. Müvəqqəti idxal xüsusi gömrük prosedurundan yalnız aşağıdakı şərtlər daxilində istifadə olunur:

192.3.1. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan normal istifadə nəticəsində baş verən dəyişikliklər istisna olmaqla, onların hər hansı başqa dəyişikliyə məruz qalması nəzərdə tutulmadıqda;

192.3.2. müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildiyi zaman, onların eyniləşdirilməsini təmin etmək mümkün olduqda;

192.3.3. gömrük qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, prosedur sahibi gömrük ərazisindən kənarda təsis edildikdə.

192.4. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda beynəlxalq müqavilələrin müddəaları, malların xassələri və xüsusiyyətləri, onlardan istifadə şərtləri nəzərə alınmalıdır.

 

Maddə 193. Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti

 

193.1. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malların təkrar ixracının və ya növbəti gömrük proseduru altında yerləşdirilməsinin müddətini gömrük orqanları müəyyənləşdirirlər. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət qədər olmalıdır.

193.2. Malların eyni məqsəd üçün və eyni şəxsin məsuliyyəti altında olmaqla, müvəqqəti idxal proseduru altında yerləşdirilə biləcəyi maksimum müddət 24 (iyirmi dörd) ay təşkil edir. Müvafiq icra hakimiyyəti orqanı müxtəlif kateqoriyadan olan mallar üçün daha az və daha çox müvəqqəti idxal müddətləri müəyyən edə bilər.

193.3. Şəxs bu Məcəllənin 193.2-ci maddəsində göstərilən müddət ərzində müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədinə nail olmadıqda, gömrük orqanları onun əsaslandırılmış müraciəti üzrə həmin müddəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada 12 (on iki) aya qədər uzadır.

193.4. Bu Məcəllənin 193.1-193.3-cü maddələrində nəzərdə tutulmuş müddət başa çatanadək, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edilməli və ya başqa gömrük proseduru altında yerləşdirilməlidir.

 

Maddə 194. Müvəqqəti idxal zamanı gömrük rüsumlarından və vergilərdən azadetmə

 

194.1. Gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

194.2. Gömrük rüsumlarından, vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara görə alınan gömrük rüsumlarının və vergilərin ümumi məbləği, onların müvəqqəti idxal proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının, vergilərin məbləğindən artıq olmamalıdır.

194.3. Müvəqqəti idxal edilən malların gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 195. Son istifadə xüsusi gömrük proseduru

 

195.1. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar bu prosedurun məqsədinə uyğun olaraq gömrük rüsumlarından və vergilərdən azad edilməklə sərbəst dövriyyəyə buraxılır. Bu zaman həmin mallar gömrük nəzarəti altında qalır.

195.2. Son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üzərində gömrük nəzarəti aşağıdakı hallarda başa çatır:

195.2.1. mallar gömrük rüsumlarından və vergilərdən azad edilmənin tətbiqi üçün qanunvericiliklə müəyyən edilmiş məqsədlərə istifadə olunduqda;

195.2.2. mallar ixrac və ya məhv edildikdə, yaxud onlardan dövlətin xeyrinə imtina olunduqda;

195.2.3. mallardan gömrük rüsumlarından və vergilərdən azad olunmanın məqsədləri üçün istifadə edilmədiyi aşkar olunduqda və bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş gömrük rüsumları və vergilər tam ödənildikdə;

195.2.4. mallar gömrük idxal rüsumları, vergilər alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdə (beynəlxalq hava və dəniz limanlarında və başqa yerlərdə) və qaydada yaradılan və fəaliyyət göstərən rüsumsuz ticarət mağazalarında gömrük nəzarəti altında satıldıqda.

195.3. Malların son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

 

FƏSİL 33

EMAL

 

Maddə 196. Hasilat norması

 

196.1. Gömrük orqanları emal xüsusi gömrük proseduru üzrə yerinə yetirilən əməliyyatların hasilat normasını və ya orta hasilat normasını müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi qaydada müəyyənləşdirirlər.

196.2. Hasilat norması və ya orta hasilat norması emal əməliyyatlarının həyata keçirildiyi və ya həyata keçirilməli olduğu faktiki şərait əsasında müəyyənləşdirilir.

 

Maddə 197. Daxildə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi

 

197.1. Daxildə emal proseduru altında yerləşdirilən xarici mallar aşağıda göstərilənlər tətbiq olunmadan gömrük ərazisində bir və ya bir neçə emal əməliyyatında istifadə edilir:

197.1.1. idxal gömrük rüsumları;

197.1.2. malların idxalı üzrə qanunvericilikdə nəzərdə tutulmuş əlavə dəyər vergisi və aksizlər;

197.1.3. ticarət siyasəti tədbirləri.

197.2. Malların təmiri və məhv etmə halları istisna olmaqla, daxildə emal prosedurundan yalnız o halda istifadə etmək olar ki, istehsal materiallarından istifadə edilməsinə baxmayaraq daxildə emal proseduru altında yerləşdirilmiş malları emal məhsulları ilə eyniləşdirmək mümkün olsun.

197.3. Daxildə emal xüsusi gömrük prosedurundan bu Məcəllənin 173-cü maddəsi ilə müəyyən edilmiş ekvivalent mallarla bağlı şərtlərə əməl olunduqda istifadə olunur.

197.4. Aşağıda göstərilən mallar da daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilə bilər:

197.4.1. sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunun texniki şərtlərinə uyğunluğunun təmin edilməsi məqsədi ilə emal əməliyyatlarına məruz qalmalı olan mallar;

197.4.2. bu Məcəllənin 172-ci maddəsində qeyd olunan adi işləmə formalarına məruz qalmalı olan mallar.

197.5. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 198. Daxildə emal xüsusi gömrük prosedurunun başa çatması müddəti

 

198.1. Gömrük orqanı bu Məcəllənin 197-ci maddəsinə müvafiq olaraq daxildə emal xüsusi gömrük prosedurunun başa çatma müddətini müəyyənləşdirir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır.

198.2. Bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulan müddət xarici malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixindən başlayır və emal əməliyyatlarının, habelə bu prosedurun başa çatdırılması üçün tələb edilən vaxtı əhatə edir.

198.3. Şəxsin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada bu Məcəllənin 198.1-ci maddəsində göstərilən müddətin uzadılması barədə qərar qəbul edir.

198.4. Malların daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi üçün gömrük orqanlarının verdiyi icazədə onun başlama və sona çatma müddətləri göstərilməlidir.

 

Maddə 199. Emalı davam etmək məqsədi ilə müvəqqəti təkrar ixrac

 

Gömrük orqanının verdiyi icazəyə uyğun olaraq daxildə emal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar, yaxud onların bir hissəsi, habelə emal edilmiş məhsullar emalı davam etmək məqsədi ilə xaricdə emal xüsusi gömrük prosedurunun şərtlərinə müvafiq olaraq gömrük ərazisindən kənara müvəqqəti təkrar ixrac edilə bilər.

 

Maddə 200. Xaricdə emal xüsusi gömrük proseduru və onun əhatə dairəsi

 

200.1. Xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilən daxili mallar emal üçün gömrük ərazisindən müvəqqəti ixrac edilir. Bu mallardan əldə edilən emal məhsulları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada idxal gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılır.

200.2. Aşağıdakı daxili malların xaricdə emalına icazə verilmir:

200.2.1. ixracı idxal gömrük rüsumlarının və vergilərin geriyə qaytarılmasına və ya qanunvericilikdə nəzərdə tutulmuş hallarda onlardan azad olunması ilə nəticələnə biləcək mallar;

200.2.2. təmiri üzrə əməliyyatların aparıldığı hallar istisna olmaqla, ixracdan əvvəl son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tam və ya qismən azad edilməklə sərbəst dövriyyəyə buraxılmış mallar;

200.2.3. ixrac edilməsi ixrac üzrə gömrük ödənişlərinin geriyə qaytarılması ilə nəticələnən mallar.

200.3. Bu Məcəllənin 201-ci və 202-cü maddələrinin əhatə etmədiyi və advalor gömrük rüsumunun tətbiq edildiyi hallarda idxal gömrük rüsumlarının və vergilərin məbləği gömrük ərazisindən kənarda həyata keçirilmiş emal əməliyyatlarına çəkilən xərclər əsasında hesablanır. Bu hesablamanın aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

200.4. Gömrük orqanı müvəqqəti ixrac edilmiş malların emal olunduqdan sonra gömrük ərazisinə təkrar idxal edilərək, sərbəst dövriyyəyə buraxılması müddətini müəyyən edir. Bu müddət 2 (iki) ildən artıq olmamalıdır. Mallar bu müddət ərzində təkrar idxal edildikdə, idxal gömrük rüsumlarından və vergilərdən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada tamamilə və ya qismən azad olunurlar. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, bu müddət növbəti 1 (bir) ilədək uzadılır.

200.5. Malların xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 201. Ödənişsiz təmir edilmiş mallar

 

Xaricdə emal edilərək gömrük ərazisinə qaytarılan malların müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar gömrük ərazisindən kənarda ödənişsiz təmir edildiyi müvafiq sənədlərlə təsdiq edildikdə, onlar idxal gömrük rüsumlarından və vergilərdən tam azad edirlər.

 

Maddə 202. Standart mübadilə sistemi

 

202.1. Standart mübadilə sistemi çərçivəsində idxal edilmiş məhsul (əvəzləyici məhsul), bu Məcəllənin 202.2 - 202.5-ci maddələrinə müvafiq olaraq emal məhsulunu əvəz edə bilər.

202.2. Gömrük orqanları standart mübadilə sistemindən istifadəyə emal əməliyyatları qüsurlu daxili malların təmiri ilə əlaqədar olduğu hallarda icazə verirlər.

202.3. Əvəzləyici məhsullar təmirə məruz qalan qüsurlu mallarla eyni keyfiyyətə, eyni texniki göstəricilərə və xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə eyni rəqəmli koda malik olmalıdırlar.

202.4. Qüsurlu mallardan ixracdan əvvəl istifadədə olunmuşdursa, əvəzləyici məhsullar da istifadə edilmiş olmalıdırlar.

202.5. Əvəzləyici məhsul qanundan irəli gələn öhdəliklər, müqavilədən irəli gələn zəmanət öhdəlikləri, yaxud istehsal və ya material qüsurları ilə əlaqədar olaraq ödənişsiz təqdim edilmişdirsə, gömrük orqanları bu Məcəllənin 202.4-cü maddəsində qeyd olunan tələbdən imtina edirlər.[42]

202.6. Emal edilmiş məhsullara tətbiq olunması nəzərdə tutulan müddəalar əvəzləyici məhsullara da şamil edilir.

 

Maddə 203. Əvəzləyici məhsulların əvvəlcədən idxalı

 

203.1. Qüsurlu malların ixrac edilməsindən əvvəl əvəzləyici məhsulların idxal edilməsinə şəxsin müraciəti əsasında, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada icazə verilir. Bu halda şəxsdən bu Məcəllənin 203.2-ci maddəsinə göstərilən miqdarda təminat alınır.

203.2. Bu Məcəllənin 203.1-ci maddəsində nəzərdə tutulan təminatın miqdarı qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsinə müvafiq olaraq ixrac edilmədiyi halda ödənilməli olan idxal gömrük rüsumlarının və vergilərin məbləğini əhatə etməlidir.

203.3. Qüsurlu məhsullar əvəzləyici məhsulların sərbəst dövriyyəyə buraxılması üçün verilmiş bəyannamənin gömrük orqanları tərəfindən təsdiq edildiyi tarixdən sonrakı 2 (iki) ay müddətində ixrac edilməlidir.

203.4. Qüsurlu məhsullar bu Məcəllənin 203.3-cü maddəsində göstərilmiş müddət ərzində üzrlü səbəblərə görə ixrac edilə bilmədikdə, gömrük orqanları şəxsin əsaslandırılmış müraciəti ilə bu müddəti 2 (iki) ayadək artırırlar.

 

 

XII BÖLMƏ

MALLARIN KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR

 

FƏSİL 34

MALLARIN KABOTAJ DAŞINMASI

 

Maddə 204. İdxal olunmuş malların kabotaj daşınması

 

204.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru altında yerləşdirilmiş və ya bəyan edilmədən gömrük ərazisinə gətirilən malların gətirildiyi gəmi ilə deyil, başqa gəmi ilə gömrük məntəqələri arasında daşınması və boşaldılması gömrük nəzarəti altında kabotaj daşınma yolu ilə həyata keçirilə bilər.

204.2. Gömrük orqanları şəxsin müraciəti nəzərə alınmaqla kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların yüklənməsi və boşaldılması üçün yerləri, eləcə də yüklənmə və boşaldılmanın həyata keçirildiyi müddəti müəyyən edirlər.

204.3. Gömrük orqanları malların eyniləşdirilməsinə və digər tələblərin yerinə yetirilməsinə əmin olduqda, onların başqa mallarla birlikdə gəminin göyərtəsində kabotaj daşınmasına icazə verirlər.

204.4. Kabotaj daşınma proseduru altında yerləşdirilmiş malları daşıyan gəminin göyərtəsində bəyan edilməmiş, yaxud başqa gömrük prosedurları altında yerləşdirilmiş mallar olduqda, gömrük orqanları malların kabotaj daşınma proseduru altında yüklənməsinə və boşaldılmasına gəmi yükləmə və boşaltma yerinə gəldikdən sonra, mümkün qədər qısa müddətdə icazə verirlər.

204.5. Gömrük orqanları gəminin kapitanından və ya digər əlaqədar şəxslərdən gəmi haqqında məlumatları, kabotaj daşınma proseduru altında yerləşdirilmiş malların siyahısını və malların boşaldılacağı yerin, gömrük ərazisində yerləşən limanın və ya limanların adları göstərilən sənədlərin təqdim olunmasını tələb edirlər.

 

 

FƏSİL 35

GÖMRÜK TƏMİNATLARI

 

Maddə 205. İdxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara gömrük təminatının vurulması

 

205.1. Gömrük orqanları gömrük nəzarəti altında qalmaqla idxalı, ixracı və ya gömrük ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada gömrük təminatının vurulmasını həyata keçirirlər.

205.2. Bu Məcəllənin 205.1-ci maddəsində nəzərdə tutulan qaydalarda gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara gömrük təminatının vurulmasının, onun dəyişdirilməsinin, çıxarılmasının şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar göstərilməlidir.

 

Maddə 206. Gömrük təminatının vurulması ilə bağlı bildiriş

 

206.0. Gömrük orqanlarında təsdiq edilmiş təhlükəsiz ixrac sxemi üzrə ixrac olunmayan malların yerləşdirildiyi bağlamalara gömrük təminatını vuran gömrük orqanlarının vəzifəli şəxslərindən bağlamalara aşağıdakıları izah edən bildirişin əlavə edilməsi tələb olunur:

206.0.1. bağlamaya ilk gömrük təminatının vurulduğu vaxtdan bu təminatının gömrük orqanı tərəfindən rəsmi çıxarılmasınadək malların həmin bağlamada olmasını;

206.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrini saxlamaq və yoxlamaq səlahiyyətlərinin gömrük təminatı vurulmuş bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunduğunu;

206.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin gömrük ərazisindən ixrac olunması nəzərdə tutulan bütün mallar barədə aşağıdakı şəxsləri sorğu-sual edə bilməsi səlahiyyətini:

206.0.3.1. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

206.0.3.2. gömrük təminatı vurulmuş bağlamaların içərisində yerləşən və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya onun istifadəçisini;

206.0.3.3. Bu Məcəllənin 206.0.3.1-206.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

 

 

FƏSİL 36

TƏHLÜKƏSİZ İXRAC SXEMİ

 

Maddə 207. Təhlükəsiz ixrac sxeminin məqsədi

 

Təhlükəsiz ixrac sxeminin məqsədi malların təhlükəsiz qaydada qablaşdırılmaqla, başqa mallardan ayrılıqda, heç bir kənar müdaxilə olmadan yüklənməsini, daşınmasını və təyinat yerində boşaldılmasını təmin etməkdir.

 

Maddə 208. Təhlükəsiz ixrac sxemi üzrə tələblər

 

208.1. Təhlükəsiz ixrac sxemi üzrə ixrac olunan malların qablaşdırılması üçün təhlükəsiz bağlamalardan, onlara kənar müdaxilələrin qarşısının alınması və belə halların müəyyənləşdirilməsinə imkan verən gömrük təminatlarından istifadə olunmalıdır.

208.2. Müvafiq icra hakimiyyəti orqanı təhlükəsiz ixrac sxemi çərçivəsində malların qablaşdırılması, yüklənməsi, daşınması və boşaldılması qaydalarını müəyyən edir. Həmin qaydalarda malların daşınması üsullarına, malların yüklənməsinin, boşaldılmasının və saxlanılmasının təhlükəsiz yerlərinə, malları daşıyan şəxslərə münasibətdə təhlükəsizliklə bağlı tələblər də nəzərdə tutulmalıdır.

 

Maddə 209. Təhlükəsiz ixrac sxemi çərçivəsində təsdiq edilməli olan məsələlər

 

209.0. Malları təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edən şəxs tərəfindən aşağıdakılar təsdiq edilməlidir:

209.0.1. təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac edilməsi nəzərdə tutulan malların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya yerləşdirildiyi vaxtdan ixrac edilənədək gömrük nəzarəti altında olması;

209.0.2. gömrük orqanlarının vəzifəli şəxslərinin nəqliyyat vasitələrinin saxlanılması və yoxlanılması ilə bağlı səlahiyyətlərinin təhlükəsiz bağlamalarda yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malları daşıyan nəqliyyat vasitələrinə də şamil olunması;

209.0.3. gömrük orqanlarının vəzifəli şəxslərinin ixrac olunması nəzərdə tutulan mallar barədə aşağıdakı şəxsləri sorğu-sual etmək səlahiyyəti:

209.0.3.1. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı nəqliyyat vasitəsinə görə məsul şəxsi;

209.0.3.2. təhlükəsiz bağlamaların içərisində yerləşdirilmiş və gömrük nəzarətindən keçməli olan malların mövcudluğu barədə gömrük orqanlarının vəzifəli şəxslərinin əsaslı şübhəsi yarandığı tikilinin sahibini və ya istifadəçisini;

209.0.3.3. Bu Məcəllənin 209.0.3.1-209.0.3.2-ci maddələrində göstərilən şəxslər tərəfindən işə götürülmüş şəxsi.

 

Maddə 210. Təhlükəsiz ixrac sxeminin təsdiqi

 

210.1. Gömrük orqanları ixracı nəzərdə tutulan malların daşınması, onlarla bağlı əməliyyatların aparılması prosesinə və ya ixracına cəlb olunmuş şəxsin yazılı, o cümlədən elektron formada müraciəti əsasında təhlükəsiz ixrac sxemini təsdiq edirlər.

210.2. Gömrük orqanları təhlükəsiz ixrac sxeminin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda və qaydada təsdiqi və ya bundan imtina edilməsi haqqında qəbul etdiyi yazılı qərarı barədə şəxsə bildiriş göndərir.

210.3. Təhlükəsiz ixrac sxemi təsdiq edildiyi tarixdən qüvvəyə minir.

210.4. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə qərar malları ixrac edən şəxsə səbəbləri və qüvvəyə minmə tarixi göstərilən yazılı, o cümlədən elektron formada bildiriş göndərilməklə, gömrük orqanları tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi hallarda ləğv edilir.

210.5. Təhlükəsiz ixrac sxeminin təsdiqi barədə gömrük orqanlarının qərarı malları ixrac edən şəxsin əsaslandırılmış yazılı, o cümlədən elektron formada müraciəti olduqda da ləğv edilir.

210.6. Təhlükəsiz ixrac sxeminin ləğvi barədə gömrük orqanlarının qərarı ilə razılaşmayan şəxslər həmin qərardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət edə bilərlər.

 

Maddə 211. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallara gömrük təminatlarının vurulması

 

211.1. Bu Məcəllənin 208.1-ci maddəsində qeyd edilən təminatların gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxeminə uyğun olaraq bağlamaya vurulması həmin təhlükəsiz bağlamaya gömrük orqanları tərəfindən təkrar gömrük təminatlarının vurulmasına mane olmur.

211.2. Təhlükəsiz ixrac sxemi çərçivəsində ixrac olunan mallar gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz bağlamaya bir və ya bir neçə gömrük təminatı vurulduqdan sonra da həmin sxem üzrə ixrac olunan mallar hesab olunur.

 

Maddə 212. Mallarla təhlükəsiz ixrac sxemindən kənar əməliyyatların aparılması

 

212.1. Məcəllənin bu fəsli gömrük orqanları tərəfindən təsdiq edilmiş bir və ya bir neçə təhlükəsiz ixrac sxemi çərçivəsində malların daşınmasına, onlarla əlaqədar müvafiq əməliyyatların aparılmasına və ya ixracına cəlb olunmuş şəxslərə tətbiq edilir.

212.2. Məcəllənin bu fəslinin müddəaları şəxslərin malları gömrük orqanları tərəfindən təsdiq edilmiş təhlükəsiz ixrac sxemindən kənar daşınmasına, onlarla müvafiq əməliyyatlar aparmasına və ya ixrac etməsinə mane olmur.

 

Maddə 213. Təhlükəsiz ixrac sxeminə yenidən baxılması

 

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda gömrük orqanları təsdiq etdikləri təhlükəsiz ixrac sxeminin qüvvədə olma məsələsinə yenidən baxırlar.

 

 

FƏSİL 37

MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİNİN, BU ƏRAZİDƏN APARILMASININ QADAĞAN EDİLMƏSİ VƏ MƏHDUDLAŞDIRILMASI

 

Maddə 214. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının qadağan edilməsi

 

214.1. Milli təhlükəsizliyin, ictimai asayişin, insanların mənəviyyatının, həyat və sağlamlığının, mülkiyyət hüququnun, o cümlədən əqli mülkiyyət hüquqları obyektlərinin, heyvanlar və bitkilər aləminin, ətraf mühitin, xalqların bədii, tarixi və arxeoloji sərvətlərinin qorunması baxımından və Azərbaycan Respublikasının başqa maraqları nəzərə alınaraq, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun olaraq aşağıdakı malların gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması qadağandır:

214.1.1. saxta kağız və metal pullar;

214.1.2. gömrük ərazisinə idxalı və ya bu ərazidən ixracı qanunvericiliklə qadağan edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları;

214.1.3. pornoqrafik materialları və ya əşyalar;

214.1.4. gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən qadağan olunmuş mallar.

214.2. Qadağan olunmuş mallar gömrük ərazisinə gətirilərkən və ya bu ərazidən aparılarkən müsadirə edilməsi qanunla nəzərdə tutulmamışdırsa, dərhal müvafiq olaraq gömrük ərazisindən çıxarılmalı və ya bu əraziyə qaytarılmalıdır. Həmin mallar onları gömrük sərhədindən keçirən şəxsin hesabına müvafiq olaraq çıxarılır və ya qaytarılır.

214.3. Malları gömrük ərazisindən çıxarmaq və ya bu əraziyə qaytarmaq dərhal mümkün olmadıqda, onlar gömrük orqanlarının müvəqqəti saxlancına verilir. Bu cür malların saxlanc müddətinin son həddi 3 (üç) sutkadır.

214.4. Saxlanc müddətinin son həddi keçmiş mallar barəsində sərəncam verilməsi bu Məcəllənin 330-cu maddəsi ilə tənzimlənir.

 

Maddə 215. Malların gömrük ərazisinə gətirilməsinin və ya bu ərazidən aparılmasının məhdudlaşdırılması

 

215.1. Beynəlxalq müqavilələrlə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi, dövlətin iqtisadi maraqlarının müdafiəsi, daxili bazarın qorunması baxımından, həmçinin rezidentlərin mənafeyinə zərər vuran xarici dövlətlərin və onların ittifaqlarının ayrı-seçkilik və digər iqtisadi siyasət tədbirlərinə qarşı cavab kimi, qanunvericiliyə və beynəlxalq müqavilələrə uyğun surətdə malların gömrük ərazisinə gətirilməsinə və ya bu ərazidən aparılmasına müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudiyyətlər müəyyən edilə bilər.

215.2. Bu Məcəllənin 215.1-cü maddəsində qeyd olunan məhdudiyyətlər müəyyən edildikdə, onların təsiri altına düşən malların buraxılışı yalnız qanunvericiliklə və beynəlxalq müqavilələrlə müəyyən edilən tələblərə riayət edilməsi şərti ilə gömrük orqanları tərəfindən həyata keçirilir.

215.3. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş malların gömrük sərhədindən keçirilməsi üçün xüsusi icazə tələb olunur.

 

 

FƏSİL 38

GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLƏN MALLARIN NƏZARƏTLİ GÖNDƏRİŞİ

 

Maddə 216. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinin xüsusiyyətləri

 

216.1. Nəzarətli göndəriş - qanunsuz dövriyyəyə daxil edilmiş ayrı-ayrı malların xarici dövlətlərin gömrük və başqa səlahiyyətli orqanları ilə razılaşmalara və ya beynəlxalq müqavilələrə uyğun olaraq əməliyyat-axtarış fəaliyyəti subyektlərinin nəzarəti altında gömrük ərazisinə gətirilməsi, bu ərazidən aparılması və ya tranzitlə keçirilməsi üzrə əməliyyat-axtarış tədbiridir.

216.2. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişinə, malların qanunsuz beynəlxalq dövriyyəsi ilə bağlı törədilən və ya hazırlanan cinayətlərin qarşısının alınması, açılması və dövriyyədə iştirak edən şəxslərin aşkar edilməsi məqsədi ilə yol verilir.

216.3. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi haqqında qərarı müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla digər əməliyyat-axtarış fəaliyyətinin subyektləri qəbul edir.

216.4. Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi metodundan istifadə haqqında qərar qəbul edildikdə və malların təyinat yeri xarici ölkə olduqda, əməliyyat-qeydiyyat işi açılmaqla, dərhal Azərbaycan Respublikasının Baş prokuroruna məlumat verilir və əməliyyat-axtarış tədbirinin nəticələrindən asılı olaraq, qanunvericiliklə müəyyən edilmiş qaydada cinayət işinin başlanılıb-başlanılmaması məsələsi həll edilir.

 

Maddə 217. Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən malların götürülməsi

 

Nəzarətli göndəriş metodundan istifadə etməklə gömrük sərhədindən keçirilən mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada götürülə bilər.

 

 

XIII BÖLMƏ

GÖMRÜK RÜSUMLARININ VƏ MALLARLA TİCARƏTDƏ DİGƏR TƏDBİRLƏRİN TƏTBİQİNİ ƏSASLANDIRAN AMİLLƏR

 

FƏSİL 39

GÖMRÜK TARİFİ VƏ MALLARIN TARİF TƏSNİFATI

 

Maddə 218. Gömrük tarifi

 

218.1. Malların idxalı və ixracı üzrə gömrük rüsumları gömrük tarifinə əsaslanır. Malların idxalı və ixracı ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlər bu malların tarif təsnifatına uyğun olaraq tətbiq olunur.

218.2. Gömrük tarifi aşağıdakılar əsasında müəyyən edilir:

218.2.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturası;

218.2.2. tamamilə və ya qismən xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına əsaslanan və malların ticarəti ilə bağlı tarif tədbirlərinin tətbiqi məqsədilə xüsusi sahələri tənzimləyən qanunvericilik aktları ilə müəyyən edilmiş digər nomenklatura;

218.2.3. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının əhatə etdiyi mallara tətbiq olunması nəzərdə tutulan avtonom və ya konvensiya idxal gömrük rüsumları;

218.2.4. müəyyən ölkələrlə, yaxud beynəlxalq təşkilatlarla bağlanılmış beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş preferensial tarif tədbirləri;

218.2.5. müəyyən ölkələrə, yaxud beynəlxalq təşkilatın üzv ölkələrinə münasibətdə birtərəfli qaydada qəbul edilən preferensial tarif tədbirləri;

218.2.6. müəyyən mallar üzrə gömrük rüsumlarının azaldılmasını, yaxud gömrük rüsumlarından azadedilməni təmin edən tədbirlər;

218.2.7. müəyyən malların xüsusiyyətləri, yaxud son istifadəsi ilə əlaqədar olaraq, bu Məcəllə və müvafiq qanunvericiliklə müəyyən edilmiş güzəştli tarif rejimi;

218.2.8. kənd təsərrüfatını, ticarəti və başqa sahələri tənzimləyən qanunvericiliklə müəyyən edilmiş digər tarif tədbirləri.

218.3. Bu Məcəllənin 218.2.4–218.2.7-ci maddələrində qeyd olunan tədbirlərin tətbiqi və ya bu Məcəllənin 218.2.8-ci maddəsində qeyd olunan tədbirlərdən azadetmə idxalın və ya ixracın müəyyən həcmi ilə məhdudlaşırsa, həmin tədbirlərin tətbiqi və ya azadetmə (tarif kvotası olduğu halda) idxal və ya ixrac üzrə müəyyənləşdirilən həcmə çatan kimi dərhal dayandırılmalıdır.

218.4. Bu Məcəllənin 218.2.3-cü maddəsində “konvensiya idxal rüsum dərəcələri” dedikdə bağlanılan beynəlxalq müqavilələr əsasında, “avtonom rüsum dərəcələri” dedikdə isə dövlət tərəfindən birtərəfli qaydada, beynəlxalq müqavilə bağlanılmadan müəyyənləşdirilən rüsum dərəcələri nəzərdə tutulur.

 

Maddə 219. Malların tarif təsnifatı

 

219.1. Malların tarif təsnifatı gömrük rüsumları, vergilər, malların idxalı və ixracı üzrə qadağalar və məhdudiyyətlər barədə məlumat toplusundan ibarətdir.

219.2. Gömrük orqanları gömrük rüsumlarının və qanunvericilikdə nəzərdə tutulmuş vergilərin tətbiqində malların tarif təsnifatından istifadə edirlər.

 

 

FƏSİL 40

MALLARIN GÖMRÜK DƏYƏRİ

 

Maddə 220. Malların gömrük məqsədləri üçün dəyərləndirilməsi

 

220.1. Malların gömrük dəyəri bəyanetməni həyata keçirən şəxs tərəfindən bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş qaydada müəyyən olunur.

220.2. Malları gömrük məqsədləri üçün dəyərləndirən şəxs:

220.2.1. onların bəyan edilməsi ilə bağlı sənədləri və məlumatları bu Məcəllənin 95.2-ci maddəsində tələb olunan müddət ərzində saxlamalı;

220.2.2. gömrük orqanları tərəfindən tələb olunduqda, müəyyən edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq üçün bəyanetmə ilə bağlı sənədləri və məlumatları onlara təqdim etməlidir.

 

Maddə 221. Gömrük dəyərinə düzəlişlərin edilməsi

 

221.1. Apardıqları yoxlama, gömrük auditi və ya araşdırma nəticəsində dəyərləndirmənin “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olmaması, yaxud digər səbəblərdən düzgün olmadığı barədə qənaətə gəldikdə, gömrük orqanının vəzifəli şəxsi gömrük dəyərinə həmin qanunun tələbləri nəzərə alınmaqla müvafiq düzəlişlər edilməsi və onların əsaslandırılması barədə şəxsə yazılı, o cümlədən elektron bildiriş təqdim edir. Buraxılışı həyata keçirilməmiş malların gömrük dəyərinə müvafiq düzəlişlər edilməsinə dair bildiriş həmin mallarla bağlı gömrük bəyannaməsinin gömrük orqanına təqdim olunduğu andan ən geci 24 saat müddətində bəyannaməçiyə təqdim edilməlidir.[43]

221.2. Bu Məcəllənin 221.1-ci maddəsi malların gömrük orqanlarının nəzarətində qalmasından, hesablanmış gömrük ödənişlərinin ödənilməsindən asılı olmayaraq tətbiq edilir.

221.3. Şəxs bu Məcəllənin 221.1-ci maddəsinə uyğun olaraq ona təqdim edilən bildirişdə göstərilən gömrük dəyərinə təklif olunan düzəlişlə razılaşmadıqda, yuxarı gömrük orqanına və (və ya) məhkəməyə müraciət edə bilər. Yuxarı gömrük orqanı və ya məhkəmə həmin müraciətə ən geci 10 (on) gün müddətində baxır. Bu barədə müraciətə baxılma müddətində dəbbə pulu hesablanmır.

221.4. Yuxarı gömrük orqanı və ya məhkəmə şəxsin müəyyən etdiyi gömrük dəyərini düzgün hesab etdikdə, malların saxlancı ilə bağlı xərclər bu Məcəllənin 221.1-ci maddəsinə əsasən gömrük dəyərinə düzəlişlər etmiş vəzifəli şəxsdən tutulur və həmin vəzifəli şəxs intizam məsuliyyətinə cəlb olunur.

 

 

FƏSİL 41

MALLARIN MƏNŞƏYİ

 

Maddə 222. Malların qeyri-preferensial mənşəyi

 

222.1. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin məqsədi onlar barəsində gömrük tarifini, mallarla ticarətin xüsusi sahələrini tənzimləyən tədbirləri və malların qeyri-preferensial mənşəyi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri tətbiq etməkdir.

222.2. Tamamilə bir ölkədə və ya ərazidə istehsal edilmiş mallar həmin ölkə və ya ərazi mənşəli mallar hesab olunur.

222.3. İstehsalında birdən çox ölkənin iştirak etdiyi mallar həmin malların son dəfə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qaldığı ölkə mənşəli mallar hesab edilir.

222.4. Gömrük orqanları malların gömrük bəyannaməsində göstərilən mənşəyini təsdiq edən sənədin təqdim olunmasını bəyannaməçidən tələb etmək hüququna malikdirlər.

222.5. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 223. Malların preferensial mənşəyi

 

223.1. Bu Məcəllənin 218.2.4-cü və 218.2.5-ci maddələrində nəzərdə tutulmuş preferensial tarif tədbirlərindən və ya qeyri-tarif preferensial tədbirlərindən istifadə etmək üçün mallar bu Məcəllənin 223.2-223.4-cü maddələrində qeyd olunan preferensial mənşəyə dair qaydalara uyğun olmalıdır.

223.2. Azərbaycan Respublikasının müəyyən ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə göstərilən preferensial tədbirlərin şamil olduğu mallar üzrə preferensial mənşə qaydaları bu müqavilələrdə öz əksini tapır.

223.3. Gömrük orqanları Azərbaycan Respublikasının xarici ölkələrə və ya beynəlxalq təşkilatın üzv ölkələrinə birtərəfli qaydada qəbul etdiyi preferensial tədbirlərin şamil olunduğu mallara münasibətdə bu Məcəllənin 223.4-cü maddəsində nəzərdə tutulan qaydaları tətbiq edirlər.

223.4. Malların preferensial mənşəyinin müəyyən olunması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

 

XIV BÖLMƏ

GÖMRÜK ÖDƏNİŞLƏRİ, GÖMRÜK BORCU VƏ TƏMİNAT

 

FƏSİL 42

ƏSAS MÜDDƏALAR

 

Maddə 224. Gömrük ödənişləri

 

224.1. Bu Məcəllədə, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Gömrük tarifi haqqında”, “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Tullantılar haqqında” Azərbaycan Respublikasının qanunlarında və müvafiq icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarında nəzərdə tutulmuş hallarda gömrük orqanları tərəfindən aşağıdakı gömrük ödənişləri alınır:[44]

224.1.1. gömrük rüsumları;

224.1.2. əlavə dəyər vergisi ;

224.1.3. aksizlər;

224.1.4. yol vergisi;

224.1.5. gömrük yığımları;

224.1.6. haqq;

224.1.7. dövlət rüsumu.

224.2. Gömrük ödənişlərinin ödəyiciləri, gömrük ödənişlərinin hesablanması, alınması və hesablara daxil edilməsi, ödənilmə müddətinin uzadılması, gömrük ödənişlərinin qaytarılması qaydaları, gömrük borcu, gömrük borcunun ləğvi, malların gömrük dəyərləndirilməsi, gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları və onlardan istifadə, həmçinin gömrük ödənişləri ilə bağlı güzəştlər və başqa məsələlər bu Məcəllə və Məcəllənin 224.1-ci maddəsində nəzərdə tutulan digər normativ hüquqi aktlarla müəyyən edilir.

224.3. Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi mallara “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada müvəqqəti olaraq xüsusi rüsumlar və mövsümi rüsumlar tətbiq oluna bilər.[45]

224.3-1. Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə idxal edilən mallara “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən xüsusi, antidempinq və kompensasiya rüsumları tətbiq olunur.[46]

224.4. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar keçirilərkən gömrük ödənişləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sadələşdirilmiş qaydada alınır.

224.5. Bəyan olunan mallara gömrük ödənişlərinin tətbiqi zamanı onların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun kodu əsas götürülür.

224.6. Gömrük rüsumlarının dərəcələri göstərilməklə, bu dərəcələrin həm malların adları, həm də kodları üzrə axtarışının həyata keçirilməsinə, qanunla nəzərdə tutulmuş digər gömrük ödənişlərinin məbləğlərinin öyrənilməsinə imkan verən, malları gömrük sərhədindən keçirən şəxslərin istifadəsi üçün nəzərdə tutulan və istifadəsi sadə olan elektron avadanlıqlar gömrük sərhəd buraxılış məntəqələrində hər kəsin yaxşı görə biləcəyi yerlərdə yerləşdirilməlidir.

 

Maddə 225. Gömrük rüsumları

 

225.1. Gömrük rüsumları bəyan edilən malların yerləşdirilməsi üçün seçilmiş gömrük prosedurunun tələbləri əsasında, normativ hüquqi aktlara uyğun olaraq tətbiq olunur.

225.2. Konkret mallar üzrə gömrük rüsumlarının dərəcələrini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük rüsumlarının dərəcələri rəsmi nəşrlərdə dərc olunur və müvafiq icra hakimiyyəti orqanlarının rəsmi internet saytlarında yerləşdirilir.

225.3. Mallar üzrə tarif güzəştləri, gömrük rüsumlarından azad edilmə, tarif preferensiyalarının və güzəştlərinin verilməsi halları və qaydaları “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa və müvafiq icra hakimiyyəti orqanının normativ hüquqi aktlarına uyğun olaraq tənzimlənir.

 

Maddə 226. Gömrük rüsumlarının növləri

 

226.0. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq aşağıdakı gömrük rüsumları tətbiq edilir:

226.0.1. advalor - malların gömrük dəyərinə görə nisbətən faizlə hesablanan;

226.0.2. spesifik - malın vahidinə görə müəyyən olunmuş məbləğlə hesablanan;

226.0.3. kombinə edilmiş – yuxarıda göstərilən hər iki gömrük rüsum növlərinin birləşdirilməsi yolu ilə hesablanan.

 

Maddə 227. Gömrük orqanları tərəfindən alınan vergilər

 

227.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə (bundan sonra - Vergi Məcəlləsi) uyğun olaraq gömrük orqanları tərəfindən bu Məcəllənin 228-230-cu maddələrində göstərilən vergilər alınır.

227.2. Gömrük orqanları tərəfindən alınan vergilərin ödəyiciləri, vergilərin hesablanması və ödənilməsi qaydaları, vergilərdən azaedilmə, ödənişlərə möhlət verilmə və onların qaytarıldığı hallar və qaydalar bu Məcəllə və Vergi Məcəlləsi ilə tənzimlənir.

 

Maddə 228. Əlavə dəyər vergisi

 

Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara əlavə dəyər vergisi bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

 

Maddə 229. Aksizlər

 

Gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara aksizlər bu Məcəlləyə və Vergi Məcəlləsinə uyğun olaraq tətbiq edilir.

 

Maddə 230. Yol vergisi

 

230.1. Bu Məcəlləyə və Vergi Məcəlləsinə əsasən xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olarkən, yol vergisi tətbiq edilir.

230.2. Vergi Məcəlləsinin 211.1.1-ci maddəsində nəzərdə tutulmuş yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində və ya gömrük rəsmiləşdirilməsi yerlərində, gömrük ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı hallarda isə gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.[47]

 

Maddə 231. Gömrük yığımları

 

231.1. Gömrük yığımlarına aşağıdakılar aiddir:

231.1.1. gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları;

231.1.2. gömrük müşayiətinə görə gömrük yığımları;

231.1.3. malların saxlancına görə gömrük yığımları;

231.1.4. gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsinə görə yığımlar;

231.1.5. bankların və bank olmayan kredit təşkilatlarının müvafiq icra hakimiyyəti orqanının reyestrinə daxil edilməsinə görə yığımlar.

231.2. Gömrük yığımlarının məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 232. Gömrük nəzarətinin həyata keçirilməsi ilə bağlı gömrük yığımları

 

232.1. Gömrük orqanları gömrük nəzarətini iş vaxtı ərzində həyata keçirərkən, bu Məcəllədə və digər normativ aktlarda nəzərdə tutulmuş hallar istisna olmaqla, aşağıdakıların yerinə yetirilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə gömrük yığımları alırlar:

232.1.1. malların gömrük rəsmiləşdirilməsinə;

232.1.2. gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılmasına;

232.1.3. malların gömrük nəzarəti altında məhvinə.

232.2. Mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda həyata keçirildikdə, gömrük yığımları ikiqat məbləğdə alınır.

 

Maddə 233. Gömrük hərraclarında iştiraka görə haqq

 

Gömrük hərraclarında iştiraka görə onun iştirakçılarından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır.

 

Maddə 233-1. Minik avtomobillərinin gömrük ərazisinə gətirilməsinə görə utilizasiya haqqı[48]

 

Gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 (dörd) il keçən minik avtomobillərinin (raritet minik avtomobilləri və gömrük ərazisinə müvəqqəti gətirilən minik avtomobilləri istisna olmaqla) gömrük rəsmiləşdirilməsi zamanı “Tullantılar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınır.

 

Maddə 234. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə dövlət rüsumu [49]

 

234.1. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən bəzi fəaliyyət növlərinə lisenziyaların verilməsinə görə qanunvericiliklə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır.

234.2. Beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu alınır. [50]

 

Maddə 235. Ratifikasiya olunan beynəlxalq müqavilələrə münasibətdə gömrük ödənişlərinin tətbiqi

 

“Hasilatın pay bölgüsü haqqında”, “Əsas boru kəməri haqqında” sazişlərin və bu qəbildən olan digər beynəlxalq müqavilələrin icrası ilə bağlı gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan mallara gömrük ödənişləri həmin sazişlərin müddəalarına uyğun olaraq tətbiq edilir.

 

Maddə 236. Gömrük borcunun ödənildiyi valyuta

 

Gömrük borcu Azərbaycan Respublikasının milli valyutası ilə ödənilir.

 

 

FƏSİL 43

MALLARIN İDXALI VƏ İXRACI ÜZRƏ YARANMIŞ GÖMRÜK BORCLARINA DAİR ÜMUMİ MÜDDƏALAR

 

Maddə 237. Gömrük borcunun yarandığı yer

 

237.1. Gömrük borcu malların bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən gömrük prosedurları altında yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdə yaranır. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir.

237.2. Gömrük borcunun yaranma yerini müəyyənləşdirmək mümkün olmadıqda, onun mövcudluğunun aşkarlandığı yer gömrük borcunun yarandığı yer hesab edilir.

237.3. Müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə bu Məcəllənin 237.1-ci maddəsinin ikinci cümləsində və 237.2-ci maddəsində göstərilən yeri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində müəyyənləşdirmək mümkün olmadıqda, gömrük borcu malların aidiyyətı gömrük proseduru altında yerləşdirildiyi yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə gətirildiyi yerdə yaranmış hesab edilir.

237.4. Gömrük orqanlarında olan məlumatlar gömrük borcunun bir neçə yerdə yarandığını müəyyənləşdirməyə imkan verdiyi hallarda, onun yarandığı ilk yer gömrük borcunun yarandığı yer hesab edilir.

 

Maddə 238. Malların idxalı üzrə gömrük borcu

 

238.1. İdxal üzrə gömrük borcu xarici malların sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, yaxud gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır.

238.2. Gömrük borcu gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt yaranır.

238.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir.

238.4. Bu Məcəllənin 238.1-ci maddəsində nəzərdə tutulan gömrük prosedurları tətbiq olunarkən verilən gömrük bəyannaməsi idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olunmasına səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab edilir.

 

Maddə 239. Malların idxalı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu

 

239.1. İdxal gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:

239.1.1. xarici malların gömrük ərazisinə gətirilməsinə, onların gömrük nəzarətindən çıxarılmasına, gömrük ərazisi daxilində hərəkətinə, emalına, saxlanılmasına, müvəqqəti idxalına, yaxud onlar barəsində sərəncam verilməsinə dair qanunvericiliklə müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə;

239.1.2. gömrük ərazisi daxilində mallardan son istifadə ilə əlaqədar gömrük qanunvericiliyində müəyyən edilmiş öhdəliklər yerinə yetirilmədikdə;

239.1.3. xarici malların müvafiq gömrük proseduru altında yerləşdirilməsini, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə əməl olunmadıqda.

239.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur:

239.2.1. gömrük borcunun yaranmasına səbəb olan öhdəliyə əməl edilmədiyi, yaxud əməl edilməsinin dayandırıldığı vaxt;

239.2.2. malların müvafiq gömrük proseduru altına yerləşdirilməsi, yaxud onlardan son istifadə ilə əlaqədar gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməni tənzimləyən şərtlərə faktiki əməl edilməməsi aşkar olunduğu halda, malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün verilən gömrük bəyannaməsinin təsdiq edildiyi vaxt.

239.3. Bu Məcəllənin 239.1.1-ci və 239.1.2-ci maddələrində qeyd edilən hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər:

239.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs;

239.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş və ya bu öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxaran hərəkətlərdə iştirak etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);

239.3.3. malları əldə edərkən, yaxud saxlamaq üçün qəbul edərkən, onlarla bağlı öhdəliklərin yerinə yetirilmədiyini bilən, yaxud bilməli olan şəxs.

239.4. Bu Məcəllənin 239.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsinin tərtibi, yaxud malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatlardan istifadə nəticəsində idxal gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadolma baş verdikdə, gömrük bəyannaməsinin tərtib edilməsi üçün tələb olunan məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi və ya bilməli olduğu halda, borclu hesab olunur.

 

Maddə 240. Malların ixracı üzrə gömrük borcu

 

240.1. Malların ixracı üzrə gömrük borcu daxili malların bu Məcəlləyə əsasən ixrac gömrük proseduru və ya xaricdə emal xüsusi gömrük proseduru altında yerləşdirilməsi nəticəsində yaranır.

240.2. Gömrük borcu gömrük bəyannaməsinin gömrük orqanları tərəfindən təsdiq edildiyi vaxt yaranır.

240.3. Malları bəyan edən şəxs borclu hesab olunur. Gömrük təmsilçiliyi dolayısı həyata keçirilərsə, adından gömrük bəyannaməsi verilən şəxs də borclu hesab edilir.

240.4. Bu Məcəllənin 240.1-ci maddəsində göstərilən gömrük prosedurları ilə əlaqədar gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsi ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməsinə səbəb olan məlumatlar əsasında tərtib edilmişdirsə, həmin məlumatları təqdim etmiş şəxs də, bu məlumatların səhv olduğunu bildiyi, yaxud bilməli olduğu halda, borclu hesab olunur.

 

Maddə 241. Malların ixracı üzrə müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar yaranan gömrük borcu

 

241.1. İxrac gömrük rüsumları tutulmalı olan mallar üzrə gömrük borcu şəxs tərəfindən aşağıdakı şərtlərin hər hansı birinə əməl edilmədikdə yaranır:

241.1.1. malların ixracı ilə əlaqədar bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktlarında nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilmədikdə;

241.1.2. malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad olmaqla aparılması şərtlərinə əməl edilmədikdə.

241.2. Müəyyən olunmuş şərtlərə əməl edilməməsi ilə əlaqədar gömrük borcunun yarandığı vaxt aşağıdakılardan biri hesab olunur:

241.2.1. malların gömrük ərazisindən gömrük bəyannaməsi olmadan faktiki aparıldığı vaxt;

241.2.2. gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə aparılan malların gömrük orqanlarının icazə verdiyi yerdən deyil, başqa yerdən aparıldığı vaxt;

241.2.3. gömrük orqanları bu Məcəllənin 241.2.2-ci maddəsində göstərilən vaxtı müəyyən edə bilmədikdə, ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azadedilmə şərtlərinin yerinə yetirildiyini təsdiqləyən sənədlərin verilməsi üçün müəyyən edilmiş müddətin başa çatdığı vaxt.

241.3. Bu Məcəllənin 241.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı şəxslər borclu hesab edilirlər:

241.3.1. müvafiq öhdəlikləri yerinə yetirməli olan şəxs;

241.3.2. öhdəlikləri yerinə yetirməli olan şəxsin adından çıxış etmiş şəxs (həmin öhdəliklərin yerinə yetirilmədiyini bildiyi, yaxud bilməli olduğu halda);

241.3.3. öhdəliklərin yerinə yetirilməməsinə gətirib çıxarmış hərəkətlərdə iştirak etmiş və gömrük bəyannaməsi təqdim edilməli olduğu hallarda onun təqdim edilmədiyini bilən, yaxud bilməli olan şəxs.

241.4. Bu Məcəllənin 241.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda malların gömrük ərazisindən ixrac gömrük rüsumlarından və vergilərdən tamamilə və ya qismən azad edilməklə aparılması üçün müvafiq şərtləri yerinə yetirməli olan şəxs borclu hesab edilir.

 

 

FƏSİL 44

GÖMRÜK BORCUNUN HESABLANMASI VƏ ÖDƏNİLMƏSİ

 

Maddə 242. Gömrük borcunun hesablanmasının əsasları

 

242.1. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği hesablanarkən, malların bu Məcəllə və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun qaydada müəyyən edilən gömrük dəyəri əsas götürülür.

242.2. Gömrük rüsumları üzrə gömrük borcunun məbləği hesablanarkən, Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətinin mal nomenklaturasında əks olunmuş ölçü vahidi və gömrük dəyəri əsas götürülür.

242.3. Gömrük rüsumlarının və yığılması gömrük orqanlarına həvalə edilmiş vergilərin hesablanması idxal olunan mallara münasibətdə gömrük sərhədini keçən gündən, ixrac olunan mallara münasibətdə isə, mallara dair bəyannamənin təqdim olunduğu gündən başlanır və həmin gün qüvvədə olan gömrük rüsumları və vergilərin dərəcələri əsas götürülür.

242.4. Gömrük borcunun məbləği gömrük bəyannaməsi verildikdən sonra mümkün qədər qısa müddətdə hesablanmalıdır.

242.5. Əlavə dəyər vergisi üzrə gömrük borcunun məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanır.

 

Maddə 243. Gömrük borcunun ödənilməsi müddətləri

 

243.1. Gömrük borcu gömrük orqanları tərəfindən gömrük bəyannaməsi təsdiq edilənədək və ya gömrük bəyannaməsinin təsdiqi ilə eyni vaxtda ödənilir.

243.2. Kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar üzrə gömrük borcu, onlar gömrük sərhədindən keçirilərkən sadələşdirilmiş bəyannamənin təsdiqi ilə eyni vaxtda ödənilir.

243.3. Gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən hesablanır.

243.4. Bu Məcəllənin 156.2-ci maddəsində nəzərdə tutulan dövri bəyannamə verildiyi halda, gömrük borcu mallar müvafiq gömrük orqanına təqdim olunduğu tarixdən 15 (on beş) gündən gec olmayaraq ödənilməlidir.

 

Maddə 244. Gömrük borcunun ödənilməsi qaydaları

 

244.1. Gömrük borcu gömrük orqanına (yalnız bank, poçt və ya plastik kart vasitəsi ilə), beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün isə poçt rabitəsi operatorlarına (qanunvericiliklə müəyyən edilmiş ödəniş vasitələri ilə) ödənilir.

244.2. Gömrük borcu üzrə ödənişlərin həyata keçirilməsi məqsədilə gömrük sərhəd buraxılış məntəqələrində bank və ya poçt şöbələri yaradılmalıdır.

244.3. Gömrük borcu istənilən maraqlı şəxs tərəfindən ödənilə bilər.

244.4. Poçt rabitəsi operatorları gömrük borcu üzrə ödənişləri müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada gömrük orqanlarının hesabına köçürürlər.

244.5. Yol vergisi bu Məcəllənin 230.2-ci maddəsinə uyğun olaraq, icazə blankına görə dövlət rüsumu isə xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində gömrük orqanları tərəfindən tutulur və 1 (bir) bank günü ərzində dövlət büdcəsinə köçürülür.[51]

 

Maddə 245. Gömrük borcunun ödənilməsinə görə məsul şəxs

 

245.1. Bəyannaməçi gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab edilir.

245.2. Mallardan istifadə edilməsi və onlara dair sərəncam verilməsi haqqında, o cümlədən müvafiq gömrük proseduruna uyğun olaraq gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilmiş mallardan təyinatı üzrə istifadə edilməsi barədə bu Məcəllədə nəzərdə tutulmuş tələblərə riayət olunmadığı halda, müvafiq gömrük prosedurlarının tələblərini yerinə yetirilməli olan şəxs həmin mallar üzrə gömrük borcunun ödənilməsinə görə məsul şəxs hesab olunur.

 

Maddə 246. Gömrük borcunun ödənilməsinə möhlət verilməsi

 

246.1. Şəxs tərəfindən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş üsullardan istifadə edilməklə təminat verildikdə, gömrük orqanları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada gömrük borcunun ödənilməsinə 14 (on dörd) gündən 60 (altmış) günədək möhlət verirlər.

246.2. Gömrük borcunun ödənilməsinə verilən möhlət müddəti ərzində borcun məbləğinə Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə dövlət büdcəsinə ödənilən faizlər hesablanır.

 

Maddə 247. Dəbbə pulu

 

247.1. Gömrük borcunun ödənilməsinin bu Məcəllə ilə müəyyən edilmiş müddəti pozulduqda, gömrük orqanları ödəyicidən dəbbə pulu alırlar.

247.2. Dəbbə pulunun hesablanması üçün müddətlər aşağıdakılardır:

247.2.1. gömrük borcunun ödənilməsi müddətinin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək və ya bu Məcəllənin 246.1-ci maddəsinə əsasən həmin borcun ödənilməsinə möhlət verilənədək;

247.2.2. bu Məcəllənin 246.1-ci maddəsinə əsasən gömrük borcunun ödənilməsinə verilmiş möhlətin başa çatdığı tarixdən növbəti gündən başlayaraq, borcun faktiki ödənilmə gününədək.

247.3. Dəbbə pulu bu Məcəllənin 247.2-ci maddəsində göstərilən müddətlər ərzində hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

247.4. Dəbbə pulu gömrük borcu ilə eyni vaxtda ödənilir.

247.5. Dəbbə pulunun ödənilməsi, tutulması və qaytarılması bu Məcəllədə gömrük ödənişlərinin ödənilməsi, tutulması və qaytarılması üçün nəzərdə tutulmuş qaydalara uyğun olaraq həyata keçirilir.

 

Maddə 248. Gömrük sərhədindən qanunsuz keçirilmiş və ya şərti buraxılmış mallara görə gömrük borcunun hesablanması

 

248.1. Gömrük sərhədindən qanunsuz keçirilməklə gətirilən malların qanunsuz keçirilmə gününü müəyyən etmək mümkün olmadıqda, gömrük orqanları gömrük borcunun məbləğini həmin malların aşkar edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən edilən gömrük dəyəri əsasında hesablayırlar.

248.2. Tranzit və ya saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilərək daşınan, yaxud saxlanılan mallar itirildiyi, təyinat yerinə çatdırılmadığı hallarda gömrük borcu hesablanarkən, onların müvafiq gömrük proseduru altında yerləşdirilməsi barədə gömrük orqanının qərarının qəbul edildiyi gün qüvvədə olan gömrük rüsumlarının və vergilərin dərəcələri və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında müəyyən edilən gömrük dəyəri əsas götürülür.

248.3. Gömrük ödənişlərindən tamamilə və ya qismən azad edilməklə şərti buraxılmış mallar nəzərdə tutulmayan başqa məqsədlər üçün istifadə edildikdə, onlar üzrə şərti buraxılış gününə hesablanmış gömrük borcunun məbləği əsas götürülür.

248.4. Bu Məcəllənin 271-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük ödənişləri ödənilməli olan malların qanunvericiliyin tələbləri pozulmaqla idxalı və ya ixracı, mal sahibini bu mallara görə gömrük ödənişlərini ödəmək öhdəliyindən azad etmir.

 

Maddə 249. Gömrük borclarının alınması və məsuliyyət tədbirləri

 

249.1. Ödənilməmiş gömrük borcları gömrük ödənişlərini ödəmək öhdəliyinin yarandığı tarixdən 3 (üç) il ərzində gömrük orqanları tərəfindən bu maddədə müəyyən edilmiş qaydada məcburi tutulur.

249.2. Gömrük bəyannaməsindəki səhvlərin gömrük borcunun məbləğinin qanunvericiliklə müəyyən edildiyindən az məbləğdə hesablanmasına, yaxud ödənilməsinə səbəb olmasını bu Məcəllənin 249.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində aşkar edildikdə, gömrük orqanları ödəyicidən ödənilməmiş məbləğləri alırlar.

249.3. Vaxtında ödənilməmiş gömrük borcları gömrük orqanlarının icra (ödəniş) sənədi əsasında, vergi borclarının dövlət büdcəsinə alınmasının qanunvericiliklə müəyyən edilmiş qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.

249.4. Qanunla müəyyən edilmiş hallarda müvafiq icra hakimiyyəti orqanı ödəyicinin banklardakı hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırır.

249.5. Malları və nəqliyyat vasitələrini gömrük sərhədindən qanunsuz keçirən şəxs, həmçinin onların qanunsuz keçirildiyini bildiyi, yaxud bilməli olduğu halda, belə əməliyyatda iştirak edən şəxs, həmin malları və nəqliyyat vasitələrini öz mülkiyyətinə və ya istifadəsinə götürən şəxs gömrük borcunun ödənilməsi üzrə bəyannaməçi ilə birgə məsuliyyət daşıyırlar.

 

 

FƏSİL 45

MÖVCUD VƏ YARANA BİLƏCƏK GÖMRÜK BORCU ÜÇÜN TƏMİNAT

 

Maddə 250. Ümumi müddəalar

 

250.1. Bu fəsildə həm mövcud, həm də yarana biləcək gömrük borclarına təminat verilməsi qaydaları müəyyən olunur.

250.2. Gömrük orqanları mövcud, yaxud gələcəkdə yarana biləcək gömrük borclarının ödənilməsini təmin etmək məqsədi ilə borclu və ya borclu olacaq şəxslərdən bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatın verilməsini tələb etmək hüququna malikdirlər.

250.3. Gömrük borclarına təminat borclu və ya borclu ola biləcək şəxsin əvəzinə başqa şəxs tərəfindən də verilə bilər.

250.4. Təminatın məbləğini gömrük orqanları müəyyən edirlər.

250.5. Bu Məcəllənin 256-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, gömrük orqanları müvafiq mallar və gömrük bəyannaməsi üçün yalnız bir təminat tələb edə bilərlər.

250.6. Müvafiq gömrük bəyannaməsi üçün verilən təminat gömrük borcunu təşkil edən idxal, yaxud ixrac gömrük rüsumlarını və vergiləri, habelə bəyan edilən mallarla əlaqədar digər ödənişləri əhatə edir.

250.7. Gömrük orqanları gömrük ödənişləri üzrə borclu və ya borclu ola biləcək şəxsin müraciətinə əsasən iki və daha çox əməliyyat, gömrük bəyannaməsi, yaxud gömrük proseduru ilə əlaqədar mövcud, yaxud yarana biləcək gömrük borcuna təminat məqsədi ilə, bu Məcəllənin 255-ci maddəsində göstərilən əhatəli təminatın təqdim olunmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada icazə verirlər.

250.8. Bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, gömrük orqanları tərəfindən qəbul edilmiş təminat bütün gömrük ərazisində etibarlıdır.

250.9. Təminatın verilməsinin məcburi və fakültativ (məcburi olmayan) hallarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 251. Məcburi təminat

 

251.1. Məcburi təminatın verilməsi tələb olunduğu vaxt gömrük borcunun məbləğini dəqiq müəyyənləşdirmək mümkündürsə, gömrük orqanları həmin təminatın məbləğini gömrük borcunun məbləğinə bərabər səviyyədə müəyyənləşdirirlər.

251.2. Gömrük borcunun dəqiq məbləğini müəyyənləşdirmək mümkün olmadıqda, təminatın məbləği gömrük orqanları tərəfindən hesablanmış mövcud və ya yarana biləcək gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.

251.3. Məbləği müəyyən müddət ərzində dəyişən gömrük borcu üzrə ixrac, yaxud idxal gömrük rüsumlarının və vergilərin ödənilməsinin təmin edilməsi üçün əhatəli təminatın verildiyi hallarda, həmin təminatın məbləği gömrük rüsumlarının və vergilərin ödənilməsinin istənilən vaxt təmin edilməsinə imkan verən səviyyədə müəyyənləşdirilir.

251.4. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə uyğun olaraq bəyannaməçinin müraciəti əsasında malların buraxılışının həyata keçirilməsi üçün tələb olunan təminatın məbləği həmin bəyannaməçi tərəfindən gömrük orqanına təqdim edilən bəyannamədə hesablanmış və ödənilmiş gömrük ödənişləri nəzərə alınmaqla, bu Məcəllənin 221.1-ci və 251.2-ci maddələrinə uyğun olaraq gömrük orqanı tərəfindən təqdim edilmiş bildirişdəki düzəlişlər nəticəsində yarana biləcək əlavə gömrük borcunun ən yüksək səviyyəsində müəyyənləşdirilir.[52]

 

Maddə 252. Fakültativ (məcburi olmayan) təminat

 

Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddətdə ödəniləcəyinə əmin olmadıqda, təminatın verilməsinin fakültativ (məcburi olmayan) hallarında da, təminatın verilməsini tələb edirlər. Tələb edilən təminatın məbləği bu Məcəllənin 251-ci maddəsində nəzərdə tutulmuş məbləğlərdən artıq olmamalıdır.

 

Maddə 253. Təminatın seçilməsi

 

253.1. Gömrük borcuna təminat verən şəxs bu Məcəllənin 258.1-ci maddəsində nəzərdə tutulmuş təminatlardan birini seçə bilər.

253.2. Seçilən təminat müvafiq gömrük prosedurunun lazımi qaydada tətbiqinə uyğun gəlmədikdə, gömrük orqanları həmin təminatın qəbulundan imtina edir.

253.3. Gömrük orqanları seçilmiş təminatın müvafiq dövr ərzində saxlanmasını tələb edirlər.

 

Maddə 254. Zamin şəxs

 

254.1. Bu Məcəllənin 258.1.6-cı maddəsində nəzərdə tutulan zamin şəxs gömrük ərazisi daxilində müəyyənləşdirilən üçüncü şəxs olmalıdır.

254.2. Zamin şəxs gömrük borcunun ödənilməsinə yazılı təminat verməlidir.

254.3. Gömrük orqanları gömrük borcunun müəyyən edilmiş müddət ərzində ödəniləcəyinə əmin olmadıqda, üçüncü şəxsin zaminliyini qəbul etməkdən imtina edirlər.

 

Maddə 255. Əhatəli təminat

 

255.1. Gömrük orqanları bu Məcəllənin 255.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərə cavab verən şəxsin yazılı, o cümlədən elektron formada müraciəti əsasında ondan iki və ya daha çox bəyannamə, gömrük əməliyyatı və ya gömrük proseduru ilə bağlı ödəniləcək gömrük ödənişlərini əhatə edən əhatəli təminatı qəbul edirlər.

255.2. Əhatəli təminat gömrük və vergi qanunvericiliyinə əməl edən, gömrük prosedurlarından mütəmadi istifadə edən və bu prosedurlarla əlaqədar öhdəliklərini vaxtında və tam yerinə yetirmək imkanı olan rezidentlərdən qəbul olunur.

 

Maddə 256. Əlavə və yaxud əvəzedici təminat

 

Gömrük orqanları təqdim edilmiş təminatın müəyyən olunmuş müddət ərzində gömrük borcunun ödənilməsinə təminat vermədiyini, yaxud həmin təminatın gömrük borcunun ödənilməsi üçün etibarlı və ya kifayət olmadığını müəyyənləşdirərsə, bu Məcəllənin 250.2-ci maddəsində qeyd olunan şəxsdən onun seçimi əsasında əlavə təminat, yaxud verilmiş təminatın yenisi ilə əvəz edilməsini tələb edirlər.

 

Maddə 257. Təminatın başa çatması

 

Gömrük orqanları gömrük borcunun tam məbləğdə ödənilməsinə və gömrük borcunun olmamasına əmin olduğu zaman təminat başa çatmış hesab edilir.

 

Maddə 258. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üsulları

 

258.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün aşağıdakı təminat üsullarından (təminatdan) istifadə olunur:

258.1.1. girov;

258.1.2. veksel zaminliyi (aval);

258.1.3. bank qarantiyası;

258.1.4. ödənilməli olan məbləğin gömrük orqanının depozit hesabına köçürülməsi;

258.1.5. sığorta müqavilələri;

258.1.6. üçüncü şəxsin zaminliyi;

258.1.7. avans ödəmələr.

258.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şəxs bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatların hər birindən istifadə etmək hüququna malikdir.

258.3. Təminatdan istifadə etməklə gömrük borcunun ödənilməsinin təmin edilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 259. Girov

 

259.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün mallar gömrük orqanları tərəfindən girov qismində qəbul olunur.

259.2. Girovun rəsmiləşdirilməsi, girov qoyulmuş malların saxlanılması, ödənişin girov predmetinə yönəldilməsi və bununla bağlı digər məsələlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir.

 

Maddə 260. Veksel zaminliyi (aval)

 

Gömrük borcunun təminatı kimi veksellər yalnız o halda qəbul olunur ki, onlar üzrə avalçı qismində bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan banklar və ya bank olmayan kredit təşkilatları çıxış etsin.

 

Maddə 261. Bank qarantiyası

 

261.1. Gömrük borcu bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik olan və müvafiq icra hakimiyyəti orqanının apardığı müvafiq reyestrə daxil edilmiş bankların və bank olmayan kredit təşkilatlarının qarantiyası ilə təmin oluna bilər.

261.2. Bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanına müraciət edir. Həmin müraciətlərə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada baxılır.

261.3. Bankların və bank olmayan kredit təşkilatlarının bu Məcəllənin 261.1-ci maddəsində nəzərdə tutulan reyestrə daxil edilməsinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə yığım alınır.

261.4. Ləğv edilən və ya yenidən təşkil edilən, lisenziyası ləğv edilən, yaxud bank qarantiyası üzrə öhdəliklərini yerinə yetirməyən banklar və bank olmayan kredit təşkilatları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır.

261.5. Banklar və bank olmayan kredit təşkilatları reyestrdən çıxarılarkən onların reyestrə daxil olduğu zaman ödədiyi yığım geri qaytarılmır.

 

Maddə 262. Pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi

 

262.1. Gömrük borcunun ödənilməsinin təmin edilməsi ödənilməli olan pul vəsaitinin gömrük orqanının depozit hesabına köçürülməsi yolu ilə həyata keçirilə bilər. Bu məbləğin depozitdə saxlanma müddəti üçün faizlər ödənilmir.

262.2. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün pul vəsaitlərinin gömrük orqanının depozit hesabına köçürülməsi və depozit hesabında olan pul vəsaitinin sahibinə qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 263. Gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün sığorta müqavilələrindən istifadə olunması

 

Gömrük borcunun ödənilməsinin təmin olunması məqsədi ilə sığorta müqavilələrindən istifadə olunması Azərbaycan Respublikasının Mülki Məcəlləsi və sığorta fəaliyyəti haqqında qanunvericiliyə uyğun olaraq həyata keçirilir.

 

Maddə 264. Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyi

 

Gömrük borcunun ödənilməsinin təmin olunması üçün üçüncü şəxsin zaminliyindən istifadə edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 265. Avans ödəmələr

 

Gələcək əməliyyatlar üzrə yarana biləcək gömrük borcunun təminatı kimi, ödəyici gömrük orqanlarının hesabına avans şəklində pul vəsaitləri köçürə bilər. Bu cür ödəmələr avans ödəmələr hesab olunur. Ödəyici bu pul vəsaitlərindən gələcəkdə həyata keçirəcəyi istənilən əməliyyat üzrə gömrük ödənişlərini ödəmək üçün istifadə edə bilər.

 

 

FƏSİL 46

GÖMRÜK BORCU ÜZRƏ ÖDƏNİLMİŞ GÖMRÜK ÖDƏNİŞLƏRİNİN QAYTARILMASI VƏ GÖMRÜK BORCUNUN LƏĞVİ

 

Maddə 266. Ümumi müddəalar

 

266.1. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri bu Məcəllənin 267.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

266.2. Gömrük orqanları tərəfindən alınan vergilərin və dövlət rüsumunun qaytarılması müvafiq olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

266.3. Şəxsin müraciəti olduqda, gömrük orqanları qaytarılmalı olan gömrük ödənişlərini onun gələcək xarici iqtisadi fəaliyyətində istifadə üçün qəbul edirlər.

 

Maddə 267. Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılmalı olduğu hallar

 

267.1. Məcəllənin bu Fəslinin müddəaları nəzərə alınmaqla gömrük borcu üzrə ödənilmiş gömrük ödənişləri aşağıdakı hallarda qaytarılır:

267.1.1. mallar qüsurlu olduqda;

267.1.2. gömrük ödənişlərinin məbləği hesablanarkən səhvə yol verildikdə;

267.1.3. “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan hallarda.[53]

267.2. Gömrük orqanları bu Məcəllənin 270.1-ci maddəsində qeyd olunan müddətlər ərzində gömrük ödənişlərinin qaytarılmalı olduğunu aşkar etdiyi halda, həmin ödənişlər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qaytarılır.

267.3. Bu Məcəllənin 267.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, gömrük ödənişlərinin qaytarılması gömrük orqanları tərəfindən faizlərin ödənilməsinə səbəb olmur.

267.4. Gömrük ödənişlərinin qaytarılması barədə qərar verildikdən sonra 3 (üç) ay ərzində ödəniş edilmədikdə və bu gecikmə gömrük orqanının (onun vəzifəli şəxslərinin) hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdikdə, gömrük orqanları tərəfindən Mərkəzi Bankın müəyyən etdiyi uçot dərəcəsi ilə faizlər hesablanır və şəxsə ödənilir. Faizlər üç aylıq müddətin başa çatdığı tarixdən gömrük ödənişinin qaytarıldığı tarixədək olan müddət üzrə hesablanır.

 

Maddə 268. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişlərinin qaytarılması

 

268.1. Sərbəst dövriyyəyə buraxılmazdan əvvəl xarab olmuş mallar qüsurlu hesab edilir.

268.2. Qüsurlu mallara görə ödənilmiş gömrük ödənişləri, həmin mallar istifadə olunmadıqda (malların qüsurlu olmasının müəyyən edilməsi üçün zəruri olan istifadə istisna olmaqla) və gömrük ərazisindən aparıldıqdan sonra qaytarılır.

268.3. Gömrük orqanları şəxsin müraciəti əsasında qüsurlu malların gömrük ərazisindən aparılması əvəzinə onların daxildə emal (məhv edilmə daxil olmaqla), beynəlxalq tranzit, gömrük anbarlarında saxlanc və ya sərbəst zona xüsusi gömrük prosedurları altında yerləşdirilməsinə icazə verirlər.

 

Maddə 269. Gömrük ödənişlərinin məbləği səhv hesablandıqda, gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması

 

Gömrük ödənişlərinin hesablanmasında səhvə yol verilməsi şəxs tərəfindən əsaslandırıldıqda, yaxud gömrük orqanları tərəfindən aşkar edildikdə, artıq ödənilmiş məbləğ ödəyiciyə qaytarılır.

 

Maddə 270. Gömrük ödənişlərinin qaytarılması barədə müraciət

 

270.1. Gömrük ödənişlərinin bu Məcəllənin 267.1-ci maddəsində göstərilən hallar əsasında qaytarılmalı olduğunu hesab edən ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin ödənildiyi tarixdən 1 (bir) il ərzində gömrük orqanına müvafiq ərizə ilə müraciət edə bilər.

270.2. Ödəyici və ya onun nümayəndəsi gömrük ödənişlərinin qaytarılması haqqında ərizənin gömrük orqanına verilməsinin fors-major hallar nəticəsində gecikdirildiyini sübuta yetirdikdə, bu Məcəllənin 270.1-ci maddəsində göstərilən müddət gömrük orqanları tərəfindən daha 1 (bir) ilədək uzadılır.

270.3. Gömrük ödənişlərinin qaytarılması, yaxud bundan imtina edilməsi haqqında qərar, ərizə gömrük orqanına daxil olduğu tarixdən 15 (on beş) gün ərzində yazılı formada qəbul edilməli və dərhal icra olunmalıdır. Həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verilə bilər.

 

Maddə 271. Gömrük borcunun ləğvi

 

271.1. Borclu şəxsin qanunvericiliklə müəyyən edilmiş qaydada müflis elan edilməsi nəticəsində borcunu ödəyə bilməməsi halları ilə yanaşı, gömrük borcu aşağıdakı üsullardan hər hansı birinin tətbiqi vasitəsilə də ləğv edilir:

271.1.1. gömrük borcunun tam məbləğdə ödənilməsi;

271.1.2. qanunvericilikdə nəzərdə tutulmuş hallarda şəxsin gömrük borcunu ödəməkdən azad edilməsi;

271.1.3. idxal və ya ixrac gömrük rüsumları və vergiləri ödənilməli olan malların qanunla nəzərdə tutulmuş hallarda və qaydada müsadirəsi;

271.1.4. idxal və ya ixrac gömrük rüsumları və vergilər ödənilməli olan malların gömrük nəzarəti altında məhvi, yaxud şəxsin onlardan dövlətin xeyrinə imtina etməsi;

271.1.5. malların fors-major hallar nəticəsində bərpaedilməz şəkildə itirilməsi və ya məhv olması.

271.2. Gömrük borcunun ödənilməsinə dair bir neçə şəxsin öhdəliyi olduqda, gömrük borcu, yalnız onu ödəməkdən azad edilən şəxsə (şəxslərə) münasibətdə ləğv edilir.

 

 

XV BÖLMƏ

GÖMRÜK NƏZARƏTİNƏ DAİR ƏLAVƏ MÜDDƏALAR

 

FƏSİL 47

GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN VALYUTA NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

Maddə 272. Gömrük orqanları valyuta nəzarəti orqanı kimi

 

272.1. Gömrük orqanları Azərbaycan Respublikasında valyuta nəzarətini həyata keçirən dövlət orqanlarından biridir.

272.2. Gömrük orqanları gömrük işi ilə bağlı valyuta nəzarətini bu Məcəlləyə və “Valyuta tənzimi haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirirlər.

 

Maddə 273. Gömrük orqanlarının valyuta nəzarəti sahəsində səlahiyyətləri

 

Gömrük orqanları sərbəst zonaların perimetrləri istisna olmaqla, şəxslərin gömrük sərhədindən Azərbaycan Respublikasının milli valyutasını, milli valyutada qiymətli kağızları və digər valyuta sərvətlərini keçirməsinə, malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi ilə əlaqədar valyuta əməliyyatlarına valyuta nəzarətini qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirirlər.

 

Maddə 274. Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquq pozuntularına görə məsuliyyət

 

Gömrük orqanları tərəfindən valyuta nəzarəti həyata keçirilərkən aşkar edilmiş hüquqpozmalara görə təqsirli şəxslər qanunla müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

 

 

FƏSİL 48

GÖMRÜK ORQANLARI TƏRƏFİNDƏN İXRAC NƏZARƏTİNİN HƏYATA KEÇİRİLMƏSİ

 

Maddə 275. Gömrük orqanları ixrac nəzarəti orqanı kimi

 

Gömrük orqanları bu Məcəllə və “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ixrac nəzarətini həyata keçirirlər.

 

Maddə 276. Gömrük orqanlarının ixrac nəzarəti sahəsində səlahiyyətləri

 

276.1 Gömrük orqanları ixrac nəzarətinə düşən malların gömrük sərhədindən qeyri-qanuni keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə və son istifadəçilərə ixracının qarşısını alırlar.

276.2. İxrac nəzarətinə düşən malların gömrük sərhədindən keçirilməsi qaydaları “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq müəyyən edilir.

 

Maddə 277. Məlumatın məxfiliyinə riayət edilməsi

 

Gömrük orqanlarının ixrac nəzarətini həyata keçirməyə səlahiyyətli olan vəzifəli şəxsləri digər dövlət orqanlarından və aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini qorumağa borcludurlar.

 
 
FƏSİL 49
TƏRKİBİNDƏ ƏQLİ MÜLKİYYƏT HÜQUQLARININ OBYEKTLƏRİ OLAN MALLAR ÜZƏRİNDƏ GÖMRÜK NƏZARƏTİ

 

Maddə 278. Əqli mülkiyyət hüquqlarının gömrük orqanları tərəfindən qorunması

 

278.1. Gömrük orqanları hüquq sahiblərinin gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqlarının qorunmasını bu Məcəllə və gömrük işi üzrə qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata keçirirlər.

278.2. Gömrük sərhədindən keçirilən, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara dair hüquqların gömrük orqanları tərəfindən qorunması həmin hüquqların qorunması ilə bağlı digər qanunvericilik aktlarına uyğun tədbirlər görülməsinə mane olmur.

 

Maddə 279. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrinin aparılması qaydaları

 

279.1. Müvafiq icra hakimiyyəti orqanı gömrük nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrini kağız üzərində və elektron daşıyıcılarda aparır.

279.2. Reyestrin aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Həmin qaydalarda reyestrdə olan məlumatların gömrük orqanlarına və ərizəçilərə çatdırılması proseduru da nəzərdə tutulmalıdır.

 

Maddə 280. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi və oradan çıxarılması qaydaları

 

280.1. Hüquq sahibi və ya onun maraqlarını təmsil edən şəxs (ərizəçi) tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onun əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqlarının pozulduğu və ya pozula biləcəyi barədə kifayət qədər əsası olduqda, pirat və kontrafakt malların buraxılışının dayandırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizə ilə müraciət etmək hüququna malikdir.

280.2. Əqli mülkiyyət hüquqlarının qorunması və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların reyestrə daxil edilməsi barədə ərizədə aşağıdakılar göstərilməlidir:

280.2.1. hüquq sahibi haqqında məlumat;

280.2.2. əqli mülkiyyət hüquqlarının obyektinə hüququn olması barədə məlumat;

280.2.3. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan malın təsviri;

280.2.4. malların pirat və ya kontrafakt olmasını aşkar etməyə imkan verən məlumatlar;

280.2.5. malların pirat və ya kontrafakt olmadığı müəyyən edildiyi halda, buraxılışın dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə vurulan zərərin, habelə gömrük orqanlarının xərclərinin ödənilməsinə dair ərizəçinin öhdəliyi.

280.3. Ərizəyə tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar üzərində ərizəçinin hüquqlarını təsdiq edən sənədlər (əsərin, əlaqəli hüquqlar obyektinin, inteqral sxem topologiyasının və məlumat toplusunun qeydiyyatı haqqında şəhadətnamə, əmtəə nişanı və coğrafi göstərici haqqında şəhadətnamə, patent, lisenziya müqaviləsi və ya əqli mülkiyyətə dair qanunvericiliyə uyğun olaraq digər sənədlər) əlavə olunur.

280.4. Bu Məcəllənin 280.2.5-ci maddəsində nəzərdə tutulmuş öhdəliyin icrasının təmin edilməsi üçün ərizəçi bu Məcəllənin 258.1-ci maddəsində göstərilən təminatlardan birini gömrük orqanına təqdim etməlidir. Həmin təminatın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi minimum və maksimum məbləğlər çərçivəsində gömrük orqanları tərəfindən müəyyən olunur.

280.5. Ərizə ilə birlikdə tərkibində əqli mülkiyyət obyekti olan malın, habelə pirat, yaxud kontrafakt malların nümunələri təqdim edilə bilər.

280.6. Müvafiq icra hakimiyyəti orqanı ərizəyə onun daxil olduğu gündən 1 (bir) ay müddətində baxır və tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə daxil olunması, yaxud bu Məcəllənin 280.7-ci maddəsində nəzərdə tutulmuş halda bundan imtina barədə qərar qəbul edir.

280.7. Ərizəçi bu Məcəllənin 280-cı maddəsinin tələblərinə riayət etmədiyi halda, müvafiq icra hakimiyyəti orqanı malın reyestrə daxil edilməsindən imtina olunması barədə qərar qəbul edir və ərizəçini yazılı formada məlumatlandırır. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malın reyestrə daxil olunması barədə ərizə ilə yenidən müraciət oluna bilər.

280.8. Ərizədə və ya ona əlavə olunmuş sənədlərdəki məlumatlarda dəyişiklik baş verdikdə, ərizəçi dərhal bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir.

280.9. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar ərizəçinin təqdim etdiyi səhv məlumatlar əsasında reyestrə daxil olunduğu hallarda, həmin mallar müvafiq icra hakimiyyəti orqanının qərarı ilə reyestrdən çıxarılır. Bu barədə müvafiq icra hakimiyyəti orqanı ərizəçini yazılı formada məlumatlandırır.

 

Maddə 281. Gömrük orqanları tərəfindən hüquqların qorunma müddəti

 

281.1. Hüquq sahibinin hüquqlarının qorunma müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən obyektin reyestrə daxil olunması haqqında qərar qəbul olunduğu gündən etibarən ərizəçinin göstərdiyi müddət nəzərə alınmaqla, 5 (beş) ilədək müəyyən olunur. Ərizəçinin müraciəti olduqda, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həmin müddət uzadılır.

281.2. Əqli mülkiyyət hüquqlarının obyektinə olan hüquqların gömrük orqanları tərəfindən qorunmasının ümumi müddəti, hüquq sahibinin əqli mülkiyyət obyektinə olan hüquqlarının qüvvədə olma müddətindən artıq olmamalıdır.

 

Maddə 282. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti

 

282.1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və onlar üzərində gömrük nəzarəti bu Məcəllə və gömrük işi üzrə digər qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

282.2. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük sərhədindən keçirilməsi qaydaları bu Məcəllə, gömrük işi üzrə digər qanunvericilik aktları və əqli mülkiyyətə dair qanunvericiliklə tənzimlənir.

 

Maddə 283. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması

 

283.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük rəsmiləşdirilməsi və gömrük nəzarəti zamanı onların pirat və ya kontrafakt olması əlamətləri aşkar edilərsə, belə malların buraxılışı gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxsin qərarı ilə 10 (on) iş günü müddətinə dayandırılır. Ərizəçinin əsaslandırılmış müraciəti olduqda, göstərilən müddət daha 10 (on) iş gününədək uzadılır.

283.2. Gömrük orqanı tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması barədə qəbul etdiyi qərar haqqında və buraxılışın dayandırılmasının səbəbləri barədə bəyannaməçiyə və ərizəçiyə dərhal yazılı bildiriş göndərir. Həmin bildirişdə müvafiq olaraq bəyannaməçinin və ərizəçinin adı, soyadı, atasının adı, yaşadığı və qeydiyyatda olduqları ünvan haqqında məlumat da verilməlidir.

283.3. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması, buraxılışın dayandırılma müddətinin uzadılması, qəbul edilən qərarlar barədə ərizəçiyə və bəyannaməçiyə məlumat verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 284. Vurulan zərərin əvəzinin və çəkilən xərclərin ödənilməsi

 

284.1. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması nəticəsində bəyannaməçiyə, mal sahibinə, yaxud digər maraqlı şəxslərə dəymiş zərərin əvəzi malların pirat və ya kontrafakt olmadığı müəyyənləşdirildiyi hallarda ərizəçi tərəfindən ödənilir.

284.2. Reyestrə daxil edilmiş tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların buraxılışının dayandırılması nəticəsində gömrük orqanlarının çəkdiyi xərclərin əvəzi malların pirat və ya kontrafakt olması müəyyənləşdirildiyi hallarda bəyannaməçi, əks halda isə ərizəçi tərəfindən ödənilir.

 

Maddə 285. Məlumatların verilməsi. Prob və nümunələrin götürülməsi

 

285.1. Gömrük orqanları buraxılışının dayandırılması haqqında qərar qəbul edilmış malların pirat və ya kontrafakt olmasının müəyyənləşdirilməsi üçün lazım olan məlumatları ərizəçiyə və bəyannaməçiyə verirlər.

285.2. Ərizəçiyə və bəyannaməçiyə verilən məlumatlar konfidensial məlumat hesab olunur və qanunda nəzərdə tutulan hallar istisna olmaqla, onlar tərəfindən yayılmamalı, üçüncü şəxslərə ötürülməməlidir.

285.3. Gömrük orqanlarının icazəsi ilə ərizəçi və bəyannaməçi, yaxud onların nümayəndələri buraxılışı dayandırılmış mallardan gömrük nəzarəti altında prob və nümunələr götürə, onların tədqiqatını apara bilərlər.

 

Maddə 286. Buraxılışın dayandırılması haqqında qərarın ləğvi

 

286.1. Gömrük orqanı buraxılışın dayandırılması barədə bildirişi ərizəçiyə təqdim etdikdən sonra bu Məcəllənin 283.1-ci maddəsində nəzərdə tutulan müddət ərzində ərizəçinin iddiası əsasında məhkəmədə işin mahiyyəti üzrə baxılmağa başlanması barədə gömrük orqanlarına məlumat daxil olmadıqda, tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların bu Məcəllə ilə müəyyən edilmiş qaydada gömrük rəsmiləşdirilməsi və buraxılışı həyata keçirilir.

286.2. Bu Məcəllənin 286.1-ci maddəsində nəzərdə tutulan işlərə ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 20 (iyirmi) iş günündən gec olmayan müddətdə mahiyyəti üzrə baxılmağa başlanmalı və bu barədə məhkəmə gömrük orqanına məlumat verməlidir.

286.3. Malların pirat və ya kontrafakt olduğu müəyyən edildikdə, onların barəsində qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər həyata keçirilir.

286.4. Gömrük orqanları aşağıdakı hallarda malların buraxılışının dayandırılması haqqında qərarı bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddət başa çatanadək ləğv edirlər:

286.4.1. buraxılışın dayandırılması haqqında qərarın ləğvi barədə ərizəçinin müraciəti olduqda;

286.4.2. tərkibində əqli mülkiyyət hüquqlarının obyekti olan mallar reyestrdən çıxarıldıqda.

286.5. Buraxılışın dayandırılması haqqında qərar onu qəbul etmiş gömrük orqanının rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən ləğv olunur.

286.6. Buraxılışın dayandırılması haqqında qərarın ləğvi və malların buraxılması, hüquq sahibinin əqli mülkiyyət hüquqlarının obyekti üzərində hüquqlarının qorunması ilə bağlı digər səlahiyyətli dövlət orqanlarına müraciət etməsinə maneə yaratmır.

 

Maddə 287. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallara nəzarət üzrə gömrük orqanlarının əlavə səlahiyyətləri

 

287.1. Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan, lakin reyestrə daxil edilməmiş, habelə ərizəçinin müraciətində göstərilməmiş malların pirat və ya kontrafakt olması əlamətlərini gömrük orqanları aşkar etdikdə, onlar həmin malların buraxılışını bu Məcəllənin 283.1-ci maddəsində göstərilən müddətə dayandırmaq hüququna malikdirlər.

287.2. Bu Məcəllənin 287.1-ci maddəsində nəzərdə tutulmuş hallarda gömrük orqanları hüquq sahibini və bəyannaməçini dərhal məlumatlandırır, malların pirat və ya kontrafakt olmasını dəqiq müəyyənləşdirmək üçün lazım olan məlumatları isə onlardan tələb edirlər.

 

Maddə 288. Əqli mülkiyyət hüquqlarının qorunması tədbirləri tətbiq olunmayan mallar

 

Məcəllənin bu fəslində nəzərdə tutulan tədbirlər fiziki şəxslər tərəfindən az miqdarda gömrük sərhədindən keçirilən, yaxud beynəlxalq poçt göndərişləri ilə göndərilən istehsal və ya digər kommersiya fəaliyyəti üçün nəzərdə tutulmayan mallara münasibətdə tətbiq olunmur.

 

 

XVI BÖLMƏ

MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ, BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ

 

FƏSİL 50

MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ

 

Maddə 289. Beynəlxalq poçt göndərişləri

 

289.1. Beynəlxalq poçt göndərişlərinə aşağıdakılar aiddir:

289.1.1. poçt kartları;

289.1.2. məktublar;

289.1.3. banderollar;

289.1.4. xüsusi “M” kisələri;

289.1.5. kiçik paketlər;

289.1.6. poçt bağlamaları;

289.1.7. sekoqramlar.

289.2. Beynəlxalq poçt göndərişləri Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunmalıdır.

289.3. Beynəlxalq poçt mübadilə məntəqələrini və yerlərini müvafiq icra hakimiyyəti orqanları birgə müəyyən edirlər.

289.4. Poçt rabitəsi operatorları özlərinə aid beynəlxalq poçt mübadiləsi yerlərində və beynəlxalq poçt mübadiləsi məntəqələrində gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün gömrük orqanlarını qarşılıqlı razılaşma əsasında xidməti sahələrlə və lazımi avadanlıqla təmin edirlər.

289.5. Beynəlxalq poçt göndərişləri vasitəsi göndərilən mallar gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi başa çatanadək və onların buraxılışı barədə rəsmi icazə verilənədək gömrük orqanlarının nəzarəti altında olurlar.

 

Maddə 290. Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri ilə keçirilməsinin xüsusiyyətləri

 

290.1. Aşağıdakı malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri ilə keçirilməsinə icazə verilmir:

290.1.1. gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllənin 214-cü maddəsinə əsasən qadağa qoyulan mallar;

290.1.2. Ümumdünya Poçt İttifaqının aktlarına uyğun olaraq poçt vasitəsilə göndərilməsi qadağan olunan mallar.

290.2. Gömrük ərazisinə beynəlxalq poçt göndərişləri ilə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllə və digər qanunvericiliklə, beynəlxalq müqavilələrlə məhdudiyyət qoyulmuş malların gömrük rəsmiləşdirilməsi zamanı onları alan və göndərən şəxslər (həmin şəxslərin səlahiyyətli nümayəndələri) müvafiq icazə sənədini təqdim etməlidir.

290.3. Fiziki şəxslərin ünvanına qanunvericiliklə müəyyənləşdirilmiş şərtlərə əməl olunmaqla beynəlxalq poçt göndərişləri ilə göndərilən, istehsal və kommersiya məqsədlərinə istifadə üçün nəzərdə tutulmayan mallar gömrük rüsumlarından və vergilərdən, habelə ticarət siyasəti tədbirlərinin tətbiqindən azad edilir.

290.4. Beynəlxalq poçt göndərişlərinin daşınmasını həyata keçirən poçt rabitəsi operatorları, bu prosesdə vasitəçilik edən şəxslər gömrük sərhədindən keçirilən beynəlxalq poçt göndərişlərinə gömrük nəzarətini və gömrük rəsmiləşdirilməsini həyata keçirmək üçün onları gömrük orqanlarına təqdim etməlidirlər.

290.5. Beynəlxalq poçt göndərişləri ilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılmasına qadağa və ya məhdudiyyətlər qoyulan (müvafiq icazə sənədi olmadıqda) mallar Ümumdünya Poçt İttifaqının aktlarına və bu Məcəlləyə uyğun olaraq gömrük orqanları tərəfindən götürülür.

290.6. Beynəlxalq poçt göndərişlərinin daşınmasını həyata keçirən poçt rabitəsi operatorları, bu prosesdə vasitəçilik edən şəxslər beynəlxalq poçt göndərişlərinin gömrük orqanlarının icazəsi olmadan alıcılara verilməsinə görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Maddə 291. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi

 

291.1. Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi bu Məcəlləyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının birlikdə müəyyən etdiyi qaydada həyata keçirilir.

291.2. Gömrük bəyannaməsi təqdim edilməklə beynəlxalq poçt göndərişləri ilə göndərilən malların gömrük rəsmiləşdirilməsi, beynəlxalq poçt mübadiləsi məntəqələrində və yerlərində həyata keçirilir.

291.3. Audio-video yazılarının, maqnit və digər məlumat daşıyıcılarının gömrük rəsmiləşdirilməsi xüsusi texniki nəzarət vasitələrindən istifadə etməklə gömrük nəzarəti aparıldıqdan sonra həyata keçirilir.

 

Maddə 292. Beynəlxalq poçt göndərişləri ilə göndərilən malların bəyan olunması

 

292.1. Kommersiya və istehsal məqsədləri üçün nəzərdə tutulan mallar beynəlxalq poçt göndərişləri ilə göndərildikdə, həmin mallar bu Məcəllənin malların bəyan edilməsi ilə bağlı müddəalarına uyğun olaraq gömrük bəyannaməsi təqdim olunmaqla bəyan edilməlidir.

292.2. Gömrük orqanları üçün zəruri olan məlumatları özündə əks etdirən Ümumdünya Poçt İttifaqının aktlarında nəzərdə tutulmuş sənədlərlə müşayiət olunan beynəlxalq poçt göndərişləri ilə göndərilən mallar üçün gömrük bəyannaməsi tələb olunmur.

 

 

FƏSİL 51

MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİ İLƏ KEÇİRİLMƏSİ

 

Maddə 293. Malların gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilməsi

 

293.1. Gömrük ərazisindən boru kəməri vasitəsilə aparılan və bu əraziyə gətirilən mallar gömrük bəyannaməsi təqdim edildikdən və seçilmiş gömrük prosedurunun tələblərinə uyğun olaraq buraxılışından sonra gömrük sərhədindən keçirilir.

293.2. Bəyannaməçi gömrük bəyannaməsini aşağıdakı səbəblərə görə verə bilmədiyi hallarda natamam bəyannamə təqdim edir:

293.2.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;

293.2.2. gömrük bəyannaməsi verildiyi vaxt malların miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

293.3. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar seçilmiş gömrük proseduru altında yerləşdirilərkən, onların gömrük orqanlarına faktiki təqdim edilməsi tələb olunmur.

293.4. Boru kəməri vasitəsilə aparılan mallar seçilmiş gömrük proseduru altında yerləşdirilənədək, müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməməsi şərti ilə, qəbul məntəqələrində saxlanıla bilər. Həmin mallardan istifadə və özgəninkiləşdirmək də daxil olmaqla, onlar barəsində sərəncam verilə bilməz.

293.5. Nəqletmənin texnoloji cəhətlərindən, malların isə xassələrindən və xüsusiyyətlərindən asılı olaraq, gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən malların normativ hüquqi aktların tələblərinə əməl edilməsi şərti ilə qarışdırılmasına, miqdarının və kəmiyyətinin dəyişdirilməsinə icazə verilir.

293.6. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 294. Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallara qanunvericilikdə nəzərdə tutulmuş ticarət siyasəti tədbirlərinin tətbiqi

 

Gömrük sərhədindən boru kəməri vasitəsilə keçirilən mallara dair natamam bəyannamənin təsdiq edildiyi gün qüvvədə olan qanunvericilikdə nəzərdə tutulmuş ticarət siyasəti tədbirləri tətbiq olunur.

 

Maddə 295. Malların gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilməsi

 

295.1. Malların elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisindən aparılması və ya bu əraziyə gətirilməsi gömrük orqanlarının ilkin icazəsi alındıqdan sonra həyata keçirilir.

295.2. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsi ilə keçirilən malların gömrük rəsmiləşdirilməsi üçün gömrük bəyannaməsi təqdim olunmalıdır.

295.3. Gömrük bəyannaməsi aşağıdakı səbəblərə görə təqdim edilə bilmədikdə, natamam bəyannamə təqdim edilir:

295.3.1. gömrük orqanlarına faktiki təqdim edilməli olan mal partiyası gömrük bəyannaməsi verildiyi vaxt olmadıqda;

295.3.2. gömrük bəyannaməsi verildiyi vaxt malın miqdarını, keyfiyyətini və dəyərini müəyyənləşdirmək mümkün olmadıqda.

295.4. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzrə natamam bəyannamə onların göndərilmə rübündən əvvəlki ay ərzində gömrük orqanlarına təqdim olunmalıdır.[54]

295.5. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən mallar üzərində gömrük nəzarətinin həyata keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Gömrük sərhədindən elektrikötürücü xətlər vasitəsilə keçirilən malların gömrük rəsmiləşdirilməsi həmin qaydalarda göstərilən müddətdə gömrük bəyannaməsinin təqdim olunması ilə başa çatır.

 

Maddə 296. Gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilən malların eyniləşdirilməsi

 

296.1. Gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsi ilə keçirilən mallara eyniləşdirilmə vasitələri tətbiq olunmur.

296.2. Bu Məcəllənin 296.1-ci maddəsi gömrük orqanları tərəfindən müvafiq sənədlərdə olan məlumatlardan və ölçü cihazlarının göstəricilərindən istifadə olunmaqla malların miqdarını, keyfiyyətini və digər xüsusiyyətlərini gömrük məqsədləri üçün müəyyənləşdirməsinə maneə yaratmır.

 

Maddə 297. Daxili malların xarici dövlətin ərazisindən keçməklə, gömrük ərazisində yerləşən iki gömrük orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsi ilə keçirilməsi

 

Daxili malların xarici dövlətin ərazisindən keçməklə, gömrük ərazisində yerləşən iki gömrük orqanı arasında boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi bu Məcəllənin 175-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

 

Maddə 298. Boru kəməri və elektrikötürücü xətləri vasitəsilə qarşılıqlı ötürülən malların gömrük rəsmiləşdirilməsi

 

Boru kəməri və elektrikötürücü xətlər vasitəsilə qarşılıqlı ötürülən malların gömrük rəsmiləşdirilməsi beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş şərtlərə və qaydalara uyğun olaraq həyata keçirilir.

 

 

XVII BÖLMƏ

FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ

 

FƏSİL 52

FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ

 

Maddə 299. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən keçirilməsi qaydaları

 

299.1. Gömrük ərazisinə gətirilməsi və bu ərazidən aparılması bu Məcəllənin 214-cü maddəsi, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən qadağan edilmiş mallar istisna olmaqla, fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada keçirirlər.

299.2. Malların təyinatı fiziki şəxsin səfərinin bütün halları nəzərə alınmaqla, onların fiziki şəxsin və onun ailə üzvlərinin şəxsi istifadəsi və istehlakı məqsədləri üçün keçirildiyi yəqinləşdirilməklə, xassələri, miqdarı, habelə sərhəddən keçirilməsinin mütəmadiliyi əsasında müəyyən edilir.

299.3. Fiziki şəxslər gömrük sərhədindən malları istehsal, yaxud kommersiya məqsədləri üçün keçirərkən, gömrük rəsmiləşdirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq olunur.

299.4. Fiziki şəxs gömrük sərhədindən keçirmək istədiyi malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin əvvəlcədən müəyyənləşdirmək məqsədilə gömrük orqanına yazılı, o cümlədən elektron formada müraciət edə bilər. Həmin müraciət əsasında bu Məcəllənin 50-ci maddəsinə müvafiq olaraq malların təsnifatının, gömrük dəyərinin, mənşə ölkəsinin və gömrük ödənişlərinin məbləğinin müəyyən edilməsi baxımından icrası gömrük orqanları üçün məcburi olan qərar qəbul edilir.

 

Maddə 300. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların bəyan edilməsi

 

300.1. Fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur.

300.2. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur.

300.3. “Qırmızı kanal” buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamə verilməklə, onların yazılı formada bəyan edilməsi üçün nəzərdə tutulur.

300.4. Fiziki şəxslər yazılı formada bəyan edilməli olan malları gömrük sərhədindən bu Məcəllənin 300.3-cü maddəsində göstərilən “Qırmızı kanal” sistemi tətbiq olunmaqla, onlara dair sadələşdirilmiş bəyannamə verməklə keçirirlər.

300.5. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan malların siyahısını, onların bəyan olunması və gömrük rəsmiləşdirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

300.6. Yazılı formada bəyan edilməli olan mallar gömrük sərhədindən yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan olunur.

300.7. Fiziki şəxslər istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malları gömrük sərhədindən əl yükündə və (və ya) müşayiət edilən baqajda keçirdikdə, sadələşdirilmiş bəyannaməni malların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verirlər.

300.8. Gömrük ərazisinə müşayiət olunmayan baqajda gətirilən mallara dair sadələşdirilmiş bəyannamə bu Məcəllənin 149.3-cü maddəsində nəzərdə tutulan müddətdə, gömrük ərazisindən müşayiət olunmayan baqajda aparılan mallara dair sadələşdirilmiş bəyannamə isə, onların gömrük orqanına təqdim edilməsi ilə eyni vaxtda verilir.

300.9. Müşayiət olunmayan baqajdakı mallar onları keçirən şəxs və ya onun nümayəndəsi tərəfindən bəyan edilə bilər. Gömrük orqanlarına bəyan edilmiş mallara dair məlumatın düzgünlüyünə görə cavabdehliyi malları bəyan edən şəxs daşıyır.

300.10. Müşayiət olunmayan baqajda yetkinlik yaşına çatmayan şəxsə aid olan mallar onun valideynləri, övladlığa götürənləri, qəyyumları, himayəçiləri, yaxud göstərilən şəxslərin etibarnamələri əsasında hərəkət edən başqa şəxslər tərəfindən bəyan edilir.

 

Maddə 301. Fiziki şəxslər tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməsi

 

301.1. Fiziki şəxslər gömrük rüsumlarını və vergiləri gömrük sərhədindən keçirdikləri malları yazılı formada bəyan edilən zaman yalnız bank, poçt və ya plastik kart vasitəsilə ödəyirlər.

301.2. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi və ya bu Məcəllənin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş malların gömrük sərhədindən keçirilməsi müvafiq icazə sənədinin olmaması səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir.

 

Maddə 302. Fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük dəyəri

 

302.1. Malların gömrük dəyəri onları gömrük sərhədindən keçirən fiziki şəxslər tərəfindən həmin mallar bəyan olunarkən bildirilir. Malın bəyan edilmiş gömrük dəyərinin təsdiqi üçün fiziki şəxs malın əldə olunmasını təsdiq edən müvafiq sənədləri (çek, hesab sənədi və s.) gömrük orqanlarına təqdim edə bilər.

302.2. Malların bəyan edilmiş gömrük dəyərinin dəqiqliyini yoxlamaq məqsədilə gömrük orqanlarının bu malların satışını həyata keçirən xarici təşkilatların kataloqlarının və ya sərəncamlarında olan digər mənbələrin qiymət məlumatlarından istifadə etmək hüququ vardır.

 

Maddə 303. Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi

 

Fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən malların mənşə ölkəsi, onların etiketi (yarlığı), pasportu və mənşəyinə dair məlumatları əks etdirən digər sənədlər əsasında müəyyən olunur.

 

Maddə 304. Fiziki şəxslər tərəfindən malların gömrük sərhədindən güzəştli və sadələşdirilmiş qaydada keçirilməsi

 

304.1. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir.

304.2. Fiziki şəxslərin gömrük sərhədindən güzəştli qaydada keçirdiyi mallara gömrük baxışı seçmə yolu ilə həyata keçirilir. Gömrük baxışı zamanı yazılı formada bəyan edilməli mallar aşkarlandıqda, fiziki şəxs həmin mallara dair bəyannamə verməli və müvafiq gömrük ödənişlərini ödəməlidir.

304.3. “Qırmızı kanal” buraxılış sistemi vasitəsilə mallar sadələşdirilmiş qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, lakin gömrük rüsumları və vergilər alınmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilməklə keçirilir.

304.4. Gömrük ərazisinə gətirilməsinə və bu ərazidən aparılmasına bu Məcəllənin 215-ci maddəsi, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu və müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məhdudiyyət qoyulmuş mallar gömrük sərhədindən müvafiq icazə sənədləri əsasında keçirilir.

304.5. Fiziki şəxslər malları gömrük sərhədindən sadələşdirilmiş qaydada keçirməkdən imtina edə bilərlər. Belə hallarda malların gömrük sərhədindən keçirilməsinin bu Məcəllə ilə müəyyən olunmuş ümumi qaydaları tətbiq edilir.

 

Maddə 305. Fiziki şəxslər tərəfindən malların gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu ərazidən müvəqqəti aparılması

 

305.1. Rezident fiziki şəxslər xarici dövlətlərin ərazisində müvəqqəti qalma müddətində şəxsi istifadə üçün nəzərdə tutulan malları gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisindən aparmaq və həmin əraziyə geri qaytarmaq hüququna malikdirlər.

305.2. Qeyri-rezident fiziki şəxslərin və gömrük ərazisindən kənarda daimi yaşayan Azərbaycan Respublikasının vətəndaşlarının gömrük ərazisində müvəqqəti qalma müddətində şəxsi istifadəsi üçün lazım olan mallar həmin əraziyə gömrük rüsumlarından və vergilərdən tamamilə azad olunmaqla, ticarət siyasəti tədbirləri tətbiq edilmədən gətirilə bilər.

305.3. Fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi və ya bu ərazidən müvəqqəti apardığı malların müvafiq olaraq gömrük ərazisində və ya bu ərazidən kənarda qalma müddəti fiziki şəxsin həmin ərazidə qalma müddəti əsasında müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin gömrük ərazisinə güzəştli qaydada müvəqqəti gətirdiyi bəzi kateqoriya mallar üçün gömrük ərazisində qalmanın son müddətini müəyyən edir.

305.4. Yazılı formada bəyan edilməli olan malların fiziki şəxslər tərəfindən sadələşdirilmiş qaydada gömrük ərazisinə müvəqqəti gətirilməsi və bu ərazidən müvəqqəti aparılması da sadələşdirilmiş bəyannamə vasitəsilə bəyan edilir.

305.5. Təbii aşınma və təbii itki halları istisna olmaqla, müvəqqəti gətirilən və müvəqqəti aparılan mallar dəyişdirilməmiş vəziyyətdə geri qaytarılmalıdır.

305.6. Fiziki şəxslər tərəfindən müvəqqəti gətirilmiş və ya müvəqqəti aparılmış malların geri aparılmasının və ya geri gətirilməsinin gömrük rəsmiləşdirilməsi istənilən gömrük orqanında həyata keçirilə bilər.

 

Maddə 306. Fiziki şəxslər tərəfindən nəqliyyat vasitələrinin müvəqqəti gətirilməsi və müvəqqəti aparılması

 

Fiziki şəxslər onlara məxsus olan, yaxud istifadəsinə müvəqqəti verilmiş nəqliyyat vasitələrini bu Məcəllənin müddəalarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi güzəştli və sadələşdirilmiş qaydada gömrük ərazisindən müvəqqəti apara və ya bu əraziyə müvəqqəti gətirə bilərlər.

 

 

XVIII BÖLMƏ

QEYRİ-REZİDENTLƏRİN AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ

 

FƏSİL 53

XARİCİ DÖVLƏTLƏRİN NÜMAYƏNDƏLİKLƏRİ VƏ ONLARIN ƏMƏKDAŞLARI, HABELƏ DİGƏR QEYRİ-REZİDENTLƏR ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ

 

Maddə 307. Xarici dövlətlərin diplomatik nümayəndəlikləri üçün gömrük güzəştləri

 

307.1. Xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəlikləri özlərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad olunmaqla gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.

307.2. Bu Məcəllənin 307.1-ci maddəsi saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 232.2-ci maddəsinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir.

 

Maddə 308. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və diplomatik heyətinin üzvləri üçün gömrük güzəştləri

 

308.1. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçıları və diplomatik heyətinin üzvləri, habelə onlarla birlikdə yaşayan ailə üzvləri şəxsi istifadə üçün nəzərdə tutulan malları və nəqliyyat vasitələrini, onların gömrük sərhədindən keçirilməsi qaydalarına riayət etmək şərti ilə gömrük rüsumlarından, vergilərdən və digər gömrük ödənişlərindən azad edilməklə gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.

308.2. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajları gömrük baxışından azaddır.

308.3. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin başçılarının, diplomatik heyətinin üzvlərinin, onlarla birlikdə yaşayan ailə üzvlərinin şəxsi baqajlarında şəxsi istifadə üçün nəzərdə tutulmayan, gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması bu Məcəllə, müvafiq qanunvericiliklə və beynəlxalq müqavilələrlə qadağan edilən, məhdudlaşdırılan malların mövcudluğu haqqında kifayət qədər əsaslar olduqda, gömrük orqanları həmin şəxslərin və ya onların səlahiyyətli nümayəndələrinin iştirakı ilə gömrük baxışı keçirirlər.

 

Maddə 309. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin inzibati-texniki heyətinin əməkdaşları üçün gömrük güzəştləri

 

309.1. Xarici dövlətlərin diplomatik nümayəndəliklərinin inzibati-texniki heyətinin əməkdaşları və onlarla birlikdə yaşayan ailə üzvləri (həmin əməkdaşlar və onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə, yaxud daimi olaraq Azərbaycan Respublikasında yaşamırlarsa) gömrük ödənişlərindən azad edilməklə, şəxsi istifadə üçün nəzərdə tutulan malları gömrük ərazisinə gətirə bilərlər.

309.2. Bu Məcəllənin 309.1-ci maddəsi saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 232.2-ci maddəsinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir.

 

Maddə 310. Xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyətinin üzvləri üçün nəzərdə tutulan gömrük güzəştlərinin inzibati-texniki və xidmətçi heyətin əməkdaşlarına şamil edilməsi

 

Xarici dövlətlərlə bağlanılan beynəlxalq müqavilələr əsasında bu Məcəllədə xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyəti üçün nəzərdə tutulan güzəştlər, hər bir dövlətlə qarşılıqlı olmaq şərti ilə, bu nümayəndəliklərin Azərbaycan Respublikasının vətəndaşı olmayan və ya daimi olaraq Azərbaycan Respublikasında yaşamayan inzibati-texniki və xidmətçi heyətinin əməkdaşlarına və onların ailə üzvlərinə də şamil edilə bilər.

 

Maddə 311. Xarici dövlətlərin konsulluq nümayəndəlikləri və onların heyət üzvləri üçün gömrük güzəştləri

 

311.1. Xarici dövlətlərin konsulluq nümayəndəliklərinə, onların başçılarına, digər vəzifəli şəxslərinə və qulluqçularına, habelə göstərilən şəxslərin ailə üzvlərinə (həmin əməkdaşlar və onların ailə üzvləri Azərbaycan Respublikasının vətəndaşı deyilsə və ya Azərbaycan Respublikasında daimi yaşamırlarsa) xarici dövlətlərin diplomatik nümayəndəlikləri və ya diplomatik nümayəndəliyin müvafiq heyəti üçün bu Məcəllədə nəzərdə tutulmuş qaydada gömrük ödənişlərinə dair güzəştlər tətbiq edilir.

311.2. Xarici dövlətlərlə bağlanılan beynəlxalq müqavilələr əsasında bu Məcəllədə xarici dövlətlərin nümayəndəliklərinin diplomatik heyəti üçün nəzərdə tutulan güzəştlər, hər bir dövlətlə qarşılıqlı olmaq şərti ilə, konsulluq nümayəndəliklərinin Azərbaycan Respublikasının vətəndaşı olmayan və ya daimi olaraq Azərbaycan Respublikasında yaşamayan xidmətçi heyət işçilərinə və onların ailə üzvlərinə də şamil edilə bilər.

 

Maddə 312. Xarici dövlətlərin diplomatik poçtunun və konsul valizinin (çantasının) gömrük sərhədindən keçirilməsi

 

312.1. Gömrük sərhədindən keçirilən xarici dövlətlərin diplomatik poçtunu və konsul valizini (çantasını) açmaq və gecikdirmək olmaz.

312.2. Konsul valizində bu Məcəllənin 312.4-cü maddəsində göstərilməyən əşyaların mövcudluğu haqqında kifayət qədər əsas olduqda, gömrük orqanlarının vəzifəli şəxsləri xarici dövlətin səlahiyyətli şəxsləri tərəfindən konsul valizinin açılmasını tələb edirlər. Bu tələbin yerinə yetirilməsindən imtina edildikdə, konsul valizi açılmadan geri qaytarılır.

312.3. Diplomatik poçt və konsul valizi olan bütün yerlərdə onların xarakterini əks etdirən, görünən xarici nişanlar olmalıdır.

312.4. Diplomatik poçt yalnız rəsmi istifadə üçün nəzərdə tutulan diplomatik sənədlərdən və mallardan, konsul valizi isə yalnız rəsmi yazışma və sənədlərdən, yaxud yalnız rəsmi istifadə üçün nəzərdə tutulmuş mallardan ibarət ola bilər.

 

Maddə 313. Xarici dövlətlərin diplomatik və konsulluq kuryerləri üçün gömrük güzəştləri

 

313.1. Xarici dövlətlərin diplomatik və konsulluq kuryerləri gömrük baxışından və gömrük ödənişlərindən qarşılıqlı azadolunma əsasında şəxsi istifadə üçün olan malları gömrük ərazisinə gətirə və bu ərazidən apara bilərlər.

313.2. Bu Məcəllənin 313.1-ci maddəsi saxlanca görə ödənişlərə, habelə bu Məcəllənin 232.2-ci maddəsinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin gömrük orqanlarının iş vaxtından kənar saatlarda və iş yerindən kənarda gömrük nəzarətinin həyata keçirilməsinə görə aldığı gömrük ödənişlərinə şamil edilmir.

 

Maddə 314. Xarici dövlətlərin nümayəndələri və nümayəndə heyəti üzvləri üçün gömrük güzəştləri

 

Dövlətlərarası danışıqlarda, beynəlxalq konfranslarda, seminarlarda, müşavirələrdə iştirak etmək üçün və ya digər rəsmi tapşırıqla Azərbaycan Respublikasına gələn xarici dövlətlərin nümayəndələrinə, parlament və hökumət nümayəndə heyətlərinin üzvlərinə, həmçinin qarşılılıq prinsipi əsasında xarici dövlətlərin nümayəndə heyətinin əməkdaşlarına bu Məcəllədə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri tətbiq edilir. Bu güzəştlər həmin şəxsləri müşayiət edən ailə üzvlərinə də şamil olunur.

 

Maddə 315. Gömrük ərazisindən tranzitlə keçən xarici dövlətlərin diplomatik heyət üzvləri, konsulluqlarının vəzifəli şəxsləri və onların ailə üzvləri üçün gömrük güzəştləri

 

Gömrük ərazisindən tranzitlə keçən xarici dövlətlərin diplomatik heyət üzvlərinə, konsulluqlarının vəzifəli şəxslərinə, həmin şəxslərin ailə üzvlərinə, habelə bu Məcəllənin 314-ci maddəsində göstərilən şəxslərə xarici dövlətlərin diplomatik nümayəndəliklərinin heyət üzvləri üçün nəzərdə tutulan gömrük güzəştləri tətbiq edilir.

 

Maddə 316. Dövlətlərarası və hökumətlərarası beynəlxalq təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə bu təşkilat və nümayəndəliklərin əməkdaşları üçün gömrük güzəştləri

 

Beynəlxalq dövlətlərarası və hökumətlərarası təşkilatlar, onların nəzdindəki xarici dövlət nümayəndəlikləri, habelə bu təşkilatların və nümayəndəliklərin əməkdaşları və onların ailə üzvləri üçün gömrük güzəştləri müvafiq beynəlxalq müqavilələrlə müəyyən edilir.

 

 

XIX BÖLMƏ

XARİCİ TİCARƏTİN GÖMRÜK STATİSTİKASININ VƏ MAL NOMENKLATURASININ APARILMASI

 

FƏSİL 54

GÖMRÜK STATİSTİKASININ APARILMASI

 

Maddə 317. Xarici ticarətin gömrük statistikası

 

317.1. Gömrük orqanları Azərbaycan Respublikasında xarici ticarətin cari vəziyyətini, dinamikasını, inkişaf meyllərini və perspektivlərini təhlil etmək, gömrük ödənişlərinin dövlət büdcəsinə daxil olmasına nəzarəti, valyuta və ixrac nəzarətini həyata keçirmək məqsədi ilə malların gömrük sərhədindən keçirilməsi barədə məlumatların toplanması, təhlili, elektron üsullarla işlənməsi yolu ilə xarici ticarətin gömrük statistikasını aparırlar.

317.2. Azərbaycan Respublikasında xarici ticarətin gömrük statistikasının məlumatları Azərbaycan Respublikasının Milli Məclisinə, Azərbaycan Respublikasının Mərkəzi Bankına və müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunur.

317.3. Xarici ticarətin gömrük statistikası bu Məcəlləyə və rəsmi statistika haqqında qanunvericiliyə uyğun olaraq, xarici ticarət əlaqələri barədə məlumatların müqayisəliliyini təmin edən metodologiya əsasında aparılmalıdır.

317.4. Müvafiq icra hakimiyyəti orqanı beynəlxalq müqavilələr və qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ticarətin gömrük statistikasının məlumatlarını beynəlxalq təşkilatlara təqdim edə bilər.

317.5. Xarici ticarətin gömrük statistikası müvafiq icra hakimiyyəti orqanı tərəfindən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və müddətdə nəşr olunmalıdır.

 

Maddə 318. Xüsusi gömrük statistikası

 

318.1. Gömrük orqanları öz səlahiyyətlərini həyata keçirməsini təmin etmək məqsədilə xüsusi gömrük statistikasını aparırlar.

318.2. Xüsusi gömrük statistikasının aparılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

318.3. Xüsusi gömrük statistikasının məlumatları gömrük orqanları tərəfindən yalnız gömrük məqsədləri üçün istifadə olunur.

 

 

FƏSİL 55

XARİCİ İQTİSADİ FƏALİYYƏTİN MAL NOMENKLATURASININ APARILMASI

 

Maddə 319. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası

 

319.1. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturası - malların qrupunu, mövqeyini, yardımçı mövqeyini, alt yardımçı mövqeyini rəqəm işarəsi və ya rəqəm işarələri qrupu (kodlar) şəklində özündə birləşdirən təsnifatdır.

319.2. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının şərh etmə qaydaları və istənilən təsnifatlandırma səviyyəsindəki mövqelərə dair şərhlər (qeydlər) xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının ayrılmaz hissəsidir.

319.3. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasından tarif və qeyri-tarif tədbirlərinin tətbiqi və xarici ticarətin gömrük statistikasının aparılması üçün istifadə edilir.

319.4. Azərbaycan Respublikasında istifadə edilən xarici iqtisadi fəaliyyətin mal nomenklaturası Ümumdünya Gömrük Təşkilatının malların təfsiri və kodlaşdırılmasının Harmonikləşdirilmiş Sisteminə, Avropa Birliyinin Kombinə Edilmiş Sisteminə və Müstəqil Dövlətlər Birliyinin xarici iqtisadi fəaliyyətin vahid mal nomenklaturasına uyğun olmalıdır.

319.5. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.

 

Maddə 320. Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması

 

320.0. Müvafiq icra hakimiyyəti orqanı xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması ilə əlaqədar:

320.0.1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarına edilən dəyişikliklərin və əlavələrin, bu əsasların təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların izlənməsini və gömrük işində operativ tətbiqini” təmin edir;[55]

320.0.2. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının onun beynəlxalq əsaslarına uyğunlaşdırılması üzrə təkliflər hazırlayır;

320.0.3. müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının işlənib hazırlanması, ona dəyişikliklər və əlavələr olunması barədə təkliflərin hazırlanmasını təmin edir;

320.0.4. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının beynəlxalq əsaslarının hazırlanması, ona dəyişikliklər və əlavələr edilməsi, onun təfsiri və tətbiqi üzrə məsələlərlə məşğul olan beynəlxalq təşkilatlarda Azərbaycan Respublikasını təmsil edir;

320.0.5. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının nəşrini təmin edir;

320.0.6. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının, onun beynəlxalq əsaslarının təfsiri üzrə beynəlxalq şərhlərin (qeydlərin) və qərarların nəşrini təmin edir;

320.0.7. müvafiq icra hakimiyyəti orqanlarını xarici iqtisadi fəaliyyətin mal nomenklaturası və onun təfsiri üzrə beynəlxalq izah və qərarlarla təmin edir;

320.0.7-1. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında malların növlərə görə ətraflı təsvir edilməsini təmin edir;[56]

320.0.8. xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması üzrə digər funksiyaların yerinə yetirilməsini təmin edir.

 

Maddə 321. Malların təsnifatı

 

321.1. Mallar bəyan edilərkən malların təsnifatı aparılır, yəni malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasında kodu (kodları) müəyyən olunur.

321.2. Maraqlı şəxslərin müraciəti olduqda, gömrük orqanları bu Məcəllənin 50-ci maddəsinə əsasən malların təsnifatına dair icrası məcburi qərarları əvvəlcədən qəbul edirlər.

321.3. Bəyan edilən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası üzrə kodu bəyannaməçi tərəfindən düzgün göstərilmədikdə, gömrük orqanları həmin malları sərbəst təsnifatlandırma hüququna malikdirlər.

321.4. Malların təsnifatını apararkən, gömrük orqanları xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olan malların kodlarından istifadə edirlər. Malı müşayiət edən sənədlərdə göstərilən məlumatlar, habelə ekspertiza fəaliyyətini həyata keçirən müəssisələr tərəfindən verilən ekspertiza aktları, arayışlar, rəylər yardımçı informasiya xarakteri daşıyır və malların təsnifatı zamanı nəzərə alınır.

321.5. Gömrük orqanlarının malların təsnifatı haqqında qərarları məcburi xarakter daşıyır. Bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər həmin qərardan bu Məcəllənin 10-cu fəslində müəyyən edilmiş qaydada şikayət verə bilər.

 

 

XX BÖLMƏ

GÖMRÜK EKSPERTİZASI

 

FƏSİL 56

GÖMRÜK EKSPERTİZASININ APARILMASI

 

Maddə 322. Gömrük ekspertizasının məqsədi və aparılması qaydaları

 

322.1. Gömrük ekspertizasının aparılmasının məqsədi aşağıdakılardan ibarətdir:

322.1.1. malların tərkibinin və texniki göstəricilərinin müəyyən edilməsi;

322.1.2. malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin, təsnifat kodunun müəyyən edilməsi və eyniləşdirilməsi;

322.1.3. malların mənşə ölkəsinin, emal prosesində hasilat normalarının, istehsal tarixinin və keyfiyyətinin müəyyən edilməsi;

322.1.4. ixrac nəzarətinə düşən malların ikili təyinatlı olmasının yoxlanılması;

322.1.5. malların kimyəvi və mineraloji tərkibinin müəyyən edilməsi;

322.1.6. ekoloji baxımdan təhlükəli, tərkibində ozondağıdıcı maddələr olan malların və tullantıların müəyyən edilməsi;

322.1.7. radiasiya təhlükəsi olan malların müəyyən edilməsi;

322.1.8. malların gömrük dəyərinin təyin olunması;

322.1.9. malların tarixi və sənətşünaslıq baxımından dəyərliliyinin müəyyən edilməsi.

322.2. Gömrük ekspertizası mallar üzərində gömrük nəzarəti həyata keçirilərkən və onların gömrük rəsmiləşdirilməsi aparılarkən, habelə malların təsnifatı ilə bağlı məcburi qərarların qəbul edilərkən, bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlərin müəyyənləşdirilməsi üçün xüsusi biliklər tələb olunduğu hallarda aparılır.

322.3. Gömrük ekspertizası şəxsin bununla əlaqədar müraciəti olduqda da aparılır.

322.4. Gömrük ekspertizası gömrük laboratoriyalarının ekspertləri və müqavilə əsasında cəlb edilmiş digər ekspertlər tərəfindən aparılır.

322.5. Gömrük ekspertizası gömrük orqanlarının malların ekspertizaya göndərilməsi haqqında sənədi (göndərişi) və ya şəxslərin müraciəti əsasında, gömrük nəzarəti və gömrük rəsmiləşdirilməsi, yaxud məcburi qərarın qəbul edildiyi mərhələdə başlanır.

322.6. Mürəkkəb ekspert tədqiqatlarının aparılması tələb olunduqda, gömrük laboratoriyasının rəhbərinin qərarı əsasında eyni ixtisaslı bir neçə ekspertə həvalə olunmaqla komisyon ekspertiza keçirilir.

322.7. Bu Məcəllənin 322.1-ci maddəsində göstərilənlər müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla müəyyən edilə bildikdə, kompleks ekspertiza keçirilir.

322.8. Malların gömrük ekspertizasına göndərilməsi barədə gömrük orqanlarının sənədində (göndərişində) aşağıdakılar göstərilməlidir:

322.8.1. gömrük ekspertizasının aparılmasının məqsədləri;

322.8.2. gömrük ekspertizasının aparılacağı gömrük laboratoriyasının adı;

322.8.3. ekspertin qarşısında qoyulmuş suallar;

322.8.4. ekspertə təqdim olunmuş materialların və sənədlərin siyahısı;

322.8.5. bilə-bilə yalan rəy verməsinə görə ekspertin məsuliyyəti haqqında xəbərdarlıq.

322.9. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə malların gömrük ekspertizasına göndərilməsi barədə yazılı bildiriş göndərir. Bildirişdə həmin şəxslərin hüquq və vəzifələri izah olunur. Gömrük orqanının vəzifəli şəxsi bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və ya onların nümayəndələrinə hüquq və vəzifələrinin izah olunması barədə qərarda müvafiq qeyd aparır.

322.10. Gömrük nəzarəti və rəsmiləşdirilməsi ilə əlaqədar olaraq bəyannaməçinin, mallar barəsində səlahiyyəti olan şəxslərin və ya onların nümayəndələrinin təşəbbüsü ilə malların gömrük ekspertizasının aparılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə həmin şəxslər tərəfindən gömrük yığımı ödənilir.

322.11. Gömrük orqanlarının təşəbbüsü ilə keçirilən gömrük ekspertizalarının aparılması ilə bağlı xərclər dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

322.12. Tədqiqat obyektinin gömrük laboratoriyasına gətirilməsi mümkün olmadığı hallar istisna olmaqla, gömrük ekspertizası gömrük laboratoriyasının binasında aparılır. Ekspert gömrük ekspertizasının aparılmasına yalnız gömrük laboratoriyasının rəhbərinin yazılı göstərişi əsasında başlaya bilər.

322.13. Gömrük ekspertizasının nəticələrinə dair ekspert tərəfindən rəy verilir.

322.14. Gömrük ekspertizası aparılarkən mallardan prob və nümunələr bu Məcəllənin 158-ci maddəsinə uyğun olaraq götürülür.

322.15. Gömrük ekspertizasının aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 323. Ekspertin hüquqları və vəzifələri

 

323.1. Ekspert aşağıdakı hüquqlara malikdir:

323.1.1. tədqiqat obyektinə aid materiallar və sənədlərlə tanış olmaq;

323.1.2. gömrük ekspertizasını aparmaq üçün zəruri olan əlavə materiallar və sənədlər tələb etmək;

323.1.3. tədqiqat obyektinə aid məlumatların aydınlaşdırılması üçün gömrük orqanlarının vəzifəli şəxslərinə, bəyannaməçiyə, mallar barədə səlahiyyəti olan digər şəxslərə və onların nümayəndələrinə suallar vermək;

323.1.4. qoyulmuş suallardan əlavə tədqiqat obyektinə aid olan və iş üçün əhəmiyyətli hesab etdiyi digər halları öz rəyində göstərmək;

323.1.5. səlahiyyətlərinə aid olmayan sualları cavablandırmaqdan imtina etmək;[57]

323.1.6. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizanı aparmaqdan imtina etmək;

323.1.7. gömrük orqanlarının icazəsi ilə gömrük nəzarətinin həyata keçirilməsində iştirak etmək.

323.2. Ekspertin vəzifələri aşağıdakılardır:

323.2.1. şəxslərə gömrük ekspertizasına dair məsləhətlər vermək;

323.2.2. gömrük ekspertizasına təqdim olunmuş mallardan götürülmüş prob və nümunələrin tədqiqatını aparmaq və onun nəticəsini tam, hərtərəfli və qərəzsiz qiymətləndirməklə rəy təqdim etmək;

323.2.3. təqdim olunan materiallar və sənədlər əsasında rəy vermək mümkün olmadıqda, gömrük ekspertizasını təyin etmiş gömrük orqanına, yaxud bununla əlaqədar müraciət etmiş şəxsə səbəbləri göstərilməklə, yazılı məlumat vermək;

323.2.4. gömrük ekspertizasının aparılması üçün gömrük orqanlarından və digər şəxslərdən aldığı, habelə əldə etdiyi nəticələr barədə məlumatları yaymamaq.

323.2-1. Ekspert qarşısında qoyulan suallar onun xüsusi biliyindən kənara çıxdıqda, yaxud təqdim olunan materiallar və sənədlər rəy verilməsi üçün yararsız olduqda və ya kifayət qədər olmadıqda, ekspert rəy verməkdən imtina edir.[58]

323.3. Ekspert öz vəzifələrini müəyyən olunmuş qaydada yerinə yetirməməsinə, eləcə də bilə-bilə yalan rəy verməsinə görə qanunla müəyyən olunmuş məsuliyyət daşıyır.

 

Maddə 324. Gömrük ekspertizasının aparılarılması zamanı bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və ya onların nümayəndələrinin hüquqları

 

324.1. Gömrük ekspertizasının aparılması zamanı bəyannaməçi, mallar barədə səlahiyyəti olan digər şəxslər və ya onların nümayəndələri aşağıdakı hüquqlara malikdirlər:

324.1.1. ekspertə əsaslandırılmış etiraz etmək;

324.1.2. konkret ekspertin təyin olunması barədə vəsatət vermək;

324.1.3. ekspert qarşısında əlavə sualların qoyulması və onlara dair rəy alınması barədə vəsatət vermək;

324.1.4. ekspertizanın aparılmasında iştirak etmək və ekspertə izahatlar vermək;

324.1.5. mallardan prob və nümunələr götürmək;

324.1.6. ekspertin rəyi, yaxud onun rəy verə bilməməsi barədə məlumatı ilə tanış olmaq və həmin rəyin və ya məlumatın surətini almaq;

324.1.7. əlavə və ya təkrar ekspertizanın aparılması barədə vəsatət vermək.

324.2. Bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin və onların nümayəndələrinin vəsatəti təmin olunduqda, gömrük orqanının ekspertiza təyin etmiş vəzifəli şəxsi müvafiq qərar qəbul edir. Vəsatətin təmin olunmasından imtina olunduqda, gömrük orqanının vəzifəli şəxsi imtina haqqında əsaslandırılmış qərarı barədə vəsatət verənə yazılı məlumat verməlidir.

 

Maddə 325. Ekspert rəyi

 

325.1. Aparılmış tədqiqatlar əsasında və onların nəticələrini nəzərə almaqla, ekspert öz adından yazılı formada rəy verir.

325.2. Ekspertin rəyində tədqiqatın aparılmasının məqsədi, vaxtı, yeri, tədqiqat obyekti, tədqiqatın kim tərəfindən və hansı əsasda aparıldığı, ekspertin qarşısında qoyulmuş suallar, ekspertə təqdim edilmiş materialların və sənədlərin siyahısı, tətbiq olunmuş metodlar göstərilməklə tədqiqatın məzmunu, nəticəsi və onun qiymətləndirilməsi, qoyulmuş suallara dair əsaslandırılmış cavablar əks olunmalıdır.

325.3. Bu Məcəllənin 322.6-cı maddəsində nəzərdə tutulan komisyon ekspertizanın aparılması zamanı ekspertlər arasında fikir ayrılığı yaranarsa, hər bir ekspert ayrıca rəy təqdim etmək hüququna malikdir.

325.4. Bu Məcəllənin 322.7-ci maddəsində nəzərdə tutulan kompleks ekspertiza aparıldıqda hər bir ekspert rəyin ona aid olan hissəsini imzalayır.

 

Maddə 326. Əlavə və təkrar gömrük ekspertizası

 

326.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat obyektinə dair əlavə suallar yarandıqda, həmin ekspertə və ya başqa ekspertə həvalə edilməklə, əlavə ekspertiza təyin olunur.

326.2. Ekspertin rəyinin əsaslandırılmadığı və ya onun düzgünlüyünə gömrük orqanlarında şübhə yarandığı hallarda, yaxud bəyannaməçinin, mallar barədə səlahiyyəti olan digər şəxslərin şikayəti əsasında, keçirilməsi başqa ekspertə tapşırılmaqla, təkrar gömrük ekspertizası təyin olunur.

 

 

XXI BÖLMƏ

MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNMASI

 

FƏSİL 57

MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ

 

Maddə 327. Malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi

 

327.1. Gömrük işi sahəsində cinayət işləri və digər hüquqpozmalar üzrə məhkəmənin qüvvəyə minmiş qərarına əsasən müsadirə edilmiş, habelə şəxsin dövlətin xeyrinə imtina etdiyi mallar və nəqliyyat vasitələri dövlət mülkiyyətinə keçirilir.

327.2. Bu Məcəllənin 327.1-ci maddəsində göstərilən malların və nəqliyyat vasitələrinin dövlət mülkiyyətinə keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

 

Maddə 328. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi qaydaları

 

328.1. Dövlət mülkiyyətinə keçirilmiş mallar və nəqliyyat vasitələri açıq gömrük hərraclarında satılır.

328.2. Gömrük hərraclarında iştiraka görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə haqq alınır. Gömrük hərraclarında satışa çıxarılan mallar və nəqliyyat vasitələrinin ilkin qiyməti sərbəst (bazar) qiymətləri əsasında müəyyən edilir.

328.3. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin daşınması, saxlancı və satışı ilə bağlı xərclər onların satışından əldə edilən məbləğ hesabına ödənilir.

328.4. Gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların işçiləri, həmçinin onların ailə üzvləri dövlət mülkiyyətinə keçirilmiş malları və nəqliyyat vasitələrini birbaşa, yaxud dolayısı ilə (digər şəxslər vasitəsilə) ala bilməzlər.

328.5. Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satılması qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 329. Çatışmayan məbləğin tutulması

 

Dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin gömrük hərraclarında satışından əldə edilən vəsait gömrük orqanlarının xərclərini ödəmək üçün kifayət etmədikdə, çatışmayan məbləğ bu Məcəllənin 245-ci maddəsində göstərilən, gömrük ödənişlərinin ödənilməsinə görə məsul şəxslərdən tutulur.

 

Maddə 330. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, satılmayan, tez xarab olan, həmçinin saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi

 

330.1. Mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış malların siyahısı müvafiq qanunla, tez xarab olan malların siyahısı isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

330.2. Dövlət mülkiyyətinə keçirilmiş və gömrük hərraclarında satılmamış qalan, yaxud mülki dövriyyədə olmasına yol verilməyən və mülki dövriyyəsi məhdudlaşdırılmış mallar, həmçinin tez xarab olan və saxlanc müddəti keçmiş mallar barəsində sərəncam verilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

Maddə 331. Malların məhvi

 

331.1. Gömrük orqanlarına təqdim edilmiş mallar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada məhv edilə bilər.

331.2. Malların məhvi və yaranan tullantıların zərərsizləşdirilməsi gömrük nəzarəti altında və onların sahibinin vəsaiti hesabına yerinə yetirilir.

331.3. Məhv edilən xarici mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

331.4. Malların məhvi nəticəsində yaranan tullantılar və ya qalıqlar daxili bazarda istifadə edildikdə və ya sonradan ixrac edildikdə, onlara gömrük rüsumları və vergilər tətbiq olunur.

 

Maddə 332. Mallardan dövlətin xeyrinə imtina

 

332.1. Xarici mallardan və son istifadə xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallardan prosedur sahibi, yaxud malın sahibi tərəfindən dövlətin xeyrinə imtina edilə bilər.

332.2. Mallardan dövlətin xeyrinə imtina edilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, gömrük orqanının icazəsi ilə həyata keçirilir.

332.3. Mallardan dövlətin xeyrinə imtina edilməsi dövlət tərəfindən hər hansı bir xərcin çəkilməsinə səbəb olmamalıdır.

332.4. Dövlətin xeyrinə imtina edilmiş mallara görə gömrük rüsumları, vergilər alınmır, habelə ticarət siyasəti tədbirləri tətbiq olunmur.

 

FƏSİL 58

BU MƏCƏLLƏYƏ MÜVAFİQ OLARAQ ƏLDƏ EDİLMİŞ VƏSAİTDƏN İSTİFADƏ

 

Maddə 333. Gömrük orqanları tərəfindən alınan gömrük rüsumlarının, dövlət rüsumunun, əlavə dəyər vergisinin, yol vergisinin və aksizlərin dövlət büdcəsinə köçürülməsi

 

Gömrük orqanları tərəfindən alınan gömrük rüsumları, dövlət rüsumu, əlavə dəyər vergisi, yol vergisi və aksizlər bu Məcəllədə və müvafiq qanunvericiliklə müəyyən ölünmüş qaydada dövlət büdcəsinə köçürülür.

 

Maddə 334. Digər vəsaitlər[59]

 

334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin (bundan sonra – vəsait) 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və aşağıdakı məqsədlərə sərf edilir:

334.1.1. müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə;

334.1.2. dövlət büdcəsinə köçürülməklə müvafiq icra hakimiyyəti orqanının xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsinə;

334.1.3. gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə.

334.2. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin 7 faizi dövlət büdcəsinə köçürülür.

334.3. Bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş vəsaitin bölgüsü və ondan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

 

 


 

MÜNDƏRİCAT

 

ÜMUMİ HİSSƏ

 

I BÖLMƏ

ÜMUMİ MÜDDƏALAR

 

FƏSİL   1

Əsas müddəalar

1

FƏSİL   2

Gömrük orqanlarının hüquq mühafizə fəaliyyəti

13 

 

II BÖLMƏ

GÖMRÜK ORQANLARININ BAŞQA ŞƏXSLƏRLƏ MÜNASİBƏTLƏRİ

 

FƏSİL   3

Gömrük təmsilçiliyi

14

FƏSİL   4

Gömrük daşıyıcısı

16

FƏSİL   5

Səlahiyyətli iqtisadi operatorlar

17

 

III BÖLMƏ

GÖMRÜK İŞİNDƏ İNFORMASİYA SİSTEMLƏRİ VƏ İNFORMASİYA TEXNOLOGİYALARI

 

FƏSİL   6

Gömrük işində informasiya sistemlərinin və informasiya texnologiyalarının tətbiqi

 

18

FƏSİL   7

Gömrük işinə dair məlumatların mübadiləsi və mühafizəsi

19

FƏSİL   8

Gömrük orqanlarının elektron məlumat sistemi

22

 

IV BÖLMƏ

GÖMRÜK ORQANLARININ QƏRARLARI VƏ ONLARDAN ŞİKAYƏTVERMƏ

 

FƏSİL   9

Gömrük orqanlarının qərarları

24

FƏSİL  10

Gömrük orqanlarının, onların vəzifəli şəxslərinin qərarlarından, hərəkətlərindən və ya hərəkətsizliyindən şikayətvermə

 

26

 

V BÖLMƏ

GÖMRÜK ORQANLARININ VƏZİFƏLİ ŞƏXSLƏRİ

 

FƏSİL  11

Gömrük orqanlarının vəzifəli şəxslərinin hüquqi statusu, dövlət və sosial müdafiəsi

 

27

FƏSİL 12

Gömrük orqanlarının vəzifəli şəxslərinin səlahiyyətləri

28

 

XÜSUSİ HİSSƏ

 

VI BÖLMƏ

GÖMRÜK NƏZARƏTİ

 

FƏSİL  13

Gömrük nəzarətinin həyata keçirilməsi

39

FƏSİL 14

Gömrük nəzarətinin təşkili

44

FƏSİL 15

Risklərin  idarə edilməsi

50

 

VII BÖLMƏ

GÖMRÜK RƏSMİLƏŞDİRİLMƏSİ

 

FƏSİL 16

Gömrük rəsmiləşdirilməsinə dair əsas müddəalar

51

 

VIII BÖLMƏ

MALLARIN GÖMRÜK ƏRAZİSİNƏ GƏTİRİLMƏSİ VƏ BU ƏRAZİDƏN APARILMASI

 

FƏSİL 17

Malların gömrük ərazisinə gətirilməsi

  54

FƏSİL 18

Malların gömrük ərazisindən aparılması

59

FƏSİL 19

İxrac, təkrar ixrac və müvəqqəti ixrac

60

 

 

 

 

IX BÖLMƏ

NƏQLİYYAT VASİTƏLƏRİNİN VƏ ŞƏXSLƏRİN GÖMRÜK ƏRAZİSİNƏ DAXİL OLMASI VƏ BU ƏRAZİDƏN YOLA DÜŞMƏSİ

 

 

FƏSİL  20

Nəqliyyat vasitələrinin gömrük ərazisinə daxil olması

63

FƏSİL  21

Nəqliyyat vasitələrinin gömrük ərazisindən yola düşməsi

65 

FƏSİL  22

Şəxslərin gömrük ərazisinə daxil olması və bu ərazidən yola düşməsi

 

67

 

X BÖLMƏ

GÖMRÜK PROSEDURLARINA DAİR ÜMUMİ QAYDALAR

 

FƏSİL 23

Bəyanetmə və gömrük bəyannaməsi

68

FƏSİL 24

Gömrük bəyannaməsində göstərilən məlumatların, onunla birgə təqdim edilən sənədlərin və malların yoxlanılması

 

73

FƏSİL 25

Buraxılış

76

FƏSİL 26

Sərbəst dövriyyə üçün buraxılış

77

FƏSİL 27

Təkrar idxal

77

 

XI BÖLMƏ

XÜSUSİ GÖMRÜK PROSEDURLARI

 

FƏSİL 28

Ümumi müddəalar

78

FƏSİL 29

Tranzit

81

FƏSİL 30

Saxlanc

82

FƏSİL 31

Sərbəst zona

85

FƏSİL 32

Xüsusi istifadə

87

FƏSİL 33

Emal

89

 

XII BÖLMƏ

MALLARIN KABOTAJ DAŞINMASI, QADAĞALAR VƏ MƏHDUDİYYƏTLƏR

 

FƏSİL 34

Malların kabotaj daşınması

92

FƏSİL 35

Gömrük təminatları

93

FƏSİL 36

Təhlükəsiz ixrac sxemi

94

FƏSİL 37

Malların gömrük ərazisinə gətirilməsinin, bu ərazidən aparılmasının qadağan edilməsi və məhdudlaşdırılması

 

96

FƏSİL 38

Gömrük sərhədindən keçirilən malların nəzarətli göndərişi

97

 

XIII BÖLMƏ

GÖMRÜK  RÜSUMLARININ VƏ MALLARLA TİCARƏTDƏ DİGƏR TƏDBİRLƏRİN TƏTBİQİNİ ƏSASLANDIRAN AMİLLƏR

 

FƏSİL 39

Gömrük tarifi və malların tarif təsnifatı

98

FƏSİL 40

Malların gömrük dəyəri

99            

FƏSİL 41

Malların mənşəyi

100

 

XIV BÖLMƏ

GÖMRÜK ÖDƏNİŞLƏRİ, GÖMRÜK BORCU VƏ TƏMİNAT

 

FƏSİL 42

Əsas müddəalar

101

FƏSİL 43     

Malların idxalı və ixracı üzrə yaranmış gömrük borclarına dair ümumi müddəalar

 

104

FƏSİL 44    

Gömrük borcunun hesablanması və ödənilməsi

107

FƏSİL 45     

Mövcud və yarana biləcək gömrük borcu üçün təminat

111

FƏSİL 46

Gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması və gömrük borcunun ləğvi

 

115

 

XV BÖLMƏ

GÖMRÜK NƏZARƏTİNƏ DAİR ƏLAVƏ MÜDDƏALAR

 

FƏSİL 47

Gömrük orqanları tərəfindən valyuta nəzarətinin həyata keçirilməsi

 

117

FƏSİL 48

Gömrük orqanları tərəfindən ixrac nəzarətinin həyata keçirilməsi

 

118

FƏSİL 49

Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan mallar üzərində gömrük nəzarəti

 

118

 

XVI BÖLMƏ

MALLARIN GÖMRÜK SƏRHƏDİNDƏN BEYNƏLXALQ POÇT GÖNDƏRİŞLƏRİ, BORU KƏMƏRİ VƏ ELEKTRİKÖTÜRÜCÜ XƏTLƏR VASİTƏSİLƏ KEÇİRİLMƏSİ

 

FƏSİL 50

Malların gömrük sərhədindən beynəlxalq poçt göndərişləri vasitəsilə keçirilməsi

 

123

FƏSİL 51  

Malların gömrük sərhədindən boru kəməri və elektrikötürücü xətlər vasitəsilə keçirilməsi

 

125

 

XVII BÖLMƏ

FİZİKİ ŞƏXSLƏR TƏRƏFİNDƏN MALLARIN VƏ NƏQLİYYAT VASİTƏLƏRİNİN GÖMRÜK SƏRHƏDİNDƏN KEÇİRİLMƏSİ

 

FƏSİL  52

Fiziki şəxslər tərəfindən malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinin xüsusiyyətləri

 

127

 

XVIII BÖLMƏ

QEYRİ-REZİDENTLƏRİN AYRI-AYRI KATEQORİYALARI ÜÇÜN GÖMRÜK GÜZƏŞTLƏRİ

 

FƏSİL  53

Xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün gömrük güzəştləri

 

131

 

XIX BÖLMƏ

XARİCİ TİCARƏTİN GÖMRÜK STATİSTİKASININ VƏ MAL NOMENKLATURASININ APARILMASI

 

FƏSİL  54

Gömrük statistikasının aparılması

134

FƏSİL  55

Xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının aparılması

135

 

XX BÖLMƏ

GÖMRÜK EKSPERTİZASI

 

FƏSİL 56

Gömrük ekspertizasının aparılması

137

 

XXI BÖLMƏ

MALLAR VƏ NƏQLİYYAT VASİTƏLƏRİ BARƏSİNDƏ SƏRƏNCAM VERİLMƏSİ VƏ ƏLDƏ EDİLƏN VƏSAİTLƏRDƏN İSTİFADƏ OLUNMASI

 

FƏSİL 57

Mallar və nəqliyyat vasitələri barəsində sərəncam verilməsi

140

FƏSİL 58

Bu Məcəlləyə müvafiq olaraq əldə edilmiş vəsaitdən istifadə

142

 

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, ¹ 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1155)

2.       28 oktyabr 2014-cü il tarixli 1094-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1368)

3.       28 oktyabr 2016-cı il tarixli 380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1791)

4.       1 fevral 2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, ¹ 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 339)

5.       25 aprel 2017-ci il tarixli 646-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2017-ci il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1510)

6.       13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303)

7.       29 dekabr 2017-ci il tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 30)

8.       30 oktyabr 2018-ci il tarixli 1294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2211)

9.       28 dekabr 2018-ci il tarixli 1413-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23)

10.    28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2521)

11.    3 may 2019-cu il tarixli 1584-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 814)

12.    12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, ¹ 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə 1383)

13.    1 may 2020-ci il tarixli 72-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə 522)

14.    19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2020-ci il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 832)

15.    18 dekabr 2020-ci il tarixli 220-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1438)

16.    29 oktyabr 2021-ci il tarixli 390-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2021-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 11, maddə 1204)

17.    3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1315)

18.    9 dekabr 2022-ci il tarixli 678-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1386)

19.    27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 33)

20.    30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 20 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210)

21.    24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 3, maddə 335)

22.    24 iyun 2023-cü il tarixli 930-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 iyul 2023-cü il, “Azərbaycan” qəzeti 28 iyul 2023-cü il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7, maddə 908)

 

MƏCƏLLƏYƏ EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 1 fevral 2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, ¹ 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 339) ilə 4.1-ci maddəyə “Qanunundan,” sözündən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının Qanunundan,” sözləri əlavə edilmişdir.

 

[2] 28 dekabr 2018-ci il tarixli 1413-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23) ilə 4.2.5-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 4.2.6-cı maddə əlavə edilmişdir.

 

[3] 28 dekabr 2018-ci il tarixli 1413-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 yanvar 2019-cu il, ¹ 23) ilə yeni məzmunda 4.4-1-ci maddə əlavə edilmişdir.

 

[4] 24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 3, maddə 335) ilə 8.0.22-ci maddə ləğv edilmişdir.

 

[5] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, ¹ 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə 1383) ilə 9.0.5-ci maddəyə “(şəhadətnamələrini)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı” sözləri əlavə edilmişdir.

 

30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 20 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 9.0.5-ci maddədə qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatını, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarışı sözləri Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildirişi, Qida Təhlükəsizliyi Reyestrindən çıxarışı, sağlamlıq sertifikatını, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədləri sözləri ilə əvəz edilmişdir.

 

[6] 28 oktyabr 2016-cı il tarixli 380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1791) ilə yeni məzmunda 13-1-ci maddə əlavə edilmişdir.

 

[7] 28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2521) ilə 13-1.2-ci maddəyə “istifadə qaydaları” sözlərindən sonra “, o cümlədən xarici ticarət iştirakçılarının “Yaşıl dəhliz” buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası qaydası” sözləri əlavə edilmişdir.

 

[8] 3 dekabr 2021-ci il tarixli 416-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 31 dekabr 2021-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 12, maddə 1315) ilə yeni məzmunda 32-1-ci maddə əlavə edilmişdir.

 

[9] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 40.2-ci maddədə “, gömrük rəsmiləşdirilməsinə dair ərizəni” sözləri çıxarılsın və həmin maddəyə “tələb etdiyi” sözlərindən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri əlavə edilmişdir.

 

[10] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 40.3-cü maddədə “, gömrük rəsmiləşdirilməsinə dair ərizə” sözləri çıxarılsın və həmin maddəyə “tələb etdiyi” sözlərindən sonra “siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən” sözləri əlavə edilmişdir.

 

[11] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 40.4-cü maddədən “, gömrük rəsmiləşdirilməsinə dair ərizənin” sözləri çıxarılmışdır.

 

[12] 28 oktyabr 2016-cı il tarixli 380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1791) ilə 42.1-ci maddədə “mübadiləsi” sözündən sonra “, o cümlədən risk qiymətləndirilməsinin və idxalatçıların risk qrupları üzrə bölgüsünün aparılması” sözləri əlavə edilmişdir.

 

[13] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 45.2-ci, 48.1-ci, 48.3-cü, 50.1-ci maddələrin birinci cümlələrinə, 150.5-ci maddənin üçüncü cümləsinə və 210.4-cü maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri əlavə edilmişdir.

 

[14] 29 dekabr 2017-ci il tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 30) ilə 64.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

64.2. Gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən həyata keçirilən şəxsi yoxlama sanitar-gigiyenik tələblərə cavab verən təcrid olunmuş yerdə, iki hal şahidinin iştirakı ilə aparılır. Yoxlama aparılan yerə başqa fiziki şəxslərin daxil olmasına və yoxlamanı müşahidə etməsinə yol verilmir.

 

[15] 3 may 2019-cu il tarixli 1584-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 5, maddə 814) ilə 70.2-ci maddəsinə “mühasibat” sözündən sonra “uçotu” sözü əlavə edilmişdir.

 

[16] 28 oktyabr 2014-cü il tarixli 1094-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1368) ilə 73.1-ci maddədə “3 (üç)” sözləri “1(bir)” sözləri ilə əvəz edilmişdir.

 

[17] 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2020-ci il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 832) ilə 79.2-ci maddədə “qüsurları” sözü “pozuntuları” sözü ilə əvəz edilmi.dir.

 

[18] 19 may 2020-ci il tarixli 114-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 15 iyul 2020-ci il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 832) ilə 80.4-cü maddədən “və ya sağlamlıq imkanlarının məhdudluğunun” sözləri çıxarılmışdır.

 

[19] 12 iyul 2019-cu il tarixli 1662-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 avqust 2019-cu il, ¹ 181, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹8, maddə 1383) ilə 92.2.3-cü maddəyə “(şəhadətnamələrlə)” sözündən sonra “, qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə” sözləri əlavə edilmişdir.

 

30 dekabr 2022-ci il tarixli 789-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 20 fevral 2023-cü il, “Azərbaycan” qəzeti, 21 fevral 2023-cü il, ¹ 39, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 2, maddə 210) ilə 92.2.3-cü maddədə qida məhsullarına münasibətdə qida təhlükəsizliyi (sağlamlıq) sertifikatı ilə, onların istehsalçılarının qida təhlükəsizliyi qeydiyyatına alınmasına dair dövlət reyestrindən çıxarış ilə sözləri Qida təhlükəsizliyi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən tərtib edilən idxal zamanı elektron bildiriş, Qida Təhlükəsizliyi Reyestrindən çıxarış, sağlamlıq sertifikatı, qida və yem məhsullarının təhlükəsizliyini təsdiq edən sənədlərlə sözləri ilə əvəz edilmişdir.

 

[20] 28 oktyabr 2016-cı il tarixli 380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1791) ilə yeni məzmunda 93.4-cü maddə əlavə edilmişdir.

 

[21] 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, ¹ 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1155) ilə 98.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

98.4. Gömrük auditinin həyata keçirilməsinin nəticələrinə dair müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və formada akt tərtib olunur. Həmin akt, gömrük auditinin başa çatdığı gündən başlayaraq, 10 (on) gün müddətində tərtib olunur. Gömrük auditinin nəticəsinə dair tərtib olunmuş aktın bir nüsxəsi barəsində gömrük auditi aparılmış şəxsə təqdim olunur.

 

[22] 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, ¹ 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1155) ilə 98.8-ci və 98.10-cu maddələrin ikinci cümlələrinə “qərarının surəti” sözlərindən sonra “, auditin sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarış və auditi aparan şəxsin xidməti vəsiqəsi” sözləri əlavə edilmişdir.

 

[23] 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, ¹ 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1155) ilə 98.9-cu maddənin birinci cümləsi çıxarılmışdır.

 

[24] 30 sentyabr 2014-cü il tarixli 1035-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 noyabr 2014-cü il, ¹ 240, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1155) ilə 98.13-cü maddə ləğv edilmişdir.

 

[25] 29 dekabr 2017-ci il tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 30) ilə 99.2.5-ci və 99.2.6-cı maddələrə, 99.6-cı və 99.7-ci maddələrin birinci cümlələrinə ismin müvafiq hallarında “hal şahidləri” sözlərindən sonra “(yalnız hal şahidlərinin iştirak etdiyi halda)” sözləri əlavə edilmişdir.

 

[26] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 99.4-cü maddənin birinci cümləsində “axtarış” sözü “yoxlama” sözü ilə əvəz edilmişdir.

29 dekabr 2017-ci il tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 30) ilə 99.4-cü maddənin birinci cümləsi yeni redaksiyada verilmişdir və ikinci cümlə dördüncü cümlə hesab edilmişdir və yeni məzmunda ikinci və üçüncü cümlələr əlavə edilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Şəxsi yoxlama həyata keçirilərkən, həmçinin mallar və ya sənədlər götürülərkən işin nəticəsində maraqlı olmayan və yetkinlik yaşına çatmış iki hal şahidlərinin iştirakı məcburidir.

 

[27] 28 oktyabr 2016-cı il tarixli 380-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 6 dekabr 2016-cı il, ¹ 270, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11, maddə 1791) ilə yeni məzmunda 101.5-ci maddə əlavə edilmişdir.

 

[28] 28 oktyabr 2014-cü il tarixli 1094-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1368) ilə 108.2-ci maddə ləğv edilmişdir.

 

[29] 28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2521) ilə 113.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

113.1. Gömrük ərazisinə gətirilmiş mallar üzrə gömrük bəyannaməsi təqdim olunanadək qısa idxal bəyannaməsinin verildiyi halları və onun formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

 

[30] 28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2521) ilə 113.3-cü maddənin birinci cümləsi çıxarılmışdır.

 

[31] 28 dekabr 2018-ci il tarixli 1431-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 29 dekabr 2018-ci il, ¹ 295, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2521) ilə 114.2-ci maddə ləğv edilmişdir.

 

[32] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 122.3-cü maddə ləğv edilmişdir.

 

[33] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 128.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

128.1. Xarici mallar gömrük ərazisindən aparıldıqda, gömrük orqanları onların ixrac rəsmiləşdirilməsini həyata keçirir və digər səlahiyyətli gömrük orqanlarına təqdim etmək üçün təkrar ixrac bildirişi verirlər.

 

[34] 29 dekabr 2017-ci il tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 30) ilə 131.1-ci maddədə “edə bilər” sözləri “etməlidir” sözü ilə əvəz edilmişdir.

 

[35] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 150.5-ci maddənin birinci cümləsinə, 210.1-ci, 210.5-ci, 255.1-ci maddələrə və 299.4-cü maddənin birinci cümləsinə “yazılı” sözündən sonra “, o cümlədən elektron formada” sözləri əlavə edilmişdir.

 

[36] 28 oktyabr 2014-cü il tarixli 1094-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 noyabr 2014-cü il, ¹ 252; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 11, maddə 1368) ilə 160.1-ci maddədə “3 (üç)” sözləri “2 (iki)” sözləri ilə əvəz edilmişdir.

 

[37] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 33) ilə 162.2-ci maddənin ikinci cümləsinə “yerinə yetirildikdən” sözlərindən sonra “(bu Məcəllənin 163.6-cı maddəsində müəyyən edilmiş hal istisna olmaqla)” sözləri əlavə edilmişdir.

 

[38] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 33) ilə yeni məzmunda 163.6-cı maddə əlavə edilmişdir.

 

[39] 29 oktyabr 2021-ci il tarixli 390-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2021-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 11, maddə 1204) ilə 167.3.2-ci maddəyə “təqdim edən və” sözlərindən sonra “bu Məcəllənin 167.3-1-ci maddəsi nəzərə alınmaqla” sözləri əlavə edilmişdir.

 

[40] 29 oktyabr 2021-ci il tarixli 390-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 19 noyabr 2021-ci il, ¹ 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 11, maddə 1204) ilə yeni məzmunda 167.3-1-ci maddə əlavə edilmişdir.

 

[41] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 175.1-ci maddəyə “yerinə” sözündən sonra “(o cümlədən xarici ölkənin ərazisindən keçməklə)” sözləri əlavə edilmi.dir.

 

[42] 29 dekabr 2017-ci il tarixli 962-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 yanvar 2018-ci il, ¹ 7, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 1, maddə 30) ilə 202.5-ci maddədə “təmir” sözü “təqdim” sözü ilə əvəz edilmişdir.

 

[43] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 33) ilə 221.1-ci maddəyə “yazılı” sözündən sonra “, o cümlədən elektron” sözləri və həmin maddəyə yeni məzmunda ikinci cümlə əlavə edilmişdir.

 

[44] 1 fevral 2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, ¹ 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 339) ilə 224.1-ci maddəyə “Gömrük tarifi haqqında”,” sözlərindən sonra “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında”,” sözləri əlavə edilmişdir.

 

24 iyun 2023-cü il tarixli 930-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 iyul 2023-cü il, “Azərbaycan” qəzeti 28 iyul 2023-cü il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7, maddə 908) ilə 224.1-ci maddənin birinci abzasına “Dövlət rüsumu haqqında” sözlərindən sonra “, “Tullantılar haqqında” sözləri əlavə edilmişdir.

 

[45] 1 fevral 2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, ¹ 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 339) ilə 224.3-cü maddədə “Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunması məqsədi ilə ixrac və idxal edilən” sözləri “Malların ixracını və idxalını operativ tənzimləmək məqsədi ilə bəzi” sözləri ilə əvəz edilmişdir və “xüsusi rüsumlar və” sözləri çıxarılmışdır.

 

[46] 1 fevral 2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, ¹ 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 339) ilə yeni məzmunda 224.3-1-ci maddə əlavə edilmişdir.

 

[47] 18 dekabr 2020-ci il tarixli 220-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1438) ilə 230.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

230.2. Yol vergisi xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

 

[48] 24 iyun 2023-cü il tarixli 930-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 27 iyul 2023-cü il, “Azərbaycan” qəzeti 28 iyul 2023-cü il, ¹ 157, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 7, maddə 908) ilə yeni məzmunda 233-1-ci maddə əlavə edilmişdir.

 

[49] 24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 3, maddə 335) ilə 234-cü maddənin adından “və beynəlxalq avtomobil daşımalarını yerinə yetirən nəqliyyat vasitələrinə sərhəddə icazə blanklarının sözləri çıxarılmışdır.

 

[50] 24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 3, maddə 335) ilə 234.2-ci maddə ləğv edilmişdir.

 

[51] 18 dekabr 2020-ci il tarixli 220-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 30 dekabr 2020-ci il, ¹ 276, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1438) ilə 244.5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

244.5. Yol vergisi və icazə blankına görə dövlət rüsumu xarici dövlətlərin avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.

 

24 fevral 2023-cü il tarixli 828-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 29 mart 2023-cü il, “Azərbaycan” qəzeti, 30 mart 2023-cü il, ¹ 64, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 3, maddə 335) ilə 244.5-ci maddədən , icazə blankına görə dövlət rüsumu isə xarici dövlətlərdə qeydiyyatda olan avtonəqliyyat vasitələri gömrük ərazisinə daxil olan zaman gömrük sərhəd buraxılış məntəqələrində sözləri çıxarılmışdır.

 

[52] 27 dekabr 2022-ci il tarixli 774-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 aprel 2023-cü il, 28 yanvar 2023-cü il, “Azərbaycan” qəzeti, 29 yanvar 2023-cü il, ¹ 20, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023-cü il, ¹ 1, maddə 33) ilə yeni məzmunda 251.4-cü maddə əlavə edilmişdir.

 

[53] 1 fevral 2017-ci il tarixli 517-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 mart 2017-ci il, ¹ 50, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 3, maddə 339) ilə 267.1.2-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 267.1.3-cü maddə əlavə edilmişdir.

 

[54] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 295.4-cü maddədə “qısa idxal (ixrac) bəyannaməsi” sözləri “natamam bəyannamə” sözləri ilə əvəz edilmişdir.

 

[55] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 320.0.1-ci maddəyə “izlənməsini” sözündən sonra “və gömrük işində operativ tətbiqini” sözləri əlavə edilmişdir.

 

[56] 13 iyun 2017-ci il tarixli 744-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 22 iyul 2017-ci il, ¹ 156, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 7, maddə 1303) ilə 320.0.7-1-ci maddə əlavə edilmişdir.

 

[57] 30 oktyabr 2018-ci il tarixli 1294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2211) ilə 323.1.5-ci və 323.1.6-cı maddələr ləğv edilmişdir.

 

[58] 30 oktyabr 2018-ci il tarixli 1294-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr 2018-ci il, ¹ 268, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə 2211) ilə yeni məzmunda 323.2-1-ci maddə əlavə edilmişdir.

 

[59] 25 aprel 2017-ci il tarixli 646-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 5 may 2017-ci il, ¹ 95, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1510) ilə 334-cü maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

334.1. Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişləri Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fonduna köçürülür və gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur.

334.2. Azərbaycan Respublikasının gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında əsasnaməni və fondun vəsaitinin xərclənməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

1 may 2020-ci il tarixli 72-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 1 iyun 2020-ci il, ¹ 102, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹5, maddə 522) ilə 334-cü maddəsinin birinci cümləsində “ödənişləri” sözü “ödənişlərinin 93 faizi” sözləri ilə, hər iki halda “müvafiq icra hakimiyyəti orqanlarının” sözləri “müvafiq icra hakimiyyəti orqanının” sözləri ilə, “hesablarına” sözü “hesabına” sözü ilə əvəz edilmişdir və həmin cümləyə “olunur” sözündən sonra “, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür” sözləri əlavə edilmişdir.

9 dekabr 2022-ci il tarixli 678-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) rəsmi internet saytı, 28 dekabr 2022-ci il, “Azərbaycan” qəzeti, 29 dekabr 2022-ci il, ¹ 286, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022-ci il, ¹ 12, maddə 1386) ilə 334-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 334. Digər vəsaitlər

Gömrük orqanları tərəfindən gömrük işi sahəsində aşkar edilmiş cinayətlər və gömrük qaydaları əleyhinə inzibati xətalar haqqında işlər üzrə məhkəmələrin qərarları əsasında dövlət mülkiyyətinə keçirilmiş malların və nəqliyyat vasitələrinin satışından əldə edilən vəsait, cərimələr və bu Məcəllənin 224.1.5-ci və 224.1.6-cı maddələrində nəzərdə tutulan gömrük ödənişlərinin 93 faizi müvafiq icra hakimiyyəti orqanının hesabına köçürülür və müvafiq icra hakimiyyəti orqanının işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə, həmçinin gömrük orqanlarının, müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumların maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə, habelə gömrük işi sahəsində elmi-texniki potensialın artırılmasına, elmi tədqiqat işlərinin, o cümlədən gömrük tənzimlənməsi vasitələrinin tətbiqi ilə bağlı tədqiqatların aparılmasına, beynəlxalq təcrübədə qəbul olunan yeni metod və üsulların öyrənilməsinə sərf olunur, qalan hissəsi isə dövlət büdcəsinə köçürülür. Bu vəsaitlərin bölgüsü və onlardan istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.