Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin idarə edilməsinin
təkmilləşdirilməsinə dair tədbirlər
haqqında
AZƏRBAYCAN RESPUBLİKASI
PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikasının Dövlət Neft Şirkəti
yarandığı dövrdən böyük inkişaf yolu keçərək
ölkənin sosial-iqtisadi tərəqqisində mühüm
rol oynamışdır.
Ümummilli
lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində
1994-cü ildən başlayaraq həyata keçirilən
uğurlu neft strategiyası Azərbaycan Respublikasının
beynəlxalq iqtisadiyyata inteqrasiyasında və ölkəyə
xarici investisiyaların cəlb edilməsində müstəsna
rol oynamaqla yanaşı, Azərbaycan Respublikası Dövlət
Neft Şirkətinin fəaliyyətində mühüm dəyişikliklərlə
müşayiət olunmuşdur. Xəzər dənizinin Azərbaycan
sektorunda yerləşən karbohidrogen yataqlarının
işlənilməsinə dair dünyanın qabaqcıl neft
şirkətləri ilə bağlanılmış “Əsrin
müqaviləsi” respublikanın neft-qaz sənayesinin
inkişafında yeni mərhələ olmuşdur. Hazırda
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
neft-qaz hasilatı, nəqli və emalı ilə məşğul
olan müəssisədən transmilli şirkətə
çevrilərək, iştirakçısı olduğu beynəlxalq
layihələrdə Azərbaycan Respublikasını uğurla
təmsil edir, ölkənin iqtisadi potensialının güclənməsinə,
sosial-iqtisadi tərəqqisinə, eləcə də milli
maraqlarımızın həyata keçirilməsinə
mühüm töhfə verir.
Qlobal
iqtisadiyyatda, o cümlədən xarici neft bazarında baş
verən prosesləri və qeyri-müəyyənlikləri nəzərə
alaraq, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin
korporativ idarəetmə sisteminin və biznes modelinin təkmilləşdirilməsi
yolu ilə onun beynəlxalq mühitdə rəqabətədavamlılığı,
orta və uzunmüddətli perspektivdə maliyyə
dayanıqlığı, idarəetmənin, habelə sərmayələrin
effektivliyinin və aktivlərinin dəyərinin əhəmiyyətli
dərəcədə artırılması əsas
çağırışa çevrilmişdir.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, qabaqcıl təcrübə və
müasir idarəetmə tələbləri çərçivəsində
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətində
səmərəliliyi artırmaq, onun idarə edilməsini
müasir korporativ idarəetmə standartları nəzərə
alınmaqla təkmilləşdirmək məqsədilə qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra –
SOCAR) fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti
həyata keçirmək üçün SOCAR-ın
Müşahidə Şurası (bundan sonra – Müşahidə
Şurası) yaradılsın.
2.
Müəyyən edilsin ki, Müşahidə Şurası Azərbaycan
Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən
azad etdiyi sədr də daxil olmaqla 7 (yeddi) üzvdən ibarətdir.
3.
SOCAR-ın ümumi yığıncağının səlahiyyətlərinin
həyata keçirilməsi aşağıdakılara həvalə
edilsin:
3.1. Azərbaycan
Respublikasının Prezidentinə:
3.1.1.
SOCAR-ın yenidən təşkili və ləğvi;
3.1.2.
SOCAR-ın Müşahidə Şurasının və icra
orqanının üzvlərinin vəzifəyə təyin və
vəzifədən azad edilməsi;
3.2. Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla Azərbaycan
İnvestisiya Holdinqinə:
3.2.1.
SOCAR-ın nizamnaməsinin və strukturunun təsdiq edilməsi,
nizamnamə kapitalının miqdarının müəyyən
edilməsi;
3.2.2.
SOCAR-ın illik hesabatlarının, maliyyə
hesabatlarının təsdiq edilməsi, mənfəətinin
və zərərinin bölüşdürülməsi;
3.2.3.
SOCAR-ın dividend siyasətinin təsdiq edilməsi;
3.2.4.
SOCAR-ın qiymətli kağızlarının
buraxılması barədə qərar qəbul edilməsi;
3.2.5.
SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş)
faizindən artıq məbləğdə olan əqdin
(xüsusi əhəmiyyətli əqdin), eləcə də
müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və
daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul edilməsi.
4.
Müəyyən edilsin ki, SOCAR-ın Müşahidə
Şurasının səlahiyyətləri
aşağıdakılardır:
4.1.
SOCAR-ın uzunmüddətli inkişaf strategiyasını təsdiq
etmək;
4.2.
SOCAR-ın xərclər və gəlirlər smetasını
təsdiq etmək və onun icrasına nəzarəti həyata
keçirmək;
4.3.
SOCAR-ın xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş)
faizindən artıq məbləğdə olan əqdin
(xüsusi əhəmiyyətli əqdin), eləcə də
müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə
dəyəri SOCAR-ın aktivlərinin 5 (beş) faizini və
daha çox hissəsini təşkil edən əqdin
bağlanması ilə bağlı ümumi
yığıncağa təkliflər vermək;
4.4.
aidiyyəti şəxslərlə bağlanması nəzərdə
tutulan və dəyəri SOCAR-ın aktivlərinin 5 (beş)
faizinədək hissəsini təşkil edən əqdləri
təsdiq etmək;
4.5.
mövcud normativ hüquqi aktların tələbləri nəzərə
alınmaqla SOCAR-ın aktivlərinin idarəetməyə
verilməsi və özəlləşdirilməsi ilə
bağlı əqdlərin bağlanmasına razılıq
vermək;
4.6. fəaliyyətinin
ayrı-ayrı sahələri üzrə siyasəti, daxili
qaydaları, habelə filial və nümayəndəliklərinin
əsasnamələrini təsdiq etmək;
4.7.
SOCAR-ın korporativ strukturunun və ştat cədvəlinin təsdiq
edilməsinə razılıq vermək;
4.8.
SOCAR-ın Audit Komitəsini və digər komitələrini
yaratmaq, onların əsasnamələrini təsdiq etmək, rəhbərlərini
və üzvlərini vəzifəyə təyin və vəzifədən
azad etmək;
4.9. bu
Fərmanın 3-cü hissəsi nəzərə alınmaqla,
Azərbaycan Respublikasının Mülki Məcəlləsi,
SOCAR-ın nizamnaməsi və Azərbaycan
Respublikasının bu sahədə münasibətləri tənzimləyən
digər normativ hüquqi aktları ilə Müşahidə
Şurasının səlahiyyətlərinə aid edilmiş
digər məsələləri həll etmək.
5. Azərbaycan
İnvestisiya Holdinqi:
5.1.
SOCAR-ın idarə olunmasına dair korporativ idarəetmə
standartlarını, habelə SOCAR-ın idarəetmə
orqanlarının üzvlərinin fəaliyyətinin qiymətləndirilməsi
sistemini altı ay müddətində təsdiq etsin;
5.2.
beynəlxalq məsləhətçi şirkət cəlb etməklə,
SOCAR-ın mövcud müqavilə öhdəliklərinə
riayət olunması şərtilə onun hüquq, maliyyə,
vergi və kommersiya sahələrində fəaliyyətinin nəticələrinin
diaqnostikasının aparılmasını altı ay müddətində
təmin edib nəticəsi barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
5.3. bu
Fərmanın 5.2-ci bəndində nəzərdə tutulan
diaqnostika başa çatdıqdan sonra onun nəticəsindən
asılı olaraq SOCAR-ın yeni nizamnaməsinin və strukturunun
layihəsini iki ay müddətində hazırlayıb
razılaşdırılmaq üçün Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
5.4. bu
Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
6. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
6.1.
SOCAR-ın Müşahidə Şurasının
yaradılması ilə əlaqədar onun nizamnaməsinin
4-cü və 5-ci hissələrinin bu Fərmana
uyğunlaşdırılmasına dair təkliflərini 15 (on
beş) gün müddətində Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan
Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
6.3. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
6.4. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
6.5. bu
Fərmandan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 yanvar
2021-ci il
№ 1258