Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki:

2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra – dövlət müəssisələri) idarə olunması ilə bağlı Azərbaycan İnvestisiya Holdinqinin (bundan sonra – AİH) Nizamnaməsində nəzərdə tutulmuş səlahiyyətlər, Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla, həmin dövlət müəssisələri idarəetməyə verildiyi gündən AİH-ə keçir.

2.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi xərcləri aşağıdakı mənbələrdən maliyyələşdirilir:

2.2.1. ilk 3 il ərzində (AİH-in nizamnamə fonduna ayrılmış vəsait nəzərə alınmaqla) dövlət büdcəsinin vəsaiti hesabına;

2.2.2. idarəetməsinə verilmiş dövlət müəssisələrinin illik xalis mənfəətinin 20 faizinin AİH-ə ödənilməsi hesabına;

2.2.3. qanunla qadağan olunmayan digər mənbələrdən.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

4.1. bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq maliyyələşməni təmin etsin;

4.2. AİH-in fəaliyyətinin təşkili və təmin edilməsi üçün tələb olunan vəsaiti bu Fərmanın 2.2.1-ci yarımbəndinə uyğun olaraq növbəti illərin dövlət büdcəsi layihələrində nəzərdə tutsun;

4.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

5. Bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən siyahıda göstərilmiş dövlət müəssisələri idarəetməyə verilənədək mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqi və idarəetmənin təkmilləşdirilməsi ilə bağlı təkliflərini iki ay müddətində AİH-ə təqdim etsinlər.

6. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 5 noyabr 2020-ci il

                     ¹ 1174

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 5 noyabr tarixli 1174 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

 

Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin

siyahısı

 

1. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti

2. “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

3. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti

4. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti

5. “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti

6. “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti

7. “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

8. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

9. “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

10. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti

11. “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti[1]

12. “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti

13. “Azər-Türk Bank” Açıq Səhmdar Cəmiyyəti

14. “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

15. “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti

16. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki aşağıdakı qurumlar:

16.1. “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti

16.2. “Aztelekom” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.3. “Azerbaijan International Telecom” (AzInTelecom)” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.4. “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti

16.5. “Bakı Telefon Rabitəsi” Məhdud Məsuliyyətli Cəmiyyəti

16-1. Bakı Nəqliyyat Agentliyinin tabeliyindəki “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyəti[2]

17. Azərbaycan Respublikasının Dövlət Sığorta Kommersiya Şirkəti.

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 yanvar 2021-ci il tarixli 1259 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 yanvar 2021-ci il, ¹ 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 29)

2.       27 aprel 2021-ci il tarixli 1324 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 aprel 2021-ci il, ¹ 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 4, maddə 329)

 

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 27 aprel 2021-ci il tarixli 1324 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 28 aprel 2021-ci il, ¹ 88, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 4, maddə 329) ilə “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”nın 11-ci hissəsi və 16.2 – 16.5-ci bəndləri ləğv edilmişdir.

 

[2] 25 yanvar 2021-ci il tarixli 1259 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 yanvar 2021-ci il, ¹ 17, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021-ci il, ¹ 1, maddə 29) ilə “Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə veriləcək dövlət şirkətlərinin və müəssisələrinin, habelə dövlət payı olan təsərrüfat cəmiyyətlərinin siyahısı”na yeni məzmunda 16-1-ci hissə əlavə edilmişdir.