Azərbaycan İnvestisiya Holdinqinin
yaradılması haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycanda həyata keçirilən
davamlı struktur islahatları iqtisadiyyatın
səmərəliliyinin daha da artırılması
məqsədlərinə xidmət edir. Bu istiqamətdə ölkədə
institusional və tənzimləyici çərçivə
təkmilləşdirilmiş, milli iqtisadiyyatın
özəyi olan təsərrüfat strukturlarında
idarəetmənin sağlam prinsiplər əsasında
inkişafı və tam şəffaflaşması
üçün möhkəm zəmin
yaradılmışdır.
Sözügedən islahatlar biznes
mühitinin xeyli yaxşılaşmasını
şərtləndirmişdir. Həmçinin
ölkədə sosial-iqtisadi infrastruktur inkişaf etmiş,
yeni strateji mərhələnin
çağırışlarına adekvat formada qurulan
idarəetmənin çevikliyi artmışdır.
Ötən müddətdə struktur
islahatlarının əhəmiyyətini nəzərə
alaraq dövlət xidmətləri və məhsul istehsalı
sferasının da qabaqcıl prinsiplər əsasında
idarə olunmasına xüsusi önəm verilmişdir. Bu
istiqamətdə ölkədə iri dövlət
şirkətlərinin maliyyə-təsərrüfat
fəaliyyətində dayanıqlılığın
artırılması, onların gəlir və
xərclərinə nəzarətin daha da
gücləndirilməsi üçün bir sıra
işlər görülmüş, paylarının
nəzarət zərfi dövlətə məxsus hüquqi
şəxslərin idarə olunmasının
təkmilləşdirilməsi məqsədilə mühüm
islahatlar həyata keçirilmişdir.
Müasir dövrdə yalnız azad bazar
münasibətlərinin hərtərəfli inkişafına,
dayanıqlı özəl mülkiyyətin
genişlənməsinə, daha sağlam prinsiplərə
söykənən idarəçiliyə əsaslanmaqla iqtisadi
inkişafı sürətləndirmək mümkündür.
Buna görə də dövlətə məxsus
müəssisələrin idarə olunması sisteminin
təkmilləşdirilməsi, fəaliyyətinin
səmərəliliyinin və
şəffaflığının artırılması,
xərclərini və risklərini optimallaşdırmaq yolu
ilə onların tam sağlamlaşdırılması
istiqamətində struktur islahatlarının
dərinləşdirilməsi tələb olunur.
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, dövlət şirkətlərinin və
müəssisələrinin, habelə dövlət payı
olan təsərrüfat cəmiyyətlərinin vahid
prinsiplər əsasında idarə olunması, onların
fəaliyyətinin təkmilləşdirilməsi, o cümlədən
həyata keçirdikləri investisiya proqramlarının
şəffaflığının və iqtisadi
səmərəsinin yüksəldilməsi, rəqabət qabiliyyətinin
artırılması, maliyyə sağlamlığının
və dayanıqlılığının
yaxşılaşdırılması məqsədilə qərara alıram:
1. “Azərbaycan İnvestisiya Holdinqi”
publik hüquqi şəxs yaradılsın.
2. “Azərbaycan İnvestisiya Holdinqinin
Nizamnaməsi” təsdiq edilsin (əlavə olunur).
3. Müəyyən edilsin ki:
3.1. Azərbaycan İnvestisiya Holdinqinin
(bundan sonra – AİH) fəaliyyətinə rəhbərliyi
həyata keçirmək üçün Müşahidə
Şurası və İdarə Heyəti yaradılır;
3.2. Azərbaycan Respublikası Prezidentinin
müəyyən etdiyi hallar istisna olmaqla, idarəetməsinə
veriləcək dövlət şirkətlərinin və
müəssisələrinin, habelə dövlət payı
olan təsərrüfat cəmiyyətlərinin (bundan sonra –
dövlət müəssisələri) Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq ali idarəetmə orqanının müstəsna səlahiyyətinə
aid edilmiş məsələləri AİH Azərbaycan
Respublikasının Prezidenti ilə razılaşdırmaqla
həll edir.[1]
4. AİH-in təsisçisinin
səlahiyyətlərinin həyata keçirilməsi
aşağıdakılara həvalə edilsin:
4.1. Azərbaycan Respublikasının
Prezidentinə:
4.1.1. nizamnaməsinin təsdiqi və
nizamnamə fondunun miqdarının müəyyən
edilməsi, onların dəyişdirilməsi;
4.1.2. idarəetmə orqanlarının
yaradılması;
4.1.3. Müşahidə Şurası
üzvlərinin (o cümlədən sədrinin), habelə
İdarə Heyəti sədrinin vəzifəyə təyin
və vəzifədən azad edilməsi;
4.1.4. ləğvi və yenidən
təşkili.
4.2. AİH-ə:
4.2.1. bu Fərmanın 4.1-ci
bəndində qeyd edilənlər istisna olmaqla, “Publik
hüquqi şəxslər haqqında” Azərbaycan
Respublikası Qanununun 8.2-ci maddəsində publik hüquqi
şəxsin təsisçisinin səlahiyyətlərinə
aid edilmiş digər məsələlərin həlli.
5. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
5.1. AİH-in yaradılması ilə
əlaqədar Azərbaycan Respublikası qanunlarının
təkmilləşdirilməsi ilə bağlı
təkliflərini üç ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.2. AİH-in idarəetməsinə
veriləcək dövlət müəssisələri ilə
bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
5.3. AİH-in fəaliyyətinin
təşkili və təmin edilməsi xərclərinin
maliyyələşdirilməsi üçün dövlət
müəssisələrinin AİH-ə ödəyəcəkləri
haqqın formalaşma mexanizmi ilə bağlı
təkliflərini iki ay müddətində hazırlayıb
Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası
Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı
təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
5.5. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ-hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını üç
ay müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
5.6. dövlət qeydiyyatına alındığı
gündən AİH-in inzibati bina ilə təmin olunması
və maddi-texniki təminatı məsələlərinin
həlli üçün bir ay müddətində tədbirlər
görüb Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
5.7. mərkəzi icra hakimiyyəti
orqanlarının normativ-hüquqi aktlarının bu
Fərmana uyğunlaşdırılmasını
nəzarətdə saxlasın və bunun icrası
barədə beş ay müddətində Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
5.8. dövlət qeydiyyatına
alınması üçün bu Fərmanın
qüvvəyə mindiyi tarixdən üç gün
müddətində “Hüquqi şəxslərin
dövlət qeydiyyatı və dövlət reyestri
haqqında” Azərbaycan Respublikasının Qanunu ilə
müəyyən edilmiş qaydada Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyinə müraciət
etsin;
5.9. bu Fərmandan irəli gələn
digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu Fərmanla təsdiq edilmiş
Nizamnamənin 5.1-ci bəndində göstərilən
məbləğdə maliyyələşməni Azərbaycan
Respublikasının İqtisadiyyat Nazirliyi ilə birlikdə
təmin etsin.
7. Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının
normativ-hüquqi aktlarının və normativ xarakterli
aktların bu Fərmana uyğunlaşdırılmasını
təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 7 avqust 2020-ci il
¹ 1120
|
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 7 avqust tarixli 1120
nömrəli Fərmanı ilə təsdiq edilmişdir |
Azərbaycan İnvestisiya Holdinqinin
NİZAMNAMƏSİ
1. Ümumi müddəalar
1.1. Azərbaycan İnvestisiya Holdinqi (bundan sonra –
AİH) onun idarəetməsinə verilmiş dövlət
şirkətlərinin və müəssisələrinin,
dövlət payı olan təsərrüfat cəmiyyətlərinin
(bundan sonra – dövlət müəssisələri) vahid
prinsiplər əsasında idarə edilməsi,
fəaliyyətinin təkmilləşdirilməsi, o
cümlədən həyata keçirdikləri investisiya
proqramlarının şəffaflığının və
iqtisadi səmərəsinin yüksəldilməsi, onların
rəqabət qabiliyyətinin təmin olunması, maliyyə
sağlamlığının və
dayanıqlılığının
yaxşılaşdırılması sahəsində (bundan
sonra – müvafiq sahə) fəaliyyət göstərən
publik hüquqi şəxsdir.
1.2. AİH öz fəaliyyətində Azərbaycan
Respublikasının Konstitusiyasını, Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələri, Azərbaycan
Respublikasının qanunlarını, bu Nizamnaməni,
Azərbaycan Respublikası Prezidentinin digər
fərmanlarını, həmçinin
sərəncamlarını, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərar və
sərəncamlarını, digər normativ-hüquqi
aktları rəhbər tutur.
1.3. AİH öz vəzifələrini yerinə
yetirərkən və hüquqlarını həyata
keçirərkən dövlət və yerli
özünüidarəetmə orqanları, beynəlxalq və
qeyri-hökumət təşkilatları ilə, digər
hüquqi və fiziki şəxslərlə qarşılıqlı
əlaqədə fəaliyyət göstərir.
1.4. AİH ümumdövlət və (və ya) ictimai
əhəmiyyət daşıyan fəaliyyətlə
məşğul olur. AİH bu Nizamnamədə qarşıya
qoyulmuş məqsədlərə nail olmaq üçün
sahibkarlıq fəaliyyəti ilə məşğul ola
bilər.
1.5. AİH-in müstəqil balansı, əmlakı,
xəzinə və bank hesabları, öz adı həkk
olunmuş möhürü, müvafiq ştampları və
blankları, loqotipi (emblemi) vardır.
1.6. AİH-in əqdlər bağlamaq, öz adından
əmlak və qeyri-əmlak hüquqları əldə
etmək və həyata keçirmək hüququ,
həmçinin vəzifələri vardır. O, məhkəmədə
iddiaçı və ya cavabdeh qismində
çıxış edə bilər.
1.7. AİH-in rəsmi adı aşağıdakı
kimidir:
1.7.1. tam halda – Azərbaycan İnvestisiya Holdinqi,
qısaldılmış halda – AİH;
1.7.2. ingilis dilində tam halda – Azerbaijan Investment
Holding, ingilis dilində qısaldılmış halda – AIH.
1.8. AİH Bakı şəhərində
yerləşir.
2. AİH-in fəaliyyət
istiqamətləri
2.1. AİH-in fəaliyyət istiqamətləri
aşağıdakılardır:
2.1.1. müvafiq sahənin inkişafını təmin
etmək;
2.1.2. müvafiq sahədə dövlət
siyasətinin formalaşdırılmasında iştirak
etmək, həmin siyasətin həyata keçirilməsini
təmin etmək;
2.1.3. müvafiq sahədə aidiyyəti dövlət
orqanları (qurumları) ilə əməkdaşlıq
etmək, təkliflərin işlənib hazırlanmasında
və həyata keçirilməsində iştirak etmək;
2.1.4. qabaqcıl beynəlxalq təcrübədən
istifadə etməklə dövlət
müəssisələrində idarəetməni təşkil
etmək;
2.1.5. dövlət müəssisələrinin
maliyyə sağlamlığını və
dayanıqlılığını
yaxşılaşdırmaq, bu məqsədlə onların
maliyyə resurslarını, habelə xarici borcların
cəlb olunmasını effektiv meyarlar əsasında idarə
etmək;
2.1.6. dövlət müəssisələrinin
fəaliyyət göstərdiyi xidmətlər bazarına
özəl investisiyaları cəlb etmək, bu
məqsədlə dövlət-özəl sektor
tərəfdaşlığının inkişafını
stimullaşdırmaq;
2.1.7. dövlət müəssisələrinin
fəaliyyətinin səmərəliliyinin
qiymətləndirilməsi üçün onların
səmərəlilik göstəricilərini
müəyyən etmək və monitorinqini aparmaq;
2.1.8. dövlət müəssisələrinin
xərclərinin optimallaşdırılması və
maliyyə şəffaflığının təmin
edilməsi ilə bağlı tədbirlər görmək;
2.1.9. dövlət müəssisələrinin
beynəlxalq səviyyədə rəqabət qabiliyyətini
artırmaq;
2.1.10. dövlət müəssisələrinə
dövlətin ayırdığı investisiyalardan
səmərəli istifadəyə nəzarət etmək;
2.1.11. dövlət müəssisələrinin
özəlləşdirilməyə (tam və ya qismən)
hazırlanmasında iştirak etmək;
2.1.12. bu Nizamnamə ilə müəyyən
edilmiş digər istiqamətlərdə fəaliyyət
göstərmək.
3. AİH-in vəzifələri və
hüquqları
3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə uyğun olaraq,
AİH-in vəzifələri aşağıdakılardır:
3.1.1. müvafiq sahədə normativ-hüquqi
aktların, inkişaf konsepsiyalarının və
məqsədli proqramların hazırlanmasında və
həyata keçirilməsində iştirak etmək;
3.1.2. Azərbaycan Respublikası Prezidentinin başqa
qayda müəyyən etdiyi hallar istisna olmaqla, dövlət
müəssisələrində dövlətə məxsus
səhmlərin (payların) idarə olunmasını təmin
etmək;
3.1.3. investisiyaların cəlb olunması və
səmərəli idarə edilməsi yolu ilə dövlət
müəssisələrinin inkişafına nail olmaq,
onların özəlləşdirməqabağı
sağlamlaşdırılmasını təmin etmək;
3.1.4. dövlət müəssisələrinin
uzunmüddətli inkişaf və biznes planlarının
təsdiqi üçün rəy vermək, biznes
planlarında qoyulan hədəflərin monitorinqini aparmaq;
3.1.5. dövlət müəssisələrinin
fəaliyyət göstərdiyi sahələrə
investisiyaların, o cümlədən xarici investisiyaların
cəlbinin stimullaşdırılması ilə bağlı
təkliflər hazırlamaq və tədbirlər
görmək;
3.1.6. dövlət müəssisələrinin iqtisadi
səmərəliliyinin yüksəldilməsi, o
cümlədən maliyyə vəziyyətinin
yaxşılaşdırılması və gəlirlərinin
artırılması üçün tədbirlər
görmək;
3.1.7. dövlət müəssisələrinin
fəaliyyət göstərdiyi sahələrdə
xidmətlərin keyfiyyətinin artırılması ilə
bağlı təkliflər vermək;
3.1.8. iqtisadiyyatın modernizasiyası və
diversifikasiyası proqramlarının hazırlanmasında
və həyata keçirilməsində iştirak etmək;
3.1.9. iqtisadiyyatın davamlı inkişafının
təmin edilməsi məqsədilə həyata
keçirilən sosial əhəmiyyətli innovativ sənaye
layihələrində iştirak etmək;
3.1.10. dövlət müəssisələrinin
restrukturizasiyası ilə bağlı təkliflər
vermək;
3.1.11. dövlət müəssisələrinin hesabatlarına
dair tələbləri müəyyənləşdirmək
və təqdim edilmiş hesabatların monitorinqini aparmaq;
3.1.12. dövlət müəssisələrinin
fəaliyyətinin beynəlxalq təcrübə
nəzərə alınmaqla əlaqələndirilməsi
və onların iqtisadi səmərəliliyinin, o
cümlədən maliyyə dayanıqlılığının
artırılması ilə bağlı tədbirlər
görmək;
3.1.13. dövlət müəssisələrinin
fəaliyyətinin səmərəliliyini onların
səmərəlilik göstəricilərinin təhlil
nəticələri əsasında qiymətləndirmək;
3.1.14. dövlət müəssisələrinin
xərclərinin optimallaşdırılması
məqsədilə onlardan zəruri məlumatları və
hesabatları tələb etmək, bu məlumatları və
hesabatları təhlil edərək, dövlət
müəssisələrinin idarəetmə orqanlarına
müvafiq göstərişlər vermək;
3.1.15. dövlət müəssisələrinin
idarəetmə orqanlarının tərkibinin tam
formalaşdırılması üçün tədbirlər
görmək;
3.1.16. dövlət müəssisələrinin
idarəetmə orqanlarının fəaliyyətini təhlil
etmək;
3.1.17. dövlət müəssisələrinin
maliyyə resurslarına əlverişli çıxış
imkanlarının yaradılması ilə bağlı kompleks
tədbirlər görmək;
3.1.18. dövlət müəssisələrində
innovasiya fəaliyyətinin stimullaşdırılması,
dəstəklənməsi və təşviqi ilə
bağlı tədbirlər görmək;
3.1.19. dövlət müəssisələrinin
rəqabət qabiliyyətinə və ixrac potensialına
təsir edən amilləri araşdırmaq;
3.1.20. dövlət müəssisələrinin
fəaliyyəti barədə məlumatları
özündə əks etdirən vahid elektron informasiya sistemi
yaratmaq;
3.1.21. dövlət müəssisələrinin iqtisadi
və maliyyə vəziyyətini təhlil etmək və
onların fəaliyyətinin səmərəliliyinin
yüksəldilməsi məqsədilə tədbirlər
görmək;
3.1.22. AİH-ə, habelə dövlət
müəssisələrinə ayrılan büdcə
vəsaitindən, kreditlərdən, qrantlardan və digər
maliyyə vəsaitindən təyinatı üzrə
səmərəli istifadə olunmasına nəzarət
etmək;
3.1.23. dövlət orqanları və
qurumlarının, yerli özünüidarəetmə
orqanlarının, hüquqi və fiziki şəxslərin
müvafiq sahə üzrə fəaliyyətini
əlaqələndirmək;
3.1.24. müvafiq sahədə elektron xidmətləri
“Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması,
aparılması, inteqrasiyası və
arxivləşdirilməsi Qaydaları”nın təsdiq
edilməsi və elektron hökumətlə bağlı
bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli
Fərmanına uyğun olaraq təşkil etmək;
3.1.25. öz fəaliyyəti haqqında əhalinin
məlumatlandırılmasını, internet saytının
yaradılmasını, malik olduğu və siyahısı
“İnformasiya əldə etmək haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilmiş
açıqlanmalı olan ictimai informasiyanın həmin saytda
yerləşdirilməsini və bu informasiyanın daim
yenilənməsini təmin etmək;
3.1.26. AİH-in strukturunun və fəaliyyətinin
təkmilləşdirilməsi üçün
tədbirlər görmək;
3.1.27. dövlət və kommersiya sirrinin, habelə
məxfilik rejiminin qorunması üçün tədbirlər
görmək;
3.1.28. AİH-in informasiya təminatını
təşkil etmək və onun təhlükəsizliyini
təmin etmək;
3.1.29. fəaliyyəti ilə bağlı daxil olan
müraciətlərə “Vətəndaşların
müraciətləri haqqında”, “İnzibati icraat
haqqında” və “İnformasiya əldə etmək haqqında”
Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq
baxmaq və qanunla müəyyən edilmiş qaydada
tədbirlər görmək;
3.1.30. kargüzarlığı və
vətəndaşların qəbulunu müvafiq
normativ-hüquqi aktların tələblərinə uyğun
təşkil etmək, AİH əməkdaşlarının
əlavə təhsili və
peşəkarlığının yüksəldilməsi
üçün tədbirlər görmək;
3.1.31. qabaqcıl beynəlxalq təcrübəni
nəzərə almaqla, müvafiq sahədə elmi-texniki
nailiyyətlərin tətbiqini təmin etmək;
3.1.32. müvafiq sahədə peşəkar
mütəxəssislər hazırlanması və tədris
proqramlarının tərtibi ilə bağlı
təkliflər vermək və onların həyata
keçirilməsində iştirak etmək;
3.1.33. Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn və
AİH-in səlahiyyətinə aid olan məsələlərlə
bağlı Azərbaycan Respublikasının
götürdüyü öhdəliklərin yerinə
yetirilməsini təmin etmək;
3.1.34. fəaliyyət istiqamətlərinə aid
məsələlərlə bağlı islahatlar
aparılmasına dair təkliflər hazırlayıb
aidiyyəti üzrə təqdim etmək;
3.1.35. malların (işlərin və
xidmətlərin) satın alınmasını, həmçinin
müvafiq sahədə ehtiyacların
qarşılanmasını “Dövlət satınalmaları
haqqında” Azərbaycan Respublikasının Qanuna uyğun
olaraq həyata keçirmək;
3.1.36. bu Nizamnamə ilə və Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər vəzifələri həyata
keçirmək.
3.2. Bu Nizamnamə ilə müəyyən edilmiş
fəaliyyət istiqamətlərinə uyğun olaraq
AİH-in aşağıdakı hüquqları vardır:
3.2.1. müvafiq sahədə normativ-hüquqi aktın
layihəsinin qəbul olunması, aktda dəyişiklik
edilməsi, aktın şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi
barədə aidiyyəti üzrə təkliflər vermək;
3.2.2. fəaliyyət istiqamətlərinə aid
məsələlərlə bağlı araşdırmalar
aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.3. əməkdaşlarını dövlət
təltiflərinə və mükafatlara təqdim etmək,
onların həvəsləndirilməsi üçün
tədbirlər görmək;
3.2.4. müvafiq sahədə beynəlxalq
müqavilələrə Azərbaycan Respublikasının
tərəfdar çıxması barədə
təkliflər vermək;
3.2.5. müqavilə əsasında müstəqil
ekspertləri və mütəxəssisləri öz
fəaliyyətinə cəlb etmək;
3.2.6. beynəlxalq təcrübənin tətbiqi
imkanlarının araşdırılması
məqsədilə beynəlxalq təşkilatlarla və xarici
dövlətlərin aidiyyəti dövlət orqanları
(qurumları) ilə əməkdaşlıq etmək, xarici
dövlətlərin müvafiq təcrübəsini
öyrənmək;
3.2.7. dövlət orqanlarına və qurumlarına,
yerli özünüidarəetmə orqanlarına, hüquqi
və fiziki şəxslərə zəruri məlumatlar
(sənədlər) barədə sorğu vermək və
onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.8. icrası məcburi olan göstərişlər
vermək və bundan irəli gələn digər
tədbirlər görmək;
3.2.9. fəaliyyət istiqamətləri üzrə
rəy və təkliflər vermək, təhlillər və
ümumiləşdirmələr aparmaq, analitik materiallar
hazırlamaq;
3.2.10. fəaliyyət istiqamətlərinə uyğun
olaraq konfranslar, müşavirələr, seminarlar
keçirmək və digər tədbirlər təşkil
etmək;
3.2.11. vəzifələrinin yerinə yetirilməsi
məqsədilə təsərrüfat cəmiyyətləri
yaratmaq və ya onlarda iştirak etmək;
3.2.12. xüsusi bülletenlər və digər
nəşrlər buraxmaq;
3.2.13. bu Nizamnamə ilə və Azərbaycan
Respublikası Prezidentinin aktları ilə müəyyən
edilmiş digər hüquqları həyata keçirmək.
4. AİH-in idarə edilməsi
4.1. AİH öz fəaliyyətində
mütərəqqi korporativ idarəetmə prinsiplərini
tətbiq edir.
4.2. AİH-in idarəetmə orqanları
Müşahidə Şurası və İdarə
Heyətidir.
4.3. AİH-in Müşahidə Şurası (bundan
sonra – Şura) AİH-ə ümumi rəhbərliyi və
nəzarəti həyata keçirir.
4.4. Şura Azərbaycan Respublikası Prezidentinin
vəzifəyə təyin və vəzifədən azad etdiyi
5 (beş) üzvdən – Şuranın sədrindən və
digər üzvlərdən ibarətdir.
4.5. Şura ictimai (ödənişsiz) əsaslarla
fəaliyyət göstərir.
4.6. Şura qərar qəbul etməkdə
müstəqildir.
4.7. Şuranın vəzifələri
aşağıdakılardır:
4.7.1. təsisçinin səlahiyyətlərinin
həyata keçirilməsi üçün Azərbaycan
Respublikasının Prezidentinə təkliflər vermək
və müvafiq sənədlər (o cümlədən
AİH-in maliyyə hesabatını və
fəaliyyətinə dair illik hesabatı) təqdim etmək;
4.7.2. AİH-in inkişaf istiqamətlərini, strateji
məqsədlərini və planlarını müəyyən
etmək;
4.7.3. AİH-in illik maliyyə hesabatını
təsdiq etmək;
4.7.4. AİH-in maliyyə planlaşdırmasını
və büdcəsini təsdiq etmək;
4.7.5. AİH-in fəaliyyətinə nəzarət
etmək;
4.7.6. AİH-in təsərrüfat
cəmiyyətlərinin yaradılmasına və ya onlarda
iştirak edilməsinə, həmçinin AİH-in idarə,
filial və nümayəndəliklərinin yaradılmasına
razılıq vermək;
4.7.7. İdarə Heyətinin fəaliyyətinə
nəzarət etmək və onun fəaliyyətini yoxlamaq;
4.7.8. Şuranın üzvlərinin və İdarə
Heyətinin müraciətlərinə baxmaq və qərar
qəbul etmək;
4.7.9. AİH-in kənar auditorunu təyin etmək
və audit hesabatını qəbul etmək;
4.7.10. kənar auditorun yoxlamalarının, habelə
digər yoxlamaların nəticələrinə baxmaq və
müvafiq tədbirlər görülməsi ilə
bağlı təkliflər vermək;
4.7.11. AİH-də daxili audit bölməsi yaradıldığı
halda həmin bölmənin fəaliyyətinə
nəzarət etmək və fəaliyyətinə dair
hesabatlar almaq, habelə onun üzvlərini vəzifəyə
təyin və vəzifədən azad etmək;
4.7.12. AİH-in xalis aktivlərinin dəyərinin 25
faizindən artıq məbləğdə olan əqdin
(xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti
şəxslə dəyəri AİH-in aktivlərinin 5 faizini
və daha çox hissəsini təşkil edən əqdin
bağlanması haqqında qərar qəbul etmək;
4.7.13. AİH-in fəaliyyətinə dair daxili
qaydaları (o cümlədən maraqlar münaqişəsinin
istisna olunması qaydasını), habelə idarə, filial
və nümayəndəliklərinin əsasnamələrini,
törəmə təsərrüfat cəmiyyətlərinin
nizamnamələrini təsdiq etmək;
4.7.14. AİH-in strukturunu, işçilərinin say
həddini və əməkhaqlarını (o
cümlədən Azərbaycan Respublikası Nazirlər
Kabinetinin təsdiq etdiyi müvafiq qayda nəzərə
alınmaqla, əməkhaqqına əlavələri,
mükafatları və digər ödənişləri)
təsdiq etmək;
4.7.15. bu Nizamnamənin 4.19-cu bəndinə uyğun
olaraq İdarə Heyəti üzvlərini vəzifəyə
təyin və vəzifədən azad etmək;
4.7.16. “Publik hüquqi şəxslər haqqında”
Azərbaycan Respublikası Qanununun 3.3-cü maddəsində
nəzərdə tutulmuş qərarı qəbul etmək;
4.7.17. AİH-in fəaliyyətinə dair illik
hesabatı dinləmək;
4.7.18. Azərbaycan Respublikası Prezidentinin müəyyən
etdiyi hallar istisna olmaqla, Azərbaycan
Respublikasının Mülki Məcəlləsinə uyğun
olaraq dövlət müəssisələrinin ali
idarəetmə orqanının müstəsna
səlahiyyətinə aid edilmiş məsələləri
Azərbaycan Respublikasının Prezidenti ilə
razılaşdırmaqla həll etmək; [2]
4.7.19. dövlət müəssisələrinin
Müşahidə Şurası üzvlərinin
fəaliyyətinin qiymətləndirilməsi sistemini təsdiq
etmək;
4.7.20. bu Nizamnamə ilə müəyyən
edilmiş digər vəzifələri həyata
keçirmək.
4.8. Şuranın sədri ildə azı bir
dəfə Şuranın iclasını
çağırır. Şura iclaslarının
keçirilməsi təşəbbüsü ilə Şuranın
üzvü və ya İdarə Heyətinin sədri
çıxış edir. Şuranın iclasları Şura
üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir.
Şuranın iclasında qərarlar hər üzvün bir
səsi olmaqla sadə səs çoxluğu ilə qəbul
edilir. Səsvermə zamanı üzvlərin bitərəf
qalmasına icazə verilmir. Səslər bərabər olduqda,
iclasa sədrlik edənin səsi həlledicidir.
4.9. Şura üzvlərinə iclasın
keçiriləcəyi yer və vaxt, habelə
gündəliyə daxil edilmiş məsələlər
barədə iclasa azı 3 (üç) iş günü
qalmış, zəruri sənədlər əlavə
edilməklə yazılı məlumat verilir.
4.10. Şuranın iclasında İdarə Heyətinin
üzvləri iştirak edirlər.
4.11. İclasın gündəliyinə Şuranın
hər hansı üzvünün maraqlarına toxunan
məsələ çıxarıldıqda, həmin üzv
bununla bağlı maraqları haqqında ətraflı
məlumat verməli və bu məsələnin
müzakirəsində iştirak etməməlidir.
4.12. Gündəliyə daxil edilməmiş və ya
tələb olunan bütün aidiyyəti sənədləri
iclasdan əvvəl təqdim edilməmiş
məsələlər barədə, bütün
iştirakçı üzvlərin razılığı
olduğu hallar istisna olmaqla qərar qəbul edilə
bilməz.
4.13. Şuranın iclasının nəticəsi
Şura üzvlərinin və katibinin imzaladıqları
protokolda əks olunmaqla rəsmiləşdirilir. Şuranın
katibi Şuranın iclasında iştirak edə
bilmədikdə, Şuranın sədri onu əvəz
edəcək şəxsi təyin edir. Şura protokolu təsdiq
edərək İdarə Heyətinin sədrinə
göndərir.
4.14. Şuranın katibini Şuranın üzvü
olmayan əməkdaşlar sırasından Şuranın
sədri təyin edir və Şuranın katibi Şuranın
sədrinə hesabat verir.
4.15. Şuranın katibi:
4.15.1. Şuranın iclaslarını təşkil
edir;
4.15.2. Şuranın iclaslarının
keçiriləcəyi yer və vaxt barədə Şura
üzvlərinə, habelə İdarə Heyətinin
sədrinə və Şuranın iclaslarına dəvət
olunan şəxslərə iclasa azı 3 (üç) iş
günü qalmış yazılı məlumat verir;
4.15.3. Şuranın iclaslarının
protokollarını tərtib edir və imzalanmaq
üçün Şuranın üzvlərinə təqdim
edir;
4.15.4. Şuranın qərarlarının
layihələrini hazırlayır, baxılmaq və imzalanmaq
üçün Şuranın sədrinə təqdim edir;
4.15.5. Şuranın qəbul etdiyi qərarların
aidiyyəti üzrə göndərilməsini təmin edir.
4.16. Şuranın sədri:
4.16.1. Şuranın işini təşkil edir və
onun fəaliyyətinə rəhbərlik edir;
4.16.2. Şuranın iclaslarının gündəliyini
müəyyənləşdirir, iclaslar
çağırır və iclaslara sədrlik edir;
4.16.3. öz təşəbbüsü ilə,
habelə Şuranın hər hansı digər
üzvünün və ya İdarə Heyəti sədrinin
müraciəti əsasında digər şəxsləri
Şuranın iclasında iştirak etməyə dəvət
edir;
4.16.4. Şuranın fəaliyyətinin təşkili
ilə bağlı digər tədbirlər görür.
4.17. Şura üzvləri:
4.17.1. Şuranın səlahiyyətlərinə aid
məsələlərin həllində iştirak edirlər;
4.17.2. Şuranın iclasının gündəliyi
ilə və baxılması nəzərdə tutulmuş
materiallarla əvvəlcədən tanış olurlar;
4.17.3. Şurada qəbul ediləcək qərarlara dair
fikir bildirirlər;
4.17.4. Şuranın səlahiyyətlərinə aid
məsələlərə Şuranın iclaslarında
baxılma barədə təklif verirlər;
4.17.5. Şuranın qərarları, iclas
protokolları və digər sənədlərlə
tanış olurlar.
4.18. Şura üzvləri Şuranın iclaslarında
baxılan məsələlərə qərəzsiz
yanaşmalı, Şura üzvünün adına
xələl gətirə biləcək hərəkətlərə
və çıxışlara yol verməməli,
həmçinin Azərbaycan Respublikası Mülki
Məcəlləsinin 49-cu maddəsində müəyyən
edilmiş digər tələbləri yerinə
yetirməlidirlər.
4.19. İdarə Heyəti 5 (beş) üzvdən –
İdarə Heyətinin sədrindən və digər
üzvlərdən ibarətdir. İdarə Heyətinin
sədrini Azərbaycan Respublikasının Prezidenti
vəzifəyə təyin və vəzifədən azad edir.
İdarə Heyətinin üzvlərindən biri, eyni zamanda,
AİH-in idarə edilməsinə məsul olan Baş
icraçı direktordur. İdarə Heyətinin digər
üzvlərini, o cümlədən Baş icraçı
direktoru İdarə Heyəti sədrinin təqdimatı
əsasında Şura vəzifəyə təyin və
vəzifədən azad edir.
4.20. İdarə Heyətinin iclası ayda azı 1 (bir)
dəfə çağırılır. İdarə
Heyətinin iclaslarının keçirilməsi
təşəbbüsü ilə İdarə Heyətinin
üzvü və ya Şura çıxış edir.
İdarə Heyətinin iclasları üzvlərinin yarıdan
çoxu iştirak etdikdə səlahiyyətlidir.
İdarə Heyətinin iclasında hər üzvün bir
səsi olmaqla qərarlar sadə səs çoxluğu ilə
qəbul edilir. Səsvermə zamanı üzvlərin
bitərəf qalmasına icazə verilmir. Səslərin
sayı bərabər olduqda, İdarə Heyəti sədrinin
(və ya onu əvəz edən digər üzvün) səsi
həlledicidir. İdarə Heyətinin iclasına
münasibətdə bu Nizamnamənin 4.9-cu, 4.11-ci və 4.12-ci
bəndlərində nəzərdə tutulmuş
müddəalar tətbiq edilir.
4.21. İdarə Heyətinin sədri və Baş
icraçı direktor müvəqqəti olmadıqda,
onların səlahiyyətlərini İdarə Heyəti
üzvləri arasından sədrin müəyyən etdiyi
şəxs icra edir.
4.22. İdarə Heyətinin vəzifələri
aşağıdakılardır:
4.22.1. AİH-in fəaliyyətini təşkil
etmək;
4.22.2. Şuranın qərarlarını icra etmək;
4.22.3. bu Nizamnamə ilə müəyyən
edilmiş vəzifələrin yerinə yetirilməsi
üçün Şuraya təkliflər vermək və
sənədlər təqdim etmək;
4.22.4. aidiyyəti şəxslə dəyəri
AİH-in aktivlərinin 5 faizinədək hissəni
təşkil edən əqdin bağlanması haqqında
qərar qəbul etmək;
4.22.5. AİH-in strateji məqsədlərinin və
planlarının, habelə büdcəsinin icrasına
nəzarət etmək;
4.22.6. bu Nizamnamənin 3.1.22-ci yarımbəndində
nəzərdə tutulan vəsaitdən təyinatı
üzrə səmərəli istifadə olunmasını
təmin etmək;
4.22.7. cari və operativ məsələlər
barədə Şuranı məlumatlandırmaq;
4.22.8. İdarə Heyəti üzvlərinin
müraciətlərinə baxmaq və qərar qəbul
etmək;
4.22.9. bu Nizamnamənin 3.1.1-ci və 3.2.1-ci
yarımbəndlərində nəzərdə tutulmuş
məsələlərin həlli üçün
tədbirlər görmək;
4.22.10. Şuranın, İdarə Heyəti sədrinin
və Baş icraçı direktorun
səlahiyyətlərinə aid edilməyən bütün
digər məsələlər barədə qərar
vermək.
4.23. İdarə Heyətinin sədri:
4.23.1. İdarə Heyətinin fəaliyyətini
təşkil edir, iclaslarının gündəliyini
müəyyənləşdirir və iclaslarına sədrlik
edir;
4.23.2. Şuranın, İdarə Heyətinin və
Baş direktorun səlahiyyətlərinə aid
edilməyən digər məsələlər barədə
qərar verir.
4.24. İdarə Heyətinin üzvləri:
4.24.1. İdarə Heyətinin
səlahiyyətlərinə aid məsələlərin
həllində iştirak edirlər;
4.24.2. İdarə Heyətinin iclasının
gündəliyi ilə və baxılması nəzərdə
tutulmuş materiallarla əvvəlcədən tanış
olurlar;
4.24.3. İdarə Heyətinin qəbul ediləcək
qərarlarına dair fikir bildirirlər;
4.24.4. İdarə Heyətinin
səlahiyyətlərinə aid məsələlərə
onun iclaslarında baxmaq barədə təkliflər
verirlər;
4.24.5. İdarə Heyətinin qərarları ilə,
iclas protokolları ilə və digər
sənədlərlə tanış olurlar.
4.25. Baş icraçı direktor:
4.25.1. AİH-in cari fəaliyyətinə
rəhbərlik edir və onu təmsil edir;
4.25.2. öz təşəbbüsü ilə,
İdarə Heyəti sədrinin, digər üzvünün
və ya Şuranın təşəbbüsü ilə
İdarə Heyətinin iclaslarını
çağırır;
4.25.3. öz təşəbbüsü ilə,
habelə İdarə Heyətinin hər hansı bir
üzvünün xahişi əsasında digər
şəxsləri İdarə Heyətinin iclasında
iştirak etməyə dəvət edir;
4.25.4. müəyyən edilmiş struktur,
əməkhaqqı fondu və işçilərin say
həddi daxilində AİH-in Aparatının, idarə, filial
və nümayəndəliklərinin, habelə
təsərrüfat cəmiyyətlərinin strukturunu, ştat
cədvəlini və xərclər smetasını təsdiq
edir;
4.25.5. AİH işçilərinin vəzifə
maaşlarının, vəzifə maaşlarına
əlavələrin, mükafatların və digər
ödənişlərin verilməsini əməkhaqqı fondu
çərçivəsində təşkil edir;
4.25.6. bu Nizamnamə ilə müəyyən
edilmiş hallar istisna olmaqla AİH-in, o cümlədən
AİH-in idarə, filial və nümayəndəliklərinin
işçilərinin, habelə tabeliyindəki digər
qurumların işçilərinin (təsərrüfat
cəmiyyətlərində isə yalnız
rəhbərlərin) vəzifəyə təyin və
vəzifədən azad edilməsi, onlar barəsində
həvəsləndirmə və intizam tənbehi
tədbirləri görülməsi haqqında qərarlar
qəbul edir;
4.25.7. AİH-in saxlanılması və ona
həvalə olunmuş vəzifələrin yerinə
yetirilməsi üçün qanunda nəzərdə
tutulmuş mənbələrdən AİH-ə ayrılan
vəsaitin təyinatı üzrə xərclənməsini
təmin edir;
4.25.8. Şura ilə razılaşdırmaqla,
AİH-in mərkəzləşdirilmiş fondlarının
yaradılması və onlardan istifadə barədə
qərarlar qəbul edir;
4.25.9. AİH-in fəaliyyətinin
təkmilləşdirilməsi ilə bağlı hüquqi
aktların layihələrinə baxır və aidiyyəti
üzrə təqdim edir;
4.25.10. AİH-in əmlakından bu Nizamnamədə
nəzərdə tutulmuş məqsədlərə uyğun
istifadə olunmasına nəzarət edir;
4.25.11. AİH-in fəaliyyət
istiqamətlərinə dair qəbul olunmuş aktların
icrasını təşkil edir, yoxlayır və buna
nəzarəti həyata keçirir;
4.25.12. AİH-in fəaliyyətinin təşkili
ilə əlaqədar icrası məcburi olan daxili
əmrlər, sərəncamlar və göstərişlər
verir;
4.25.13. bu Nizamnamə ilə müəyyən
edilmiş səlahiyyətlər
çərçivəsində AİH-in adından
əməliyyatlar aparır, müqavilələr
bağlayır və onların yerinə yetirilməsini
təmin edir;
4.25.14. fəaliyyət istiqamətləri üzrə
dövlət sirrinin və məxfilik rejiminin qorunması,
habelə qanunla qorunan digər məlumatların mühafizəsi
üçün tədbirlər görür;
4.25.15. AİH-in fəaliyyət istiqamətləri
ilə bağlı məşvərətçi
komitələr və işçi qruplar yaradır;
4.25.16. AİH-in vəzifəli şəxslərinin
qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.25.17. AİH-də kargüzarlıq və arxiv
işinin aparılmasını təmin edir;
4.25.18. AİH-də vətəndaşların
qəbulunu və müraciətlərinə baxılmanı
təmin edir;
4.25.19. Şuranın, İdarə Heyətinin və
İdarə Heyəti sədrinin səlahiyyətlərinə
aid edilməyən bütün digər
məsələlər barədə qərar verir.
4.26. İdarə Heyətinin üzvləri onun
iclaslarında baxılan məsələlərə
qərəzsiz yanaşmalı, İdarə Heyəti
üzvünün adına xələl gətirə
biləcək hərəkətlərə və
çıxışlara yol verməməli, həmçinin
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49-cu
maddəsində müəyyən edilmiş digər
tələbləri yerinə yetirməlidirlər.
5. AİH-in nizamnamə fondu,
əmlakı və maliyyə fəaliyyətinin
əsasları
5.1. AİH-in nizamnamə fondu 10 000 000 (on milyon)
manatdır.
5.2. AİH-in əmlakı nizamnamə fondundan,
təsisçinin verdiyi digər əmlakdan, ilkin
mərhələdə fəaliyyətinin təşkili və
saxlanılması xərclərinin
maliyyələşdirilməsi üçün dövlət
büdcəsindən ayrılan vəsaitdən, habelə
fəaliyyətindən əldə olunmuş gəlirdən,
ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan
və qanunla qadağan olunmayan digər vəsaitdən
formalaşır.
5.3. AİH öz əmlakından yalnız bu
Nizamnamə ilə müəyyən olunmuş
məqsədlərə uyğun istifadə edir, balansında
olan dövlət əmlakına münasibətdə
səlahiyyətlərini “Dövlət əmlakının
qorunub saxlanılması və səmərəli istifadə
edilməsinin təkmilləşdirilməsi haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli 586
nömrəli Fərmanı ilə müəyyən
edilmiş qaydada həyata keçirir.
5.4. AİH qanunla nəzərdə tutulmuş
vergiləri və digər məcburi ödənişləri
müəyyən edilmiş qaydada ödədikdən sonra
AİH-in, onun idarə, filial və
nümayəndəliklərinin, təsərrüfat
cəmiyyətlərinin, habelə tabeliyindəki digər
qurumların fəaliyyətindən əldə olunmuş mənfəət
üzərində müstəqil sərəncam vermək
hüququna malikdir. AİH-in mənfəəti bu
Nizamnamədə nəzərdə tutulmayan məqsədlər
üçün yalnız Müşahidə
Şurasının qərarı ilə dövlət
büdcəsinə köçürülə bilər.
5.5. AİH-in məhsullarının (malların,
işlərin, xidmətlərin) qiymətləri
(dövlət müəssisələrinin
ödəyəcəkləri haqqın məbləği istisna
olmaqla) tənzimlənən qiymətlərə aid deyildir.
6. AİH-in fəaliyyətinə
nəzarətin forması və əhatə dairəsi
6.1. AİH-in fəaliyyətinə nəzarəti
Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu
Nizamnamə ilə müəyyən edilmiş qaydada AİH-in
idarəetmə orqanları həyata keçirirlər.
6.2. AİH-in fəaliyyətinə dair illik hesabat
Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.
7. AİH-də uçot və hesabat
7.1. AİH “Mühasibat uçotu haqqında”
Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
mühasibat uçotu aparır, maliyyə hesabatlarını
tərtib, təqdim və dərc edir.
7.2. AİH “Rəsmi statistika haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq statistik hesabatları
tərtib və təqdim edir.
7.3. AİH idarə, filial, nümayəndəlik və
təsərrüfat cəmiyyətlərinin, habelə
tabeliyindəki digər qurumların
maliyyə-təsərrüfat fəaliyyətinin
yoxlanılmasını təmin edir.
7.4. AİH öz fəaliyyətinin müstəqil
surətdə yoxlanılması üçün kənar
auditor cəlb edir.
8. AİH-in ləğvi və yenidən
təşkili
AİH-in ləğvini və yenidən
təşkilini Azərbaycan Respublikasının Prezidenti
həyata keçirir.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
FƏRMANA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5 noyabr 2020-ci il tarixli 1173 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 noyabr 2020-ci il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1342) ilə 3.2-ci bəndinə “idarəetməsinə”
sözündən əvvəl “Azərbaycan
Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna
olmaqla,” sözləri əlavə edilmişdir.
[2] 5 noyabr 2020-ci il tarixli 1173 nömrəli Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 6 noyabr 2020-ci il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1342) ilə “Azərbaycan İnvestisiya
Holdinqinin Nizamnaməsi”nin 4.7.18-ci yarımbəndinə birinci
halda “Azərbaycan
Respublikasının” sözlərindən əvvəl “Azərbaycan Respublikası
Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla,”
sözləri əlavə edilmişdir.