Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

 

Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması, dünya standartlarına uyğun tibbi yardımla təmin olunması ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritetlərindəndir. Son aylarda dünyada yayılan yeni növ koronavirus infeksiyasının coğrafiyasının genişlənməsi ölkəmizdə də bu xəstəliyə yoluxma hallarının qarşısının alınması məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin gücləndirilməsini zəruri edir. Bu məqsədlə, əhalinin müxtəlif təbəqələrinin, o cümlədən sahibkarlıq subyektlərinin bu növ tədbirlərə dəstək verməsi, sosial həmrəylik nümayiş etdirməsi görülən işlərin səmərəliliyinə bilavasitə təsir edən xüsusi əhəmiyyətli məsələlərdən olmaqla, korporativ sosial məsuliyyəti, dövlət – vətəndaş birliyini əks etdirən əsas faktorların bariz göstəricisidir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ölkəmizdə koronavirus infeksiyasına qarşı preventiv addımlar atılması və mübarizə tədbirlərinin gücləndirilməsi məqsədilə qərara alıram:

1. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılsın.

2. “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Müəyyən edilsin ki, Koronavirusla Mübarizəyə Dəstək Fondunun məqsədi koronavirus infeksiyasının Azərbaycan Respublikasında yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 mart 2020-ci il

¹963


 

 

Azərbaycan Respublikası Prezidentinin

2020-ci il 19 mart tarixli 963 nömrəli Fərmanı ilə

təsdiq edilmişdir

 

Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə

 

QAYDASI

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qayda Koronavirusla Mübarizəyə Dəstək Fondunun (bundan sonra – Fond) vəsaitinin formalaşdırılması, idarə olunması və həmin vəsaitdən istifadə ilə bağlı münasibətləri tənzimləyir.

1.2. Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının (bundan sonra – koronavirus) yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.

1.3. Fondun vəsaitinin sərəncamçısı Azərbaycan Respublikasının Nazirlər Kabinetidir.

 

2. Fondun vəsaitinin formalaşdırılması və ondan istifadə

 

2.1. Fondun vəsaiti aşağıdakı mənbələr hesabına formalaşdırılır:

2.1.1. Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti;

2.1.2. fiziki və hüquqi şəxslərin könüllü ödəmələri;

2.1.3. qanunla qadağan olunmayan digər mənbələr.

2.2. Fondun vəsaitinin toplanması və ondan təyinatı üzrə istifadə məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyində xüsusi xəzinə hesabı, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları açılır.[1]

2.3. Fondun vəsaitindən istifadə bu Qaydanın 2.7-ci bəndində nəzərdə tutulan xərc istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi gəlir və xərclər smetası əsasında həyata keçirilir.

2.4. Fondun fəaliyyət müddəti 2021-ci il dekabrın 31-dək olan dövrü əhatə edir. Bu müddət Azərbaycan Respublikası Prezidenti tərəfindən uzadıla bilər.[2]

2.5. Fondun fəaliyyəti başa çatdıqdan sonra xüsusi xəzinə hesabında və bank hesablarında qalan xərclənməmiş vəsait bu Qaydanın 2.7.1-ci yarımbəndində nəzərdə tutulan işlərin maliyyələşdirilməsinə yönəldilir və ya dövlət büdcəsinə qaytarılır.[3]

2.6. Fondun vəsaiti Azərbaycan manatı ilə və xarici valyutalarla formalaşdırılır.

2.7. Fondun vəsaitindən koronovirusla mübarizə üzrə aşağıdakı istiqamətlərdə istifadə olunur:

2.7.1. tibb sahəsində çalışan işçilərin mükafatlandırılmasına və onlara maddi yardım göstərilməsinə;

2.7.2. tibb müəssisələrinin infrastrukturunun təkmilləşdirilməsinə və maddi-texniki bazasının gücləndirilməsinə (o cümlədən texnoloji qurğuların, cihazların, avadanlığın, nəqliyyat vasitələrinin, mal və materialların, habelə digər tibbi ləvazimatın alınmasına);

2.7.3. xüsusi rejimli tibb müəssisələrinin formalaşdırılmasına;

2.7.4. nəzarət və monitorinqlərin təşkilinə və həyata keçirilməsinə;

2.7.5. tibb sahəsində elmi tədqiqat işlərinin maliyyələşdirilməsinə;

2.7.6. tibb sahəsində mütəxəssislərin hazırlanmasına;

2.7.7. təbliğat və maarifləndirmə işlərinə;

2.7.8. koronavirusla mübarizə istiqamətində həyata keçirilən digər tədbirlərə.

2.8. Fondun vəsaitindən bu Qaydada nəzərdə tutulmayan məqsədlər üçün istifadə edilə bilməz.

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

  1. 24 dekabr 2020-ci il tarixli 1216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2020-ci il, ¹ 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1478)

 

FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 24 dekabr 2020-ci il tarixli 1216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2020-ci il, ¹ 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1478) ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.2-ci bəndə “hesabı” sözündən sonra “, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankında və kredit təşkilatlarında Azərbaycan manatı ilə və xarici valyutalarda bank hesabları” sözləri əlavə edilmişdir.

 

[2] 24 dekabr 2020-ci il tarixli 1216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2020-ci il, ¹ 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1478) ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.4-cü bənddə “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilmişdir.

 

[3] 24 dekabr 2020-ci il tarixli 1216 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 26 dekabr 2020-ci il, ¹ 273, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 12, I kitab, maddə 1478) ilə “Koronavirusla Mübarizəyə Dəstək Fondunun vəsaitinin formalaşdırılması, idarə olunması və ondan istifadə Qaydası”nın 2.5-ci bənddə “hesabında” sözü “və bank hesablarında” sözləri ilə əvəz edilmişdir.