Azərbaycan Respublikasında 2020-ci ilin Könüllülər
ili elan edilməsi haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq,
fədakarlıq, könüllü və təmənnasız kömək
ənənələrini yaşatmışdır.
Könüllülük insanları vahid niyyət ətrafında
birləşdirən, vətəndaş, cəmiyyət və
dövlətin birgə fəaliyyətinin ən uğurlu
formatıdır. Könüllülük həm də
vətənpərvərlik məktəbi, öz xalqına,
dövlətinə, milli-mənəvi dəyərlərə
bağlılıq və xidmət örnəyidir.
Bu fəaliyyətin təşviqi məqsədilə
dövlətimiz tərəfindən zəruri addımlar
atılmış, normativ hüquqi baza
təkmilləşdirilmiş, dövlət dəstəyi
mexanizmləri formalaşdırılmışdır. Könüllülük
bir çox fəaliyyət sahələrinə nüfuz edərək
ümummilli hərəkata çevrilmiş, ölkəmizin hər bir
bölgəsinə, ictimai həyatın müxtəlif
sahələrinə yayılaraq, cəmiyyətimizin bütün
təbəqələrini əhatə etmiş,
gənclərimizin həyat tərzinə çevrilmişdir. ASAN,
Regional İnkişaf İctimai Birliyi, Bir Tələbə
könüllülüləri və digər könüllü hərəkatları yaranmış,
mərkəzi və yerli icra hakimiyyəti orqanlarında on
minlərlə gənci birləşdirən könüllü qrupları
formalaşmışdır.
Könüllülərimiz öz kreativliyi,
təşəbbüskarlığı, innovativ düşüncə
tərzi və müasir dünyagörüşləri ilə
qoşulduqları fəaliyyətə yeni nəfəs vermiş,
ölkəmizdə Avroviziya Mahnı Müsabiqəsi, I Avropa
Oyunları, Formula 1 yarışları, IV İslam
Həmrəyliyi Oyunları kimi irimiqyaslı beynəlxalq
tədbirlərin həyata keçirilməsində əvəzsiz
rol oynamışlar.
Bu il 5 dekabr Beynəlxalq Könüllü Günü
ərəfəsində Azərbaycanda ilk dəfə
keçirilmiş və bütün könüllüləri əhatə etmiş
Könüllülük Həftəsi ölkəmizdə könüllülüyün yeni
mərhələyə qədəm qoyduğunu və böyük
potensiala malik olduğunu nümayiş etdirmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
gənclərin fərdi inkişafına təkan vermək,
onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin
potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı
inkişafı üçün səmərəli istifadə etmək
məqsədilə qərara
alıram:
1. 2020-ci il Azərbaycan Respublikasında Könüllülər
ili elan edilsin.
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti 2020-ci ilin
Azərbaycan Respublikasında Könüllülər ili elan
edilməsinə dair tədbirlər planını bir ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı
şəhəri, 30 dekabr 2019-cu il
№ 1748