“Mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin
rəqabətqabiliyyətli istehsalının
stimullaşdırılması məqsədilə daxili bazar
araşdırmalarına dövlət dəstəyi
göstərilməsi Qaydası”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndini rəhbər tutaraq, “Qeyri-neft sektorunda
rəqabətqabiliyyətli daxili istehsalın
dəstəklənməsi ilə bağlı əlavə
tədbirlər haqqında” Azərbaycan Respublikası
Prezidentinin 2018-ci il 19 sentyabr tarixli 497 nömrəli
Sərəncamının icrası ilə əlaqədar qərara alıram:
1.
“Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin
rəqabətqabiliyyətli istehsalının
stimullaşdırılması məqsədilə daxili bazar
araşdırmalarına dövlət dəstəyi
göstərilməsi Qaydası” təsdiq edilsin (əlavə
olunur).
2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1.
Azərbaycan Respublikası Prezidentinin aktlarının bu
Fərmana uyğunlaşdırılması ilə
bağlı təkliflərini üç ay
müddətində hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
2.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını üç ay
müddətində təmin edib Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının bu Fərmana
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay
müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4.
bu Fərmandan irəli gələn digər
məsələləri həll etsin.
3.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının və normativ xarakterli aktların bu
Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
məlumat versin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2019-cu il
¹
713
|
Azərbaycan
Respublikası Prezidentinin 2019-cu
il 29 may tarixli 713 nömrəli Fərmanı ilə təsdiq
edilmişdir |
Mikro,
kiçik və orta sahibkarlıq subyektlərinin
rəqabətqabiliyyətli istehsalının
stimullaşdırılması məqsədilə daxili bazar
araşdırmalarına dövlət dəstəyi
göstərilməsi
QAYDASI
1.
Ümumi müddəalar
1.1. Bu Qayda
mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (bundan
sonra – KOB subyektləri) rəqabətqabiliyyətli
istehsalının stimullaşdırılması
məqsədilə daxili bazar araşdırmalarına (bundan
sonra – daxili bazar araşdırmaları) dövlət
dəstəyinin göstərilməsi qaydasını, forma
və şərtlərini müəyyən edir.
1.2. Bu
Qaydanın əsas məqsədləri KOB subyektlərinin
rəqabətqabiliyyətli istehsalının
stimullaşdırılması üçün onlara daxili
bazarın mövcud vəziyyətinin
öyrənilməsində maliyyə və informasiya
dəstəyinin göstərilməsinə, özəl
sektorda məhsul istehsalının artırılmasına,
rəqabətqabiliyyətli məhsullar istehsal edən yeni
müəssisə və obyektlərin yaradılmasına nail
olmaqdır.
1.3. Bu Qaydada
nəzərdə tutulmuş dəstək tədbirlərinin
maliyyələşdirilməsi Azərbaycan Respublikası
dövlət büdcəsinin vəsaiti və bu Qaydanın
3.2-ci bəndində göstərilən digər maliyyə
mənbələrinin hesabına həyata keçirilir.
Dəstək tədbirlərinin təşkilini və
dəstək məbləğinin ödənilməsini
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin
İnkişafı Agentliyi (bundan sonra – Agentlik) həyata
keçirir.
1.4. Daxili bazar
araşdırmalarının aparılması ilə
bağlı KOB subyektlərindən daxil olmuş
müraciətlərə baxılmanı və dəstək
göstəriləcək müraciətlərin
seçilməsini bu Qaydanın 5-ci hissəsi ilə
müəyyən edilmiş meyarlara əsasən Agentlik
həyata keçirir.
1.5. Bu Qaydada
nəzərdə tutulmuş dəstək məbləğinin
ödənilməsi yalnız nağdsız qaydada həyata
keçirilir.
1.6. Daxili bazar
araşdırmalarına dövlət dəstəyi
aşağıdakı prinsiplər rəhbər tutulmaqla
göstərilir:
1.6.1. daxili bazar
araşdırmalarına dövlət dəstəyinin KOB
subyektləri üçün əlçatan olması;
1.6.2. daxili
bazar araşdırmalarına dövlət
dəstəyindən KOB subyektlərinin faydalanması;
1.6.3. daxili
bazar araşdırmalarına yönəldilən maliyyə
vəsaitindən təyinatı üzrə səmərəli
istifadə edilməsi;
1.6.4. daxili
bazar araşdırmalarının aparılması
üçün KOB subyektlərindən daxil olmuş
müraciətlərin bu Qaydanın 5.1-ci bəndi ilə
müəyyən edilmiş meyarlara əsasən
seçilməsi.
1.7. Bu Qaydada
istifadə olunan anlayışlar aşağıdakı
mənaları ifadə edir:
1.7.1. daxili
bazar araşdırmaları – rəqabətqabiliyyətli
istehsalın stimullaşdırılması məqsədilə
istehsal, işçi qüvvəsi, logistika, uyğunluğun
qiymətləndirilməsi, sertifikatlaşdırma, lisenziya
və icazələr, marketinq, reklam və digər
sahələrdə KOB subyektlərinin xərclərinin
azaldılması məqsədilə, habelə yeni məhsulun
və ya xidmətin yaradılması və inkişaf
etdirilməsi sahəsində daxili bazarın mövcud vəziyyətinin
müəyyən edilməsi istiqamətində həyata
keçirilən fəaliyyət;
1.7.2.
dəstək tədbiri – daxili bazar tendensiyalarının
iqtisadi, siyasi, texnoloji, hüquqi, sosial, bazar faktorlarının
araşdırılması vasitəsilə
öyrənilməsinin təşkili və
maliyyələşdirilməsi, habelə bu sahədə
müxtəlif təlimlərin və seminarların
keçirilməsi, təlim prosesində informasiya dəstəyinin
göstərilməsi;
1.7.3.
dəstək məbləği – dəstək tədbirinin
həyata keçirilməsi üçün
ödənilən maliyyə vəsaiti;
1.7.4. bu
Qaydanın 2.2-ci bəndinə uyğun olaraq daxili bazar
araşdırmalarını həyata keçirən
ixtisaslaşmış yerli və xarici hüquqi və fiziki
şəxslər (fərdi sahibkarlar) –universitetlər,
institutlar, xüsusi araşdırma və təhlil
mərkəzləri, konsaltinq şirkətləri, bu
sahədə ixtisaslaşmış digər hüquqi və
fiziki şəxslər, habelə kiçik və orta biznesin
inkişafı mərkəzləri.
1.8. Daxili bazar
araşdırmalarının aparılması
aşağıdakı mərhələlərdən
ibarətdir:
1.8.1. problemin
dürüst ifadə edilməsi və tədqiqatın
məqsədinin tərtibi;
1.8.2.
metodologiyanın hazırlanması, tədqiqat planının
işlənməsi və zəruri resursların
müəyyən edilməsi;
1.8.3.
instrumentarilərin (informasiyanın təhlili sxemlərinin,
müsahibələr, fokus qruplar üçün
bələdçinin və s.) işlənməsi;
1.8.4.
informasiyanın toplanması, təhlili, öyrənilməsi,
strukturlaşdırılması və araşdırmanın
məqsədlərinə uyğun emal edilməsi;
1.8.5.
maliyyə göstəricilərinin cari və perspektiv
vəziyyətlərinin qiymətləndirilməsi;
1.8.6.
hesabatın (arayışın, rəyin və s.)
hazırlanması və aidiyyəti üzrə təqdim
edilməsi.
1.9. Bazar
araşdırmalarına dair hesabat (arayış, rəy və
s.) araşdırmanın məqsədlərindən və
gələcəkdə istifadə perspektivlərindən
asılı olaraq müxtəlif formatlarda (qısa, detallı)
tərtib oluna bilər.
2.
Daxili bazar araşdırmalarına dəstək
2.1.
Azərbaycan Respublikasında vergi ödəyicisi kimi
uçota alınmış və bu Qaydanın 5.1-ci
bəndində müəyyən edilmiş meyarlara cavab
verən KOB subyektləri bu Qaydada nəzərdə tutulmuş
dəstəkdən yararlana bilərlər.
2.2. Daxili bazar
araşdırmalarının aparılmasına “Dövlət
satınalmaları haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq bağlanan
müqavilə əsasında ixtisaslaşmış yerli
və xarici hüquqi və fiziki şəxslər (fərdi
sahibkarlar) cəlb edilirlər.
2.3. Hər bir
daxili bazar araşdırmasının aparılmasına görə
ödənilən dəstək məbləği 20000 (iyirmi
min) manatdan artıq ola bilməz.
2.4. Mikro
sahibkarlıq subyektinin müraciəti əsasında
aparılan hər bir daxili bazar araşdırmasına
çəkilən xərcin 80 (səksən) faizi
maliyyələşdirilir, qalan hissəsini isə
müraciət edən subyekt ödəyir.
2.5. Kiçik
sahibkarlıq subyektinin müraciəti əsasında
aparılan hər bir daxili bazar araşdırmasına
çəkilən xərcin 50 (əlli) faizi
maliyyələşdirilir, qalan hissəsini isə
müraciət edən subyekt ödəyir.
2.6. Orta
sahibkarlıq subyektinin müraciəti əsasında bu
Qaydanın 3.1.2-ci yarımbəndində müəyyən
edilmiş dəstək tədbiri həyata keçirilir.
2.7. Daxili bazar
araşdırması üçün tələb olunan
dəstək məbləğinin miqdarını Agentlik
müəyyən edir.
2.8. KOB
subyektinin müraciəti əsasında
maliyyələşdirilən daxili bazar araşdırmaları
hesabat (arayış, rəy və s.) formasında
hazırlanır və hazırlanmasını sifariş
etmiş KOB subyektinə təqdim edilir. Hesabatın (arayışın,
rəyin və s.) forması, tərkibi, onun əhatə
edəcəyi sahələr və hesabata (arayışa,
rəyə və s.) dair digər tələblər bazar
araşdırmasının aparılmasına dair
müqavilə ilə müəyyən edilir. KOB subyektinin
müraciəti əsasında hazırlanmış bazar araşdırmalarına
dair hesabat (arayış, rəy və s.) digər sahibkarlara
verilmir və həmin hesabatın (arayışın, rəyin
və s.) hazırlanması barədə qeyd KOB
subyektlərinin vahid reyestrində ünvanlı olaraq
yerləşdirilir.
2.9. Agentliyin
təşəbbüsü əsasında aparılan daxili
bazar araşdırmalarının nəticələri KOB
subyektlərinə ödənişsiz təqdim edilir.
2.10. Bu Qayda
ilə müəyyən edilmiş dəstək
tədbirləri aşağıdakılara şamil edilmir:
2.10.1. kredit
və sığorta təşkilatlarına, investisiya
fondlarına, qeyri-dövlət pensiya fondlarına, qiymətli
kağızlar bazarının peşəkar
iştirakçılarına, lombardlara;
2.10.2.
hasilatın pay bölgüsü haqqında sazişlərin
iştirakçılarına, oyun və mərc
sahəsində sahibkarlıq fəaliyyəti ilə
məşğul olanlara;
2.10.3. idxal
olunan məhsulların yayılmasını
(satışını, reklamını, təbliğini və
s.) həyata keçirən (distribüterlik fəaliyyəti)
KOB subyektlərinə;
2.10.4. “Valyuta
tənzimi haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə qeyri-rezidentlərə aid edilən
şəxslərə;
2.10.5. silah,
həmçinin faydalı qazıntıların hasilatı
və satışı ilə məşğul olanlara;
2.10.6. əsas
fəaliyyət növlərindən biri daşınmaz
əmlakın icarəyə verilməsi olanlara;
2.10.7.
müflis elan olunmuşlara, yaxud barələrində iflas
proseduruna başlananlara, ləğv mərhələsində
olan hüquqi şəxslərə, sahibkarlıq
fəaliyyəti ləğv (dayandırılma)
mərhələsində olan fərdi sahibkarlara;
2.10.8.
dövlət büdcəsinə, vergilər, işsizlikdən
sığorta və məcburi sosial sığorta üzrə
ödəmə vaxtı keçmiş borcları olanlara,
dövlət dəstəyinin göstərilməsi
şərtlərini pozmaqla dövlət dəstəyini
alanlara, yaxud büdcə vəsaitinin məqsədli
təyinatını pozmaqla dövlət dəstəyindən
istifadə edənlərə;
2.10.9. nizamnamə
kapitalında dövlətin, qeyri-kommersiya
təşkilatlarının, xeyriyyə (əlilliyi olan şəxslərin
təşkilatları istisna olmaqla) və digər fondların
payı 25 faiz və ondan artıq olan hüquqi
şəxslərə, habelə Agentliyin
işçilərinə və onların yaxın
qohumlarına (əri (arvadı), valideynləri, o
cümlədən ərinin, arvadının valideynləri,
babaları və nənələri, övladları,
övladlığa götürənləri (götürülənləri),
qardaşları və bacıları);[1]
2.10.10.
sərbəst zonaların, xüsusi iqtisadi zonaların,
sənaye və ya texnologiyalar parklarının
rezidentlərinə;
2.10.11.
məhkumluğu ödənilməmiş və ya götürülməmiş
şəxslərə və ya onların təsis etdikləri
digər hüquqi şəxslərə.
3.
Dövlət dəstəyinin formaları və
maliyyələşmə mənbələri
3.1. Daxili bazar
araşdırmalarının aparılmasına dövlət
dəstəyi aşağıdakı formalarda həyata
keçirilir:
3.1.1. Bu
Qaydanın 2.4-cü, 2.5-ci, 2.6-cı və 2.9-cu
yarımbəndlərində nəzərdə tutulan
tədbirlər;
3.1.2.
təlimlərin və seminarların ödənişsiz qaydada
keçirilməsi və təlim prosesində
müəyyən edilən sahələrdə mütəmadi
informasiya dəstəyinin göstərilməsi.
3.2. Daxili bazar
araşdırmalarının aparılmasına görə
dövlət dəstəyinin maliyyəşdirilmə
mənbələri aşağıdakılardır:
3.2.1.
Agentliyə dövlət büdcəsindən
ayrılmış vəsait;
3.2.2. Agentliyin
fəaliyyəti nəticəsində əldə etdiyi
sərbəst vəsait;
3.2.3. qrantlar,
ianələr, texniki və maliyyə yardımı;
3.2.4.
sahibkarlıq subyektlərinin sosial məsuliyyət
çərçivəsində ayırdıqları
vəsait;
3.2.5. KOB
subyektlərinin bu məqsədlər üçün
ayırdıqları vəsait;
3.2.6.
qanunvericilikdə nəzərdə tutulan digər
mənbələr.
4.
Daxili bazar araşdırmalarının aparılması
üçün müraciətlər
4.1. Bu Qaydaya
əsasən dəstək alması üçün
müraciət edənlər KOB subyektləri meyarlarına
uyğun gəlməlidirlər. Müraciət edənin KOB
subyektinə aid olmasının
müəyyənləşdirilməsi üçün
dövlət orqanlarının və digər qurumların
apardığı elektron informasiya ehtiyatlarından (məlumat
bazaları, məlumat-axtarış sistemləri, reyestrlər
və digər informasiya resursları) istifadə edilir. Bu
mümkün olmadığı halda həmin
sənədlərin (kommersiya hüquqi şəxslərin
reyestrindən çıxarış, vergi uçotuna
alınması haqqında şəhadətnamə, bu
Qaydanın 5.1.2-ci, 5.1.3-cü bəndlərində
göstərilən sənədlər) təqdim edilməsi
KOB subyektindən tələb olunur.
4.2. Daxili bazar
araşdırmaları bir neçə KOB subyektinin bir
araşdırma mövzusu əsasında birgə
müraciəti ilə də aparıla bilər.
4.3. Agentlik KOB
subyektlərinin müvafiq sahədə daxili bazar
araşdırmasının aparılması barədə
müraciətini rəsmiləşdirir və daxili bazar
araşdırmalarının aparılmasına
yönəldilən maliyyə vəsaitindən
səmərəli istifadə edilməsi prinsipini rəhbər
tutaraq sözügedən sahədə daxili bazar
araşdırmasına uyğun Agentliyin
təşəbbüsü əsasında aparılan daxili
bazar araşdırmalarının olub-olmadığını
təhlil edir.
4.4. KOB
subyektinin müraciətində qeyd olunan sahə üzrə
daxili bazar araşdırmasının Agentliyin
təşəbbüsü əsasında aparılan daxili
bazar araşdırmalarına uyğunluğu müəyyən
edildikdə, bu daxili bazar araşdırması müraciət
etmiş KOB subyektinə təklif olunur. Həmin daxili bazar
araşdırmasında olan məlumatlar müxtəlif
səbəblərdən KOB subyektini qane etmədiyi
təqdirdə, KOB subyektinin əsaslandırılmış
müraciəti əsasında yeni daxili bazar
araşdırmasının aparılması üçün
bu Qaydanın şərtləri nəzərə alınmaqla
müvafiq tədbirlər görülür.
4.5. Bu
Qaydanın məqsədləri üçün daxili bazar
araşdırmalarına dövlət dəstəyinin
göstərilməsi ilə bağlı inzibati icraat
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının
Qanununa uyğun olaraq həyata keçirilir.
5.
KOB subyektlərindən daxil olmuş müraciətlərin
qiymətləndirilməsi meyarları
5.1. Daxili bazar
araşdırmalarının aparılması ilə
bağlı KOB subyektlərindən daxil olmuş
müraciətlərin qiymətləndirilməsi meyarları
aşağıdakılardır:
5.1.1. KOB
subyektlərinin müəyyən sahələr üzrə
kollektiv müraciətləri;
5.1.2. KOB
subyektinin müvafiq məhsul üzrə istehsal potensialı;
5.1.3. KOB subyektinin
müvafiq məhsul üzrə ixrac potensialı;
5.1.4.
sifariş edilən daxili bazar araşdırmaları
barədə məlumatların KOB subyektlərinin vahid
reyestrində olmaması və ya belə bir araşdırma
mövcud olduğu təqdirdə öz
aktuallığını itirməsi.
5.2. Daxili bazar
araşdırmalarının aparılması ilə
bağlı daxil olmuş müraciətlər
qiymətləndirilərkən bu Qaydanın 5.1-ci
bəndində müəyyən edilmiş meyarlara uyğun,
müxtəlif kateqoriyalara aid KOB subyektlərinə
nisbətən, ilk növbədə, mikro sahibkarlıq
subyektlərinin, kiçik sahibkarlıq subyektlərinin, sonra
isə orta sahibkarlıq subyektlərinin müraciətləri
təmin edilir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 14 avqust
2020-ci il tarixli 1136
nömrəli Azərbaycan Respublikası Prezidentinin
Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, ¹
160, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8,
maddə 1039)
FƏRMANA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 avqust 2020-ci il tarixli 1136 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 15 avqust 2020-ci il, ¹ 160, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-cü il, ¹ 8, maddə 1039) ilə “Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin rəqabətqabiliyyətli istehsalının stimullaşdırılması məqsədilə daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərilməsi Qaydası”nın 2.10.9-cu yarımbəndində “əlillər” sözü “əlilliyi olan şəxslərin” sözləri ilə əvəz edilmişdir.