“Azərbaycan
dilinin Orfoqrafiya Normaları”nın təsdiq edilməsi
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan
Respublikasında dövlət dili haqqında” Azərbaycan
Respublikası Qanununun tətbiq edilməsi barədə”
Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 2 yanvar
tarixli 835 nömrəli Fərmanının 2.1-ci
bəndinə əsasən, Azərbaycan Respublikasının
Dövlət Dil Komissiyası ilə razılaşdırmaqla,
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1.
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilsin
(əlavə olunur).
2.
Azərbaycan dilinin orfoqrafiya qaydaları”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2004-cü il 5 avqust
tarixli 108 nömrəli Qərarının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 8,
maddə 654; 2015, ¹ 6, maddə 775) 1-ci hissəsi ləğv
edilsin.
3. Bu
Qərarda dəyişikliklər Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti
orqanlarının normativ hüquqi aktlarının
hazırlanması və qəbul edilməsi qaydası
haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun
edilə bilər.
Azərbaycan Respublikasının Baş naziri
Novruz MƏMMƏDOV
Bakı şəhəri, 16 aprel 2019-cu
il
¹ 174
|
Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2019-cu
il 16 aprel tarixli 174 nömrəli Qərarı ilə təsdiq edilmişdir. |
Azərbaycan dilinin Orfoqrafiya Normaları
1. Azərbaycan mənşəli sözlərin
yazılışı
1.1.
Azərbaycan dilinin lüğət tərkibindəki
Azərbaycan mənşəli sözlər, əsasən,
tələffüz edildiyi kimi yazılır: addım, dəniz, gəlin, günəş,
qoşun, oğul, qaranquş və s.
1.2. Son
səsi [x], bəzən də [ğ] kimi tələffüz olunan
Azərbaycan mənşəli sözlər q hərfi
ilə yazılır: ayaq, barmaq,
bulaq, dayanacaq, qatıq, qonaq, qorxaq və s. Bu
qəbildən olan sözlərə saitlə başlanan
şəkilçi qoşulduqda q~ğ
əvəzlənməsi
baş verir: otağa, bulağın,
qonağımız və s.
1.3. Son
səsi [xʹ] kimi
tələffüz olunan çoxhecalı Azərbaycan
mənşəli sözlər k
hərfi
ilə yazılır: bilək,
birlik, külək, ürək, üzərlik, üzük və s. Bu qəbildən olan
sözlərə saitlə başlanan şəkilçi
qoşulduqda k~y əvəzlənməsi
baş verir: biləyi, birliyimiz, ürəyim,
üzüyün və
s.
Qeyd.
Son səsi [k] kimi tələffüz
olunan alınma sözlərə saitlə başlanan
şəkilçi qoşulduqda heç bir dəyişiklik
baş vermir: əmlak – əmlaka, iştirak –
iştirakımız, şərik – şəriki və s.
1.4. Son
səsi [t], bəzən də [d]
kimi tələffüz olunan çoxhecalı Azərbaycan
mənşəli sözlər d
hərfi
ilə yazılır: bulud,
palıd, söyüd və s.
1.5. Son
səsi [ç], bəzən
də [c] kimi tələffüz
olunan sözlər c hərfi
ilə yazılır: qılınc,
ülgüc, kərpic və s.
2. Alınma sözlərdə saitlərin
yazılışı
2.1.
Tərkibində o hərfi olan
alınma sözlər [a] və ya [o]
ilə tələffüz edilməsindən asılı
olmayaraq, o ilə yazılır: avtomat, kollec, kollektiv, laborant, Moskva, motor, obyekt, Odessa, poema, poeziya, problem, professor, solist, velosiped və
s.
2.2. İkinci
hecasındakı saiti [i], bəzən
də [ü] kimi
tələffüz olunan ərəb mənşəli
sözlər tarixi-ənənəvi prinsipə əsasən i
ilə yazılır: külli,
müdir,
müdrik, müflis, müxbir,
müxlis, münbit, münsif, mürid, mürşid, müsibət
və
s.
Qeyd.
Mühüm, müşkül və üfüq sözlərindəki ikinci heca ü hərfi ilə yazılır.
2.3.
Mənbə dildə [u] saitli
alınma sözlər ü hərfi ilə
yazılır: bülleten,
büro, jüri, karbürator, kompüter, paraşüt, süjet, şlüz və
s.
2.4.
Mənbə dildə a hərfi
ilə bitən alınma sözlər iki cür
yazılır:
2.4.1. aksiom, anket, aptek, atmosfer, diaqram, diaspor, fabrik, fonem,
kaset, kayut, konfet, kontor, qəzet, qrafem, qravür, leksem, lent,
maşın, perspektiv, planet, proqram, pyes, reklam, rezin, sistem,
sistern, sitat, teorem, vitrin və s. kimi
sözlərin sonunda a hərfi
yazılmır;
Mənbə
dildə tərkibində qoşa b,
p, n və
m samitləri olan
aşağıdakı sözlərin sonunda a ilə
yanaşı, qoşa samitlərdən biri də
atılır: abreviatur, qrup, ton, diaqram, stenoqram və s.
2.4.2. botanika, doktrina, forma, kamera, qrammatika, norma, poetika,
poeziya, respublika, taktika və s. kimi sözlərin sonunda a yazılır.
2.5.
Mənbə dildə birhecalı sözlər iki cür
yazılır:
2.5.1. iki
saitlə yazılanlar: cisim, eyib, ətir,
feil, fəsil, fikir, heyif, isim, izin, qəbir, qədir, qisim,
meyil, nəsil, ömür, səbir, sətir, sinif, şeir,
şəkil, zehin
və s.;
2.5.2. bir
saitlə yazılanlar: cəbr, əmr,
həbs, həsr, hökm, hüsn, hüzn, kəsr, qəbz, qəhr,
qəsr, nəbz, nəfs, nəsr, sehr, sədr, üzr,
üzv, zülm və
s.
3. Alınma sözlərdə samitlərin
yazılışı
3.1. Rus
dilində tərkibində ö
hərfi
olan alınma sözlərin yazılışında
aşağıdakı qaydalar əsas götürülür:
3.1.1. ümumi
isimlər s hərfi ilə
yazılır: aseton, dosent, konsert, lisey,
kulminasiya, aksiya, sement, sirk və s.;
Qeyd.
Metso, vitse morfemləri
və blits, ratsiya və s.
sözlər istisnadır.
3.1.2.
xüsusi isimlərdə sözün əvvəlində s
(Setkin, Siolkovski və s.),
sözün ortasında və axırında isə ts
(Motsart, Muromets, Vorontsov və s.)
yazılır.
3.2. Rus
dilində tərkibində ù hərfi olan
alınma sözlərin yazılışında
aşağıdakı qaydalar əsas götürülür:
3.2.1.
sözün əvvəlində və sonunda işlənən
ù hərfi
əvəzinə ş
yazılır: Şedrin, Şerba, Şors,
borş
və s.;
3.2.2.
ortasında ù hərfi olan
sözlər qoşa ş ilə
yazılır: meşşan, Vereşşagin və s.
3.3. H
samiti ilə başlanan alınma sözlər h
ilə yazılır: Haaqa,
Hamburq, harmoniya, Havana, Hegel, hektar, Heyne, hidrogen, hippodrom,
hospital, humanizm və
s.
3.4. Birinci
və ikinci hecasındakı samiti həm [m], həm
də [n] kimi tələffüz
olunan alınma sözlər n ilə
yazılır: anbar, günbəz, İstanbul, qənbər,
sünbül, şənbə, tənbəl, zanbaq, zənbil və s.
3.5. -iy, -skiy ilə bitən xüsusi isimlərin
sonundakı y yazılmır: Qordlevski, Qorki, Mayakovski, Yaroslavski və s.
3.6. Kimyəvi
element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium və s.
3.7. Əsli [c]
samitli alınma sözlər c ilə də
yazılır: Cek London, cemper, Siciliya və s.
3.8. Əsli [q] samitli
alınma sözlər incə saitli hecalarda g
ilə yazılır: biologiya,
dialektologiya, general, genezis, geologiya, gigiyena, etimologiya, gitara və s.
3.9. Əsli w
samitli alınma sözlər v
hərfi
ilə yazılır: veb-sayt,
Vilyam, vörd və
s.
3.10. Son
səsi [kʹ] kimi
tələffüz olunan bir qrup alınma sözlər q
hərfi ilə yazılır: filoloq,
ittifaq, müstəntiq, natiq, şəfəq, üfüq, vərəq
və
s. Bu qəbildən olan sözlərin sonuna saitlə
başlanan şəkilçi qoşulduqda, yazıda heç
bir dəyişiklik baş vermir: filoloqa, şəfəqi, üfüqə və s.
4. Qoşasaitli və qoşasamitli sözlərin
yazılışı
4.1.
Kökündə eynicinsli qoşa və müxtəlifcinsli
sait işlənən alınma sözlər qoşa saitlə
yazılır: ailə, bədii, camaat, əcaib,
əmtəə, ideal, maaş, müalicə, okean, saat,
stadion, zəif və
s.
4.2.
Hecalarından biri [p] samiti ilə
bitən, sonrakı hecasının ilk samiti [b]
kimi tələffüz olunan sözlər qoşa p
ilə yazılır: guppultu,
hoppanmaq, şappıltı, tappıltı, toppuz və s.
4.3.
Hecalarından biri [k] samiti ilə
bitən, sonrakı hecasının ilk samiti [g]
kimi tələffüz olunan sözlər qoşa k ilə
yazılır: mürəkkəb, mütəkkə,
səkkiz
və s.
4.4.
Hecalarından biri [t] samiti ilə
bitən, sonrakı hecasının ilk samiti [d]
kimi tələffüz olunan sözlər qoşa t
ilə yazılır: əlbəttə,
hətta, Səttar
və s.
4.5.
Hecalarından biri [kʹ] samiti ilə
bitən, sonrakı hecasının ilk samiti [q]
kimi tələffüz olunan sözlər qoşa q
ilə yazılır: diqqət,
doqquz, nəqqaş, saqqal və s.
4.6.
Mənbə dildə tərkibində qq,
ll, mm, pp, tt
samitləri olan Avropa mənşəli aşağıdakı
alınma sözlər (apellyasiya,
attestasiya və akkreditasiya sözləri istisnadır) bir
samitlə yazılır:
aqlütinativ, paralel, teleqram, aparat, apelyasiya, vat və s.[1]
4.7.
Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi
yazılır: fənn, haqq, hiss, xətt,
küll, rədd, sirr, zənn, zidd və s.
Belə
sözlərə samitlə başlanan şəkilçi
artırıldıqda, qoşa samitlərdən biri
düşür: fənn – fənlər, haqq –
haqsız, xətt – xətdən, sirr – sirlər və s.
Qeyd. Hiss və küll
sözləri istisnadır. Hiss
sözünə yalnız –siz
şəkilçisi artırıldıqda, kökdəki s
samitlərindən biri ixtisar olunur.
4.8.
Mənbə dildə qoşa samitlə bitən iki və ya
çoxhecalı sözlər bir samitlə yazılır: hüsnxət, kilovat, mühüm, rəsmxət və s.
4.9. Söz
ortasında qoşa s samiti olan
aşağıdakı alınma sözlər bir s ilə
yazılır: aksesuar, kaset, masaj, pasaj, şose.
4.10. Söz
sonunda qoşa s samitli
aşağıdakı alınma sözlər bir s
ilə yazılır: ekspres,
konqres, kros, bras, stres və s.[2]
Qeyd. Press (mətbuat) sözü istisnadır.
5. Şəkilçilərin yazılışı
5.1.
Tərkibində a-, anti-, ba-, bi-, na-, pre- ön
şəkilçiləri olan sözlər bitişik
yazılır: anormal, antivirus, baməzə,
bisavad, nalayiq, prepozisiya və s.
Qeyd. Anti şəkilçisindən sonra
xüsusi isim gəldikdə, defis işarəsi qoyulur: Anti-Azərbaycan, Anti-Rusiya və s.
5.2.
Sözdüzəldici şəkilçilər
aşağıdakı üç qaydaya əsasən
yazılır:
5.2.1. ahəng
qanununa tabe olmayan və bir
cür
yazılan şəkilçilər:
-i
şəkilçisi: samitlə bitən sözlərdə -i;
cənubi, daxili, elmi, həyati,
Naxçıvani, şimali, Şirvani, tarixi və s; saitlə
bitən sözlərdə isə şəkilçinin
əvvəlinə v samiti
artırılır: ailəvi,
dairəvi, Gəncəvi, kütləvi və s.;
-vari
şəkilçisi: buynuzvari,
qalxanvari, üzükvari, yüngülvari və s.;
-keş şəkilçisi: qayğıkeş, zəhmətkeş, cəfakeş;
-daş şəkilçisi: yoldaş, əməkdaş, yurddaş, soydaş;
-stan
şəkilçisi: samitlə bitən sözlərdə
şəkilçinin əvvəlinə ahəng qanununa
uyğun olaraq ı, i, u, ü
saitlərindən biri artırılır: Dağıstan, Türkmənistan, Monqolustan,
Türküstan; saitlə
bitən sözlərdə isə şəkilçi
olduğu kimi qalır: Gürcüstan;
-gil şəkilçisi:
bacımgil, xalamgil, Əhmədgil və s.;
-zadə şəkilçisi: xanzadə, bəyzadə, Axundzadə və s.;
5.2.2. iki cür yazılan şəkilçilər:
kar samitlə
bitən sözlərdə: -qan,
-kən; cingiltili
samitlə bitən sözlərdə -ğan, -gən şəkilçisi: çalışqan, yapışqan,
döyüşkən, sürüşkən, deyingən və s.;
-ağan, -əyən şəkilçisi: qaçağan, güləyən, küsəyən
və
s.;
5.2.3. dörd cür yazılan
şəkilçilər:
-kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki,
gündüzkü və s.;
sifət
və isim düzəldən -ı,
-i, -u, -ü
şəkilçisi: darçını,
badımcanı, narıncı, çərkəzi, armudu,
gümüşü və s.;
saitlə
bitən sözlərdə bu şəkilçinin
əvvəlinə y samiti
artırılır: bənövşəyi,
buğdayı, xurmayı, sürməyi və s.
5.3. Feil
köklərindən isim və sifət düzəldən
şəkilçilər:
5.3.1. kar samitlə bitən sözlərdə:
-qı, -ki, -qu, -kü şəkilçisi: asqı, seçki, pusqu, sürtkü və s.;
-qın, -kin, -qun, -kün
şəkilçisi: satqın,
bitkin, tutqun, ötkün və s.;
5.3.2. cingiltili samitlə bitən sözlərdə:
-ğı, -gi, -ğu -gü
şəkilçisi: çalğı,
vergi, vurğu, bölgü və s.;
-ğın, -gin, -ğun, -gün
şəkilçisi: qırğın,
əzgin, yorğun, süzgün və s.
5.4.
Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət
və hal şəkilçiləri əlavə edildikdə,
şəkilçidən əvvəl defis qoyulur: 2-yə, 3-də, 5-i, 6-nın, 17-si, 20-dən.
Rəqəmlərdən sonra ahəng qanununa görə
sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 2-ci, 3-cü, 6-cı, 10-cu.
5.5. Roma
rəqəmlərindən sonra şəkilçi
yazılmır: beşinci – V, onuncu – X və s.
6. Mürəkkəb sözlərin
yazılışı
6.1.
Aşağıdakı hallarda sözlər bitişik yazılır:
6.1.1. bir
vurğu ilə deyilən müxtəlifmənalı
sözlər: arabir, balacaboy, beşillik,
beşmərtəbəli, bugünkü, dilucu, əmioğlu,
bacıoğlu, xalaoğlu, gülərüz, günəbaxan,
hərgecəki, köhnəfikirli, qalxanabənzər,
qanunvericilik, qarasaçlı, qurultayqabağı, müxtəliftərəfli,
özbaşınalıq, soyuqqanlı, ucdantutma, ümumbəşəri,
yenifikirli və
s.;
6.1.2. eyni feil
kökünün təkrarı və a, ə, ha bitişdiriciləri vasitəsilə
yaranan mürəkkəb isimlər: qaçaqaç,
kəsəkəs, gəlhagəl, tutatut, vurhavur və s.;
Qeyd.
Sözün kökü kar samitlə bitdikdə, ahəng
qanununa görə a, ə, cingiltili
samitlə bitdikdə isə ha
bitişdiricisi yazılır. Gethaget
sözü
istisnadır.
6.1.3. eyni
sözün təkrarı və ba, bə
bitişdiriciləri vasitəsilə yaranan mürəkkəb
zərflər: addımbaaddım, aybaay, günbəgün,
ilbəil və
s.
6.2.
Tərkibində aero-, aqro-, audio-, avia-, avto-, ekzo-, endo-, elektro-, foto-,
makro-, mikro-, mini-, mono-, multi-, nano-, neo-, oksi-, oliqo-, paleo-,
para-, post-, proto-, psevdo-, psixo-, stereo-, super-, tele-, termo-, trans-,
ultra-, ümum- morfemləri
olan mürəkkəb sözlər bitişik yazılır: aeroklub, aqromüxtəliflik, audioəlaqə,
aviasalon, avtopark, endoplazma, mikrocərrahiyyə, elektromaqnit,
fotoçəkiliş, miniavtobus, monopredikativ, monokristal,
multimilyonçu, nanotexnologiya, nanohissəcik, neofaşizm,
neorealizm, oksitetrasiklin, oliqofreniya, paleoxəritə,
paramaqnetizm, postsovet, psixonevroloji, postmodernizm, prototürk,
stereotəsvir, superdövlət, supermarket, teletamaşa,
termoaçar, transmilli, ultrasəs, ümumbəşəri və s.
Qeyd. Bu
morfemlərin bəziləri xüsusi isimlərə
qoşulduqda, defislə yazılır:
trans-Asiya, trans-Avropa, trans-Avrasiya, trans-Qafqaz, paleo-Azərbaycan,
proto-Azərbaycan, ümum-Azərbaycan, ümum-Avropa və s.
6.3.
Tərkibindəki sözlərin səciyyəsindən
asılı olaraq aşağıdakı mürəkkəb
sözlər defislə yazılır:
6.3.1. qoşa
sözlər: adda-budda, aşıq-aşıq,
az-maz, dedi-qodu, əzik-üzük, həlləm-qəlləm,
kağız-kuğuz, qara-qura, qonaq-qara, sür-sümük və s.;
6.3.2.
tərkibində art-, eks-, əks-,
kontr-, qeyri-, ober-, veb-, vitse- morfemləri olan
mürəkkəb sözlər: art-obyekt,
eks-prezident,
əks-səda, kontr-admiral, qeyri-adi, qeyri-iradi, ober-leytenant,
veb-dizayner,
veb-səhifə, vitse-admiral;
6.3.3.
izafət birləşmələri: həddi-büluğ,
külli-aləm, külli-ixtiyar, nöqteyi-nəzər, tərcümeyi-hal,
tərzi-hərəkət və s.;
6.3.4.
mürəkkəb coğrafi sözlər: cənub-qərb, şərq-qərb, şimal-şərq
və
s.;
6.3.5.
tərkibində mənaca bir-birinə yaxın və ya əks
anlayışları bildirən sözlər: ab-hava, adlı-sanlı, ağıllı-kamallı,
az-çox, baş-ayaq, dərə-təpə, dinməz-söyləməz,
elə-belə, gec-tez, iki-üç, naz-qəmzə, nəvə-nəticə,
ölüm-itim, pis-yaxşı, söz-söhbət, təhvil-təslim,
ucsuz-bucaqsız və
s.;
6.3.6.
ölçü vahidlərini bildirən isimlər: kiloelektron-volt, kilovat-saat, qram-kalori və s.;
6.3.7. birinci
tərəfi sifətin dərəcə əlaməti kimi
işlənən açıq və tünd sözlərinin, eləcə də
müəyyən məna çaları bildirən ala
sözünün iştirakı ilə yaranan
mürəkkəb sifətlər: açıq-sarı,
tünd-göy, ala-seyrək və s.
Qeyd.
Tərkibində təhər morfemi olan
sifətlər istisnadır: bu cür sözlər bitişik
yazılır: göytəhər, sarıtəhər və s.
7. Köməkçi sözlərin
yazılışı
7.1. İdi, imiş, ikən köməkçi
sözləri adlardan (isim, sifət, say, əvəzlik),
saitlə bitən zərflərdən və feillərdən
sonra ayrı, samitlə bitən feillərdən sonra həm
ayrı, həm də ilk saiti buraxılaraq,
şəkilçiləşmiş variantlarda bitişik
yazılır: uşaq idi, uşaq ikən,
uşaq imiş, gəlirkən, gəlirmiş, gəlməli
idi, gəlməli ikən, gecə idi, gecə ikən, gəlməli
imiş, gəlmiş imiş, gəlmişdi və s.
Qeyd. Saitlə
bitən feillərdən sonra gələn bu
köməkçi sözlər ilk saiti buraxılaraq, y
bitişdiricisinin əlavəsi ilə bitişik də
yazıla bilər: almalıydı, gəlməliymiş,
alaydı, alasıydı, gəlməliydi və s.
7.2.
Qoşmalar iki cür yazılır:
7.2.1.
təkhecalı qoşmalar (-can,
-cən, -dək, -tək) aid olduqları
sözə bitişik yazılır: dağacan,
evəcən, küçəyədək, quştək və s.;
7.2.2.
ikihecalı qoşmalar (ilə,
kimi, qədər, ötrü, təki, üçün) aid
olduqları sözdən ayrı yazılır: gəmi ilə, adam kimi, ondan ötrü, sənin təki,
şagird üçün və s.
Qeyd. 1.
İlə qoşması
samitlə bitən sözlərdə ahəng qanununa uyğun
olaraq -la, -lə şəklində
bitişik yazıla bilər: qatarla, qələmlə və s.
2. Etibarilə, məqsədilə, münasibətilə,
vasitəsilə
sözləri bitişik yazılır.
7.3.
Mənşəcə mürəkkəb olan
bağlayıcılar bitişik yazılır: çünki, habelə, halbuki, həmçinin, hərçənd,
hərgah, nəinki, yaxud, yainki və s.
7.4. Tərkibi
bağlayıcılar və bağlayıcı sözlər
ayrı yazılır: belə ki,
buna görə, buna görə də, bunun üçün,
bununla da, daha da, guya ki, həm də, odur ki, ona görə də,
ona görə, onun üçün də, tutaq ki, və ya, və
yaxud, kim ki, o zaman ki, onda ki və s.
7.5. Ədatlar
aid olduqları sözlərdən ayrı yazılır: daha gözəl, dedim də, di get, ən
yaxşı, gör ha, lap pis, sən ki və s.
-mı, -mi, -mu, -mü; -sana, -sənə, -ca, -cə ədatları
aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Oxudumu? A kos-kosa,
gəlsənə, torbanı doldursana!
Yaxşıca dincəldim.
İndicə gəlmişik və s.
7.6. Eyni
nidanın təkrarından əmələ gələn nidalar
defislə yazılır: bəh-bəh,
ha-ha-ha, pəh-pəh, uy-uy, vay-vay və s.
7.7.
Müxtəlif sözlərdən əmələ
gələn nidalar ayrı yazılır: ay aman, ay haray.
8. Birinci hərfi böyük yazılan sözlər
8.1. Ad, soyad,
təxəllüs və ləqəb bildirən
sözlərin (bəy, oğlu
və qızı
sözlərindən başqa) birinci hərfi böyük
yazılır: Nizami Gəncəvi, İmadəddin
Nəsimi, Uzun Həsən, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Mirzə Fətəli
Axundzadə, Xan qızı Natəvan, Süleyman Sani Axundov,
Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli,
Mehdi Hüseynzadə, Səməd Vurğun, Süleyman
Rüstəm, Bəxtiyar Vahabzadə və s.
Qeyd.
Xüsusi isimlər cəm şəkilçisi qəbul
etdikdə də böyük hərflə yazılır: Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzi
Aslanovlar, Mehdi Hüseynzadələr və s.
8.2. Bədii
əsərlərdə heyvanlara və cansız əşyalara
verilən adlar böyük hərflə yazılır: Alapaça, Badə, Bəng, Bozdar, Qırat, Məstan
və
s.
8.3. Tarixi
hadisələrin, dövrlərin, sülalələrin,
eləcə də qədim yazılı abidələrin
və s. adlarının birinci sözünün ilk hərfi
böyük yazılır: Azadlıq
meydanı, Çaldıran döyüşü, Dəmir
dövrü, Orxon-Yenisey abidələri, Sasanilər
dövrü, Səfəvilər sülaləsi, Şuşa
qalası, Versal sülhü, Vətən müharibəsi,
Yeddiillik müharibə və s. Belə mürəkkəb
adlara fərqləndirici söz əlavə olunduqda, onun da
birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü, Son Paleolit dövrü.
8.4.
Ölkələrin, muxtar respublikaların, vilayət və
diyarların rəsmi adlarının tərkibindəki
bütün sözlərin ilk hərfi böyük
yazılır: Azərbaycan Respublikası, Birləşmiş
Ərəb Əmirlikləri, İran İslam Respublikası,
Naxçıvan Muxtar Respublikası və s.
8.5. Səmavi
kitabların, fəza cisimlərinin adları böyük
hərflə yazılır: Quran,
Bibliya, Əhdi-cədid, Əhdi-ətiq, İncil, Tövrat, Zəbur,
Ülkər, Günəş, Ay, Yupiter, Saturn, Venera və s.
8.6.
Ali dövlət vəzifələri - Azərbaycan
Respublikasının Prezidenti, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Azərbaycan Respublikasının Baş
naziri, Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi
yazılır. Dövlət orqanları (qurumları), birlik,
cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi
partiya, tarixi günlər və s. bu kimi mürəkkəb
adların bütün sözlərinin (adına, üzrə,
və, yanında, qarşı və s. bu kimi
yardımçı sözlərdən başqa) birinci
hərfi böyük yazılır: Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Milli Məclisi, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi
adına Dilçilik İnstitutu, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Yeni Azərbaycan Partiyası,
Azərbaycan Respublikasının Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə
Dövlət Xidməti, Bakı Şəhər İcra
Hakimiyyəti, Ağstafa Rayon Təhsil Şöbəsi və
s.[3]
Qeyd. 1.
Dövlət rəmzlərinin,
həmçinin tərkibində gün sözü
olan və təqvimə düşən əlamətdar
günlərin adlarında bütün sözlər
böyük hərflə yazılır: Azərbaycan Respublikasının Dövlət Himni, Beynəlxalq Ana Dili Günü, Beynəlxalq
Qadınlar Günü, Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü və s.[4]
2.
Məşhur tarixi gün və bayram adlarında yalnız
birinci sözün ilk hərfi böyük yazılır: İyirmi yanvar, İyirmi səkkiz may, Səkkiz mart,
Qurban bayramı, Novruz bayramı və s. Həmin
günlər rəqəmlə göstərilərsə, 20
Yanvar, 28 May, 8 Mart və s. rəqəmdən sonrakı birinci
sözün ilk hərfi böyük yazılır.
3.
Azərbaycan Respublikasının səhiyyə naziri,
Azərbaycan Respublikasının kənd
təsərrüfatı naziri tipli mürəkkəb adlarda
sahə (səhiyyə) və vəzifə (nazir) bildirən
sözlər kiçik hərflə yazılır.[5]
4.
Tərkibində lisey, gimnaziya, vəqf, məktəb,
fakültə, şöbə sözləri olan
mürəkkəb adlarda ilk söz böyük, sonrakı
sözlər kiçik hərflə yazılır: Avropa liseyi, Dəyanət vəqfi, Humanitar fənlər
gimnaziyası, Humanitar siyasət məsələləri
şöbəsi, Uşaq-gənclər şahmat məktəbi,
BDU-nun Filologiya fakültəsi, Nəsimi adına Dilçilik
İnstitutunun Terminologiya şöbəsi və s.
5.
Tərkibində okean, dəniz, çay, göl, şəhər,
rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə,
xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun,
körpü, düzənlik, dağ, səhra, dərə
sözləri olan adlarda ilk söz böyük hərflə
yazılır: Sakit okean, Xəzər dənizi,
Qara dəniz, Kür çayı, Baykal gölü, Bakı
şəhəri, Salyan rayonu, Şüvəlan qəsəbəsi,
Hökməli kəndi, Neftçilər prospekti, Azadlıq
meydanı, Əhməd Cavad küçəsi, Şəhidlər
xiyabanı, Səadət sarayı, Ramana qalası, Möminə
xatun türbəsi, Şirvan qoruğu, Dardanel boğazı,
Mil düzü, Nargin adası, Xudafərin körpüsü,
Culfa düzənliyi, Kəpəz dağı, Qaraqum səhrası,
İynə burnu.
8.7. Fəxri
adların özək hissəsini təşkil edən ilk
söz böyük hərflə, sonrakı sözlər
kiçik hərflə yazılır: Əməkdar müəllim, Əməkdar incəsənət
xadimi, Xalq şairi
və s.
Qeyd.
Azərbaycanın Milli Qəhrəmanı,
Sovet İttifaqı Qəhrəmanı mürəkkəb
adlarında hər üç söz böyük
hərflə yazılır.
8.8. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet,
jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran və s.
adları dırnaqda və birinci
sözü böyük hərflə yazılır: “Vətənə xidmətə
görə” ordeni, “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı, “Ata və oğul” povesti, “Yeddi gözəl” baleti,
“Uzaq sahillərdə” filmi, “Azərbaycan” qəzeti, “Cücələrim”
kafesi, “Bahar” mağazası, “Badamlı” mineral suyu və s.[6]
Qeyd.
Dırnaqda yazılan belə adlara artırılan
şəkilçi dırnaqdan kənarda yazılır: “Xalq qəzeti”nin bugünkü nömrəsi, “Yeddi
gözəl”in ilk tamaşası və s.
8.9. Mirzə, hacı, şeyx, seyid, şah, sultan, bəyim və s.
sözlər rütbə, ləqəb və titul bildirib,
aid olduğu sözlərdən əvvəl gəldikdə
böyük hərflə, sonra gəldikdə isə
kiçik hərflə yazılır:
Hacı Qara, Mirzə Fətəli, Nadir şah, Seyid Əzim,
Sultan Süleyman, Şah İsmayıl, Şeyx Nəsrullah və s.
Qeyd.
Ağa, bəy, xan, xanım
sözləri insan adlarının tərkib hissəsi kimi
işləndikdə bitişik yazılır: Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan,
Böyükxanım və s. Həmin sözlər adlara
qoşularaq titul kimi və ya hörmət məqsədilə
işləndikdə isə ayrı yazılır: Abbasqulu ağa Bakıxanov, Nəcəf bəy Vəzirov,
Fətəli xan Xoyski, Fatma xanım Kəminə və s.
9.
İxtisarlar (akronimlər) və qısaltmalar [7]
9.1. İxtisarlar (akronimlər) və
qısaltmalar aşağıdakı kimi yazılır:[8]
9.1.1. tam
ixtisarlar (akronimlər) və
qısaltmalar aid olduqları sözlərə uyğun olaraq
böyük hərflə yazılır: Azərbaycan Respublikası - AR, Birləşmiş
Millətlər Təşkilatı - BMT, Milli Məclis – MM və s.;[9]
9.1.2. tam
ixtisarlar ümumi isimlərə aid olduqda kiçik
hərflə yazılır:
metr - m, cild - c, və sairə - və s., və
başqaları - və b.;
9.1.3.
yarımçıq ixtisarlar aid olduqları sözlərə
uyğun olaraq, böyük
və ya kiçik hərflərlə, mürəkkəb
adların tərkib hissələri isə bitişik
yazılır: akademik – akad., doktor – dok., dosent -
dos., professor – prof., Azərbaycan
Dövlət Nəşriyyatı
- Azərnəşr və s.[10]
9.2.
İxtisarlara (akronimlərə)
əlavə edilən şəkilçilər son səsin
tələffüzünə uyğun olaraq yazılır: AMEA-dan, MDB-nin, UNESCO-nun,
ISESCO-da, BDU-ya və s.[11]
10. Sözün sətirdən sətrə
keçirilməsi
10.1.
Sözlər sətirdən sətrə hecalarla keçirilir:
və-tən, mək-təb-li-lər
və
s.
Sözün
bir saitdən ibarət olan hecasını sətrin sonunda
saxlamaq və ya yeni sətrə keçirmək olmaz: a-ilə, a-zadlıq, iddi-a və s. Bu
qəbildən olan sözlər sətirdən sətrə bu
şəkildə keçirilir: ai-lə,
azad-lıq, id-dia
və s.
10.2. Saylar
rəqəmlə yazıldıqda, onlara artırılan
şəkilçilər sətirdən sətrə keçirilmir:
5-cilər, 7-ci, 9-da və s.
10.3.
Mürəkkəb ixtisarlar və onlara artırılan
şəkilçilər sətirdən sətrə
keçirilmir.
10.4. Ad və
ata adlarının bir hərfdən ibarət
qısaltmalarını (M.F.Axundzadə,
M.S.Ordubadi, Y.V.Çəmənzəminli və s.)
sətrin sonunda saxlamaq olmaz.
10.5. Durğu
işarələri yeni sətrə keçirilmir.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
1. 3 noyabr 2020-ci il tarixli 438 nömrəli
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
4.6-cı bəndinə “alınma
sözlər” sözlərindən sonra “(apellyasiya, attestasiya və akkreditasiya sözləri
istisnadır)” sözləri əlavə edilmişdir və
həmin bənddən “,
apelyasiya” sözü çıxarılmışdır.
[2] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
4.10-cu bəndində “stres.”
sözü “stres və s.”
sözləri ilə əvəz edilmişdir.
[3] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
8.6-cı bəndinin birinci abzası yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
8.6.
Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan
Respublikasının Baş Naziri, Azərbaycan Respublikası
Milli Məclisinin Sədri), nazirlik, komitə,
birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr,
filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin
və s. mürəkkəb adların tərkibindəki bütün
sözlərin (adına,
üzrə,
yanında, qarşı kimi
yardımçı sözlərdən başqa) birinci
hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan
Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan
Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik
İnstitutu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi,
Yeni Azərbaycan Partiyası, Müslüm Maqomayev adına Azərbaycan
Dövlət Filarmoniyası, Azərbaycan Dövlət Nəşriyyatı,
Bakı Şəhər İcra Hakimiyyəti, Ağstafa Rayon Təhsil
Şöbəsi və s.
[4] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
8.6-cı bəndin “Qeyd”inin 1-ci hissəsində “Tərkibində” sözü “Dövlət rəmzlərinin,
həmçinin tərkibində” sözləri ilə
əvəz edilmişdir və həmin hissəyə “yazılır:”
sözündən sonra “Azərbaycan
Respublikasının Dövlət Himni,” sözləri
əlavə edilmişdir.
[5] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
8.6-cı bəndin “Qeyd”inin 3-cü hissəsi yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
3. Azərbaycan Respublikasının Səhiyyə
naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
naziri tipli
mürəkkəb adlarda sahə bildirən söz (Səhiyyə) böyük,
vəzifə bildirən söz (nazir) kiçik
hərflə yazılır.
[6] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
8.8-ci bəndinə “dırnaqda
və” sözlərindən sonra “birinci sözü” sözləri əlavə edilmişdir
və həmin bənddə “İstiqlal”
ordeni, “Azərbaycan Bayrağı” ordeni” sözləri “Vətənə xidmətə
görə” ordeni, “Dövlət qulluğunda
fərqlənməyə görə” medalı”
sözləri ilə əvəz edilmişdir.
[7] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
9-cu hissəsinin adı yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
9. İxtisar və qısaltmalar
[8] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
9.1-ci bəndində “İxtisar
və qısaltmalar” sözləri “İxtisarlar (akronimlər) və qısaltmalar”
sözləri ilə əvəz edilmişdir.
[9] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
9.1.1-ci yarımbəndinə “ixtisarlar”
sözündən sonra “(akronimlər)”
sözü əlavə edilmişdir.
[10] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın
9.1.3-cü yarımbəndində “böyük və” sözləri “böyük və ya” sözləri ilə və “Azərbaycan Nəşriyyatı”
sözləri “Azərbaycan
Dövlət Nəşriyyatı” sözləri ilə
əvəz edilmişdir.
[11] 3 noyabr 2020-ci il tarixli 438 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 4 noyabr 2020-ci il, ¹ 229, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1382) ilə “Azərbaycan dilinin Orfoqrafiya Normaları”nın 9.2-ci bəndə “İxtisarlara” sözündən sonra “(akronimlərə)” sözü əlavə edilmişdir və həmin bənddə “UNESKO-nun, İSESKO-da” sözləri “UNESCO-nun, ISESCO-da” sözləri ilə əvəz edilmişdir.