“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi:

2.1. bu Sərəncamın 1-ci hissəsi ilə təsdiq edilən Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin;

2.2. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.

3. Tədbirlər Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirsin.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 fevral 2019-cu il

               № 935

 

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2019-cu il 7 fevral tarixli 935 nömrəli Sərəncamı ilə

təsdiq edilmişdir

 

 

Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün

 

Tədbirlər Planı

 

 

 


 

Mündəricat

 

1. QISA XÜLASƏ .......................................................................................................................3

2. QLOBAL TRENDLƏR ..........................................................................................................4

2.1. Plastik qablaşdırma tullantılarının səmərəli idarə edilməsi .............................................4

2.2. Plastik tullantıların yaranması tempinin azaldılması ........................................................5

4. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ ..................................................................................7

4.1. Plastik qablaşdırma tullantılarının idarə olunması sektorunun GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlili ..............................................................................................9

5. STRATEJİ BAXIŞ .................................................................................................................10

5.1. 2020-ci ilədək strateji baxış .....................................................................................................10

5.2. 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış ...........................................................10

5.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı .....................................................................10

6. HƏDƏF İNDİKATORLARI ..............................................................................................12

7. STRATEJİ MƏQSƏDLƏR .................................................................................................13

7.1. Strateji məqsəd 1. Plastik qablaşdırma tullantılarının səmərəli idarə edilməsi.....................................................................................................................................................13

7.1.1. Prioritet 1.1. Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində potensialın artırılması .................................................................................................................................................13

7.1.2. Prioritet 1.2. Plastik qablaşdırma tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi ....................................................................................................................................15

7.1.3. Prioritet 1.3. Plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə məlumat bazasının yaradılması .............................................................................................................................17

7.2. Strateji məqsəd 2. Plastik tullantıların yaranma tempinin azaldılması ........................18

7.2.1. Prioritet 2.1. Plastik qablaşdırma materiallarından istifadənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması ...................................................................................................................................18

7.2.2. Prioritet 2.2. Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasının, yaranma tempinin azaldılmasının, o cümlədən alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi...............................................19

8. TƏDBİRLƏR PLANININ MALİYYƏLƏŞDİRİLMƏSİ ..............................................22

9. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ .....................................................23

10. TƏDBİRLƏR PLANI ........................................................................................................25

 

 

 


 

1. QISA XÜLASƏ

 

“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı” (bundan sonra - Tədbirlər Planı) Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə müvafiq olaraq, plastik qablaşdırma məhsullarından kütləvi istifadənin bitkilərə, heyvanlara, torpaq və su resurslarına mənfi təsirinin qiymətləndirilməsi əsasında bu sahədə çirklənmənin azaldılması ilə bağlı tədbirlərin icrası məqsədilə hazırlanmışdır.

Tədbirlər Planı 2020-ci ilədək strateji baxışı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışını əhatə edir. Burada sahə üzrə idarəetmənin səmərəliliyinə və yüksək xidmət səviyyəsinə nail olmaq üçün genişmiqyaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Tədbirlər Planı hazırlanarkən Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyət araşdırılmış, habelə beynəlxalq təcrübəyə əsaslanaraq plastik qablaşdırma tullantılarının toplanılması, daşınması, utilizasiyası və təkrar emalı zənciri boyunca yüksək səmərəlilik və keyfiyyət səviyyələri, tənzimləyici mexanizmlər, istifadə olunan idarəetmə prinsipləri və digər istiqamətlər üzrə təhlillər aparılmış, plastik tullantılarla bağlı durumun yaxşılaşdırılması üçün dünyanın qabaqcıl ölkələrinin analoji təcrübəsindən istifadə edilməklə strateji məqsədlər müəyyənləşdirilmişdir.

Tədbirlər Planı çərçivəsində görülməsi planlaşdırılan işlər nəticəsində plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılması hədəflənir. Bu məqsədlə, plastik qablaşdırma tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi və səmərəliliyinin artırılması, əlavə xammal bazarının formalaşdırılması, alternativ qablaşdırma vasitələrindən istifadənin genişləndirilməsi, təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli mühitin yaradılması, toplanma və emal sisteminin maliyyələşdirilməsi mənbələrinin formalaşdırılması üçün normativ hüquqi bazanın təkmilləşdirilməsi, habelə beynəlxalq təcrübədən istifadə etməklə, müasir texnologiyalar əsasında yeni müəssisələrin yaradılması, təkrar emal bazarının möhkəmləndirilməsi, yeni iş yerlərinin açılması gözlənilir.

 

2. QLOBAL TRENDLƏR

 

2.1. Plastik qablaşdırma tullantılarının səmərəli idarə edilməsi

Plastik qablaşdırma tullantıları ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Bərk məişət tullantılarının tərkibində plastik tullantıların miqdarı 1960-cı illərdə 1 faizə qədər olmuşdursa, hazırda bu göstərici 12 faizdən çoxdur. Vəziyyəti mürəkkəbləşdirən cəhətlərdən biri də plastik tullantıların təbiətdə yüz illər ərzində parçalanmaması, miqdarının isə ilbəil artmasıdır. Araşdırmalar göstərir ki, bu tullantılar düzgün idarə olunmadığından ətraf mühiti və sututarları çirkləndirir, kənd təsərrüfatı torpaqlarının dərin qatlarına keçərək bitkilərin normal inkişafını ləngidir və məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Digər tərəfdən, həmin tullantılar yanan zaman əmələ gələn toksiki tüstü atmosfer havasını zəhərləyir. Odur ki, plastik tullantıların təbiətə mənfi təsirinin aradan qaldırılması ətraf mühitin qorunması sahəsində prioritet hesab olunur.

Ətraf mühitə təsiri azaltmaq və idarəetmə səviyyəsini təkmilləşdirmək məqsədilə 1994-cü ildə Avropa İttifaqına üzv ölkələr üçün "Qablaşdırma və qablaşdırma tullantıları haqqında” 94/62/EC saylı Direktiv qəbul olunmuşdur. Bu Direktivdə qablaşdırma tullantılarının azaldılmasına, qablaşdırma vasitələrindən təkrar istifadəyə dair müddəalar nəzərdə tutulmuş, qablaşdırma tullantılarının təkrar emalı və utilizasiyası üzrə kvotalar müəyyən edilmişdir. Tullantıların emalı səviyyəsinin inkişafı nəzərə alınaraq, bu kvotalara dövri qaydada yenidən baxılır. Məsələn, Direktivə görə, qablaşdırma tullantılarının 50-65 faizi çeşidlənməli və utilizasiya edilməli, bütün qablaşdırma materiallarının 25-45 faizi təkrar emal olunmalıdır[1]. 2001-ci ildə həmin kvotalara yenidən baxılmış və utilizasiya kvotası 6070 faiz, təkrar emal kvotası isə 55-70 faiz müəyyən edilmişdir.

Avropa İttifaqının üzvü olan dövlətlər qablaşdırma tullantılarının əmələ gəlməsinin qarşısını almaq və bu tullantıların ətraf mühitə təsirini azaltmaq üçün qablaşdırma tullantılarından təkrar istifadə sisteminin formalaşdırılması ilə bağlı tədbirlər görürlər. Eyni zamanda, nəzərdə tutulan hədəflərə nail olmaq üçün qablaşdırma tullantılarının, o cümlədən plastik qablaşdırma tullantılarının qaytarılması və ya toplanılması, təkrar emalı sistemləri tətbiq edilir. Bu məqsədlə bir sıra Avropa ölkələrinin qanunvericiliyi Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmışdır.

Bir sıra Avropa ölkələrində qablaşdırma materiallarının toplanmasının, utilizasiyasının və təkrar emalının maliyyələşdirilməsini qeyri-kommersiya təşkilatları (fondlar) həyata keçirirlər.

Qablaşdırma tullantılarının toplanması və təkrar emalının maliyyələşdirilməsində ilk dəfə olaraq Almaniyada tətbiq olunan “Yaşıl nöqtə” (“Grüne Punkt” – “Green Dot”) sistemindən artıq iyirmiyə yaxın Avropa ölkəsində istifadə olunur. Bu sistem istehsalçının və ya qablaşdırıcılardan sənayedə istifadə edənlərin öz qablaşdırma tullantılarını toplayaraq emal etməsinə və ya bu sahədə ixtisaslaşmış təkrar emal müəssisələrinin maliyyələşdirilməsinə əsaslanır.

Bu sahədə aparılan işlər, tətbiq olunan mexanizmlər nəticəsində hazırda qablaşdırma tullantıları tullantı kimi deyil, təkrar emal materialı kimi yeni əhəmiyyət qazanmışdır. Nəticə etibarilə, bəzi ölkələrdə plastik qablaşdırma tullantılarının 60-70 faizi təkrar emal edilir (şəkil 1).

 

Şəkil 1. Avropa İttifaqına üzv olan ölkələrdə 2005-ci və 2016-cı illərdə plastik qablaşdırma tullantılarının təkrar emal səviyyəsi (faizlə)

 

Mənbə: Avropa İttifaqının Statistika Bürosu (Avrostat)

 

Tullantıların təkrar emalı, eyni zamanda, əhali artımı və iqtisadiyyatın inkişafı ilə əlaqədar təbii ehtiyatların dayanıqlı idarə olunması strateji hədəfi baxımından da mühümdür. Bu səbəbdən dünyanın bir sıra ölkələri tullantıların azaldılması, yenidən istifadəsi və təkrar emalı kimi təməl prinsipləri (“3R - Reduce, Reuse, Recycle”) əsas tutaraq, istehlak tullantılarının səmərəli idarə olunması istiqamətində hədəflər müəyyən etmişlər.

 

2.2. Plastik tullantıların yaranması tempinin azaldılması

 

1950-ci ildə dünya üzrə təxminən 1,5 milyon ton plastik istehsal olunmuşdur. Bu göstərici 1990-cı ildə təxminən 100 milyon tona çatmış, 2015-ci ilə qədər isə 3 dəfə artaraq təxminən 322 milyon ton təşkil etmişdir (şəkil 2).

 

Şəkil 2. 1950-2015-ci illərdə dünya üzrə plastik məmulat istehsalı (milyon tonla)

 

Mənbə: Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO)

 

Sürətlə artan plastik məmulat istehsalı plastik tullantıların, o cümlədən plastik qablaşdırma tullantılarının daha böyük templə çoxalmasına təkan vermişdir. Bu baxımdan, artan plastik tullantıların ətraf mühitə və insan sağlamlığına təsiri səbəbindən plastik tullantıların yaranması tempinin azaldılması istiqamətində qlobal miqyasda bir sıra tədbirlər görülür.

Hazırda bir çox inkişaf etmiş ölkələrdə plastik qablaşdırıcılardan istifadənin azaldılması istiqamətində müvafiq qanunvericilik bazası yaradılır, müxtəlif iqtisadi mexanizmlərdən istifadə edilməklə plastik tullantıların toplanması və təkrar emalı sistemi təkmilləşdirilir. Avropa ölkələrinin bir çoxunda bu məqsədlə plastik torbalardan istifadənin məhdudlaşdırılması istiqamətində əsas tədbir kimi plastik torbaların ödənişli olması və ya ekoloji vergi tətbiqi kimi üsullardan istifadə edilir. Bununla yanaşı, dəfələrlə istifadə oluna bilən parça torbalardan, bakteriyaların və ya digər canlı orqanizmlərin parçalaya biləcəyi çantalardan istifadənin təşviqi də görülən tədbirlər sırasındadır.

Region ölkələrində də plastik tullantıların azaldılması məqsədilə son illərdə bir sıra tədbirlər görülmüşdür. Türkiyədə ilkin mərhələdə bütün satış nöqtələrində qalınlığı 15-50 mikron olan plastik torbaların istifadəçilərə və ya istehlakçılara pulsuz verilməsi qadağan olunmuşdur. Gürcüstanda qalınlığı 15 mikrondan az olan plastik torbaların idxalı, istehsalı və satışı qadağan edilmişdir. Bununla yanaşı, istehsalçılar üçün istehsal etdikləri torbaların üzərinə şirkətin işarəsini və adını qeyd etmək tələbi də qoyulmuşdur.

 

4. MÖVCUD VƏZİYYƏTİN TƏHLİLİ

 

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin minimuma endirilməsi baxımından bu tullantıların səmərəli idarə olunması ilə bağlı tədbirlər görülməsi zəruridir. Son illərdə ölkədə bu istiqamətdə, o cümlədən ətraf mühitin qorunması, təbii resurslardan səmərəli istifadə, tullantıların utilizasiyası, təkrar emalı, təkrar istifadəsi, aztullantılı və ya tullantısız texnologiyaların tətbiqi hədəflərinə nail olmaq istiqamətində bir çox məqsədyönlü işlər görülmüşdür.

 

Şəkil 3. 2009-2017-ci illərdə ölkədə istehsal olunan plastik qablaşdırma məhsulları

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ildə ölkədə istehsal olunan plastik qablaşdırma məhsullarının həcmi 2010-cu illə müqayisədə təqribən 2,5 dəfə artmışdır (şəkil 3). Eyni zamanda, 2009-cu illə müqayisədə 2017-ci ildə ölkəyə 5 dəfə çox plastik qablaşdırıcı idxal edilmişdir (şəkil 4). Ekspertlərin qiymətləndirmələrinə görə, ölkədə hər il orta hesabla adambaşına 24 kq plastik tullantı yaranır.

 

Şəkil 4. 2009-2017-ci illərdə ölkəyə idxal olunan plastik qablaşdırma məhsullarının dinamikası

 

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Ölkədə emal (təkrar emal) və xidmət müəssisələrinin qurulmasına dəstək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 dekabr tarixli 1947 nömrəli Sərəncamı ilə Balaxanı Sənaye Parkı yaradılmışdır. Bu parkın yaradılmasında başlıca hədəf təkrar istehsal sahəsində maraqlı olan potensial sahibkarlar və investorlar üçün əlverişli şəraiti təmin etməkdir. Yaşıl biznesin, əsasən də tullantıların təkrar emalı sənayesinə marağı artırmaq məqsədilə potensial sahibkarlar üçün əlverişli vergi güzəştləri və infrastruktur şəraiti yaradılmışdır.

Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 noyabr tarixli 637 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya” təsdiq edilmiş, ölkədə bərk məişət tullantılarının idarə edilməsi işinin təkmilləşdirilməsi ilə bağlı istiqamətlər müəyyən edilmişdir.

Hazırda istehsalat və məişət tullantılarının ətraf mühitə zərərli təsirinin qarşısının alınması, təbiətdə ekoloji tarazlığın təmin olunması, habelə belə tullantıların təkrar xammal mənbələri kimi təsərrüfat dövriyyəsinə cəlbi məqsədilə tullantıların idarə olunması sahəsində dövlət siyasəti Azərbaycan Respublikasının “İstehsalat və məişət tullantıları haqqında” 1998-ci il 30 iyun tarixli 514-IQ nömrəli Qanunu ilə tənzimlənir. Lakin plastik qablaşdırma tullantılarının həcminin ilbəil artması bu sahədə idarəetmənin gücləndirilməsi üçün qanunvericilik bazasının beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilməsini, habelə uçot, hesabatvermə və monitorinq sistemlərinin, müvafiq iqtisadi mexanizmlərin formalaşdırılmasını zəruri edir.

Azərbaycanda plastik qablaşdırma tullantılarının idarə olunması sahəsindəki boşluqlar nəticəsində ətraf mühit komponentlərinə mənfi təsirlər artmaqda davam edir. Belə ki, ölkədə tullantıların idarə olunması sahəsi aşağıdakı problemlərlə səciyyələnə bilər:

- plastik qablaşdırma tullantılarının toplanması və emalı ilə bağlı hüquqi bazanın təkmil olmaması;

- beynəlxalq praktikada geniş tətbiq edilən, plastik tullantıların da daxil olduğu bəzi istehlak tullantılarının (qablaşdırma, elektrik və elektron avadanlıqların, tullantı təkərlər, batareya və akkumulyator, istifadə müddəti başa çatmış nəqliyyat vasitələri və s.) toplanılması və iqtisadi dövriyyəyə cəlb edilməsinin təşkili üzrə xüsusi sistemin olmaması;

- qablaşdırma tullantılarının toplanılması üzrə xidmət bazarının yaxşı inkişaf etməməsi;

- plastik qablaşdırma tullantılarının təkmil çeşidlənmə və toplanma sisteminin formalaşmaması;

- plastik qablaşdırma tullantılarının yaranması, toplanılması, emalı, yandırılması, poliqonlarda basdırılması haqqında statistik məlumatların məhdudluğu.

 

4.1. Plastik qablaşdırma tullantılarının idarə olunması sektorunun GZİT (Güclü və Zəif tərəflər, İmkanlar və Təhlükələr) təhlili

Güclü tərəflər

Zəif tərəflər

·                       Təkrar emal müəssisələrinin mövcudluğu;

·                       toplanılma və çeşidlənmə təşəbbüslərinin olması.

·                      Qanunvericilik bazasının təkmil olmaması;

·                      mövcud standartların beynəlxalq tələblərə tam uyğun olmaması;

·                      uçot sistemində boşluqların olması;

·                      müasir texnologiyalardan istifadə səviyyəsinin qənaətbəxş olmaması;

·                      idarəetmənin təkmil olmaması.

İmkanlar

Təhlükələr

·         Yerli istehsal müəssisələrinin açılması;

·         yeni bazarların formalaşdırılması;

·         müasir texnologiyaların mənimsənilməsi;

·         investisiyaların cəlb olunması;

·         dövlət-biznes tərəfdaşlığı imkanlarının olması.

·                      Xarici biznes risklərinin olması;

·                      texnoloji problemlərin yaranması;

·                      beynəlxalq bazarlara çıxış imkanlarının məhdud olması.

 

5. STRATEJİ BAXIŞ

 

5.1. 2020-ci ilədək strateji baxış

2020-ci ilədək strateji baxış təkmil normativ hüquqi bazaya, əhatəli monitorinq mexanizminə əsaslanan, tullantıların azaldılmasını və təkrar emalını stimullaşdıran plastik qablaşdırma tullantılarının idarə olunması ekosisteminin gücləndirilməsini nəzərdə tutur.

 

5.2.  2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış

2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış plastik qablaşdırma tullantılarının daxil olduğu xüsusi tullantı axınlarının idarə edilməsi sahəsində təkmilləşdirilmiş institusional mühitin, qanunvericilik bazasının və mütərəqqi idarəetmə sisteminin tətbiqinə, müasir texnologiyalardan istifadə yolu ilə ətraf mühitə təsirin azaldılmasına, tullantıların idarə edilməsində innovativ texnologiyaların tətbiqinə və özəl sektorun geniş iştirakına nail olmaqdır.

Uzunmüddətli baxışın şərhi

Azərbaycan Respublikasında 2025-ci ilədək plastik qablaşdırma tullantılarının idarə olunması ilə bağlı uzunmüddətli hədəflər çərçivəsində istehlak tullantılarının utilizasiyası və təkrar emalı sahəsində mühüm təkmilləşdirmə işləri həyata keçiriləcək, alternativ qablaşdırma vasitələrindən istifadə genişləndiriləcək, ətraf mühitə mənfi təsir xeyli azaldılacaqdır.

Tullantıların idarə olunması sektorunda fəaliyyətin səmərəliliyinin yüksəldilməsi üçün plastik qablaşdırma tullantılarının idarə olunması zəncirinin bütün həlqələrinin (toplama, daşıma, çeşidləmə, utilizasiya və təkrar emal) stimullaşdırılması prioritet məsələ kimi nəzərdən keçiriləcəkdir. Daha geniş coğrafi ərazini əhatə edən toplama və çeşidləmə sistemləri tətbiq olunmaqla, təkrar emal səviyyəsi yüksəldiləcəkdir. Bu sahədə səmərəli idarəetmə sistemi təmin edildikdən sonra təkrar emal sektorunun xammal bazarı yerli sahibkarlar üçün cəlbedici olacaqdır. İstehsalçıların genişləndirilmiş məsuliyyəti kimi mexanizmlər qeyri-kommersiya fondlarının fəaliyyətə başlaması ilə investisiya qoyuluşlarının stimullaşdırılmasına (məsələn, "çirkləndirən ödəyir” modeli, stimullaşdırma və digər mexanizmlər vasitəsilə) imkan verəcəkdir.

Ölkədə plastik qablaşdırma tullantılarının idarə olunmasında istehsalçının genişləndirilmiş məsuliyyəti modelinin tətbiqində dövlət-biznes əməkdaşlığı imkanları da dəyərləndiriləcəkdir.

 

5.3. 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı

2025-ci ildən sonrakı dövr üçün hədəf baxışı plastik qablaşdırma tullantılarının idarə olunması sahəsində fəaliyyətin səmərəliliyinin daha da yüksəldilməsinə nail olmağı nəzərdə tutur.

Hədəf baxışının şərhi

2025-ci ildən sonrakı dövrdə Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının da daxil olduğu istehlak tullantılarının idarə edilməsi sektorunda istehsaldan təkrar emala qədər tam dəyər zənciri boyunca səmərəli fəaliyyətin təmin edilməsi məqsədilə istehsalçının genişləndirilmiş məsuliyyəti modelinin tətbiqi, resurslardan səmərəli istifadə etməklə, ətraf mühitə daha az təsir edən qablaşdırma məhsulları istehsalının təşviqi və sonda əmələ gələn tullantıların effektiv toplanılması, toplanılmış tullantıların ekoloji cəhətdən səmərəli üsulla zərərsizləşdirilməsi və təkrar emalın yaxşılaşdırılması, habelə sektoru təşkil edən hər bir komponentdə “nou-hau”ların tətbiqi hədəflənir.

Bu məqsədlə Azərbaycan Respublikasında tullantıların idarə olunması sektorunun cəlbediciliyinin artırılması, dəyər zənciri boyunca səmərəliliyin, ekoloji dayanıqlılığın, rasional rəqabətin və səmərəli maliyyələşmə sisteminin təmin olunması üçün tədbirlər görüləcəkdir. Həmin tədbirlər sayəsində tullantıların ətraf mühitə təsirinin azaldılması, təbii resurslardan dayanıqlı istifadə, özəl sektorun inkişafı, dövlət büdcəsindən bu sahəyə ayırmaların minimuma endirilməsi təmin ediləcəkdir.

 

6. HƏDƏF İNDİKATORLARI

 

Plastik qablaşdırma tullantılarının idarə olunması sahəsində nəzərdə tutulmuş prioritetlərin icrası nəticəsində:

·   2020-ci ildə plastik qablaşdırma tullantılarının çeşidlənməsi və utilizasiyası səviyyəsi artacaqdır;

·   2020-ci ildə plastik qablaşdırma tullantılarının təkrar emal səviyyəsi artacaqdır;

·   2020-ci ildə alternativ qablaşdırma vasitələrindən istifadə səviyyəsi artacaqdır.

2020-ci ilədək zəruri normativ hüquqi bazanın, maliyyələşdirmə, uçot-hesabat və qiymətləndirmə sisteminin yaradılması 2020-ci ildən sonrakı dövrdə plastik qablaşdırıcılar da daxil olmaqla xüsusi tullantı axınlarının səmərəli idarə edilməsi yolu ilə təkrar emal sektorunun gücləndirilməsinə imkan verəcəkdir.

2020-ci il üzrə yekun nəticələr təhlil edilərək, 2025-ci ilədək olan dövr üçün plastik qablaşdırma tullantılarının toplanılması, utilizasiyası və təkrar emalı üzrə yeni hədəflər müəyyən ediləcəkdir.

 

7. STRATEJİ MƏQSƏDLƏR

 

7.1. Strateji məqsəd 1. Plastik qablaşdırma tullantılarının səmərəli idarə edilməsi

Dünyada, o cümlədən Azərbaycanda müxtəlif amillər nəticəsində plastik qablaşdırma tullantılarının həcminin ilbəil artması plastik qablaşdırmanın və qablaşdırma tullantılarının idarə olunmasını tənzimləyən normativ hüquqi aktların təkmilləşdirilməsini, uçot və hesabatvermə, o cümlədən monitorinq sistemlərinin qurulmasını, müvafiq iqtisadi mexanizmlərin tətbiqini zəruri edir.

Bu məqsədlə Tədbirlər Planı çərçivəsində: (i) plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində potensialın artırılması; (ii) plastik qablaşdırma tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi; (iii) plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə məlumat bazasının yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

7.1.1. Prioritet 1.1. Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində potensialın artırılması

Plastik qablaşdırma tullantılarının idarə edilməsi zəncirində tullantıların selektiv toplanılmasının təşkili mühüm başlanğıc həlqələrdən biridir və tullantılar üzrə sonrakı idarəetmə siyasətinin müəyyənləşməsində, o cümlədən toplanılmış tullantıların daşınmasında, zərərsizləşdirmə və ya təkrar emal prosesinə yönləndirilməsində mühüm rol oynayır. Bununla belə, ölkədə plastik qablaşdırma tullantılarının selektiv toplanılması sahəsində effektiv infrastrukturun olmaması bu tullantıların səmərəli idarə edilməsinə maneə yaradır. Bu baxımdan, plastik tullantıların idarə edilməsi, o cümlədən selektiv toplanılması işinin müasir təcrübələrə uyğun formalaşdırılması xüsusi əhəmiyyət kəsb edir.

Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunması üçün yerli idarəetmə orqanlarına dəstək verilməsi, maraqlı tərəflərin bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər görülməsi bu sahədə potensialın artırılmasına təkan verə bilər.

Görüləcək tədbirlər

Tədbir 1.1.1. Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq yanaşmaların seçilməsi

Plastik qablaşdırma tullantılarının idarə edilməsi, o cümlədən selektiv toplanılması, daşınması, təkrar emalı proseslərinin təşkili sahəsində qabaqcıl ölkələrin təcrübəsi təhlil olunacaqdır. Bu sahədə beynəlxalq praktikada tətbiq edilən müsbət təcrübələr öyrəniləcək, ölkə üçün məqbul variantların seçilməsində və müvafiq pilot layihələrin hazırlanmasında onlardan istifadə ediləcəkdir.

Tədbir 1.1.2. Plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə pilot layihələrin həyata keçirilməsi

Beynəlxalq təcrübənin təhlili nəticəsində müəyyən edilmiş yanaşmalara müvafiq olaraq, pilot layihələrin tətbiqi nəzərdən keçiriləcəkdir. Bu məqsədlə, ilk növbədə, müvafiq meyarlar əsasında ölkənin müxtəlif şəhər və rayonlarında pilot layihələrin həyata keçirilməsi imkanları qiymətləndirilməklə pilot ərazilər seçiləcək və təkliflər hazırlanacaqdır.

Seçilmiş pilot ərazilərdə plastik qablaşdırma tullantılarının selektiv toplanılması sahəsində aidiyyəti yerli icra hakimiyyəti orqanları ilə birlikdə müvafiq yanaşmalar tətbiq ediləcəkdir. Müəyyən edilmiş yanaşmadan asılı olaraq, tullantıların selektiv toplanılması üçün konteynerlərin hazırlanması və müvafiq yerlərdə yerləşdirilməsi, yaxud tullantıların qəbulu mərkəzlərinin yaradılması və s. kimi tədbirlər həyata keçirilə bilər. Paralel olaraq, təkrar emal müəssisələri ilə əməkdaşlıq istiqamətləri müəyyən olunacaq və selektiv qaydada toplanılmış plastik qablaşdırma tullantılarının təkrar emala cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görüləcəkdir.

Eyni zamanda, görüləcək tədbirlər "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”da toplama və daşıma fəaliyyəti ilə məşğul olan yerli idarəetmə orqanlarına dəstək verilməsi (tədbir 7.1.2.) və məişət tullantılarının çeşidlənməsi və təkrar emalı üçün müəssisələr yaradılmasının dəstəklənməsi (tədbir 7.4.2.) tədbirləri ilə uzlaşdırılacaqdır.

Bununla yanaşı, plastik qablaşdırıcıların (o cümlədən maye içkilər üçün plastik qabların – “PET”) selektiv toplanılması və utilizasiya müəssisələrinə təhvil verilməsi sahəsində stimullaşdırıcı vasitələr (məsələn, satış obyektlərində və ya digər qəbul məntəqələrində belə tullantıların pulla və ya vauçerlə alınması) öyrəniləcək və bu cür vasitələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması nəzərdən keçiriləcəkdir.

Tədbir 1.1.3. Pilot layihələrin nəticələrinin təhlili, ölkədə tətbiqi imkanlarının qiymətləndirilməsi və təkliflər hazırlanması

Pilot ərazilərdə həyata keçirilən layihələrin nəticələri mütəmadi olaraq təhlil ediləcək, layihələrin əhatə dairəsinin genişləndirilməsi və ölkə üzrə tətbiqi imkanları qiymətləndiriləcək və təkliflər hazırlanacaqdır.

Gözlənilən nəticələr və nəticə indikatorları

Ümumilikdə, plastik tullantıların ölkə üzrə selektiv toplanılma səviyyəsi artacaq, ətraf mühitə atılan plastik tullantıların həcmi azalacaqdır.

Tələb olunan investisiya

Prioritet üzrə nəzərdə tutulmuş pilot layihələrin reallaşdırılması məqsədilə tələb olunan investisiyanın həcmi texniki-iqtisadi əsaslandırmalar aparılmaqla müəyyən ediləcəkdir. Pilot layihələrin reallaşdırılmasında mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar iştirak edəcək, həmin layihələr yerli və xarici investisiyalar hesabına həyata keçiriləcəkdir. Bunun üçün dövlət büdcəsindən əlavə maliyyə vəsaiti nəzərdə tutulmur.

Gözlənilən risklər

Prioritet üzrə nəzərdə tutulmuş pilot layihələrin reallaşdırılmasına donorların marağının az olması.

7.1.2. Prioritet 1.2. Plastik qablaşdırma tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi

Xüsusi tullantı axınlarının idarə edilməsi sektorunun liberallaşdırılması və müstəqil tənzimləyici orqanın yaradılması beynəlxalq təcrübədə sahə üzrə çevik qərarların qəbulu istiqamətində atılan mühüm addımlardan biri hesab olunur. Həmçinin, dövlət büdcəsinin yükünün azaldılmasına və sektor üzrə tələb olunan investisiya qoyuluşlarının vaxtlı-vaxtında icrasına nail olmaq üçün məqsədli fondun yaradılması tullantıların idarə olunması sektorunun inkişafına müsbət təsir göstərə bilər.

Plastik qablaşdırma tullantılarının idarə olunmasının daha keyfiyyətli, rahat və innovasiyaların tətbiqi ilə həyata keçirilməsi istehlakçı məmnunluğunun təmin olunmasına və təkrar emal fondunun yaradılmasında istehsalçı məsuliyyətinin artmasına səbəb olacaqdır. Habelə, məqsədli fondun yaradılması və istehsalçı məsuliyyətinin artırılması istiqamətində müvafiq tədbirlərin görülməsi bu sektor üzrə müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətinə müsbət təsir edəcəkdir.

Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 26 dekabr tarixli 964 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nda tullantıların çeşidlənməsi, daşınması və emalı müəssisələrinin inşa edilərək istifadəyə verilməsi (tədbir 1.19) tədbirləri nəzərdə tutulmuşdur.

Plastik qablaşdırma tullantılarının iqtisadi cəhətdən mümkün təkrar istifadəsi sisteminin yaradılmasına və inkişafına əsas maneə qablaşdırma tullantılarının xüsusiyyətlərini, onların resurs potensialının əhəmiyyətini, bu tullantılardan təkrar istifadənin texnoloji və maliyyə-iqtisadi şərtlərini nəzərə alan təkmil hüquqi çərçivənin olmamasıdır.

Plastik qablaşdırma tullantılarının təkrar emalı proseslərini təkmilləşdirmək məqsədilə zəruri normativ hüquqi bazanın, müvafiq idarəetmə sisteminin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər tullantıların idarə edilməsinə investisiya cəlb olunması üçün münbit şərait yaradacaqdır.

Plastik qablaşdırma tullantılarının təkrar emalı sisteminin təkmilləşdirilməsi prioriteti üzrə bu Tədbirlər Planı çərçivəsində aşağıdakı tədbirlər həyata keçiriləcəkdir.

Görüləcək tədbirlər

Tədbir 1.2.1. Plastik qablaşdırma tullantılarının təkrar emalı sahəsində mövcud vəziyyətin hərtərəfli araşdırılması və problemlərin öyrənilməsi

Ölkədə fəaliyyət göstərən təkrar emal müəssisələrinin problemləri öyrəniləcək, bu müəssisələrdə səmərəlilik (istifadə edilən texnologiya və texnoloji avadanlıq, texnoloji məhdudiyyətlər, marketinq və s.) və digər sahələrdə mövcud çatışmazlıqlar qiymətləndiriləcəkdir. Eyni zamanda, bu sahədə mövcud qanunvericiliyin monitorinqi aparılaraq, təkmilləşdirmə istiqamətləri müəyyən olunacaqdır.

Tədbir 1.2.2. Beynəlxalq təcrübənin öyrənilməsi

Plastik qablaşdırma tullantılarının təkrar emalı sahəsində qabaqcıl ölkələrin təcrübəsi hərtərəfli öyrəniləcək və ölkədə tətbiqi imkanları qiymətləndiriləcəkdir.

Tədbir 1.2.3. Qanunvericilik bazasının təkmilləşdirilməsi

Plastik qablaşdırma tullantılarının idarə olunması sahəsində mövcud vəziyyətin təhlilinin, o cümlədən emal müəssisələri, ekspertlər və digər aidiyyəti tərəflərlə aparılan müzakirələrin nəticələrindən və qabaqcıl ölkələrin təcrübəsindən istifadə etməklə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində beynəlxalq tərəfdaşlarla birlikdə təkliflər hazırlanacaqdır.

Qanunvericiliyin təkmilləşdirilməsi sahəsində görüləcək tədbirlər sırasında istehsalçının genişləndirilmiş məsuliyyətinə düşən malların (məhsulların) siyahısı, onların tullantılarının emalı və ya utilizasiyası həcmi, xüsusi tullantı növlərinin toplanılması, nəqli və emalı üçün yaxşı fəaliyyət göstərən sistemin hüquqi əsasları, plastik qablaşdırma tullantı axınlarının idarə edilməsinin maliyyələşdirilməsi üçün qeyri-kommersiya məqsədli fondun əsasnaməsi, istehsalçının genişləndirilmiş məsuliyyəti qurumunun (operatorun) vəzifələri və səlahiyyətləri, istehsalçının genişləndirilmiş məsuliyyətinə düşən malların (məhsulların) istehsalı, emalı və idxalı ilə məşğul olan hüquqi şəxslərin və fərdi sahibkarların istehsalçının genişləndirilmiş məsuliyyəti qurumuna hesabat təqdim etməsi qaydaları kimi sənədlərin hazırlanması nəzərdən keçiriləcək, həmçinin özəl sektorun iştirakı ilə idarəetmənin təkmilləşdirilməsi istiqamətində təkliflər hazırlanacaqdır.

Bundan əlavə, qablaşdırma materialları üçün standartların beynəlxalq standartlara uyğunlaşdırılması, plastik qablaşdırma tullantılarının beynəlxalq təcrübədə tətbiq edilən utilizasiya normalarına (utilizasiya olunan qablaşdırma tullantılarının istifadə edilən qablaşdırma tullantılarına faiz nisbəti) müvafiq olaraq idarə edilməsi üçün qanunvericilik bazasının yaradılmasına dair təkliflər hazırlanacaqdır.

Digər tərəfdən, plastik qablaşdırma tullantılarının daxil olduğu xüsusi tullantı axınlarının idarə edilməsi sektorunda səmərəli və effektiv fəaliyyətin hüquqi əsaslarını, istehsalçı və istehlakçıların hüquq və vəzifələrini dəqiq müəyyən edən, sahənin operativ və davamlı idarə edilməsinə imkan yaradan mexanizmləri nəzərdə tutan və sahəyə sistemli yanaşmanı təmin edən vahid normativ hüquqi sənədin hazırlanması nəzərdən keçiriləcəkdir.

Qeyd etmək lazımdır ki, “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”da da bərk məişət tullantılarının idarə edilməsi sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi tədbirləri (tədbir 7.1.3.) nəzərdə tutulmuşdur.

Gözlənilən nəticələr və nəticə indikatorları

Təkrar emal müəssisələrinin inkişafı və yeni müəssisələrin yaradılması üçün daha münbit şərait yaradılacaqdır.

Plastik qablaşdırma tullantılarının idarə olunması ilə bağlı qanunvericilik bazası təkmilləşdiriləcək, ümumilikdə, plastik tullantıların ölkədə təkrar emalı səviyyəsi artacaqdır.

Tələb olunan investisiya

Prioritet üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaiti nəzərdə tutulmur.

7.1.3. Prioritet 1.3. Plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə məlumat bazasının yaradılması

Hazırda Azərbaycanda plastik qablaşdırma tullantılarının yaranması, toplanılması, emalı, yandırılması, poliqonlarda basdırılması vəziyyəti haqqında statistik məlumatlar məhduddur. Məlumatlara çıxışın olmaması bu sahədə idarəetmənin effektiv təşkilində, habelə təhlil və hesabatlara əsaslanmaqla qərar qəbulunda çətinliklər yaradır.

İdarəetmədə səmərəliliyin artırılması baxımından mühüm vasitə kimi informasiya bazasının təkmilləşdirilməsi, uçot və hesabatlılıq sisteminin formalaşdırılması önəmlidir.

“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”da da məişət tullantılarının idarə edilməsi üzrə milli informasiya sisteminin yaradılması tədbirləri (tədbir 7.1.4) nəzərdə tutulmuşdur.

Görüləcək tədbirlər

Tədbir 1.3.1. Məlumat bazasının yaradılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi

Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində hesabatvermə, hesabatların qəbulu, təhlili, statistik məlumat bazasının formalaşdırılması istiqamətlərində qabaqcıl ölkələrin təcrübəsi öyrəniləcək, aidiyyəti dövlət qurumları və ekspertlərlə müzakirələr aparılaraq təkliflər hazırlanacaqdır. Təkliflər əsasında uçot, hesabatvermə, monitorinq və nəzarət sisteminin hüquqi bazası təkmilləşdiriləcəkdir.

Tədbir 1.3.2. Məlumat bazasının formalaşdırılması

Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində müvafiq məlumatların əlçatarlığına imkan verən məlumat bazasının yaradılması istiqamətində zəruri tədbirlər görüləcək və bu məlumat bazası plastik qablaşdırıcı istehsalçıları və idxalçıları, plastik qablaşdırma tullantılarının emalı və s. üzrə məlumatları əhatə edəcəkdir.

Məlumat bazası vasitəsilə təkrar emal, utilizasiya və yekun zərərsizləşdirmə dərəcələri üzrə tullantıların idarə olunması şəbəkəsində (zəncirində) yerinə yetirilən işlər barədə məlumat əldə etmək, şəbəkə üzrə hər bir material axınını izləmək mümkün olacaqdır.

Hazırlanmış məlumat bazasının "Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”da nəzərdə tutulmuş məişət tullantılarının idarə edilməsi üzrə milli informasiya sisteminə inteqrasiyası nəzərdən keçiriləcəkdir.

Gözlənilən nəticələr və nəticə indikatorları

Plastik qablaşdırma məhsullarının istehsalçılarının və idxalçılarının uçot, hesabatvermə və monitorinq sistemi yaradılacaqdır. Plastik qablaşdırma tullantılarının göstəriciləri və emal sahəsində istifadə olunacaq xammal ehtiyatı ilə bağlı məlumat sistemi formalaşacaq, uçot və hesabatvermə sistemi təkmilləşdiriləcəkdir.

Tələb olunan investisiya

Prioritet üzrə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaiti nəzərdə tutulmur.

7.2. Strateji məqsəd 2. Plastik tullantıların yaranma tempinin azaldılması

7.2.1. Prioritet 2.1. Plastik qablaşdırma materiallarından istifadənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması

Qalınlığı 50 mikrondan az olan plastik torbalar (qablaşdırıcılar) dünyada, o cümlədən Azərbaycanda istehlak edilən plastik torbaların mühüm bir hissəsini təşkil edir. Bu cür torbalar nisbətən qalın plastik torbalarla müqayisədə daha az təkrar istifadə olunmaqla yanaşı, ətraf mühitin çirklənməsində daha böyük rol oynayır. Kommersiya baxımından cəlbedici olmasına baxmayaraq, yüngül çəkili plastik torbaların bioloji çürüməyə qarşı davamlı olması və beləliklə də təbiətdə yığılıb qalması onların ətraf mühitdə miqdarının sürətlə artmasına səbəb olur. Qısamüddətli istifadədən sonra tullantıya çevrilən plastik torbalar təbiətdə yüz illər ərzində hissələrə parçalanmış formada qala bilir. Belə torbalardan olduqca yüksək və hələ də artan sürətlə istifadə edilməsi resursların effektivliyi baxımından da arzuedilməzdir.

Ətraf mühitə daha az təsir edən alternativ qablaşdırıcıların ölkədə istehsalının təşviqi üzrə qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində təkliflərin hazırlanması özəl sektorun bu sahəyə marağını artıra bilər.

Digər tərəfdən, qablaşdırıcılar və qablaşdırma materialları üçün hazırda tətbiq edilən standartlar və texniki şərtlər müasir tələblərə cavab vermir. Qablaşdırma sənayesinin idarə olunması üçün dövlət standartları, sənaye standartları, materiallar və qablaşdırma məhsulları üçün texniki şərtlər, eləcə də kommersiya məhsullarına dair normativ və texniki sənədlərdə “Qablaşdırma” bölmələrinin beynəlxalq standartlara uyğunlaşdırılması zəruridir. Qablaşdırma materiallarının, məhsulların və texnologiyaların standartlaşdırılmasına dair müasir tənzimləyici normativ hüquqi bazanın olmaması bu sahədə sertifikatlaşdırmanın inkişafına maneə törədir.

Görüləcək tədbirlər

Tədbir 2.1.1. Plastik qablaşdırma materiallarından istifadə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təhlillər aparılması

Bir sıra plastik qablaşdırma materiallarından istifadə sahəsində qabaqcıl ölkələrin təcrübəsi öyrəniləcək, bu sahədə tətbiq edilmiş müxtəlif modellər və onların təsirləri üzrə təhlillər aparılacaq, aidiyyəti dövlət qurumları ilə, ekspertlərlə və maraqlı tərəflərlə (istehsalçılar, satıcılar, istehlakçılar və s.) müzakirələr əsasında təkliflər hazırlanacaqdır.

Tədbir 2.1.2. Qanunvericilik bazasının təkmilləşdirilməsi

Aparılmış təhlillər və müzakirələr əsasında plastik torba tullantılarının mənfi ekoloji təsirlərini azaltmaq, resurslardan daha səmərəli istifadəni təşviq etmək məqsədilə plastik qablaşdırma vasitələrindən istifadənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdən keçiriləcəkdir. İlkin mərhələdə istehlak mallarının qablaşdırılmasında birdəfəlik istifadə üçün nəzərdə tutulmuş, qalınlığı 50 mikrondan az olan plastik torbalardan istifadənin beynəlxalq təcrübəyə uyğun istifadəsi ilə bağlı təkliflər hazırlana bilər.

Tədbir 2.1.3. Plastik qablaşdırma materiallarından istifadə sahəsində tədbirlərin təsirinin qiymətləndirilməsi

Plastik qablaşdırma materiallarından istifadə sahəsində müəyyən edilmiş müddət ərzində görülən tədbirlərin nəticələri təhlil edilərək qiymətləndiriləcək və qiymətləndirmənin nəticələri əsasında yeni hədəflər müəyyən ediləcəkdir.

Tədbir 2.1.4. Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi

Alternativ qablaşdırıcılardan istifadə sahəsində beynəlxalq təcrübə öyrəniləcək, aidiyyəti tərəflərlə müzakirələr əsasında təkliflər hazırlanacaqdır.

Alternativ qablaşdırma (kağız, parça, asan biodeqradasiya olunan qablaşdırıcılar və s.) materialları istehsalçıları üçün müxtəlif iqtisadi həvəsləndirmə mexanizmlərinin tətbiqi nəzərdən keçiriləcəkdir. Alternativ qablaşdırma vasitələrinin istehsalını və istehlakını genişləndirmək məqsədilə iqtisadi vasitələr işlənib hazırlanacaq və davamlı olaraq qiymətləndirmələr aparmaqla yeni təkliflər veriləcəkdir.

Təkrar istifadəyə/utilizasiyaya yararlı qablaşdırma materiallarının istehsalını təmin etmək, qablaşdırma materiallarının və onların komponentlərinin tələb olunan təhlükəsizlik, gigiyena və s. tələblərə uyğunluğunu təmin etmək məqsədilə təkmil standartlar hazırlanacaqdır.

Gözlənilən nəticələr və nəticə indikatorları

Prioritet çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində plastik torbalardan istifadə səviyyəsi azalacaq, alternativ qablaşdırma materiallarından istifadə artacaqdır.

Tələb olunan investisiya

Prioritet üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi üçün əlavə maliyyə vəsaiti nəzərdə tutulmur.

7.2.2. Prioritet 2.2. Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasının, yaranma tempinin azaldılmasının, o cümlədən alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi

Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə ətraf mühitin qorunmasının, təmiz və təhlükəsiz saxlanmasının əhəmiyyəti barədə ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi baxımından önəm kəsb edir. Ətraf mühitə məsuliyyətli münasibətin və ekoloji resurslardan rasional istifadənin təşviqində, ətraf mühitin mühafizəsinə bütün ictimaiyyətin cəlb edilməsində maarifləndirmənin rolu mühümdür.

Bu baxımdan, plastik qablaşdırma tullantılarının ətraf mühitə təsiri, səmərəli idarə olunması və həcminin azaldılmasının əhəmiyyəti haqqında ictimai savadlılığın artırılması, habelə alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyətinə dair maarifləndirmə ilə bağlı tədbirlər həyata keçiriləcəkdir.

“Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”da da bərk məişət tullantılarının idarə edilməsi sahəsində maarifləndirmə işinin gücləndirilməsi (informasiyayönlü vəsaitlərin (kitablar, metodiki tövsiyələr, broşürlər) nəşri və bu sahədə çalışanlara çatdırılmasının təmin edilməsi, ictimaiyyət arasında tullantıların çeşidlənməsi ilə bağlı təbliğat işinin həyata keçirilməsi) (tədbir 7.2.2.) nəzərdə tutulmuşdur.

Görüləcək tədbirlər

Tədbir 2.2.1. Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici materialların hazırlanması

Plastik qablaşdırma tullantılarının ekoloji tarazlığı pozması ilə əlaqədar genişmiqyaslı təbliğat kompaniyası keçiriləcəkdir. Plastik tullantılarla bağlı məlumatlılıq səviyyəsinin artırılması üçün bu tullantıların ətraf mühitə mənfi təsiri, belə təsirin azaldılması istiqamətində görülən tədbirlər, alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici xarakterli bukletlər, plakatlar, infoqrafikalar və digər çap materialları, habelə videoçarxlar və s. hazırlanacaqdır.

Tədbir 2.2.2. Kütləvi informasiya vasitələrində və ictimai yerlərdə maarifləndirici təbliğatın aparılması

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında kütləvi informasiya vasitələrində və yerli televiziya kanallarında davamlı olaraq maarifləndirici proqramlar və digər təbliğat-təşviqat tədbirləri həyata keçiriləcəkdir. Geniş əhali kütləsinə ünvanlanan reklam çarxları hazırlanacaq, habelə televiziya və radio kanallarında ünvanlı (müxtəlif hədəf qruplarına, xüsusilə məktəblilərə, tələbələrə, gənclərə ünvanlanan) maarifləndirici proqramlar yayımlanacaqdır.

Eyni zamanda, sosial mediada videoçarxlar və digər maarifləndirici və məsləhət xarakterli materiallar yerləşdiriləcək və təbliğ ediləcəkdir. Belə materialların müvafiq ictimai yerlərdə yerləşdirilməsi ilə bağlı iş aparıla bilər.

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri barədə ictimai məlumatlılığın artırılması ilə bağlı görüləcək tədbirlər sırasında ictimai yerlərdə müxtəlif tipli maarifləndirmə layihələrinin (fləşmoblar və s.) həyata keçirilməsinə xüsusi önəm veriləcəkdir. Bu məqsədlə müxtəlif müsabiqələr, seminarlar, ətraf mühitin qorunması ilə bağlı təqvim günlərində müxtəlif tədbirlər keçiriləcəkdir.

Tədbir 2.2.3. Təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər görülməsi

Bu sahədə maarifləndirmə fəaliyyətinin səmərəliliyi baxımından təhsil müəssisələrində təhsilalanlar və müəllimlər arasında maarifləndirmə işinin təşkili xüsusi önəm kəsb edir.

Bu məqsədlə ümumi təhsil pilləsində tədris edilən “Həyat bilgisi” fənninin tədrisi üçün dəstəkləyici vəsaitlər hazırlanacaq və bu fənni tədris edən müəllimlərə müvafiq təlimlər, şagird və tələbələr üçün plastik qablaşdırma tullantılarının ətraf mühitə təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında müxtəlif maarifləndirici seminar və təlimlər keçiriləcəkdir. Bu tədbirlərdə ətraf mühitin qorunmasında iqtisadi yanaşmanın tətbiqi üzrə təməl prinsiplər haqqında praktiki biliklərin aşılanmasına xüsusi önəm veriləcəkdir. Həmçinin, müxtəlif formatda müsabiqələrin və praktiki tapşırıqların təşkilinə dair təkliflər hazırlanacaq və belə layihələrin birgə icrası üçün təhsil müəssisələri ilə əməkdaşlıq qurulacaqdır.

Tələb olunan investisiya

Bu prioritet üçün tələb olunan investisiya həcmi əlavə hesablamalar əsasında müəyyən olunacaqdır. Prioritet üzrə nəzərdə tutulmuş tədbirlərin icrasında mülkiyyət formasından asılı olmayaraq idarə, müəssisə və təşkilatlar iştirak edəcək, tədbirlər yerli və xarici investisiyalar hesabına həyata keçiriləcəkdir. Bunun üçün dövlət büdcəsindən əlavə maliyyə vəsaiti nəzərdə tutulmur.

 

8. TƏDBİRLƏR PLANININ MALİYYƏLƏŞDİRİLMƏSİ

 

Tədbirlər Planında nəzərdə tutulan tədbirlərin icrası aşağıdakı mənbələr hesabına maliyyələşdiriləcəkdir:

·         Tədbirlər Planında əsas və digər icraçı qurumlara müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmuş vəsait;

·         büdcədənkənar fondların vəsaiti;

·         mülkiyyət formasından asılı olmayaraq, idarə, müəssisə və təşkilatların vəsaiti;

·         yerli və xarici investisiyalar;

·         beynəlxalq təşkilatların və xarici dövlətlərin qrantları, texniki və maliyyə yardımları;

·         qanunvericilikdə nəzərdə tutulmuş digər mənbələr.

 

9. İCRA, MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ

 

Tədbirlər Planının icrası

Koordinasiya və rəhbərlik: Qərarların qəbul edilməsinin sürətləndirilməsi, hesabatvermənin aydın müəyyən edilməsi və əlavə icra qabiliyyətinin formalaşdırılması üçün müvafiq koordinasiya və rəhbərlik təmin ediləcəkdir.

·         Tədbirlər Planının icrası üçün qərar qəbulunun sürətləndirilməsi mexanizmi yaradılacaqdır. Bu mexanizm əsas və digər icraçılar tərəfindən tədbirlər planının icrasına lazımi rəhbərliyi təmin etməyə imkan verəcəkdir.

·         Əsas icraçı təşkilat tədbirin vaxtında və mahiyyəti üzrə həyata keçirilməsi üçün ona aid hər bir prioritet və tədbir üzrə məsul şəxslər təyin edəcək və digər icraçıları tədbirlərin icrasına cəlb edəcəkdir. Əsas icraçı təşkilat tədbirlərin yerinə yetirilməsi üçün ümumi məsuliyyət daşımaqla yanaşı, əlavə tədbirlərin tətbiqinə zərurət olduqda, digər aidiyyəti qurumları və özəl sektoru işə cəlb edəcəkdir.

·         Tədbirlər Planının icrasına nəzarəti, icra prosesində yaranan problemlərin həllini və ya qurumlar arasında əlaqələndirmənin düzgün təşkilini əlaqələndirici qurum həyata keçirəcəkdir. Qurumun əsas işi tədbirlərin effektiv icrası məqsədilə zəruri qurumlar, proseslər və texnologiyalar arasında əlaqələndirmənin təşkili olacaqdır.

·         Rüb ərzində görülmüş işlərə dair hesabatı əsas və digər icraçılar əlaqələndirici quruma təqdim edəcəklər.

Maraqlı tərəflərin səfərbər edilməsi

Həm dövlət, həm də qeyri-dövlət sektorundan yerli və beynəlxalq tərəfdaşlar Tədbirlər Planının icrası prosesinə cəlb ediləcəklər.

·         Əsas strateji tərəfdaşların müəyyən olunması və cəlb edilməsi üçün müvafiq tədbirlər görüləcəkdir. Hər bir tədbirin uğurlu icrası məqsədilə aidiyyəti təşkilatların və maraqlı tərəflərin cəlb edilməsi tələb olunur.

·         Tədbirlər Planının hərtərəfli dəstəklənməsi üçün vətəndaş cəmiyyəti və beyin mərkəzləri işə cəlb olunacaqlar. Bundan əlavə, fəal kommunikasiya, şəffaflıq və iştirakçılıq dövlət sektorunun və özəl sektorun, eləcə də bütövlükdə cəmiyyətin və digər maraqlı tərəflərin səfərbər edilməsinə kömək edəcəkdir.

Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsi

İcranın səmərəli və effektiv həyata keçirilməsini təmin etmək üçün Tədbirlər Planının icrasının monitorinqi və qiymətləndirilməsi aparılacaqdır. Monitorinq və qiymətləndirmə aparılarkən tədbirlərin mahiyyəti üzrə icrasına, gözlənilən nəticələrə diqqət yetiriləcək, icra müddətinə uyğunluq yoxlanılacaqdır. Monitorinq və qiymətləndirmə beynəlxalq və yerli təcrübəyə əsaslanaraq hazırlanmış metodoloji çərçivə əsasında həyata keçiriləcəkdir.

Əlaqələndirici qurum əsas və digər icraçılardan toplanaraq ümumiləşdirilmiş hesabatı Tədbirlər Planının monitorinqini və qiymətləndirilməsini həyata keçirən quruma təqdim edəcəkdir. Monitorinq və qiymətləndirməni aparan qurum təqdim edilmiş hesabatı, habelə zəruri saydığı hallarda digər aidiyyəti mənbələrdən əldə edilmiş məlumatları təhlil edərək monitorinq və qiymətləndirmə hesabatını hazırlayacaq və aidiyyəti üzrə təqdim edilməsi məqsədilə əlaqələndirici quruma təqdim edəcəkdir.

 

 


10. TƏDBİRLƏR PLANI

 

Sıra

№si

Tədbirin adı

Əsas icraçı

Digər icraçılar

İcra müddəti

Strateji məqsəd 1. Plastik qablaşdırma tullantılarının səmərəli idarə edilməsi

1.1. Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində potensialın artırılması

1.1.1.

Plastik qablaşdırma tullantılarının idarə edilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi və müvafiq yanaşmaların seçilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2019

1.1.2.

Plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə pilot layihələrin həyata keçirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2019-2020

1.1.3.

Pilot layihələrin nəticələrinin təhlili, ölkədə tətbiqi imkanlarının qiymətləndirilməsi və təkliflər hazırlanması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2019-2020

1.2. Plastik qablaşdırma tullantılarının idarə edilməsi sisteminin təkmilləşdirilməsi

1.2.1.

Plastik qablaşdırma tullantılarının təkrar emalı sahəsində mövcud vəziyyətin hərtərəfli araşdırılması və problemlərin öyrənilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2019

1.2.2.

Beynəlxalq təcrübənin öyrənilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2019

1.2.3.

Qanunvericilik bazasının təkmilləşdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, Azərbaycan Standartlaşdırma İnstitutu, Vergilər Nazirliyi

2019

1.3. Plastik qablaşdırma tullantılarının idarə edilməsi üzrə məlumat bazasının yaradılması

1.3.1.

Məlumat bazasının yaradılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi

2019

1.3.2.

Məlumat bazasının formalaşdırılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi

2019-2020

Strateji məqsəd 2. Plastik tullantıların yaranma tempinin azaldılması

2.1. Plastik qablaşdırma materiallarından istifadənin beynəlxalq təcrübəyə uyğunlaşdırılması

2.1.1.

Plastik qablaşdırma materiallarından istifadə sahəsində beynəlxalq təcrübənin öyrənilməsi, təhlillər aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2019

2.1.2.

Qanunvericilik bazasının təkmilləşdirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, Vergilər Nazirliyi

2019-2020

2.1.3.

Plastik qablaşdırma materiallarından istifadə sahəsində tədbirlərin təsirinin qiymətləndirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi

2020

2.1.4.

Alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, Vergilər Nazirliyi

2019-2020

2.2. Plastik qablaşdırma tullantılarının səmərəli idarə olunmasının, yaranma tempinin azaldılmasının, o cümlədən alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirmə və təbliğatın gücləndirilməsi

2.2.1.

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və alternativ qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqqında maarifləndirici materialların hazırlanması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyəti orqanları

2019

(mütəmadi)

2.2.2.

Kütləvi informasiya vasitələrində və ictimai yerlərdə maarifləndirici təbliğatın aparılması

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

İqtisadiyyat Nazirliyi, Dövlət Reklam Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, yerli icra hakimiyyəti orqanları

2019-2020

(mütəmadi)

2.2.3.

Təhsil müəssisələrində ictimai məlumatlılığın artırılması istiqamətində tədbirlər görülməsi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Təhsil Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, yerli icra hakimiyyəti orqanları

2019-2020

(mütəmadi)

 

 

 



[1] Avropa Parlamenti və Avropa Şurasının “Qablaşdırmaqablaşdırma tullantıları haqqında” 94/62/EC nömrəli Direktivi