“Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları”nın təsdiq edilməsi
barədə
AZƏRBAYCAN
RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“Azərbaycan Respublikasında torpaq
münasibətlərinin tənzimlənməsi
sahəsində əlavə tədbirlər haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818
nömrəli
Fərmanının 6.3-cü bəndinin icrasını
təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
“Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi Qaydaları” təsdiq edilsin (əlavə
olunur).
Azərbaycan Respublikasının Baş
naziri Artur Rasi-zadə
Bakı
şəhəri, 20 yanvar 2017-ci il
¹ 10
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2017-ci il 20 yanvar tarixli 10 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
Torpaqların kateqoriyalara aid edilməsi
və onların bir kateqoriyadan digərinə
keçirilməsi
QAYDALARI
1. Ümumi müddəalar
1.1. Bu Qaydalar Azərbaycan
Respublikasının Torpaq Məcəlləsinə,
Azərbaycan Respublikasının Şəhərsalma və
Tikinti Məcəlləsinə, “Dövlət torpaq
kadastrı, torpaqların monitorinqi və yerquruluşu
haqqında” Azərbaycan Respublikasının Qanununa və
digər qanunvericilik aktlarına uyğun olaraq
hazırlanmışdır və Azərbaycan Respublikasında
torpaq münasibətlərinin tənzimlənməsi və
nizama salınması məqsədi ilə torpaqların
kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan
digərinə keçirilməsi qaydalarını
müəyyən edir.
1.2. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə həyata keçirilir. Akvakultura
təsərrüfatlarına məxsus torpaqlar aid olduqları
torpaq kateqoriyasında saxlanılır və digər
kateqoriyaya keçirilmir.
1.3. Meşə fondu torpaqlarının
özgəninkiləşdirilməsinə gətirən və
gətirə bilən alqı-satqısı, girov qoyulması
(ipotekası) və digər əqdlər, habelə başqa
məqsədlər üçün istifadəsi ilə
nəticələnən torpaqların kateqoriyalara aid
edilməsinə və bir kateqoriyadan digərinə
keçirilməsinə yol verilmir.
1.4. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi məcburi hüquqi qüvvəyə malik
ərazi planlaşdırılması sənədlərinin
(ümumi, baş və müfəssəl planların)
dəyişdirilməsi ilə bağlı olduqda, torpaq
mülkiyyətçilərinin və
istifadəçilərinin (dövlət orqanlarının,
istifadəsində torpaq sahəsi olmaqla, nəzarət
zərfi dövlətə məxsus hüquqi
şəxslərin) razılığı alınmadan
vəsatət qaldırıla bilməz.
1.5. Torpaqların kateqoriyaları
haqqında məlumatlar dövlət torpaq kadastrında,
torpaqların elektron kadastr uçotu informasiya sisteminin
məlumatlarında, rəqəmsal və kağız üzərində
kadastr xəritəsində, daşınmaz əmlakın
dövlət reyestrində, eləcə də torpaq məlumat
banklarından və xəritələrindən verilən
çıxarış və arayışlarda, ərazi
planlaşdırılması sənədlərində əks
olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin,
Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası
Əmlak Məsələləri Dövlət Komitəsinin,
yerli icra hakimiyyəti orqanlarının və
bələdiyyələrin müvafiq olaraq dövlət və
bələdiyyə mülkiyyətində olan torpaq
sahələri üzərində sərəncam
verilməsinə səbəb olan qərarlarında, bu
qərarlardan irəli gələn və xüsusi mülkiyyətdə
olan torpaq sahələri barədə əqdlərdə
torpaqların kateqoriyası, kəmiyyət və keyfiyyət
göstəriciləri barədə məlumatlar
göstərilməlidir.
1.6. Kənd təsərrüfatı
yerləri (uqodiyaları) xüsusi olaraq qorunur və onların
qeyri-kənd təsərrüfatı məqsədi ilə digər
kateqoriyalara keçirilməsinə müstəsna hallarda
Azərbaycan Respublikasının Torpaq
Məcəlləsinə uyğun bu Qaydaların
tələbləri əsasında yol verilir.
1.7. Kənd təsərrüfatı
təyinatlı torpaqların digər kateqoriyalara
keçirilməsi müqabilində dəyən zərərin
və itkilərin ödənilməsi Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158
nömrəli qərarı ilə təsdiq edilmiş “Kadastr
qiymət rayonları və yarımrayonları üzrə
torpaqların normativ qiyməti”nin 20 faizi həcmində
müəyyən edilir. Ümumi istifadədə olan meliorasiya
və irriqasiya sistemlərinin hüdudlarında
yerləşən torpaq sahələrinin kateqoriyasının
dəyişdirilməsi barədə vəsatətə
həmin sistemlərin dəyəri və
mülkiyyətçilərinə zərər vurulmadan
onların qonşu kənd təsərrüfatı
təyinatlı torpaq sahələrinə
köçürülməsinin mümkünlüyü
barədə Azərbaycan Meliorasiya və Su
Təsərrüfatı Açıq Səhmdar
Cəmiyyətinin arayışı əlavə olunur.
1.8. Bələdiyyələr
bələdiyyə mülkiyyətində olan kənd
təsərrüfatı təyinatlı torpaqların
qeyri-kənd təsərrüfatı məqsədi ilə digər
kateqoriyalara keçirilməsi üçün Azərbaycan
Respublikasının Nazirlər Kabineti qarşısında
vəsatət qaldırırlar.
1.9. Radioaktiv və kimyəvi
çirklənməyə məruz qalmış, əhalinin
həyatına və sağlamlığına
təhlükə yarada bilən, habelə məhsul
istehsalı üçün sanitariya tələblərinə,
müvafiq normalara, qaydalara və normativlərə cavab
verməyən torpaqlar kənd təsərrüfatı
dövriyyəsindən çıxarılır və konservasiya
edilməsi üçün Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79 nömrəli
qərarı ilə təsdiq edilmiş “Radioaktiv və
kimyəvi çirklənməyə məruz qalmış
torpaqların təsərrüfat dövriyyəsindən
çıxarılması, konservasiya edilməsi, mühafizəsi,
sağlamlaşdırılması və istifadəsi
Qaydaları”na uyğun olaraq dövlət ehtiyat fondu
torpaqlarına keçirilir. Belə torpaqlarda rekultivasiya
işləri aparılıb,
sağlamlaşdırılanadək kənd
təsərrüfatı məhsullarının istehsalı
qadağan edilir.
1.10. Ekzogen geoloji proseslərə
(sürüşmə, sel, aşınma, uçqun,
tökülmə, eroziya, abraziya, deflyasiya, eol, bataqlaşma,
yarğan və s.) məruz qalmış torpaq sahələri
texniki meliorasiya və yararlaşdırma (bərpa)
işləri aparılanadək, təsərrüfat
fəaliyyəti dövriyyəsindən
çıxarılır və prosesin miqyasından
asılı olaraq müvafiq ehtiyat fondu torpaqlarına
keçirilir. Belə torpaqlarda mühəndis-texniki və
kənd təsərrüfatı işlərinin
aparılmasına həmin ərazilərin (sahələrin)
yararlı hala salınmasından sonra Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2000-ci il 1 may tarixli 79
nömrəli qərarı ilə təsdiq edilmiş “Ekzogen
geoloji proseslərə məruz qalmış torpaqlarda
mühəndis-texniki və kənd təsərrüfatı
işlərinin aparılmasına icazə veril-məsi
Qaydası”nın tələblərinə uyğun olaraq
icazə verilir.
1.11. Torpaqların kateqoriyaları
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin
12-33-cü maddələrinə əsasən
müəyyən edilir.
1.12. Kənd təsərrüfatı
yerlərinin (uqodiyaların) daha səmərəli istifadə
edilməsi üçün torpağın keyfiyyətinin
yaxşılaşdırılmasına zəmin yaratmaqla
məqsədli təyinatına uyğun istifadə
istiqamətinin dəyişdirilməsi ilə yaranan
dövriyyəyə (əkin dövriyyəsi, çoxillik
əkmələr və s.) qanunla ayrı qayda və hüquqi
rejim müəyyənləşdirilmədiyi halda,
torpaqların münbitlik göstəriciləri,
əkinəyararlılıq vəziyyəti, meliorasiya və
irriqasiya sistemlərinin mövcudluğu nəzərə
alınmaqla, Azərbaycan Respublikası Ekologiya və Təbii
Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan
Respublikası Əmlak Məsələləri Dövlət
Komitəsinin, müvafiq yerli icra hakimiyyəti orqanının
və mənafeyinə toxunulan bələdiyyələrin
və digər təşkilatların rəylərinə
əsasən, habelə mənafeyinə toxunulduqda, qonşu
torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi
gözlənilməklə, Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı ilə yol verilir.
1.13. Qış otlaqlarından əkin
dövriyyəsinə əlavə torpaq sahələrinin
cəlb edilməsi zərurəti yarandıqda, torpaq
sahələrinin məqsədli təyinatının
dəyişdirilməsi, bununla bağlı müvafiq
tədbirlərin həyata keçirilməsi üçün
görüləcək işlərin iqtisadi
əsaslandırılması, habelə həmin torpaqların
münbitlik göstəriciləri,
əkinəyararlılıq vəziyyəti, meliorasiya və
irriqasiya sistemlərinin mövcudluğu nəzərə
alınmaqla, dövlət ehtiyat fondu torpaqları
kateqoriyasına keçirilməsi bu Qaydaların 1.12-ci
bəndi ilə müəyyən edilən qaydada təmin
edilir.
1.14. Ehtiyat fondu torpaqlarının bu
Qaydalarla müəyyən edilmiş əsaslar üzrə
istifadəsinə onların müvafiq kateqoriyaya
keçirilməsindən sonra yol verilir.
1.15. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi “Torpaqların dövlət ehtiyacları
üçün alınması haqqında” Azərbaycan
Respublikasının Qanunu ilə müəyyən edilən
əsaslarla bağlı olduqda, mülkiyyətçidən,
istifadəçidən (icarəçidən) torpağın
alınması, yaxud onlara eyni ölçüdə və
keyfiyyətdə başqa yerdə torpaq sahəsinin
verilməsi, habelə kompensasiyanın ödənilməsi
qaydaları həmin Qanunla tənzimlənir.
1.16. Torpağın bir kateqoriyadan
digərinə keçirilməsi zamanı onun hüquqi
statusu, məqsədli təyinatı, hüquqi rejimi,
kəmiyyət və keyfiyyət göstəriciləri,
təbii-coğrafi şəraiti, o cümlədən təbii
və antropogen landşaft xüsusiyyətləri və
onların sabitliyi nəzərə alınır.
1.17. Torpaq sahəsi bir kateqoriyadan
digər kateqoriyaya keçirildikdə, torpağın
qanunvericiliklə müəyyən edilmiş normativ qiyməti
əsas götürülür.
2. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları
2.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları
aşağıdakılardan ibarətdir:
2.1.1. dəniz limanının, dəmir
və avtomobil yollarının tikintisi;
2.1.2. dövlət sərhədinin
etibarlı mühafizəsinin təmin edilməsi
məqsədi ilə sərhədboyu zolağın
yaradılması;
2.1.3. sənaye obyektlərinin,
zonalarının (məhəllələrinin və
parklarının) yaradılması;
2.1.4. ehtiyat fondu torpaqlarından
istifadə zərurətinin yaranması;
2.1.5. müasir texnologiyaların
tətbiqi ilə aqroparkların, fermer və aqraryönlü
digər təsərrüfatların yaradılması
məqsədi ilə əkin dövriyyəsinə
əlavə torpaqların cəlb edilməsi;
2.1.6. qoruyucu meşə
zolaqlarının və yaşıllıq zonalarının
salınması məqsədi ilə meşə fondunun
tərkibinə əlavə torpaqların verilməsi;
2.1.7. meşə fondu torpaqlarında
müdafiə və təhlükəsizlik
əhəmiyyətli obyektlərin tikintisi, habelə ərzaq
təhlükəsizliyinin təmin edilməsi məqsədi
ilə meşə ilə örtülü olmayan
sahələrin əkin dövriyyəsinə cəlb
edilməsi zərurəti yarandıqda, həmin torpaq
sahələrinin eyni ölçüdə kənd
təsərrüfatına az yararlı və ya şərti
yararsız torpaq sahələri ilə əvəzləşdirilməsi;
2.1.8. bioloji müxtəlifliyin qorunub
saxlanılması məqsədi ilə xüsusi
mühafizə olunan təbiət ərazilərinin (o cümlədən,
milli parkların, dövlət təbiət qoruqlarının,
yasaqlıqların və s.) tərkibinə əlavə
torpaqların verilməsi;
2.1.9. magistral mühəndis-kommunikasiya
təminatı sistemlərinin, meliorasiya və su
təsərrüfatı obyektlərinin, hidrotexniki
qurğu-ların tikintisi;
2.1.10. ekzogen geoloji proseslərə
məruz qalmış yaşayış
məntəqələrinin torpaqlarının
əvəzləşdirilməsi;
2.1.11. yeni yaşayış
məhəllələrinin (məntəqələrinin)
salınması və ya mövcud yaşayış
məntəqələrinin inkişaf etdirilməsi (genişləndirilməsi)
məqsədi ilə ərazi planlaşdırılması
sənədlərinə uyğun olaraq əlavə torpaq
sahələrinin ayrılması;
2.1.12. tarix-mədəniyyət, təbii
qoruq və sağlamlaşdırma yerlərinin
yaradılması, əhalinin istirahətinin təşkili,
turizmin inkişafı, idman və digər sosial obyektlərin
tikintisi;
2.1.13. xüsusi mülkiyyətdə olan
torpaq sahələrindən iqtisadi cəhətdən daha
səmərəli istifadənin təmin edilməsi ilə
bağlı mülkiyyətçilərin
müraciətləri.
3. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə
vəsatətlərin qaldırılması və onlara
baxılması
3.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə kateqoriyası
dəyişdirilməsi təklif olunan torpaq sahəsinin
yerləşdiyi ərazi vahidi, aid olduğu kateqoriya,
keçirilməsi nəzərdə tutulan kateqoriya,
keçirilmənin əsaslandırılması, kadastr
nömrəsi, sahə ölçüsü, məqsədli
təyinatı, hüquqi rejimi, mülkiyyətdə,
istifadədə və ya icarədə olması, kənd
təsərrüfatı təyinatlı olduqda torpağın
yeri (uqodiyası), suvarılan və ya dəmyə olması
barədə məlumatlar və planlaşdırılan konkret
istifadə istiqamətləri göstərilməklə,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qarşısında vəsatəti aşağıdakılar
qaldırırlar:
3.1.1. dövlət
mülkiyyətində olan torpaqlara münasibətdə –
aidiyyəti dövlət təşkilatları və ya
müvafiq yerli icra hakimiyyəti orqanları;
3.1.2. bələdiyyə
mülkiyyətində olan torpaqlara münasibətdə –
müvafiq bələdiyyələr;
3.1.3. xüsusi mülkiyyətdə olan
torpaqlara münasibətdə – torpaq
mülkiyyətçiləri.
3.2. Qaldırılmış
vəsatətlərə aşağıdakı
sənədlər əlavə edilir:
3.2.1. dövlət
mülkiyyətində olan torpaqlar üzrə:
3.2.1.1. aidiyyəti yerli icra hakimiyyəti
orqanının torpaqların kateqoriyalara aid edilməsi və
onların bir kateqoriyadan digərinə keçirilməsinin
məqsədəmüvafiqliyi barədə qərarından
çıxarış;
3.2.1.2. torpaq sahəsinin
ölçüsündən asılı olaraq, əyani
surətdə qavranılması nəzərə alınmaqla
müvafiq miqyasda tərtib olunmuş situasiya planı və ya
sərhədləri daxilində mövcud və
yerləşdirilməsi nəzərdə tutulan tikililər
olduğu halda, layihələndirilən ərazinin baş
planı (xətti qurğularda isə onların istiqamətinin
uzununa profilli en kəsiyi);
3.2.1.3. mənafeyinə toxunulan
aidiyyəti mərkəzi icra hakimiyyəti orqanlarının
və səhmlərinin nəzarət zərfi
dövlətə məxsus olan hüquqi şəxslərin rəyləri
(əsli);
3.2.1.4. neft və qaz istisna olmaqla,
faydalı qazıntıların çıxarılması
üçün torpaq sahəsinin kateqoriyasının
dəyişdirilməsi tələb olunduqda, faydalı
qazıntıların təsdiq edilmiş ehtiyatları və
onların işlənilməsinin
məqsədəuyğunluğu haqqında Azərbaycan
Respublikası Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin və dağ-mədən işləri, dağ
və buruq qazmalarının aparılması üçün
lisenziya verilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Fövqəladə Hallar Nazirliyinin
rəyləri, habelə sifarişçinin vəsaiti
hesabına hazırlanmış torpaqların rekultivasiyası
layihəsi;
3.2.1.5. torpaqların istifadəsi ilə
bağlı fəaliyyətin dövlət ekoloji
ekspertizasının müsbət rəyi;
3.2.1.6. torpaq sahəsi üzərində
mülkiyyət hüququnu təsdiq edən daşınmaz
əmlakın dövlət reyestrindən
çıxarış;
3.2.2. bu Qaydaların 3.2.1-ci yarımbəndində
göstərilənlərdən əlavə (dövlət
mülkiyyətində olan torpaqlara aid hissələr istisna
olunmaqla), bələdiyyə mülkiyyətində olan torpaqlar
üzrə əlavə olaraq torpaq sahəsinin
kateqoriyasının dəyişdirilməsi barədə
təkliflərin müzakirəsinə dair Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli 792
nömrəli Fərmanı ilə təsdiq edilmiş
“Bələdiyyələrin Nümunəvi Reqlamenti”nə
uyğun tərtib edilmiş bələdiyyə
iclasının protokolundan çıxarış;
3.2.3. bu Qaydaların 3.2.1-ci
yarımbəndində göstərilənlərdən
əlavə (dövlət mülkiyyətində olan torpaqlara
aid hissələr istisna olunmaqla), xüsusi
mülkiyyətdə olan torpaqlar üzrə əlavə olaraq
mülkiyyətçi fiziki şəxs olduqda - onun
şəxsiyyətini təsdiq edən sənədin surəti
(vəsatət torpaq mülkiyyətçisinin adından başqa
şəxs tərəfindən qaldırıldıqda, notariat
qaydasında təsdiq edilmiş etibarnamənin surəti)
və mülkiyyətçi hüquqi şəxs olduqda -
hüquqi şəxslərin dövlət reyestrindən
çıxarışın, onun nümayəndəsinin
səlahiyyətini və şəxsiyyətini təsdiq
edən şəxsiyyət vəsiqəsi və
etibarnamənin surətləri;
3.2.4. bütün əsaslar və
mülkiyyət növləri üzrə torpaq
mülkiyyətçilərinə,
istifadəçilərinə və
icarəçilərinə vurulacaq ziyanın, kənd
təsərrüfatı və meşə
təsərrüfatı itkilərinin ödənilməsi,
habelə kateqoriyasının dəyişdirilməsi
nəzərdə tutulan torpaq sahəsində obyektin
layihələndirilməsi müddətində
mənafeyinə toxunulan hüquqi və fiziki
şəxslərin tikinti ilə bağlı qoyduqları
tələblərin yerinə yetirilməsi barədə
xeyrinə torpaq sahəsi əldə edənin notariat qaydada
təsdiq edilmiş zəmanət məktubu.
3.3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən
vəsatətlərə baxılaraq, torpaqların kateqoriyalara
aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsinə
dair təklifin sənədlər əsasında
araşdırılması və yerquruluşu işlərinin
aparılması məqsədi ilə Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsinə müvafiq tapşırıq
verilir.
3.4. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
mülkiyyət növlərinə uyğun olaraq
(dövlət, bələdiyyə və xüsusi) torpaq
mülkiyyətçilərinin, istifadəçilərinin
və icarəçilərinin sifarişi əsasında
nəzərdə tutulan torpaq sahəsinin yerquruluşu
qaydasında yerdə (naturada) sərhədlərini,
qonşuluqlarını, döngə nöqtələrinin
koordinatlarını 20 (iyirmi) iş günü
müddətində müəyyən edir, mərzçəkmə
işlərini aparır və torpaq sahəsinin
ərazisindən asılı olaraq sahəsi 4 kv.km-ə
qədər olduqda - 1:5000, 4 kv.km-dən 25 kv.km-ə
qədər olduqda - 1:10000, 25 kv.km-dən 100 kv.km-ə
qədər olduqda - 1:25000 və 100 kv.km-dən artıq olduqda
- 1:50000 miqyasda iki nüsxədən ibarət kağız
üzərində və elektron daşıyıcıda
xəritəsini hazırlayır və təsdiq edir.
3.5. Azərbaycan Respublikasının
Əmlak Məsələləri Dövlət Komitəsi
kateqoriyası dəyişdiriləcək torpaq sahəsinin
kağız üzərində və elektron daşıyıcıda
hazırlanmış, müvafiq yerli icra hakimiyyəti
orqanı, bələdiyyə və ya aidiyyəti
təşkilatlarla razılaşdırılmış
xəritəsinin bir nüsxəsini, torpaqların kateqoriyalara
aid edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları, torpaq sahəsinin
ölçüsü, yerləşdiyi ərazi vahidi, kadastr
nömrəsi, əvvəl mövcud olduğu və aid edildiyi
kateqoriya, habelə torpaqdan istifadəyə dair xüsusi
şərtlər və məhdudiyyətlər barədə
məlumatlar göstərilməklə, Azərbaycan
Respublikası Nazirlər Kabinetinin
razılaşdırılmış sərəncam layihəsini
və öz rəyini baxılmaq üçün 10 (on) iş
günü müddətində Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim edir.
3.6. Torpaq sahəsinin bir kateqoriyadan
digər kateqoriyaya keçirilməsi prosesi daşınmaz
əmlakın dövlət reyestrinin və dövlət torpaq kadastrının
müvafiq məlumatlarında bu barədə zəruri
dəyişikliklər edildikdən sonra tamamlanmış hesab
olunur.
3.7. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi barədə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarı əsasında Azərbaycan
Respublikasının Əmlak Məsələləri
Dövlət Komitəsi tərəfindən daşınmaz
əmlakın dövlət reyestrinin və dövlət torpaq
kadastrının məlumatlarında dəyişikliklər
edilməsi 2 (iki) iş günü müddətində
həyata keçirilir və bu barədə vəsatət qaldıran
subyektə 3 (üç) iş günü
müddətində rəsmi qaydada məlumat verilir.
4. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə
vəsatətlərə baxılmasından imtina edilməsi
4.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsinin əsasları üzrə
vəsatətlərə baxılmasından aşağıdakı
hallarda imtina edilir:
4.1.1. vəsatət bu Qaydaların
tələblərinə uyğun olmayan subyektlər
tərəfindən qaldırıldıqda;
4.1.2. vəsatətdə bu Qaydaların
3.1-ci bəndində nəzərdə tutulmuş məlumatlar
öz əksini tapmadıqda;
4.1.3. vəsatətə əlavə
olunan sənədlər bu Qaydaların 3.2-ci bəndinin
tələblərinə cavab vermədikdə;
4.1.4. torpaq sahəsinin
kateqoriyasının dəyişdirilməsi qanunla qadağan
edildikdə;
4.1.5. mənafeyinə toxunulduğu halda,
qonşu torpaq sahələrinin qanuni sahiblərinin mövqeyi
nəzərə alınmadıqda;
4.1.6. kateqoriyası
dəyişdirilməsi nəzərdə tutulan torpaq sahəsi
ərazi planlaşdırılması
sənədlərinə, ərazi üzrə mövcud və
layihələndirilmiş mühəndis-kommunikasiya
təminatı sistemlərinə uyğun olmadıqda;
4.1.7. respublikanın makroiqtisadi
inkişafının perspektivliyi baxımından torpaq
sahəsinin kateqoriyasının dəyişdirilməsi
məqsədəuyğun hesab edilmədikdə.
5. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi barədə qərarın aidiyyəti
üzrə göndərilməsi
5.1. Torpaqların kateqoriyalara aid
edilməsi və onların bir kateqoriyadan digərinə
keçirilməsi barədə Azərbaycan
Respublikasının Nazirlər Kabineti tərəfindən
qəbul edilmiş qərarın surəti daşınmaz
əmlakın sahə kadastrlarını aparan mərkəzi
icra hakimiyyəti orqanlarına, rəyləri alınmış
aidiyyəti təşkilatlara, müvafiq yerli icra hakimiyyəti
orqanlarına, bələdiyyələrə və torpaq
mülkiyyətçilərinə göndərilir.
5.2.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir
kateqoriyadan digərinə keçirilməsi barədə
qəbul edilmiş qərar kənd təsərrüfatı
təyinatlı torpaq sahələri ilə bağlı olduqda,
bu barədə zəruri məlumatlar Azərbaycan
Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897
nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron
kənd təsərrüfatı” informasiya sistemi haqqında
Əsasnamə”yə uyğun olaraq, “Elektron kənd
təsərrüfatı” informasiya sisteminə daxil edilir.[1]
Qeyd. Bu Qaydalarda dəyişikliklər
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli
772 nömrəli Fərmanı ilə təsdiq edilmiş
“İcra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının hazırlanması və qəbul edilməsi
qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə
uyğun edilə bilər.
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
5
may 2020-ci il tarixli 164
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti 6 may 2020-ci il, ¹ 88, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 635)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 5
may 2020-ci il tarixli 164
nömrəli Azərbaycan Respublikası Nazirlər
Kabinetinin Qərarı (“Xalq”
qəzeti 6 may 2020-ci il, ¹ 88, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 5, maddə 635) ilə
“Torpaqların kateqoriyalara aid edilməsi və onların bir
kateqoriyadan digərinə keçirilməsi
Qaydaları”nın 5.2-ci bəndi yeni redaksiyada verilmişdir.
əvvəlki
redaksiyada deyilirdi:
5.2.
Torpaqların kateqoriyalara aid edilməsi və onların bir
kateqoriyadan digərinə keçirilməsi barədə
qəbul edilmiş qərar kənd təsərrüfatı
təyinatlı torpaq sahələri ilə bağlı olduqda,
bu barədə zəruri məlumatların Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2014-cü il 30 dekabr tarixli 408
nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron
kənd təsərrüfatı” informasiya sistemindən
(EKTİS) istifadə Qaydaları”nın
tələblərinə əsasən, EKTİS-ə daxil
edilməsi məqsədi ilə Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyinə təqdim
olunması Azərbaycan Respublikasının Əmlak
Məsələləri Dövlət Komitəsi
tərəfindən təmin edilir.