“İctimai şuranın
vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nin təsdiq
edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
“İctimai
iştirakçılıq haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli
816-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 16 yanvar tarixli 89 nömrəli Fərmanının 1.1.5-ci yarımbəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. “İctimai şuranın
vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə” təsdiq
edilsin (əlavə olunur).
2. Bu qərar 2014-cü il iyunun 1-dən
qüvvəyə minir.
Azərbaycan
Respublikasının Baş naziri Artur RASİ-ZADƏ
Bakı şəhəri, 30 may 2014-cü il
№ 171
|
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2014-cü il 30 may tarixli 171 nömrəli
qərarı ilə TƏSDİQ EDİLMİŞDİR |
İctimai şuranın
vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair
ƏSASNAMƏ
1. Ümumi müddəalar
1.1. Bu Əsasnamə “İctimai iştirakçılıq
haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra — Qanun) 6.1-ci
maddəsinə əsasən hazırlanmışdır və ictimai şuraların vətəndaş cəmiyyəti
institutları tərəfindən seçilməsi qaydalarını müəyyən edir.
1.2. İrqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən,
mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi
partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə
mənsubiyyətindən asılı olmayaraq, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə,
mərkəzi icra hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə
isə müvafiq sahə üzrə təcrübəyə və ya biliyə malik Azərbaycan Respublikasının
16 yaşına çatmış hər bir fəaliyyət qabiliyyətli vətəndaşı ictimai şuranın üzvü
ola bilər.[1]
1.3. Mərkəzi və yerli icra hakimiyyəti
və yerli özünüidarəetmə orqanlarının işçiləri həmin orqanlarda yaradılan
ictimai şuraya üzv ola bilməzlər.
1.4. İctimai şuranın səlahiyyət müddəti
iki ildir.
1.5. Mərkəzi və yerli icra hakimiyyəti
və yerli özünüidarəetmə orqanları ictimai şuranın sərbəst və bütün tərəflərə
bərabər münasibət göstərməklə formalaşdırılması üçün tam şərait
yaratmalıdırlar.
2. İctimai şuraya
seçkilərin təşkili
2.1. Qanunun 6.1-ci maddəsinə uyğun
olaraq, ictimai şuralar vətəndaş cəmiyyəti institutları tərəfindən seçilir.[2]
2.2. İctimai şuralara seçkilərin təşkili
həmin mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanları
tərəfindən həyata keçirilir.
2.3. İctimai şuralara seçkilərin təşkili
məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının yanında 9 nəfərdən ibarət seçki komissiyaları yaradılır.
2.4. Seçki komissiyalarının tərkibi
mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının əməkdaşlarından
4 üzv, vətəndaş cəmiyyəti institutu nümayəndələrindən isə 5 üzv (mərkəzi icra
hakimiyyəti orqanı yanında yaradılan ictimai şuralara münasibətdə müvafiq sahə
üzrə ixtisaslaşmış vətəndaş cəmiyyəti institutlarının nümayəndələri) olmaqla
təşkil edilir.
2.5. Mərkəzi və yerli icra hakimiyyəti
və yerli özünüidarəetmə orqanlarının yanında fəaliyyət göstərəcək ictimai
şuranın üzvlərinin say həddi həmin orqanın fəaliyyət istiqamətlərinin genişliyi
və iş həcmi nəzərə alınmaqla, 5-15 üzvdən ibarət tərkibdə seçki komissiyaları
tərəfindən müəyyən edilir.
2.6. Seçki komissiyalarının fəaliyyəti
yalnız ictimai şuralara seçkilərin təşkili və ictimai şuranın üzvlərinin say
həddinin müəyyən edilməsi ilə məhdudlaşır.
2.7. İctimai şuraya üzvlər vətəndaş
cəmiyyəti institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə
yığıncaqda vətəndaş cəmiyyəti institutlarının nümayəndələri tərəfindən seçilir.
Seçki komissiyalarının üzvləri bu səsvermədə iştirak edə bilməzlər.
2.8. Mərkəzi və yerli icra hakimiyyəti
və yerli özünüidarəetmə orqanları rəsmi internet səhifəsi ilə və ya mövcud olan
digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.)
ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının başlanılması və başa
çatması vaxtını elan edirlər.
2.9. Namizədlərin irəli sürülməsi və
qeydiyyatı üçün nəzərdə tutulan müddət iyirmi iş günündən az, otuz iş günündən
artıq ola bilməz.
2.10. Hər bir vətəndaş cəmiyyəti
institutu ictimai şuranın üzvlüyünə yalnız bir namizəd irəli sürə bilər.
2.11. Vətəndaş cəmiyyəti institutu
müraciətinə ictimai şuranın üzvlüyünə irəli sürdüyü namizəd barədə aşağıdakı
sənədləri əlavə etməlidir:
2.11.1. şəxsiyyət vəsiqəsinin surətini;
2.11.2. namizədin tərcümeyi-halını;
2.11.3. namizəd hər hansı bir vətəndaş
cəmiyyəti institutunun üzvü olduğu halda həmin üzvlüyü təsdiq edən sənədin
surətini.
2.11.4. mərkəzi icra hakimiyyəti orqanı
yanında yaradılan ictimai şuralara namizədlərə münasibətdə şəxsin müvafiq sahə
üzrə təcrübəyə və ya biliyə malik olmasını sübut edən sənəd (olduğu halda əmək
kitabçasının surəti, əmək kitabçası olmadıqda isə məlumatı təsdiqləyəcək digər
sənədlər).[3]
2.12. Tələb olunan sənədlərdən əlavə
vətəndaş cəmiyyəti institutu tərəfindən namizəd barədə geniş məlumat verən
digər sənədlər də təqdim edilə bilər.
2.13. İctimai şuraya namizədliyini irəli
sürmək istəyən şəxsin qeydiyyatı məsələsinə seçki komissiyası tərəfindən üç iş
günü müddətində baxılır və müvafiq qərar qəbul edilir.
2.14. Yalnız bu Əsasnamənin 1.2-ci,
1.3-cü və 2.10-cu bəndlərində göstərilən şərtlərə uyğun olmayan şəxslərin
namizədliyinin qeydiyyatından imtina edilir.[4]
2.15. Şəxsin namizədliyi qeydiyyata
alınmadıqda, onun elektron ünvanına səbəbləri göstərilməklə imtina barədə
dərhal bildiriş göndərilməli və ya şəxsən təqdim edilməlidir.
2.16. İctimai şuraya namizədliyi
qeydiyyata alınmamış şəxs bundan müvafiq mərkəzi və yerli icra hakimiyyəti və
yerli özünüidarəetmə orqanına müraciət etmək və (və ya) məhkəməyə
şikayət vermək hüququna malikdir. [5]
2.17. İctimai şuraya seçkilər
namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra bir ay müddətində
keçirilir.
2.18. Seçki komissiyası rəsmi internet
səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya
vasitələri, məlumat lövhəsi və s.) ictimai şuraya seçkilərdə iştirak edəcək
namizədliyi qeydə alınmış şəxslərin siyahısını elan edir.
2.19. Seçki komissiyası namizədliyi
qeydə alınmış şəxslərə bərabər imkanlar yaratmaqla, rəsmi internet səhifəsi ilə
və ya mövcud olan digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat
lövhəsi və s.) namizədlərin özləri barədə əlavə məlumat vermələrinə şərait
yaradır, həmçinin rəsmi internet səhifəsində onlar barədə məlumat verən
səhifələrə keçidi təmin edir.
2.20. Namizədliyi qeydə alınmış şəxslər
namizədlərin irəli sürülməsi prosesi başa çatdıqdan sonra seçki gününə bir gün
qalanadək, seçkiqabağı təşviqat məqsədi ilə təşviqat materialları yaya
bilərlər.
2.21. İctimai şuraya seçkinin vaxtı və
keçiriləcəyi yer barədə məlumat rəsmi internet səhifəsi ilə və ya mövcud olan
digər vasitələrlə (kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) elan
edilir.
2.22. İctimai şuranın səlahiyyət
müddətinin başa çatmasına iki ay qalmış yeni ictimai şuranın formalaşdırılması
məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanlarının rəsmi internet səhifəsi ilə və ya mövcud olan digər vasitələrlə
(kütləvi informasiya vasitələri, məlumat lövhəsi və s.) növbəti seçki barədə
məlumat verilir və ictimai şuraya namizədlərin irəli sürülməsi, qeydiyyatının
başlanılması və başa çatması vaxtı elan edilir.
2.23. İctimai şuranın səlahiyyətləri
yeni seçilmiş ictimai şuranın ilk iclas günü başa çatır.
3. İctimai şuralara
seçkilərin keçirilməsi
3.1. Namizəd irəli sürüb-sürməməsindən
asılı olmayaraq, vətəndaş cəmiyyəti institutlarının (onların ərazi
təşkilatlarının), yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarına
münasibətdə isə həmin ərazidə fəaliyyət göstərən vətəndaş cəmiyyəti
institutlarının bərabər sayda təmsilçilərindən ibarət birgə yığıncaqda ictimai
şuranın üzvləri irəli sürülmüş namizədlər içərisindən gizli səsvermə yolu ilə
seçilir.
3.2. Birgə yığıncaqda təmsilçilərinin
iştirak etməsini istəyən vətəndaş cəmiyyəti institutları seçki gününə on gün
qalanadək, həmin şəxslər barədə zəruri məlumatları (adı, soyadı, atasının adı,
təvəllüdü, yaşayış yeri, əlaqə vasitəsi) göstərməklə, seçki komissiyasına
müraciət etməlidirlər.
3.3. Seçki komissiyası vətəndaş
cəmiyyəti institutlarının müraciəti əsasında birgə yığıncaqda iştirak edəcək
təmsilçilərin qeydiyyatını aparır.
3.4. Birgə yığıncaq zamanı vətəndaş
cəmiyyəti institutlarının təmsilçilərinə seçki komissiyası tərəfindən
hazırlanmış və namizədlərin adı qeyd olunmuş seçki vərəqələri (seçki bülleteni)
paylanılır.
3.5. Birgə yığıncağın keçirildiyi otağın
mərkəzində, hamının sərbəst görə biləcəyi yerdə seçki qutusu qoyulur.
3.6. Birgə yığıncaqda iştirak edən
vətəndaş cəmiyyəti institutlarının təmsilçiləri fəaliyyət göstərəcək ictimai
şuranın üzvlərinin say həddinə uyğun və ya bundan az sayda namizədə səs
verirlər.
3.7. Səsvermə təmsilçilərin seçki
vərəqəsində lehinə səs verəcəkləri namizədlərin soyadından sağdakı xanalarda
işarə qoyub həmin vərəqəni seçki qutusuna atmaları ilə həyata keçirilir.
3.8. İşarə qoyulmuş xanaların sayı
ictimai şura üzvlərinin say həddindən çoxdursa və ya boş xanalarda heç bir
işarə qoyulmamışdırsa, seçki vərəqəsi etibarsız sayılır.
3.9. Birgə yığıncaqda iştirak edənlərin
yarıdan çoxunun səsini toplamış şəxslər ictimai şuranın tərkibinə seçilmiş
hesab olunurlar.
3.10. İctimai şuraya seçilmək üçün
yetərli səs toplamış namizədlərin sayı fəaliyyət göstərəcək ictimai şuranın
üzvlərinin say həddindən az olduqda, üç gün müddətində boş qalan yerlər üçün
təkrar seçkilərin keçirilməsi barədə qərar qəbul edilir. Təkrar seçkilər zamanı
ən çox səs toplamış namizədlər boş qalmış yerlərə seçilmiş hesab olunurlar.
3.11. Səsvermə prosesi başa çatdıqdan
sonra birgə yığıncaq iştirakçılarının müşahidəsi ilə seçki komissiyasının
üzvləri tərəfindən seçki qutuları açılır və seçki vərəqələri sayılır.
3.12. Seçkilərin nəticələri seçkilər
keçirilən gün elan edilir və seçki komissiyası tərəfindən nəticələrə dair
protokol tərtib olunur.
3.13. İctimai şuraya seçilməmiş
namizədlərin seçkilərin nəticəsi və ya keçirilmə prosesi ilə bağlı iradları
olarsa, bu barədə müvafiq mərkəzi və yerli icra hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarına müraciət edə və (və ya) məhkəməyə şikayət
verə bilərlər.
3.14. Seçki komissiyası tərəfindən
seçkilərin nəticələrinə dair protokol tərtib olunduğu gündən iyirmi gün
müddətində ilk iclasını keçirməklə ictimai şura fəaliyyətə başlayır.
4. Yekun müddəalar
4.1. İctimai şuraya seçilmiş namizədlərə
şuraya üzvlüyü təsdiq edən vəsiqələr verilir. İctimai şura üzvlərinin
vəsiqələrinin forması mərkəzi və yerli icra hakimiyyəti və yerli özünüidarəetmə
orqanları tərəfindən təsdiq edilir.
4.2. İctimai şuradakı fəaliyyətinə görə
üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir.
4.3. Seçkilər nəticəsində
formalaşdırılmış ictimai şuralar Qanunun 7-ci-11-ci maddələri ilə müəyyən
olunmuş qaydada fəaliyyət göstərirlər.
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1.
21 noyabr 2014-cü
il tarixli 375 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 dekabr
2014-cü il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 12, maddə 1654)
2.
10 aprel 2017-ci il tarixli 128 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq”
qəzeti, 11 aprel 2017-ci il, № 74,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 615)
QƏRARA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10 aprel 2017-ci il tarixli 128
nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin
Qərarı (“Xalq” qəzeti, 11 aprel 2017-ci il, № 74, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, № 4, maddə 615) ilə
“İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair
Əsasnamə”nin 1.2-ci bəndində “milliyyətindən”
sözü “etnik mənsubiyyətindən”
sözləri ilə əvəz edilmişdir.
[2] 21 noyabr 2014-cü
il tarixli 375 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 dekabr
2014-cü il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 12, maddə 1654) ilə 2.1-ci bənddə “seçilməlidir” sözü “seçilir”
sözü ilə əvəz edilmişdir.
[3] 21 noyabr 2014-cü
il tarixli 375 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 dekabr
2014-cü il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 12, maddə 1654) ilə yeni məzmunda 2.11.4-cü yarımbənd əlavə
edilmişdir.
[4] 21 noyabr 2014-cü il
tarixli 375 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 dekabr
2014-cü il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 12, maddə 1654) ilə 2.14-cü bənddə “2.12-ci” sözləri “2.10-cu”
sözləri ilə əvəz edilmişdir.
[5] 21 noyabr 2014-cü
il tarixli 375 nömrəli Azərbaycan
Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 6 dekabr
2014-cü il, № 267, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü
il, № 12, maddə 1654)) ilə 2.16-cı və 3.13-cü bəndlərdən “(və ya)”
sözləri çıxarılmışdır.