“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 7 iyul 2011-ci il

                ¹ 1621

 


 

 

Azərbaycan Respublikası Prezidentinin

2011-ci il 7 iyul tarixli 1621 nömrəli Sərəncamı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

“Azərbaycan gəncliyi 2011-2015-ci illərdə”

 

DÖVLƏT PROQRAMI

 

1. GİRİŞ

 

Qloballaşmanın vüsət aldığı və informasiya cəmiyyətinin sürətlə formalaşdığı hazırkı mərhələ Azərbaycan Respublikasında sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin daha fəal iştirakını təmin etmək istiqamətində aparılan işlərin yeni səviyyəyə yüksəldilməsini tələb edir. Məhz buna görə də cəmiyyətin maraqlarının təmin edilməsi və ölkə iqtisadiyyatının rəqabətə davamlılıq qabiliyyətinin artırılması üçün gəncliyin innovativ potensialından geniş istifadə olunmasına əlverişli zəmin yaradılmalıdır.

Respublikamızda dövlət gənclər siyasətinin formalaşdırılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında” Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 iyul tarixli Fərmanı, “Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu və gənclər siyasəti sahəsində digər normativ hüquqi aktlar, habelə Azərbaycan gənclərinin forumlarının keçirilməsi gənclərlə iş sahəsinin hüquqi əsaslarını və icra mexanizmini müəyyən etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)” dövlət gənclər siyasətinin həyata keçirilməsi yolunda mühüm fəaliyyət sənədi olmuşdur. Həmin Dövlət Proqramının icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş vermiş və müəyyən uğurlar əldə olunmuşdur. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılmış, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı genişləndirilmişdir. Məşğulluq sahəsində beynəlxalq təcrübəyə və gənclərin təşəbbüskarlığına əsaslanan fəaliyyətlər inkişaf etdirilmiş, regionlarda yaşayan gənclərin fəallığını stimullaşdıran tədbirlər həyata keçirilmişdir. Ölkənin ictimai-siyasi həyatında gənclərin yaxından iştirakı üçün lazımi şərait yaradılmış və bu sahədə irəliləyişlərə nail olunmuşdur. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının dövlət gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilmiş, onların layihə və proqramlarına mütəmadi dəstək verilmişdir. Beynəlxalq əməkdaşlıq sahəsində gənclər təşəbbüskarlıq və davamlı fəaliyyət nümayiş etdirmişlər.

Bütün bunlarla yanaşı, ölkə gənclərinin vətənpərvərlik, azərbaycançançılıq və dövlətçilik prinsipləri əsasında tarixi-mədəni irsimizə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunması, cəmiyyətin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında onların intellektual və yaradıcı potensiallarının ümummilli məsələlərin həllinə yönəldilməsi müasir dövrün tələbi olaraq qalır.

Gəncliyin inkişafında növbəti mərhələnin təmin edilməsi məqsədilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının (bundan sonra – Dövlət Proqramı) həyata keçirilməsi zərurəti yaranmışdır.

 

2. DÖVLƏT PROQRAMININ ƏSAS MƏQSƏDİ

 

Dövlət Proqramının əsas məqsədi Azərbaycan Respublikasında gənclər siyasətini daha da inkişaf etdirmək, gənclərin menecment sahəsində fəal iştirakına şərait yaratmaq, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdir.

 

3. DÖVLƏT PROQRAMININ ƏSAS VƏZİFƏLƏRİ

 

Dövlət Proqramı aşağıdakı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur:

gənclərin hərtərəfli inkişafı üçün şəraitin yaradılması;

gənclərin gələcəyin tələblərinə cavab verən təhsil almaları üçün bərabər imkanların təmin edilməsi;

gənclərin məşğulluğunun artırılması, mülkiyyət formasından asılı olmayaraq müəssisə və təşkilatlara işə düzəlmələri üçün əlverişli şəraitin yaradılması;

əmək bazarının tələblərinə cavab verən rəqabətədavamlı gənc kadrların hazırlanması;

dövlət qulluğunda və idarəetmədə peşəkar və bilikli gənclərin sayının artırılması;

gənc alim və tədqiqatçıların sosial təminatının gücləndirilməsi və məişət problemlərinin həll edilməsi;

gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi;

gənc ailə institutunun möhkəmləndirilməsi;

gənclərin məlumatlılığının artırılması;

gənclərin vacib ictimai təşəbbüslərinin dəstəklənməsi üçün təşkilati, maddi və məlumatlandırma mexanizmlərinin inkişaf etdirilməsi;

gənclərdə müasir düşüncə tərzinin formalaşdırılması, onların idarəetmə və tədqiqat yönlü fəaliyyətə cəlb edilməsi;

gənclərin regionların sosial-iqtisadi və mədəni inkişafından bəhrələnməsi üçün tədbirlərin həyata keçirilməsi;

gənclərin özünüidarə və iqtisadi baxımdan təminetmə bacarıqlarının inkişaf etdirilməsi;

gənclərin, o cümlədən gənc əlillərin sosial müdafiəsinin gücləndirilməsi;

gənclər arasında zərərli vərdişlərin yayılmasına qarşı yönəlmiş fəaliyyətlərin dəstəklənməsi və inkişaf etdirilməsi;

gənclərin inkişafında yerli icra strukturlarının və bələdiyyələrin iştirakının artırılması, yerlərdə gənclərə diqqətin gücləndirilməsi;

gənclərlə işləyən mütəxəssislərin əlavə təhsilinin təmin edilməsi;

gənclərin və gənclər təşkilatlarının ictimai həyatda təşəbbüskarlığının və iştirakının stimullaşdırılması;

gənclərin beynəlxalq mübadilə və mədəniyyətlərarası dialoqda iştirakının dəstəklənməsi;

gənclərin inkişafına yönəlmiş infrastrukturun yaradılması.

 

4. DÖVLƏT PROQRAMI ÜZRƏ HƏYATA KEÇİRİLƏCƏK TƏDBİRLƏRİN ƏLAQƏLƏNDİRİLMƏSİ

 

Dövlət Proqramı üzrə həyata keçiriləcək tədbirlərin icrasını Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi əlaqələndirir. Həmin məqsədlə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən aidiyyəti dövlət orqanlarının və ictimai təşkilatların nümayəndələri cəlb edilməklə Dövlət Proqramının icrası üzrə Əlaqələndirmə Şurası yaradılır.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Dövlət Proqramının həyata keçirilməsinə aidiyyəti beynəlxalq və qeyri-hökumət təşkilatlarının, elmi tədqiqat müəssisələrinin və yaradıcılıq ittifaqlarının cəlb olunmasını təmin edir.

 

5. DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİNİN MALİYYƏ MƏNBƏLƏRİ

 

Dövlət Proqramının həyata keçirilməsi üçün əsas maliyyə mənbəyi dövlət büdcəsidir. Dövlət Proqramının həyata keçirilməsinə büdcədənkənar dövlət fondlarının vəsaitləri, büdcədənkənar vəsaitlər, kreditlər, qrantlar və Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan digər mənbələr cəlb edilə bilər.

 

6. DÖVLƏT PROQRAMININ HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ TƏDBİRLƏR PLANI[1]

 

6.1. Gənclərlə iş sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi və infrastrukturun inkişafı

 

Sıra

¹-si

Tədbirin adı

Məqsəd

İcra müddəti

İcraçılar

1

2

3

4

5

6.1.1.

Normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması

Gənclərlə bağlı hüquqi tənzimlənmənin təkmilləşdirilməsi

2011-2015

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, aidiyyəti dövlət orqanları

6.1.2.

Gənclər üçün Prezident Mükafatının təsis olunması ilə bağlı təkliflərin təqdim edilməsi

Elm, təhsil, mədəniyyət və digər sahələrdə fərqlənən istedadlı gənclərin stimullaşdırılması

2011-2012

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

6.1.3.

Bakı şəhərində Azərbaycan Gənclər Mərkəzinin yaradılması

Gənclərin asudə vaxtının səmərəli təşkilinin təmin edilməsi, gənclər və onların təşkilatları üçün müvafiq xidmətlərin göstərilməsi, müxtəlif tədbirlərin keçirilməsi

2011-2013

Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti

6.1.4.

Gənclər Fondunun yaradılması

Gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılması, bu sahədə maddi-texniki bazanın gücləndirilməsi

2011-2012

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi

6.1.5.

Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda “Gənclər evi”nin yaradılması

Gənclərə məlumat, məsləhət, təlim, peşə seçimi və digər istiqamətlərdə göstərilən xidmətlərin genişləndirilməsi, onların asudə vaxtlarının təşkili və ahəngdar inkişafına şərait yaradılması

2011-2015

Gənclər və İdman Nazirliyi, yerli icra hakimiyyətləri

6.1.6.

Müvafiq ixtisaslar üzrə hazırlıq aparan ali təhsil müəssisələrində gənclər üçün biznes, informasiya texnologiyaları inkubatorlarının yaradılması

Gənclərin innovativ potensialı və təşəbbüskarlığının dəstəklənməsi, onların ölkə iqtisadiyyatında daha səmərəli iştirakının təmin edilməsi

2012-2013

Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi

6.1.7.

Gənclərlə bağlı statistik məlumatların hazırlanmasının təkmilləşdirilməsi və sosioloji tədqiqatların aparılması

Gənclərlə bağlı ünvanlı, məlumatlandırılmış və multisektoral siyasətin həyata keçirilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Dövlət Statistika Komitəsi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, İqtisadiyyat və Sənaye Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi [2]

6.1.8.

Gənclər və gənc ailələr üçün ipoteka kreditlərinin alınması imkanlarının genişləndirilməsinə dair təkliflərin hazırlanması

Gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması, həyat səviyyəsinin yüksəldilməsi

2011-2012

Nazirlər Kabineti, Gənclər və İdman Nazirliyi, Mərkəzi Bank

6.1.9.

Dövlət uşaq evlərindən və internatlardan ayrılmış, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş gənclərin münasib işlə və yaşayış sahəsi ilə təmin edilməsi mexanizminin təkmilləşdirilməsi

Kimsəsiz gənclərə dövlət qayğısının artırılması

2012

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

6.1.10.

Dövlət mülkiyyətində olan yaradıcılıq emalatxanalarının, sərgi salonlarının yaradıcı gənclərin istifadəsinə güzəştli şərtlərlə verilməsi ilə bağlı təkliflərin hazırlanması

Yaradıcı gənclərə dövlət dəstəyinin gücləndirilməsi

2011-2012

Nazirlər Kabineti, Əmlak Məsələləri Dövlət Komitəsi, Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.1.11.

Gənclər üçün mənzil kooperativlərinin yaradılmasının dəstəklənməsi

Gənclərin mənzil şəraitinin yaxşılaşdırılması

2011-2015

Gənclər və İdman Nazirliyi,

yerli icra hakimiyyətləri

6.2. Gənclərin vətəndaşlıq və vətənpərvərlik tərbiyəsi

6.2.1.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliğ edilməsi

Gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

6.2.2.

“Virtual Qarabağ” adlı İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılması

Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılması

2012

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.2.3.

Azərbaycanın milli qəhrəmanlarının və ərazi bütövlüyü uğrunda döyüşlərdə şücaət göstərmiş gənclərin tanıdılması ilə bağlı layihələrin həyata keçirilməsi

Qəhrəmanlıq nümunələrinin gənclər arasında təbliğ edilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

6.2.4.

Hərbi xidmətdə olan gənclərin mənəvi-psixoloji durumunun yüksəldil­məsinə və asudə vaxtının səmərəli təşkilinə kömək məqsədi ilə hərbi hissələrdə müxtəlif tədbirlərin keçirilməsi

Ordu sıralarında xidmət edən gənclərin mənəvi-psixoloji durumunun daha da yüksəldilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, Səhiyyə Nazirliyi

6.2.5.

Ümumi təhsil müəssisələrində çağırışaqədərki hərbi hazırlıq fənninin tədrisinin təkmilləşdirilməsi, hərbi-idman oyunlarının keyfiyyəti və kütləviliyinin artırılması, onların keçirilməsi üçün şərait yaradılması

Gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin artırılması, məktəblilərin hərbi hazırlığının gücləndirilməsi, ordu sıralarında hərbi xidmətə hazırlığının yüksəldilməsi

2011-2015

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Dövlət Sərhəd Xidməti, yerli icra hakimiyyətləri

6.2.6.

Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin aktual məsələləri üzrə müşavirələrin, konfransların, dəyirmi masaların, mədəni-kütləvi və digər tədbirlərin, telelayihələrin həyata keçirilməsi, vətənpərvərlik mövzusunda animasiya və cizgi filmlərinin istehsal olunması

Gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sahəsində aparılan işlərin səmərəsinin artırılması, animasiya filmləri vasitəsi ilə yeniyetmələrin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinə mənəvi və psixoloji təsirin göstərilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyətləri

6.2.7.

Azərbaycan dili, tarixi, mədəniyyəti və incəsənətinin təbliğinə xidmət edən intellektual oyunların, müsabiqələrin, olimpiadaların və festivalların keçirilməsi

Gənclərin Azərbaycanın milli-mədəni irsi və tarixi haqqında məlumatlandırılması

 

2011-2015

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

6.2.8.

“Vətəni tanı” ümumrespublika intellektual interaktiv oyunlarının keçirilməsi

Gənclərin Azərbaycan haqqında geniş məlumat əldə etməyə həvəsləndirilməsi

 

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası[3]

6.2.9.

Gənclərdə dövlət rəmzlərinə hörmət hissinin güclən­dirilməsi

Vətənpərvərlik tərbiyəsi sahəsində yeni layihənin tətbiq edilməsi

Mütəmadi

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi

6.2.10.

Yeniyetmə və gənclərin hərbi xidmətə həvəsləndirilməsi və ordu sıralarına yolasalma mərasimlərinin təşkili məqsədi ilə mədəni-kütləvi tədbirlərin keçirilməsi

Çağırışyaşlı gənclərin hərbi xidmətə həvəsləndirilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, yerli icra hakimiyyətləri

6.2.11.

Azərbaycan tarixini əks etdirən kompyuter oyunlarının hazırlanması

Müasir texnologiyalar vasitəsi ilə Azərbaycan tarixinin gənclər arasında öyrənilməsinə virtual imkanların yaradılması

2012-2015

Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbay­can Milli Elmlər Akademiyası

6.2.12.

Vətənpərvərlik mövzusunda maarifləndirici və təbliğat xarakterli əyani vəsaitlərin və təşviqat materiallarının hazırlanması

Vətənpərvərlik tərbiyəsi işinin səmərəliliyinin artırılması

2011-2015

Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyət­ləri 

6.3. Gənclərin intellektual və yaradıcılıq potensialının inkişafı

6.3.1.

İstedadlı gənclər və gənc alimlər barəsində məlumat bankının yaradılması

Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində potensialı haqqında dolğun məlumat­ın formalaşdırıl­ması, dövlət dəstəyinin ünvanlılığı və səmərəliliyinin təmin edilməsi

2011-2012

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, Azərbaycan Milli Elmlər Akademiyası 

6.3.2.

Gənc alimlərin iştirak etdiyi layihələrə qrantların verilməsi üzrə müsabiqələrin təşkili 

Gənc alimlərin elmi fəaliyyətinin stimullaşdırılması

 

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu  

6.3.3.

Regionlarda gənclərin intellektual klublarının yaradılması

Gənclərin daha geniş kütləsinin intellektual fəaliyyətə cəlb edilməsi, asudə vaxtın səmərəli təşkil olunması

2012-2015

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, yerli icra hakimiyyətləri

6.3.4.

İstedadlı və yaradıcı gənclərin II respublika toplantısının keçirilməsi

Yaradıcı gənclərin problemlərinin öyrənilməsi və onların həlli yollarının müəyyənləşdirilməsi

2012

Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

6.3.5.

Beynəlxalq və ölkə səviyyəli olimpiada, festival, müsabiqə və yarışlarda xüsusi nailiyyətlər əldə etmiş gənclərin mükafatlandırılması[4]

Gənclərin təhsilə, elmə, mədəniyyət və incəsənətə, yeni texnologiyalara marağının artırılması, istedadlı gənclərin stimullaşdırılması

Hər il

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası[5]

6.3.6.

“İstedadların hazırlığı laboratoriyası”nın təşkili və fəaliyyətinin təmin edilməsi

Gənclər arasında sağlam rəqabət və elmi ünsiyyət mühitinin yaradılması, onların nailiyyətlər əldə etmək imkanlarının artırılması

2012-2015

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu

6.3.7.

Müasir peşələr, onlara tələbat və peşə seçiminə dair interaktiv informasiya resursunun, gənclərin peşəyönümü üzrə səyyar və distant məlumat-məsləhət xidmətlərinin yaradılması

Əmək bazarı və gənclərin hazırlığı arasında daha yüksək uyğunluq səviyyəsinin təmin edilməsi, fasiləsiz təhsil sisteminin inkişafı, informasiya texnologiyalarının imkanlarından istifadə etməklə gənclərə peşə seçimində dəstəyin göstərilməsi

2012-2013

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası, aidiyyəti dövlət qurumları 

6.3.8.

Azərbaycanın “online fikir bankı”nın yaradılması

İnformasiya texnologiyaları vasitəsilə gənclər arasında innovativ düşüncənin təşviq edilməsi

2012-2013

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası 

6.3.9.

Mədəniyyət və incəsənət sahəsində gənclərin yaradıcılıq nailiyyətlərinin mübadiləsi, yay məktəbi, ustad dərsləri, sənətə baxış və digər tədbirlərin təşkili

Yaradıcı gənclərin təcrübə, bilik və bacarıqlarının artırılması

2011-2015

Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.3.10.

Gənclərlə bağlı daha dolğun məlumatların yayılması, müasir teleradio layihələrinin hazırlanması, internet resurslarının inkişafı

Gənclərə ünvanlanmış informasiyanın müasir mövzu və formalar üzrə hazırlanması

2011-2013

Gənclər və İdman Nazirliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti

6.3.11.

İnternet jurnalistikası üzrə təlimlərin təşkili

İnformasiya cəmiyyətində vacib yer tutan sahədə gənclərin bilik və bacarıqlarının artırılması, ölkə ilə bağlı zəruri məlumatların çatdırılması

2011-2015

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.4. Gənclərin sahibkarlıq fəaliyyətinin dəstəklənməsi və məşğulluğun təmin edilməsi

6.4.1.

Gənclər üçün əmək yarmarkalarının təşkil edilməsi

Gənclərin məşğulluq probleminin həllinə köməkliyin göstərilməsi

2012-2015

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.4.2.

Gənclərin məşğulluğu və sahibkarlıq fəaliyyəti sahəsində inkişaf etmiş ölkələrin təcrübəsinin öyrənilməsi və tətbiqi ilə bağlı tədbirlərin həyata keçirilməsi

Beynəlxalq təcrübənin tətbiq edilməsi yolu ilə gənclərin məşğulluğunun təmin edilməsi

2011-2015

Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.4.3.

Gənclər arasında sahibkarlığın inkişaf etdirilməsi, daimi yaşamaq üçün sərhədyanı və dağlıq ərazilərə köçən, fermer təsərrüfatı və digər sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənclərə dəstək verilməsi ilə bağlı təkliflərin hazırlanması

Gənclərin iqtisadi fəallığının artırılması, qeyri-neft sektorunda inkişafın dəstəklənməsi və sahibkarlığın inkişaf etdirilməsi

2012-2013

Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Vergilər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

6.4.4.

Biznes fəaliyyətinə dair intellektual yarışların və kompyuter oyunlarının keçirilməsi, yeniyetmə və gənclər arasında sahibkarlıq fəaliyyətinin nəzəri və praktiki əsasları ilə bağlı olimpiadaların və müsabiqələrin təşkil edilməsi

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün gənclərin stimullaşdırılması, onların sahibkarlıq fəaliyyətinə həvəsləndirilməsi

2011-2015

Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.4.5.

Gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların sərgilərinin keçirilməsi

Gənc sahibkarlar tərəfindən istehsal olunan məhsulların və xidmətlərin geniş ictimaiyyətin diqqətinə çatdırılması

2012-2015

İqtisadiyyat və Sənaye Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.4.6.

İnternat və uşaq evlərində yaşayan gənclərin məşğulluğuna kömək göstərilməsi

İnternat və uşaq evlərində yaşayan gənclərə peşə sənətlərinin öyrədilməsi, biznesin başlanğıcına dair biliklərin verilməsi və əl işlərinin satış auksionların təşkili

2012-2015

Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

6.5. Gənclərin idarəetmədə və vətəndaş cəmiyyətinin inkişafında iştirakının artırılması

6.5.1.

Xaricdə təhsil alıb Azərbaycan Respublikasına qayıdan gənclər barəsində məlumat toplanılması və onların işlə təmin edilməsi üçün Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyində müvafiq bölmənin yaradılması

Xaricdə təhsil almış azərbaycanlı gənclərin potensialından səmərəli istifadə edilməsi

2011-2012

İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Təhsil Nazirliyi

6.5.2.

Gənclərin kadr potensialı barəsində məlumat bankının yaradılması ilə bağlı təkliflərin hazırlanması

Ölkənin təhsil, elm, mədəniyyət, idarəetmə sahəsində kadr potensialı haqqında dolğun məlumatın formalaşdırılması, dövlət dəstəyinin ünvanlı olmasının və səmərəsinin təmin edilməsi

2011

Nazirlər Kabineti

6.5.3.

Azərbaycan Gənclərinin VII Forumunun keçirilməsi

Forumlararası görülən işlər haqqında hesabatların ictimaiyyətə çatdırılması, dövlət gənclər siyasəti sahəsində yeni vəzifələrin müəyyən edilməsi və gənclərin onlara yönəlmiş dövlət siyasətinin həyata keçirilməsində iştiraklarının təmin edilməsi

2014

Gənclər və İdman Nazirliyi

6.5.4.

Xarici ölkələrdə təhsil alan və işləyən gənclər haqqında məlumat bazasının yaradılması ilə bağlı təkliflərin hazırlanması

Xarici ölkələrdə olan azərbaycanlı gənclərin real potensialının müəyyən edilməsi

2011

Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Gənclər və İdman Nazirliyi

6.5.5.

Hər il ölkənin bir rayon və ya şəhərinin “Gənclər Paytaxtı” elan edilməsi

Yerlərdə gənclərlə işin daha da canlandırılması

2012-2015

Gənclər və İdman Nazirliyi,

yerli icra hakimiyyətləri

6.5.6.

Dövlət orqanlarında işləyən gənclərin peşə bacarıqlarının təkmilləşdirilməsi

Müasir dövrün tələblərinə cavab verən gənc menecerlərin formalaşması

 

2011-2015

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, digər aidiyyəti dövlət orqanları

6.5.7.

İlk dəfə səs verən gənc seçicilər arasında maarifləndirmə işinin təşkili

Gənclərin seçkilərdə fəal iştirakının təmin edilməsi

2013-2015

Gənclər və İdman Nazirliyi, Mərkəzi Seçki Komissiyası

6.5.8.

Gənclər təşkilatlarının fəaliyyətini əks etdirən sərgilərin təşkil edilməsi

Gənclər təşkilatlarının fəaliyyəti, onların həyata keçirdikləri layihə və tədbirlər haqqında cəmiyyətin məlumatlandırılması

2012-2015

Gənclər və İdman Nazirliyi, digər aidiyyəti qurumlar

6.5.9.

Gənclərin könüllü fəaliyyətə həvəsləndirilməsi

Gənclər arasında könüllülük hərəkatının təbliğ olunması və bu istiqamətdə beynəlxalq gənclər proqramlarının imkanlarından istifadə edilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi

6.6. Gənclərin sağlamlığının qorunması və həssas qruplardan olan gənclərin dəstəklənməsi

6.6.1.

Rayon və şəhərlərdə zərərli vərdişlərin profilaktikası ilə bağlı seminar, konfrans, treninq, sərgi, festival, müsabiqə, mədəni-kütləvi aksiya və təşviqat kampaniyalarının keçirilməsi, sosial reklam çarxlarının hazırlanması və televiziya kanallarında işıqlandırılması, teatr tamaşalarının hazırlanması, onların rayon və şəhərlərdə nümayişinin təşkil olunması

Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması

2011-2015

Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, Milli Televiziya və Radio Şurası, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, yerli icra hakimiyyəti orqanları

6.6.2.

Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi

Gənclərin sağlamlığının qorunması

Mütəmadi

Gənclər və İdman Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi

6.6.3.

Sağlam həyat tərzi və reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin genişləndirilməsi

Gənclərin sağlamlığının qorunmasına xidmət edən təşviqedici və maarifləndirmə tədbirlərinin keçirilməsi

Mütəmadi

Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi

6.6.4.

Gənclər üçün ümumi “Qaynar xətt”in yaradılması və yüksək riskli qruplardan olan gənclərin psixoloji reabilitasiyasının təşkil edilməsi

Gənclər üçün psixoloji xidmətin təkmilləşdirilməsi, yeniyetmələrin psixoloji durumunun yaxşılaşdırılmasının təmin edilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi

6.6.5.

Erkən nikahların qarşısının alınması məqsədilə maarifləndirmə işinin aparılması

Gənclərin hüquqlarının müdafiəsi və ailə institutunun gücləndirilməsi

2011-2015

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.6.6.

Cəzaçəkmə müəssisələrindən azad olan gənclərin reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi

Əvvəllər məhkum olunmuş gənclərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi

Mütəmadi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi

6.7. Tələbələrin elmi, mədəni fəaliyyətinin dəstəklənməsi və sosial müdafiəsi

6.7.1.

“Azərbaycan tələbə kartı”nın tətbiq edilməsi və gənclərin vahid beynəlxalq güzəştli kartlar sisteminə qoşulmasına şərait yaradılması

Təhsil alan gənclərə sosial dəstəyin artırılması

2011-2012

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

6.7.2.

Tələbə yataqxanaları sisteminin təkmilləşdirilməsi

Tələbələrin sosial-məişət problemlərinin həll edilməsi

2012-2015

Təhsil Nazirliyi, aidiyyəti dövlət qurumları

6.7.3.

Ali və orta ixtisas təhsili müəssisələrində tələbə-gənclər təşkilatlarının layihə və proqramlarının dəstəklənməsi

Tələbə özünüidarəetməsinin gücləndirilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi

6.7.4.

Təhsildə və ictimai həyatda xüsusi fərqlənən tələbə gənclərə adlı təqaüdlərin verilməsi sisteminin təkmilləşdirilməsi 

Təhsil alan gənclərin fəaliyyətinin stimullaşdırılması, onların təhsilə və ictimai işlərə həvəsləndirilməsi

2011-2012

Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Maliyyə Nazirliyi

 

6.7.5.

Yay tətili müddətində ali təhsil müəssisələri tərəfindən ixtisaslar üzrə tədqiqat qruplarının yaradılması

Tələbələrin nəzəri biliklərinin praktikada tətbiq edilməsi, onların ixtisasları ilə bağlı olan sahələrlə yaxından tanış olması

2012-2015

Təhsil Nazirliyi, İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası

6.8. Gənclərin beynəlxalq sahədə əməkdaşlığı

6.8.1.

Beynəlxalq və regional təşkilatların gənclər proqramları ilə əməkdaşlığın genişləndirilməsi

Beynəlxalq təşkilatların gənclər proqramlarında Azərbaycan gənclərinin təmsil olunması, həmin proqramların imkanlarından istifadə edilməsi

2011-2015

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

6.8.2.

“Azərbaycanın Gənc Dostları” mübadilə proqramının həyata keçirilməsi

Xarici ölkələrin gənclərinə Azərbaycan həqiqətlərinin çatdırılması

2011-2015

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

6.8.3.

Dünya Azərbaycanlı Gənclərinin II Konqresinin keçirilməsi

Xarici ölkələrdə yaşayan azərbaycanlı gənclərin fəaliyyətinin əlaqələndirilməsi  

2013

Gənclər və İdman Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi

6.8.4.

2015-ci ildə Bakının “Avropa Gənclər Paytaxtı” elan olunması məqsədilə təbliğat işinin aparılması

Azərbaycanın beynəlxalq aləmdə imicinin daha da möhkəmləndirilməsi

2012-2014

Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti

6.8.5.

Xarici ölkələrin gəncləri arasında “Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda müsabiqələrin keçirilməsi

Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ edilməsi

2012-2015

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

6.8.6.

Xarici ölkələrdə təhsil alan və məzun olmuş azərbaycanlı gənclərin beynəlxalq forumlarının keçirilməsi

Diaspor və lobbiçilik işinin təşkilində gənclərin iştirakının artırılması

2012-2015

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Təhsil Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Dövlət Neft Fondu

6.8.7.

Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində gənclər siyasəti sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi

Gənclərlə iş sahəsində beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə və məlumat mübadiləsinin aparılması

2011-2015

Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi

 

 

 


İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6, maddə 644)

2.       2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09, maddə 1027)

3.       30 oktyabr 2014-cü il tarixli 801 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, ¹ 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹10, maddə 1266)

4.       15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, ¹ 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 251)

5.       7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1521)

 

SƏRƏNCAMA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 2 sentyabr 2014-cü il tarixli 247 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 09, maddə 1027) ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə tədbirlər planı” hissəsinin 6.2.7-ci, 6.2.8-ci, 6.2.11-ci, 6.2.12-ci, 6.3.5-ci, 6.3.6-cı, 6.3.11-ci və 6.6.4-cü yarımbəndlərinin “İcraçılar” sütununda “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi” sözləri “Rabitə və Yüksək Texnologiyalar Nazirliyi” sözləri ilə əvəz edilmişdir.

 

[2] 27 iyun 2014-cü il tarixli 194 nömrəli Azərbaycan Respublikasının Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti 29 iyun 2014-cü il, ¹ 136, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹6, maddə 644) ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın 6.1.7, 6.4.2, 6.4.4, 6.4.5 və 6.7.5-ci yarımbəndlərində “İqtisadi İnkişaf” sözləri “İqtisadiyyat və Sənaye” sözləri ilə əvəz edilmişdir.

 

[3] 15 fevral 2016-cı il tarixli 787 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Azərbaycan” qəzeti, 21 fevral 2016-cı il, ¹ 40; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 02, II kitab, maddə 251) ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın 6.2.8-ci yarımbəndində “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” sözləri “Əmlak Məsələləri Dövlət Komitəsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi,” sözləri ilə əvəz edilmişdir.

 

[4] 30 oktyabr 2014-cü il tarixli 801 nömrəli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı (“Azərbaycan” qəzeti, 31 oktyabr 2014-cü il, ¹ 237, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹10, maddə 1266) ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın 6.3.5-ci yarımbəndinin “Tədbirin adı” sütununda “respublika” sözü “ölkə” sözü ilə əvəz edilmişdir.

 

[5] 7 avqust 2017-ci il tarixli 1574 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı (“Xalq” qəzeti, 8 avqust 2017-ci il, ¹ 170, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹ 8, maddə 1521) ilə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı”nın “6. Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı” hissəsinin 6.2.8-ci və 6.3.5-ci yarımbəndlərinin “İcraçılar” sütununa “Rabitə” sözündən əvvəl “Nəqliyyat,” sözü əlavə edilmişdir.