Normativ hüquqi aktlar
haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU
Bu
Konstitusiya Qanunu normativ hüquqi aktların hazırlanması,
qəbul olunması, rəsmiləşdirilməsi, dərc
edilməsi, qüvvədə olması, şərh edilməsi
və sistemləşdirilməsi qaydalarını
müəyyən edir.
I
fəsil
ÜMUMİ
MÜDDƏALAR
Maddə
1. Bu Konstitusiya Qanununda istifadə olunan əsas
anlayışlar
1.0.
Bu Konstitusiya Qanununda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1.
normativ hüquqi akt – tənzimlənməsi Azərbaycan
Respublikasının Konstitusiyası ilə, qanunla və ya
fərmanla dövlət orqanının
səlahiyyətlərinə aid edilən
məsələlər üzrə həmin dövlət
orqanı tərəfindən və ya referendum yolu ilə
qəbul edilmiş, hamı üçün məcburi
davranış qaydalarını əks etdirən,
qeyri-müəyyən subyektlər dairəsi üçün
və dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş müəyyən formalı
rəsmi sənəd;
1.0.2.
qanunvericilik aktları – Azərbaycan Respublikasının
qanunvericilik sistemini təşkil edən normativ hüquqi
aktlar;
1.0.3.
normativ xarakterli akt – bu Konstitusiya Qanununun
4.1-ci maddəsində müəyyən edilmiş,
məhdud subyektlər dairəsi üçün məcburi
davranış qaydalarını əks etdirən və
dəfələrlə tətbiq olunmaq üçün
nəzərdə tutulmuş müəyyən formalı
rəsmi sənəd;[1]
1.0.4.
hüquqi akt – normativ hüquqi akt, normativ xarakterli akt və ya
qeyri-normativ hüquqi akt;
1.0.5.
qanunvericiliyin sistemləşdirilməsi – normativ hüquqi
aktların nizama salınması, onların daxili
uzlaşdırılmış vahid sistemə
çevrilməsi üzrə fəaliyyət;
1.0.6.
inkorporasiya – normativ hüquqi aktların məzmunu
dəyişdirilmədən müəyyən qaydada toplularda
(külliyyatlarda) birləşdirilməsi;
1.0.7.
məcəllələşdirmə – normativ hüquqi
aktların forma və məzmun baxımından yenidən
işlənməsi yolu ilə vahid normativ hüquqi aktlarda
birləşdirilməsi;
1.0.8.
qanunlar külliyyatı – Azərbaycan Respublikasının
qanunvericiliyini özündə birləşdirən
sistemləşdirilmiş toplu;
1.0.9.
qanunvericilikdə boşluqlar – konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normalarının olmaması;
1.0.10.
qanunun analogiyası – konkret ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları
olmadığına görə həmin ictimai
münasibətlərə oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normalarının tətbiq edilməsi;
1.0.11.
hüququn analogiyası – yalnız konkret ictimai
münasibətləri deyil, həm də oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normaları olmadığına görə həmin ictimai
münasibətlərə qanunvericiliyin məğzinin,
hüququn ümumi prinsiplərinin və ya hüququn konkret
sahələrinə aid prinsiplərin tətbiq edilməsi;
1.0.12.
normativ hüquqi aktların kolliziyası – eyni ictimai münasibətləri
tənzimləyən qüvvədə olan normativ hüquqi
aktların ziddiyyəti (uyğunsuzluğu);
1.0.13.
normayaratma fəaliyyəti – normativ hüquqi aktların
hazırlanması, ekspertizası, qəbul olunması, onlarda
dəyişikliklər edilməsi, onların şərh
edilməsi, qüvvəsinin dayandırılması və ya
ləğv edilməsi üzrə fəaliyyət;
1.0.14.
normayaratma fəaliyyətinin subyekti – normayaratma
fəaliyyətində iştirak edən orqanlar
(şəxslər);
1.0.15.
qanunvericilik təşəbbüsü – Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi
ilə müəyyən edilmiş subyekt tərəfindən
qanun layihəsinin Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə rəsmən təqdim edilməsi;
1.0.16.
normativ hüquqi aktın rəsmiləşdirilməsi –
normativ hüquqi aktın səlahiyyətli şəxs
tərəfindən imzalanması və Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilməsi;
1.0.17.
normayaratma orqanı – normativ hüquqi aktları qəbul
etmək səlahiyyətinə malik olan dövlət
orqanı;
1.0.18.
normayaratma prosesi – dövlət orqanının normativ
hüquqi aktların hazırlanması, qəbul olunması
və qüvvəyə minməsi üzrə normayaratma
fəaliyyəti;
1.0.19.
normayaratma texnikası – normativ hüquqi aktların
layihələrinin hazırlanması qaydalarının sistemi;
1.0.20.
normativ hüquqi aktın açıqlanması – normativ
hüquqi aktın rəsmi dövri mətbu nəşrdə
dərc edilməsi, digər kütləvi informasiya
vasitələrinin və ya başqa mümkün kommunikasiya
vasitələrinin köməyi ilə rəsmi yayılması
yolu ilə ümumi diqqətə çatdırılması;
1.0.21.
lokal normativ hüquqi akt – qüvvəsi bir və ya bir
neçə dövlət orqanının
çərçivəsi ilə məhdudlaşan normativ
hüquqi akt;
1.0.22.
texniki normativ hüquqi aktlar – texniki reqlamentlər,
bərqərar olmuş təcrübəni əks etdirən
texniki məcəllələr, standartlar, o
cümlədən Azərbaycan Respublikasının
dövlət standartları, sahə standartları, texniki
şərtlər, aviasiya qaydaları, zoogigiyena,
baytarlıq, baytarlıq-sanitariya normaları və
qaydaları, sanitariya normaları və qaydaları, gigiyena
normativləri, farmakopeya məqalələri və normaları,
yanğın təhlükəsizliyi qaydaları, texniki, sənaye,
nüvə və radiasiya təhlükəsizliyinin təmin
edilməsi normaları və qaydaları, təhlükəli
yüklərin təhlükəsiz daşınması
normaları və qaydaları, yerin təkinin qorunması
və səmərəli istifadəsi normaları və
qaydaları, ixtisaslaşdırılmış məlumat
kitabçaları, texniki-iqtisadi məlumatların
dövlət təsnifatı, dövlət statistika
müşahidələrinin formaları və onların
doldurulmasına dair göstərişlər, statistik
göstəricilərin formalaşdırılması və
hesablanması qaydaları, dövlət statistika
müşahidələrinin təşkil edilməsinə
və aparılmasına dair təlimatlar, idarə hesabat
formaları və onların doldurulmasına dair
göstərişlər, daşınmaz maddi
tarixi-mədəni dəyərlərin qorunması
zonalarının layihələri, Azərbaycan
Respublikasının normativ hüquqi aktları ilə texniki
normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə
tutulan qaydada təsdiq edilmiş (qüvvəyə minmiş)
digər normativ hüquqi aktlar; [2]
1.0.23.
normativ hüquqi aktda dəyişikliklərin edilməsi – normativ
hüquqi akta onun müddəalarının mətnini
dəyişən və ya əlavə normaların daxil
edilməsi;
1.0.24.
normativ hüquqi aktdan sui-istifadə imkanı – normativ
hüquqi aktda korrupsiya təzahürləri üçün
şəraitin yaranmasına kömək edən
müddəaların mövcudluğu;
1.0.25.
diskresion səlahiyyətlər – orqanın (şəxsin)
öz mülahizəsinə görə tətbiq edə
biləcəyi səlahiyyətləri;
1.0.26.
dispozitiv imkan – orqanın (şəxsin) öz seçimi
ilə davranış imkanı;
1.0.27.
normativ hüquqi aktın hüquqi qüvvəsi – normativ
hüquqi aktın müvafiq ictimai münasibətlərə
tətbiqinin məcburiliyini, habelə onun digər normativ
hüquqi aktlar barəsində üstünlüyünü
və ya tabeliyini müəyyən edən xarakteristika.
Maddə 2. Normativ hüquqi aktlar
və onların hüquqi qüvvəsi
2.1.
Normativ hüquqi aktların növləri Azərbaycan
Respublikası Konstitusiyasının 148-ci maddəsi ilə
müəyyən edilir.
2.2.
Normativ hüquqi aktların hüquqi qüvvəsi
Azərbaycan Respublikası Konstitusiyasının 149-cu
maddəsinin II, III, IV, V, VI hissələri və 151-ci
maddəsi ilə müəyyən edilir.
2.3.
Referendumla qəbul edilmiş akt (bundan sonra – referendum aktı),
qanun, fərman və ya digər normativ hüquqi akt
Azərbaycan Respublikasının Konstitusiyası ilə
ziddiyyət təşkil etdikdə Azərbaycan
Respublikasının Konstitusiyası tətbiq edilir.
2.4.
Qanun, fərman və ya digər normativ hüquqi akt referendum
aktı ilə ziddiyyət təşkil etdikdə referendum
aktı tətbiq edilir.
2.5.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
mülki hüquq normalarını əks etdirən digər
məcəllə və qanunlarla ziddiyyət təşkil
etdikdə Azərbaycan Respublikasının Mülki
Məcəlləsi tətbiq edilir.
2.6.
Fərman və ya digər normativ hüquqi akt qanunla
ziddiyyət təşkil etdikdə qanun tətbiq edilir.
2.7.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları fərmanla ziddiyyət təşkil
etdikdə fərman tətbiq edilir.
2.8.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarı ilə ziddiyyət təşkil
etdikdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarı tətbiq edilir.
2.9.
Nizamnamələrin, əsasnamələrin, təlimatların,
reqlamentlərin və qaydaların hüquqi qüvvəsi
onları təsdiq edən normativ hüquqi aktın hüquqi
qüvvəsi ilə müəyyən edilir.
2.10.
Naxçıvan Muxtar Respublikasının dövlət
orqanlarının normativ hüquqi aktlarının hüquqi
qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
134-cü maddəsinin V hissəsi və Naxçıvan Muxtar
Respublikası Konstitusiyasının 49-cu maddəsinin II, III, IV
və V hissələri ilə müəyyən edilir.
Maddə 3. Qeyri-normativ hüquqi
aktlar və onların hüquqi qüvvəsi
3.1.
Konkret (birdəfəlik) təşkilati, nəzarət və
ya sərəncamverici tədbirlərin həyata
keçirilməsi məqsədi ilə qəbul edilən
və ya digər birdəfəlik tətbiq halları
üçün nəzərdə tutulan hüquqi aktlar
qeyri-normativ hüquqi aktlar sayılır.
3.2.
Qeyri-normativ hüquqi aktlar müvafiq normativ hüquqi akt
əsasında qəbul edilməlidir və onun müvafiq
normasına istinad etməlidir.
3.3.
Qeyri-normativ hüquqi aktlara aşağıdakılar aiddir:
3.3.1.
Azərbaycan Respublikası Milli Məclisinin qərarları;
3.3.2.
Azərbaycan Respublikası Prezidentinin sərəncamları;
3.3.3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamları;
3.3.4.
vətəndaşlıq vəziyyəti aktlarının
dövlət qeydiyyatını həyata keçirən
orqanların aktları;
3.3.5.
bu maddənin birinci hissəsinə uyğun olaraq qeyri-normativ
hesab edilən digər hüquqi aktlar.
Maddə
4. Normativ xarakterli aktlar və onların hüquqi
qüvvəsi
4.1. Azərbaycan Respublikasının
normativ xarakterli aktları aşağıdakılardır:
4.1.1.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV
hissəsinə əsasən qəbul edilmiş Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin qərarları;
4.1.2.
Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarları, təlimatları və
izahları;
4.1.3. maliyyə bazarları
tənzimləyicisinin qərarları;[3]
4.1.4.
Məhkəmə-Hüquq Şurasının qərarları;
4.1.5.
Milli Televiziya və Radio Şurasının qərarları;
4.1.6.
yerli özünüidarə orqanlarının
qərarları;
4.1.7.
yerli icra hakimiyyəti orqanlarının qərarları.
4.2.
Normativ xarakterli aktlar onların icra olunmamasına görə
məsuliyyət müəyyən edə bilməz.
4.3.
Normativ xarakterli aktlar müvafiq normativ hüquqi akt
əsasında qəbul edilməlidir və onun müvafiq
normasına istinad etməlidir.
4.4.
Bu Konstitusiya Qanununun 4.1.1-ci maddəsində nəzərdə
tutulan normativ xarakterli aktlar istisna olmaqla, digər normativ
xarakterli aktlar Azərbaycan Respublikasının normativ
hüquqi aktları ilə ziddiyyət təşkil edə
bilməz.
Maddə 5. Bu Konstitusiya Qanununun
tətbiq dairəsi
5.1.
Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasının, o
cümlədən Naxçıvan Muxtar Respublikasının
dövlət orqanlarının normativ hüquqi
aktlarının hazırlanması, qəbul olunması,
rəsmiləşdirilməsi, dərc edilməsi,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarını müəyyən
edir.
5.2.
Bu Konstitusiya Qanunu referendum aktlarının hazırlanması,
qüvvədə olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarına şamil edilir.
5.3.
Bu Konstitusiya Qanunu aşağıdakı aktların
rəsmiləşdirilməsi, dərc edilməsi, qüvvədə
olması, şərh edilməsi və
sistemləşdirilməsi qaydalarına şamil edilir:
5.3.1.
beynəlxalq müqavilələr;
5.3.2.
texniki normativ hüquqi aktlar;
5.3.3.
lokal normativ hüquqi aktlar;
5.3.4.
normativ xarakterli aktlar.
5.4. Ələt azad iqtisadi
zonasının ərazisində “Ələt azad iqtisadi
zonası haqqında” Azərbaycan Respublikasının Qanunu
ilə müəyyən edilmiş hallarda bu Konstitusiya
Qanunundan fərqli hüquqi tənzimləmə tətbiq edilir
və həmin zonanın fəaliyyəti ilə bağlı
qəbul edilmiş aktlar azad zona daxilində məcburi
hüquqi qüvvəyə malikdir.[4]
Maddə 6. Normativ hüquqi aktlar
sistemi
Normativ
hüquqi aktlar onların iyerarxiyasının
müəyyən edilməsi, qarşılıqlı
uzlaşdırılması, habelə daxili uzlaşdırma
ilə səciyyələnən və ictimai
münasibətlərin hüquqi tənzimlənməsini
təmin edən Azərbaycan Respublikasının müvafiq
qanunlar külliyyatının hazırlanması yolu ilə
vahid sistemə salınır.
Maddə 7. Dövlət
orqanlarının qəbul etdikləri normativ hüquqi aktlar
barəsində hüquq varisliyi
7.1.
Normativ hüquqi aktlar qəbul etmək hüququna malik olan
dövlət orqanı yenidən təşkil edildikdə onun
hüquq varisinə normativ hüquqi aktları qəbul
etmək hüququ ilə yanaşı, səlahiyyətləri
daxilində, əvvəllər qəbul edilmiş normativ
hüquqi aktlarda dəyişikliklər etmək, həmin
aktların qüvvəsini dayandırmaq və ləğv
edilməsi səlahiyyəti verilir.
7.2.
Dövlət orqanı ləğv edildikdə və ya onun
hüquq varisi müvafiq normativ hüquqi aktları qəbul
etmək hüququna malik olmamaqla yenidən təşkil
edildikdə, əvvəllər qəbul edilmiş normativ
hüquqi aktlarda dəyişikliklər etmək, həmin
aktların qüvvəsini dayandırmaq və ləğv
edilməsi səlahiyyəti yuxarı və ya digər
dövlət orqanına verilir.
7.3.
Müvafiq normativ hüquqi aktları qəbul edən
dövlət orqanının statusunun dəyişdirilməsi
əvvəllər qəbul edilmiş normativ hüquqi
aktların qüvvəsinin itirilməsinə səbəb
olmur.
7.4.
Dövlət orqanının adı dəyişdirildikdə
və ya bu orqan adının dəyişdirilməsinə
səbəb olan birləşmə, qoşulma,
çevrilmə yolu ilə yenidən təşkil
edildikdə, əvvəlki adı əks etdirən normativ
hüquqi aktlarda addəyişmə hissəsində
dəyişikliklər edilməlidir. Belə dəyişikliklər
edilənədək əvvəlki adı əks etdirən
normativ hüquqi aktlar adı dəyişdirilmiş (yeni
yaradılmış) orqana tam həcmdə şamil olunur.
7.5.
Dövlət orqanı bölündükdə və ya
ayrıldıqda onun yenidən təşkili haqqında
qərarda səlahiyyətlərin aydın bölgüsü
nəzərdə tutulmalıdır və həmin qərar
hansı normativ hüquqi aktların yeni yaradılmış
hansı dövlət orqanlarına hansı həcmdə
şamil edilməsini müəyyənləşdirməyə
imkan verməlidir. Bu zaman bölünmə və ya ayrılma
haqqında qərarı qəbul etmiş dövlət
orqanı üç ay müddətində müvafiq normativ
hüquqi aktlarda bütün zəruri dəyişikliklər
edilməsini təmin etməlidir.
Maddə 8. Normayaratma
fəaliyyətinin əsas prinsipləri
8.0.
Normayaratma fəaliyyəti Azərbaycan Respublikası
Konstitusiyasının 149-cu maddəsinin I hissəsində
göstərilən prinsiplərlə yanaşı,
aşağıdakı prinsiplər əsasında həyata
keçirilir:
8.0.1.
Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluq
və qanunların üstünlüyü;
8.0.2.
aşağı dövlət orqanlarının
aktlarının yuxarı dövlət orqanlarının
aktlarına uyğunluğu;
8.0.3.
beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
prinsip və normalarının üstünlüyü;
8.0.4.
mütənasiblik;
8.0.5.
dövlət orqanlarının vətəndaşlar
qarşısında cavabdehliyi;
8.0.6.
normayaratma fəaliyyətinin demokratikliyi və
şəffaflığı;
8.0.7.
normativ hüquqi aktların ziddiyyətsizliyi;
8.0.8.
insanların hüquq və azadlıqlarının, onların
qanuni maraqlarının müdafiəsi və sosial
ədalət;
8.0.9.
ictimai münasibətlərin hüquqi
tənzimlənməsinin sistemliliyi və kompleksliyi.
Maddə 9. Normayaratma
orqanlarının fəaliyyətində aşkarlıq
9.1.
Normayaratma orqanlarının fəaliyyətində
aşkarlıq aşağıdakı vasitələrlə
təmin edilir:
9.1.1.
normayaratma orqanlarının fəaliyyəti və onların
qəbul etdikləri normativ hüquqi aktlar haqqında fiziki
və hüquqi şəxslərin
məlumatlandırılması;
9.1.2.
normativ hüquqi aktların rəsmi nəşrlərdə,
digər kütləvi informasiya vasitələrində dərc
edilməsi və ya onların digər üsullarla
açıqlanması;
9.1.3.
normativ hüquqi aktların layihələrinin normayaratma
orqanlarının internet informasiya ehtiyatlarında
yerləşdirilməsi.
9.2.
Normayaratma orqanının qərarı ilə normativ hüquqi
aktın layihəsi açıq (ictimai və ya
peşəkar) müzakirəyə çıxarıla
bilər.
II
fəsil
NORMATİV HÜQUQİ
AKTLARIN KOLLİZİYASI
Maddə
10. Normativ hüquqi aktların kolliziyasının həlli
qaydaları
10.1.
Normativ hüquqi aktların kolliziyası həll
edilərkən bu Konstitusiya Qanununun 2-ci maddəsinin
tələbləri nəzərə alınır.
10.2.
Normativ hüquqi aktı qəbul edən dövlət
orqanına ictimai münasibətlərin müəyyən
sahəsinin tənzimlənməsində xüsusi
səlahiyyət verilirsə, həmin dövlət
orqanının qəbul etdiyi normativ hüquqi akt eyni
kateqoriyalı dövlət orqanının həmin sahə
üzrə qəbul etdiyi normativ hüquqi aktına münasibətdə
daha yüksək hüquqi qüvvəyə malikdir.
10.3.
Ziddiyyət təşkil edən normativ hüquqi aktlar
bərabər hüquqi qüvvəyə malikdirsə, konkret
münasibətlərə sahə normativ hüquqi aktı
tətbiq edilir, bu şərtlə ki, həmin
münasibətlər eyni hüquqi tənzimləmə
sahəsinə aiddir.
10.4.
Eyni normativ hüquqi aktda ümumi və xüsusi normalar
arasında ziddiyyət mövcud olduqda xüsusi norma tətbiq
edilir.
10.5.
Yeni normativ hüquqi akt eyni məsələ üzrə
həmin dövlət orqanı tərəfindən
əvvəllər qəbul edilmiş normativ hüquqi akta
münasibətdə daha yüksək hüquqi
qüvvəyə malikdir.
10.6.
Eyni münasibətlər bir neçə norma ilə
tənzimlənirsə və həmin normaları eyni vaxtda
tətbiq etmək mümkündürsə, bu, normativ
hüquqi aktların kolliziyası hesab edilmir.
10.7.
Dövlət orqanlarının struktur bölmələri
normativ hüquqi aktlar qəbul etmək hüququna malik
deyildirlər.
10.8.
Naxçıvan Muxtar Respublikasında normativ hüquqi
aktların kolliziyası həll edilərkən bu Konstitusiya
Qanununun 2-ci maddəsinin tələbləri nəzərə
alınır.
Maddə 11. Normativ hüquqi
aktların kolliziyasının aradan qaldırılması qaydalarının
tətbiqinin ardıcıllığı
11.0.
Normativ hüquqi aktların kolliziyası
aşağıdakı ardıcıllıqla aradan
qaldırılır:
11.0.1.
birinci növbədə ardıcıl olaraq bu Konstitusiya
Qanununun 2.3-2.8-ci maddələrinin normaları tətbiq edilir;
11.0.2.
kolliziya aradan qaldırılmadıqda ikinci növbədə
ardıcıl olaraq bu Konstitusiya Qanununun 10.2-10.5-ci
maddələrinin normaları tətbiq edilir.
Maddə 12. Normativ hüquqi
aktların kolliziyasının aradan
qaldırılmasının üsulları
12.1.
Normativ hüquqi aktların kolliziyası
aşağıdakı üsullarla aradan qaldırılır:
12.1.1.
normativ hüquqi aktın ləğv edilməsi;
12.1.2.
normativ hüquqi aktda dəyişikliklər edilməsi;
12.1.3.
normativ hüquqi aktların
məcəllələşdirilməsi.
12.2.
Normativ hüquqi aktların kolliziyasına yol verməmək
məqsədi ilə yeni normativ hüquqi aktın qəbul
olunması ilə əlaqədar ləğv edilməli,
dəyişikliklər edilməli olan normativ hüquqi
aktların (onların struktur elementlərinin) siyahısı
həmin normativ hüquqi aktın yekun müddəalarında
və ya əlavəsində əks etdirilməlidir.
12.3.
Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi
normativ hüquqi aktın şərhi ilə bağlı
qəbul etdiyi qərarında normativ hüquqi aktların
kolliziyasını təsdiqləyərsə, həmin
kolliziyanı aradan qaldırmaq məqsədi ilə bu
Konstitusiya Qanununun 12.1.1-12.1.3-cü maddələrində
göstərilən tədbirlər görülməlidir.
III
fəsil
QANUNVERİCİLİKDƏ
BOŞLUQLAR
Maddə
13. Hüququn analogiyasından və qanunun analogiyasından
istifadə olunması qaydası
13.1.
Konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadıqda hüququn analogiyasından
və ya qanunun analogiyasından istifadə oluna bilər.
13.2.
Əvvəlcə qanunun analogiyasından istifadə olunur.
Konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadıqda həmin ictimai
münasibətlərə oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normaları tətbiq edilir.
13.3.
Mülki hüquq münasibətləri mülki
qanunvericiliklə və ya tərəflərin
razılaşması ilə birbaşa
tənzimlənmədikdə və onlara tətbiq edilə bilən
işgüzar adət olmadıqda həmin
münasibətlərə, əgər bu onların
mahiyyətinə zidd deyildirsə, oxşar
münasibətləri tənzimləyən mülki
qanunvericilik normaları tətbiq edilir.
13.4.
Konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmadığına görə
həmin ictimai münasibətlərə oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik
normalarını tapmaq mümkün olmadıqda hüququn
analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan
Respublikasının Konstitusiyasında və qanunlarda təsbit
edilmiş hüququn konkret sahələrinə aid
prinsiplərdən və hüququn ümumi
prinsiplərindən istifadə olunur. Hüququn analogiyası
tətbiq edilərkən ədalət, insaf və
mənəviyyat tələbləri nəzərə
alınmalıdır.
13.5.
Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində,
məsuliyyətə cəlb olunma, hüquqların
məhdudlaşdırılması və vəzifələrin
müəyyən edilməsi hallarında hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə
oluna bilməz.
Maddə 14. Qanunvericilikdə
boşluqların aşkar edilməsi
14.0.
Qanunvericilikdə boşluqlar aşkar edilərkən
aşağıdakılar nəzərə
alınmalıdır:
14.0.1.
faktiki hal hüquqi tənzimləmə dairəsinə aid
olmalıdır;
14.0.2.
konkret ictimai münasibətləri tənzimləyən
qanunvericilik normaları olmamalıdır;
14.0.3.
faktiki hal qanunvericilikdə qismən tənzimlənməlidir
(tam tənzimlənməməlidir).
Maddə 15. Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə
olunması haqqında qərar
15.1.
Qanunvericilikdə boşluqları aşkar edən və bu
Konstitusiya Qanununun 14-cü maddəsini tətbiq edən subyekt
konkret ictimai münasibətlərin tənzimlənməsinin
səlahiyyətlərinə aid edildiyi normayaratma orqanına bu
barədə məlumat verməlidir.
15.2.
Hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə olunması haqqında Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinin elektron variantında dərc edildiyi gündən
qüvvəyə minir.
Maddə 16. Hüququn
analogiyasından və ya qanunun analogiyasından istifadə
olunmasını istisna edən hallar
16.0.
Aşağıdakı hallarda hüququn analogiyasından
və ya qanunun analogiyasından istifadə oluna bilməz:
16.0.1.
qanunvericilikdə boşluqlar zahiri xarakter daşıdıqda;
16.0.2.
normativ tənzimləmə zərurəti olmadıqda;
16.0.3.
normativ tənzimləmə qanunla qadağan olunduqda;
16.0.4.
normativ tənzimləmə mövcud olduqda.
IV
fəsil
NORMATİV HÜQUQİ
AKTLARIN NÖVLƏRİ
Maddə
17. Azərbaycan Respublikası Milli Məclisinin normativ
hüquqi aktları
17.1.
Azərbaycan Respublikası Konstitusiyasının 93-cü
maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Milli
Məclisinin normativ hüquqi aktları qanunlar formasında
qəbul edilir.
17.2.
Tənzimlənməsi Azərbaycan Respublikası
Konstitusiyasının 94-cü maddəsi və 95-ci
maddəsinin II hissəsi ilə Azərbaycan Respublikası
Milli Məclisinin səlahiyyətlərinə aid edilmiş
ictimai münasibətlər qanunla tənzimlənir.
17.3.
Azərbaycan Respublikası Milli Məclisinin normativ hüquqi
aktı qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan
Respublikası Konstitusiyasının maddəsi
göstərilməli və aktın həmin maddənin
icrası məqsədi ilə qəbul olunduğu qeyd
edilməlidir.
Maddə 18. Azərbaycan
Respublikası Prezidentinin normativ hüquqi aktları
18.1.
Azərbaycan Respublikası Konstitusiyasının 113-cü
maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası
Prezidentinin normativ hüquqi aktları fərman formasında
qəbul edilir.
18.2.
Azərbaycan Respublikası Prezidentinin fərmanları
Azərbaycan Respublikasının Konstitusiyası ilə
Azərbaycan Respublikası Prezidentinin
səlahiyyətlərinə aid edilmiş və normativ
tənzimləmə predmeti olan məsələlər
üzrə qəbul edilir.
18.3.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
qəbul edilən əsasnamələr, nizamnamələr,
qaydalar və norma nəzərdə tutan digər aktlar
Azərbaycan Respublikası Prezidentinin fərmanları ilə təsdiq
edilir.
18.4.
Azərbaycan Respublikası Prezidentinin normativ hüquqi aktı
qəbul olunduqda bu aktın istinad etdiyi Azərbaycan
Respublikası Konstitusiyasının maddəsi
göstərilməli və aktın həmin maddənin
icrası məqsədi ilə qəbul olunduğu qeyd
edilməlidir.
Maddə 19. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktları
19.1.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Konstitusiyasının 120-ci
maddəsinin I hissəsinə uyğun olaraq, Azərbaycan
Respublikasının Konstitusiyası və Azərbaycan Respublikası
Prezidentinin aktları əsasında və onların icrası
məqsədi ilə Azərbaycan Respublikasının
Konstitusiyası və Azərbaycan Respublikası Prezidentinin
aktları ilə Azərbaycan Respublikası Nazirlər
Kabinetinin səlahiyyətlərinə aid edilmiş
məsələlər üzrə qərarlar formasında
normativ hüquqi aktlar qəbul edir.
19.2.
Azərbaycan Respublikasının Nazirlər Kabineti
tərəfindən qəbul edilən əsasnamələr,
nizamnamələr, qaydalar və norma nəzərdə tutan
digər aktlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin
qərarları ilə təsdiq edilir.
19.3.
Azərbaycan Respublikasının Nazirlər Kabineti habelə
mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən həll edilə bilməyən
məsələlər üzrə normativ hüquqi aktlar
qəbul edir.
19.4.
Normativ hüquqi akt Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən qəbul olunduqda bu
normativ hüquqi aktın istinad etdiyi Azərbaycan
Respublikası Konstitusiyasının maddəsi və ya
Azərbaycan Respublikası Prezidentinin aktı
göstərilməli və həmin aktın icrası
məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 20. Mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktları
20.1.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları Azərbaycan Respublikası Prezidentinin
aktları ilə nəzərdə tutulmuş hallarda və
hədlərdə, yalnız Azərbaycan Respublikası
Prezidentinin aktları ilə onların
səlahiyyətlərinə aid edilmiş
məsələlər üzrə qəbul edilə bilər.
20.2.
Mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktları qərarlar formasında qəbul edilir.
20.3.
Mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən qəbul edilən təlimatlar,
əsasnamələr, nizamnamələr və qaydalar
qərarlarla təsdiq edilir.
20.4.
Normativ hüquqi akt mərkəzi icra hakimiyyəti orqanları
tərəfindən qəbul olunduqda bu normativ hüquqi
aktın istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin
aktı göstərilməli və həmin aktın icrası
məqsədi ilə qəbul olunduğu qeyd edilməlidir.
Maddə 21. Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının növləri
Naxçıvan
Muxtar Respublikasının dövlət orqanlarının
normativ hüquqi aktlarının növləri
Naxçıvan Muxtar Respublikasının Konstitusiyası
ilə müəyyən edilir.
V
fəsil
AZƏRBAYCAN
RESPUBLİKASININ NORMATİV HÜQUQİ AKTLARINDA BEYNƏLXALQ
HÜQUQUN HAMILIQLA QƏBUL EDİLMİŞ PRİNSİP
VƏ NORMALARININ VƏ AZƏRBAYCAN RESPUBLİKASININ
TƏRƏFDAR ÇIXDIĞI BEYNƏLXALQ
MÜQAVİLƏLƏRİN NORMALARININ HƏYATA
KEÇİRİLMƏSİ
Maddə
22. Beynəlxalq hüququn hamılıqla qəbul edilmiş
prinsip və normalarının üstünlüyü
Azərbaycan
Respublikası beynəlxalq hüququn hamılıqla qəbul
edilmiş prinsip və normalarının
üstünlüyünü tanıyır və Azərbaycan
Respublikası qanunvericiliyinin onlara uyğunluğunu təmin
edir.
Maddə 23. Beynəlxalq
müqavilələrlə normativ hüquqi aktların
qarşılıqlı nisbəti
23.1. Azərbaycan Respublikası
Konstitusiyasının 148-ci maddəsinin II hissəsinə
uyğun olaraq, Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr
Azərbaycan Respublikasının qanunvericilik sisteminin tərkib
hissəsidir.
23.2.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrin Azərbaycan Respublikasının normativ
hüquqi aktlarına münasibətdə hüquqi
qüvvəsi Azərbaycan Respublikası Konstitusiyasının
151-ci maddəsi ilə müəyyən edilir.
23.3.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı hökumətlərarası
müqavilələr həmin müqavilələrin
Azərbaycan Respublikası üçün məcburiliyinə
razılığın ifadə olunduğu normativ hüquqi
aktlardan daha üstün hüquqi qüvvəyə malikdir.
23.4.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələr,
həmin müqavilələrdə əks etdirilmiş
normaların tətbiqi üçün dövlətdaxili
normativ hüquqi aktın qəbul olunmasını tələb
edən hallar istisna olmaqla, birbaşa tətbiq edilməlidir.
Maddə 24. Azərbaycan
Respublikasının beynəlxalq öhdəliklərinin
həyata keçirilməsinə yönəlmiş normativ
hüquqi aktların qəbul edilməsinin əsasları
24.0.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəliklərin həyata keçirilməsinə
yönəlmiş normativ hüquqi aktlar
aşağıdakı hallarda qəbul edilir:
24.0.1.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq müqavilələrin
predmetini Azərbaycan Respublikasının normativ hüquqi
aktları ilə tənzimlənməyən
məsələlər təşkil etdikdə;
24.0.2.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən irəli gələn
öhdəliklərin yerinə yetirilməsi müvafiq normativ
hüquqi akt qəbul edilmədən mümkün olmadıqda;
24.0.3.
beynəlxalq müqavilənin tərəfləri müvafiq
normativ hüquqi aktların qəbul edilməsi barədə
razılığa gəldikdə.
VI
fəsil
NORMATİV HÜQUQİ
AKTA DAİR ÜMUMİ TƏLƏBLƏR
Maddə
25. Normativ hüquqi aktın tərtib edilməsi üslubu
25.1.
Normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı,
məntiqli qurulmalı və normayaratma texnikasına uyğun
olmalıdır.
25.2.
Normativ hüquqi aktın normaları ifadə edilərkən
həm həddindən artıq ümumiləşdirilmiş,
həm də həddindən artıq təfərrüatlı
ifadələrə, eləcə də eyni məsələ
ilə bağlı normativ göstərişlərin
təkrarlanmasına və onların çoxluğuna yol
verilməməlidir.
25.3.
Normativ hüquqi aktın (onun struktur elementinin) adı
yığcam olmalı, aydın ifadə edilməli və
həmin aktın (struktur elementinin) əsas mahiyyətini
əks etdirməlidir.
25.4.
Normativ hüquqi aktın normaları yığcam
şəkildə, əsasən təsdiq formasında və
indiki zamanda ifadə edilməlidir.
25.5.
Normativ hüquqi aktın mətnində istifadə edilən
termin və anlayışlar aydın və birmənalı
olmalıdır.
Maddə 26. Normativ hüquqi aktda
normaların yerləşdirilməsinin
ardıcıllığı
Normativ
hüquqi aktın mətnində əvvəl ümumi, sonra
isə daha konkret müddəalar yerləşdirilir.
Maddə
27. Normativ
hüquqi aktların layihələrinin dövlət
orqanları tərəfindən hazırlanmasının tənzimlənməsi
27.1.
Normativ hüquqi aktların müxtəlif növlərinin
layihələrinin hazırlanması qaydasının
xüsusiyyətləri, onlar üçün texniki-hüquqi
tələblər, habelə bu Konstitusiya Qanunu ilə
tənzimlənməmiş digər məsələlər
müvafiq olaraq Azərbaycan Respublikasının Milli
Məclisi və Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təsdiq edilən qaydalarla
müəyyən edilir.
27.2.
Normativ hüquqi aktların layihələrinin
hazırlanması qaydası normayaratma fəaliyyətinin
subyektlərinin və normayaratma orqanlarının hüquqlarını
məhdudlaşdıra bilməz.
VII
fəsil
NORMATİV HÜQUQİ
AKTIN STRUKTURU
Maddə
28. Normativ hüquqi aktların rekvizitləri
28.0.
Normativ hüquqi aktların məcburi rekvizitləri
aşağıdakılardır:
28.0.1.
aktın növü (Azərbaycan Respublikasının Qanunu,
Azərbaycan Respublikası Prezidentinin fərmanı,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
və s.);
28.0.2.
hüquqi tənzimləmə predmetini əks etdirən normativ
hüquqi aktın adı (sərlövhəsi);
28.0.3.
aktın qəbul edildiyi tarix, yer və qeydiyyat nömrəsi;
28.0.4.
müvafiq normativ hüquqi aktı rəsmi imzalamaq
səlahiyyətinə malik olan şəxsin adı, soyadı,
vəzifəsi və imzası.
Maddə 29. Normativ hüquqi
aktın adı
29.1.
Hər bir normativ hüquqi akt onun hüquqi
tənzimləmə predmetini və əsas mahiyyətini
əks etdirən ada malik olmalıdır.
29.2. Ad və ya rəqəm
dəyişiklikləri ilə əlaqədar bir neçə
normativ hüquqi aktlara dəyişikliklərin edilməsi
və ya bir neçə normativ hüquqi aktın ləğv
edilməsi zərurətinin yarandığı hallar istisna
olmaqla, bir və ya bir neçə normativ hüquqi aktda
dəyişikliklər edildikdə, həmçinin bir və
ya bir neçə normativ hüquqi akt ləğv edildikdə,
həmin dəyişiklikləri və ya ləğvetməni
nəzərdə tutan aktın adında
dəyişikliklər edilən və ya ləğv edilən
normativ hüquqi aktın (aktların) adı (adları)
göstərilməlidir.[5]
Maddə 30. Normativ hüquqi
aktın struktur elementləri
30.1.
Normativ hüquqi aktın struktur elementləri preambuladan,
bölmədən, fəsildən, maddədən,
hissədən, bənddən, yarımbənddən və
abzasdan ibarətdir.
30.2.
Normativ hüquqi aktın mətni onun növündən
asılı olaraq, bölmədə birləşən
fəsillərə, fəsildə birləşən
maddələrə, maddədə birləşən
hissələrə, hissədə birləşən
bəndlərə, bənddə birləşən
yarımbəndlərə və yarımbənddə
birləşən abzaslara bölünə bilər. Qanun, o
cümlədən dəyişiklikləri nəzərdə
tutan qanun, qanunla təsdiq edilən əsasnamə,
nizamnamə, qayda və norma nəzərdə tutan digər akt
maddələrə, digər normativ hüquqi aktlar, o
cümlədən referendum aktı hissələrə
bölünür. Məcəllədə və Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrdə digər struktur
elementləri də ola bilər. Məcəllədə
mündəricat verilməlidir. İri həcmli digər
normativ hüquqi aktlarda da mündəricat verilə bilər.
30.3.
Normativ hüquqi aktın preambulası onun qəbul
edilməsinin səbəblərini, şərtlərini və
məqsədlərini əks etdirən giriş hissəsidir.
Preambulaya normativ göstərişlərin daxil
edilməsinə yol verilmir.
30.4.
Normativ hüquqi aktın bölməsi fəsilləri
özündə birləşdirən struktur elementidir.
Bölmə rum rəqəmi ilə nömrələnir,
mahiyyətini əks etdirən, baş hərflərlə
yazılan və sətrin ortasında yerləşdirilən
ada malik olmalıdır.
30.5.
Normativ hüquqi aktın fəsli maddələri
özündə birləşdirən struktur elementidir.
Fəsil ərəb rəqəmi ilə nömrələnir,
mahiyyətini əks etdirən, baş hərflərlə
yazılan və sətrin ortasında yerləşdirilən
ada malik olmalıdır.
30.6.
Normativ hüquqi aktın maddəsi hissələri
özündə birləşdirən və tamamlanmış
normativ müddəanı əks etdirən əsas struktur
elementidir. Maddə ərəb rəqəmi ilə
nömrələnir və rəqəmdən sonra nöqtə
qoyulur. Maddə, o cümlədən qanunla təsdiq edilən
əsasnamənin, nizamnamənin, qaydanın və norma
nəzərdə tutan digər aktın maddəsi onun
mahiyyətini əks etdirən və sətri
hərflərlə yazılan ada malik olmalıdır.
Dəyişiklikləri nəzərdə tutan qanunun və
hər hansı əsasnaməni, nizamnaməni, qaydanı
və norma nəzərdə tutan digər aktı təsdiq edən
qanunun maddəsinin adı olmur.
30.7.
Maddə olmayan normativ hüquqi aktda hissə bəndləri
özündə birləşdirə bilən və
tamamlanmış normativ müddəanı əks etdirən
əsas struktur elementidir. Hissə (maddədə hissənin
nömrəsinin birinci rəqəmi maddənin nömrəsini
təkrarlamaqla) ərəb rəqəmi ilə
nömrələnir və rəqəmdən sonra nöqtə
qoyulur. Hissənin mətni sətri hərflərlə
yazılır və nöqtə ilə tamamlanır. Normativ
hüquqi aktla (qanun istisna olmaqla) təsdiq edilən
əsasnamədə, nizamnamədə, qaydada və norma
nəzərdə tutan digər aktda, mərkəzi icra
hakimiyyəti orqanının normativ hüquqi aktında
hissənin mahiyyətini əks etdirən, sətri
hərflərlə yazılan və sətrin ortasında yerləşdirilən
adı olmalıdır.
30.8.
Normativ hüquqi aktın bəndi yarımbəndləri
özündə birləşdirə bilən, hissənin
nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə
nömrələnən və rəqəmdən sonra
nöqtə qoyulan struktur elementidir. Bəndin mətni sətri
hərflərlə yazılır və nöqtəli
vergül və ya nöqtə ilə tamamlanır.
30.9.
Normativ hüquqi aktın yarımbəndi abzasları
özündə birləşdirə bilən, bəndin
nömrəsini təkrarlamaqla ərəb rəqəmi ilə
nömrələnən və rəqəmdən sonra
nöqtə qoyulan struktur elementidir. Yarımbəndin mətni
sətri hərflərlə yazılır və nöqtəli
vergül və ya nöqtə ilə tamamlanır.
30.10.
Normativ hüquqi aktın abzası yarımbəndin tərkib
hissəsi olan, ərəb rəqəmi ilə
nömrələnən və rəqəmdən sonra
nöqtə qoyulan struktur elementidir. Abzasın mətni
sətri hərflərlə yazılır və nöqtəli
vergül və ya nöqtə ilə tamamlanır.
30.11.
Struktur elementləri ardıcıl və bütün normativ
hüquqi akt üçün eyni qaydada
nömrələnməlidir. Sətrin ortasında
yerləşdirilməli olan struktur elementləri istisna olmaqla,
struktur elementləri mətnin birinci sətrinin
əvvəlində (abzas yarımbəndin mətninin birinci
sətrinə münasibətdə) boş yer buraxılmaqla
yerləşdirilir. Normativ hüquqi aktda maddənin
hissəsinə, bəndinə və ya yarımbəndinə
istinad edilərkən, onlar maddə adlandırılır.
30.12.
Normativ hüquqi aktlarda bu maddədə göstərilən
struktur elementlərindən onlara xas olmayan rəqəm və
ya digər işarələrlə istifadə edilməsinə
müstəsna hallarda və normativ hüquqi aktlarda xüsusi
qeyd-şərtlər olduqda yol verilir.
Maddə 31.
Məcəllələşdirilmiş normativ hüquqi
aktların strukturunun xüsusiyyətləri
31.1.
Məcəllələşdirilmiş normativ hüquqi
aktın bölmələri ümumi və xüsusi
hissələrdə birləşdirilə bilər.
31.2.
Məcəllələşdirilmiş normativ hüquqi
aktın ümumi hissəsi aşağıdakıları
əks etdirməlidir:
31.2.1.
əsas müddəalar (prinsiplər, anlayışların
tərifi, əsas təsisatlar);
31.2.2.
ixtisaslaşdırılmış normativ müddəalar
(prezumpsiyalar, preyudisiyalar);
31.2.3.
yüksək dərəcəli ümumiləşdirmə
və sabitliklə səciyyələnən və xüsusi
hissənin normalarının istifadəsi üçün
hüquqi əsas yaradan digər ilkin normativ müddəalar.
31.3.
Məcəllələşdirilmiş normativ hüquqi
aktın xüsusi hissəsi aşağıdakıları
ifadə edən normaları əhatə edə bilər:
31.3.1.
mümkün və lazımi davranışın (hüquq
və vəzifələr) növü və
ölçüsü (qaydaları);
31.3.2.
hüquq normalarının mümkün pozuntularının
mənfi nəticələrinin (hüquqi məsuliyyətin)
növü və ölçüsü.
Maddə 32. Normativ hüquqi
aktlarda dəyişikliklərin edilməsinin texniki
parametrləri
32.1.
Normativ hüquqi aktın struktur elementi (bölməsi, fəsli,
maddəsi, hissəsi və s.) qüvvədən
düşmüş hesab edildikdə və ya ləğv
edildikdə, o qüvvədə olan aktdan
çıxarılır, lakin onun nömrəsi
saxlanılır və normativ hüquqi aktın struktur
elementlərinin (bölmələrin, fəsillərin,
maddələrin, hissələrin və s.) nömrələri
dəyişmir.
32.2.
Normativ hüquqi akta yeni struktur element (bölmə, fəsil,
maddə, hissə və s.) əlavə edildikdə, o,
aktın struktur elementlərinin nömrələrini
təkrarlamaqla əlavə nömrə ilə daxil edilir.
32.3.
Bir neçə struktur elementlərindən ibarət struktur
elementə edilən dəyişikliyin onu təşkil edən
digər struktur elementlərə (hissənin
bəndlərinə, bəndin yarımbəndlərinə
və yarımbəndin abzaslarına) şamil edilmədiyi
mötərizədə göstərilməklə
müəyyənləşdirilir və bu cür
mötərizənin olmaması müvafiq dəyişikliyin
bütövlükdə struktur elementi əhatə etdiyini
bildirir.
Maddə 33. Normativ hüquqi
aktlarda başqa aktlara istinad edilməsi və başqa
aktların müddəalarının təkrarlanması
Zəruri
hallarda normativ hüquqi aktda digər bərabər və ya
daha yüksək hüquqi qüvvəyə malik olan normativ
hüquqi aktların struktur elementlərinə istinadlara,
habelə daha yüksək hüquqi qüvvəyə malik olan
normativ hüquqi aktlara istinad etməklə, belə normativ hüquqi
aktların ayrı-ayrı müddəalarının
təkrarlanmasına yol verilir. Bu cür təkrarlanmada
müvafiq normaya istinad olmalı, həmin norma dürüst
ifadə edilməli və daha yüksək hüquqi
qüvvəyə malik olan normativ hüquqi aktın
normasının mənası dəyişdirilməməlidir.
Maddə 34. Normativ hüquqi
aktların struktur elementlərində başqa struktur elementlərə
istinad edilməsi
Hüquq
normaları arasında qarşılıqlı əlaqəni
pozmamaq və ya təkrarlara yol verməmək zərurəti
olduğu hallarda normativ hüquqi aktın struktur
elementlərində həmin aktın başqa struktur
elementlərinə istinad edilə bilər.
Maddə 35. Sətiraltı
qeydlər və əlavələr
35.1.
Normativ hüquqi aktların (onların struktur elementlərinin)
ayrıca struktur elementləri kimi onlara dair sətiraltı
qeydlər ola bilər. Sətiraltı qeydlərdən,
izahlardan və ya ixtisar edilmiş adlardan onlar normativ hüquqi
aktın (onun struktur elementlərinin) mətninə
yerləşdirilə bilmədikdə istifadə edilir.
35.2.
Normativ hüquqi aktda cədvəllər, qrafiklər,
xəritələr, sxemlər, siyahılar, illüstrasiyalar
və s. göstərildikdə onlar əlavə formasında
rəsmiləşdirilməli, normativ hüquqi aktın
müvafiq struktur elementlərində isə həmin
əlavələrə dair istinadlar olmalıdır.
Maddə 36. Normativ hüquqi aktda
məsuliyyət tədbirlərinin nəzərdə
tutulması
Dövlət
və yerli özünüidarə orqanlarının, siyasi
partiyaların, ictimai birliklərin, digər hüquqi
şəxslərin, onların vəzifəli
şəxslərinin, habelə fiziki şəxslərin
vəzifələrini nəzərdə tutan aktlarda həmin
vəzifələrin pozulmasına görə qüvvədə
olan qanunvericiliklə məsuliyyət nəzərdə
tutulmamışdırsa, bu cür məsuliyyət
tədbirləri göstərilməlidir.
VIII
fəsil
NORMAYARATMA PROSESİ
Maddə 37. Hüquq sisteminin sabitliyi
Qanunlarla və ya fərmanlarla digər
hal nəzərdə tutulmadıqda, normativ hüquqi aktda onun
qəbul edilməsindən sonra 6 aydan tez müddətdə
dəyişikliklər edilməsinə daha yüksək
hüquqi qüvvəyə malik olan normativ hüquqi aktın
tələbləri və ya normativ hüquqi aktın
hüquqi, linqvistik, iqtisadi, ekoloji, kriminoloji və ya maliyyə
ekspertizasının rəyi əsasında yol verilir.
Maddə 38. Qanunvericilik
təşəbbüsü hüququnun subyektləri
Qanunvericilik təşəbbüsü
hüququ Azərbaycan Respublikası Konstitusiyasının
96-cı maddəsi ilə müəyyən edilmiş
subyektlərə mənsubdur.
Maddə 39. Normayaratma
təşəbbüsünün subyektləri
39.1. Normayaratma
təşəbbüsünün subyektləri onlara
verilmiş səlahiyyətlərə uyğun olaraq normativ
hüquqi aktın layihəsinin və ya onun hər hansı
struktur elementinin qəbul olunması, aktda
dəyişikliklər edilməsi, aktın şərh
edilməsi, qüvvəsinin dayandırılması və ya
ləğv edilməsi zərurəti haqqında təklifi bu
Konstitusiya Qanununun 48-ci maddəsinə uyğun olaraq normayaratma
orqanına təqdim etmək hüququ olan subyektlərdir.
39.2. Normayaratma
təşəbbüsünün subyekti olmayan dövlət
orqanları və vəzifəli şəxslər, habelə
fiziki və hüquqi şəxslər normativ hüquqi
aktın qəbul edilməsi ilə bağlı
təkliflərini və ya normativ hüquqi aktın
layihəsini Azərbaycan Respublikasının qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada müvafiq
səlahiyyətlərə malik olan dövlət orqanlarına
təqdim edə bilərlər. Bu halda bu Konstitusiya Qanununun
48-ci maddəsinə riayət olunmaya bilər.
Maddə 40. Normayaratma prosesinin
mərhələləri
40.0. Normayaratma prosesi aşağıdakı
mərhələlərdə, müəyyən olunmuş
prosedura əməl etməklə həyata keçirilir:
40.0.1. normayaratma fəaliyyətinin
planlaşdırılması;
40.0.2. normayaratma
təşəbbüsü (normativ hüquqi aktın
layihəsinin hazırlanması);
40.0.3. normativ hüquqi aktın qəbul
edilməsi;
40.0.4. normativ hüquqi aktın
Azərbaycan Respublikasının Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsi;
40.0.5. normativ hüquqi aktın dərc
edilməsi.
Maddə 41. Normativ hüquqi
aktların layihələrinin hazırlanmasının
planlaşdırılması
41.1. Normativ hüquqi aktların
layihələrinin hazırlanması planlı əsasda
həyata keçirilir.
41.2. Normativ hüquqi aktların
layihələrinin hazırlanmasının
planlaşdırılmasına normayaratma orqanları
tərəfindən aşağıdakıların təsdiq
edilməsi daxildir:
41.2.1. normativ hüquqi aktların
layihələrinin hazırlanması haqqında
müddəaları əks etdirən dövlət
proqramları;
41.2.2. qanun layihələrinin
hazırlanmasının illik planları və normativ hüquqi
aktların layihələrinin hazırlanmasının digər
planları.
Maddə 42. Normativ hüquqi
aktların layihələrinin hazırlanması
planlarının tərtib edilməsi qaydası
42.1. Müvafiq olaraq Azərbaycan
Respublikasının Milli Məclisi və Azərbaycan
Respublikasının Prezidenti qanun layihələrinin
hazırlanmasının qarşılıqlı razılaşdırılmış
illik planını tərtib edir. Qanun layihələrinin
hazırlanmasının illik planında əhəmiyyətli
və mürəkkəb qanun layihələrinin
konsepsiyalarının hazırlanması nəzərdə
tutula bilər.
42.2. Normayaratma orqanları dövlət
proqramları və ya qanun layihələrinin
hazırlanmasının illik planı əsasında normativ
hüquqi aktların layihələrinin hazırlanması
ilə bağlı öz planlarını tərtib və
təsdiq edə bilərlər.
42.3. Normativ hüquqi aktların
layihələrinin hazırlanması planları tərtib
edilərkən normayaratma fəaliyyətinin subyektlərinin,
digər maraqlı orqanların, elmi təşkilatların,
habelə digər fiziki və hüquqi şəxslərin
təklifləri nəzərə alına bilər.
Maddə 43. Dövlət
proqramlarının və normativ hüquqi aktların
layihələrinin hazırlanması planlarının
həyata keçirilməsinə nəzarət
Dövlət proqramlarının və
normativ hüquqi aktların layihələrinin
hazırlanması planlarının həyata
keçirilməsinə onları təsdiq etmiş normayaratma
orqanları nəzarət edirlər.
Maddə 44. Normativ hüquqi
aktların layihələrinin hazırlanmasının
planlaşdırılması üzrə fəaliyyətdə
aşkarlığın təmin edilməsi
44.1. Dövlət proqramları və
normativ hüquqi aktların layihələrinin
hazırlanması planları onları təsdiq etmiş
normayaratma orqanlarının aktları üçün nəzərdə
tutulmuş qaydada təsdiq və dərc edilir.
44.2. Təsdiq edilmiş dövlət
proqramları və normativ hüquqi aktların
layihələrinin hazırlanması planları məlumat
üçün əlaqədar dövlət orqanlarına
göndərilir.
Maddə 45. Normativ hüquqi
aktın layihəsinin hazırlanması qaydası
45.1. Normativ hüquqi aktın
layihəsinin hazırlanmasına aşağıdakılar
daxil edilə bilər:
45.1.1. normayaratma
təşəbbüsünə baxılması və
layihənin hazırlanması üzrə qərarın
qəbul edilməsi;
45.1.2. layihənin
hazırlanmasının təşkilati-texniki və maliyyə
təminatı;
45.1.3. zəruri materialların və
məlumatların toplanması;
45.1.4. layihənin konsepsiyasının
hazırlanması;
45.1.5. layihənin mətninin tərtib
edilməsi;
45.1.6. layihənin
razılaşdırılması;
45.1.7. hüquqi, linqvistik, maliyyə
və digər zəruri ekspertizaların keçirilməsi.
45.2. Normayaratma orqanı normativ hüquqi
aktın layihəsinin hazırlanmasını müstəqil
surətdə həyata keçirə və ya normayaratma
təşəbbüsünün digər subyektinin
səlahiyyətlərinə aid edilən
məsələlər üzrə həmin subyektə
tapşıra bilər, habelə layihənin hazırlanmasına
müvafiq mütəxəssisləri cəlb edə, bunun
üçün xüsusi yaradılmış
müvəqqəti komissiyalara və ya işçi
qruplarına tapşırıq verə bilər.
45.3. Normativ hüquqi aktın layihəsi
müvafiq dövlət orqanının hüquq xidmətinin
mütləq iştirakı ilə hazırlanır.
Maddə 46. Normativ hüquqi
aktın layihəsinin razılaşdırılması
46.1. Normativ hüquqi aktın
layihəsinin razılaşdırılması Azərbaycan
Respublikasının qanunvericiliyi ilə məcburi olduqda,
habelə normativ hüquqi aktda Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada digər
dövlət orqanları ilə bağlı normativ
göstərişlər və (və ya) tapşırıqlar
olduqda həmin layihə normayaratma orqanına təqdim edilməzdən
əvvəl maraqlı dövlət orqanları ilə
razılaşdırılmalıdır.
46.2. Normativ hüquqi aktın
layihəsinin razılaşdırılması
aşağıdakı vasitələrlə həyata
keçirilir:
46.2.1. dövlət orqanı
tərəfindən mövcud irad və təkliflər
əsaslandırılmaqla və ya təklif edilən normativ
göstərişlərlə razılaşmadıqda, normativ
hüquqi aktın layihəsi və ya onun ayrıca struktur
elementi normayaratma texnikasının müəyyən
edilmiş qaydalarına uyğun əlavə olunmaqla müvafiq
layihəyə dair yazılı formada razılığın
verilməsi və verilməməsi;
46.2.2. dövlət orqanının
rəhbəri tərəfindən normativ hüquqi aktın
layihəsinin vizalanması (ona dair irad və təkliflər
olduqda onları əsaslandırmaqla və normativ hüquqi
aktın layihəsi və ya onun ayrıca struktur elementinin
təklif edilən redaksiyası normayaratma texnikasının
müəyyən edilmiş qaydalarına uyğun əlavə
edilməklə).
46.3. Normativ hüquqi aktın
layihəsinin razılaşdırılması zamanı
hüquqi cəhətdən əsaslandırılmamış
irad və təkliflərə baxılmır.
46.4. Azərbaycan Respublikası
Prezidentinin və ya Azərbaycan Respublikası Nazirlər
Kabinetinin aktlarında digər hal nəzərdə
tutulmadıqda, normativ hüquqi aktın layihəsinin
razılaşdırılması zamanı dövlət
orqanı tərəfindən müvafiq layihəyə dair
razılıq verilməsi və ya verilməməsi
layihənin müəyyən olunmuş qaydada
alındığı gündən ən geci 60 gün
keçənədək, onun vizalanması isə ən geci 5
gün keçənədək həyata keçirilir.
46.5. Razılaşdırılma
haqqında məlumat bu Konstitusiya Qanununun 46.4-cü maddəsi
ilə müəyyən edilmiş müddətdə
təqdim edilmədikdə və bu zaman razılaşdırılma
müddətinin uzadılması zərurəti və ya bu
müddətin uzadılmasından imtina edilməsi
əsaslandırılmaqla razılaşdırılma
müddətinin uzadılması haqqında təklif
olmadıqda, normativ hüquqi aktın layihəsi
razılaşdırılmış hesab olunur.
46.6. Azərbaycan Respublikasının
Prezidenti tərəfindən Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edilmiş qanun layihəsi
bütün maraqlı dövlət orqanları ilə
razılaşdırılmış hesab olunur.
46.7. Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarının layihəsi
mərkəzi icra hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdır, mərkəzi icra
hakimiyyəti orqanının normativ hüquqi aktının
layihəsi isə əlaqədar mərkəzi icra
hakimiyyəti orqanları ilə
razılaşdırılmalıdır.
Maddə 47. Normativ hüquqi
aktın layihəsinin ekspertizası
Bu Konstitusiya Qanunu ilə ekspertizanın
məcburi qaydada keçirilməsi nəzərdə tutulan
hallar istisna olmaqla, normayaratma orqanının və ya
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə
səlahiyyətlər verilmiş digər dövlət
orqanının qərarı ilə normativ hüquqi aktın
layihəsi başqa ekspertizadan (maliyyə, iqtisadi, ekoloji,
kriminoloji və s.) keçirilə bilər.
Maddə 48. Normativ hüquqi
aktın layihəsinin normayaratma orqanına təqdim
edilməsi
48.1. Normativ hüquqi aktın
layihəsinin normayaratma orqanına təqdim edilməsi
qaydası bu Konstitusiya Qanunu, Azərbaycan Respublikasının
digər qanunvericilik aktları və müvafiq normayaratma
orqanının aktları ilə müəyyən edilir.
48.2. Normayaratma orqanına təqdim
edilən normativ hüquqi aktın layihəsinə, onun
növündən asılı olaraq,
aşağıdakılar əlavə edilir:
48.2.1. müşayiət məktubu
və normativ hüquqi aktın qəbul edilməsi
zərurətinin əsaslandırılması, o
cümlədən maliyyə-iqtisadi
əsaslandırılması;
48.2.2. normativ hüquqi aktın
layihəsinin razılaşdırılması (vizalanması)
haqqında məlumatı əks etdirən sənədlər;
48.2.3. normativ hüquqi aktın
layihəsinə dair ekspert rəyləri;
48.2.4. normativ hüquqi aktın
layihəsini hazırlamış şəxslərin
siyahısı;
48.2.5. normativ hüquqi aktın
layihəsinə aid digər sənədlər (layihəni
təqdim edən subyektin qərarına əsasən).
48.3. Normativ hüquqi aktın qəbul
olunması zərurətinin əsaslandırılmasına
aşağıdakılar barədə məlumatlar daxil
edilməlidir:
48.3.1. normativ hüquqi aktın
layihəsinin hazırlanmasının məqsədləri, onun
mövcud hüquqi tənzimləmədə dəyişikliklər
edən struktur elementlərinin hüquqi tənzimləmə
predmeti;
48.3.2. Azərbaycan Respublikası
qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin,
xarici dövlətlərin qanunvericiliyinin, kütləvi
informasiya vasitələrində dərc olunmuş materialların,
normativ hüquqi aktın layihəsinin hüquqi
tənzimləmə predmetinə dair fiziki və hüquqi
şəxslərin müraciətlərinin
aparılmış təhlili;
48.3.3. normativ hüquqi aktın qəbul
edilməsinin ehtimal olunan nəticələrinin
proqnozlaşdırılması;
48.3.4. normativ hüquqi aktın qəbul
edilməsi ilə əlaqədar ləğv edilməli,
dəyişikliklər edilməli, habelə hazırlanmalı
olan normativ hüquqi aktların (onların struktur
elementlərinin) siyahısı.
48.4. Azərbaycan Respublikasının
Milli Məclisinə təqdim edilən qanun layihəsinə
layihənin redaksiyasına dair ekspert rəyləri
əlavə olunur. Bu zaman layihədə texniki xarakter
daşıyan dəyişikliklər edildikdə layihə
təkrar ekspert rəylərinin alınması üçün
göndərilmir.
48.5. Qanunda dəyişikliklər
edilməsi haqqında qanun layihələrinə maddənin
və ya qanunun digər struktur elementinin redaksiyası və
layihə ilə qanuna təklif edilən
dəyişikliklər nəzərə alınmaqla maddənin
və ya qanunun digər struktur elementinin redaksiyası göstərilməklə
müqayisəli cədvəl əlavə olunur.
48.6. Azərbaycan Respublikasının
Milli Məclisinə Azərbaycan Respublikasının Prezidenti
tərəfindən təqdim edilən qanun layihəsinə
yalnız müşayiət məktubu əlavə olunur və
bu Konstitusiya Qanununun 48.3-cü və 48.4-cü
maddələrində göstərilən sənədlər
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında
saxlanılır.
48.7. Normativ hüquqi aktın layihəsi
normayaratma orqanına kağız
daşıyıcısında və eyni zamanda elektron
daşıyıcılarında mətn faylları
formasında təqdim edilir.
IX
fəsil
NORMATİV HÜQUQİ
AKTIN LAYİHƏSİNİN, QANUNUN MƏCBURİ
HÜQUQİ EKSPERTİZASI
Maddə
49. Normativ hüquqi aktın layihəsinin, qanunun məcburi
hüquqi ekspertizasının keçirilməsi qaydası
49.1.
Normativ hüquqi aktın layihəsi və Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün
təqdim edilən qanun məcburi hüquqi ekspertizadan
keçirilməlidir.
49.2.
Məcburi hüquqi ekspertiza, normativ hüquqi aktın
növündən asılı olaraq, aşağıdakı
qaydada keçirilir:
49.2.1.
qanun layihələri – Azərbaycan Respublikası Milli
Məslisinin işinin təşkilati təminatını
həyata keçirən qurumun səlahiyyətli struktur
bölməsi tərəfindən;
49.2.2.
Azərbaycan Respublikasının Prezidentinə təqdim
edilən normativ hüquqi aktların layihələri və
imzalanmaq üçün təqdim edilən qanunlar –
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının
səlahiyyətli struktur bölməsi tərəfindən;
49.2.3.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar
layihələri – Azərbaycan Respublikası Nazirlər
Kabinetinin işinin təşkilati təminatını
həyata keçirən qurumun səlahiyyətli struktur
bölməsi tərəfindən;
49.2.4.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının layihələri – həmin
orqanların hüquq xidmətləri tərəfindən.
Maddə 50. Normativ hüquqi
aktların layihələrinə dair ümumi
tələblər
50.0.
Normativ hüquqi aktın layihəsinə dair ümumi
tələblər aşağıdakılardır:
50.0.1.
bu Konstitusiya Qanununun 8-ci maddəsində müəyyən
edilən prinsiplərə uyğunluğu;
50.0.2.
normativ hüquqi aktın normalarının normativ hüquqi
aktın məqsəd və vəzifələrinə
uyğunluğu;
50.0.3.
normativ tənzimləmə predmetinə uyğunluğu;
50.0.4.
normativ hüquqi aktın formasının və mahiyyətinin
uyğunluğu;
50.0.5.
daxili strukturun məntiqliliyi;
50.0.6.
daxil edilməsi nəzərdə tutulan normaların
qarşılıqlı ziddiyyətsizliyi;
50.0.7.
bir dövlət orqanının digər dövlət
orqanının səlahiyyətlərinə müdaxilə
etməməsi;
50.0.8.
normativ hüquqi aktın müvafiq səlahiyyətə malik
olan normayaratma orqanı tərəfindən öz
səlahiyyəti daxilində qəbul edilməsi;
50.0.9.
normativ hüquqi aktın Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və
formada qəbul edilməsi;
50.0.10.
normayaratma texnikasına uyğunluğu;
50.0.11.
bu Konstitusiya Qanununun 37-ci maddəsinin tələblərinə
riayət olunması.
Maddə 51. Məcburi hüquqi
ekspertizanın rəyi
51.1.
Məcburi hüquqi ekspertizanın rəyi bu Konstitusiya Qanununa
əlavə olunmuş 1 nömrəli Əlavəyə
uyğun tərtib edilir.
51.2.
Normativ hüquqi aktın layihəsinə dair məcburi
hüquqi ekspertizanın rəyində aşağıdakı
nəticələrdən biri göstərilməlidir:
51.2.1.
normativ hüquqi aktın layihəsi rədd edilir;
51.2.2.
normativ hüquqi aktın layihəsi yenidən
işlənilməsi üçün normayaratma
təşəbbüsünün subyektinə
qaytarılır;
51.2.3.
normativ hüquqi aktın layihəsi dəstəklənir.
51.3.
Qanuna dair məcburi hüquqi ekspertizanın rəyində, onun
Azərbaycan Respublikasının Prezidenti tərəfindən
imzalanması və ya imzalanmadan öz etirazları ilə
birlikdə Azərbaycan Respublikasının Milli
Məclisinə qaytarılması təklif edilir.
Maddə 52. Məcburi hüquqi
ekspertizanın keçirilməsinin
ardıcıllığı
Normativ
hüquqi aktın layihəsinin, qanunun məcburi hüquqi
ekspertizası məcburi linqvistik ekspertizadan və digər
ekspertizalardan əvvəl keçirilməlidir.
X
fəsil
NORMATİV HÜQUQİ
AKTIN LAYİHƏSİNİN MƏCBURİ
LİNQVİSTİK EKSPERTİZASI
Maddə
53. Normativ hüquqi aktın mətninə dair irəli
sürülən linqvistik tələblər
Normativ
hüquqi aktın mətni lakonik formada, normaların
ziddiyyətli təfsirini istisna edən sadə və aydın
dildə, Azərbaycan ədəbi dilinin və hüquq
terminologiyasının rəsmi-işgüzar üslubuna
əməl etməklə tərtib edilir.
Maddə 54. Normativ hüquqi
aktın terminologiyası
54.1.
Normativ hüquqi aktın terminologiyası aydın
anlaşılan sözlərdən və söz
birləşmələrindən istifadə etməklə
formalaşdırılmalıdır.
54.2.
Normativ hüquqi aktda eyni terminlər bir mənada
işlədilməli və vahid formaya malik olmalıdır.
54.3.
Normativ hüquqi aktda istifadə edilən terminlərin və
onların tərifinin dəqiqləşdirilməsi
zərurəti olduqda həmin aktda onların
mənasını izah edən maddə (hissə, bənd)
yerləşdirilir.
Maddə 55. Xüsusi
nişanlanmalardan istifadə olunması
55.1.
Normativ hüquqi aktda xüsusi nişanlanmalardan yalnız
müvafiq xüsusi sahədə işlədilən mənada
istifadə olunur.
55.2.
Zərurət olduqda, xüsusi nişanlanmalar normativ hüquqi
aktda izah edilir.
Maddə 56. Normativ hüquqi
aktın mətninə dair üslub tələbləri
56.0.
Normativ hüquqi aktın mətnində
aşağıdakıların ifadə edilməsinə yol
verilmir:
56.0.1.
loru dili, Azərbaycan dilinin dialektləri və
danışıq nitqinin ekspressiv formaları;
56.0.2.
eyni mənada müxtəlif anlayışlar (terminlər);
56.0.3.
Azərbaycan dilində eynimənalı sözlər və
terminlər olduqda başqa dillərdən alınma
sözlər;
56.0.4.
anlaşılmaz söz birləşmələri,
ümumiləşdirilmiş düşüncələr,
çağırışlar, bədii müqayisələr,
epitetlər, metaforalar;
56.0.5.
abreviaturalar (məlum olanlar istisna olmaqla).
Maddə 57. Normativ hüquqi
aktlarda ifadə edilən ixtisarlar və
ümumiləşdirilmiş anlayışlar
57.1.
Dövlət orqanlarının normativ hüquqi aktlarda
ifadə edilən adları onların
əsasnamələrinə (nizamnamələrinə),
yaradılması, adlandırılması və adlarının
dəyişdirilməsi haqqında aktlara tam uyğun olaraq
göstərilir.
57.2.
Dövlət orqanlarının ixtisar edilmiş
adlarının ifadə olunmasına onların ixtisar
edilmiş adları rəsmi olduqda və yalnız texniki
normativ hüquqi aktlarda, qeyri-normativ hüquqi aktlarda, habelə
stenoqramlarda, protokollarda, xidməti məktublarda, arayış
xarakterli sənədlərdə, hüquqi aktlara dair
mətndən kənar əlavələrdə yol verilir.
57.3.
Dövlət orqanlarını ifadə edən
ümumiləşdirilmiş anlayışlardan
(sözlərdən, söz birləşmələrindən)
normativ hüquqi aktlarda istifadə edilməsinə yalnız
müvafiq ümumiləşdirilmiş anlayışın
istənilən dövlət orqanına şamil olunduğu
nəzərdə tutulan hallarda yol verilir. Normativ hüquqi
aktın mətnində dövlət orqanının
adının dəfələrlə göstərilməsi
tələb olunduqda və ya sözlər qrupu ilə ifadə
olunan bu və ya digər anlayış dəfələrlə
işlədildikdə bu dövlət orqanının və ya
anlayışın adı ilk dəfə istifadə edilən
müddəada tam verilir və bu zaman mötərizədə
növbəti müddəalarda göstəriləcək
ixtisar (şərti nişanlanma) qeyd olunur.
57.4.
Tam adın göstərilməsi məqsədəuyğun
olmadıqda dəfələrlə istinadlar edilən normativ
hüquqi aktın adına da bu qayda tətbiq edilir.
Maddə 58. Normativ hüquqi
aktlarda istinadların tətbiq edilməsi
Normativ
hüquqi aktda həmin normativ hüquqi akta və ya onun struktur
elementinə istinad yalnız “bu” sözündən istifadə
etməklə edilir.
Maddə 59. Normativ hüquqi aktların
layihələrinin məcburi linqvistik ekspertizasının
rəyi
59.0.
Normativ hüquqi aktın layihəsinə dair məcburi
linqvistik ekspertizanın rəyində aşağıdakı
nəticələrdən biri göstərilməlidir:
59.0.1.
normativ hüquqi aktın layihəsi rədd edilir;
59.0.2.
normativ hüquqi aktın layihəsi yenidən
işlənilməsi üçün normayaratma
təşəbbüsünün subyektinə
qaytarılır;
59.0.3.
normativ hüquqi aktın layihəsi dəstəklənir.
Maddə 60. Normativ hüquqi
aktların layihələrinin məcburi linqvistik
ekspertizasının forması
Məcburi
linqvistik ekspertizanın rəyi normativ hüquqi aktın
layihəsinin mətnində aparılan
düzəlişlər formasında tərtib edilir.
XI
fəsil
NORMATİV HÜQUQİ
AKTLARIN (ONLARIN LAYİHƏLƏRİNİN)
SUİ-İSTİFADƏYƏ MƏRUZ QALMASINA DAİR
EKSPERTİZASININ KEÇİRİLMƏSİ
Maddə
61. Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının keçirilməsinin məqsədi
Məcburi
hüquqi ekspertizadan keçirilən normativ hüquqi
aktların layihələrində və Azərbaycan
Respublikasının Prezidentinə imzalanmaq üçün
təqdim edilən qanunlarda (bu fəslin məqsədləri
üçün bundan sonra – normativ hüquqi aktlar (onların
layihələri)) sui-istifadə təzahürləri üçün
şərait yaranmasına kömək edən
müddəaların əmələ gəlməsinin
qarşısını almaq, onları aşkar etmək və
aradan qaldırmaq məqsədi ilə normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertizası keçirilir.
Maddə 62. Normativ hüquqi
aktlarda (onların layihələrində) sui-istifadə
amilləri
62.1.
Bu Konstitusiya Qanununun məqsədləri üçün
sui-istifadə amilləri dedikdə, normativ hüquqi aktın
tətbiqi zamanı sui-istifadənin təzahürünə
səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin
bilavasitə əsası olan, yaxud sui-istifadə
əməllərinə legitim şərait yaradan,
sui-istifadə əməllərinə yol verən və ya
onlara təhrik edən normativ hüquqi aktların
müddəaları (o cümlədən, normanın və
hüquqi düsturların qüsurları) nəzərdə
tutulur.
62.2.
Özündə sui-istifadə amillərini ehtiva edən
normalar (normativ hüquqi aktlar, onların layihələri)
sui-istifadəyə məruz qalmış normalar (normativ
hüquqi aktlar, onların layihələri) hesab edilir.
62.3.
Tipik sui-istifadə amillərinə əsasən,
tənzimləmə predmetindən asılı olmayaraq normativ
hüquqi aktlarda (onların layihələrində) daha tez-tez
rast gəlinən və şübhəsiz və ya
böyük ehtimalla sui-istifadə təzahürlərinə
səbəb olan sui-istifadə amilləri aid edilir.
62.4.
Normativ hüquqi aktların layihələrinin hazırlanması
və təkmilləşdirilməsi zamanı onlara bu
Konstitusiya Qanununda qeyd edilən tipik sui-istifadə
amillərinin və sui-istifadəyə məruz qalma
təzahürlərinin, habelə sui-istifadəyə
şərait yaranmasına səbəb olacaq digər
müddəaların daxil edilməsinə yol verilmir.
Maddə 63. Sui-istifadə
amillərinin növləri
63.0.
Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası
aparılarkən aşağıdakı tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalma
təzahürləri aşkar edilməli və aradan
qaldırılmalıdır:
63.0.1.
dövlət orqanının (vəzifəli şəxsin)
səlahiyyətlərinin həyata keçirilməsi ilə
əlaqədar olan tipik sui-istifadə amilləri;
63.0.2.
hüquqi boşluqların mövcudluğu ilə
əlaqədar olan tipik sui-istifadə amilləri;
63.0.3.
sistem xarakterli tipik sui-istifadə amilləri;
63.0.4.
sui-istifadəyə məruz qalmanın tipik
təzahürləri.
Maddə 64. Dövlət
orqanının (vəzifəli şəxsin)
səlahiyyətlərinin həyata keçirilməsi ilə
əlaqədar olan tipik sui-istifadə amilləri
64.1.
Normativ hüquqi aktda dövlət orqanının
(vəzifəli şəxsin) səlahiyyətlərinin
həyata keçirilməsi ilə əlaqədar olan tipik
sui-istifadə amillərinə aşağıdakılar aiddir:
64.1.1.
diskresion səlahiyyətlərin geniş olması;
64.1.2.
səlahiyyətin dispozitiv imkan kimi
müəyyənləşdirilməsi;
64.1.3.
şəxsə məxsus hüquqların həyata keçirilməsi
üçün ona lazım olduğundan daha yüksək
tələblərin irəli sürülməsi;
64.1.4.
fiziki və hüquqi şəxslərin hüquqlarından
dövlət orqanı (vəzifəli şəxs)
tərəfindən sui-istifadə edilməsi imkanı;
64.1.5.
hüquqların həcminin əsassız
dəyişdirilməsi;
64.1.6.
qanundan irəli gələn normayaratmanın həddindən
artıq sərbəst xarakter daşıması;
64.1.7.
hüquqi-linqvistik sui-istifadəyə məruz qalma;
64.1.8.
icra hakimiyyəti orqanının səlahiyyətindən
kənar normativ hüquqi aktın qəbul edilməsi;
64.1.9.
qanundakı boşluqların icra hakimiyyəti orqanının
normativ hüquqi aktları ilə doldurulması.
64.2.
Vəzifəli şəxsə qərar qəbul edilməsi
zamanı öz mülahizələrinə görə
hərəkət etmək imkanı verən normativ hüquqi
aktdakı diskresion səlahiyyətlər özbaşına həyata
keçirilə bilməz.
64.3.
Normativ hüquqi aktda diskresion səlahiyyətlərin geniş
olması nəticəsində qərar qəbul etmə
müddətlərinin müəyyən edilməməsinə
və ya bu müddətin qeyri-müəyyənliyinə, bu
və ya digər qərarın qəbul edilməsi
şərtlərinin və əsaslarının
qeyri-müəyyənliyinə, müxtəlif dövlət
orqanlarının səlahiyyətlərinin bir-birini
təkrarlamasına yol verilmir.
64.4.
Dövlət orqanı üçün hüquq və
vəzifələr onun səlahiyyətlərini təşkil
edir və bu səbəbdən normativ hüquqi aktda həmin
orqanın hüququ konkret icraçının
mülahizəsindən asılı olan bu və ya digər
hərəkətlərin edilməsi, dispozitiv imkan kimi
müəyyənləşdirilə bilməz. Normativ
hüquqi aktda dövlət orqanının
səlahiyyətlərinin həddindən artıq
ümumiləşdirilmiş formada müəyyən
edilməsinə, “orqan edə bilər”, “bir qayda olaraq”,
“müstəsna hallarda yol verilir”, “orqan öz
səlahiyyətləri daxilində”, “zərurət olduqda”
və bunlara bənzər qeyri-müəyyən
ifadələrdən istifadə olunmasına yol verilmir.
64.5.
Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin
öz hüquqlarını həyata keçirməsi və ya
vəzifələrini yerinə yetirməsi üçün
zəruri olan tələblər (şərtlər)
ağır və (və ya) çətin yerinə
yetirilən tələblər (şərtlər) ola
bilməz.
64.6.
Normativ hüquqi aktda lazım olduğundan yüksək və
artıq tələblərin irəli
sürülməsinə, fiziki və hüquqi
şəxslər tərəfindən təqdim edilən
sənədlərin, yaxud başlanmış inzibati prosedur
çərçivəsində ona imtina üçün
əsasların açıq (natamam) siyahısının
mövcudluğuna, hüququn həyata keçirilməsinə
imtina üçün subyektiv qiymətləndirici
ifadələrdən istifadə olunmasına yol verilmir.
64.7.
Normativ hüquqi aktda fiziki və hüquqi şəxslərin
hüquqlarının dəqiq (dürüst) nizamlanmaması
yolu ilə vəzifəli şəxslər üçün
diskresion səlahiyyətlərin və dispozitiv imkanların
yaradılmasına yol verilmir. Normativ hüquqi aktda fiziki və
hüquqi şəxslərə başlanmış inzibati
prosedur çərçivəsində
hərəkətlərin edilməsi üçün üsul
və müddətlərin sərbəst seçimi
əvəzinə yalnız hüquqların alternativ
seçilməsi imkanının nəzərdə
tutulmasına yol verilmir.
64.8.
Normativ hüquqi aktda vəzifəli şəxsin öz
mülahizəsindən asılı olaraq fiziki və hüquqi
şəxslər üçün ümumi qaydadan istisnalar
müəyyənləşdirmək imkanı
nəzərdə tutula bilməz. Normativ hüquqi aktda
vəzifəli şəxslərə normativ hüquqi aktla
nizamlanmayan güzəştlər, habelə qadağa və
məhdudiyyətlər müəyyən etmək imkanı
nəzərdə tutula bilməz.
64.9.
Qanunda normaların həddindən artıq
detallaşdırılması Azərbaycan Respublikasının
Konstitusiyası ilə müəyyən edilmiş icra və
məhkəmə hakimiyyəti orqanlarının
səlahiyyətlərinə müdaxiləyə gətirib
çıxarmamalıdır.
64.10.
Vəzifəli şəxsin diskresion səlahiyyətlərinin
genişləndirilməsi üçün ikimənalı
və təcrübədə az yerini tapan terminlərdən,
məfhumlardan (anlayışlardan) və
xülasələrdən, qiymətləndirmə xassəli
kateqoriyalardan istifadə edilə bilməz.
64.11.
İcra hakimiyyəti orqanı normativ hüquqi aktları
yalnız öz səlahiyyətləri daxilində qəbul
etməlidir və digər icra hakimiyyəti orqanının
fəaliyyət dairəsinə müdaxilə edə
bilməz.
64.12.
Qanunun olmadığı halda digər normativ hüquqi aktla
qanunun predmetini təşkil edən məsələlərin
hüquqi tənzimlənməsinə və hamı
üçün məcburi olan davranış
qaydalarının müəyyənləşdirilməsinə
yol verilmir.
Maddə 65. Hüquqi
boşluqların mövcudluğu ilə əlaqədar olan
tipik sui-istifadə amilləri
65.1.
Hüquqi boşluqlar bu və ya digər məsələnin
hüquqi tənzimlənməməsi nəticəsində,
normativ hüquqi aktın tənzimləmə üçün
istifadə edilmədiyi halda, habelə normativ hüquqi
aktın mətninə hüquq pozuntularına görə
vəzifəli şəxslərin məsuliyyətini
nəzərdə tutan və onların fəaliyyətinə
nəzarəti tənzimləyən sui-istifadə
əleyhinə preventiv normalar daxil edilmədikdə yaranır.
65.2.
Hüquqi boşluqların mövcudluğu ilə
əlaqədar olan tipik sui-istifadə amillərinə
aşağıdakılar aiddir:
65.2.1.
hüquqi tənzimləmədə boşluqların mövcudluğu;
65.2.2.
inzibati prosedurların olmaması;
65.2.3.
müsabiqə (hərrac) prosedurlarının olmaması;
65.2.4.
konkret fəaliyyət sahəsində vəzifəli
şəxslər üçün qadağa və
məhdudiyyətlərin olmaması;
65.2.5.
hüquqpozmaya görə vəzifəli şəxs
üçün məsuliyyətin müəyyən
edilməməsi;
65.2.6.
dövlət orqanlarına, vəzifəli
şəxslərə nəzarətin, o cümlədən
ictimai nəzarətin
müəyyənləşdirilməməsi;
65.2.7.
informasiyanın şəffaflığı rejiminin
pozulması.
65.3.
Hüquqi tənzimləmədə boşluqların
mövcudluğu hüququn tətbiqi zamanı boşluğun
dövlət orqanının (vəzifəli şəxsin)
mülahizəsinə görə doldurulmasına imkan
verməməlidir. Bu və ya digər fəaliyyət
növü üzrə dövlət orqanına həvalə
edilmiş funksiyaların həyata keçirilməsi
tənzimlənməlidir.
65.4.
İnzibati akt həm vəzifəli şəxs
üçün, həm də fiziki və hüquqi
şəxslər üçün normativ hüquqi aktın
mətnindən onlara əvvəlcədən məlum olan
müəyyən prosedur üzrə qəbul edilməlidir
və hərəkətlərin qayda və
müddətləri müəyyən edilməlidir.
65.5.
İmtiyaz verən konkret hüququn verilməsi (hüquqi
vəziyyətin yaradılması) üçün
namizədin seçilməsi ilə bağlı
hərəkətlər müsabiqə (hərrac)
prosedurlarına uyğun həyata keçirilməlidir. Konkret
hüququn inzibati qaydada verilməsinə (hüquqi
vəziyyətin inzibati qaydada yaradılmasına), habelə
müsabiqələrin (hərracların) keçirilməsi
zamanı diskresion səlahiyyətlərin geniş olmasına
yol verilmir.
65.6.
Normativ hüquqi aktda vəzifəli şəxslərin
hüquq pozuntularına görə hüquqi
məsuliyyətə dair aktlara uyğun gələn
məsuliyyəti haqqında, habelə vəzifəli
şəxslərin hərəkətindən (hərəkətsizliyindən)
şikayət verilməsinin mümkünlüyü ilə
bağlı normalar əks olunmalıdır.
65.7.
Normativ hüquqi aktda dövlət orqanının
(vəzifəli ºəxslərin) daha çox
əhəmiyyətli fəaliyyət istiqamətlərinə
nəzarətin, o cümlədən ictimai nəzarətin
mümkünlüyünü təmin edən normalar əks
olunmalıdır.
65.8.
Normativ hüquqi aktda dövlət orqanlarının informasiya
açıqlığını təmin edən normalar
əks olunmalıdır. Konkret məsələ üzrə
qərar qəbul edilməsində əhəmiyyət kəsb
edən informasiyanın fiziki və hüquqi şəxslər
üçün qapalı informasiya kimi müəyyən
edilməsinə, habelə normativ hüquqi aktda belə
informasiyanın əldə olunmasının
mümkünlüyünün və qaydasının müəyyən
edilməməsinə yol verilmir.
Maddə 66. Sistem xarakterli tipik
sui-istifadə amilləri
66.1.
Sistem xarakterli tipik sui-istifadə amilləri normativ hüquqi
aktın ayrı-ayrı normalarını deyil, onun
bütün mətninin sistemli təhlili nəticəsində
aşkar edilə bilən tipik sui-istifadə amillərini
özündə ehtiva edir.
66.2.
Sistem xarakterli tipik sui-istifadə amillərinə
aşağıdakılar aiddir:
66.2.1.
yanlış məqsəd və prioritetlər;
66.2.2.
kolliziyalar;
66.2.3.
məcbur edilmiş sui-istifadəyə məruz qalma.
66.3.
Normativ hüquqi aktın hüquqi tənzimləmənin
həqiqi tələblərinə uyğun gələn
aydın məqsədləri və prioritetləri
olmalıdır. Normativ hüquqi aktın qəbul edilməsi
üçün obyektiv məqsədəuyğunluğun
olmamasına, məsələnin zərurətdən artıq
tənzimlənməsinə, normativ hüquqi aktın
normalarının həmin aktın bəyan edilmiş
məqsədləri ilə ziddiyyət təşkil
etməsinə yol verilmir.
66.4.
Digər normativ hüquqi aktla tam və ya qismən ziddiyyət
təşkil edən normativ hüquqi aktda vəzifəli
şəxslər üçün konkret halda tətbiq
edilməli olan aktı sərbəst seçmək
imkanının yaradılmasına, həmin kolliziyanın
həlli mümkünlüyünün vəzifəli
şəxsin iradəsindən asılı olmasına yol
verilmir.
66.5.
Daha üstün hüquqi qüvvəyə malik olan normativ
hüquqi aktın sui-istifadəyə məruz qalmış
normaları digər normativ hüquqi aktda sui-istifadəyə
məruz qalmış normaların əks etdirilməsinə
səbəb ola bilməz.
Maddə 67. Sui-istifadəyə
məruz qalmanın tipik təzahürləri
67.1.
Sui-istifadəyə məruz qalmanın tipik
təzahürləri müəyyən şəraitdə
artıq baş vermiş sui-istifadə faktları
(sui-istifadə indikatorları) barədə xəbər
verən və (və ya) sui-istifadə amillərinin
yaranmasına (sui-istifadə qabağı amillər)
şərait yaradan müddəaların
birləşməsidir.
67.2.
Sui-istifadəyə məruz qalmanın tipik
təzahürlərinə aşağıdakılar aiddir:
67.2.1.
normativ hüquqi aktın qəbul edilməsi zamanı
formal-texniki şərtlərə riayət olunmaması;
67.2.2.
normativ hüquqi aktın qəbul edilməsi müddətinin
göstərilməməsi;
67.2.3.
mənafelər balansının pozulması (yalnız bir qrup
subyektlər üçün imtiyazların nəzərdə
tutulması).
67.3.
Formal-texniki xassəli tələblərin yerinə
yetirilməməsinə, normativ hüquqi aktların hüquqi
ekspertizası zamanı aşkar edilən pozuntuların aradan
qaldırılmamasına, o cümlədən normativ hüquqi
aktın qəbul edilməsi qaydasının və (və ya)
formasının pozulmasına yol verilmir.
67.4.
Normativ hüquqi aktın qəbul edilməsi
müddətlərinin
müəyyənləşdirilməməsinə, qəbul
edilməsi nəzərdə tutulan normativ hüquqi aktın
qəbul edilməsi əvəzinə məcburi davranış
qaydalarının sərbəst inzibati mülahizə
əsasında fərdi hüquq tətbiq etmə aktları
ilə əvəzlənməsinə yol verilmir.
67.5.
Mənafelər balansının pozulması
nəticəsində bir subyektlər qrupunun zərərinə
olaraq digər subyektlər qrupuna güzəştlərin
və imtiyazların xüsusi norma müəyyən
edilməsi yolu ilə verilməsinə yol verilmir.
Maddə 68. Normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertiza keçirilməsinin əsas
qaydaları
68.1.
Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının səmərəliliyi onun sistemliliyi,
etibarlılığı və nəticələrinin
yoxlanılmasının mümkünlüyü ilə
müəyyənləşdirilir.
68.2.
Normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının sistemliliyinin,
etibarlılığının və nəticələrinin
yoxlanılmasının təmin edilməsi üçün
aşağıdakı qaydalara riayət olunmalıdır:
68.2.1.
normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertizası və onun
nəticələrinin ifadə olunması eyniliklə – normativ
hüquqi aktda (onun layihəsində) tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalmanın
təzahürləri cədvəlində (bu Konstitusiya Qanununa
2 nömrəli Əlavə) göstərilən tərkib
və ardıcıllıq üzrə aparılmalıdır;
68.2.2.
hər bir tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalmanın təzahürləri
onların normativ hüquqi aktın (onun layihəsinin) hər
bir normasında mövcud olub-olmamasına dair yoxlanılmalıdır;
68.2.3.
tipik sui-istifadə amilləri və sui-istifadəyə
məruz qalmanın təzahürləri onların normativ
hüquqi akta (onun layihəsinə) qəsdən və ya
bilmədən daxil edilib-edilməməsindən asılı
olmayaraq, bu səbəblərə qiymət vermədən
aşkar edilir və göstərilir;
68.2.4.
ekspertiza nəticəsində aşkar olunmuş
istənilən tipik sui-istifadə amili və
sui-istifadəyə məruz qalmanın təzahürü
normativ hüquqi aktdan (onun layihəsindən)
çıxarılmalıdır;
68.2.5.
normativ hüquqi aktların (onların layihələrinin)
sui-istifadəyə məruz qalmasına dair
ekspertizasının nəticələri üzrə iş
sui-istifadəyə məruz qalmaya dair ekspertizanın
nəticələri üzrə rəylər əsasında müvafiq
normativ hüquqi aktların hazırlanması və qəbul
edilməsi üçün müəyyən edilmiş qaydada
aparılır;
68.2.6.
təhlil nəticəsində aşkar edilmiş
sui-istifadəyə şərait yaradan qeyri-tipik
müddəalar normativ hüquqi aktların (onların
layihələrinin) sui-istifadəyə məruz qalmasına
dair ekspertizasının nəticələri üzrə
rəydə göstərilir və tipik sui-istifadə
amilləri və sui-istifadəyə məruz qalma
təzahürləri üçün müəyyən
edilmiş qaydada çıxarılmalıdır.
68.3.
Normativ hüquqi aktlarda (onların layihələrində)
sui-istifadə amillərinin mövcud olmamasına dair bu
Konstitusiya Qanununun tələbləri normativ hüquqi aktı
(onun layihəsini) bilavasitə hazırlayan
mütəxəssislər tərəfindən yerinə
yetirilir.
Maddə 69. Normativ hüquqi
aktların (onların layihələrinin) sui-istifadəyə
məruz qalmasına dair ekspertizasının
nəticələrinin rəsmiləşdirilməsi
69.1.
Normativ hüquqi aktlarda (onların layihələrində)
sui-istifadə amillərinin və sui-istifadəyə məruz
qalma təzahürlərinin, sui-istifadənin
təzahürləri üçün şərait
yaranmasına kömək edən digər
müddəaların mövcud olub-olmamasına dair
nəticə aşağıdakı qaydada
rəsmiləşdirilir:
69.1.1.
normativ hüquqi aktın (onun layihəsinin) məcburi
hüquqi ekspertizasının nəticələri üzrə
rəyin tərkibində;
69.1.2.
normativ hüquqi aktın (onun layihəsinin) məcburi
hüquqi ekspertizasının nəticələri üzrə
rəyinə əlavə olunan izahedici arayışda.
69.2.
Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin
təzahürləri üçün şərait
yaranmasına kömək edən müddəalar aşkar
edildikdə həmin müddəalar bu Konstitusiya Qanununun 69.1-ci
maddəsində nəzərdə tutulan sənəddə bu
Konstitusiya Qanunu ilə müəyyənləşdirilmiş
ardıcıllıqla tipik sui-istifadə amilləri və
sui-istifadəyə məruz qalma təzahürləri
onların aşkar edildiyi struktur elementlər (bölmə,
fəsil, maddə, hissə və s.)
göstərilməklə izah edilir.
69.3.
Bu Konstitusiya Qanununun 69.1-ci maddəsində nəzərdə
tutulan sənəddə habelə digər tipik sui-istifadə
amillərinin və sui-istifadəyə məruz qalmanın
digər təzahürlərinin, sui-istifadənin
təzahürlərinə kömək edən digər
müddəaların aşkar edilmədiyi göstərilir.
69.4.
Normativ hüquqi aktda (onun layihəsində) aşkar edilmiş
tipik sui istifadə amilləri və sui-istifadəyə
məruz qalmanın təzahürləri ekspertizanın
nəticələri üzrə hazırlanmış
sənəddə bu Konstitusiya Qanununa əlavə edilmiş 2
nömrəli cədvəl şəklində
göstərilir.
69.5.
Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadənin
təzahürlərinə kömək edən
müddəaların aşkar edilmədiyi hallar istisna olmaqla,
təhlil edilən normativ hüquqi aktın (onun layihəsinin)
sui-istifadəyə məruz qalma dərəcəsi
bütövlükdə sui-istifadəyə məruz qalmaya dair
ekspertizanın nəticələrini əks etdirən
sənəddə müəyyənləşdirilir.
69.6.
Sui-istifadəyə məruz qalmaya dair ekspertizanın
nəticələrini əks etdirən sənəddə
sui-istifadənin təzahürlərinə şərait
yaranmasına kömək edən müddəaların
aşkar edildiyi normativ hüquqi aktın layihəsinin
göstərilən iradlar nəzərə alınmaqla
yenidən işlənməsi (normativ hüquqi aktda
dəyişikliklər edilməsi) ilə bağlı
tövsiyələr nəzərdə tutulmalıdır.
XII
fəsil
NORMATİV HÜQUQİ
AKTIN LAYİHƏSİNƏ BAXILMASI VƏ ONUN QƏBUL
EDİLMƏSİ
Maddə
70. Normativ hüquqi aktın layihəsinə baxılması
70.1.
Müəyyən edilmiş qaydada təqdim edilmiş normativ
hüquqi aktın layihəsinə normayaratma orqanı
tərəfindən baxılmalıdır.
70.2.
Normayaratma orqanı normativ hüquqi aktın layihəsinə
baxdıqdan sonra aşağıdakılardan birini edə
bilər:
70.2.1.
normativ hüquqi aktın layihəsinin bəyənilməsi
və qəbul edilməsi;
70.2.2.
əsaslar və səbəblər göstərilməklə
layihənin rədd edilməsi;
70.2.3.
normativ hüquqi aktın layihəsinin qəbul edilməsinin
müəyyən müddətə təxirə
salınması;
70.2.4.
irad və təkliflər göstərilməklə
layihənin yenidən işlənilmək üçün
qaytarılması.
70.3. Azərbaycan
Respublikasının Milli Məclisində
dövlətlərarası və Azərbaycan
Respublikasının qanunlarından fərqli qaydalar
nəzərdə tutan hökumətlərarası
müqavilələrin təsdiq və ləğv edilməsi
barədə, uyğunlaşdırma məqsədi ilə
hazırlanmış, həmçinin ad və digər texniki
xarakter daşıyan dəyişiklikləri (müddət,
məbləğ, yaş senzi ilə bağlı,
həmçinin subyektlərin hüquqi vəziyyətinə
təsir edən, hüquq məsuliyyətini yaradan və ya
aradan qaldıran, yüngülləşdirən və ya
ağırlaşdıran dəyişikliklər istisna olmaqla)
nəzərdə tutan qanun layihələrinə bir
oxunuşda, digər qanun layihələrinə,
həmçinin Konstitusiya qanunu layihələrinə isə
üç oxunuşda baxılır.[6]
Maddə 71. Normativ hüquqi
aktın layihəsinin geri çağırılması
71.1.
Normayaratma təşəbbüsünün subyekti təqdim
etdiyi normativ hüquqi aktın layihəsini, zərurət
olduqda, həmin layihə qəbul edilənədək geri
çağırmaq hüququna malikdir.
71.2.
Qanunvericilik təşəbbüsü hüququnun subyekti
Azərbaycan Respublikası Milli Məclisinin
müzakirəsinə təqdim etdiyi qanun layihəsini onun yekun
oxunuşda baxılmasına qədər geri
çağırmaq hüququna malikdir. [7]
Maddə 72. Normativ hüquqi
aktın qəbul edilməsi qaydası
72.1.
Normativ hüquqi akt ona baxılmasından sonra normayaratma
orqanı tərəfindən müvafiq normativ hüquqi
aktlarla müəyyən edilmiş prosedura əməl
edilməklə qəbul edilir.
72.2.
Normativ hüquqi akt normayaratma orqanı tərəfindən
dövlət dilində qəbul edilir.
Maddə 73. Qanunvericilik
təşəbbüsü hüququnun həyata
keçirilməsinin təminatları
73.1.
Qanunvericilik təşəbbüsü hüququnun subyekti
və ya onun səlahiyyətli nümayəndəsi
Azərbaycan Respublikasının Milli Məclisində
layihə üzərində aparılan işdə iştirak
etmək hüququna malikdir.
73.2.
Qanun layihəsi Azərbaycan Respublikasının Milli
Məclisində layihədə edilmiş
dəyişikliklərlə birlikdə
aşağıdakılarla razılaşdırılmalıdır
(rəy alınmalıdır):
73.2.1.
qanun layihəsini təqdim etmiş qanunvericilik
təşəbbüsü hüququnun subyekti ilə;
73.2.2.
dəyişikliklər edilməsi dövlət
vəsaitlərinin ixtisar edilməsinə, xərclərin
yaranmasına və ya artırılmasına səbəb ola
bildikdə Azərbaycan Respublikasının Prezidenti ilə
və ya onun tapşırığı ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti ilə.
73.3.
Bu Konstitusiya Qanununun 46.2-ci maddəsi ilə nəzərdə
tutulan razılaşdırılma (rəy)
nəticəsində Azərbaycan Respublikasının Milli
Məclisinə təqdim edilmiş dəyişikliklər qanun
layihəsinin alındığı gündən on dörd
gün keçənədək bu şərtlə həyata
keçirilir ki, həmin qanun layihəsi üzrə məcburi
hüquqi ekspertizanın keçirilməsi və qanun
layihəsinə baxılmasının təcili elan edilməsi
ayrı müddət tələb etməsin. Əlavə
məlumatın alınması zərurəti olduqda, habelə
xüsusilə mürəkkəb qanun layihələri
üzrə rəyin hazırlanması və
razılaşdırılmanın keçirilməsi (rəyin
hazırlanması) üçün daha uzun müddət
müəyyən edilə bilər.
73.4.
Rəyə göndərilmədən və
razılaşdırılmadan müvafiq qanun layihəsində
dəyişikliklər (texniki xarakter daşıyan
dəyişikliklər istisna olmaqla) edilməsinə yol
verilmir.
73.5.
Azərbaycan Respublikasının Milli Məclisinə təqdim
olunmuş qanun layihəsində dəyişikliklər
edilmədikdə qanun layihəsi qanunvericilik
təşəbbüsü hüququnun subyekti ilə təkrar
razılaşdırılmır.
73.6.
Azərbaycan Respublikasının Milli Məclisində birinci,
ikinci və üçüncü oxunuşlarda
baxılması üçün tam hazırlanmış qanun
layihəsi müvafiq oxunuşda
baxılmasına azı 5 gün qalmış qanunvericilik
təşəbbüsü hüququnun subyektinə təqdim
edilir.[8]
Maddə 74. Normativ hüquqi
aktın imzalanması
74.1.
Normativ hüquqi aktın rəsmi imzalanması
aşağıdakılar tərəfindən həyata
keçirilir:
74.1.1.
qanunlar və fərmanlar – Azərbaycan Respublikasının
Prezidenti;
74.1.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
– Azərbaycan Respublikasının Baş naziri;
74.1.3.
digər normativ hüquqi aktlar – aktı qəbul etmiş
orqanın rəhbəri;
74.1.4.
Azərbaycan Respublikasının qanunvericilik aktları ilə
digər hal nəzərdə tutulmadıqda, aktı qəbul
etmiş orqanın rəhbəri olmadıqda, onun
vəzifələrini icra edən şəxs.
74.2.
Qanun Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq
üçün təqdim edildikdə qanunun ikinci
nüsxəsinin son səhifəsində Azərbaycan
Respublikası Milli Məclisinin sədrinin və ya onu
əvəz edən şəxsin vizası qoyulur.
XIII
fəsil
NORMATİV HÜQUQİ
AKTLARDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ,
ONLARIN LƏĞV EDİLMƏSİ
Maddə 75. Normativ hüquqi
aktlarda dəyişikliklər edilməsi
75.1. Ad və ya rəqəm
dəyişiklikləri, həmçinin normativ hüquqi
aktın qəbul edilməsi ilə əlaqədar bir
neçə normativ hüquqi aktda dəyişikliklərin
edilməsi zərurətinin yarandığı hallar (bu
Konstitusiya Qanununun 29.2-ci maddəsinin tələbləri
nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi
akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər
edə bilər. Bu halda dəyişikliklər edilməli olan
normativ hüquqi aktların sayı çox olduqda, həmin
dəyişikliklərin bir neçə normativ hüquqi akt
çərçivəsində edilməsinə yol verilir.[9]
75.2.
Yeni normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar olaraq zəruri hallarda qüvvədə olan
normativ hüquqi aktlarda onları qəbul etmiş orqan
tərəfindən müvafiq dəyişikliklər edilir.
Maddə 76. Normativ hüquqi
aktların ləğv edilməsi qaydası
76.1.
Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar həmin akta daxil edilmiş normalara zidd olan
və ya bu normalarla əhatə olunan, yaxud faktiki olaraq
əhəmiyyətini itirən, həmin və ya daha
aşağı hüquqi qüvvəyə malik olan
bütün aktlar (onların struktur elementləri isə bu
Konstitusiya Qanununun 32-ci maddəsinin tələblərinə
uyğun olaraq) ləğv edilməlidir. [10]
76.2.
Normativ hüquqi aktın ləğv edilməsi barədə
həmin aktı qəbul etmiş orqan tərəfindən
və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 8-ci bəndi və 119-cu maddəsinin yeddinci
abzası ilə müəyyən edilmiş qaydada ayrıca
norma qəbul edilir.
76.3. Ad və ya rəqəm
dəyişiklikləri, həmçinin normativ hüquqi
aktın qəbul edilməsi ilə əlaqədar bir
neçə normativ hüquqi aktın ləğv edilməsi
zərurətinin yarandığı hallar (bu Konstitusiya
Qanununun 29.2-ci maddəsinin tələbləri
nəzərə alınmaqla) istisna olmaqla, bir normativ hüquqi
akt yalnız bir normativ hüquqi aktı ləğv edə
bilər. Bu halda ləğv edilməli olan normativ hüquqi
aktların sayı çox olduqda, ləğvetmənin bir
neçə normativ hüquqi akt
çərçivəsində edilməsinə yol verilir.[11]
Maddə 77. Yeni normativ hüquqi
aktın qəbul edilməsi ilə əlaqədar ləğv
edilməli, dəyişikliklər edilməli, habelə
hazırlanmalı olan normativ hüquqi aktların (onların
struktur elementlərinin) siyahıları
77.1.
Yeni normativ hüquqi aktın qəbul edilməsi zamanı bu
Konstitusiya Qanununun 12.2-ci maddəsinin tələblərinə
riayət olunmalıdır. Normativ hüquqi aktın qəbul
edilməsi ilə əlaqədar ləğv edilməli,
dəyişikliklər edilməli, habelə hazırlanmalı
olan normativ hüquqi aktların (onların struktur
elementlərinin) sayı çox olduqda onların
siyahıları həmin normativ hüquqi aktın
əlavəsində əks edilə bilər.
77.2.
Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar hazırlanmalı olan normativ hüquqi
aktların (onların struktur elementlərinin) siyahısı
olmadan layihələrinin hazırlanmasına yalnız bunun
üçün bir ildən artıq müddət
tələb edildikdə yol verilir. Bu halda müvafiq
siyahının hazırlanması barədə
tapşırıq hazırlanır və layihələrin
normayaratma orqanına təqdim edilməsi müddəti
müəyyən edilir.
XIV
fəsil
AZƏRBAYCAN
RESPUBLİKASININ HÜQUQİ AKTLARIN DÖVLƏT REYESTRİ
Maddə
78. Hüquqi aktların Azərbaycan Respublikasının
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
qaydası
78.1.
Hüquqi aktlar aparılması müvafiq icra hakimiyyəti
orqanı tərəfindən təmin edilən Azərbaycan
Respublikasının Hüquqi Aktların Dövlət
Reyestrinə (bundan sonra – Hüquqi Aktların Dövlət
Reyestri) daxil edilməlidir.
78.2.
Hüquqi aktlar onları qəbul etmiş dövlət
orqanı tərəfindən Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilmək məqsədi ilə
həmin aktların qəbul edildiyi gündən üç
gün keçənədək göndərilir.
78.3.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmək
məqsədi ilə hüquqi aktlar kağız
daşıyıcısında onların əslinin həqiqi
surəti formasında və eyni zamanda elektron
daşıyıcılarında mətn faylları
formasında təqdim edilir.
78.4.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş
hüquqi aktlara Dövlət Reyestrinin qeydiyyat nömrəsi
verilir.
78.5.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi
məqsədi ilə təqdim edilən mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına
və normativ xarakterli aktlara müvafiq hüquqi ekspertizanın
rəyi əlavə olunur.
78.6.
Naxçıvan Muxtar Respublikasının dövlət və
yerli özünüidarə orqanlarının hüquqi
aktları Naxçıvan Muxtar Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməlidir.
Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların
Dövlət Reyestri Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinin tərkib hissəsi hesab
olunur.
Maddə 79. Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilən hüquqi aktların
rekvizitləri
79.1.
Hüquqi Aktların Dövlət Reyestrinə hüquqi
aktların aşağıdakı rekvizitləri daxil edilir:
79.1.1.
aktın növü;
79.1.2.
qəbul edildiyi tarix;
79.1.3.
qeydiyyat nömrəsi;
79.1.4.
adı;
79.1.5.
rəsmi dərc edildiyi mənbə (bu Konstitusiya Qanununun
85.1-ci maddəsində göstərilən aktlara
münasibətdə);
79.1.6.
qüvvəyə minmə tarixi;
79.1.7.
Azərbaycan Respublikasının Vahid hüquqi təsnifatı
üzrə indeks kodu (kodları);
79.1.8.
Hüquqi Aktların Dövlət Reyestrinin qeydiyyat
nömrəsi;
79.1.9.
hüquqi aktın Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edildiyi tarix.
79.2.
Dəyişikliklər edilmiş, ləğv edilmiş və
ya qüvvədən düşmüş hüquqi aktlar
üzrə Hüquqi Aktların Dövlət Reyestrinə
həmin aktlarda dəyişikliklər etmiş, onları ləğv
etmiş və ya qüvvədən düşmüş hesab
etmiş hüquqi aktın rekvizitləri, habelə Hüquqi
Aktların Dövlət Reyestrinin qeydiyyat nömrəsi və
hüquqi aktın Hüquqi Aktların Dövlət
Reyestrinə daxil edilmə tarixi göstərilməklə
müvafiq qeyd daxil edilir.
79.3.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş
hüquqi aktların mətnləri rəsmi dərc edilmiş
hüquqi aktların mətnləri ilə birgə istinad
üçün rəsmi mənbə hesab olunur.
79.4.
Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş
və rəsmi dərc edilmiş hüquqi aktların
mətnləri arasında ziddiyyət olarsa Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilmiş hüquqi
aktın mətninə üstünlük verilir.
Maddə 80. Hüquqi Aktların
Dövlət Reyestrinin strukturu
80.0.
Hüquqi Aktların Dövlət Reyestri
aşağıdakı bölmələrdən və
fəsillərdən ibarətdir:
80.0.1.
I bölmə – “Normativ hüquqi aktlar”:
80.0.1.1.
1-ci fəsil – “Azərbaycan Respublikasının
Konstitusiyası, referendum aktları və konstitusiya
qanunları;
80.0.1.2.
2-ci fəsil – “Azərbaycan Respublikasının qanunları”;
80.0.1.3.
3-cü fəsil – “Azərbaycan Respublikası Prezidentinin
fərmanları”;
80.0.1.4.
4-cü fəsil – “Azərbaycan Respublikası Nazirlər
Kabinetinin qərarları”;
80.0.1.5.
5-ci fəsil – “Mərkəzi icra hakimiyyəti
orqanlarının normativ hüquqi aktları”.
80.0.2.
II bölmə – “Normativ xarakterli aktlar”:
80.0.2.1.
“Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsinin III hissəsinin 1-7-ci bəndlərinə və IV
hissəsinə əsasən qəbul edilmiş və
hüququn analogiyasından və ya qanunun analogiyasından
istifadə olunması haqqında Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin qərarları”;
80.0.2.2.
“Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının qərarları, təlimatları və izahları”;
80.0.2.3. “maliyyə bazarları
tənzimləyicisinin qərarları”;[12]
80.0.2.4.
“Məhkəmə-Hüquq Şurasının
qərarları”;
80.0.2.5.
“Milli Televiziya və Radio Şurasının qərarları”;
80.0.2.6.
“Yerli özünüidarə orqanlarının
qərarları”;
80.0.2.7.
“Yerli icra hakimiyyəti orqanlarının qərarları”.
80.0.3.
III bölmə – “Qeyri-normativ hüquqi aktlar”:
80.0.3.1.
“Azərbaycan Respublikası Milli Məclisinin qərarları”;
80.0.3.2.
“Azərbaycan Respublikası Prezidentinin sərəncamları”;
80.0.3.3.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin
sərəncamları”.
Maddə 81. Hüquqi Aktların
Dövlət Reyestrinin nəşri
Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilən
məlumatlar 3 ayda bir dəfə toplu şəklində
dərc edilməlidir.
XV
fəsil
NORMATİV HÜQUQİ
AKTLARIN RƏSMİ DƏRC EDİLMƏSİ VƏ
QÜVVƏYƏ MİNMƏSİ
Maddə
82. Normativ hüquqi aktların rəsmi dərc edilməsi
qaydası
82.1.
Azərbaycan Respublikasının normativ hüquqi aktları
rəsmi dərc edilməlidir.
82.2.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi
dedikdə, onların mətninin rəsmi dövri mətbu
nəşrdə dərc edilməsi yolu ilə, ictimai radio
və televiziya kanallarında səsləndirilməsi yolu
ilə ümumi diqqətə çatdırılması nəzərdə
tutulur. Normativ hüquqi aktların ictimai radio və televiziya
kanallarında səsləndirilməsi onların rəsmi
dövri mətbu nəşrdə dərc edilməsini
əvəz etmir.
82.3.
Normativ hüquqi aktların rəsmi dərc edilməsi
dövlət dilində həyata keçirilir.
82.4.
Normativ hüquqi aktın digər dillərdə rəsmi
dərc olunmasına yalnız həmin aktın müvafiq
dövlət orqanı tərəfindən bu aktın qəbul
edilməsi üçün müəyyən edilmiş qaydada
təsdiq edilmiş müvafiq dilə tərcüməsi
mövcud olduqda yol verilir.
82.5.
Normativ hüquqi aktın rəsmi dərc edilməsi tarixi bu
aktın yerləşdirildiyi rəsmi dövri mətbu
nəşrin çıxdığı (ictimai radio və
televiziya kanallarında səsləndirildiyi) gün hesab olunur.
82.6.
Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində
göstərilən normativ hüquqi aktlardan biri
ayrı-ayrı vaxtlarda bir neçə üsulla rəsmi
dərc edildikdə normativ hüquqi aktın rəsmi dərc
edilməsi və qüvvəyə minməsi tarixi onun ilk
dərc edilməsi tarixi ilə müəyyən edilir.
82.7.
Normativ hüquqi aktların dövlət sirrini əks
etdirən ayrı-ayrı müddəaları dərc edilmir.
82.8.
Ayrı-ayrı müddəaları dövlət sirrini əks
etdirən normativ hüquqi aktlar istisna olmaqla natamam normativ
hüquqi aktların dərc edilməsinə yol verilmir.
82.9.
Normativ hüquqi aktlar onların məcburi rekvizitləri
göstərilməklə dərc edilir.
82.10.
Naxçıvan Muxtar Respublikasının normativ hüquqi
aktlarının rəsmi dərc edilməsi qaydası
Naxçıvan Muxtar Respublikasının qanunu ilə
müəyyən edilir.
Maddə 83. Normativ hüquqi
aktın rəsmi dərc edilmə müddətləri və
şərtləri
83.1.
Qanunlar və fərmanlar Azərbaycan Respublikasının
Prezidenti tərəfindən imzalandıqdan sonra 72 saat
müddətində rəsmi dərc edilməlidir.
83.1-1. Azərbaycan
Respublikasının Konstitusiyasında nəzərdə
tutulmuş hallarda Azərbaycan Respublikasının Milli
Məclisi tərəfindən təsdiq olunması
nəzərdə tutulan Azərbaycan Respublikasının
Prezidentinin fərmanları Azərbaycan Respublikasının
Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra
24 saat müddətində rəsmi dərc edilməlidir.[13]
83.2.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları
qəbul edildikdən sonra 72 saat müddətində rəsmi
dərc edilməlidir.
83.3.
Digər normativ hüquqi aktlar Hüquqi Aktların
Dövlət Reyestrinə daxil edilməsindən sonra
hökmən rəsmi dərc edilməlidir.
83.4.
Səlahiyyətli dövlət orqanlarından rəsmi
nəşr orqanlarına (Hüquqi Aktların Dövlət
Reyestrinin nəşri istisna olmaqla) daxil olmuş normativ
hüquqi aktlar, bu Konstitusiya Qanununun 83.1-ci, 83.1-1-ci və 83.2-ci
maddələrində nəzərdə tutulmuş normativ
hüquqi aktlar istisna olmaqla, onların daxil olduğu
gündən 5 gün gec olmayaraq dərc edilməlidir. [14]
Maddə 84. Normativ hüquqi
aktların qeyri-rəsmi nəşrlərdə və digər
kütləvi informasiya vasitələrində
açıqlanması
84.1.
Normativ hüquqi aktlar qeyri-rəsmi nəşrlərdə
dərc edilə, habelə televiziya və radio ilə ümumi
diqqətə çatdırıla, məlumat
yayılmasının digər üsulları ilə
ötürülə bilər.
84.2.
Natamam normativ hüquqi aktlar “Çıxarış” qeydi
ilə dərc edilə bilər.
84.3.
Normativ hüquqi aktların qeyri-rəsmi
nəşrlərdə dərc edilməsi qeyri-rəsmi hesab
edilir.
84.4.
Normativ hüquqi aktın qeyri-rəsmi dərc edilməsi
yalnız onun hüquqi məlumatın yayılması
üzrə fəaliyyətə irəli sürülən
tələblərə əməl olunmaqla rəsmi dərc
edilməsindən sonra həyata keçirilir. Bu zaman hər
bir normativ hüquqi akt üçün rəsmi dərc edilmə
mənbəyi, habelə Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq hüquqi məlumatın
yayılması üçün xüsusi razılığa
(lisenziyaya) zərurət olduqda, hüquqi məlumatın
yayılması üçün belə xüsusi
razılığın (lisenziyanın) verilmə
nömrəsi və tarixi hökmən göstərilir.
Maddə 85. Normativ hüquqi
aktların qüvvəyə minməsi
85.1.
Qanunlar, fərmanlar və Azərbaycan Respublikası
Nazirlər Kabinetinin qərarları həmin aktlarda
qüvvəyə minmənin daha gec müddəti
nəzərdə tutulmadıqda onların rəsmi dərc
edildiyi gündən qüvvəyə minir.
85.2.
Bu Konstitusiya Qanununun 85.1-ci maddəsində
göstərilən aktlar istisna olmaqla, digər normativ
hüquqi aktlar, həmin aktlarda qüvvəyə minmənin
daha gec müddəti nəzərdə tutulmadıqda Hüquqi
Aktların Dövlət Reyestrinin elektron variantında dərc
edildiyi gündən qüvvəyə minir.
85.3.
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı dövlətlərarası
müqavilələrdə daha artıq müddət
müəyyən edilməyibsə, xarici ticarət
fəaliyyətini tənzimləyən normativ hüquqi aktda
onun dərc edildiyi gündən ən azı 30 gün sonra
qüvvəyə mindiyi göstərilməlidir.
Müstəsna hallarda, beynəlxalq təşkilatların
dərhal məlumatlandırılması şərti ilə,
xarici ticarət fəaliyyətini tənzimləyən normativ
hüquqi akt onda nəzərdə tutulmuş
müddətdə qüvvəyə minə bilər. [15]
XVI
fəsil
NORMATİV HÜQUQİ
AKTLARIN ZAMANA, MƏKANA VƏ ŞƏXSLƏRƏ
GÖRƏ QÜVVƏSİ VƏ İCRASI
Maddə
86. Normativ hüquqi aktın zamana görə qüvvəsi
86.1.
Normativ hüquqi akt onun mətnində digər hal
nəzərdə tutulmadıqda müddətsiz
qüvvədədir.
86.2.
Normativ hüquqi akt və ya onun struktur elementləri
üçün qüvvədə olmanın müddəti
müəyyən edilə bilər. Bu halda normativ hüquqi
aktda (struktur elementdə) onun qüvvədə olma müddəti
və ya normativ hüquqi aktın (onun struktur elementinin)
ləğv edilməsinə səbəb olan hadisə
göstərilməlidir. Göstərilən müddət
başa çatdıqda və ya normativ hüquqi aktda
göstərilən hadisə baş verdikdə normativ
hüquqi akt (onun struktur elementi) avtomatik olaraq ləğv
edilir. Müəyyən edilmiş müddət başa
çatana qədər normativ hüquqi aktı qəbul
etmiş orqan normativ hüquqi aktın (onun struktur elementinin)
qüvvəsinin yeni müddətə uzadılması və
ya ona müddətsiz statusunun verilməsi haqqında qərar
qəbul edə bilər.
Maddə 87. Normativ hüquqi
aktın geriyə qüvvəsi
87.1.
Normativ hüquqi aktın geriyə qüvvəsi Azərbaycan
Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII
hissəsi ilə tənzimlənir.
87.2.
Fiziki və hüquqi şəxslərin hüquqi
vəziyyətini yaxşılaşdıran, hüquqi
məsuliyyətini aradan qaldıran və ya
yüngülləşdirən normativ hüquqi aktın
qüvvəsi həmin normativ hüquqi aktda və ya onun
qüvvəyə minməsi haqqında aktda birbaşa
göstərilib-göstərilməməsindən
asılı olmayaraq onun qüvvəyə minməsindən
əvvəl əmələ gələn
münasibətlərə şamil edilir.
87.3.
Törədilməsi anında məsuliyyətə
səbəb olmayan və ya daha yüngül
məsuliyyətə səbəb olan əməllərə
görə fiziki və hüquqi şəxslərin
məsuliyyətinin yaranmasını və ya
ağırlaşdırılmasını nəzərdə
tutan normativ hüquqi aktın qüvvəsinin geriyə
şamil edilməsinə yol verilmir.
Maddə 88. Normativ hüquqi
aktların məkana və şəxslərə görə
qüvvəsi
88.1.
Normativ hüquqi aktlar Azərbaycan Respublikasının
bütün ərazisində məcburi qüvvəyə
malikdir.
88.2.
Normativ hüquqi aktların qüvvəsi, qanunla və ya
Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrlə nəzərdə tutulmuş hallar
istisna olmaqla, Azərbaycan Respublikasının
vətəndaşlarına və hüquqi
şəxslərə, habelə Azərbaycan
Respublikasının ərazisində olan əcnəbi
vətəndaşlara və vətəndaşlığı
olmayan şəxslərə şamil edilir.
Maddə 89. Normativ hüquqi
aktın qüvvəsinin itirilməsi
89.0.
Normativ hüquqi akt (onun struktur elementi) aşağıdakı
hallarda öz qüvvəsini itirir:
89.0.1.
normativ hüquqi aktın (onun struktur elementinin) tətbiqi
müddəti başa çatdıqda;
89.0.2.
normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan
Respublikasının Konstitusiyası və digər qanunvericilik
aktları ilə nəzərdə tutulan hallarda ləğv
edildikdə;
89.0.3.
normativ hüquqi akt (onun struktur elementi) Azərbaycan
Respublikası Konstitusiyasının 130-cu maddəsinin III
hissəsinin 1-3-cü və 6-cı, 7-ci bəndlərində
nəzərdə tutulmuş hallarla əlaqədar
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin
qərarı ilə qüvvədən düşmüş
hesab edildikdə.
Maddə 90. Normativ hüquqi
aktların rəsmi şərh edilməsi qaydası
90.1.
Normativ hüquqi aktın məzmununda
qeyri-müəyyənliklər və fərqlər, habelə
tətbiqi təcrübəsində ziddiyyətlər aşkar
edildikdə həmin aktı qəbul etmiş normayaratma
orqanı və ya Azərbaycan Respublikası
Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə
uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya
Məhkəməsi müvafiq normaları rəsmi şərh
edir.
90.2.
Normativ hüquqi akt şərh edildikdə onun
normalarının məzmunu izah edilir və
dəqiqləşdirilir, onların qanunvericilikdə yeri,
habelə ictimai münasibətlərin eyni növünün
müxtəlif aspektlərini tənzimləyən digər
normalar ilə funksional və başqa əlaqələri
müəyyən edilir.
90.3.
Normativ hüquqi akt şərh edildikdən sonra aktda həmin
şərh nəticəsində dəyişikliklər
edilməsinə yol verilmir.
90.4.
Genişləndirici və ya məhdudlaşdırıcı
şərhə yalnız normativ hüquqi aktın mətni
və mənası arasında açıq-aşkar fərq
olanda yol verilir.
90.5.
Normativ hüquqi aktın məzmununun izahı onun şərhi
hesab edilmir.
Maddə 91. Normativ hüquqi
aktların icrası şərtləri
Normativ
hüquqi aktların qəbul edilməsində və
qüvvəyə minməsindən sonra onların
icrasının lazımi təşkili – qəbul edilmiş
aktların məzmununun icraçıların diqqətinə
vaxtında çatdırılması, aktların
səlahiyyətli dövlət orqanları
tərəfindən rəsmi şərhi, aktın
məzmununun izahı, şərhlərin, praktiki
vəsaitlərin nəşri, aktların icrasının
maliyyə, maddi-texniki, hüquqi və təşkilati-texniki
təminatı, aktların icra müddətlərinə
əməl olunması təminatı həyata
keçirilməlidir.
Maddə 92. Normativ hüquqi
aktların icrasına nəzarət
Normativ
hüquqi aktların icrasına nəzarət və
yoxlanılması normayaratma orqanları (vəzifəli
şəxslər) və müvafiq normativ hüquqi aktlarla
nəzərdə tutulmuş xüsusi orqanlar
(şəxslər) tərəfindən həyata
keçirilir.
Maddə 93. Normativ hüquqi
aktların icrasının yoxlanılması
93.1.
Normayaratma orqanları (vəzifəli şəxslər) və
digər səlahiyyətli xüsusi orqanlar (şəxslər)
normativ hüquqi aktların icrasına nəzarət və onun
yoxlanılması, habelə müraciətlərin təhlili
əsasında normativ hüquqi aktların qüvvədə
olmasının keyfiyyətini, qanuniliyini və
səmərəliliyini müəyyən edirlər.
93.2.
Normativ hüquqi aktlarda boşluqlar, daha yüksək hüquqi
qüvvəyə malik olan aktlarla ziddiyyətlər, habelə
daxili ziddiyyətlər və ya digər nöqsanlar aşkar
edildikdə normayaratma orqanı (vəzifəli
şəxslər) onları aradan qaldırmalı, digər
səlahiyyətli xüsusi orqanlar (şəxslər) isə
səlahiyyətli orqanlara müvafiq normativ hüquqi aktlarda dəyişikliklər
edilməsi və ya onların ləğv edilməsi
barədə təkliflər verməlidirlər.
Maddə 94. Normativ hüquqi
aktların icra olunmamasına görə məsuliyyət
Normativ
hüquqi aktların icra olunmamasında təqsirli bilinən
şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun məsuliyyət
daşıyırlar.
XVII
fəsil
NORMATİV HÜQUQİ
AKTLARIN İNKORPORASİYASI
Maddə
95. Azərbaycan Respublikasının qanunlar külliyyatı
95.1.
Azərbaycan Respublikasının qanunlar külliyyatı
Azərbaycan Respublikasının qanunvericilik aktlarının
müntəzəm təzələnən və elektron formada
nəşr edilən sistemləşdirilmiş toplusudur.
95.2.
Azərbaycan Respublikasının qanunlar külliyyatının
aparılması müvafiq icra hakimiyyəti orqanı
tərəfindən təmin edilir.
Maddə 96. Normativ hüquqi
aktların rəsmi topluları və məcmuələri
96.1.
Normativ hüquqi aktların icrasına kömək
göstərmək məqsədi ilə normativ hüquqi aktların
rəsmi topluları və məcmuələri
hazırlanır və nəşr edilir.
96.2.
Normativ hüquqi aktların rəsmi topluları və
məcmuələri bilavasitə normayaratma orqanları və
ya onların tapşırığı ilə digər
dövlət orqanları tərəfindən nəşr
edilir.
Maddə 97. Normativ hüquqi aktların
qeyri-rəsmi topluları və məcmuələri
97.1.
Normativ hüquqi aktların qeyri-rəsmi topluları və
məcmuələri fiziki və hüquqi şəxslər
tərəfindən nəşr edilə bilər.
97.2.
Normativ hüquqi aktların qeyri-rəsmi topluları və
məcmuələri nəşr edildikdə normativ hüquqi
aktın mətninin hansı rəsmi mənbədən
götürüldüyü göstərilməlidir.
XVIII
fəsil
YEKUN MÜDDƏALAR
Maddə
98. Bu Konstitusiya Qanununun qüvvəyə minməsi qaydası
98.1.
Bu Konstitusiya Qanunu dərc edildiyi gündən
qüvvəyə minir.
98.2.
Bu Konstitusiya Qanunu qüvvəyə mindiyi gündən 1999-cu
il noyabrın 26-da qəbul olunmuş “Normativ hüquqi aktlar
haqqında” Azərbaycan Respublikasının Qanunu
qüvvədən düşmüş hesab edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 21 dekabr 2010-cu il
¹
21-IVKQ
Əlavə
1
Normativ hüquqi aktın layihəsinin, qanunun
məcburi hüquqi ekspertizası rəyinin strukturu
1.
Normativ hüquqi aktın layihəsinin (qanunun)
tənzimləmə sahəsinə aid normativ
tənzimləmənin vəziyyəti (qüvvədə olan
konkret normativ hüquqi aktların təhlili).
2.
Normativ hüquqi aktın layihəsinin (qanunun) normayaratma
fəaliyyətinin əsas prinsiplərinə uyğunluğu.
3.
Normativ hüquqi aktın layihəsinin (qanunun)
normalarının onun məqsəd və
vəzifələrinə uyğunluğu.
4.
Normativ tənzimləmə predmetinə uyğunluğu.
5.
Normativ hüquqi aktın layihəsinin (qanunun) formasının
və mahiyyətinin uyğunluğu.
6.
Normativ hüquqi aktın layihəsinin (qanunun) daxili strukturunun
məntiqliliyi.
7.
Normativ hüquqi aktın layihəsinə daxil edilən (qanunda
olan) normaların qarşılıqlı ziddiyyətsizliyi.
8.
Normativ hüquqi aktın layihəsində (qanunda) bir
dövlət orqanının digər dövlət
orqanının səlahiyyətlərinə müdaxilə
etməməsi.
9.
Normativ hüquqi aktın layihəsinin (qanunun) müvafiq
səlahiyyətə malik olan normayaratma orqanı
tərəfindən öz səlahiyyəti daxilində
qəbul edilməsi.
10.
Normativ hüquqi aktın layihəsinin (qanunun) müəyyən
edilmiş qaydada və formada qəbul edilməsi.
11.
Normayaratma texnikasına uyğunluğu.
12.
Normativ hüquqi aktda (onun layihəsində) sui-istifadə
amillərinin və sui-istifadəyə məruz qalma
təzahürlərinin, sui-istifadənin təzahürləri
üçün şərait yaranmasına kömək
edən digər müddəaların mövcud olub-olmaması.
13.
Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar ləğv edilməli, dəyişikliklər
edilməli olan normativ hüquqi aktların (onların struktur
elementlərinin) siyahısının düzgünlüyü.
14.
Normativ hüquqi aktın qəbul edilməsi ilə
əlaqədar hazırlanmalı olan normativ hüquqi
aktların siyahısının düzgünlüyü.
15.
Çıxarılan nəticə.
Əlavə
2
Normativ hüquqi aktlarda (onların
layihələrində) sui-istifadə amilləri
|
|
Tipik sui-istifadə
amili, sui-istifadəyə məruz qalma təzahürü |
Normativ hüquqi aktda
(onun layihəsində) sui-istifadə amilinin aşkar edildiyi
struktur elementi |
A |
Dövlət
orqanının səlahiyyətlərinin həyata
keçirilməsi ilə əlaqədar olan tipik
sui-istifadə amilləri |
||
|
1. |
vəzifəli şəxsin
(orqanın) diskresion səlahiyyətlərinin genişliyi |
|
|
2. |
vəzifəli şəxsin
(orqanın) səlahiyyətinin dispozitiv imkan kimi
müəyyənləşdirilməsi |
|
|
3. |
şəxsə məxsus
hüquqların həyata keçirilməsi
üçün ona lazım olunandan yüksək
tələblərin irəli sürülməsi |
|
|
4. |
vəzifəli şəxs (orqan)
üçün fiziki və hüquqi şəxslərin
hüquqlarından sui-istifadə imkanının
yaradılması (dispozitiv imkanın verilməsi) |
|
|
5. |
vəzifəli
şəxsin (orqanın) hüquqlarının həcminin
əsassız olaraq dəyişdirilməsi |
|
|
6. |
qanundan irəli gələn
normayaratmanın həddindən artıq azadlığı |
|
|
7. |
hüquqi-linqvistik sui-istifadəyə
məruz qalma |
|
|
8. |
orqanın səlahiyyətindən
kənar normativ hüquqi aktının qəbul edilməsi |
|
|
9. |
qanun boşluqlarının icra
hakimiyyəti orqanının normativ hüquqi aktları
ilə doldurulması |
|
B |
Hüquqi
boşluqların mövcudluğu ilə əlaqədar olan
tipik sui-istifadə amilləri |
||
|
10. |
hüquqi tənzimlənmədə
boşluqlarının mövcudluğu |
|
|
11. |
inzibati prosedurların olmaması |
|
|
12. |
müsabiqə (hərrac)
prosedurlarının olmaması |
|
|
13. |
konkret fəaliyyət sahəsində
vəzifəli şəxs üçün qadağa və
məhdudiyyətlərin olmaması |
|
|
14. |
hüquqpozmaya görə
vəzifəli şəxs üçün
məsuliyyətin müəyyən edilməməsi |
|
|
15. |
orqana və vəzifəli
şəxslərə nəzarətin
müəyyənləşdirilməməsi |
|
|
16. |
informasiyanın
şəffaflığı rejiminin pozulması |
|
C |
Sistem
xarakterli tipik sui-istifadə amilləri |
||
|
17. |
yanlış məqsəd və
prioritetlər |
|
|
18. |
kolliziyalar |
|
|
19. |
məcbur edilmiş sui-istifadəyə
məruz qalma |
|
Ç |
Sui-istifadəyə
məruz qalmanın tipik təzahürləri |
||
|
20. |
normativ hüquqi aktın qəbul
edilməsi zamanı formal-texniki şərtlərə
riayət olunmaması |
|
|
21. |
normativ hüquqi aktın qəbul
edilməsi müddətinin göstərilməməsi |
|
|
22. |
mənafelər balansının
pozulması |
|
D |
Digər
sui-istifadə amilləri |
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
1. 30 sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 20 oktyabr
2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1600)
2. 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2018-ci
il, ¹ 152, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab maddə 1396)
3. 7 dekabr 2018-ci il tarixli 1378-VKQD
nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 20 dekabr
2018-ci il, ¹ 287, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 12, I kitab, maddə 2513)
4. 3 may 2019-cu il tarixli 1570-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 809)
5. 13 mart 2020-ci il
tarixli 9-VIKQD nömrəli
Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti,
15 aprel 2020-ci il, ¹ 70, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 4, maddə 384)
KONSTİTUSİYA QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 30
sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 20 oktyabr 2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1600) ilə
1.0.3-cü maddədə “Qanununda
nəzərdə tutulan dövlət və ya yerli
özünüidarə orqanı tərəfindən qəbul”
sözləri “Qanununun 4.1-ci
maddəsində müəyyən” sözləri ilə
əvəz edilmişdir.
[2] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 1.0.22-ci maddədən “standartlar,
o cümlədən Azərbaycan Respublikasının
dövlət standartları, sahə standartları, texniki
şərtlər,” sözləri və “texniki-iqtisadi məlumatların dövlət
təsnifatı,” sözləri
çıxarılmışdır.
[3]
30
sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 20 oktyabr 2016-cı il, ¹ 231, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 10,
maddə 1600) ilə
4.1.3-cü maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
4.1.3.
Azərbaycan Respublikası Mərkəzi Bankının
qərarları;
[4] 7
dekabr 2018-ci il tarixli 1378-VKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 20 dekabr 2018-ci il, ¹ 287, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 12, I kitab, maddə 2513) ilə yeni
məzmunda 5.4-cü maddə əlavə edilmişdir.
[5]
12
iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2018-ci il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1396) ilə 29.2-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
29.2.
Bir və ya bir necə normativ hüquqi aktda
dəyişikliklər edildikdə həmin
dəyişiklikləri nəzərdə tutan aktın
adında dəyişikliklər edilən normativ hüquqi
aktın (aktların) adı (adları)
göstərilməlidir.
3 may 2019-cu il tarixli 1570-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 26 may 2019-cu
il, ¹ 115, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2019-cu il, ¹ 5, maddə 809) ilə 29.2-ci maddəsində “Bir” sözü “Ad
və ya rəqəm dəyişiklikləri ilə
əlaqədar bir neçə normativ hüquqi aktlara
dəyişikliklərin edilməsi və ya bir neçə
normativ hüquqi aktın ləğv edilməsi
zərurətinin yarandığı hallar istisna olmaqla, bir”
sözləri ilə əvəz edilmişdir.
[6]
12
iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2018-ci il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1396) ilə 70.3-cü maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
70.3.
Qanun layihələrinə Azərbaycan Respublikasının
Milli Məclisində üç oxunuşda baxılır.
[7] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 71.2-ci maddədə “üçüncü”
sözü “yekun”
sözü ilə əvəz edilmişdir.
[8] 13
mart 2020-ci
il tarixli 9-VIKQD
nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti,
15 aprel 2020-ci il, ¹ 70, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2020-ci il, ¹ 4, maddə 384) ilə 73.6-cı
maddəsinə “layihəsi”
sözündən sonra “müvafiq
oxunuşda baxılmasına azı 5 gün qalmış”
sözləri əlavə edilmişdir.
[9]
12
iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2018-ci il, ¹ 152, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2018-ci il, ¹ 7, I kitab maddə 1396) ilə 75.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
75.1.
Ad və ya rəqəm dəyişiklikləri edildiyi hallar
istisna olmaqla, bir normativ hüquqi akt yalnız bir normativ
hüquqi aktda dəyişikliklər edə bilər.
[10] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 76.1-ci maddədə “və
ya onların struktur elementləri (bölmələr,
fəsillər, maddələr, hissələr və s.)”
sözləri “(onların
struktur elementləri isə bu Konstitusiya Qanununun 32-ci
maddəsinin tələblərinə uyğun olaraq)”
sözləri ilə əvəz edilmişdir.
[11] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə yeni məzmunda 76.3-cü maddə əlavə
edilmişdir.
[12] 30
sentyabr 2016-cı il tarixli 304-VKQD nömrəli Azərbaycan Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan”
qəzeti, 20 oktyabr 2016-cı il, ¹ 231,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2016-cı il, ¹ 10, maddə 1600) ilə 80.0.2.3-cü
maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
80.0.2.3.
“Azərbaycan Respublikası Mərkəzi Bankının
qərarları”;
[13] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə yeni məzmunda 83.1-1-ci maddə əlavə
edilmişdir.
[14] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 83.4-cü maddədə “83.1-ci
və 83.2-ci” sözləri “83.1-ci,
83.1-1-ci və 83.2-ci” sözləri ilə əvəz
edilmişdir.
[15] 12 iyun 2018-ci il tarixli 1174-VKQD nömrəli Azərbaycan
Respublikasının Konstitusiya Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul
2018-ci il, ¹ 152, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 7, I kitab
maddə 1396) ilə 85.3-cü maddədə “30
gün” sözlərindən əvvəl “ən azı” sözləri əlavə
edilmişdir.