“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.9-cu və 1.10-cu bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı" və "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları" təsdiq edilsin (əlavə olunur).

2. Müəyyən edilsin ki, "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi tarixədək istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği "İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi Qaydalarının, şərtlərinin və məbləğinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹1, maddə 66; 2004-cü il, ¹8, maddə 657; 2008-ci il, ¹2, maddə 130, ¹9, maddə 855; 2009-cu il, ¹10, maddə 857; 2010-cu il, ¹ 3, maddə 262) tənzimlənir.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri  A.RASİZADƏ

 

Bakı şəhəri, 3 noyabr 2010-cu il

                   ¹ 196

 

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin

 

SİYAHISI

 

1. Bu Siyahı "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.9-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin sığortaçı tərəfindən təyin edilməsi aşağıdakı sənədlər əsasında həyata keçirilir:

1.1. aylıq və ya birdəfəlik sığorta ödənişləri üzrə:

1.1.1. istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqaviləsi;

1.1.2. sığorta olunanın, sığorta hadisəsi nəticəsində onun öldüyü və ya fiziki və (və ya) əqli imkanlarını tam itirdiyi halda isə digər faydalanan şəxsin imzaladığı sığorta tələbi;

1.1.3. qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş istehsalatda bədbəxt hadisə haqqında aktın, yaxud sığorta olunanla bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarının surəti;

1.1.4. sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən, istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarın surəti; [1]

1.1.5. sığorta hadisəsi nəticəsində və ya həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından sığorta olunan öldüyü halda, onun ölüm haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;[2]

1.1.6. sığorta hadisəsi nəticəsində və ya həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından sığorta olunan öldüyü halda, onun himayəsində olmuş ailə üzvləri haqqında arayış, habelə əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən birinin - arvadının (ərinin) və ya digər ailə üzvünün sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb müəssisələrinin rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etmələri barədə arayış;[3]

1.1.6-1. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından öldükdə, ölümün sığorta hadisəsi ilə bağlılığını təsdiq edən Tibbi Sosial Ekspert Komissiyasının qərarı;[4]

1.1.7. sığorta hadisəsi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətini itirməsi halında, onun öldüyü halda isə digər faydalanan şəxsin (şəxslərin) şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

1.1.7-1. sığorta hadisəsi nəticəsində sığorta olunanın öldüyü halda faydalanan şəxs hesab edilən ailə üzvləri onun valideynləri olduqda onun doğum haqqında şəhadətnaməsinin, övladları olduqda onların doğum haqqında şəhadətnamələrinin, əri (arvadı) olduqda isə onun nikah haqqında şəhadətnaməsinin surəti;

1.2. Əlavə sığorta ödənişinin təyin edildiyi halda, bu Siyahının 1.1-ci bəndində müəyyən edilmiş müvafiq sənədlərlə yanaşı, sığorta olunanın həmin ödənişə aid sığorta hadisəsinin birbaşa səbəbi olduğu hallarla əlaqədar yardım və qulluq növlərinə möhtac olması və bunları pulsuz almaq hüququnun qanunvericilikdə nəzərdə tutulmaması ilə bağlı Tibbi Sosial Ekspert Komissiyasının qərarının surəti də tələb olunur.[5]

1.3. Annuitet müqaviləsi üzrə sığorta ödənişlərinin təyin edilməsi həmin müqavilə əsasında həyata keçirilir və sığorta ödənişi faydalanan şəxsə həmin müqavilədə razılaşdırılmış gündən verilir.[6]

2. Sığorta hadisəsinin baş verməsi barədə məlumat almış sığortaçı bu Siyahının 1.1.2-ci bəndində nəzərdə tutulmuş sığorta tələbinin təqdim edilməsi üçün faydalanan şəxsi sığorta tələbi üzrə sorğu vərəqəsi ilə təmin etməli və lazım olduqda, həmin vərəqənin doldurulması üçün ona kömək etməlidir.

3. Bu Siyahının 1.1.2-ci, 1.1.5-ci və 1.1.7-ci bəndlərində müəyyən edilmiş sənədləri faydalanan şəxs sığortaçıya təqdim etməlidir və digər sənədlərin faydalanan şəxs tərəfindən təqdim edilmədiyi halda, həmin sənədlər sığorta tələbinin daxil olduğu tarixdən 3 iş günü müddətində edilən rəsmi sorğu (sorğular) əsasında sığortaçı tərəfindən əldə olunmalıdır.

 


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2010-cu il 3 noyabr tarixli 196 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

 

İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması

 

QAYDALARI

 

1. Ümumi müddəa

 

1.1. Bu Qaydalar "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 2 iyul tarixli 289 nömrəli Fərmanının 1.10-cu bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və sığorta ödənişlərinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması qaydalarını tənzimləyir.

 

2. İstehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirmiş sığorta olunana sığorta ödənişinin təyin edilməsi

 

2.1. Sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin Tibbi Sosial Ekspert Komissiyası (bundan sonra - TSEK) tərəfindən müəyyən edildiyi, habelə sığorta ödənişini almaq üçün sığorta tələbi və müvafiq sənədlərin ona təqdim edildiyi tarixdən 10 iş günündən gec olmayaraq, bu Qaydaların 2.1.3-cü bəndi nəzərə alınmaqla, sığortaçının müvafiq qərarı ilə təyin edilir və müvafiq olaraq aşağıdakı müddətlərdə ödənilməlidir:

2.1.1. aylıq sığorta ödənişləri - sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin TSEK tərəfindən müəyyən edildiyi tarixdən hesablanmaqla, sığorta ödənişinin verildiyi hər təqvim ayının 25-dən gec olmayaraq. Sığorta ödənişi verilməyə başlandığı ilk aydan əvvəlki hər hansı ayın müvafiq tarixindən hesablanmalı olduğu halda, sığorta ödənişinin verildiyi ilk ay üçün nəzərdə tutulan ödəniş məbləğində əvvəlki aya (aylara) aid olan ödəniş məbləğləri də əlavə olunur;

2.1.2. birdəfəlik sığorta ödənişi - sığorta ödənişinin təyin edildiyi tarixdən 3 iş günü müddətində;

2.1.3. əlavə sığorta ödənişi - TSEK-in müvafiq qərarı ilə təyin edildiyi tarixdən həmin qərarla müəyyən edilmiş müddətdə.

2.2. Sığorta müqaviləsi əsasında sığorta olunanın istehsalatda baş verən bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirməsi hallarında ona sığorta ödənişinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada ödənilməsinə görə müvafiq sığortaçı öhdəlik daşıyır.

2.3. Sığortaçı sığorta ödənişini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə ödəmədikdə, hər gecikdirilmiş gün üçün sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulu ödəyir.[7]

 

3. Aylıq sığorta ödənişlərinin verilməsinin dayandırılması və bərpası

 

3.1. Aylıq sığorta ödənişlərinin verilməsi aşağıdakı hallarda dayandırılır:

3.1.1. bu Qaydaların 3.2-ci bəndi nəzərə alınmaqla, sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan öldükdə;

3.1.2. sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunanın peşə əmək qabiliyyətinin bərpa edilməsi TSEK tərəfindən müəyyən edildikdə;

3.1.3. sığorta olunan peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi məqsədi ilə təkrar müayinə olunmaqdan imtina etdikdə.

3.2. Sığorta hadisəsi nəticəsində peşə əmək qabiliyyətini itirməsi ilə əlaqədar aylıq sığorta ödənişini alan sığorta olunan həmin hadisənin səbəb olduğu haldan öldükdə, aşağıdakı əsaslardan ən azı birinin mövcud olması şərtilə, həmin əsaslarda nəzərdə tutulmuş faydalanan şəxslərə qanunvericiliyə uyğun qaydada hesablanmış birdəfəlik sığorta ödənişi verilir:

3.2.1. sığorta olunanın himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuş əmək qabiliyyəti olmayan şəxslər müəyyən edildikdə;

3.2.2. sığorta olunanın ölümündən sonra uşağı doğulduqda;

3.2.3. sığorta olunanın himayəsində olmuş və onun on dörd yaşına çatmamış, yaxud bu yaşa çatsa da, tibb orqanlarının rəyinə əsasən sağlamlıq vəziyyətinə görə başqasının qulluğuna ehtiyacı olan uşaqlarına, nəvələrinə, qardaşlarına və bacılarına qulluq etməklə məşğul olan və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən valideynlərdən biri, arvad (ər) və ya digər ailə üzvü müəyyən edildikdə;[8]

3.2.4. sığorta olunanın himayəsində olmuş və onun ölümündən sonra beş il ərzində əmək qabiliyyətini itirmiş şəxslər müəyyən edildikdə;

3.2.5. bu Qaydaların 3.2.1-ci-3.2.4-cü yarımbəndləri ilə müəyyən edilmiş hər hansı şəxs mövcud olmadığı halda sığorta olunanın digər ailə üzvləri müəyyən edildikdə. [9]

3.3. Bu Qaydaların 3.1.3-cü bəndində nəzərdə tutulmuş əsas aradan qalxdığı tarixdən aylıq sığorta ödənişinin verilməsi bərpa edilir.

 


 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       25 sentyabr 2013-cü il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 oktyabr 2013-cü il, ¹ 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 09, maddə 1139)

2.       19 fevral 2014-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 fevral 2014-cü il, ¹ 44, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02, maddə 204)

3.       27 iyun 2014-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il, ¹ 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 903)

4.       10 oktyabr 2014-cü il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, ¹ 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1298)

5.       7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 514)

 

QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 7 mart 2019-cu il tarixli 80 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Xalq” qəzeti, 14 mart 2019-cu il, ¹ 59, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹ 3, maddə 514) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nın 1.1.4-cü yarımbəndində “şəhadətnamənin” sözü “qərarın” sözü ilə əvəz edilmişdir.

 

[2] 25 sentyabr 2013-cü il tarixli 264 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 3 oktyabr 2013-cü il, ¹ 218, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 09, maddə 1139) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nın 1.1.5-ci və 1.1.7-ci yarımbəndlərindən “notarial qaydada təsdiq edilmiş” sözləri çıxarılmışdır.

 

27 iyun 2014-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il, ¹ 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 903) ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı"nın 1.1.5-ci və 1.1.6-cı yarımbəndlərə "sığorta hadisəsi nəticəsində" sözlərindən sonra "və ya həmin hadisənin birbaşa səbəbi olduğu sağlamlığın pozulması halından" sözləri əlavə edilmişdir.

 

[3] 19 fevral 2014-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 fevral 2014-cü il, ¹ 4444, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02, maddə 204) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı”nın 1.1.6-cı yarımbəndindən “əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən” sözləri və ikinci halda “onun” sözü çıxarılmışdır.

 

[4] 27 iyun 2014-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il, ¹ 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 903) ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı"na yeni məzmunda 1.1.6-1-ci və 1.1.7-1-ci yarımbəndlər əlavə edilmişdir.

 

[5] 27 iyun 2014-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il, ¹ 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 903) ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı"nın 1.2-ci bəndə "həmin ödənişə aid" sözlərindən sonra "sığorta hadisəsinin birbaşa səbəbi olduğu hallarla əlaqədar" sözləri əlavə edilmişdir.

 

[6] 27 iyun 2014-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il, ¹ 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 903) ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı"nın 1.3-cü bəndə "keçirilir" sözündən sonra "və sığorta ödənişi faydalanan şəxsə həmin müqavilədə razılaşdırılmış gündən verilir" sözləri əlavə edilmişdir.

 

[7] 10 oktyabr 2014-cü il tarixli 328 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 25 oktyabr 2014-cü il, ¹ 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 10, maddə 1298) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”na 2.3-cü bənd əlavə edilmişdir.

 

[8] 19 fevral 2014-cü il tarixli 49 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 28 fevral 2014-cü il, ¹ 4444, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 02, maddə 204) ilə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları”nın 3.2.3-cü yarımbəndindən “onun” sözü və “və əmək qabiliyyətindən asılı olmayaraq, işləməyən” sözləri çıxarılmışdır.

 

[9] 27 iyun 2014-cü il tarixli 210 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı (“Azərbaycan” qəzeti, 18 iyul 2014-cü il, ¹ 152; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 07, maddə 903) ilə "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi üçün sənədlərin Siyahısı"nın "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə sığorta ödənişinin təyin edilməsi, verilməsinin dayandırılması və bərpa olunması Qaydaları"nın 3.2.4-cü yarımbəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 3.2.5-ci yarımbənd əlavə edilmişdir.