Dövlət qulluqçularının
etik davranış qaydaları haqqında
AZƏRBAYCAN
RESPUBLİKASININ QANUNU
Bu
Qanun dövlət qulluqçuları üçün etik
davranış qaydalarını və prinsiplərini və
onlara əməl edilməsi ilə bağlı hüquqi
mexanizmləri müəyyən edir.
Fəsil
1.
ÜMUMİ MÜDDƏALAR
Maddə
1. Qanunun əhatə dairəsi
1.1. Bu qaydalar dövlət qulluqçusu statusuna malik olan
bütün şəxslərə şamil edilir.
1.2. Hər bir dövlət qulluqçusu qanunun aliliyini,
insan hüquqlarını, demokratik prinsipləri və
yüksək etik davranış qaydalarını rəhbər
tutaraq bu Qanunun müddəalarına əməl etməyə
borcludur.
Maddə 2. Qanunun
məqsədləri
2.0. Bu Qanunun məqsədləri
aşağıdakılardan ibarətdir:
2.0.1. dövlət orqanlarının və
dövlət qulluğunun nüfuzunun artırılması,
vətəndaşların dövlət orqanlarına və
dövlət qulluqçularına etimadının
yüksəldilməsi;
2.0.2. dövlət orqanları və dövlət
qulluqçularının fəaliyyətində
səmərəliliyin və şəffaflığın
artırılması;
2.0.3. dövlət orqanlarında korrupsiyanın və
dövlət qulluqçularının fəaliyyətində
maraqların toqquşmasının qarşısının
alınması;
2.0.4. dövlət qulluqçuları
tərəfindən etik davranış qaydalarına
əməl olunmasının təmin edilməsi;
2.0.5. dövlət qulluqçularından
gözlənilən davranış barədə
vətəndaşların məlumatlandırılması;
2.0.6. dövlət orqanlarının və
dövlət qulluqçularının fəaliyyətinin
qiymətləndirilməsinə vətəndaşların
təsiri imkanlarının genişləndirilməsi.
Maddə 3. Xidməti
davranışın hüquqi tənzimlənməsi
3.1 Dövlət qulluqçusunun xidməti
davranışı qanunvericiliklə ona verilmiş
hüquqların həyata keçirilməsi və
vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar
fəaliyyətidir. Dövlət qulluqçusunun xidməti davranışı
bu Qanunla müəyyən edilmiş etik davranış
qaydalarına və prinsiplərinə əsaslanmalıdır.
3.2. Dövlət qulluqçusunun xidməti
davranışı bu Qanuna və digər normativ hüquqi
aktlara uyğun olaraq tənzimlənir.
3.3. Bu Qanunla müəyyən olunmuş etik
davranış qaydalarını dəqiqləşdirən
normalar, onlara riayət olunması ilə bağlı
təminatlar dövlət orqanlarının digər normativ
hüquqi aktları ilə müəyyənləşdirilə
bilər. Göstərilən normativ hüquqi aktlar bu Qanunun
müddəalarına zidd olmamalıdır.
Fəsil
2.
ETİK DAVRANIŞ QAYDALARI
Maddə 4. Vicdanlı
davranış
4.1. Şəxsin, cəmiyyətin və
dövlətin maraqları naminə dövlət
qulluqçuları öz vəzifə borcunu
səmərəli yerinə yetirməyə borcludur.
4.2. Dövlət qulluqçusu bütün hallarda
hər bir şəxs üçün vicdanlılıq
nümunəsi olmalıdır.
Maddə 5. Peşəkarlıq
və fərdi məsuliyyətin artırılması
5.1. Dövlət qulluqçusu öz
fəaliyyətini Azərbaycan Respublikasının
qanunvericiliyi ilə müəyyən olunmuş
səlahiyyətlər çərçivəsində və
peşəkarlıq səviyyəsində yerinə
yetirməyə borcludur.
5.2. Dövlət qulluqçusu etik davranışı
və öz peşəkar fəaliyyəti ilə dövlət
orqanlarına hüquqi və fiziki şəxslərin
inamını artırmalı və
möhkəmləndirməlidir.
Maddə 6. Loyallıq
6.1. Dövlət qulluqçusu onun xidməti
vəzifəsinə aid olmadığı hallarda,
dövlət orqanlarının, onların
rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz
fəaliyyət istisna olmaqla) tənqidi ictimai
mülahizələrdən, çıxışlardan və
onların fəaliyyətinə ictimai qiymət
verilməsindən çəkinməlidir. Bu qayda dövlət
qulluqçusunun elmi-pedaqoji fəaliyyəti ilə
bağlı çıxışlarına və ya elmi
yazılarına şamil olunmur.
6.2. Dövlət qulluqçusu dövlət qulluğu
ilə bağlı vəzifələrin icrası ilə bir
araya sığmayan və onun adına xələl
gətirə biləcək, habelə dövlət
orqanının nüfuzunu aşağı sala biləcək
hərəkətlərə yol verməməlidir.
6.3. Dövlət qulluqçusu dövlət orqanı
tərəfindən açıq çıxışlarla
bağlı müəyyən olunmuş qaydalara əməl
etməlidir.
6.4. Dövlət qulluqçusu qanunvericilikdə
dövlət qulluğu ilə bağlı nəzərdə
tutulmuş məhdudiyyətlərə əməl
etməlidir.
Maddə 7. İctimai
etimad
7.1. Dövlət qulluqçusu Azərbaycan
Respublikasının, dövlət orqanının və
dövlət qulluğunun nüfuzunu
möhkəmləndirməyə, öz adını və
şərəfini uca tutmağa borcludur.
7.2. Dövlət qulluqçusu etik davranış
qaydalarının onun tərəfindən pozulması
nəticələrini aradan qaldırmağa, o
cümlədən ictimai etimadın bərpası
üçün tədbirlər görməyə borcludur.
7.3. Dövlət qulluqçusu dövlət
orqanlarının və onların vəzifəli
şəxslərinin fəaliyyəti barədə
ictimaiyyəti məlumatlandıran kütləvi informasiya
vasitələri nümayəndələrinin qanunla
müəyyən edilmiş hallarda və qaydada doğru
(dürüst) məlumatlar almasına köməklik
göstərməlidir.
Maddə 8. İnsanların
hüquq, azadlıq və qanuni maraqlarına, şərəf
və ləyaqətinə və işgüzar nüfuzuna
hörmət. Hüquqi şəxslərin işgüzar
nüfuzuna hörmət
8.1. Dövlət qulluqçularının
fəaliyyəti insanların hüquq, azadlıq və qanuni
maraqlarının təmin olunmasına (qorunmasına və
müdafiəsinə) xidmət etməlidir.
8.2. Dövlət qulluqçusu insanların hüquq və
azadlıqlarını, qanuni maraqlarını pozan, onların
şərəf, ləyaqət və işgüzar nüfuzunu
ləkələyə biləcək qərarlara və
hərəkətlərə (və ya
hərəkətsizliyə) yol verməməlidir.
8.3. Qanunvericiliklə nəzərdə tutulmuş
hallar istisna olmaqla, dövlət qulluqçusu xidməti
vəzifələrinin icrası ilə bağlı fiziki
şəxslərin, habelə digər dövlət
qulluqçularının şəxsi həyatı,
şərəf və ləyaqəti barədə ona məlum
olmuş məlumatların konfidensiallığını
təmin etməlidir.
8.4. Dövlət qulluqçusu hüquqi
şəxslərin işgüzar nüfuzuna
hörmətlə yanaşmalı və onların
işgüzar nüfuzunu ləkələyə biləcək
hərəkətlərə (və ya
hərəkətsizliyə) yol verməməlidir.
Maddə 9. Mədəni
davranış
Dövlət qulluqçusu bütün
şəxslərə, o cümlədən birbaşa və
yuxarı rəhbəri ilə və ya tabeliyində olan
şəxslərə münasibətdə nəzakətli,
xeyirxah, diqqətli və səbrli olmalıdır.
Maddə 10. Əmr,
sərəncam və ya tapşırıqların yerinə
yetirilməsi
10.1. Dövlət qulluqçusu birbaşa və ya
yuxarı rəhbərinin qanuna uyğun olan və
səlahiyyətləri daxilində qəbul etdiyi yazılı
əmri, sərəncamı və ya verdiyi şifahi
tapşırıqları yerinə yetirməyə borcludur.
10.2. Dövlət qulluqçusu birbaşa və ya
yuxarı rəhbər tərəfindən ona verilən
əmrin, sərəncamın və ya
tapşırığın qanuna və ya digər normativ
hüquqi akta zidd olmasına əmindirsə, bu barədə
yazılı əsaslandırmanı birbaşa və ya
yuxarı rəhbərinə təqdim etməlidir. O,
birbaşa rəhbərindən bu əmr, sərəncam və
ya tapşırığın yazılı şəkildə
təsdiq olunmasını tələb etməlidir. Birbaşa
rəhbərindən yazılı şəkildə təsdiq
edilmiş əmr, sərəncam və ya tapşırıq
almasına baxmayaraq, dövlət qulluqçusu onların
qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda
davam edərsə, o, həmin əmr, sərəncam və ya
tapşırığın yerinə yetirilməsindən
imtina edə bilər.
10.3. Qanuni göstərişlərin yerinə
yetirilməməsi intizam məsuliyyətinə səbəb
olur.
Maddə 11. Qərəzsizlik
11.1. Dövlət qulluqçusu xidməti
vəzifəsini yerinə yetirərkən və ya qərar
qəbul edərkən qərəzsiz olmalı və bu zaman
irqinə, milliyyətinə, dininə, dilinə, cinsinə,
sosial mənşəyinə, əmlak və qulluq
vəziyyətinə, dinə münasibətinə,
əqidəsinə, ictimai və ya hər hansı digər
birliyə mənsubiyyətinə görə hər hansı
şəxsin və ya şəxslər qrupunun
üstünlüyünə və ya belə
üstünlüyün əldə edilməsi
üçün şəraitin yaradılmasına yol
verməməlidir.[1]
11.2. Dövlət qulluqçusu xidməti
vəzifələrinin yerinə yeritirilməsi zamanı siyasi
bitərəfliyə əməl etməyə borcludur.
11.3. Dövlət qulluqçusu özünün
və ya maraqlı şəxslərin mənafelərinin onun
xidməti vəzifələrinin yerinə yetirilməsinə
təsirinə yol verməməli və bu cür təsir
üçün şərait yaratmamalıdır.
Maddə 12. Maddi və
qeyri-maddi nemətlərin, imtiyazların və ya
güzəştlərin əldə edilməsinə yol
verilməməsi
12.1. Dövlət qulluqçusunun qanunsuz olaraq maddi
və qeyri-maddi nemətlər, imtiyazlar və ya
güzəştlər əldə etməyə
yönəlmiş hərəkətlər
(hərəkətsizlik) etməsi və ya qərarlar qəbul
etməsi qadağandır.
12.2. Dövlət qulluqçusu onun
hərəkətlərinin (hərəkətsizliyinin) və
ya qərarlarının maddi və qeyri-maddi nemətlər,
imtiyazlar və ya güzəştlər əldə
etməyə gətirib çıxarmasını istisna
edən tədbirlər görməlidir.
12.3. Qanunvericiliklə müəyyən olunmuş
qaydada şəxslərə əvəzsiz xidmət
(xidmətlər) göstərən dövlət
qulluqçusu həmin xidmətə (xidmətlərə)
görə hər hansı haqq tələb edə bilməz.
12.4. Qanunvericiliklə müəyyən olunmuş
ödəniş müqabilində vətəndaşlara
xidmət (xidmətlər) göstərən dövlət
qulluqçusu həmin xidmətə (xidmətlərə)
görə nəzərdə tutulan məbləğdən
artıq haqq tələb edə bilməz.
Maddə 13. Korrupsiyanın
qarşısının alınması
13.1. Dövlət qulluqçusuna qanunsuz maddi və
qeyri-maddi nemətlər, imtiyazlar və ya
güzəştlər təklif olunduğu hallarda,
dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi
və qeyri-maddi nemətlər, imtiyazlar və ya
güzəştlər dövlət qulluqçusuna ondan
asılı olmayan səbəblərdən verilərsə, o,
bu barədə birbaşa rəhbərinə məlumat
verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar
və ya güzəştlər dövlət qulluqçusunun
qulluq keçdiyi dövlət orqanına akt üzrə
təhvil verilməlidir.
13.2. Tərəflərdən biri dövlət
qulluqçusunun qulluq keçdiyi dövlət orqanı
olan əqdlərdə həmin dövlət
qulluqçusu digər tərəf ola bilməz.[2]
Maddə 14. Hədiyyə
alma ilə əlaqədar məhdudiyyətlər
14.1. Dövlət qulluqçusu xidməti
vəzifələrinin qərəzsiz icrasına təsir
edə bilən və ya bu cür təsir
təəssüratı yaradan, və ya onun
vəzifələrinin icrası müqabilində mükafat
qismində verilən və ya bu cür mükafat
təəssüratı yaradan hədiyyələri özü
və ya digər şəxslər üçün
tələb edə və ya qəbul edə bilməz. Bu qayda
qonaqpərvərliklə bağlı və dəyəri
“Korrupsiyaya qarşı mübarizə haqqında“ Qanunda
nəzərdə tutulmuş məbləğdən yuxarı
olmayan hədiyyələrin təqdim olunduğu hallara
şamil edilmir.
14.2. Dövlət qulluqçusu hədiyyənin
qəbul edilməsi və ya qonaqpərvərlikdən
istifadə ilə bağlı qərara gələ
bilmədiyi hallarda bu məsələ barədə birbaşa
rəhbərinin rəyini öyrənməlidir.
Maddə 15. Maraqlar
toqquşmasının qarşısının alınması
15.1. Dövlət qulluqçusu qulluq etdiyi
dövrdə maraqların toqquşmasına yol
verməməlidir və qanunsuz olaraq öz vəzifə
səlahiyyətlərindən şəxsi maraqları
üçün istifadə etməməlidir.
15.2. Dövlət qulluqçusunun xidməti
vəzifələri ilə onun şəxsi maraqları
arasında ziddiyyət yarana biləcəyi hallarda, o,
qanunvericiliyə müvafiq olaraq, dövlət qulluğuna
qəbul olunduqda, habelə bundan sonrakı dövrdə
həmin maraqların xarakteri barədə məlumat verməyə
borcludur.
15.3. Dövlət qulluqçusu başqa
vəzifəyə keçmə ilə əlaqədar
təkliflərin maraqların toqquşmasına səbəb
ola biləcəyi hallarda, bu barədə dövlət
orqanının rəhbərinə məlumat verməlidir.
Dövlət qulluğuna xitam verildikdən sonra dövlət
qulluqçusu qanunvericiliklə müəyyən edilmiş
müddət ərzində əvvəllər
fəaliyyətinə nəzarət etdiyi idarə,
müəssisə, təşkilatlara və ya onların
bölmələrinə işə qəbul edilə
bilməz.[3]
15.4. Dövlət qulluqçusu maraqların
toqquşmasının qarşısının alınması
üçün qanunvericiliklə nəzərdə
tutulmuş digər tədbirlər görməlidir.
15.5. Dövlət qulluqçusu vəzifəyə
təyin edilərkən və bundan sonrakı
müddətdə etik davranış qaydaları, korrupsiyaya
qarşı mübarizə və maraqların
toqquşmasının qarşısının alınması
ilə normativ hüquqi və normativ xarakterli aktlarla
tanış olmalıdırlar. Bu aktlara əməl edilməsi
ilə bağlı hər hansı suallar yarandıqda bu
barədə birbaşa və ya yuxarı rəhbərinə
müraciət etməlidir.
Maddə 16. Əmlakdan
istifadə
16.1. Dövlət qulluqçusu istifadəsində olan
dövlət əmlakından, maliyyə
vəsaitlərindən, rabitə, kompyüter və digər
kommunikasiya sistemlərindən, nəqliyyat
vasitələrindən və digər maddi-texniki təchizat
avadanlıqlarından qənaətlə və səmərəli
istifadə etməlidir.
16.2. Dövlət qulluqçusuna dövlət
əmlakından, maliyyə vəsaitlərindən, rabitə,
kompyüter və digər kommunikasiya sistemlərindən,
nəqliyyat vasitələrindən və digər maddi-texniki
təchizat avadanlıqlarından şəxsi maraqları
naminə, habelə həmin dövlət qulluqçusu
tərəfindən xidməti vəzifələrinin icrası
ilə əlaqədar olmayan digər məqsədlər
üçün istifadə etməsi qadağandır.
Maddə 17. Məlumatlardan
istifadə
17.1. Dövlət qulluqçusu xidmət etdiyi
dövlət orqanının sərəncamında olan
məlumatların qanunvericiliklə müəyyən
olunmuş qaydada əldə olunması və yayılması
mümkünlüyünü təmin etməlidir.
17.2. Dövlət qulluqçusu dövlət
orqanında müəyyən olunmuş xidməti
informasiyanın təqdim edilməsi qaydalarına əməl
etməlidir.
17.3. Dövlət qulluqçusu xidməti
fəaliyyəti zamanı əldə etdiyi məlumatları
şəxsi maraqları üçün istifadə edə
bilməz.
Maddə 18. İctimai
və ya siyasi fəaliyyət
18.1. Qanunvericiliklə başqa qayda nəzərdə
tutulmamışdırsa, dövlət qulluqçusu ictimai
və ya siyasi birliyə üzv olmaq hüququna malikdir.
18.2. Dövlət qulluqçusunun ictimai və ya siyasi
fəaliyyəti, yaxud ictimai və ya siyasi birliyə
mənsubiyyəti onun xidməti vəzifələrini
qərəzsiz və obyektiv yerinə yetirdiyinə ictimai
şübhə doğurmamalıdır.
18.3. Dövlət qulluqçusu qulluq mövqeyindən
istifadə edərək digər dövlət
qulluqçularını ictimai və ya siyasi birliklərin
və dini təşkilatların fəaliyyətində iştiraka
təhrik etməməlidir.
18.4. Dövlət qulluqçusuna dövlət
orqanlarında ictimai və siyasi birliklərin (həmkarlar
ittifaqları istisna olmaqla), dini təşkilatların struktur
bölmələrini yaratmaq, yaxud həmin orqanlarda
göstərilən struktur bölmələrin
yaradılmasına yardım etmək qadağandır.
18.5. Dövlət qulluqçusuna seçkilər
zamanı öz vəzifə mövqeyindən və
səlahiyyətlərindən özünün və ya
digər namizədlərin, siyasi partiyaların, siyasi
partiyaların bloklarının xeyrinə istifadə etmək
qadağandır.
Fəsil
3.
ETİK DAVRANIŞ QAYDALARININ HƏYATA
KEÇİRİLMƏSİNİN TƏMİN OLUNMASI
Maddə 19. Təminatlar
sistemi
19.0. Dövlət qulluqçusu tərəfindən
etik davranış qaydalarına əməl olunması
üçün:
19.0.1. dövlət qulluqçusunun
davranışının etik davranış qaydalarına
uyğunluğu onun özü, birbaşa və ya yuxarı
rəhbəri tərəfindən müntəzəm təhlil
edilir;
19.0.2. dövlət qulluqçusu, onun birbaşa və
ya yuxarı rəhbəri tərəfindən bu fəsildə
nəzərdə tutulmuş tədbirlər
görülür.
Maddə 20. Etik
davranış qaydalarına əməl olunmasına
nəzarət
20.1. Etik davranış qaydalarına
əməl olunmasına nəzarəti dövlət
orqanının rəhbəri xidməti qaydada, yuxarı orqan
tabeçilik əsasında həyata keçirir.
20.2. Müvafiq icra hakimiyyəti
orqanının yaratdığı qurum etik davranış
qaydalarına əməl olunmasına nəzarəti
nizamnaməsinə uyğun olaraq həyata keçirir.[4]
Maddə 21. Dövlət
orqanının rəhbəri tərəfindən
nəzarət
21.1. Dövlət orqanlarında etik davranış
qaydalarına əməl olunmasına nəzarəti həmin
orqanların müvafiq qurumları həyata keçirir.
21.2. Dövlət orqanının rəhbəri:
21.2.1. tabeliyində olan dövlət
qulluqçularının xidməti
davranışlarının bu Qanunla müəyyən olunan
etik davranış qaydalarına uyğunluğuna
nəzarət etməli və onun təhlilini
aparmalıdır;
21.2.2. öz davranışı ilə etik
davranış qaydalarına əməl olunması
nümunəsi göstərməlidir;
21.2.3. tabeliyində olan dövlət
qulluqçuları arasında onların tutduqları
vəzifələrə uyğun olaraq vəzifə
bölgüsü aparmalıdır;
21.2.4. tabeliyində olan şəxsləri hüquqa
və hamılıqla qəbul edilmiş etik normalara zidd
olan hərəkət etməyə və qərarlar qəbul
etməyə sövq etməməlidir;
21.2.5. rəhbərlik etdiyi dövlət orqanlarına
və onların struktur bölmələrinə kadrların
seçilməsi və yerləşdirilməsi zamanı
qanunvericiliyin tələblərinə əməl etməlidir;
21.2.6. etik davranış qaydalarının
pozulmasının qarşısının alınması
və profilaktikası üzrə tədbirlər
görməlidir;
21.2.7. tabeliyində olan dövlət
qulluqçularına etik davranış qaydalarını izah
etməli və müraciət olunduğu təqdirdə etik
davranış qaydalarına əməl olunmasına dair onlara
tövsiyələr verməlidir;
21.2.8. öz səlahiyyətləri
çərçivəsində bu Qanunla müəyyən
olunmuş etik davranış qaydalarını və onlara
əməl olunması ilə bağlı təminatları
konkretləşdirən normativ hüquqi (və ya normativ
xarakterli) aktları işləyib hazırlamalı və
təsdiq etməlidir;
21.2.9. etik davranış qaydalarını pozan
dövlət qulluqçularının intizam
məsuliyyətinə cəlb edilməsi üçün
tədbirlər görməlidir;
21.2.10. etik davranış qaydaları və
dövlət qulluqçuları tərəfindən həmin
qaydalara əməl olunmasını tələb etmək
hüquqlarına malik olmaları barədə
vətəndaşları və təşkilatları
məlumatlandırmaq üçün tədbirlər
görməlidir;
21.2.11. etik davranış qaydalarının
pozulması halları ilə bağlı həyata
keçirilmiş tədbirlər barədə
vətəndaşları, təşkilatları və dövlət
orqanlarını məlumatlandırmalıdır;
21.2.12. etik davranış qaydalarının
pozulmasının nəticələrinin aradan
qaldırılması, habelə dövlət orqanına ictimai
etimadın artırılması üçün
tədbirlər görməlidir;
21.2.13. etik davranış qaydalarına əməl
olunması ilə bağlı qanunvericiliklə
nəzərdə tutulmuş digər vəzifələri
həyata keçirməlidir.
Maddə 22. Nəzarət
orqanının səlahiyyətləri
22.1. Nəzarət orqanı bu Qanunla müəyyən
edilmiş etik davranış qaydalarına əməl
edilməsi və bu Qanunun tətbiqi ilə bağlı
məsələlərin əlaqələndirilməsi
məqsədi ilə aşağıdakı səlahiyyətləri
həyata keçirir:
22.1.1. bu Qanunla müəyyən edilmiş etik
davranış qaydalarına əməl edilməsi
vəziyyətini öyrənir və bu barədə
məlumatları ümumiləşdirir;
22.1.2. dövlət qulluqçularından və
digər şəxslərdən bu Qanunun
müddəalarının pozulması ilə bağlı
şikayətlər və məlumatlar qəbul edir;
22.1.3. daxil olan şikayətlər və
məlumatlardan irəli gələn məsələlərin
həlli üzrə təkliflər, tövsiyələr
və təqdimatlar verir;
22.1.4. dövlət qulluqçularının etik
davranış məsələləri üzrə ictimai
rəyin öyrənilməsi və bununla bağlı
maarifləndirmənin həyata keçirilməsi
üçün tədbirlər görür;
22.1.5. dövlət qulluqçularının etik
davranış məsələləri üzrə
araşdırmalar aparır, bu məsələlərlə
bağlı tövsiyələr və məruzələr
tərtib edir;
22.1.6. dövlət qulluqçularının etik davranış
məsələləri üzrə qeyri-hökumət
təşkilatları, kütləvi informasiya vasitələri
və müstəqil ekspertlərlə
əməkdaşlıq edir;
22.1.7. daxil olmuş materiallarda hüquqpozmaların
əlamətləri olduqda həmin materialları
yoxlanılması üçün müvafiq orqanlara
göndərir;
22.1.8. dövlət qulluqçularının etik
davranış məsələləri ilə bağlı
qanunvericiliyin təkmilləşdirilməsinə dair
təkliflər verir;
22.1.9. qanunvericiliklə göstərilmiş digər
səlahiyyətləri həyata keçirir.
22.2. Nəzarət orqanı etik davranış
qaydalarının pozulması ilə əlaqədar
dövlət qulluqçusuna qarşı aparılan intizam
icraatının gedişinə hər hansı formada
müdaxilə edə bilməz.[5]
Maddə 23. Etik
davranış qaydalarının pozulmasına görə
məsuliyyət
23.1. Etik davranış qaydalarının pozulması
dövlət qulluqçusunun intizam məsuliyyətinə
cəlb edilməsi üçün əsasdır.
23.2. Dövlət qulluqçusunun intizam
məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə
nəzərdə tutulmuş qaydada və müddətdə
həyata keçirilir.
23.3. Aşağıdakı hallarda intizam
icraatına başlanıla bilər:
23.3.1. bu Qanunun müddəalarının dövlət
qulluqçusu tərəfindən pozulması barədə
hüquqi və ya fiziki şəxslər tərəfindən
şikayət və ya digər məlumatın verilməsi;
23.3.2. kütləvi informasiya vasitələrində
dövlət qulluqçusu tərəfindən bu Qanunun
müddəalarının pozulması və maraqların
toqquşmasına yol verilməsi barədə məlumatın
dərc edilməsi.
23.4. İntizam icraatı zamanı dövlət
qulluqçusu tərəfindən yol verilən hüquq
pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar
edildikdə, həmin əlamətləri aşkar etmiş
dövlət orqanının rəhbəri bu barədə
cinayət təqibi orqanına məlumat verməlidir.
Maddə 24. Bu qanunun
qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə
minir.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 may 2007-ci il
¹ 352-IIIQ
İSTİFADƏ OLUNMUŞ
MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
[1] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
399) ilə 11.1-ci
maddədə “milliyyətinə,”
sözündən sonra “dininə,”
sözü əlavə edilmişdir, “dinə münasibətinə,” sözləri
çıxarılmışdır.
[2] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
399) ilə 13.1-ci maddənin
ikinci cümləsində və 13.2-ci maddədə “işlədiyi” sözü “qulluq keçdiyi”
sözləri ilə əvəz edilmişdir.
[3] 28 aprel 2009-cu il tarixli 807-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 26 iyun 2009-cu il, ¹ 137, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 06, maddə
399) ilə 15.3-cü
maddənin birinci cümlədə “işə” sözü
“vəzifəyə” sözü ilə əvəz
edilmişdir və ikinci cümlə yeni redaksiyada
verilmişdir.
Əvvəlki redaksiyada deyilirdi:
Dövlət qulluqçusu dövlət qulluğundan
getdikdən sonra qanunvericiliklə müəyyən edilmiş
müddət ərzində əvvəllər
fəaliyyətinə nəzarət etdiyi idarə,
müəssisə, təşkilatlara və ya onların
bölmələrinə işə qəbul edilə
bilməz.
[4]
31 may 2017-ci il tarixli 686-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul
2017-ci il, ¹ 149, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹7 , maddə 1253) ilə 20-ci maddənin
mətni yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
20.0. Etik davranış qaydalarına
əməl olunmasına nəzarəti:
20.0.1 Dövlət orqanının
rəhbəri - xidməti qaydada, yuxarı orqan - tabeçilik
əsasında;
20.0.2. Müvafiq dövlət orqanı (bundan sonra
“Nəzarət orqanı”) - bu Qanunla
müəyyənləşdirilmiş qaydada həyata
keçirir.
[5]
31 may 2017-ci il tarixli 686-VQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 14 iyul
2017-ci il, ¹ 149, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2017-ci il, ¹7 , maddə 1253) ilə 22-ci maddə
ləğv edilmişdir.