Onkoloji
yardım haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun onkoloji xəstələrə
ixtisaslaşdırılmış tibbi və sosial
yardımın göstərilməsinin hüquqi
əsaslarını müəyyən edir.
I f ə s i l
ÜMUMİ
MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar
aşağıdakı mənaları ifadə edir:
1.0.1. onkoloji yardım - bədxassəli
şişlərin vaxtında aşkar olunmasına, profilaktikasına,
müayinəsinə və müalicəsinə
yönəldilmiş elmi-tibbi tədbirlər;
1.0.2. onkoloji xəstə - tam müayinə olunmuş
və morfoloji üsullarla bədxassəli şiş diaqnozu
təsdiq edilmiş şəxs;
1.0.3. onkologiya - bədxassəli şişlərin
əmələ gəlmə səbəblərini, inkişaf
mexanizmlərini, klinikasını, diaqnostikasını,
müalicəsini və profilaktikasını öyrənən
tibb və biologiya sahəsi;
1.0.4. bədxassəli şiş - infiltrativ
surətdə böyüyən, ətraf toxumalara sirayət
edərək onları dağıdan, metastaz verməyə
qadir olan törəmə;
1.0.5. həkim-onkoloq - onkologiya ixtisası üzrə
hazırlıq keçmiş həkim-mütəxəssis;
1.0.6. terminal mərhələ - onkoloji xəstənin
bioloji ölümündən əvvəl orqanizminin
funksiyalarının tükənməsi;
1.0.7. sitoloji müayinə - orqan və toxumalardan
alınmış preparatlarda olan hüceyrə elementlərinin
mikroskopik üsullarla tədqiqi.
Maddə 2. Onkoloji yardım haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi
Onkoloji yardım haqqında Azərbaycan
Respublikasının qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, “Əhalinin
sağlamlığının qorunması haqqında” Azərbaycan
Respublikasının Qanunundan, bu Qanundan, digər normativ
hüquqi aktlardan və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 3. Qanunun tətbiq dairəsi
Bu Qanun Azərbaycan Respublikasının
vətəndaşlarına, Azərbaycan Respublikasının
ərazisində daimi yaşayan əcnəbilərə,
vətəndaşlığı olmayan şəxslərə,
habelə təşkilati-hüquqi formasından asılı
olmayaraq onkoloji xəstəliklərin profilaktikası və
müalicəsi ilə məşğul olan fiziki və
hüquqi şəxslərə şamil edilir.
Maddə 4. Onkoloji xəstəliklərin
azaldılmasına yönəldilmiş
müalicəprofilaktika
tədbirləri və
onların həyata keçirilməsi prinsipləri
4.1. Onkoloji
xəstəliklərin azaldılmasına yönəldilmiş
müalicə-profilaktika tədbirləri özündə
profilaktika, diaqnostika, müalicə və reabilitasiya
tədbirlərini nəzərdə tutur.
4.2. Onkoloji xəstəliklərin azaldılmasına
yönəldilmiş müalicə-profilaktika tədbirləri
müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.
4.3. Azərbaycan Respublikasının
vətəndaşı olan onkoloji xəstələrə tibbi
yardım dövlət tibb müəssisələrində dövlət
büdcəsi vəsaiti hesabına həyata keçirilir.
4.4. Azərbaycan Respublikasının ərazisində
daimi yaşayan əcnəbilərin,
vətəndaşlığı olmayan şəxslərin
onkoloji müəssisələrdə müayinə və
müalicəsi ödənişli əsaslarla həyata
keçirilir, onlara təxirəsalınmaz onkoloji yardım
isə dövlət
büdcəsi vəsaiti hesabına göstərilir.[1]
I I f ə s i l
ONKOLOJİ
XƏSTƏLƏRƏ DÖVLƏT TƏMİNATLI YARDIM
TƏDBİRLƏRİ
Maddə 5. Onkoloji xəstələrə
dövlət təminatlı yardım tədbirlərinin
növləri
5.0. Dövlət onkoloji xəstələrə
yardım məqsədilə aşağıdakılara
təminat verir:
5.0.1. onkoloji xəstəliklərin azaldılması
üzrə məqsədli dövlət proqramlarının
qəbul edilməsi və həyata keçirilməsinə;
5.0.2. onkoloji xəstələrə
göstəriləcək tibbi yardımın həcmi və
keyfiyyət standartlarının (beynəlxalq
tələblərə uyğun) təsdiq edilməsinə;
5.0.3. onkoloji xəstələrin dispanserizasiyası,
müayinə, müalicə və reabilitasiyasını
həyata keçirən ixtisaslaşdırılmış
dövlət tibb müəssisələrinin, onkoloji xidmət
strukturlarının yaradılması və onların
maddi-texniki bazasının gücləndirilməsinə;
5.0.4. onkoloji xəstəliklərin azaldılmasına
yönəldilmiş profilaktik tədbirlərin həyata
keçirilməsinə;
5.0.5. onkoloji xəstəliklərlə əlaqədar
ekspertizaların aparılmasına;
5.0.6. müalicə-diaqnostika təchizatına və
yüksək effektli dərman vasitələrinə, o
cümlədən narkotik və qeyri-narkotik
ağrıkəsici preparatlara olan tələbatın tam
təmin edilməsinə;
5.0.7. dərman vasitələrinin təyinatı
üzrə istifadəsinə və bu sahədə
şəffaflığın təmin edilməsinə;
5.0.8. onkoloji xəstəliklərlə mübarizə
sahəsində beynəlxalq əməkdaşlığa
şərait yaradılmasına;
5.0.9. onkoloji xəstəliklərlə bağlı
hüquqi məsləhətlərin verilməsinə;
5.0.10. onkologiya sahəsində elmi tədqiqatların
aparılmasına, bu sahədə fiziki və hüquqi
şəxslərin fəaliyyətinin
əlaqələndirilməsinə və metodiki
tədbirlərin həyata keçirilməsinə;
5.0.11. onkoloji xəstəliklərin müalicəsi
üzrə tibb mütəxəssislərinin
hazırlanması və ixtisaslarının
artırılmasına;
5.0.12. onkoloji xəstəliyin son
mərhələsində olan və sosial əlaqələrini
itirmiş onkoloji xəstələrin ümumi təyinatlı
müalicə müəssisələrində zəruri olan
müddətdə dövlət təminatında
saxlanılmasına.
Maddə 6. Onkoloji xəstələrə tibbi yardımın
göstərilməsi
6.1. Onkoloji xəstələr həcmi və
keyfiyyət standartları müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilən tibbi
yardımla təmin olunurlar.
6.2. Onkoloji xəstələrə ambulator-poliklinika
tibbi yardım tədbirləri, stasionar və ambulator
müalicə, eləcə də reabilitasiya və dispanser
nəzarəti tədbirləri müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunmuş
qaydada həyata keçirilir.
6.3. Onkoloji xəstələrə
müalicə-diaqnostika yardımı fərdi müraciət
və ya müalicə-profilaktika müəssisəsinin
göndərişi əsasında
ixtisaslaşdırılmış onkoloji
müəssisələrdə göstərilir.
6.4. Onkoloji xəstələrin müalicəsi
onların özlərinin və ya ailə üzvlərinin
yazılı razılığı əsasında həyata
keçirilir.
6.5. 18 yaşına çatmamış onkoloji
xəstələrin müalicəsi onların valideynlərinin
və ya qanuni nümayəndələrinin yazılı
razılığı əsasında həyata keçirilir.
6.6. Onkoloji xəstələrin həyat və
sağlamlığı üçün ciddi
təhlükə olduqda uyğun müalicə yazılı
razılıq olmadan da aparıla bilər.
6.7. Onkoloji xəstələrin dərman
vasitələri ilə təminatı müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi qaydada
həyata keçirilir.
6.8. Onkoloji xəstələrin müalicəsi
üçün illik ayrılan dərman vasitələrinin, o
cümlədən narkotik və qeyri-narkotik
ağrıkəsici preparatların siyahısı və
miqdarı müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilir.
Maddə 7. Onkoloji xəstəliklərin
profilaktikası
7.0. Onkoloji xəstəliklərin profilaktikası
aşağıdakı yollarla həyata keçirilir:
7.0.1. ağır, zərərli və
təhlükəli istehsalatlarda işçilərlə
əmək müqaviləsi bağlanılarkən onların
hökmən ilkin tibbi müayinədən, sonralar isə vaxtaşırı
icbari tibbi müayinələrdən keçirilməsi;
7.0.2. xərçəngönü
xəstəlikləri və xərçəngin erkən
formaları olan şəxslərin aşkar edilməsi,
qeydiyyata götürülməsi və müalicə
məqsədilə dispanserizasiyası;
7.0.3. Bədxassəli şiş əmələ
gətirən amillərin orqanizmə təsirini aradan
qaldırmağa və ya əhəmiyyətli
dərəcədə azaltmağa, orqanizmin müqavimətini
artırmağa doğru yönəldilmiş sosial- gigiyenik
tədbirlərin aparılması;
7.0.4. əhali arasında sanitar-maarifləndirmə
işlərinin aparılması;
7.0.5. əhalinin həyatına və
sağlamlığına mənfi təsiri olan kimyəvi
maddələrin, radioaktiv maddə və tullantıların,
sənaye texnologiyalarının müəyyənləşdirilməsi
və onların aradan qaldırılması üçün
müvafiq tədbirlərin görülməsi;
7.0.6. ətraf mühitin insan həyatına potensial
təhlükə yaradan vəziyyəti barədə
əhaliyə tam və dəqiq informasiyanın verilməsi.
Maddə 8. Onkoloji xəstələrin
hüquqları
8.0. Onkoloji xəstələr onlara tibbi yardım
göstərilərkən aşağıdakı hüquqlara
malikdirlər:
8.0.1. tibbi göstərişlər əsasında
ambulator və stasionar şəraitində tam həcmdə
mümkün olan müalicə növlərini almaq;
8.0.2. sağlamlığının vəziyyəti,
xəstəliyin mahiyyəti, tətbiq olunan müalicə
üsulları, aparılmış müalicənin
nəticələri haqqında ətraflı və
müntəzəm məlumat almaq;
8.0.3. onkoloji yardım göstərmək hüququ olan
hər hansı mütəxəssisi və tibb
müəssisəsini seçmək, konsilium və
məsləhətləşmələr aparılmasını
tələb etmək;
8.0.4. müayinə və müalicə
üçün zəruri müddətdə stasionarda qalmaq;
8.0.5. siyahısı müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən edilmiş
dərman vasitələri ilə təmin olunmaq;
8.0.6. tibbi göstərişlər əsasında
həkim resepti ilə zəruri miqdarda narkotik və
qeyri-narkotik ağrıkəsici preparatları almaq;
8.0.7. pozulmuş hüquqları barədə
qanunvericilikdə müəyyən edilmiş qaydada müvafiq
orqanlara və ya məhkəməyə müraciət
etmək.
Maddə 9. Onkoloji xəstələrin sosial
müdafiəsi
9.1. Əmək qabiliyyətini itirmiş onkoloji
xəstələr qanunvericiliklə müəyyən
edilmiş qaydada dövlət tibb və sosial müdafiə
müəssisələrində tibbi və sosial yardım
alırlar.
9.2. Azərbaycan Respublikasının qanunvericiliyinə
uyğun olaraq, əlilliyi, o
cümlədən sağlamlıq imkanlarının
məhdudluğu müəyyən edilmiş və əmək
pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin
müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada
sosial müavinət almaq hüququ vardır. [2]
9.3. Onkoloji xəstəliklə əlaqədar
işçilərə əmək qabiliyyətini
müvəqqəti itirməyə görə müavinət
iş stajından asılı olmayaraq orta
əməkhaqqının məbləği əsasında
hesablanır.
I I I f ə s i l
ONKOLOJİ
XƏSTƏLİKLƏRİN AZALDILMASINA YÖNƏLDİLMİŞ
TƏDBİRLƏRİN HÜQUQİ
TƏNZİMLƏNMƏSİ VƏ
MALİYYƏLƏŞDİRİLMƏSİ
Maddə 1 0. Onkoloji müəssisələrin
hüquq və vəzifələri
10.1. Onkoloji müəssisələrin
aşağıdakı hüquqları vardır:
10.1.1. mülkiyyət formasından asılı
olmayaraq ümumi təyinatlı müalicəprofilaktika
müəssisələrindən aşkar olunmuş onkoloji
xəstələrin sayı haqqında dəqiq məlumat
almaq;
10.1.2. onkologiya sahəsində əldə olunmuş
müasir elmi-praktik nailiyyətləri tətbiq etmək;
10.1.3. onkoloji xəstəliklər haqqında
hesabatların düzgün aparılmasını tələb
etmək.
10.2. Onkoloji müəssisələrin
vəzifələri aşağıdakılardır:
10.2.1. ümumi təyinatlı müalicə-profilaktika
müəssisələrinə profilaktik tədbirlərin
planlaşdırılması və keçirilməsi
üçün təşkilati-metodik yardım
göstərmək;
10.2.2. bədxassəli şişə şübhəli
bilinən şəxslərin hərtərəfli
müayinəsini aparmaq, ehtiyac olduqda konsilium keçirmək;
10.2.3. onkoloji xəstələri stasionara
yerləşdirmək və uyğun müalicəni aparmaq;
10.2.4. onkoloji xəstələrin dispanser
müşahidəsini və ambulator müalicəsini
təşkil etmək;
10.2.5. sanitar-maarifləndirmə işini aparmaq;
10.2.6. həkimlərin və orta tibb
işçilərinin hazırlanması, onkoloji
xəstəliklərin profilaktika, diaqnostika və
müalicəsi üzrə onların ixtisaslarının
artırılmasını təmin etmək.
10.3. Ümumi təyinatlı müalicə-profilaktika
müəssisələrinin onkoloji yardıma dair
vəzifələri aşağıdakılardır:
10.3.1. 25 yaşından yuxarı qadınların
sitoloji müayinəsini təşkil etmək və aparmaq;
10.3.2. bədxassəli şiş əlamətləri
aşkar olunmuş xəstələri əlavə
müayinə üçün onkoloji müəssisəyə
göndərmək;
10.3.3. onkoloji xəstəliklərin
törənməsi ilə bağlı risk qrupuna daxil olan
şəxslərin dispanser müşahidəsini aparmaq;
10.3.4. sağlam həyat tərzinin vacibliyi haqqında
sanitar-maarifləndirmə işlərini həyata keçirmək.
Maddə 1 1. Onkoloji yardım göstərən
hüquqi və fiziki şəxslər
11.1. Onkoloji yardım ali tibb təhsili almış
və Azərbaycan Respublikasının qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada xüsusi razılıq
(lisenziya) əsasında fəaliyyət göstərən
həkim-onkoloqlar və ixtisaslaşdırılmış tibb
müəssisələri tərəfindən
göstərilir.
11.2. Onkoloji xəstələrə tibbi yardım
göstərən həkim-onkoloqun və tibbi heyətin
fəaliyyəti peşə etikası əsasında qurulur
və müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyən edilmiş qaydada
həyata keçirilir.
11.3. Mülkiyyət formasından asılı olmayaraq
tibb müəssisələrində onkoloji
xəstələrin qeydiyyatı və uçotu müvafiq
icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilmiş qaydada həyata keçirilir.
Maddə 1 2. Onkoloji yardım üzrə
tədbirlərin maliyyələşdirilməsi
12.1. Onkoloji xəstələrin dövlət tibb
müəssisələrində müayinəsi və
müalicəsi üzrə tədbirlər dövlət
büdcəsi vəsaiti hesabına maliyyələşdirilir.
12.2. Onkoloji yardım üzrə tədbirlər
hələdiyyələrin vəsaitləri, Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq xidmətlər
zərfində nəzərdə tutulduğu halda icbari tibbi
sığorta vəsaitləri, hüquqi və
fiziki şəxslərin ianələri, eləcə də
qanunvericiliklə qadağan olunmayan digər vəsaitlər
hesabına həyata keçirilə bilər.[3]
Maddə 1 3. Azadlıqdan məhrum olmuş
şəxslərə onkoloji yardım göstərilməsi
13.1. Azadlıqdan məhrum olmuş
şəxslərə onkoloji yardım müvafiq icra
hakimiyyəti orqanının müəyyənləşdirdiyi
qaydada göstərilir.
13.2. Onkoloji xəstəliyin terminal
mərhələsində olan şəxslər
cəzaçəkmə müəssisələrindən azad
olunurlar.
I V f ə s i l
YEKUN
MÜDDƏALAR
Maddə 1 4. Onkoloji xəstələrə yardım
göstərən şəxslərin fəaliyyətinə
nəzarət
Onkoloji xəstələrə yardım
göstərən şəxslərin fəaliyyətinə
nəzarəti müvafiQ icra hakimiyyəti orqanı həyata
keçirir.
Maddə 1 5. Beynəlxalq əməkdaşlıq
Onkoloji xəstəliklərin profilaktikası və
onun fəsadları ilə mübarizə sahəsində
beynəlxalq əməkdaşlıq Azərbaycan
Respublikasının tərəfdar çıxdığı
beynəlxalq müqavilələrə əsasən həyata
keçirilir.
Maddə 1 6. Qanunun pozulmasına görə
məsuliyyət
Bu Qanunu pozan fiziki və hüquqi şəxslər
Azərbaycan Respublikasının qanunvericiliyində
müəyyən edilmiş qaydada mülki, inzibati və
cinayət məsuliyyəti daşıyırlar.
Maddə 1 7. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu gündən
qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 23 may 2006-cı il
¹ 113-IIIQ
QANUNA EDİLMİŞ
DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN
SİYAHISI
1. 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602)
2. 19 may 2020-ci il tarixli 112-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə 830)
3. 20 noyabr 2020-ci il
tarixli 200-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3)
İSTİFADƏ
OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN
SİYAHISI
[1] 20 noyabr 2020-ci il tarixli 200-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3) ilə 4.4-cü
maddədə “pulsuz”
sözü “dövlət
büdcəsi vəsaiti hesabına” sözləri ilə
əvəz edilmişdir.
[2] 13 iyun 2008-ci il tarixli 648-IIIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2008-ci il, ¹7, maddə 602) ilə 9.2-ci
maddəsində “əlillik”
sözündən sonra “və
ya sağlamlıq imkanlarının məhdudluğu”
sözləri əlavə edilmişdir.
19 may 2020-ci il tarixli 112-VIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul 2020-ci il, ¹ 141, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
830) ilə 9.2-ci
maddəsində “əlillik
və ya sağlamlıq imkanlarının məhdudluğu
təyin olunmuş” sözləri “, əlilliyi, o cümlədən sağlamlıq
imkanlarının məhdudluğu müəyyən edilmiş”
sözləri ilə əvəz edilmişdir.
[3] 20 noyabr 2020-ci il tarixli 200-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 8 yanvar 2021-ci il, ¹ 3) ilə 12.2-ci
maddədə “tibbi
sığorta haqları” sözləri “Tibbi sığorta haqqında” Azərbaycan
Respublikasının Qanununa uyğun olaraq xidmətlər
zərfində nəzərdə tutulduğu halda icbari tibbi
sığorta vəsaitləri” sözləri ilə
əvəz edilmişdir.