Azərbaycan
Respublikasında dövlət dili haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Azərbaycan
dilinin dövlət dili olaraq işlədilməsini öz
müstəqil dövlətçiliyinin başlıca
əlamətlərindən biri sayır, onun tətbiqi,
qorunması və inkişaf etdirilməsi qayğısına
qalır, dünya azərbaycanlılarının Azərbaycan
dili ilə bağlı milli-mədəni
özünüifadə ehtiyaclarının
ödənilməsi üçün zəmin yaradır.
Bu Qanun Azərbaycan Respublikası
Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında
Azərbaycan dilinin dövlət dili kimi hüquqi statusunu
nizamlayır.
I fəsil
Ümumİ
müddəalar
Maddə 1. Dövlət
dilinin hüquqi statusu
1.1. Azərbaycan Respublikasının
dövlət dili Azərbaycan Respublikası
Konstitusiyasının 21-ci maddəsinin I hissəsinə
müvafiq olaraq Azərbaycan dilidir. Dövlət dilini bilmək
hər bir Azərbaycan Respublikası vatəndaşının
borcudur.
1.2. Azərbaycan Respublikasının
dövlət dili kimi Azərbaycan dili ölkənin siyasi,
ictimai, iqtisadi, elmi və mədəni həyatının
bütün sahələrində işlədilir.
1.3. Azərbaycan Respublikası
dövlət dilinin işlənməsini, qorunmasını
və inkişafını təmin edir.
1.4. Azərbaycan Respublikasında
dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarında, dövlət
qurumlarında, siyasi partiyalarda, qeyri-hökumət
təşkilatlarında (ictimai birlik və fondlarda),
həmkarlar təşkilatlarında, digər hüquqi
şəxslərdə, onların nümayəndəliklərində
və filiallarında, idarələrdə dövlət dilinin
tətbiqi ilə bağlı fəaliyyət bu Qanuna uyğun
olaraq həyata keçirilir, o cümlədən
kargüzarlıq işləri dövlət dilində
aparılır.
1.5. Dövlət dilinin tətbiqinin
normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
müəyyən edilir.
1.6. Azərbaycan Respublikasının
ərazisində fəaliyyət göstərən
beynəlxalq təşkilatlarla (və ya onların
nümayəndəlikləri ilə) və xarici dövlətlərin
diplomatik nümayəndəlikləri ilə yazışmalar
Azərbaycan Respublikasının dövlət dilində və
ya müvafiq xarici dildə Azərbaycan dilinə
tərcümə olunmaq şərtilə aparıla bilər.
Maddə 2. Azərbaycan
Respublikasında dövlət dili haqqında qanunvericilik
Azərbaycan Respublikasında dövlət
dili haqqında qanunvericilik Azərbaycan Respublikasının
Konstitusiyasından, bu Qanundan, digər normativ hüquqi aktlardan
və Azərbaycan Respublikasının tərəfdar
çıxdığı beynəlxalq
müqavilələrdən ibarətdir.
Maddə 3. Dövlət
dilinin işlənməsi, qorunması və inkişafı
sahəsində dövlətin əsas vəzifələri
3.0. Dövlət dilinin
işlənməsi, qorunması və inkişafı
sahəsində dövlətin əsas vəzifələri
aşağıdakılardır:
3.0.1. Azərbaycan Respublikası
Konstitusiyasının və bu Qanunun taləblərinə
uyğun olaraq dövlət dili ilə bağlı hüquq
qaydalarının müəyyənləşdirilməsi;
3.0.2. dövlət dilinin tətbiqi
işinə, bu dilin işlənməsi və qorunması
ilə bağlı qanunvericiliyin müddəalarına
riayət olunmasının təmin edilməsi;
3.0.3. dövlət dilinin inkişaf
proqramının hazırlanması və dövlət
büdcəsinin vәsaiti hesabına
maliyyələşdirilməsinin təmin edilməsi;
3.0.4. dövlət dilinin
saflığının qorunması, dilçilik elminin
nәzәriyyәsi və praktikasının
inkişafı üçün müvafiq şəraitin
yaradılması və tədbirlərin həyata
keçirilməsi;
3.0.5. dövlət dilinin
işlənməsi üçün zəruri olan maddi
bazanın yaradılması;
3.0.6. xarici ölkələrdə
yaşayan azərbaycanlıların Azərbaycan dilində
təhsil almalarına, bu dildən sərbəst istifadə
etmələrinə köməklik göstərilməsi.
II fəsil
Dövlət
dİlİnİn İşlənməsİ, qorunması
və İnkİşafı
Maddə 4. Dövlət
dilinin rəsmi mərasimlərdə işlənməsi
4.1. Azərbaycan Respublikasının
dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının,
dövlət qurumlarının keçirdiyi bütün
rəsmi mərasim və tədbirlər Azərbaycan
Respublikasının dövlət dilində aparılır.
4.2. Bu Qanunun 4.1-ci maddəsinin
tələbləri Azərbaycan Respublikasının
təşkil etdiyi beynəlxalq səviyyəli rəsmi
mərasimlərə və tədbirlərə, habelə
müvafiq icra hakimiyyəti orqanları tərəfindən digər
ölkələrdə keçirilən hər hansı
rəsmi mərasim və tədbirə şamil olunmur.
Maddə 5. Dövlət
dilinin təhsil sahəsində işlənməsi
5.1. Azərbaycan Respublikasında təhsil
dövlət dilində aparılır.
5.2. Azərbaycan Respublikasında başqa
dillərdə təhsil müəssisələrinin
fəaliyyəti qanunvericiliklə müəyyən edilmiş
qaydada həyata keçirilir. Belə müəssisələrdə
dövlət dilinin tədrisi məcburidir.
5.3. Azərbaycan Respublikasında ali və
orta peşə-ixtisas təhsili
müəssisələrinə qəbul zamanı Azərbaycan
dili fənnindən imtahan verilməlidir.
Maddə 6. Dövlət
dilinin televiziya və radio yayımlarında
işlənməsi[1]
Mülkiyyət
formasından asılı olmayaraq, Azərbaycan Respublikası
ərazisində təsis edilən və fəaliyyət
göstərən, dövlət dilində yayımlanan
bütün televiziya və radio kanallarının
aparıcıları dövlət dilini mükəmməl
bilməli və səlis danışıq qabiliyyətinə
malik olmalıdırlar. Televiziya və radio kanallarında
dublyaj olunan filmlər və verilişlər dövlətin
müəyyən etdiyi dil normalarına uyğun olmalıdır.
Maddə 7. Dövlət
dilinin xidmət sahələrində, reklam və elanlarda
işlənməsi
7.1. Azərbaycan Respublikası
ərazisində bütün xidmət sahələrində,
reklam və elanlarda dövlət dili işlənilir.
Əcnəbilərə xidmət göstərilməsi ilə
bağlı müvafiq xidmət sahələrində
dövlət dili ilə yanaşı digər dillər də
tətbiq oluna bilər. Zəruri hallarda reklam və
elanlarda (lövhələrdə, tablolarda, plakatlarda və
sair) dövlət dili ilə yanaşı, digər
dillərdən də istifadə oluna bilər. Lakin onların
tutduğu sahə Azərbaycan dilindəki
qarşılığının tutduğu sahədən
böyük olmamalı və Azərbaycan dilindəki
yazıdan sonra gəlməlidir.[2]
7.1-1. Reklamvericinin
tələbinə əsasən reklam qurğularında yerləşdirilən
reklamın mətnində Azərbaycan Respublikasının
dövlət dili ilə yanaşı digər dillərdən
istifadə oluna bilər. Bu halda xarici dildə olan mətn
dövlət dilində olan mətndən sonra
yerləşdirilməli, dövlət dilində olan mətnin
tutduğu sahədən böyük
olmamalıdır. Mətndə digər dillərdə
ifadə olunan əmtəə nişanı və coğrafi
göstərici müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum) tərəfindən
qeydə alındığı formada göstərilməlidir.[3]
7.2. Azərbaycan Respublikasının
ərazisində bütün xidmət sahələrində,
reklam və elanlarda dövlət dili dövlət dilinin
normalarına uyğun olaraq tətbiq edilməlidir.
7.3. Azərbaycan Respublikasının
ərazisində istehsal edilən, habelə ixrac edilən
malların üzərindəki etiketlər və digər
yazılar müvafiq xarici dillərlə yanaşı,
dövlət dilində də olmalıdır.
7.4. Azərbaycan Respublikasına idxal
edilən mal və məhsulların üzərindəki
etiketlər və adlar, onlardan istifadə qaydaları
barədə izahat vərəqələri başqa dillərlə
yanaşı, Azərbaycan dilinə tərcüməsi ilə
müşayiət olunmalıdır.
Maddə 8. Dövlət
dilinin xüsusi adlarda işlənməsi
Azərbaycan Respublikası
vətəndaşlarının adları, atalarının
adları və soyadları dövlət dilində
yazılır. Azərbaycan Respublikası vətəndaşlarının
adları və soyadlarının dəyişdirilməsi
müvafiq qanunvericiliklə tənzimlənir.
Maddə 9. İnzibati
ərazi bölgüsü ilə əlaqədar dövlət
dilindən istifadə
"Ərazi quruluşu və inzibati
ərazi bölgüsü haqqında" Azərbaycan
Respublikası Qanununa uyğun olaraq Azərbaycan
Respublikasının inzibati ərazi bölgüsünü
təşkil edən inzibati ərazi vahidlərinin –
şəhər, rayon, inzibati ərazi dairəsi,
qəsəbə və kəndlərin adları dövlət
dilində yazılmalıdır, onların dövlət dilinin
normalarına uyğun olaraq yazılışı müvafiq
qurum tərəfindən müəyyənləşdirilir. Bu
maddədə göstərilən inzibati ərazi
vahidlərinin adları dövlət dili ilə yanaşı
xarici dillərdə də yazıla bilər. Belə olan halda
inzibati ərazi vahidinin adı əvvəlcə dövlət
dilində və ondan sonra xarici dildə verilməlidir.
Maddə 10. Coğrafi
obyektlərin adlarında dövlət dilinin
işlədilməsi
10.1. Azərbaycan Respublikasında
coğrafi obyektlərin adlarının dövlət dilinin
normalarına uyğun olaraq yazılışı müvafiq
qurum tərəfindən müəyyənləşdirilir.
10.2. Azərbaycan coğrafi adlarının
xarici dillərdə verilməsi Azərbaycan dilində
səslənməsinə, coğrafi adların beynəlxalq
yazılış qaydalarına uyğun olaraq
müəyyən edilir.
Maddə 11. Dövlət
dilinin hüquq mühafizə orqanlarında, Silahlı
Qüvvələrdə, notariat fəaliyyətində, inzibati icraatda, məhkəmə icraatında və inzibati xətalar
üzrə icraatda işlənməsi[4]
11.1. Azərbaycan Respublikasının
hüquq mühafizə orqanlarında Azərbaycan
Respublikasının dövlət dili işlənir.
Dövlət dilini bilməyən şəxslər qanunvericiliklə
müəyyən edilmiş qaydada
tərcüməçidən istifadə edə
bilərlər.
11.2. Azərbaycan Respublikasının
Silahlı Qüvvələrində, sərhəd
qoşunlarında və daxili qoşunlarda,
qanunvericiliklə müəyyən edilmiş hallar istisna
olmaqla, dövlət dili işlənir.[5]
11.3. Azərbaycan Respublikasının
notariat fəaliyyəti üzrə kargüzarlıq
dövlət dilində aparılır. "Notariat
haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq
olaraq notariat hərəkətlərinin aparılması
üçün müraciət etmiş şəxs
dövlət dilini bilmirsə və ya notariat
hərəkətinin hər hansı başqa dildə
aparılmasını xahiş edirsə, notarius imkan
daxilində tərəfindən rəsmiləşdirilən
sənədlərin mətnlərini arzu edilən dildə
tərtib edə bilər və ya mətn
tərcüməçi tәrәfindәn ona
tərcümə edilə bilər.
11.4. Konstitusiya Məhkəməsində
icraat dövlət dilində aparılır. Konstitusiya
Məhkəməsində baxılan işin
iştirakçısı olan və icraatın
aparıldığı dili bilməyən
şəxslərə işin bütün
materiallarının onların bildiyi dilə
tərcüməsi və Konstitusiya Məhkəməsinin
iclaslarında ana dilində çıxış etməsi
təmin olunur.
11.5. Azərbaycan Respublikası
məhkəmələrində cinayət mühakimə
icraatı dövlət dilində aparılır. Azərbaycan
Respublikası Cinayət-Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş hallarda və qaydada bütün
növ məhkəmə icraatları digər dillərdə
aparıla bilər.
11.6. Azərbaycan Respublikası
məhkəmələrində mülki işlər, kommersiya və inzibati
mübahisələr üzrə məhkəmə icraatı
dövlət dilində aparılır. Azərbaycan
Respublikası Mülki-Prosessual Məcəlləsi ilə
müəyyən edilmiş hallarda və qaydada bütün
növ məhkəmə icraatları digər dillərdə
aparıla bilər.[6]
11.7. Azərbaycan Respublikasında
İnzibati xətalar üzrə icraat dövlət dilində
aparılır. Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsi ilə müəyyən
edilmiş hallarda və qaydada inzibati xətalar üzrə
icraat digər dillərdə aparıla bilər.[7]
11.8. İnzibati aktın qəbul
edilməsi, icra olunması, dəyişdirilməsi və ya
ləğv edilməsi, habelə inzibati
şikayətlərə baxılması üzrə müvafiq
inzibati orqanlar tərəfindən inzibati icraat dövlət
dilində və ya müəyyən ərazi əhalisinin
əksəriyyətinin dilində aparılır. İnzibati
icraatda iştirak edən və icraatın
aparıldığı dili bilməyən
şəxslərə tərcüməçinin
xidmətindən istifadə etmək hüququ izah və
təmin edilir.[8]
Maddə 12. Dövlət
dilinin beynəlxalq yazışmalarda işlənməsi
12.1. Azərbaycan Respublikasının
beynəlxalq yazışmaları dövlət dilində
aparılır. Belə yazışmalar zəruri hallarda
dövlət dili ilə yanaşı, müvafiq xarici
dillərdən birində də aparıla bilər.
12.2. Azərbaycan Respublikasının
ikitərəfli beynəlxalq müqavilələri
dövlət dilində də, çoxtərəfli
beynəlxalq müqavilələr isə müqavilə
bağlayan tərəflərin razılığı ilə
müəyyən edilən dildə (dillərdə) tərtib
olunmalıdır.
12.3. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq
müqavilələr (sazişlər və s.) və
qoşulduğu beynəlxalq konvensiyalar (protokollar və s.)
dövlət dilində nəşr edilməlidir.
Maddə 13. Dövlət
dilinin normaları
13.1. Dövlət
dilinin normaları özündə Azərbaycan ədəbi
dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir.
Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və
vəzifəli şəxslər bu normalara əməl
etməlidirlər.[9]
13.2. Müvafiq icra hakimiyyəti orqanı 5
ildə bir dəfədən az olmayaraq yazı dili
normalarını təsbit edən lüğətin (orfoqrafiya
lüğətinin) nəşr olunmasını təmin edir.
Maddə 14. Dövlət
dilinin əlifbası
Azərbaycan Respublikasının
dövlət dilinin əlifbası latın qrafikalı
Azərbaycan əlifbasıdır.
Maddə 15. Dövlət
dilinin nəşriyyat işində işlənməsi
15.1. Dövlət dilinin nəşriyyat
işində işlənməsi Azərbaycan
Respublikasının qanunvericiliyinə əsasən həyata
keçirilir.
15.2. Azərbaycan Respublikasında
dövlət dilində nəşr olunan çap
məhsulları latın qrafikalı Azərbaycan
əlifbasında buraxılmalıdır.
15.3. Azərbaycan yazı
mədəniyyətinin tarixində mühüm rol
oynamış ərəb və kiril əlifbalarından
xüsusi hallarda (lüğətlərdə, elmi
nəşrlərdə ədəbiyyat göstəricisi və
s.) istifadə edilə bilər.
Maddə 16. Dövlət
dilinin vətəndaşların şəxsiyyətini
təsdiq edən rəsmi və vahid nümunəli
sənədlərdə işlədilməsi
16.1. Azərbaycan Respublikası
vətəndaşlarının doğum və nikah haqqında
şəhadətnamələri, şəxsiyyət
vəsiqəsi, əmək kitabçası, hərbi bileti
və yalnız, ölkə daxilində etibarlı sayılan
digər rəsmi və vahid nümunəli sənədlər dövlət
dilində tərtib edilir.
16.2. Azərbaycan Respublikası
vətəndaşlarının pasport və təhsil
haqqında sənədləri, zəruri hallarda digər
sənədləri dövlət dili ilə yanaşı xarici
dillərdə də tərtib edilir.
Maddə 17. Dövlət
dilinin dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının, hüquqi
şəxslərin, onların nümayəndəliklərinin
və filiallarının, idarələrin adında
işlədilməsi
Azərbaycan Respublikasının
dövlət hakimiyyəti və yerli
özünüidarəetmə orqanlarının, hüquqi
şəxslərin, onların nümayəndəliklərinin və
filiallarının, idarələrin adları Azərbaycan
dilinin normalarına uyğun olaraq yazılır.
Göstərilən təsisatların adını əks
etdirən lövhələr, blanklar, möhürlər və
kargüzarlıqla bağlı rəsmi xarakterli bütün
digər ləvazimatlar dövlət dilində tərtib olunur.
Maddə 18. Dövlət
dilinin qorunması və inkişafı
18.1. Azərbaycan Respublikasında
dövlət dilinə qarşı gizli, yaxud açıq
təbliğat aparmaq, bu dilin işlənməsinə
müqavimət göstərmək, onun tarixən müəyyənləşmiş
hüquqlarını məhdudlaşdırmağa cəhd
etmək qadağandır.
18.2. Azərbaycan Respublikasının
ərazisindəki bütün kütləvi informasiya
vasitələri (mətbuat, televiziya, radio və s.), kitab
nəşri və digər nəşriyyat işi ilə
məşğul olan qurumlar Azərbaycan dilinin normalarına
riayət olunmasını təmin etməlidirlər.
III fəsil
Yekun
müddəaları
Maddə 19. Qanunun
pozulmasına görə məsuliyyət
Bu Qanun pozan hüquqi, fiziki və
vəzifəli şəxslər Azərbaycan
Respublikasının qanunvericiliyində nəzərdə
tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Maddə 20. Qanunun
qüvvəyə minməsi
20.1. Bu Qanun dərc olunduğu
gündən qüvvəyə minir.
20.2. Bu Qanun qüvvəyə mindiyi
gündən "Azərbaycan Respublikasında dövlət
dili haqqında" Azərbaycan Respublikasının 22 dekabr
1992-ci il tarixli 413 nömrəli Qanunu qüvvədən
düşmüş hesab edilir.
Heydər
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2002-ci
il
¹ 365-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
10 iyun 2003-cü il tarixli 471-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2003-cü il, ¹ 8, maddə 415)
2.
11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 8, maddə 598)
3.
9 oktyabr 2007-ci il tarixli 430-IIIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2007-ci il, ¹ 11, maddə 1053)
4.
10 iyun 2011-ci il tarixli 150-IVQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun 2011-ci il, ¹ 139,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011-ci il, ¹
06, maddə 483)
5.
29 noyabr
2016-cı il tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, ¹ 18,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹1 , maddə 5)
6.
1 fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 24 fevral 2019-cu il, ¹ 45,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹2, maddə 180)
7.
19 fevral
2019-cu il tarixli 1518-VQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 7 aprel
2019-cu il, ¹ 74,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 578)
8.
8 may 2020-ci
il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyun 2020-ci il, ¹ 116,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 674)
9.
8 may 2020-ci
il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci il, ¹ 121,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 671)
10.
29 iyun
2020-ci il tarixli 150-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 12 iyul 2020-ci il, ¹ 134, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 7, maddə
856)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 10
iyun 2003-cü il tarixli 471-IIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2003-cü il, ¹ 8, maddə 415) ilə
6-cı maddə yeni redaksiyada
verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
Maddə 6.
Dövlət dilinin televiziya və radio yayımlarında
işlənməsi
6.1. Azərbaycan Respublikasının
ərazisində təsis edilən və fəaliyyət
göstərən mülkiyyət formasından asılı
olmayaraq bütün televiziya və radio yayımları
dövlət dilində aparılır.
6.2. Azərbaycan Respublikasının
ərazisində təsis edilən və fəaliyyət
göstərən mülkiyyət formasından asılı
olmayaraq dövlət dilində yayımlanan bütün
televiziya və radio kanallarının aparıcıları
dövlət dilini mükəmməl bilməlidirlər və
onların səlis danışıq qabiliyyəti
olmalıdır. Televiziya və radio kanallarında dublyaj olunan
filmlər və verilişlər dövlətin
müəyyən etdiyi dil normalarına uyğun
olmalıdır.
[2] 29 noyabr 2016-cı il
tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹1 , maddə 5) ilə 7.1-ci
maddənin üçüncü cümləsindən “reklam və” sözləri
çıxarılmışdır.
[3] 29 noyabr 2016-cı il
tarixli 417-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 yanvar
2017-ci il, ¹ 18, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹1 , maddə 5) ilə yeni
məzmunda 7.1-1-ci maddə əlavə edilmişdir.
19 fevral 2019-cu il tarixli 1518-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 7 aprel 2019-cu il, ¹ 74,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il,
¹4, maddə 578) ilə
7.1-1-ci
maddəsinin üçüncü cümləsində “müvafiq icra hakimiyyəti
orqanı” sözləri “müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum)” sözləri ilə əvəz edilmişdir.
8 may 2020-ci il tarixli 96-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 19 iyun 2020-ci il, ¹ 116,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 674) ilə
7.1-1-ci maddəsinin ikinci cümləsində “kiçik olmalı və reklamın yerləşdiyi
ümumi sahənin üçdə birindən çox”
sözləri “böyük”
sözü ilə əvəz edilmişdir.
[4] 9 oktyabr
2007-ci il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053) ilə 11-ci
maddənin adında “məhkəmə
icraatında” sözlərindən əvvəl “inzibati icraatda,” sözləri
əlavə edilmişdir.
[5] 1
fevral 2019-cu il tarixli 1460-VQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti, 24
fevral 2019-cu il, ¹ 45, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, ¹2, maddə
180) ilə 11.2-ci
maddədən “sərhəd
qoşunlarında və daxili qoşunlarda,” sözləri
çıxarılmışdır.
[6]
10 iyun 2011-ci il tarixli 150-IVQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 30 iyun
2011-ci il, ¹ 139, Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2011-ci il, ¹ 06, maddə 483) ilə 11.6-cı maddəsinin birinci
cümləsində “mülki
işlər” sözlərindən sonra “, inzibati”
sözü əlavə edilmişdir.
29 iyun 2020-ci il tarixli 150-VIQD nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 12 iyul 2020-ci il, ¹ 134,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
7, maddə 856) ilə 11.6-cı maddəsinin
birinci cümləsində “inzibati
və iqtisadi” sözləri “kommersiya
və inzibati” sözləri ilə əvəz
edilmişdir.
[7] 11 iyun 2004-cü il tarixli 688-IIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2004-cü il, ¹ 8, maddə 598) ilə 11.4-cü maddə
əlavə edilmiş, 11.4-11.6-cı maddələr müvafiq
olaraq 11.5-11.7-ci maddələr hesab edilmişdir.
[8] 9 oktyabr 2007-ci
il tarixli 430-IIIQD
nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 11, maddə 1053) ilə 11.8-ci
maddə əlavə edilmişdir.
[9] 8 may 2020-ci
il tarixli 93-VIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan”
qəzeti, 25 iyun 2020-ci il, ¹ 121,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹
6, maddə 671)
ilə 13.1-ci maddə yeni redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
13.1. Azərbaycan dilinin orfoqrafiya və
orfoepiya normaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən
təsdiq edilir. Hüquqi, fiziki və vəzifəli
şəxslər həmin normalara əməl
etməlidirlər.