Yerli
(bələdiyyə) vergilər və ödənişlər
haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Maddə 1. Qanunun təyinatı
Bu Qanun Azərbaycan
Respublikasında yerli (bələdiyyə) vergilərin və
ödənişlərin ödənilməsi ilə
bağlı yaranan iqtisadi və hüquqi
münasibətləri tənzimləyir.
Maddə 2. Yerli (bələdiyyə) vergilər
və ödənişlər üzrə qanunvericilik
2.1. Yerli (bələdiyyə)
vergi və ödənişlərə (bundan sonra - yerli
vergilər və ödənişlər) dair qanunvericilik
Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan
Respublikasının Vergi Məcəlləsindən,
"Bələdiyyələrin statusu haqqında" və
"Bələdiyyələrin maliyyəsinin əsasları
haqqında" Azərbaycan Respublikasının
qanunlarından, bu Qanundan, habelə bu qanunlara müvafiq
qəbul edilmiş digər qanunvericilik aktlarından
ibarətdir.
2.2. Bu Qanunda istifadə olunan
anlayışlar Azərbaycan Respublikasının Vergi
Məcəlləsində qəbul edilmiş mənada
tətbiq edilir.
Maddə 3. Yerli vergilər və
ödənişlər
3.1. Yerli vergilər Azərbaycan
Respublikasının vergi sisteminin tərkib hissəsidir.
3.2. Yerli vergilər bu Qanuna
və Azərbaycan Respublikasının Vergi
Məcəlləsinə uyğun olaraq
bələdiyyələrə ödənilən
vergilərdir.
3.3. Bələdiyyələr
tərəfindən tətbiq edilən ödənişlər
bu Qanunla müəyyənləşdirilən
ödənişlərdən, habelə yerli rəy sorğularının
nəticələri əsasında həyata keçirilən
məqsədli layihələrin
maliyyələşdirilməsi üçün hüquqi
və fiziki şəxslərin ödədikləri könüllü
birdəfəlik ödənişlərdən ibarətdir.
3.4. Bu ödənişlər
hüquqi və fiziki şəxslər tərəfindən
qanunvericiliklə nəzərdə tutulmuş vergi öhdəlikləri
yerinə yetirildikdən sonra onların sərəncamında
qalan mənfəət və gəlirlər hesabına
ödənilir.
3.5. Bu
ödənişlərdən yalnız təyinatı
üzrə istifadə olunmalıdır.
Maddə 4. Yerli vergilərin müəyyən
edilməsinin əsasları
4.0. Yerli vergilərin
müəyyən edilməsinin əsasları
aşağıdakılardır:
4.0.1. vergitutma obyekti;
4.0.2. vergitutma bazası;
4.0.3. vergitutma dövrü;
4.0.4. vergi dərəcəsi;
4.0.5. verginin hesablanması
qaydası;
4.0.6. verginin
ödənilməsi qaydası və müddəti.
Maddə 5. Vergitutma obyekti və vergi
ödəyicisi
5.1. Bələdiyyə
mülkiyyətində olan müəssisə və
təşkilatların mənfəəti, yerli
əhəmiyyətli tikinti materialları, fiziki
şəxslərin əmlakı (tikililər və onların
hissələri, avtomobil və özüyeriyən
təkərli texnika, su və hava nəqliyyatı vasitələri),
habelə Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və
206.3-cü maddələrində nəzərdə tutulmuş
hallarda fiziki şəxslərin istifadəsində və
(yaxud) mülkiyyətində olan torpaq sahələri
müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir.[1]
5.2. Vergi ödəyicisi - bu
Qanuna uyğun olaraq müəyyən edilmiş vergitutma
obyektlərindən vergi ödəyən fiziki və hüquqi
şəxslərdir.
5.3. Bu Qanunun 8.0.1-ci və 8.0.2-ci
maddələrində nəzərdə tutulmuş
vergilərin yığılması üçün
bələdiyyələr ərazilərində yerləşən
vergitutma obyektlərinin müəyyən edilməsi
məqsədi ilə daşınmaz əmlakın
dövlət reyestrindən qanunla
müəyyənləşdirilmiş qaydada məlumat ala bilərlər.[2]
5.4. Əmlakın dəyəri
fiziki şəxsin təşəbbüsü ilə və
onun hesabına müstəqil peşəkar qiymətləndiricilər
tərəfindən hesablana bilər.
5.5. Vergi agenti - vergi
qanunvericiliyinə uyğun olaraq vergini hesablamağa, onu vergi
ödəyicisindən tutmağa və təyinatı
üzrə yerli büdcəyə
köçürməyə borclu olan şəxsdir.
5.6. Vergi ödəyicisinin
və vergi agentinin hüquq və vəzifələri vergi
qanunvericiliyi ilə tənzimlənir.
Maddə 6. Vergitutmanın formaları
6.0. Vergilər
aşağıdakı formalarda tutulur:
6.0.1. bilavasitə
mənbədən (verginin gəlir və ya mənfəət
əldə edilməsinədək tutulması);
6.0.2. bəyannamə
üzrə (verginin gəlir və ya mənfəət
əldə edilməsindən sonra tutulması);
6.0.3. bildiriş üzrə
(vergitutma obyektinin dəyəri və sahəsi əsasında,
bələdiyyələrin vergi xidməti orqanlarının
hesabladığı məbləğ üçün
təqdim etdiyi tədiyə bildirişi üzrə vergi
ödəyicisi tərəfindən verginin
ödənilməsi).
Maddə 7. Bələdiyyələrin vergi
xidməti orqanları, onların hüquq və
vəzifələri
7.1. Qanunvericilikdə
müəyyən edilmiş qaydada vergilərin və
ödənişlərin düzgün hesablanmasına, tam
və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin
vergi xidməti orqanları tərəfindən həyata
keçirilir.
7.2. Azərbaycan
Respublikasında yerli vergilərin və
ödənişlərin ödənilməsi və
yığılması qaydaları, vergi
ödəyicilərinin və bələdiyyələrin vergi
xidməti orqanlarının hüquq və
vəzifələri, vergi nəzarətinin forma və
metodları, vergi qanunvericiliyinin pozulmasına görə
məsuliyyət, bələdiyyələrin vergi xidməti
orqanlarının və onların vəzifəli şəxslərinin
hərəkətlərindən
(hərəkətsizliyindən) şikayət edilməsi
qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə
ilə müəyyən edilir.
Maddə 8. Yerli vergilərin tərkibi
8.0. Yerli vergilərə
aşağıdakılar aiddir:
8.0.1.
Azərbaycan Respublikasının Vergi Məcəlləsinin
206.1-1-ci və 206.3-cü maddələrində
nəzərdə tutulmuş hallarda fiziki şəxslərin
torpaq vergisi;[3]
8.0.2. fiziki
şəxslərdən əmlak vergisi;
8.0.3. yerli əhəmiyyətli
tikinti materialları (kərpic-kirəmit gilləri, tikinti
qumları, yüksək möhkəmliyə malik olan
çınqıl xammalı) üzrə mədən vergisi;
8.0.4. bələdiyyə
mülkiyyətində olan hüquqi şəxslərin
mənfəət vergisi.
Maddə 9. Yerli ödənişlərin
tərkibi
9.1. Yerli
ödənişlərə aşağıdakılar aiddir:
9.1.1. bələdiyyə mülkiyyətində olan
daşınmaz əmlak üzərində reklam
daşıyıcısının yerləşdirilməsi
ilə bağlı ödəniş;[4]
9.1.2. Azərbaycan Respublikasının
qanunvericiliyinə uyğun olaraq bələdiyyə
mülkiyyətinin
özgəninkiləşdirilməsindən, icarəyə
və istifadəyə verilməsindən daxil olan
ödəniş;
9.1.3. bələdiyyələr
tərəfindən xüsusi ayrılmış torpaq
sahələrində stasionar və ya səyyar ticarət,
ictimai iaşə və digər xidmətlərə
görə ödəniş;
9.1.4. bələdiyyə ərazisində mehmanxana, sanatoriya-kurort və turizm xidmətləri göstərən şəxslərdən alınan ödəniş. Bu ödəniş hər bir şəxs üçün sutkada 1,1 manatdan çox olmamaqla müəyyən edilir;[5]
9.1.5. bələdiyyə ərazilərində hüquqi və fiziki şəxslərə məxsus olan ixtisaslaşdırılmış avtomobil dayanacaqları və ya bələdiyyələrin qərarına əsasən müəyyən edilmiş yerlərdə bütün növ nəqliyyat vasitələrinin daimi və ya müvəqqəti dayanacaqları üçün ödəniş. Bu ödəniş hər bir nəqliyyat vasitəsi üçün sutkada 0,1 manatdan çox olmamaqla müəyyən edilir.[6]
9.2. Qanunvericilikdə
nəzərdə tutulmuş qaydada bələdiyyələr
yerli əhəmiyyətli proqramların maliyyələşdirilməsi
üçün yerli rəy sorğusunun nəticəsinə
əsasən hüquqi və fiziki şəxslərin
sərəncamında qalan mənfəət və gəlirlər
hesabına ödənilən könüllü
birdəfəlik ödənişlər tətbiq edə
bilər. Bu ödənişlərdən yalnız
təyinatı üzrə istifadə olunmalıdır.
Maddə 10. Yerli vergilərin
dərəcələri və vergi üzrə
güzəştlər
10.1. Yerli vergilərin
dərəcələri Azərbaycan Respublikasının vergi
qanunvericiliyində təsbit edilmiş hədlər
daxilində müəyyən edilir.
10.2. Bələdiyyələr
vergi qanunvericiliyinə uyğun olaraq vergi
ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını
vergidən tam və ya qismən azad etmək, vergi
dərəcələrinin aşağı salınması
barədə qərar qəbul edə bilərlər.
Maddə 11. Yerli vergilərin və
ödənişlərin hesablanması və
ödənilməsi
11.1. Bu Qanunda
göstərilən yerli vergilərin və
ödənişlərin hesablanması və
ödənilməsi müvafiq qanunvericiliklə
müəyyən edilir.
11.2. Bu Qanunun 9.1.4.
maddəsində göstərilən ödənişlər
qeydiyyata düşmüş şəxslərdən tutularaq,
növbəti ayın 5-dək müvafiq bələdiyyələrə
ödənilir.
11.3. Bu Qanunun 9.1.5.-ci
maddəsində göstərilən ödənişlər
hər bir ödəyicidən tutularaq,
bələdiyyələr tərəfindən
müəyyən edilmiş müddətlərdə və
qaydalarla bələdiyyələrə ödənilir.
11.4.
Yerli vergi və ödənişlərin ödənilməsi
banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud
nağdsız ödəmə vasitələri ilə
həyata keçirilir. Bələdiyyələr
tərəfindən yerli vergi və ödənişlərin
nağd şəkildə qəbul olunması qadağandır.[7]
Maddə 12. Yerli vergi və
ödənişlərin yığılmasına və istifadəsinə
nəzarət
12.1. Yerli vergilərin və
ödənişlərin yığılmasına, yerli
büdcələrə köçürülməsinə
və istifadə olunmasına nəzarət
bələdiyyələrin müvafiq komissiyaları, habelə
seçkili orqanlarda, bələdiyyə qulluğunda
işləməyən, yerli məhəllə
komitələrinin və vətəndaşların
yığıncaqlarında təklif olunan,
bələdiyyə iclasında təsdiq olunan nəzarət
komissiyaları tərəfindən həyata keçirilir.
12.2. Zəruri hallarda yerli vergi
və ödənişlərin yığılmasına və
onlardan istifadə edilməsinə nəzarət məqsədi
ilə bələdiyyələrin qərarına əsasən
müvafiq yoxlamaların aparılması üçün
müstəqil auditorlar cəlb oluna bilər.
12.3. Bələdiyyələrin
vergi və ödənişlərin yığılması
və istifadəsi sahəsində fəaliyyəti tam
aşkarlıq şəraitində həyata
keçirilməlidir.
Bu məqsədlə
bələdiyyələr və onların müvafiq
nəzarət komissiyaları bələdiyyə
ərazisində yaşayan sakinlər qarşısında
mütəmadi olaraq hesabatlar verir, bülletenlər buraxır,
illik hesabatları bələdiyyə binasının
qarşısında xüsusi lövhələrdə
yerləşdirirlər.
Maddə 13. Yerli vergi və
ödənişlərə dair qanunvericiliyin pozulmasına
görə məsuliyyət
13.1. Yerli vergi və
ödənişlərin ödəyiciləri, vergi
agentləri, habelə bələdiyyələrin vergi
xidməti orqanlarının vəzifəli şəxsləri
vergi qanunvericiliyinin pozulmasına görə Azərbaycan
Respublikasının müvafiq qanunvericiliyi ilə
müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
13.2. Bu Qanunla
müəyyənləşdirilən yerli vergi və
ödənişlərin toplanması və büdcəyə
köçürülməsi sahəsində
bələdiyyələrin səlahiyyətlərinin icra
hakimiyyəti orqanları tərəfindən
məhdudlaşdırılmasına yol verilmir.
Maddə 14. Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc olunduğu
gündən qüvvəyə minir.
Azərbaycan
Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı
şəhəri, 27 dekabr 2001-ci il
¹ 244-IIQ
İSTİFADƏ OLUNMUŞ MƏNBƏ
SƏNƏDLƏRİNİN SİYAHISI
1.
2 iyun 2008-ci
il tarixli 618-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə
462)
2.
20 iyun 2014-cü il tarixli 1002-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika”
qəzeti, 12 avqust 2014-cü il, ¹ 171, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8,
maddə 955)
3.
14 oktyabr
2016-cı il tarixli 350-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 dekabr 2016-cı
il, ¹ 268,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı
il, ¹ 11, maddə 1778)
4.
31 may 2017-ci
il tarixli 699-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il,
¹7 , maddə 1265)
5.
1 oktyabr
2018-ci il tarixli 1261-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr 2018-ci
il, ¹ 252,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2197)
6.
30 oktyabr 2018-ci il tarixli 1314-VQD nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Azərbaycan” qəzeti,
28 noyabr 2018-ci il, ¹ 268,
Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹
11, maddə 2224)
7. 6 oktyabr
2020-ci il tarixli 183-VIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 24 noyabr
2020-ci il, ¹ 245, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə
1333)
QANUNA
EDİLMİŞ DƏYİŞİKLİK VƏ
ƏLAVƏLƏRİN SİYAHISI
[1] 14 oktyabr 2016-cı il
tarixli 350-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 dekabr
2016-cı il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11,
maddə 1778) ilə 5.1-ci maddəyə “habelə” sözündən
sonra “Azərbaycan
Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və
206.3-cü maddələrində nəzərdə tutulmuş
hallarda” sözləri əlavə edilmişdir.
6 oktyabr 2020-ci il tarixli 183-VIQD nömrəli
Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti,
24 noyabr 2020-ci il, ¹ 245, Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2020-ci il, ¹ 11, maddə 1333) ilə 5.1-ci
maddəsindən “avtomobil və
özüyeriyən təkərli texnika,” sözləri
çıxarılmışdır.
[2] 30 oktyabr 2018-ci il tarixli 1314-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 28 noyabr
2018-ci il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2224) ilə 5.4-cü maddəsi ləğv edilmişdir
və 5.3-cü maddəsi yeni redaksiyada verilmişdir.
əvvəlki redaksiyada
deyilir:
5.3.
Tikililər və onların hissələrinə görə
fiziki şəxslərdən əmlak vergisi hesablamaq
məqsədi ilə bələdiyyələr 3-5 ildə bir
dəfədən çox olmamaq şərti ilə,
ərazilərində yerləşən müvafiq
əmlakın vergiqoyma məqsədləri üçün
qiymətləndirilməsi barədə qərar qəbul
edirlər. Əmlakın qiymətləndirilməsi üzrə
əməliyyatlar bələdiyyələrin vəsaiti
hesabına maliyyələşdirilir. Bu dəyər müvafiq
icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan
qaydalar əsasında müəyyənləşdirilir.
[3] 14 oktyabr 2016-cı il
tarixli 350-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 3 dekabr
2016-cı il, ¹ 268, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, ¹ 11,
maddə 1778) ilə 8.0.1-ci maddə yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
8.0.1. fiziki
şəxslərdən torpaq vergisi;
[4] 31 may 2017-ci il
tarixli 699-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 iyul
2017-ci il, ¹ 155, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2017-ci il, ¹7 , maddə
1265)
ilə 9.1.1-ci maddəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
9.1.1.
bələdiyyə mülkiyyətində olan torpaqlarda,
binalarda və digər obyektlərdə küçə
(divar) reklamının yerləşdirilməsi və
yayımı üçün ödəniş;
1 oktyabr 2018-ci il
tarixli 1261-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 noyabr
2018-ci il, ¹ 252, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2018-ci il, ¹ 11, maddə
2197)
ilə 9.1.1-ci maddəsi yeni
redaksiyada verilmişdir.
Əvvəlki
redaksiyada deyilirdi:
9.1.1. açıq məkanda
(bələdiyyə mülkiyyətində olan torpaqlarda,
binalarda və digər obyektlərdə) reklamın
yerləşdirilməsinə və yayımına görə
ödənilən haqq;
[5]
2 iyun 2008-ci
il tarixli 618-IIIQD
nömrəli Azərbaycan
Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, ¹ 6, maddə
462) ilə 9.1.4-cü maddəsində “şərti maliyyə vahidinin 1 mislindən”
sözləri “1,1 manatdan”
sözləri ilə əvəz edilmişdir.
[6] 2 iyun 2008-ci il tarixli 618-IIIQD
nömrəli
Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,
2008-ci il, ¹ 6, maddə 462) ilə 9.1.5-ci maddəsində “şərti maliyyə vahidinin 0,1
mislindən” sözləri “0,1
manatdan” sözləri ilə əvəz edilmişdir.
[7] 20
iyun 2014-cü il tarixli 1002-IVQD
nömrəli Azərbaycan Respublikasının
Qanunu (“Respublika” qəzeti, 12
avqust 2014-cü il, ¹ 171, Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, ¹ 8,
maddə 955) ilə 11.4-cü maddə
əlavə edilmişdir.