Yerli özünüidarə haqqında" Avropa Xartiyasının təsdiq edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 1985-ci il oktyabrın 15-də Strastburq şəhərində imzalanmış "Yerli özünüidarə haqqında" Avropa Xartiyası müvafiq bəyanatlar ilə (bəyanatların mətnləri əlavə olunur) təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ƏLİYEV

Bakı şəhəri, 25 dekabr 2001-ci il

               ¹ 238-IIQ

 

YERLİ ÖZÜNÜİDARƏ HAQQINDA

 

AVROPA XARTİYASI

 

Strasburq, 15 oktyabr 1985-ci il

 

Preambula

 

 Avropa Şurasının üzvü olub, bu Xartiyanı imzalamış dövlətlər,

 Avropa Şurasının məqsədinin ümumi sərvət sayılan ideal və prinsiplərin təntənəsi və qorunması naminə onun üzvləri arasında daha sıx birliyə nail olmaqdan ibarət olduğunu hesab edərək;

 idarəetmə sahəsində sazişlər bağlanmasının bu məqsədə xidmət edən vasitələrdən biri olduğunu hesab edərək;

 yerli özünüidarə orqanlarının istənilən demokratik quruluş əsaslarından birini təşkil etdiyini hesab edərək;

 dövlət işlərinin idarə edilməsində vətəndaşların iştirakı hüququnun Avropa Şurasının üzvü olan bütün dövlətlər üçün ümumi sayılan demokratik prinsiplərə aid olduğunu hesab edərək;

 real hakimiyyət verilmiş yerli özünüidarə orqanlarının mövcudluğunun səmərəli və eyni zamanda vətəndaşa yaxın idarəetməni təmin etməsi qənaətinə söykənərək;

 Avropanın müxtəlif ölkələrində yerli özünüidarənin müdafiəsinin və möhkəmləndirilməsinin demokratiya və hakimiyyətin mərkəzləşdirilməsi prinsiplərinə əsaslanan Avropanın qurulmasına əhəmiyyətli töhfə olduğunu dərk edərək;

 bunun, qərarlar qəbul etmək səlahiyyəti verilmiş, demokratik yolla yaradılmış orqanlara malik olan və öz səlahiyyəti, onun həyata keçirilməsi qaydası və bunun üçün zəruri olan vəsaitlər baxımından geniş muxtariyyətə malik olan yerli özünüidarə orqanlarının mövcudluğunu nəzərdə tutduğunu təsdiq edərək;

 aşağıdakılar barədə razılığa gəldilər:

 

Maddə 1

 

 Tərəflər aşağıdakı maddələrə bu Xartiyanın 12-ci maddəsində nəzərdə tutulmuş qaydada və həcmdə riayət etməyi öhdələrinə götürürlər.

 

1-ci HİSSƏ

 

Maddə 2

Yerli özünüidarənin konstitusiya və qanunvericilik əsasları

 

 Yerli özünüidarə prinsipi ölkə qanunvericiliyində və imkan daxilində ölkənin konstitusiyasında təsbit olunmalıdır.

 

Maddə 3

Yerli özünüidarə anlayışı

 

 1. Yerli özünüidarə dedikdə, yerli özünüidarə orqanlarının dövlət işlərinin xeyli hissəsini reqlamentləşdirmək və qanun çərçivəsində fəaliyyət göstərərək, məsuliyyəti öz üzərinə götürməklə onu yerli əhalinin maraqlarına uyğun idarə etmək hüququ və real qabiliyyəti başa düşülür.

 2. Bu hüququ azad, gizli, bərabər, birbaşa və ümumi səsvermə yolu ilə seçilmiş üzvlərdən ibarət şuralar yaxud yığıncaqlar həyata keçirir. Şuraların yaxud yığıncaqların onlara hesabat verməli olan icra orqanları ola bilər. Bu müddəa, qanunla yol verilən yerlərdə vətəndaşların yığıncaqlarına, referenduma və ya vətəndaşların birbaşa iştirakının hər hansı başqa formasına müraciət olunmasını istisna etmir.

 

Maddə 4

Yerli özünüidarənin səlahiyyət sahəsi

 

 1. Yerli özünüidarə orqanlarının əsas səlahiyyətləri konstitusiya ilə yaxud qanunla müəyyən edilir. Lakin bu müddəa yerli özünüidarə orqanlarına qanuna müvafiq olaraq ayrı-ayrı konkret səlahiyyətlərin verilməsini istisna etmir.

 2. Yerli özünüidarə orqanları onların səlahiyyətindən çıxarılmamış və başqa bir hakimiyyət orqanının səlahiyyətinə aid edilməmiş hər hansı məsələyə dair öz təşəbbüslərini həyata keçirmək üçün qanunla müəyyən edilmiş hüdudlarda tam sərbəstliyə malikdirlər.

 3. Dövlət səlahiyyətlərinin həyata keçirilməsi, bir qayda olaraq, əsas etibarı ilə vətəndaşlara daha yaxın olan hakimiyyət orqanlarına həvalə edilməlidir. Bu səlahiyyətlərdən hər hansı birinin başqa bir hakimiyyət orqanına verilməsi qarşıya qoyulmuş vəzifənin həcmini və xarakterini, eləcə də səmərəlilik və qənaət tələblərini nəzərə almaqla həyata keçirilməlidir.

 4. Yerli özünüidarə orqanlarına verilən səlahiyyətlər, bir qayda olaraq, tam və müstəsna olmalıdır. Onlar başqa bir hakimiyyət orqanı, mərkəzi və ya regional orqan tərəfindən yalnız qanunla müəyyən edilmiş hüdudlarda mübahisələndirilə yaxud məhdudlaşdırıla bilər.

 5. Mərkəzi və regional orqanların səlahiyyətlərinin həvalə edilməsi zamanı yerli özünüidarə orqanları imkan daxilində onların həyata keçirilməsini yerli şəraitə uyğunlaşdırmaq sərbəstliyinə malik olmalıdırlar.

 6. Yerli özünüidarə orqanlarına bilavasitə aidiyyəti olan hər hansı qərarların planlaşdırılması və qəbulu prosesində bu orqanlarla məsləhətləşmək və bunu, imkan daxilində, qabaqcadan və müvafiq formada etmək zəruridir.

 

Maddə 5

Yerli özünüidarə orqanlarının ərazi hüdudlarının qorunması

 

 Yerli ərazi hüdudlarının istənilən dəyişməsi zamanı müvafiq yerli özünüidarə orqanları ilə qabaqcadan məsləhətləşmək zəruridir, qanunun yol verdiyi hallarda bunu referendum keçirilməsi yolu ilə etmək olar.

 

Maddə 6

İnzibati strukturların və vasitələrin yerli özünüidarə orqanlarının vəzifələrinə uyğunluğu

 

 1. Yerli hakimiyyət orqanları daha ümumi qanunvericilik müddəalarını pozmadan, yerli tələbata cavab verən və səmərəli idarəetməni təmin edən öz daxili inzibati strukturlarını özləri müəyyənləşdirmək hüququna malik olmalıdırlar.

 2. Yerli özünüidarə orqanları qulluqçularının iş şəraiti elə olmalıdır ki, təcrübə və səriştəliliyin nəzərə alınması prinsiplərinə əsaslanan yüksək ixtisaslı kadrlar seçimini təmin etmək mümkün olsun; bundan ötrü peşə hazırlığının, əməyin ödənilməsinin və vəzifədə irəliçəkilmənin müvafiq şərtlərinin təmin edilməsi zəruridir.

 

Maddə 7

Yerli səviyyədə səlahiyyətlərin həyata keçirilməsi şərtləri

 

 1. Yerli seçkili şəxslərin statusu onların səlahiyyətlərinin sərbəst həyata keçirilməsini təmin etməlidir.

 2. Yerli seçkili şəxslərin statusu onların öz səlahiyyətlərini həyata keçirmələri ilə bağlı çəkdikləri xərclərin müvafiq pul kompensasiyasını, həmçinin zərurət olduqda, əldən çıxmış faydaya yaxud əmək haqqına görə kompensasiyanı və müvafiq sosial sığortanı almağa imkan verməlidir.

 3. Yerli seçkili şəxsin mandatı ilə bir araya sığmayan istənilən funksiyalar və fəaliyyət yalnız qanunla yaxud əsas hüquqi prinsiplərlə müəyyənləşdirilə bilər.

 

Maddə 8

Yerli özünüidarə orqanlarının fəaliyyətinə inzibati nəzarət

 

 1. Yerli özünüidarə orqanları üzərində istənilən inzibati nəzarət yalnız konstitusiya ilə yaxud qanunla nəzərdə tutulmuş formalarda və hallarda həyata keçirilə bilər.

 2. Yerli özünüidarə orqanlarının fəaliyyətinə istənilən inzibati nəzarət, bir qayda olaraq, yalnız qanunçuluğa və konstitusiya prinsiplərinə riayət olunmasını təmin etmək üçün nəzərdə tutulmalıdır. Bununla belə, inzibati nəzarət həmçinin yerli özünüidarə orqanlarının onlara həvalə edilmiş səlahiyyətləri lazımi qaydada yerinə yetirmələri üzərində yuxarı hakimiyyət orqanlarının nəzarətini də ehtiva edə bilər.

 3. Yerli özünüidarə orqanları üzərində inzibati nəzarət elə tərzdə həyata keçirilməlidir ki, nəzarət edən orqanın müdaxilə dərəcəsi bu müdaxilənin qorumağı nəzərdə tutduğu maraqların əhəmiyyətinə mütənasib olsun.

 

Maddə 9

Yerli özünüidarə orqanlarının maliyyələşmə mənbələri

 

 1. Yerli özünüidarə orqanlarının milli iqtisadi siyasət çərçivəsində kifayət qədər maliyyə vəsaitlərinə malik olmaq hüququ vardır, onlar öz funksiyalarını yerinə yetirmək üçün həmin vəsaitlər barədə sərbəst sərəncam verə bilərlər.

 2. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitləri konstitusiya ilə yaxud qanunla onlara verilən səlahiyyətlərə mütənasib olmalıdır.

 3. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin heç olmazsa bir hissəsi yerli rüsum və vergilər hesabına daxil olmalıdır, bunların dərəcələrini yerli özünüidarə orqanları qanunda göstərilən hüdudlarda müəyyənləşdirməyə ixtiyarlıdırlar.

 4. Yerli özünüidarə orqanlarının maliyyə vəsaitlərinin əsaslandığı maliyyə sistemləri yetərincə müxtəlif və çevik olmalıdır ki, yerli orqanların səlahiyyətlərinin həyata keçirilməsi zamanı çəkilən xərclərin dəyişməsini mümkün qədər təmin edə bilsin.

 5. Maliyyəsi baxımından daha zəif olan yerli özünüidarə orqanlarının qorunması maliyyə tənzimi prosedurlarının yaxud yerli orqanların potensial maliyyələşmə mənbələrinin qeyri-bərabər bölüşdürülməsinin nəticələrini və onlar üzərinə düşən xərcləri təshih etmək üçün nəzərdə tutulmuş ekvivalent tədbirlərin tətbiqini tələb edir. Belə prosedurlar və ya tədbirlər yerli özünüidarə orqanlarının öz səlahiyyətləri hüdudlarında seçim sərbəstliyini məhdudlaşdırmamalıdır.

 6. Yenidən bölüşdürülən vəsaitlərin verilmə qaydasını yerli özünüidarə orqanları ilə lazımi qaydada razılaşdırmaq zəruridir.

 7. Yerli özünüidarə orqanlarına verilən subsidiyalar imkan daxilində müəyyən layihələrin maliyyələşdirilməsi üçün nəzərdə tutulmamalıdır. Subsidiyaların verilməsi yerli özünüidarə orqanlarının özlərinin səlahiyyətləri sahəsində siyasət seçimində əsas sərbəstliyinə ziyan vurmamalıdır.

 8. Kapital qoyuluşları üzrə xərclərin maliyyələşdirilməsi üçün yerli özünüidarə orqanları qanunvericiliyə riayət etməklə milli borc kapital bazarından istifadə edə bilməlidir.

 

Maddə 10

Yerli özünüidarə orqanlarının birləşmək hüququ

 

 1. Yerli özünüidarə orqanları öz səlahiyyətlərini həyata keçirərkən ümumi maraq doğuran vəzifələrin yerinə yetirilməsi üçün digər yerli özünüidarə orqanları ilə əməkdaşlıq etmək və qanunla müəyyənləşdirilmiş hüdudlarda onlarla birləşmək hüququna malikdirlər.

 2. Hər bir dövlətdə yerli özünüidarə orqanlarının ümumi maraqlarının qorunması və inkişafı üçün onların birliklərə və yerli özünüidarə orqanlarının beynəlxalq birliklərinə daxil olmaq hüququ tanınmalıdır.

 3. Yerli özünüidarə orqanlarına qanunla müəyyən edilə bilən şərtlər əsasında başqa dövlətlərin belə orqanları ilə əməkdaşlıq etmək hüququ verilir.

 

Maddə 11

Yerli özünüidarənin hüquqi müdafiəsi

 

 Yerli özünüidarə orqanları özlərinin səlahiyyətlərinin və ölkə konstitusiyasında və qanunvericiliyində təsbit olunmuş yerli özünüidarə prinsiplərinə riayət edilməsinin sərbəst həyata keçirilməsini təmin etmək üçün məhkəmə müdafiəsi hüququna malik olmalıdırlar.

 

2-ci HİSSƏ

Xüsusİ müddəalar

Maddə 12

Öhdəliklər

 

 1. Hər bir Tərəf Xartiyanın 1-ci hissəsinin ən azı iyirmi bəndinə riayət etməyi öhdəsinə götürür; onlardan ən azı on bənd aşağıdakı bəndlər arasından seçilməlidir:

 maddə 2

 maddə 3, 1-ci və 2-ci bəndlər

 maddə 4, 1-ci, 2-ci, 4-cü bəndlər

 maddə 5

 maddə 7, 1-ci bənd

 maddə 8, 2-ci bənd

 maddə 9, 1-ci, 2-ci və 3-cü bəndlər

 maddə 10, 1-ci bənd

 maddə 11.

 2. Təsdiqnamənin yaxud Xartiyanı qəbuletmə və ya bəyənmə barədə sənədin saxlanılmaq üçün təhvil verildiyi vaxt razılığa gələn hər bir dövlət bu maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq seçdiyi bəndlər barədə Avropa Şurasının Baş katibinə bildiriş göndərir.

 3. Gələcəkdə hər bir Tərəf istənilən vaxt Baş katibə bildiriş göndərə bilər ki, o, Xartiyanın, bu maddənin 1-ci bəndinin müddəalarına uyğun olaraq hələ qəbul etmədiyi istənilən digər bəndinə riayət etməyi öhdəsinə götürür. Sonradan qəbul edilmiş bu cür öhdəliklər bildiriş göndərən Tərəfin ratifikasiya, qəbuletmə yaxud bəyənmə prosedurunun əsas hissəsi hesab edilir və bildirişi Baş katibin aldığı tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 13

Xartiyanın qüvvəsi şamil edilən yerli özünüidarə orqanları

 

 Bu Xartiyada təsbit olunmuş yerli özünüidarə prinsipləri Tərəflərin ərazilərində mövcud olan yerli özünüidarə orqanlarının bütün kateqoriyalarına şamil edilir. Lakin təsdiqnamənin yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsi zamanı hər bir Tərəf bu Xartiyanın tətbiqinin məhdudlaşdırıldığı yerli və ya regional özünüidarə orqanlarının kateqoriyalarını yaxud bu Xartiyanın tətbiq dairəsindən çıxarmaq niyyətində olduğu kateqoriyaları göstərə bilər. Tərəf həmçinin Avropa Şurasının Baş katibinə sonradan bildiriş göndərmək yolu ilə Xartiyanın qüvvəsini yerli və regional hakimiyyət orqanlarının digər kateqoriyalarına şamil edə bilər.

 

Maddə 14

İnformasiyanın verilməsi

 

 Hər bir Tərəf özünün qanunvericilik müddəaları və bu Xartiyanın müddəalarına uyğunlaşdırma üçün gördüyü digər tədbirlər haqqında bütün zəruri informasiyanı Avropa Şurasının Baş katibinə göndərir.

 

3-cü HİSSƏ

 

Maddə 15

İmzalama, ratifikasiya, qüvvəyəminmə

 

 1. Bu Xartiya Avropa Şurasının üzvü olan dövlətlərin imzalaması üçün açıqdır. Xartiya ratifikasiya edilməli, qəbul olunmalı yaxud bəyənilməlidir. Təsdiqnamələr yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədlər saxlanılmaq üçün Avropa Şurasının Baş katibinə təhvil verilir.

 2. Bu Xartiya Avropa Şurasının üzvü olan dörd dövlətin bundan əvvəlki bəndin müddəalarına uyğun olaraq Xartiyaya riayət etməyə öz razılıqları barədə bəyanatları təqdim etməsi tarixindən üç aylıq müddətin keçməsindən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 3. Gələcəkdə Xartiyaya qoşulmağa öz razılığını bildirmiş, Avropa Şurasının üzvü olan istənilən dövlət üçün Xartiya təsdiqnamənin, qəbuletmə və ya bəyənmə haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsindən sonra gələn ayın birinci günü qüvvəyə minəcək.

 

Maddə 16

Ərazi qeyd-şərti

 

 1. Təsdiqnamə yaxud Xartiyanı qəbuletmə, bəyənmə və ya ona qoşulma barədə sənədi imzalayarkən və ya saxlanılmaq üçün təhvil verərkən hər bir dövlət bu Xartiyanın tətbiq ediləcəyi ərazini yaxud əraziləri göstərə bilər.

 2. Hər bir dövlət gələcəkdə istənilən vaxt Avropa Şurasının Baş katibinə bəyannamə göndərməklə, bu Xartiyanın tətbiqini bəyannamədə göstərilmiş istənilən digər əraziyə şamil edə bilər. O əraziyə münasibətdə Xartiya Baş katibin həmin bildirişi aldığı tarixdən üç aylıq müddət keçdikdən sonra gələn ayın birinci günü qüvvəyə minir.

 

Maddə 17

Etibarsız elanetmə

 

 1. Tərəflərdən heç biri bu Xartiyanın onun üçün qüvvəyə mindiyi gündən beş illik müddət bitənədək Xartiyanı etibarsız elan edə bilməz. Altı ay öncədən Avropa Şurasının Baş katibinə ilkin bildiriş göndərilir. Bu cür etibarsız elanetmə Xartiyanın digər Tərəflər üçün qüvvəsinə təsir etmir, bir şərtlə ki, onların sayı heç vaxt dörddən az olmasın.

 2. Əvvəlki bəndin müddəalarına uyğun olaraq Tərəflərdən hər biri Xartiyanın I hissəsinin əvvəllər özü tərəfindən qəbul edilmiş hər hansı bəndini etibarsız elan edə bilər, bir şərtlə ki, həmin Tərəfin riayət etməli olduğu bəndlərin sayı və kateqoriyaları 12-ci maddənin 1-ci bəndinin müddəalarına uyğun olsun. Bəndlərdən birinin etibarsız elan edilməsindən sonra 12-ci maddənin 1-ci bəndinin tələblərinə artıq uyğun gəlməyən hər bir Tərəf həmçinin Xartiyanı bütövlükdə etibarsız elan etmiş sayılacaqdır.

 

Maddə 18

Bildirişlər

 

 Avropa Şurasının Baş katibi Şuranın üzvü olan dövlətlərə aşağıdakılar barədə bildirişlər göndərir:

 a) hər hansı imzalanma;

 b) hər hansı təsdiqnamənin yaxud qəbuletmə və ya bəyənmə haqqında sənədin saxlanılmaq üçün təhvil verilməsi;

 c) 15-ci maddəyə uyğun olaraq bu Xartiyanın hər hansı qüvvəyəminmə tarixi;

 d) 12-ci maddənin 2-ci və 3-cü bəndlərinin müddəalarına uyğun olaraq alınmış istənilən bildiriş;

 e) 13-cü maddənin müddəalarına uyğun olaraq alınmış istənilən bildiriş;

 f) bu Xartiyaya aidiyyəti olan hər hansı başqa akt, bildiriş və ya məlumat.

 Bunun təsdiqi olaraq, lazımi qaydada vəkil edilmiş aşağıda imza edənlər bu Xartiyanı imzalamışlar.

 Strasburqda, 1985-ci il oktyabrın 15-də fransız və ingilis dillərində, hər iki mətni eyni qüvvəyə malik olan bir nüsxədə imzalanmışdır, həmin nüsxə saxlanılmaq üçün Avropa Şurasının arxivinə təhvil veriləcəkdir.

 Avropa Şurasının Baş katibi lazımi qaydada təsdiq edilmiş surətləri Avropa Şurasının üzvü olan dövlətlərin hər birinə göndərir.

 

"Yerli özünüidarə haqqında" Avropa Xartiyasına dair Azərbaycan Respublikasının bəyanatı

 

Azərbaycan Respublikası bəyan edir ki, o, Ermənistan Respublikası tərəfindən işğal olunmuş ərazilərində Xartiyanın müddəalarının yerinə yetirilməsinə işğal olunmuş ərazilər azad olunana qədər təminat vermək iqtidarında deyildir (işğal olunmuş ərazilərin sxematik xəritəsi əlavə olunur).

 

"Yerli özünüidarə haqqında" Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə dair Azərbaycan Respublikasının

BƏYANATI

 

"Yerli özünüidarə haqqında" Avropa Xartiyasının 12-ci maddəsinin 2-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası aşağıdakı maddə və bəndlər üzrə öhdəliklər götürdüyünü bəyan edir:

- maddə 2;

- maddə 3, I və II bəndlər;

- maddə 4, I, II, IV, V və VI bəndlər;

- maddə 5;

- maddə 6, I və II bəndlər;

- maddə 7, I və III bəndlər;

- maddə 8, I, II və III bəndlər;

- maddə 9, I, II, III, IV, VII və VIII bəndlər;

- maddə 10, I, II və III bəndlər; [1]

- maddə 11

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 

1.       21 iyun 2013-cü il tarixli 690-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07, maddə 782)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 



[1] 21 iyun 2013-cü il tarixli 690-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 27 iyul 2013-cü il, ¹ 163, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, ¹ 07, maddə 782) ilə “Yerli özünüidarə haqqında” Avropa Xartiyasının 12-ci maddəsinin ikinci bəndinə dair Azərbaycan Respublikasının Bəyanatı”nda “maddə 10” sözlərindən sonra “I və II” sözləri “I, II və III” sözləri ilə əvəz edilmişdir.